Главная > ПРАЗДНИКИ, ОБРЯДЫ > “Oğru üsgü” başlayıb... Novruz yaxınlaşır

“Oğru üsgü” başlayıb... Novruz yaxınlaşır


9-02-2023, 15:46. Разместил: Gulnara.Inanch

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əliyev Bəhmən Fazil oğlu

Birinci üç çərşənbəyə “oğru üsgü”, ikinci üç çərşənbəyə “doğru üsgü” və sonuncu çərşənbəyə isə “ilin axır çərşənbəsi” deyilməlidir.

 

Qardaş Türkiyənin üzləşdiyi dəhşətli zəlzələ bəşər həyatının fəlakətli səhifəsidir, minlərlə insan dünyasını dəyişib, on minlərlə insan yaralanıb, yüz minlərlə mənzil, bina dağılıb. Azərbaycan dövləti, xalqı da qardaş Türkiyənin hayına-hay verib, əlindən gələn yardımı göstərməyə çalışır. Gecə-gündüz əllərimiz göylərdədir, həyatını dəyişənlərə rəhmət, yaralananlara sağlıq arzulayırıq. Bu qarlı-çovğunlu günlərdə dağıntıların arasında, altında qalanlara dözüm, xilasedicilərə güc, qüvvə arzulayırıq. Ürək ağrısı ilə, can yanğısı lə Türkiyə dövlətinin tezliklə bu fəlakətin nəticələrini aradan qaldırmasını Allahdan diləyirik. 

Türkiyə Respublikası 100 illik yubileyini dünyanın indiyədək görmədiyi bir fəlakətlə qarşılayır, mənəvi baxımdan bu zülmə dözmək çox çətindir, elə maddi yükün altından qalxmaq da dözüm, güc, qüvvə istəyir. Yüzüncü ilində təbii fəlakətlə qarşılayan Türkiyənin bütün çətinliklərin öhdəsindən gələrək bu sınaqlardan daha güclü çıxacağını diləyirik. 

 Keçmişi də unutmuruq, tezliklə havalar isinəcək, həyat özünə qayıdacaq, qaynayacaq. Şaxtalı günün isti günə çevriləcəyini, soyuğun, qarın ömrünün başa çatacağına, covğunun mülayim, isti küləklərə çevriləcəyini bilirik. Hər qaranlığın bir sabahı var.

Bütün xalq təqvimlər, xüsusi ilə təbiətlə bağlı təqvmlər sonralar inanclarla bəzədilib, zənginləşdirilib. Bu baxımdan Novruz da astronomik bayramdır, bu bayramın mahiyyətini dərk etmək üçün astronomik prosesləri izləmək vacibdir. Novruz xalq təqviminə əsaslanan sistemdir, bu bir-biri ilə sıx bağlıdır, bir-birini tamamlayır.Qış gündönümündə Günəş Zodiakın ən dərin guşəsinə - Oğlaq (Təkə) bürcünə girir. Dekabrın 22-dən sonra Günəşin Cənub yarımkürəsindən Şimal yarımkürəsinə doğru hərəkəti başlayır. Novruza qədər son 50 gündə, yəni 7 çərşənbə müddətində Günəşin Qoç bürcünə doğru hərəkəti daha açıq-aydın hiss olunur. Xüsusilə 4 doğru çərşənbə müddətində Günəşin hərəkəti havanın istiliyinin artması, buzların əriməsi, yaşıllığın artması görünür. Kiçik Çillədən sonra ilk çərşənbə günündən növbəti çərşənbə gününə qədər Günəş Şimal yarımkürəsinə doğru eyni məsafə qət edir. Biz isə çərşənbə günü ərəfəsində çərşənbə axşamı günü bayramı, yəni çərşənbəni qeyd edirik. 

Əslində Novruzun 7 çərşənbəsi var; 3 oğru (oğru çərşənbə, oğru buğ, oğru üskü) və 3 doğru (doğru çərşənbə, doğru buğ, doğru üskü) çərşənbə, bir də ilaxır çərşənbə. Əslində birinci üç çərşənbəyə, “oğru üsgü”, ikinci üç çərşənbəyə “doğru üsgü” və sonuncu çərşənbəyə isə “ilin axır çərşənbəsi” deyilməlidir.

 Astronomik baxımdan da Novruza qədərki 50 gün xüsusi seçilir. Kiçik Çillə-Yalquzaq ayı başlayanda Novruza 50 gün qalır. Novruzun 7 çərşənbəsindən 3-ü-“oğru çərşənbə”, “oğru buğ”, “oğru üskü” çərşənbələri Kiçik Çilləyə-Yalqızaq ayına düşür. Maraqlıdır ki, Əhmədbəy Ağaoğlu yazır ki, “21 martın gəlişindən (Novruz günündən) öncəki altı həftə boyunca hər çərşənbə axşamı saraylarda böyük şamlar yandırılır”. Yəni faktiki olaraq, artıq iki yalançı və ya oğru çərşənbəni (oğru üsgü) keçmişik. Bu gün isə növbəti yalançı-oğru çərşənbə qeyd olunur. Onu da deyim ki, bəzi hallarda yalançı və ya oğru çərşənbələr məsələsində qarmaqarışıqlıq yaranır. Hətta fevralın 21-də keçiriləcək ilk doğru çərşənbənin də “yalançı çərşənbə” adlandırılmasına rast gəlirik.

 Faktiki olaraq, yalançı çərşənbə dedikdə elə “oğru çərşənbə”lər nəzərdə tutulur. Dünən isə yalançı çərşənbələrdən “oğru üskü” idi. Üskü od, isti mənasındadır. Nə qədər “yalançı” olsa da, təxminən fevralın 15-dən, yəni bu “oğru çərşənbədən” sonra qışın hökmü azalmağa başlayır.

Bu çərşənbələrin hər birinin adət-ənənələri, üsul və qaydaları vardı. Ancaq zaman keçdikcə bu üsul və qaydalar bir növ qarışmış, bütün çərşənbələrdə yerinə yetirilən adət və mərasimlərə çevrilmişdir. Yaxud qalıqlar şəklində mövcudluqlarını saxlayır. Bu adət və mərasimlərin formalaşmasına təsir göstərən ilk növbədə Yalquzaq ayı, yəni Kiçik Çillə başlayandan keçən 50 gün ərzində iqlimin dəyişməsi ilə bağlıdır. Təsadüfi deyil ki, deyirlər: “Əlli gün Novruza qədər, yüz əlli gün biçinə kimi”. 

“Oğru üsgülər”lər “doğru çərşənbə”lərə, yəni “doğru üsgülər”ə hazırlıq dövrü sayılır, xüsusi ilə bağçılıq, əkinçilik işləri başlayırdı.  Yalançı çərşənbədə də alatoran vaxtı saman-küləş yandırılır, xüsusi bayram və ya çərşənbə süfrəsi açılmır, “doğru üsgü”lərdə olduğu kimi, xüsusi mərasimlər yerinə yetirilmir, amma nənələrin boxçasındakı ceviz-fındıq uşaqlara paylanılır. Eyni zamanda burada çoxvariantlılığı da unutmamaq lazımdır, təkcə bölgələrdə deyil, hətta ayrı-ayrı ailələrdə bu “yalançı çərşənbə”yə münasibət fərqli ola bilər. Ən azı bu günün xatırladılması insanları psixoloji- mənəvi baxımdan səfərbərliyə alır, qarşıda “doğru çərşənbə”lərin, “İlaxır şərşənbə”sinin, Novruz bayramının gəldiyini xatırladır, tezliklə dəyişikliklərin baş verəcəyini xəbər verir. 

 


Вернуться назад