Главная > ПРАЗДНИКИ, ОБРЯДЫ > Azərbaycanın Qüzeyində və Güneyində Çərşənbə axşamları

Azərbaycanın Qüzeyində və Güneyində Çərşənbə axşamları


20-02-2023, 16:24. Разместил: Gulnara.Inanch

Foto:Google

Səməd Bayramzadə

Yazın gəlişini qarşıladığımız ən gözəl adətlər sırasında hamı üçün əziz olan 4 çərşənbə axşamı günləri vardır ki, Azərbaycanın Quzeyində onları belə sıralayırlar:
1. Su çərşənbəsi;
2. Od çərşənbəsi;
3. Yel çərşənbəsi;
4. Axır (torpaq) çərşənbəsi.
Çərşənbələrin içərisində ən vacibi axırıncı – axır çərşənbə axşamıdır. Həmin gün ailəyə səadət, xoşbəxtlik və bütün pis əlamətlərdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, və s. kimi şirniyatlar hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə aid şam, boyadılmış yumurtalar qoyulur. Stolda yeddi növ yemək olur. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.
Güney Azərbaycanda da 4 (dörd) çərşənbə mərasimi mövcuddur və  bu cür sıralanır:
1. Xəbərçi çərşənbə;
El içində belə rəvayət edirlər ki, “xəbərçi çərşənbə” bayramın yetişməsi müştülüğunu verir və qar soyuğun getməsindən söz açır.
2. Kölə çərşənbə;
“Kölə çərşənbə”də toyuqların tükünü yolub, qoyunlarln yununu qırxırlar. Bu gözəl dəb Azərbaycan xalqının təsərrüfat həyati, məşğuliyyəti və öz ellərinə, onun inkişafına, illərlə formalaşmız iş-güclərinə bağlılığı ilə izah oluna bilər.
3. Qara çərşənbə;
“Qara çərşənbə”də el qadınları ev-eşiyin hisini-pasını alıb səliqə və sahman yaradarlar.
4. Axır çərşənbə.
“Axır çərşənbə”də ot-küləş yığıb yandırar, odun üstündən atılıb şənlik edərlər. Səhər çağı yuxudan durub mal-davarın üzünə su səpərlər və suyu aydınlıq bilib bayramın yetişməsini gözləyərlər.
Müstəqil Vətənimiz Azərbaycanda “Novruz”un  qeyd edilməsi mərasimi artıq rəsmi bayram şəklini almışdır. Qeyd etməliyik ki, “Novruz” adlı bahar bayramımız, onunla ilgili mərasimlərimiz, adətlərimiz Azərbaycandan kənarda başqa şərq elləri arasında da geniş miqyasda yayılmış və qeyd edilir və bu gözəl mərasimlər sözün əsl mənasında sülh, dostluq, qardaşlıq və əmin-amanlıq bayramıdır.





Вернуться назад