Главная > ЭТНОГРАФИЯ / ПРАЗДНИКИ, ОБРЯДЫ > KİÇİK ÇİLLƏ –YALQUZAQ ayı başlayır
KİÇİK ÇİLLƏ –YALQUZAQ ayı başlayır31-01-2024, 08:52. Разместил: Gulnara.Inanch |
Foto: Naxşıvanda Xıdır Nəbi bayramında açılan süfrə/mənbə: az.wikipedia.org Qışın oğlan çağıdır...
KİÇİK ÇİLLƏ –YALQUZAQ ayı başlayır
Bozqurddan hay alasan, Xızırdan pay alasan.
Xalq təqviminə görə, qış fəsli dekabrın 22-dən martın 22-dək davam edir, 40 gün BÖYÜK ÇİLLƏ, 20 gün KİÇİK ÇİLLƏdən və 30 gün isə BOZ AYdan ibarətdir. Artıq Böyük Çillə, yəni Qaraqış başa çatdı. Fevralın 1-2-dən Kiçik Çillə, yəni Yalquzaq ayı başlayır. Böyük çillənin yarısı qədər, yəni, 20 gün olan və el arasında “qışın oğlan çağı” adlanan Kiçik Çillənin ömrü fevralın 22-nə qədərdir. Kiçik Çillə boran-tufanı, şaxta-sazağı ilə insanları qorxudur. Kiçik Çillənin “Xıdır Nəbi” adlanan birinci ongünlüyü qış fəslinin ən sərt, çovğunlu vaxtı sayılır və bu xüsusiyyətinə görə “Yalquzaq zamanı” deyilir. Bu çillə qışın ən soyuq, insanların ən ən üzgün və azuqənin qənimi sayılır. Bir şifahi xalq yaradıcılığı nümunəsində deyilir ki, Kiçik Çillə ilə Böyük Çillə arasında kimin güclü olması haqqında mübahisə gedir. Böyük Çillə deyir ki, “Adamları üşütdüm, mal-heyvanın tayalarını yarıladım, qovurma küpəsinin başını endirdim, köhnə taxtalarını sökdürüb yandırtdım”. Kiçik Çillə narazı qalır: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük Çillə bildirir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”. Kiçik Çillə, yəni Yalquzaq dediyi edir, amma qarşıdan çərşənbələr gəlir. Təxminən fevralın 15-dən qışın hökmü azalmağa başlayır. Kiçik Çillə başlayanda Novruza 50 gün qalır. Deyirlər ki, “Əlli gün Novruza qədər, yüz əlli gün biçinə kimi”. Novruzun 7 çərşənbəsindən 3-ü-“oğru çərşənbə”, “oğru buğ”, “oğru üskü” çərşənbələri Kiçik Çilləyə-Yalqızaq ayına düşür. Qaraqış qurtarıb Kiçik Çillə- Yalquzaq ayı başlayanda nənəm Tükəzbandan soruşardım ki, bu aya niyə Yalquzaq ayı deyirlər? Söyləyərdi ki, yalquzaqların çöllərdə, meşələrdə təkcə gəzən vaxtıdır. Ağlı olan bu vaxt təkcə, ehtiyatsız çölə, meşəyə getməz. Tək gəzən yalquzaqlar təkcə heyvanları deyil, insanları da parçalayırlar. Mifoloji dünyagörüşə görə, göydən işığın içində gələn qurd günəşlə bağlı olsa da eyni zamanda qışı təmsil edir, belə ziddiyyətlərlə assosasiya olunan qurda “yalquzaq” deyirlər. Yalquzaq ayı qışın ən sərt dövrü olsa da, yaza doğru yol başlayıb, artıq oğru və ya yalançı çillələr yada düşür. Qurd günəşin təzahürüdür, bəzən də özüdür. İbtidai inanca görə, bir sıra təbiət hadisələrini yaradan, eləcə də yağışı yağdıran günəşdir. Mifologiyaya görə, yağış yağdıram daş, yəni YADA DAŞI da qurdun qarnında olur. Maraqlıdır ki, şifahi xalq yaradıcılığımızda qurd və Xızırın adı bir yerdə şəkilir: Bozqurddan hay alasan, Xızırdan pay alasan. Bu hansı Bozqurddur? Bəlkə Yalquzaqdır? Bir tərəfdən günəşi təmsil edən digər tərəfdən qışı daha da sərtləşdirən Yalquzaqdır. Amma Yalquzaq nə qədər təhlükəli olsa da insanlar ondan kömək istəyirlər, hay alırlar. Türk xalqlarında xüsusi ilə yanvarın sonu-fevralın əvvəli maldarlar üçün ağır dövr sayılardı. Məsələn, qazaxlar şiddətli şaxtalar olan dövrü “Hyut-keldi” və ya “Jut-keldi” deyir, yəni fevral ayında mal-qaranın aclıqla üzləşəcəyindən narahat olurlar. Ehtimal ki, Xıdır Nəbi bayramı Bozqurddan və ya Yalquzaqdan hay almağı, kömək istəməyi simvolizə edən ibtidai inancların yeni dövrün inanclarına transferi nəticəsində ortaya çıxmışdır. Xıdır (Xızır) Nəbi bayramı da Kiçik Çillədə, 6-10 fevral aralığında olur. Bəzən bu mərasim Kiçik Çillənin sonuncu günləri (fevralın 20-22-də) keçirilir. Foto: Xıdır peyğəmbər. Fransa Milli Kitabxanası. mənbə:az.wikipedia.org “Xıdır gecəsi”ndə axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar. Hər qapıda “Xıdır payı” (süd, un) qoyardılar. Həmin payları gecə bir yerə yığıb saxlayardılar. Səhər onlardan böyük kömbələr bişirərdilər və qovut qovurardılar. Qovutdan qohum-qonşuya paylanırdı. Deyirdilər ki, “Xıdır girdi qış girdi, Xıdır çıxdı qış çıxdı”. “Xıdır Nəbi” mərasimində oxuyardılar: Xan Xıdır atdı gəldi, Palçığa batdı gəldi, Xan Xıdırım addıdı, Xan Xıdırım oddudu, Sünbülü daddıdı. Murada çatdı gəldi, Xan Xıdır atlı gəldi . Paylarımı paylayın Sürünü haylayın, Saymayın, taylayın. Palçığa batdı gəldi, Xan Xıdır atlı gəldi. Çiynində yel güldü, Əlində sel güldü, Başında tel güldü. Dar günü atdı gəldi, Ağ ata yatdı gəldi. Xıdırım yoldadı, Əlləri baldadı, Ağ atı çuldadı. Palçığa batdı gəldi, Xan Xıdır atlı gəldi. Day verin Xıdıra, Pay verin Xıdıra, Hay verin Xıdıra. Süfrəsi dadlı gəldi, Xan Xıdır atlı gəldi. Allah Azərbaycan xalqının, dövlətinin köməyi olsun. Şəhidlərimizin qəbri nurla dolsun, qazilərimizin canı sağ olsun. Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımıza Böyük Qayıdış uğurlu olsun! Çillələr sizi qorxutmasın, üzünüz gülsün! Süfrəniz bol, diliniz şirin, ürəyiniz təpərli, canınız sağ olsun! Yalquzaqlardan can qurtarmaq olar, yalquzaq xislətli insanlara urcah olmayın!
Bəhmən Əliyev, etnoloq, t.ü.f.d., dosent Вернуться назад |