Главная > ПРАЗДНИКИ, ОБРЯДЫ > “QARAQIŞ”, YƏNİ “BÖYÜK ÇİLLƏ” BAŞLAYIR

“QARAQIŞ”, YƏNİ “BÖYÜK ÇİLLƏ” BAŞLAYIR


20-12-2023, 19:06. Разместил: Gulnara.Inanch

Foto: Google

Səhəngdəki qarpızı kəsmək zamanıdır... 

 

Böyük Çillə kişilərin bayramıdır...

 

Xalq təqviminə görə, qış fəsli dekabrın 22-dən martın 22-dək davam edir, 40 gün BÖYÜK ÇİLLƏ, 20 gün KİÇİK ÇİLLƏdən və 30 gün isə BOZ AYdan ibarətdir.

 

Yer Planetinin kürə şəklində olması və onun öz oxu ətrafında fırlanması nətcəsində gecə-gündüz əmələ gəlir, saat qurşaqları ayrılır.   Günəş şüaları Yerin səthinə müxtəlif bucaqlar altında düşür. Nəticədə ekvatordan qütblərə doğru yer səthinin qızması azalır. Şimal və Cənub yarımkürələrində eyni coğrafi enliklər Günəşdən eyni miqdarda stilik alır. Ona görə də bu ərazilərdə eyni iqlim şəraiti və təbii zonalar yaranır, onlar şərqdən qərbə, şmaldan cənuba bir-birini əvəz edir. Yerin fırlanma oxu Günəş ətrafında hərəkət etdyi orbit müstəvisinə 66033/ meyllidir. Ona görə də Yer səthinə gəlib çatan Günəş enerjisi dəyşir və nəticədə fəsillərin bir-birini əvəzləməsi baş verir. İyun-avqust aylarında Yerin Şimal yarımkürəsi Günəşə tərəf çevrilir və daha çox enerji alır, yay fəsli müşahidə olunur. Həmin vaxt Cənub yarımkürəsinə Günəşin şüaları az düşdüyünə və soyuq olduğuna görə burada qış fəsli olur. Dekabr-fevral aylarında Yer orbitin əks tərəfində dayanır. Bu zaman yarımkürələrin Günəşə tərəf çevrilmş hissələri yerini dəyişir. Cənub yarımkürəsi daha çox qızır, nəticədə burada yay fəsli olur. Şimal yarımkürəsi az işıqlandığına görə temperatur aşağı düşür, burada qış fəsli gəlir (Yerin Günəş ətrafında hərəkəti. Coğrafiya Ensiklopedisiyası. I kitab. Bakı, 2012, səh.73-75)

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası 2023-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını (26.10.2022)   açıqlayıb. Məlumatda qeyd olunur ki, 2023-cü ildə qış fəslinin (Qış günəş duruşu) Azərbaycana daxil olması dekabrın 22-i saat 07:27:19-a təsadüf edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 38 dəqiqə 02 saniyəyə çatır (https://azertag.az/ xeber/ gelen_il_fesillerin_azerbaycana_daxilolma_vaxtlari_achiqlanib-2350118). Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da dekabrın 22-i saat 07:27-də qış fəslinin payızı əvəz edəcəyini açıqlayıb (https://m.shao.az/az/news/969/)

Dekabrın 22-də qış gündönümü (gündurumu) günü yarımkürələr üzrə baş verən hadisələr yerini dəyişir. Günəş həmin gün Cənub tropiki və ya Oğlaq tropikində günorta zenitdə dayanır, sonra şimala dönür. Ona görə Cənub yarımkürəsi daha çox qızır, burada yay, şimalda isə qış başlayır (Yerin Günəş ətrafında hərəkəti. Coğrafiya Ensiklopedisiyası. I kitab. Bakı, 2012, səh.77)

Günəş Qış gündönümündə zodiakın ən dərin guşəsinə - Oğlaq (Təkə) bürcünə girir. Bununla da  “Böyük Çillə”, el arasında “QARAQIŞ” deyilən dövr başlayır...Həmin gecəyə “Çillə gecəsi”, “Şəbi - yelda”, “Leylət - təvil” (ilin ən uzun və qaranlıq gecəsi) də deyilir. 

Xatırladaq ki, payız gecə-gündüz bərabərliyindən (23 sentyabr) sonra günəş tədricən taqətdən düşür (çünki Günəş cənub yarımkürəsinə keçir), sanki dərinliyə enir, uzaqlara çəkilir. Dekabrın 22-nə qədər gündüzlər qısalır, gecələr uzanır. 

Sibirdə, Qazaxıstanda elə indi də 21 dekabr- Böyük Karatün gecəsi, 22 dekabr isə Nurtuğan bayramının başlanğıcı sayılır.

Böyük Karatün gecəsi Böyük Qara Zülmət mənasına gəlir. Bu gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə olması (hər il təxminən belə olur) Böyük Karatünün anlamını izah eləməyə imkan verir. 

Dekabrin 22-dən sonra isə gecələrin uzanması yerini gündüzlərin uzanmasına verir,  şimal yarımkürəsində qış başlayır... “Çillə gecəsi”ndən sonra, günəş tədricən üfiqdən yuxarı qalxır, yeniləşmiş vəziyyətə gəlir..... 

Qış gündönümü gecəsi astronomik illik dövr başa çatır.   “Böyük çillə” qışın başlanğıc günündən, yəni dekabrın 22-dən fevralın 1-2-dək olan qırx günlük vaxtdır, bu müddət isə hər biri 7 gündən ibarət 4 balaca çilləyə, başqa sözlə, çilləbeçəyə bölünür...

Tarixən müxtəlif inanclar, inamlarla zənginləşsə də gecə-gündüz bərabərləşməsindən, Günəşin Oğlaq bürcünə daxil olmasından və s. aydın görünür ki, bu astronomik, təbiət prosesləri ilə bağlıdır...

Yusif Vəzir Çəmənzəminli yazırdı: “Böyük Çillə - 22 dekabr-2 fevral (40 gün) qışın oğlan çağı (kişilik vaxtı, sərt vaxtı) adlanır və kişilərin bayramı hesab edilir. 2-22 fevral isə Kiçik Çillə, yəni qadınlar bayramıdır”. 

Böyük Çillə dövründə cücərdilən səməni insanların taxılın yetişməsi, təbiətin oyanması istəyinin simvoludur. Yəni, məhsul evdə necə cücərdilirsə, sahədə də elə cücərsin. Halva bişirmək üçün səməni əzilir, suyu çıxardılır. Yeddi evdən alınmış buğda unundan bu suda xəmir yoğrulur. Halva pişirilən evdə qızlar, gəlinlər yallı gedir, mahnı oxuyurlar. Halvanın içinə istilik verən ədviyyatlar (qara istiot, darçın, mixək, razyana, quluncan, badyan, qulsakəmər, zəncəfil, hil) vurulur, qoz və ya badam ləpəsi əlavə edilir.

Böyük Çillədə bağları, bostanları, üzümlükləri suvarırlar. Bu suvarma "Çillə suyu" adlanır. Çillə suyu torpağın nəmliyinin qarşısını alır, ziyanvericiləri öldürür, ağacların tez çiçəkləməsinə qoymur. Bu şəkildə suvarılan ağaclar qış yuxusundan gec oyanır, bəhrəli olur. Xalq arasında “Böyük Çillədə suvaran çox, Kiçik Çillədə suvaran isə az məhsul götürər” məsəli vardır, bu məsəli böyük maarifçi Həsən bəy Zərdabi “Əkinçi” qəzetində xatırladıb. 

Böyük Çillədəarxları, kanalları təmizləyib qaydaya salarlar, ağacların dibini yumşaldarlar:“Qışda işini bilən, yazda-yayda ziyan çəkməz” -deyərlər. 

Yer kürəsinin şimal yarımkürəsində yerləşən Azərbaycanda qədimdən Çillə gecəsi, yəni Qaraqışın başladığı gün süfrələr açılar, qohum-əqrəba toplaşar, payını paylaşar, kasıbları, yetimləri sevindirərdilər, bir-birinə qarşı mehriban, səbrli olmağa çalışardılar. Böyükləri dinləyərdilər, hər hansı qərar verəndə məsləhətləşər, böyüklərin sözünə qulaq asardılar.

Səhəngdə saxlanılan (bəlkə də, səhəngdə qarpız saxlanılmasına inanmadınız, amma həqiqətdir) “Çillə qarpızı” kəsilər, nişanlı qıza pay verilər, ilin ən uzun gecədə nağıllar, dastanlar söyləyərdilər.  Çillə qarpızının qabıqları atılanda niyyət tutulur, tumları isə bərəkətli il olması üçün saxlanılırdı. 

Qarşıdan gələn uzun qışı sağ-salamat başa vurmaq, yeni əkin-biçinə, qurub-yaratmağa hazırlaşmaq, xoş niyyət və arzuların həyata keçməsi üçün ata-babalarımız mənəvi-maddi baxımdan səfərbər olunardılar...

...Böyük Çillə qırx gün dövran sürüb gedir, bir gün Kiçik Çillə ilə rastlaşır. 

Böyük Çillə deyir:Mən dolu qazanlar üstdə gəlmişəm, qarıları sağlam görmüşəm. Sonra təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım…

Kiçik Çillə deyir...Onun nə dediyi Kiçik Çillə, yəni Yalquzaq ayı gələndə deyərəm.

P.S. Qədim bayramların, mərasimlərin  keçirilməsində astronomik proseslər, coğrafi enlik, coğrafi uzunluq, iqlim, coğrafi şərait, təsərrüfat həyatı əsas yerdə durur. Bayramların adlandırılması, müxtəlif dini inanclara calaq edilməsi isə sonrakı və subyektiv məsələlərdir. Bayramların, əlamətdar günlərin fars və ya ərəbcə adlandırılması orta əsr saraylarından qaynaqlanır. Bu gün isə öz dilimizdə olan bayram adlarının, məsələn, Qaraqış, Yalquzaq, Qırovdüşən və s. unudulması və ya unutdurulması növbəti səhvlərdən biridir. Böyük Çillə ilə yanaşı, Qaraqış, Kiçik Çillə ilə yanaşı, Yalquzaq söyləmək lazımdır. 

P.P.S. İndi də Azərbaycanda “Böyük Çillə”nin keçirilməsi ənənəsi yaşadılır. Bu mərasim Şimallı-Cənublu Azərbaycanın bütün bölgələrinə aiddir və həmişə keçirilib. Kiminsə indi həmin mərasimi qeyd etməməsi, unutması onun əvvəllər keçirilməməsi anlamına gəlməz.  

Əliyev Bəhmən Fazil oğlu 

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Tarixi etnoqrafiya şöbəsi, aparıcı elmi işçi, t.ü.f.d., dosent, etnoqraf

 


Вернуться назад