Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > RƏSULZADƏ – 140 “II Beynəlxalq Rəsulzadə Qiraətləri” 1.
RƏSULZADƏ – 140 “II Beynəlxalq Rəsulzadə Qiraətləri” 1.9-01-2024, 17:42. Разместил: Gulnara.Inanch |
Artıq arxada qalmış 2023-cü ilin son günləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Cümhuriyyəti Milli Şurasının sədri, ilk dövlət başçısı, İstiqlal Məfkurəsi və Azərbaycançılıq ideologiyasının banisi, görkəmli ictimai-siyasi xadim, jurnalist, publisist, yazıçı və alim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqda verdiyi Sərəncamla başa çatdı. Təbii ki, yeni 2024-cü ilin ilk günü də Məhəmməd Əmin Rəsulzadənin adı ilə açılmalıdır. “Rəsulzadə ev muzeyi” İctimai Qrupu olmaqla biz bu yubileyə əslində iki il əvvəldən, 2022-ci il 31 yanvar tarixində – Rəsulzadənin 138-ci ildönümündə “I Beynəlxalq Rəsulzadə qiraətləri. M.Ə.Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” kitabının təqdimatından dərhal sonra hazırlaşmağa başlamışdıq. Çünki məqalələr, sənədlər, kolleksiyalar toplusunun ərsəyə gəlməsi təcrübəsindən bu işin nə qədər vaxt və zəhmət tələb etdiyi artıq məlum idi. İndi budur, “II Beynəlxalq Rəsulzadə Qiraətləri”... kitabı artıq nəşr prosesindədir və yəqin ki, yubiley günlərində geniş ictimaiyyətə təqdim olunacaq. Həmin hadisəni yaxınlaşdıran bu bir ay ərzində isə mən, kitabın naşiri və redaktoru olmaqla sizləri günbəgün Rəsulzadəyə həsr olunmuş bu möhtəşəm kitab haqqında məlumatlandırmağa çalışacağam. “Möhtəşəm” sözü qoy sizi heyrətləndirməsin. Bu qiymət Rəsulzadənin həqiqətən möhtəşəm irsinə aiddir və kitabdakı elmi məqalələr, sənədlər, bədii-publisistik yazılarla tanış olduqca, onların həm geniş mövzu dairəsi, toxunulan məsələlərin qoyuluşu, həm də müəlliflərin tərkibi baxımından Rəsulzadənin əzm və qəhrəmanlıq təcəssümü olan həyat və fəaliyyətinin, eləcə də zəngin yazılı irsinin araşdırılması prosesinin sözün əsl mənasında yeni müstəviyə qədəm qoyduğunun, artıq sistemli şəkildə tədqiq edildiyinin şahidi olacaqsınız. Bu deyilənlərə nümunə olaraq ilk yazıda yalnız rəqəmlərlə kifayətlənmək istərdim. Belə ki, “ I ...Qiraətlər”də olduğu kimi “II Beynəlxalq Rəsulzadə Qiraəyləri” kitabı da 5 fəsildən ibarətdir. I və II fəsillər ənənəvi “Tarix. Fəlsəfə Hüquq” və “Ədəbiyyat. Dil. Mədəniyyət” adlanır. I fəsil öz növbəsində məqalələrin mövzu və istiqamətlərinə görə 4 müstəqil bölməyə ayrılır. I və II fəsillərdə 43 akademik-elmi məqalə, III - “Publisistika” fəslində 17 məqalə və esse, IV – “Sənədlər” fəslində Rəsulzadəyə aid 7 mövzuda müxtəlif ölkələrin arxiv sənədləri və foto-şəkillər, V – “M.Ə.Rəsulzadə irsi” - fəslində Rəsulzadənin xaricdə nəşr olunmuş, yaxud ona həsr edilmiş kitabların üz səhifələrindən ibarət kolleksiya yer almışdır. Məqalələr Azərbaycan, türk, ingilis və rus dillərində yazılmış, hər məqalənin 3 dildə (Azərbaycan, ingilis, rus) xülasəsi verilmişdir. Kitabda 16 ölkəni təmsil edən 63 müəllifin - istər azərbaycanlı, istərsə də xarici, - böyük əksəriyyəti XX əsrə dair tanınmış, nüfuzlu alimlər olmaqla, eyni zamanda, Cümhuriyyət dövrü və Rəsulzadə irsi üzrə də mütəxəssislərdir. Xüsusi qeyd edilməlidir ki, onların 23 nəfəri xarici müəlliflərdir və Türkiyə (6 nəfər), Polşa (4), Almaniya (4), Rusiya (2), Fransa (2), Şimali Kipr Respublikası (2), ABŞ (1), İran (1), İsveç (1), Ukrayna (1) kimi ölkələri təmsil edirlər. Bu 23 alimdən yalnız 6 nəfər bizim soydaşlarımızdan olub hazırda xarici ölkə vətəndaşlarıdır və yaşadıqları ölkələrin universitetlərində çalışırar. Müəlliflərimiz arasında 7 ölkəni (Avstriya, ABŞ, Almaniya, Belçika, İspaniya, Rusiya və Gürcüstan) təmsil edən bir qrup da vardır ki, onlar haqqında ayrıca bəhs ediləcək. Beləliklə, əziz dostlar, hələ ki, 800 səhifəyə yaxın “II Beynəlxalq Rəsulzadə Qiraətləri. Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” kitabı haqda ümumi məlumatları sizə çatdırdım. Həşriyyat, həmçinin üz qabığı üzərində işlər davam edir. Qarşıdakı günlərdə kitaba daxil olan məqalələr və müəlliflər haqqında bölüşəcəyəm. Məhəmməd Əmin bəy Rəsulzadənin ruhu şad olsun. Onun işığına yığışan alimlərin Rəsulzadə şəxsiyyəti və yaradıcılığına vaqif olduqca keçirdikləri heyrət və zövq sözlə ifadə ediləsi deyil. Təqdim etdi : Solmaz Toqidi-Rüstəmova, professor Вернуться назад |