Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Среда, 24 Февраль 2021 20:18

Bəhai dininin təməl prinsiplərindən biri elm və dinin harmoniyasıdır.

Автор

Bəhai dininin təməl prinsiplərindən biri elm və dinin harmoniyasıdır. Yüz illər boyu təkamül etmiş bir Elm olduğu kimi, o cür də, Yerdə Allahın vahid bir dini vardır və o da zaman-zaman, insanlığın sosial təkamülünə münasib olaraq yenilənir. Elm və din birlikdə sivilizasiyanı irəli aparan ikili bilik sistemini təşkil edir.Elmi nailiyyətlər son iki əsrdə sürətlənmiş və insan cəmiyyətinə saysız hesabsız kəşf və texnologiyalar bəxş etmişdir.Lakin dinin təqdim etdiyi mənəvi təməldən məhrum olan elm materialist qüvvələr qarşısında aciz qalmaqla nəcib təyinatını itirmək təhlükəsinə düşmüşdür.

Oxşar proses dinlə də baş verir. Rasional düşüncədən məhrum Din mövhumatın və kor-koranə təqlidinin qurbanına çevrilir və canlandırıcı gücünü itirir. Bu baş verəndə din tənəzzül edir. Amma həqiqi din elm kimi zamanla irəli gedir və təkamül edir. Əbdül-Bəha buyurur:

Ətrafındakı maddi aləmə bax və gör ki, indi o necə dəyişmişdir. Düşüncələr dəyişmiş, həyat tərzi yenilənmiş, elm və incəsənət yeni güc göstərir, kəşflər və ixtiralar yenidir, qavrayış yenidir. Elə isə, necə ola bilər ki, din kimi belə bir həyati qüvvə − bəşəriyyətin böyük irəliləyişlərinin təminatçısı, əbədi həyata yetişmək vasitəsinin özü və hər iki dünyaya işıq olan qüvvə – yenilənməsin?

Bəhailər inanırlar ki, iki bilik sistemi kimi din və elm, sosial transformasiya yaratmaq və bu gün dünyanı bürümüş problemlərin çoxunu həll etmək səylərində bir-birini tamamlayır.

Bir çox insanı bu narahatedici suallar düşündürür: Elmi cəhətdən savadlı və rasional düşünən bir insanın dini inancı ola bilərmi? Elm və dinin vəhdəti mümkündürmü? Bu suallar müasir təhsilli bir insana verilərsə, mənfi cavab gələcəkdir. Dövrümüzdə, dinin “insanlar üçün tiryək” olduğuna ciddi inanan bir çox insanlara da rast olmaq mümkündür.

Öncə dinin “insanlar üçün tiryək” olması məsələsinə toxunaq. Tarix göstərir ki, həm ibtidai, həm də yüksək inkişaf səviyyəsinə çatmış bütün dünya xalqları dini inanclara malik olublar.Hələ antik dövrdə insanlar dindən tamamilə məhrum xalqın olmadığına inanırdılar.

İnsanların ruhani həya­tın­da əsrlər boyu Din qədər böyük rol oynamış amil tap­maq mümkün deyildir.Daş dövründən tutmuş müasir dövrə kimi, dərin metamorfoza məruz qalsa da, Din, insan ru­hun­da və dünya mədəniyyətinin daxilində yaşamaqda davam etmişdir. Misir piramidalarının və Parfenonun, Nəsimi və Dostoyevski­nin yaradıcılığının, Farabi və Lev Tols­toyun düşüncələrinin, Maraği və Baxın musiqisinin, Martin Lüter, Əbdül-Bəha və Qandi sosial ideyalarının əsası Dindədir.

Din bir çox tarixi hərə­katlarda həl­ledici impuls olmuşdur. Asiyada Buddizmin və antik dünyada Xristianlığın yayılması, İslam furuatları, Avro­pada Reforma­siya, İranda babilər hərəkatı bəşəriyyətin həyatında əsil dönüş nöqtəsi olmuşdur. Etika və metafizika, incəsənət və təbiət­şünaslıq öz yaradılışına görə Dinə borcludurlar:incəsənət ayin kimi dünyaya gəlmiş, elm və fəlsəfə dünyaya dini baxışı dərk etmək cəhdi kimi yaranmış, mənəviyyat, hüquq, ailə Dinin göstərişlərinə əsaslan­mışdır. Din keçmişdə olduğu kimi, bu gün də istənilən mədəniyyətə daxili vəhdət gətirən təməl rolunda çıxış edir. Tanınmış rus alimi V.İ.Vernadskiy hələ keçən əsrin 20-ci illərində aşağıdakıları söyləmişdir: “Elm də insan cəmiyyətinin bütün başqa təzahürləri kimi Dindən törəmişdir”.

Rus filosofu N. Berdyayevin haqlı olaraq qeyd etdiyi kimi, hətta ateistlər belə tam imansız hesab edilə bilməzlər.Allahı inkar edən az sayda ateistlərdən biri olan Fridrix Nitşenin “Allah öldü” ifadəsi bir mənalı qarşılanmır. Filosofun burada “mənəviyyatın, əxlaqın ölməsi” mənasını bildirən metaforik fikir söylədiyi deyilir.

Bir sözlə, dinin heç kim tərəfindən bilərəkdən “icad edilmiş” “tiryək” olmadığına əmin olmaqdan ötrü insanlığın tarixindən elementar biliklərə malik olmaq kifayətdir. Burdan belə nəticə çıxır ki, Din insan ruhunun təməlində durur və Allah dediyimiz fövqəlqüvvəyə bağlıdır.

Məsələnin digər tərəfi daha çox diqqətə və ciddi müzakirəyə layiqdir.Elm və din Kainatın, həyatın və insanın yaranması ilə bağlı baxışlarında nə dərəcədə doğru olduqlarını iddia edə bilərlər? Burada bu sualın sadə cavabı təxminən belə ola bilər: Din və elm eyni həqiqəti - dünyanın, həyatın, insanın mahiyyəti və mənşəyinin izah etməyin iki yoludur.

İlk baxışda bu iki yol bir-biri ilə kəskin şəkildə ziddiyyət təşkil edir və bu səbəbdən birini, məsələn, elmi qəbul edəndə, digərini, yəni dini inkar etmək məcburiyyətindəyik. İnsanlar düşünür ki, Dinin irəli sürdüyü Yerin Kainatın mərkəzdə yerləşməsi, yuxarıda Allah, “cənnət” və ya “ilahi səltənətin”, altda cəhənnəmin olması əlbəttə ki, elmin kainatın sonsuzluğu, yerin günəş ətrafında fırlanması haqqında fikrləri ilə uyğun gəlmir; və ya Allahın insanı yaratmasına dair dini təlim, üzvi aləmin mənşə birliyi və insanın ibtidai orqanizmlərdən tədricən yaranması barədə təkamül təliminin nəticələri ilə ziddiyyət təşkil edir. Burada dini və elmi baxış arasında seçim etməli olursan. Və elm dəqiq dəlillərə güvəndiyindən və din bizdən “kor-koranə inanc” tələb etdiyindən seçimdə tərəddüd ola bilməz. Din elmlə bir araya sığmır və insan nə qədər elmi cəhətdən savadlıdırsa, dini köhnəlmiş və təkzib edilmiş bir səhv kimi rədd etmək məcburiyyətində qalır. Bu tipik düşüncə ilk baxışdan danılmaz görünür. Buna baxmayaraq, o, kökündən səhvdir. Bu həm elmin mahiyyətini, həm də dinin mahiyyətini anlamamağa əsaslanır.

Bunu əsaslı şəkildə sübut etməzdən öncə, dinlə elmin vəhdəti konsepsiyasını dolayı sübut edən həqiqətə diqqət yetirək. Ən böyük alimlərin çoxunun ömrünün sonunadək dərindən və səmimi dindar olduqlarını necə izah etmək olar?Ən məşhur nümunələrdən bir neçəsinə müraciət edək. Kainatın ən böyük sirrini kəşf edən Nyuton mömin idi və ilahiyyatla məşğul idi. Yeni fizikanın yaradıcılarından biri olan Paskal sadə inanan deyildi, o, eyni zamanda kanonlaşdırılmış xristian müqəddəsiydi və Avropanın ən böyük dini mütəfəkkirlərindən biri hesab olunurdu.Müasir bakteriologiyanın yaradıcısı, üzvi həyatın sirrinə dərindən nüfuz etmiş mütəfəkkir Paster dərindən dindar idi. Təlimləri dini inkar etməkdən ötrü istifadə edilən Darvin də heyvan növlərinin və insanların mənşəyi ilə bağlı təliminin dinə zidd olduğunu düşünməmiş, əksinə bütün həyatı boyu səmimi inanan bir insan olaraq qalmışdı.

Əlbəttə ki, elm adamlarının həmişə öz baxışlarında ardıcıl olmadığını iddia etmək olar. Dünyada "ikili mühasibatlığ"a riayət edən bir çox peşəkar elm adamı var, yəni laboratoriyalarında din haqqında düşünmür, müsəlmandirsa gundəlik ibadətini edir və ya xristiandırsa bazar günləri kilsəyə gedir və orada öz elmini unudur və həyatları boyu dünyagörüşlərini nizamlamağa ehtiyac duymurlar. Əgər bu, adətən orta səviyyəli alimlərin başına gəlirsə, bunu dahi elm yaradıcılarına qətiyyən şamil etmək olmaz.

(ardı var)

Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti

Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru

Elm və dinin harmoniyası: Qarşıdurma və Vəhdət paradiqmasında (paralel.az)

Прочитано 164 раз

последние новости