Abbas Mirzə Qacarın A.Qriboyedovun Tehranda qətli ilə bağlı imperatora yazdığı məktub
- 4-02-2023, 09:53
- ИСТОРИЯ И ОБЩЕСТВО
- 0
- 747
Foto: wikimedia.org |
Mətn, əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri Əkrəm Bağırov tərəfindən fars dilindən (İran nəşrindən) tərcümə edilib və kitab çəklində çapa hazırlanır.
Səfərnamənin əlyazması M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.
Fətəli şahın oğlu Naib əs-səltənə Abbas Mirzə Qacarın Rusiya səfiri A.Qriboyedovun Tehranda qətli ilə bağlı imperatora yazdığı məktubun mətni:
“Bütün gizliləri bilən, cahan mülkünə sahib olan, günahları bağışlayan, padşahlara güc-qüvvət verən Allaha sitayiş edirik. Və sonra da Allahın sirrlərinə bələd və cəza gününün xilaskarı peyğəmbərlərin, onların əsabələrinin, məsləkdaşlarının parlaq ruhlarına səmimi salamlarımızı göndəririk.
Və sonra göylər ucalığında olan əlahəzrət, ədalət və insaf sahibi olan hakim,adı dünyada yaxşılıqla çəkilən, lütfü hər cəhətdən ürəyə yatan, qəzəbi hər bir evi viran edə bilən və mehr-məhəbbəti hər viranəni abad edən bütün Rusiya məmləkətlərinin cah-cəlal sahibi olan hökmdarına ərz edirəm ki, baş vermiş zəmanə hadisələrindən və qəzavü qədərin zərbələrindən İran dövlətinin çəkdiyi xəcalətin şərhi və bəyanı təsvirə sığmasa da, o əlahəzrətin padşahlıq mehrü məhəbbəti və şahanə məhəbbətinin ondan da çox olduğunu nəzərə alıb ona müraciət edərək əyan edib bildirirəm ki, keçən il İran dövləti əzəmətli Rusiya dövlətinin dostluğuna qəlbən nail olub və bu yolda nə canını , nə də malını əsigəməmişdir, elə çalışmışdır ki, Allahın fəzli və ölkələr fəth edən imperatorun lütfü sayəsində o əsas məqsədə yetişib istəyimizə çatmışıq. Bu il də dostluğu daha da möhkəmləndirmək və məmləkətimizin bəzi işlərini nizama salmaq üçün səmimi dostunuz olan mən özüm o xoşniyyət əlahəzrətin görüşündən feyz almaq niyyətində idim.
Lakin bu arada ruzigarın gözlənilməz gedişlərindən sizin dövlətin elçisinin başına elə bir qəziyyə gəldi ki, bu günə qədər belə bir hadisə bu məmləkətdə nə görünüb, nə eşidilib, nə də təsəvvürə gəlib ki, o hadisə baş verməmişdən onun qarşısını almaq üçün çarə və tədbir görüləydi. Bəli, gözləmədiyimiz və qəfil hadisə baş verdiyindən elə bir fürsət və macal olmadı ki,o bəlanın qarşısını alıb, o fitnəni zərərsizləşdirərək o dərdə çarə qıla biləydik. Dünyanın bütün gizli sirrlərinə vaqif olan Allah şahiddir ki, mən-sizin səmimi dostunuz razı olardım ki, özüm bütün qohum-qardaşlarımla birlikdə bu fitnə və bəlada tələf olaydıq və bu dövlətin adına belə bir bədnamlıq yazılmayaydı.Bu dövlətin bütün övliyası, bu məmləkətin bütün əyan və əşrəfi bu dəhşətli vaqiəyə görə əzadar olub matəm saxlayır. İran məmləkətlərinin məqamı uca olan şahənşahı min bir fikir və qəm içindədir. Və bu da məlum və aşikardır ki, İran dözləti keçən ilin əzab-əziyyətlərini və gördükləri zəhmət və xəsarətləri heçə endirmək istəmirdi. Dostluqda sədaqət sahibi olan mən sevinc və şadlıq hissləri ilə siz əlahəzrətin görüşünə gəlirdim, lakin heç bir vaxt razı ola bilməzdim ki, bu cür xəcalət içində və başı aşağı dikilmiş halda yola çıxım.İran əhli—böyüklü-kiçikli hamısı sizin dövlətlə olan ədavətin acısını və məhəbbətin şirinliyini dəfələrlə dadıb və sınaqdan çıxarıb.
Mümkün olan iş deyildi ki, xoşluğu pisliklə, əmin-amanlığı qarışıqlıqla əvəz etsinlər. Dünyanı yaradan o pak Allaha və humayun padşahın taxt-tacına and olsun ki, bu pis iş və bəd əməlin cahil fitnəsindən və avam [kütlənin] qarışıqlığından başqa heç bir mənşəyi və mərəzi olmamışdır. Çox zaman nizam olmayan şəhərlərdə belə qarışıqlıq və qovğa avam və nadan kütlə tərəfindən törədilir. Xüsusən də, İslambulda—Osmanlı dövlətinin paytaxtında dəfələrlə baş verib. Lakin keçən ilə qədər bu dövlətin nəzarət etdiyi vilayətlərdə [belə bir hadisə] baş verməyib.
Keçən il Rusiya əsgərlərinin vurduqları zərər və ziyanın [aradan qaldırılması] səbəbindən başqa işlərə vaxt ayırmağa macal olmadığı üçün İranın bəzi şəhərlərində də bu cür qarışıqlıq və nizamsızlıq baş verdi və vaxt imkan vermədi ki, dövlət onların tənbehinə başlasın və bu il də [bu qarışıqlıq] paytaxta sirayət etdi. Lakin böyük İran dövləti hal-hazırda fitnə-fəsad törədən kütlənin tənbehi və baş vermiş bu hadisənin intiqamını almaqdadır. Mənim bu qədər israrla və ciddi-cəhdlə siz Ali həzrətin görüşünə nail olmaqda niyyətim məhz həmin bu idi və hal-hazırda odur ki, uca Yaradanın köməyi ilə iki dövlət arasında olan qəlb yaxınlığı və batini bağlantılarımız qırılmasın, dövlətinizdə [bizə qarşı] yaranmış düşmənçilik hissləri siz Alihəzrətin sayəsində dostluğa çevrilsin. Allahın köməyindən sonra tac sahibi olan səxavətli əmimizin bu hadisəyə olacaq xeyirxah münasibəti ilə bu məmləkətdə olan bütün qarışıqlıqlar nizama düşsün. Əmr və ixtiyar sahibi siz əlahəzrətsiniz və hal-hazırda baş vermiş bu hadisəyə bir əncam çəkmək üçün veriləcək qərar yaxşı olar ki, böyük imperatorun rəyinə əsaslansın. Mənim Siz həzrətdən təvəqqe və istəyim budur ki, bu məsələ ilə bağlı hər nə buyuruq varsa mənə yönləndirsinlər ki, inşəallah İran dövləti bu xəcalət yükünün altından çıxa bilsin və bu sədaqətli bəndə — mən ümid və arxayınçılıqla məqamı yüksək olan o padşahın xidmətinə yetişə bilim və [inşəallah ki,] sonu yaxşı olar.”
Mirzə Mustafa xan Əfşar. Xosrov Mirzənin Petersburq səfərnaməsi.Tehran,1349.s.144-146.