Главная > ПРАЗДНИКИ, ОБРЯДЫ > Novruz Sovet Azərbaycanında

Novruz Sovet Azərbaycanında


20-03-2022, 12:07. Разместил: Gulnara.Inanch
Solmaz-Rüstəmova-Toqidi, tarix elmləri doktoru, professor
Novruz əhval-ruhiyyəsi yaşadığımız bu günlərdə Nəriman Qasımzadənin atası, görkəmli ziyalımız Qasım Qasımzadə ilə bağlı maraqlı bir yazıya verdiyim şərh böyük marağa səbəb olub. Bunu nəzərə alaraq yalnız 1960-cı illərdə deyil, ümumən Rus İmperiyası və Sovet dönəmində hakimiyyətin Novruz bayramına münasibəti tarixinin sizlərə maraqlı olacağını düşünürəm.
XIX əsrin ilk onilliklərində Rusiya İmperiyası tərkibinə daxil olduqdan sonra azərbaycanlıların Novruzla bağlı üzləşdiyi ilk müşkülat təqvimin dəyişməsi – xristian miladi təqvimə keçilməsi ilə bağlı olur. Beləliklə, uzun əsrlər boyu birgə yaşadıqları İran xalqları və öz cənublu həmvətənlərindən fərqli olaraq Rusiya təbəəliyinə keçmiş azərbaycanlıların həyatında Novruz artıq rəsmi təqvimi yeni ilin başlanğıcı kimi deyil, yalnız el bayramı kimi qeyd olunmağa başlaynır.
Rus hökuməti yerli xalqların həyatına bir sıra əsaslı siyasi-sosial dəyişikliklər gətirsə də onların milli-dini ənənələrinə dözümlülük nümayiş etdirir. Çar Rusiyası tərkibində yaşadığı 100 ildən artıq dövr ərzində Novruz azərbaycanlıların ən çox sevdikləri və geniş qeyd etdikləri bayram olaraq qalır. Bu məqama diqqət yetirən rus ziyalıları, alim və məmurları Azərbaycanın ayrı-ayrı əyalət və qəzalarına ekspedisiyalar təşkil edərək Novruzla bağlı görüb-eşitdikləri və öyrəndiklərini müxtəlif məqalələr, toplular şəklində dərc edirlər. Xüsusilə hər Növruz qabağı rus dilli, daha sonralar Azərbaycan milli mətbuatında mütəmadi olaraq rus, xarici və azərbaycanlı müəlliflərin yazıları çıxırdı. Beləliklə, Novruza dair çar Rusiyası dövründə yazılmış çoxsaylı və maraqlı ədəbiyyat mövcuddur.
1920-ci ildə Sovet hakimiyyətinin qurilması ilə azərbaycanlıların siyasi-sosial, iqtisadi və mədəni həyatında bir daha köklü dəyişiklər baş verir, kommunist ideologiyası öz qayda-qanunları ilə birgə yeni məzmunlu bayramlar da gətirir. Lakin Azərbaycanın əsasən ruslar, ermənilər və qismən azərbaycanlılardan ibarət bolşevik hökuməti ilk gündən dinin siyasətdən ayrıldığını élan, dini müəssisələri və şəriət məhkəməsini isə ləğv etsə də, yeni hakimiyyətə qarşı çox passiv olan müsəlman əhalisinin dini görüşlərinə və bayramlarına dözümlülük nümayiş etdirməyə məcbur olur. Bu sıradan “inqilabi” bayramlarla yanaşı, yalnız müsəlman deyil, xristian, katolik, qriqorian əhalinin də dini-milli bayramları hökumət səviyyəsində saxlanılır və rəsmi olaraq istirahət günləri kimi təqvimə salınır. Belə ki, 1920-ci ildə Az.SSR Əmək Xalq Komissarlığı bir sıra dini bayramlar – Qurban, Ramazan, Aşura ilə birlikdə Novruzu da istirahət günləri élan edir. Beləcə 5 il keçir. 1925-ci ildə yenidən həmin məsələyə baxan Az.K(b)P Rəyasət Heyəti 14 mart tarixli qərarı ilə Az-da 10 inqilabi və hər dini qrup üçün 6 dini bayram günü təsdiq edir. Zaqafqaziya Əmək Komissarlığı inqlabi bayramların sayını 8-ə endirsə də dini bayramlara dəymir. Türklər üçün nəzərdə tutulan bayramların siyahısına Novruz – 21 mart, Orucluq – 25 aprel, Qurban – 2 iyul, Aşura – 31 iyul, Bist-Haştun – 14 sentyabr, Mövlude Nəbi – 30 sentyabr istirahət günləri élan edilir. Lakin 1924-cü ilə qədər 2 gün bayram edilən Novruz və Ramazan bayramlarının 1 gün keçirilməsi haqda yeni qərar qəbul olunur.
Bu sahədə son qərar verən Zaqafqaziya partiya təşkilatı 1925-ci ilin 27 martında hər Qafqaz respublikası üçün ümumdövlət bayramlarından başqa 2 inqilabi bayram (26 Bakı komissarlarının xatirəsi və Sovetləşdirilmə günü) və 6 milli-dini bayramlarla əlaqədar istirahət günü haqda qərar təsdiq edərək, bu sonuncuların inzibati qaydada inqilabi bayramlarla əvəz edilməsinə yol verilmədiyini xüsusi vurğulayır və bu məqamı ayrıca olaraq Azərbaycan hökumətinin diqqətinə çatdırır. Buna baxmayaraq, Azərbaycan kommunist hakimiyyəti bayram-istirahət günlərini müəyənləşdirərkən hər dini qrupun bir dini bayramını – türklər üçün “Bist-Həştun”, rus-ermənilərin “Voznesenye” günlərini ləğv edir, pasxa günlərini isə birləşdirir. Hər milli qrupun dini bayramlarından qalan bir gün isə 2 may tarixdə vətəndaş bayramı kimi istirahət günü élan edilir.
Bütün bu sənədlərdə Novruz türklərin istirahət-bayram günləri siyahısında birinci gəlsə də onun müsəlman əhalisinin dini bayramları siyahısına daxil edilməsi az sonra Novruzun rəsmi
bayram kimi keçirilməsinə öz mənfi təsirini göstərir.
Zaman keçdikcə kommunist ideologiyasının tərkib hissəsi olan ateist dünyagörüşü rəsmi dövlət siyasətində öz mövqelərini möhkəmlədir. 1925-ci ildə yaradılan “Allahsızlar İttifaqı” cəmiyyətinin adının qarşısına 1929-cu ildə “Mübariz” sözü də artırılır. Din əleyhinə başlanan və bu vaxta qədər bir qədər yumşaq aparılan mübarizə bu dövrdən kəskin şəkil alır və sırf islam dini mərasimlərinə, ilk növbədə məhərrəmliyə qarşı elan edilmiş açıq müharibə digər dini bayramlara və bu sıraya salınmış Novruza da şamil edilir. 1929-cu ildə AK(b)P Bakı Komitəsinin 13 fevral tarixli iclasında “Ramazan və Novruz bayramlarına qarşı Kampaniyanın keçirilməsi” adı ilə qəbul etdiyi sənədlə Novruzun rəsmi şəkildə hər hansı formada qeyd olunmasına qadağa qoyulur. 6 fevraldan 23 marta kimi keçirilməsi nəzərdə tutulan tədbirlər planında 7-14 mart günləri “zərbəçi” həftə elan edilərək bütün istehsalat sahələrində, fəhlə və digər klublarda, “Mübariz Allahsızlar İttifaqının” yerli özəklərində, mətbuatda, məktəblərdə, kitabxana və qiraətxanalarda tədbirlər keçirmək, dinin, o cümlədən islamın “sosializm quruculuğu yolunda maneə olduğunu” izah etmək və bu sıradan bir çox işlər zəruri sayılır. Bu kampaniyanın gedişində artıq Novruz və Ramazan bayramlarının istirahət günündən adi iş gününə çevrilməsi tələbi, bayram günlərində türk məktəblərində tam tədris məşğələlərinin keçirilməsinə nəzarət kimi dəqiq və konkret tapşırılar həyata keçirilir.
Beləliklə, Sovet Az-da ardıcıl şəkildə bütün milli bayramların xalqın həyat və məişətindən çıxarmaq, onları zorla yeni inqilabi və sosialist ruhlu bayramlarla əvəz etmək siyasətinə rəvac verilir. Bu siyasətin nəticəsi kimi, 30-cu illərdən başlayaraq Novruz bayramı nəinki rəsmi şəkildə dövlət səviyyəsində qeyd edilmir, hətta bu barədə bayram qabağı ölkə mətbuatında hər hansı müsbət xarakterli yazılar nəşr etmək təcrübəsinə də son qoyulur. Bu vəziyyət 1950-ci illərin ortalarına qədər davam edir.
Doğrudur, bütün qadağalara baxmayaraq Novruz xalq arasında yaşamaqda və öz məzmununun saxlamaqda davam edir. Sırf məişət zəminində onun bir çox atributları – son çərşənbələr keçirilməsi, səməni qoyulması, tonqallar qalanması, bayram süfrələri, bir-birinin evinə qonaq gedilməsi və s. öz əhəmiyyətini itirmir və bu və yas digər səviyyədə qorunur. Bu bayramla bağlı mərasimlər, şerlər, nəğmələr və s. isə artıq “Novruz” deyil, “Bahar bayramı”, “Yaz bayramı” adı ilə Azərbaycan ədəbiyyatında, məktəb dərsliklərində əks etdirilir.
Stalinin ölümündən sonra ölkədə siyasi iqlimin yumşalması ilə bütün Sovet İttifaqında olduğu kimi Azərbaycanda da milli xarakterli məsələlərlə – dil, tarix, ədəbiyyat sahələrində – yanaşı milli bayramlar və ilk növbədə Novruz mövzusu da gündəmə gəlir. Azərbaycan ziyalıları ehtiyatla olsa da yenidən Novruz bayramı ilə bağlı mətbuatda müxtəlif söhbətlər açır, elmi araşdırmalara başlayırlar. Məcburən marksizm-lenininizm metodologiyası çərçivəsində yazılan və Azərbaycan xalqının adət və ənənələri, bayram və dini mərasimləri tarixinə həsr edilən elm ədəbiyyatda tədricən bahar bayramının məhz Novruz adı ilə xalqa qaytarılması məsələsi qoyulmağa başlayır.
Burada qadağan olunmuş bayramların qaytarılması sahəsində ilk addımın İttifaq miqyasında, özü də Rusiya alimləri tərəfindən atıldığı və artıq 1957-ci ildən Moskvada «Масленнитса» adı ilə yazın qarşılanması münasibətilə çoxgünlük bayram təntənələrinin keçirildiyi qeyd edilməlidir. Lakin daha bir gözlənilməz hadisə Novruz qadağasının da götürülməsini xeyli sürətləndirir.
1961-ci ildə Sovet dövlətinin başçısı N.S.Xruşov Hindistana rəsmi səfərə gedir. Bu ölkənin baş naziri Cavaharlal Nehru ilə görüşündə Nehru SSRİ-nin müsəlman respublikalarında Novruz bayramının qeyd edilib-edilməməsi ilə maraqlanır. Bu bayram haqqında tam məlumatsız Xruşov Sovet nümayəndə heyətinin tərkibində olan Özbəkistan KP MK birinci katibi Ş.Rəşidovu çağıraraq söhbətə cəlb edir. Rəşidov bayram haqqında bilgiləri ilə məsələni yola verir. Lakin bu səfərdən sonra artıq Novruz barədə məlumatlandırılmış dövlət başçısından öz ölkəsində, daha sonra Orta Asiya respublikalarında Novruzun rəsmi bayram kimi keçirilməsi razılığı alınır. Beləliklə, 1964-cü ildə Novruz rəsmi dövlət səviyyəsində ilk dəfə Özbəkistanda və daha sonra Tacikistanda çox geniş qeyd olunur və beləliklə, bu günə qədər davam edən Novruz ənənəsi bərpa edilir.
Təbii ki, Azərbaycanda da bu hadisələrdən xəbərdar idilər və milli ruhlu ziyalılar, alimlər bu mövzularda kitablar, məqalələr, müraciətlərlə respublika rəhbərliyini əməli addımlar atmağa çağırırdılar. Lakin artıq Mərkəz tərəfindən “ifrat milliyyətçilikdə” “günahlandırılmış” əvvəlki Azərbaycan rəhbərliyinin aqibətindən və azərbaycanlılara etimadsız münasibətdən yaxşı xəbərdar olan Vəli Axundov bu məsələdə bir qədər ehtiyatlı mövqe tuturdu. Bu baxımdan respublika rəhbərliyinin atdığı addım və Novruzun Azərbaycanda rəsmən qeyd edilməsinə gətirəcək bir hadisə xüsusi diqqətə layiqdir.
Məlumdur ki, 1946-cı ildə Cənubi Azərbaycanda Milli hökumət devrildikdən sonra bu hərəkatın rəhbərliyi və on minlərlə iştirakçısı Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdı və Azərbaycan Demokrat Firqəsi (Partiyası) ətrafında fəaliyyətlərini davam etdirirdilər. 1965-ci ilin əvvəllərində ADF-nin sədri Qulam Yəhya Az.KP MK-ya müraciət edərək siyasi mühacirlərin bir sıra təminat məsələləri ilə yanaşı hər il qeyd etdikləri Novruz bayramının keçirilməsi üçün də maddi kömək xahiş edir. Az.KP MK katibliyinin 1965-ci il 17 mart tarixli iclasında bu xahişə əməl olunur, ADF MK-ya Qırmızı Xaç Cəmiyyəti vasitəsilə ödənmək şərti ilə Novruz bayramını keçirmək üçün 1500 manat vəsait ayrılır. Həmin dövr mühacirlər demək olar ki, Azərbaycanın bütün bölgələrində yaşadıqlarından ADF “houzələri” (şöbələri), əslində bütün ölkə ərazisində ilk dəfə Novruz bayramını leqal və təntənə ilə qeyd edir. Respublika və hətta mərkəzi mətbuatda Azərbaycanda Bahar bayramının keçirildiyinə dair yazılar dərc olunur və bu zaman həmin bayramın siyasi mühacirlər tərəfindən qeyd olunduğu, demək olar ki, vurğulanmır.
Bir müddət sonra isə, Vəli Axundov Az.KP MK-nın növbəti iclasında iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək Moskva ilə danışıqlarda Novruz bayramının respublikada rəsmi səviyyədə keçirilməsinə razılıq aldığını elan edir və bu tədbirin keçirilməsi - ssenaridən tutmuş təşkilati məsələlərə kimi - İdeoloji şöbənin katibi və dramaturq kimi Şixəli Qurbanova həvalə edilir. Qısa müddətdə Ş.Qurbanovun istedadı, tükənməz enerjisi və həvəsi ilə Novruzla bağlı səhnələşdirilmiş tamaşalar, yaradıcı kollektivlərin iştirakı, xalq gəzintisindən ibarət proqram hazırlanır. Və 1967-ci ilin martında Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq Novruz şənlikləri Bakının küçə və meydanlarını bürüyür və bütün respublika miqyasında geniş və çox təntənəli qeyd edilir.
Lakin bu mərasimin əhali arasında doğurduğu görünməmiş ruh yüksəkliyi bir tərəfdən, ölkənin dəyişməkdə olan ümumi ab-havası digər tərəfdən Mərkəzi hökuməti xeyli qayğılandırır və sosialist ideyaları yenidən ön plana çəkilərək, hər hansı milli hisslərin, düşüncələrin, bayramların və ümumən milli siyasətin yüksəlişinin qarşısı bütün vasitələrlə alınmağa başlanır. Sonralı illərdə də Novruz bayramı bu və ya digər səviyyədə şəhər şənlikləri kimi qeyd edilsə də tədricən daha çox əhalinin məişət səviyyəsində qeyd olunan bayramına çevrilir və 1990-cı illərin əvvəllərinə – Azərbaycanın öz müstəqilliyini bərpa edənə qədər bu statusda qalır.
“NOVRUZ bayramı müstəqillik dövründə” isə artıq başqa mövzudur.
Əziz dostlar, dəyərli soydaşlar, sizlərin hər birini ayrılıqda, bütün Xalq olaraq hamımızı birlikdə Novruz bayramı – Yeni Gün, Bahar, Oyanış, Ümid və Arzular – dolu yeni il münasibətilə təbrik edirəm. Xalqımızın heç bir şəraitdə, ən ağır təzyiqlər altında belə əldən vermədiyi, qoruyub saxladığı və bir buğda dənəsini göyərtməklə olsa da qeyd etdiyi bu Əziz bayramımız ölkəmizə, dövlətimizə, elimizə-yurdumuza əmin-amanlıq, millətimizə birlik və ruzu-bərəkət gətirsin. Torpaqlarımız tam azad olsun, Novruzu gələn il Xocalıda, Xankəndində, Xocavənddə, Əsgəranda keçirək, Şəhidlərimizin ruhunu baş ucalığı ilə yad edək, viran qalmış şəhərlərimizə, kəndlərimizə həyat verək, insanlarımız öz dədə-baba yurdlarına qayıtsın, Yeni Günə başlasın.
30 illik işğala yox demiş bir Xalq olaraq bu gözəl bayram günlərində dost və qəhrəman Ukrayna xalqına da üzləşdiyi bu fəlakətdən qurtulmaq, torpaqlarını yağı düşməndən azad etmək və ədalətsiz, qanlı müharibədə Qələbə çalmaq arzusu ilə dəstək verək.
Novruzunuz mübarək!

Вернуться назад