Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > RƏSULZADƏ – 140 “II Beynəlxalq Rəsulzadə Qiraətləri” 2.

RƏSULZADƏ – 140 “II Beynəlxalq Rəsulzadə Qiraətləri” 2.


9-01-2024, 17:44. Разместил: Gulnara.Inanch
Aydın BALAYEV 
    M.Ə.Rəsulzadənin 140 -illik yubileyinə həsr olunmuş “II Beynəlxalq Rəsulzadə qiraətləri. Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” kitabının I fəsli Rəsulzadənin siyasi bioqrafiyası  və mübarizə yolunun artıq klassik tədqiqatçısı adlandırıla biləcək görkəmli alim, tarix elmləri doktoru, professor Aydın Balayevin  “Çağdaş Azərbaycan Dövlətçiliyinin memarı və qurucusu: Məhəmməd Əmin Rəsulzadə” adlı məqaləsi ilə açılır.
   Qeyd edək ki, bu əsər mərhum həmkarımızın həyat yoldaşı Nailə xanım Balayeva tərəfindən onun əlyazmaları arasında aşkar edilərək bu Yubiley nəşri üçün təqdim olunub. 
     Rəsulzadənin 1920-ci ilədək siyasi bioqrafiyasının araşdırıldığı bu tarixi oçerkdə Məhəmməd Əmin bəyin erkən vaxtlardan başlayaraq müxtəlif tarixi mərhələlərdə keçdiyi mübarizə yolu, 1908-1912-ci illər İranda və Türkiyədə fəaliyyəti, “Müsavat” partiyasının təşəkkülündəki rolu nəzərdən keçirilir. Rəsulzadənin siyasi baxışlarında baş verən dəyişikliklər,  sosial-demokratiya və türkçülük ideologiyalarına münasibəti,  azərbycançılıq ideologiyasının yaradılması kimi məsələlər bilavasitə onun öz yazıları əsasında araşdırılır. Rəsulzadənin Qafqaz və Ümumrusiya müsəlmanları qurultayında etdiyi məruzələr, Cümhuriyyətin yaranmasında, Azərbaycan Parlamentinin idarəçiliyində,  qanunvericilik funksiyasının icrasında və milli dövlət quruculuğunda xidməti nəzərdən keçirilən bu tədqiqat əsəri məlum bioqrafik faktların və hadisələrin sadəcə sadalanması olmayıb, Aydın Balayevin hər qoyulan məsələyə dair dərin təhlili, özünəməxsus yanaşması və dəyərləndirməsi ilə fərqlənir. Deyilənlərə nümunə kimi həmin məqalədən bir hissəni - çoxları üçün hələ də sual olaraq qalan, Rəsulzadə şəxsiyyətinə və xüsusilə Cümhuriyyət dövrü fəaliyyətinə kölgə salmaq istəyənlərin isə əldə əsas kimi tutduqları bir məsələyə Müəllifin gətirdiyi açıqlamanı diqqətinizə çatdırırıq:
   “Milli dövlət quruculuğu mərhələsində  
M.Ə. Rəsulzadə 1918-ci il mayın 27-də yaradılmış və bir gün sonra ölkənin müstəqilliyini elan etmiş Azərbaycan Milli Şurasının sədri seçilmişdi. Əgər nəzərə alsaq ki, müsəlman Şərqinin ilk cümhuriyyəti olan  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk çağlarında Milli Şura ölkənin ali hakimiyyət orqanı idi, onda  M.Ə. Rəsulzadəni tam əsasla Azərbaycan dövlətinin ilk prezidenti hesab etmək olar.
      Doğrudur, 1918-ci ilin dekabrında Azərbaycan parlamentinin təsis olunması ilə əlaqədar Milli Şuranın fəaliyyətinə xitam verilməsindən sonra  M.Ə. Rəsulzadə formal olaraq heç bir  dövlət vəzifəsi tutmayıb. Bunu əsas gətirərək, bəziləri onun milli dövlət quruculuğu sahəsindəki əvəzsiz xidmətlərini kiçiltməyə çalışırlar. Lakin bu fikirlərin müəllifləri AXC dövründə (1918-1920) dövlət idarəçiliyinın strukturundan tam məlumatsız olduqlarını nümayiş etdirirlər.  Belə ki, AXC idarəetmə formasına görə tipik parlament respublikası idi. Parlamentin səlahiyyətlərinin və fəaliyyət metodlarının təhlili tam qətiyyətlə deməyə əsas verir ki, məhz bu orqan 1918-1920-ci illərdə dövlət hakimiyyətinin aparıcı qolu olmuşdur. Azərbaycan parlamenti təkcə ölkənin ali qanunvericilik orqanı deyildi, o həmçinin hökumət başda olmaqla bütün icra strukturlarını formalaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik idi. Məsələn, baş nazirin namizədliyinin, hökumətin tərkibinin, eləcə də kabinetin fəaliyyət proqramının təsdiqi parlamentin müstəsna səlahiyyətlərinə daxil idi. Parlament həmçinin zərurət yarandıqda etimadsızlıq göstərməklə hökuməti istefaya göndərə bilərdi. Belə bir qərarın qəbul edilməsi üçün millət vəkillərinin sadə səs çoxluğu kifayət idi.
M.Ə.Rəsulzadə ölkənin siyasi həyatında parlamentin həlledici roluna diqqət çəkərək göstərir ki, “millət məclisi, məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin təmamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlanmaz, heç bir barışıq bağlanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə də yox idi. Parlament hakimi-mütləq idi. Burada Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu”.
     1918-1920-ci illərdə Azərbaycanın həm qanunverici, həm də icraedici qurumlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək baxımından parlamentdəkı hakim partiyanın əlində müstəsna səlahiyyətlər cəmlənmişdi. Bu funksiyanı isə parlamentdə ən çox millət vəkilinə malik olan M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi “Müsavat” fraksiyası həyata keçirirdi. Bu anlamda ölkənin daxili və xarici siyasətinin əsas prioritetlərini müəyyənləşdirilməsi sahəsində  “Müsavat”ın parlament fraksiyasının lideri olan M.Ə.Rəsulzadə önəmli rola sahib idi.
       Müqayisə üçün deyək ki, parlamentin sədri nominal olaraq dövlət başçısı hesab olunsa da, onun qanunvericilik orqanında  qəbul edilən qərarlara təsir göstərmək imkanı yox idi. Belə ki, parlamentin spikeri yalnız sırf təmsilçilik funksiyalarını yerinə yetirirdi, çünki onun səlahiyyətləri gündəlik iclasların aparılması və qəbul olunmuş qanunların imzalanması ilə məhdudlaşırdı.  
       Azərbaycan parlamentinin 1918-1920-ci illərdə qəbul etdiyi və bu gün də təkcə Azərbaycan türkləri üçün deyil, həm də digər müsəlman xalqları üçün örnək olaraq qalan bir çox mühüm qanunlar M.Ə. Rəsulzadənin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi altında qəbul edilib.  
Məsələn,” .....

Təqdim etdi: Solmaz Toqidi Rüstəmova, professor


Вернуться назад