Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Пятница, 02 Апрель 2021 14:24

Azərbaycan Xalq Cümhuriyyəti-İran münasibətlərinin ideoloji " problemləri" IV hissə

Автор

Vidadi Mustafayev

İRANDA  AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ İLƏ  MÜNASIBƏTLƏRDƏ  MÖVCUD OLAN İDEOLOJİ “PROBLEMLƏR”Ə   OBYEKTİV YANAŞMA CƏHDLƏRİ 

İranda Azərbaycanla  siyasi-diplomatik əlaqələr qurmaq tərəfdarı  və ilk növbədə Azərbaycanda   iqtisadi-ticari maraqları olan    dairələr  kor-koranə rədd etmə, birləşdirmə və ittifaq ideyasını deyil, tərəflər arasında ortaq cəhətləri müəyyən edərək ona istinad etməyi zəruri hesab edirdilər. 

Ona görə  İranda nəzərdən keçirilən dövr ərzində Azəbraycan politonimi   və türk etnoniminə  bəzi hallarda , hətta millətçilərin formalaşdırdığı rəsmi münasibətdən, fərqli münasibət  sərgilənirdi. Bu hal Azərbaycan öz müstəqilliyini elan edəndən sonra  daha çox nəzərə çarpırdı. 

İran rəsmiləri   Azərbaycanın İran üçün geosiyasi əhəmiyyətini yaxşı   başa düşürdülər. İranın xarici işlər naziri Müşavir ol-Məmalek  deyirdi: ”Sizin Azərbaycana  xüsusilə rəğbət göstəririk…” Çünki ” Bu, bizə hər tərəfdən sərfəlidir və ən əvvəl gələcək Rusiyaya qarşı bir təminat kimi.”[7.s.213]   

“Setareye İran” qəzeti özünün 24 dekabr 1917-ci i tarixli  sayında  “Qardaşca bir mesaj”  adlı yazıda Qafqazda yaşayan xalqın İranlıların yaxın qohumu olduğu, onun İranda Məşrutə inqilabına   böyük yardım göstərdiyi qeyd olunur və “Musavat” rəhbərliyindən xahiş olunur ki, Təbrizə yox, Tehrana  öz nümayəndəsini göndərsin.[1.s.61]    

Tamamilə antiazərbaycan mövqe tutan “İran” qəzetində  İranda mövcud etnik və dil situasiyasını    əks etdirən, fars-türk qarşıdurmasının ziyanlı olduğunu dərk edən müəlliflərin də məsələyə münasibəti öz əksini tapırdı. 

“İran” qəzeti İran –Azərbaycan münasibətlərindən danışarkən eyni zamanda  hər iki ölkənin  ortaq  cəhətlərini qeyd edirdi ; “şiəlik, ortaq din, iranlılq ruhu”(?-v.m.)   [8.s.183]     

Qəzet yazırdı:” Dildə də Azərbaycan əhalisi ilə  təfavüt yoxdur və onların türk dilini Azərbaycan türkü adlandırırlar”.[8.s.183] 

İranda qatı millətçilər,  mötədil mövqeli ziyalılarla yanaşı Azərbaycan və Azərbaycan türkləri haqqında  obyektiv  mövqendən  yazan bəzi müəlliflərə də rast gəlinirdi. 

Belə ki ”İran” qəzetində İsmayıl Əfşar Tarımı Azərbaycanlı adlı heç kimə məlum olmayan bir müəllifin yazısı dərc edildi. Yazıda sənədlərlə göstərilirdi ki,  tarix boyu Azərbaycan  vahid olub və bir neçə min ildir ki, türk yurdudur.[1.s.63] İstinad edilən yazıda 1 nömrəli qeyddə göstərilir ki,  haqqında danışılan məqaləyə qarşı  “İran” qəzetinin 8 nömrəsində: 455,458,460,462,464,465,476,478 saylarında   yazılar getmişdi.[1.s.63] İstinad edilən müəllif yazının dərc olunma tarixini göstərməsə də, verilmiş məlumat əsasında təqribi də olsa, o maraqlı məqalənin tarixini müəyyən etməyə cəhd etmək olar. Hesablamalara görə həmin yazı ən azı 10 iyun 1919-cu il tarixində işıq üzü görə bilərdi. İstinad edilən müəllif həmin yazını İranda Azərbaycan və türkçülüyün tərəfdarlarının  olduğunu göstərmək üçün xüsusi qeyd etsə də, ona fərqli münasibət də göstərmək olar. Qeyd edilən yazı əslində iranlılarda fars şovinizminin  daha da gücləndirilməsinə və ölkədə “antimilli” qüvvələrin olmasına diqqəti cəlb etməyə də yönələ bilərdi. Yəni yazı İranda əslində millətçi qüvəlləri daxildə olan, necə deyərlər “dönüklərə” və Azərbaycan \türk “təhlükəsi”nə qarşı mübarizəyə təkan verən bir yazı kimi də qiymətləndirilə bilər. Bu mülahizə müəllifin heç kim tərəfindən tanınmadığına, ona görə yazının farslar tərəfindən yazıla bilmək ehtimalına əsaslanır, həqiqəti üzə çıxarmaq üçün ayrıca tədqiqata ehtiyac vardır. Bununla belə, İranda Azərbaycanın bir bütöv ölkə  olduğunu və türklərin ən qədim zamanlardan burada yaşadığını bilən və bəyan edən şəxslərin də olduğunu demək olar. Məsələnin bütün qaranlıq tərəflərini bir kənara qoyaraq, kim tərəfindən və hansı məqsədlə yazılmasından asılı olmayaraq, həmin yazını İranda milli münasibətlər, xüsusən ideoloji,  sahəsində yeni hadisənin başlanğıcı hesab etmək olar.  Cənubi azərbaycanlılar bundan sonra Cənubi Azərbaycanın  əhalisinin türk olduğunu  müdafiə etmək sahəsində ideoloji mübarizəyə cəlb  olunurdular. Həmçinin Azərbaycan və azərbaycanlıların maraqlarını müdafiə edə biləcək potensialın mövcudluğu da özünü göstərirdi.  

Onu da əlavə etmək lazımdır ki, hazırda İranda nəzərdən keçirilən dövr hadisələrinə panfarsist baxış əsas meyl olsa da,  obyekyiv yanaşmalara da rast gəlinir. Belə ki, bəzi   iranlı müəlliflər İranın Paris sülh konfransına təqdim etmək üçün hazırladığı memorandumun heç bir hüquqi əsasa malik olmadığını qeyd edirlər.

Həmin Memorandumda, qeyd edildiyi kimi, İran az qala öz ərazisi qədər ərazinin ona verilməsini tələb etməyi planlaşdırırdı. İranlılar özləri də həmin tələbin hazırlanmasında nəyə əsaslandıqlarını dəqiq təsəvvür etmirdilər.[ Bax. 18] 

Məsələnin hüquqi tərəfini yəni :”Gülistan” və “Türkmançay” müqavilələrinin şərtlərini araşdıran iranlı müəllif qeyd edir ki, memorandumu  hazırlayanlar həmin cəhəti  tamamilə unutmuşdular. Çünki belə müqavilələrə  dayanaraq  hansısa əraziləri qaytarmaq məsələsini qaldırmaq olmazdı. Orada(müqavilələrdə) vaxt məsələsi qoyulmur və   imzalandığı zaman həyata keçmiş sayılır. [ 19.]] 

Bununla belə, müasir İranda “itirilmiş torpaqlar” məsələsi bir siyasi, diplomatik təzyiq vasitəsi kimi gündəmdə saxlanılır və zaman-zaman ən yüksək vəzifəli rəsmilər tərəfindən səsləndirilir. Həmin məsələnin gündəmdə saxlanması Azərbaycana sırf hakim fars millətinin dar etnik  maraqları baxımından yanaşılması ilə izah oluna bilər. Fars hakim millətinin ideoloqları həmin ideyadan İranda mövcud olan Azərbaycan məsələsini həll etməkdə  bir vasitə kimi istifadə edilə biləcəyini güman edirlər. 

İRANIN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNƏ QARŞI İDEOLOJİ MÜBARİZƏSİNDƏ     CƏNUBİ  AZƏRBAYCAN YERİ

Artıq qeyd edildiyi kimi, Azərbaycan muxtariyyatı ideyası meydana gəldiyi zamandan İran millətçi dairələri  həmin ideyanı fars etnosunun maraqları baxımından  dəyərləndirib,  özləri üçün təhlükə hesab edərək, ona qarşı mübarizə aparmağa başlamışdılar. Qeyd edildiyi kimi, mübarizə Azərbaycanın müstəqilliyinə,   Azərbaycan toponiminə, azərbaycanlıların türk adlandırılmasına qarşı yönəlmişdi. İran millətçiləri bunu islam birliyi uğrunda çıxış edən  “Musavat” partiyasının İranın şimal və  şimal qərb bölgələrində şöbələr yaradaraq, fəaliyyət göstərməsində görürdülər. 

“Musavat” partiyası belə şübhələrə operativ reaksiya göstərərək İranla bağlı heç bir planları olmadığını bəyan edirdi. 

“Rəəd” ( 6 ocaq\yanvar 1918 № 61) qəzetinin məlumatına görə, İranın narahatçılığı və narazılığına son qoymaq üçün “MUSAVAT” partiyasının Rəşt nümayəndəliyi fars və türkcə bəyanat yaymışdı. Bəyanatda Azərbaycanın Cənubu özünə birləşdirmək və vahid Azərbaycan yaratmaq niyyəti olmadığı vurğulanır və Azərbaycanın müstəqil olması əsas göstərilir və onun sərhədləri belə qeyd olunurdu: Şərqdə  Xəzər dənizi, Qərbdə Gürcüstan, Şimalda   Dağıstan dağları, Cənubda  Araz çayı.[1.s.61]        

İranı narazı salan məqamlardan biri  Azərbaycan müstəqillik əldə edəndən sonra İran dövlətinin razılığı olmadan Türkiyə qoşunlarının Təbrizdə olmasından istifadə edərək orada  konsulluq təsis etməsi idi. Türk qoşunlarının 1918-ci ilin noyabr ayında Təbrizi tərk etməsi ilə konsulluq bağlanmış və İran Azərbaycana qarşı siyasi və xüsusən də ideoloji mübarizəni genişləndirmək üçün yeni imkanlar əldə etmişdi.

Qeyd etmək lazımdır ki, İran tərəfi əsasən Azərbaycanın varlığına qarşı mübarizə aparır və Azərbaycan ideyası və azərbaycanlı\türk etnonimini əsas təhlükə sayırdı. Belə bir vəziyyətdə, yaşadığı çətinliklərə baxmayaraq Azərbaycanda bəzi dairələrin İranın təsirini neytrallaşdırmaq məqsədi ilə müəyyən hərəkətlər etməsi təbii və zəruri idi. Bəzi müəlliflər hadisələrin mahiyyətini düzgün dəyərləndirməyib, AXC-nin guya Cənubi Azərbaycanı birləşdirmək istiqamətində hərəkət etdiyini vurğulayırlar.  Belə ki, yuxarıda istinad edilən Cənubi azərbaycanlı  müəllif də AXC- nin  guya Cənubi Azərbaycanı özünə birləşdirmək sahəsində fəaliyyət göstərməyə cəhd etdiyini qeyd edir. O yazır :”…  bu cumhuriyyət ilk günlərindən etibarən   İranda karqaşadan  faydalanaraq Azərbaycanın güney qismi ilə birləşmək istədi.[1.s  56] Cənubi Azərbaycandan Bakıya gələn dövlət adamlarına hədsiz təkliflər edildi, onlar rədd etdi, İran bunda  Xəlil paşanı günahlandırırdı. Rəsulzadə və Xiyabaninin əlaqələri dartışıldı.  Güney hadisələri şimal dövlət adamları tərəfindən dəstəkləndi”.[1.s 56]  

Cənubi Azərbaycan və cənubi azərbaycanlıların  Qacar sülaləsinin hakimiyyəti illərində İranda tutduğu mövqe və oynadığı rolla tanışlıq həmin dövrdə Şimali Azərbaycanın Cənubi Azərbaycanı nəinki birləşdirmək, hətta orada gedən proseslərə  əhəmiyyətli təsir göstərmək imkanına malik olmadığı nəticəsinə gəlməyə əsas verir. Rusiyada baş verən hadisələr Cənubi Azərbaycana  İranın siyasi həyatında oynadığı aparıcı rolu bərpa etmək üçün geniş imkanlar açırdı. Yaranmış vəziyyət  Cənubi Azərbaycana faktiki müstəqil hərəkət etmək üçün şərait yaratmışdı. Bunun ilk nümunəsi İran Demokrat partiyasının Azərbaycan Əyalət komitəsinin 1917- ci ilin avqust ayında keçirilmiş konfransında özünü Azərbaycan Demokrat partiyası adı ilə  müstəqil elan etməsi idi. Qeyd etmək lazımdır ki, həmin dövrdə  Şimali Azərbaycanda “Azərbaycan muxtariyyatı”  ideyası təzə-təzə səslənməkdə idi.ADP İranda yeganə müasir tipli, nüfuzlu siyasi təşkilat idi. Partiyanın Əyalət komitəsinin üzvləri  İranın müstəqilliyini möhkəmləndirmək, konstitusiyalı  idarə formasının bərpa edilməsi  və yerli feodal, xanların və hakimlərin özbaşnalığının qarşısını almaq uğrunda çıxış edirdilər. İranda Azərbaycanın aparıcı rolunu bərpa etmək məqsədi güdən ADP Şimali Azərbaycanın Cənubi Azərbaycanda vəziyyətə bu və ya digər şəkildə təsir göstərməsinə imkan verə bilməzdi. Təsadüfi deyil ki, məhz ADP-nin Bakı şöbəsi Azərbaycanın İrandan ayrıla bilmək şaiyələrinə qarşı mübarizə aparan ilk təşkilat idi.

Beləliklə, Şimali Azərbaycanda siyasi hərəkat əsasən Azərbaycanın dövlətçiliyi (muxtariyyat, sonra müstəqillik) uğrunda mübarizəyə yönəlmişdisə,   Cənubi Azərbaycanda feodalların maraqlarını təmsil edən   idarəetmə mərkəzinin (general-qubernatorluğun) fəaliyyətinə  orta təbəqələrin maraqları baxımından təsir göstərmək və son nəticədə idarəetməni demokratikləşdirmək ( seçkili Əyalət əncüməninin fəaliyyətini bərpa etmək) və tam milliləşdirmək ( tamamilə  yerli əhalidən təşkil etmək) və həmin prosesi Azərbaycanın başçılığı ilə bütün  İrana yaymaq uğrunda çıxış edirdilər. Azərbaycan Demokrat partiyası İranı ingilis ağalığına tabe edən və əsasən feodal zümrəsinin maraqlarını ifadə edən mərkəzi hökumətə və yerli feodallara qarşı siyasi, ideoloji mübarizənin bir nəticə vermədiyini görərək  məlum olduğu kimi, 1920-ci ilin aprel ayının 7 də Təbrizdə üsyan edərək qan tökülmədən əyalətdə mövcud olan hökumət idarələrini ələ keçirərək idarəetməni öz əllərinə aldı. Bundan sonra mərkəzi hökumət ADP və onun başçısı Ş.M.Xiyabanini  əsassız olaraq separatizmdə təqsirləndirməyə başladı. Üsyan nəticəsində bütün İranda konistutusiyalı idarə formasını bərpa etmək hərəkatını müdafiə etmək əvəzinə fars millətçi dairələrin səyi nəticəsində  əyalət ilə mərkəz arasında qarşıdurma yarandı. Bu qarşıdurma ADP-nin səylərinə baxmayaraq siyasi çərçivədən çıxaraq həm də etnik səciyyə kəsb edərək  türk-fars qarşı durması kimi qələmə verildi. Demokratlar bütün səyləri ilə etnik maraqları müdafiə etmədiklərni iddia etsələr də, mərkəz onu etnik millətçiliyin təzahürü  kimi dəyərləndirirdi. 

Üsyan  və  onun başçısı Ş.M.Xiyabaninin separatizmdə ittiham edilməsi  İran millətçilərindən olan və Azərbaycana qarşı geniş ideoloji fəaliyyət göstərən  şairlərdən bir Məlik üş-Şüəra Baharın şeirlərindən birində belə ifadə edilmişdi: ”Təbrizli, qorxuram ki, Kəəbəyə çatmayasan, Sənin getdiyin yol Türküstan yoludur”.[ 20 ]  

 “Türküstan yolu ifadəsi” guya  düz yol seçməmək və sonda böyük çətinliklərlə üzləşmək və s. mənasında işlənilsə də, həmin zaman həmin ifadənin işlənməsi eyni zamanda Xiyabanini türkçülükdə ittiham etmək mənası kimi dəyərləndirilə bilərdi. Ş.M.Xiyabani gündəlik çıxışlarını türkcə\azərbaycanca edir və  İran və Azərbaycan naminə danışırdı. ADP-nin fəaliyyəti  əsasən azərbaycanlılar yaşayan ərazi ilə məhdudlaşdığından istər-istəməz əhalinin kimlik şüurunun artmasına xidmət edirdi. Üsyandan sonra Tehranla qarşıdurma həmin şüurun daha da güclənməsinə təkan verirdi. Ona görə Cənubi Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunu dəstəkləyən, ona rəğbət göstərən, hətta birləşmək istəyən sosial qrupların mövcud olması təbii idi. Başqa sözlə, Tehran azərbaycanlıları millətçi olmağa təhrik edirdi.  

Cənubi azərbaycanlıların müəyyən sosial qruplarının  türk həmrəyliyi,  türklük şüurunun yeni mərhələyə qədəm qoyduğunu Türkiyə qoşunlarının Urmiya və Təbrizdə olarkən azərbaycanlıların  türklərin təşkil etdiyi mədəni təsisatlara(Təbrizdə Azərbaycan dilində “Azərbaycan” qəzetinin nəşri və Urmiyada  Azərbaycan dilində orta məktəbin təsis edilməsi)   dəstəyi   və yaxından iştirakında görmək olar. Ona görə ADP-nin rəsmi kursundan kənarda Azərbaycan Demokratik Respublikasının Cənubi Azərbaycanda  təsirinin artmasına  çalışan qüvvələrin olması təbii idi.  

Cənubi Azərbaycanda müstəqil  Azərbaycan dövləti ideyasına rəğbətin digər göstəricisi İranın şimalında, ö cümlədən Cənubi Azərbaycanda “Musavat” partiyasının şöbələrinin fəaliyyət göstərməsi idi. 

 “Musavat” partiyası və Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Azərbaycana müəyyən diqqət yetirirdi.1909-1911-ci illərdə İranda olmuş, İran Demokrat Partiyasının əsas təsisçilərindən olan, həmin partiyanın orqanı olan “İrane nou”qəzetinin baş redaktoru    olmuş Məmməd Əmin Rəsulzadə  dərin müşahidələrinin nəticələrini Türkiyədə nəşr olunan “Türk yurdu” jurnalında “İran türkləri”- adı ilə silsilə məqalələr şəklində çap etdirmiş və Araz çayının şimal və cənubunda yaşayan əhalinin eyni xalq olduğunu  aydın şəkildə görmüşdü. M.Ə.Rəsulzadə həmin yazısında azərbaycanlı elitanın dil və kimlik baxımından  xalqdan uzaqlaşdığını da yaxından müşahidə  və öz yazısında əks etdirmişdir. Buna görə “Musavat” partiyası və AXC-nin Cənubi Azərbaycan türklərinin kimlik şüurunun və milli mədəniyyətinin inkişaf etməsinə yardım göstərməyə cəhd etməsi  başa düşülən idi. 

Müstəqil Azərbaycan dövləti eyni zamanda  Azərbaycan-İran  iqtisadi-ticarət əlaqələrini tənzimləməkdə maraqlı idi.  İranın Bakıda konsulluğu olduğu kimi, İranda konsulluq təsis etmək tələbi təbii   idi. Lakin İran hökuməti buna razılıq vermirdi. Ona görə hökumət şəraitə görə hərəkət etməli olurdu. Artıq qeyd edildiyi kimi 1918-ci ildə Təbrizdə İranın razılığı olmadan konsulluq təşkil edilmişdi. Həmin məsələyə və türklərin digər fəaliyyətlərinə etiraz edən ADP sədri və bir neçə digər şəxslər türklər tərəfindən həbs olunmuşdu. Təbii ki, həmin hərəkət Cənubi Azərbaycanda və İranda anti-türk əhval ruhiyyəsini gücləndirirdi. 

Konsulluğun bağlanması həmin sahədə mövcud olan problemlərin  həllini daha ciddi şəkildə aktual edirdi.  Azərbaycan həmin problemlərin həllinin hüquqi bazasının yaradılması üçün İranla siyasi-diplomatik əlaqələr qurmaqda qərarlı idi. Lakin İran tərəfinin müqaviməti səbəbindən  həmin ölkəyə nümayəndə heyətini yalnız 1919-cu ildə göndərmək mümkün odu.   1919-cu ilin yazında(mart   )  İsmayıl xan Ziyadxanovun başçılığı ilə İrana Fövqəladə diplomatik missiya göndərildi. Onun fəaliyyəti sayəsində iki ölkə arasında səlahiyyəti tanınmayan Azərbaycan nümayəndəsi və İran XİN rəsmisi arasında 14 maddəlik müqavilə imzalandı. Maraqlıdır ki, İran müstəqilliyini tanımadığı bir ölkə ilə bir sıra ikitərəfli məsələləri həll etmək üçün müqavilə bağlamağa hazır idi. Bunun səbəbini İranın öz problemlərini həll etmək üçün Azərbaycana hüquqi təzyiq göstərmək və eyni zamanda heç bir öhdəlik götürməmək məqsədi ilə etməsində axtarmaq olar. 

İran –Azərbaycan münasibətləri sahəsində Cənubi azərbaycanlıların yaxından iştirakı ilə cərəyan  edən iqtisadi, siyasi, hüquqi və s. hadisələr Cənubi azərbaycanlılar arasında AXC-yə marağın artmasına   səbəb olurdu. Cənubi Azərbaycanlıların AXC-yə münasibəti sosial qrupların İranda və Cənubi Azərbaycanda yeri, rolu və s. dən asılı idi. Azərbaycan Xalq Cümhuriyyəti  beynəlxalq əlaqələrini təsbit etmək, daxili vəziyyəti sabitləşdirmək və millətin işlərini təşkil və idarə etməklə məşğul idi.  Müasir və demokratik bir dövlət kimi meydana gələn AXC   formalaşmaqda olan yeni  beynəlxalq hüquq normalarına(Millətlər liqası) əməl edirdi. AXC İ ranla münasibətlərini də həmin normalar çərçivəsində qururdu. Eyni zamanda AXC-də ayrı-ayrı rəsmi və qeyri rəsmi şəxslər Cənubi azərbaycanlıların etnomədəni durumuna maraq , hətta onların mədəni inkişafına məhdud dəstək göstərə bilərdi. Ona görə İranın bəzi dairələrinin qeyd edildiyi kimi ,fars millətinin məhdud maraqlarından çıxış edərək AXC-ni İranın daxili işlərinə qarışmaqda, Cənubi Azərbaycanı özünə birləşdirmək meylində  ittiham etməsinin və Azərbaycan siyasətini həmin iddia əsasında qurmağa çalışmasının heç bir məntiqi əsası və perspektivi yox idi. 

Beləliklə, qısa  qeydlərdən göründüyü kimi, İran   Azərbaycanın müstəqilliyi ideyası meydana gəldiyi gündən ona qarşı ideoloji mübarizəyə başladı.  Nəzərdən keçirilən az saylı ədəbiyyatın  qısa təhlili İranın Azərbaycan Respublikasına qarşı mübarizəsinin əsas istiqamətlərini müəyyən etməyə  yardım edir. Göründüyü kimi, İran yeni dövlətin Azərbaycan adlandırılmasını və Azərbaycanın müstəqil olmasını qəbul edə bilmirdi. 

 İranın ictimai-siyasi həyatında aparıcı mövqelərdən birini tutan Cənubi azərbaycanlı hakim elita  Azərbaycan Respublikasının təsis edilməsi və özünü türk \Azərbaycan xalqının bir hissəsinin  dövləti kimi təqdim etməsinin    onların iranlılığına,  daha doğrusu farslılığına    şübhə yaradacağından ehtiyat edərək öz  iranlılığını\farslığını daha ciddi şəkildə sübut etmək üçün Azərbaycan dövlətinin yaranmasına qarşı çıxırdı. 

Bundan əlavə panfarsistlər digər  səbəblər də bəyan edirdilər, bunların sırasında  azərbaycanlıların fars irqindən olması,  digər türklərdən fərqlənməsi, Azərbaycanın türkləşmiş farsların yurdu olması, azərbaycanlıların dil baxımından türk, soy baxımından fars olması  və s. qeyd etmək olar. Başqa sözlə, azərbaycanlıların müstəqil etno-sosial birlik, etnik birlik və xalq olmadığını, heç vaxt dövlət qurmadığını iddia edirdilər və edirlər. Digər səbəblər isə Azərbaycanın guya Osmanlıya , Şimali Azərbaycanın Cənubi Azərbaycanı özünə birləşdirməsi təhlükəsi kimi qeyd edilir. Nəhayət, həmin yazılarda vəziyyətdən çıxış yolunu azərbaycanlıların özlərini türk yox müsəlman adlandırmasında,  dövlətə başqa ad seçməkdə və ən əsası, MÜSTƏQİLLİK  ideyasından əl çəkməsində görürdülər.

Panfarsist siyasətçi və ziyalılar yeni türk dövlətinin varlığına son qoymaq üçün  onu İrana birləşdirmək məsələısini də gündəmə gətirirdilər. Soykökü guya “fars olan” xalq panfarsistlərin fikrinə görə  təbii ki, İranın tərkibində olmalı idi.

İranlı ziyalılar və rəsmilərinin bir çoxunun  Azərbaycanın müstəqilliyinə qarşı çıxmalarını əsaslandırmaq üçün irəli sürdükləri  izahlar, qeyd edildiyi kimi, İranın qonşuluğunda fars millətinə rəqib ola biləcək türkdilli əhalisi olan yeni dövlətin yaranmasından meydana gələn təlaşı pərdələmək üçün uydurulurdu. Əslində  Azərbaycana qarşı düşmənçiliyin  İranın təhlükəsizliyi baxımından heç bir əsası yox idi. İranın təhlükəsizliyi üçün əsas təhdid ölkəni təkbaşına işğal etməyə başlayan Böyük Britaniyadan gəlırdi. İranda  Rusiya inqilabının təsiri ilə sosial, siyasi hüquqlar uğrunda mübarizənin genişlənməsi hakim təbəqələri Böyük Britaniyanın himayəsinə sığınmağa sövq edir və buna görə real təhlükəni xəyali Azərbaycan təhlükəsi ilə əvəz etməyə çalışırdılar. Türkiyənin rolunu şişirtməyə gəldikdə, onu qeyd etmək lazımdır ki, həmin vaxt iranlılar yaxşı görürdülər ki, Osmanlı imperiyası birinci dünya müharibəsində əsas olan cənub, cənub şərq cəbhəsində ağır məğlubiyyətlərə uğrayır və region hadisələrinə təsir göstərmək imkanını tamamilə əldən verirdi. Maraqlıdır ki, İran rəsmiləri  Türkiyəni hətta Osmanlı imperiyasının tamamilə məğlub olduğu və dövlətin özünün varlığının böyük sual altına düşdüyü  zaman, yəni 1918-ci ilin oktyabr ayından sonra da  ittiham etməkdə davam edirdilər. Əslində isə panfarsist ruhunda olan İran rəsmiləri ikinci türk dövlətinin yaranmasından təlaşa düşmüşdülər. İranda həmin zaman hakimiyyətdə türk\azərbaycanlı Qacar sülaləsi olsa da, azərbaycanlılar İran siyasi sistemində mühüm rol oynasalar da,  bu,  dövlətin fars xarakteri daşımasına elə bir təsir göstərmirdi. Ona görə ikinci türk dövlətinin yaranmasına İranın fars dövləti olaraq qalmasına təhdid kimi baxılırdı. Türkiyənin ikinci türk dövlətinin yaranmasını hərtərəfli dəstəkləməsi və İranın onu ilk vaxtlar tanımaqdan belə imtina etməsi bütün ideoloji spekulyasiyalara baxmayaraq  İran dövlətinin fars millətinin dövləti kimi qəbul edilməsi ilə izah oluna bilər.

[(AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu

Azərbaycan Demokratik Respublikasının 100 illiyinə  həsr olunmuş”Şərqin ilk demokratik respublikası” mövzusunda  Elmi Konfransın materilları

(Bakı “Papirus NP” nəşriyyatı,2019, 264 səh) kitabında:  səh.45-190)]

 
 
Прочитано 57 раз

последние новости