Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Понедельник, 08 Февраль 2021 12:23

Azərbaycan Xalq Cümhuriyyəti -İran münasibətlərinin ideoloji "problemləri" (I hissə)

Автор

Vidadi Mustafayev

Yüz ilə yaxın Rusiya imperiyasının müstəmləkəsi olan  Şimali Azərbaycanın  milli-azadlıq mübarizəsi   XX əsrin ikinci onilliyinin sonlarına yaxın öz bəhrəsini verdi.Belə ki, dünyada, Rusiyada və regionda  cərəyan edən qlobal, regional və məhəlli tarixi hadisələrin çulğalaşması  Azərbaycanın yeni tipli siyası elitasına 28 may 1918- ci il tarixində ölkənin müstəqilliyinu  daha yüksək səviyyədə bərpa etməyə şərait yaratdı.  Müstəqilliyi bərpa etmək nə qədər çətin idisə, onu təsbit edib qorumaq ondan da çətin idi. Lakin  həmin dövrdə müstəqillik uğrunda mübarizəyə başçılıq edən müasir Avropa təhsilli  yeni nəsil siyasi elitanın mövcudluğu tarixi vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Bunu Azərbaycanın ən yaxın qonşusu  və yarım-müstəmləkə vəziyyətində olan İran  dövləti ilə diplomatik və siyasi əlaqələrin qurulması uğrunda aparılan geniş və çətin mübarizə  əyani şəkildə nümayiş etdirirdi.  

MÜSTƏQİLLİK  

Yenicə təsis edilmiş və çox mürəkkəb daxili və xarici şəraitdə fəaliyyət göstərən Azərbaycan hökumətinin əsas vəzifələrindən biri dünya dövlətləri tərəfindən Azəraycanın  müstəqilliyinin tanınmasına nail olmaq  idi. Həmin məsələdə qonşular, o cümlədən İran, ilə siyasi diplomatik əlaqələr qurulmasına xüsusi əhəmiyyət verilirdi. 

İran Rusiyada Oktyabr inqilabı sayəsində iki imperiyanın -Rusiya və  Böyük Britaniyanın yarımmüstəmləkəsi vəziyyətindən çıxaraq bir dövlətin (Böyük Britaniya) müstəmləkəsinə çevrilmək və ya öz müstəqilliyini bərpa etmək mərhələsinə daxil olmuşdu. 

İran keçmiş Rusiya imperiyasının cənubunda, həmin dövləti Rusiya ilə bilavasitə  fiziki təmasdan xilas edən və eyni zamanda bufer rolu oynayan yeni dövlətlərin meydana gəlməsini böyük razılıqla qarşılamalı idi. Lakin Azərbaycanın müstəqillik əldə etməsinə öz münasibətini dərhal və birmənalı şəkildə müəyyən edə bilmədi.  Yeni Azərbaycan  dövlətinin yaranması İranın geosiyasi  maraqlarına cavab verdiyindən,  böyük rəğbətlə qarşılanmalı idi,  lakin  əksəriyyəti müsəlman və türk\azərbaycanlı  əhalidən ibarət həmin  dövləti  təhdid mənbəyi hesab   etməyə başladı. İranda  Azərbaycana münasibətdə regional və  müsəlman həmrəyliyi, nə vaxtsa  mövcud olmuş  və sonralar mifoloji məzmun kəsb etmiş və haqqında danışılan dövrdə bəzi millətçi İran ziyalıları tərəfindən aktuallaşdırılan,  lakin regional deyil, ölkədaxili  xarakter daşıyan fars –türk  qarşıdurmasının təsiri altında, arxa plana keçdi. İran onun qonşuluğunda ikinci türk\azərbaycanlı əhalisi olan  dövlətin meydana gəlməsini İran-Türkiyə qarşıdurması və rəqabətində qüvvələr balansının Türkiyənin xeyrinə dəyişməsi kimi dəyərləndirdi. Buna görə həmin balansın dəyişməsinin qarşısını almaq üçün beynəlxalq və ikitərəfli münasibətlərin  müxtəlif sahələrində,  o cümlədən ideoloji  sahədə,  geniş fəaliyyətə başladı.   

İDEOLOGİYA  fərdin, sosial qrupun və bütövlükdə hər hansı bir  konkret cəmiyyətin digər fərdə, sosial qrupa və cəmiyyətə öz düzgün və ya səhv dərk edilmiş maraqları baxımından  münasibətini ifadə edən baxışlar sistemidir. 

İRANIN AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNƏ QARŞI İDEOLOJİ MÜBARİZƏSİ 

a)MÜSTƏQİLLİK  ƏRƏFƏSİNDƏ 

Rusiyada Fevral, xüsusən də Oktyabr  inqilabından sonra müstəmləkə halında yaşayan  milli azlıqların milli azadlıq hərəkatı son dərəcə sürətlənir və genişlənir. Həmin xalqlar, təbii ki, gələcək  dövlətlərinin ərazisi və sərhədləri məsələsinə  də xüsusi diqqət yetirirdilər. Ərazisi bir çox quberniyalara bölünmüş Azərbaycan xalqının siyasi elitası  həmin əraziləri vahid dövlətdə birləşdirməyi və  dövlətin tarixi adını ona qaytarmağı nəzərdə tuturdu. Dövlətçiliyi  bərpa etmək   məqsədi artıq 1917- ci ilin aprel ayında səsləndirilmiş “Azərbaycan muxtariyyatı” ideyasında  öz əksini tapmışdır. Həmin ilin oktyabr ayından sonra  “Azərbaycan muxtariyyatı” ideyası milli azadlıq mübarizəsinin əsas şüarına çevrilmişdi. Azərbaycan dövlətinin bərpa edilməsi məsələdə   Sosial-demokrat hərəkatının fəal iştirakçısı, Azərbaycanın ümumölkə, milli  “Musavat” partiyasının qurucusu M.Ə.Rəsulzadə   daha çox fəallıq və qətiyyət nümayiş etdirirdi. M.Ə.Rəsulzadə 1917-ci ildə  yazdığı məqalələrdə Cənubi Qafqazın  müsəlmanlar\azərbaycanlılar yaşayan  ərazilərinin  tarixən “Azərbaycan” adlanması fikrini   qətiyyətlə  müdafiə edirdi. 

İran azərbaycanlı siyasi elita tərəfindən  Azərbaycanın  müstəqilliyi ideyası səsləndirilən vaxtdan  ona qarşı geniş ideoloji-təbliğati mübarizəyə başladı. Həmin mübarizənin əsas vasitəsi İranda nəşr edilən  rəsmi və qeyri-rəsmi mətbuat orqanları idi. Həmin illərdə İranda  nəşr edilmiş  mətbuat orqanları ilə bilavasitə tanış olmaq imkanı olmadığından əlçatatan ədəbiyyatda verilən ilkin materialdan istifadə etməklə kifayətlənmək lazım gəlir. 

Azərbaycana qarşı ideoloji təbliğatla bağlı  məsələnin bəzi cəhətlərini  Cənubi azərbaycanlı, geofizik,  Azərbaycan tarixi haqqında kitablar və çoxsaylı yazıların müəllifi  Urmiyə universitetinin müəllimi, doktor Tohid Məlikzadə Türkiyənin Qaradəniz araşdırmaları jurnalında dərc etdirdiyi “Azərbaycan Cümhuriyyəti (1918-1920) və İran(fars ) basını”[1.] adlı məqaləsində  nisbətən qısa şəkildə araşdırmışdır. 

Həmin yazıda İranda fars millətçilərinin Azərbaycana münasibətinin əsas istiqamətləri öz əksini tapmışdır. Fars millətçiliyi mövqeyində duran qüvvələr a) Azərbaycan politoniminə və Azərbaycanın  müstəqilliyinə qarşı  durmaq  b)azərbaycanlıların fars irqinə mənsubluğunu və c) türk xalqları və ilk növbədə Osmanlı türkləri ilə ortaq dəyərlərə malik olmadığını iddia etmək yolu tutmuş oldular. Fars millətçiləri gələcəkdə də  bəzi dəyişikliklərə baxmayaraq əsasən həmin mövqedə dururdular. 

Azərbaycanın  muxtariyyatı ideyasının  cəmiyyətdə möhkəmlənməsi  İranda həmin ideyaya qarşı ideoloji mübarizənin başlanması və əsaslandırılması ilə müşayiət olunmağa başlanmışdı. Belə ki,  artıq 20 dekabr 1917-ci il tarixində İranın “İrşad” qəzetində müstəqillik ideyası tənqid edilmiş  həmin ideyadan əl çəkilməsi tələb olunmuş və azərbaycanlıların fars  irqindən olması, ona görə guya digər türk xalqlarından   və ilk növbədə osmanlı

türklərindən fərqləndiyi iddia edilirdi.[1.s.60] 

İranda nəşr olunan digər mətbuat orqanı “Cəngəl” qəzeti özünün 6 yanvar 1918- ci il tarixli sayında  “Keçmiş əfsanə yoxsa Konşunun Tenceresi[Qazanı] Doğurdu” adlı yazısında Azərbaycan dövlətinin yaranmasının yanlış addım , ”İranın qüzeybatısı”nın   (Azərbaycan)  türkləşmiş farsların yurdu olduğuna görə Azəraycan politonimi və yeni dövlətin müstəqilliyinə qarşı  bəzi tədbirlərin görülməsini zəruri hesab edirdi.[1.s.60-61]    

Deməli İranda bəzi ziyalılar  azərbaycanlıların türkləşmiş fars olduqlarını  iddia edir  və müstəqil dövlətə qarşı tədbirlər tələb edirdilər. Halbuki, İranda farslar azərbaycanlıları türk etnonimi ilə tanıyırdılar. 

Həmin fikirlər Məlik üş-Şüəra Baharın nəşr etdirdiyi “Novbahar”qəzetinin 15 yanvar 1918-ci i tarixli sayında  dərc etdirdiyi “ Musavat” partiyası nədir və nə deyir?” adlı yazısında da təkrar edilir. Müəllif azərbaycanlıları dil baxımından türk, soy baxımından fars elan edərək bir neçə təklif də irəli sürür :a) Azərbaycan türkləri əvəzinə Qafqasiya müsəlmanları ifadəsi işlətmək, b) müstəqillikdən imtina etmək, c) ermənilər və gürcülərlə birləşmək. Müəllif hətta proqnoz verərək Azərbaycanın müstəqil ola bilməyəcəyini, olsa belə İrana bağlanacağını  bildirir.[1.s.61]  

Azərbaycanın müstəqillik uğrunda çətin şəraitdə mübarizəsinə  hər vasitə ilə mane olmağa çalışan fars millətçi dairələr hər dəfə yeni bir bəhanə irəli sürürlər. Məsələn “Rəəd” qəzeti  özünün 64-cü sayında(10 yanvar 1918) “Musavat” partiyasını müsəlmanların birliyinə deyil,  Osmanlı müsəlmanları ilə birləşmək meylində ittiham edir. Qəzetin 75-ci sayında (23fevral 1918) “Musavat” partiyası Azərbaycanı İrandan ayıraraq  Qafqazlara birləşdirmək  niyyətində suçlanır. Qəzet Azərbaycana özünə başqa bir ad seçməsini təklif edir.[1.s.62]  

Göründüyü kimi, fars millətçi ziyalıları Azərbaycanın müstəqil olması ideyasını,   Azərbaycanın Azərbaycan və   Azərbaycan türklərinin türk adlandırılmasını qəbul edə bilmir, hələ müstəqillik perspektivi məlum olmayan bir  müsəlman ölkəsinin müstəqillik əzmini zəiflətməyə xüsusi əhəmiyyət verirdilər.. Ona görə Azərbaycanın müstəqilliyi və ondan irəli gələn məsələlərə qarşı siyasi, ideoloji mübarizəni genişləndirməyə çalışırdılar.İranın millətçi dairələri Azərbaycanın müstəqillik uğrunda mübarizəsinə qarşı Azərbaycanın özündə maneə yaratmağa çalışırdılar.Həmin məsələdə Cənubi Azərbaycana müəyyən rol ayrılırdı. 

Belə ki, 1917-ci ilin avqust ayında  yalnız Cənubi Azərbaycanda fəaliyyət göstərən İran Demokrat partiyasının Əyalət komitəsi  özünü Azərbaycan Demokrat partiyası adı ilə müstəqil partiya elan edərək İranın milli maraqlarının müdafiəçisi vəzifəsini də  öz öhdəsinə götürdüyünü nümayiş etdirməyi nəzərdə tuturdu.  Həmin partiya  Cənubi Azərbaycanın İranın suverenliyi və müstəqilliyinə  münasibətini nümayiş etdirmək   üçün Bakıda özünün  şöbəsini təşkil etdi. Həmin şöbə 1918-ci ilin fevral- mart aylarında “AZƏRBAYCAN coze layənfəke İran”(Azərbaycan İranın ayrılmaz hissəsi) adlı Azərbaycan və fars dillərində  qəzet nəşr etdirdi.   Hazırda İranda bir çox cəhətdən, o cümlədən İranın maraqlarını qorumaq baxımından, həmin qəzet haqqında müxtəlif yazılar meydana gəlir. Cəmi 13 sayı nəşr olunmuş qəzetdə gedən Azərbaycan dilində materialları fars dilinə çevirərək qəzet komplektini yenidən nəşr etdirən tarixçi  Rəhim Rəisniya doğru olaraq belə  hesab edir ki, qəzet  Cənubi Azərbaycanın İrandan ayrılaraq Şimali Azərbaycana birləşmək haqqında yayılmış şayiəyə cavab olaraq meydana gəlmişdi.[2]  

Digər iranlı müəllifə görə qəzetin əsas başlığına  edilən əlavə ifadə bir tərəfdən  Cənubi Qafqazda olan iranlıların İranın bütövlüyünə sadiqliyini   vurğulayırdı, digər tərəfdən  Qafqazda “pantürkist” hərəkətlərə  reaksiya idi. Guya “pantürkist” hərəkələrin əsas məqsədi  İranın ərazi bütövlüyünü sual altına almaq idi. Müəllif  Bakıda  pantürkist hərəkətlərin,   xüsusən 1908-ci ildə, formalaşdığını göstərir. O, Bakıda həmin günlərdə  guya İran “Azərbaycanının müstəqilliyi” məsələsinin qaldırıldığını bildirir. Bakıda yaşayan iranlı azərbaycanlılar guya buna etiraz olaraq həmin qəzeti nəşr edirdilər.[3.]  

Birinci yazıda  məsələnin mahiyyəti obyektiv işıqlandırılsa da, ikinci yazıda məsələyə hazırda İranda Cənubi azərbaycanlıların Əsas qanunda təsbit edilmiş  son dərəcə məhdud etnik\milli hüquqlarının təmin edilməsi uğrunda fəaliyyətini “pantürkizm” elan edərək ona qarşı  geniş mübarizə prizmasından yanaşma və ya son dərəcə  qərəzli mövqe öz əksini tapmışdır. 

Belə ki ,həqiqətən qəzetin adı  Azərbaycanın İranın ayrılmaz hissəsi olduğunu xatırladırdı. Lakin  diqqəti çəkən cəhət ondan ibarətdir ki,  ərəb əlifbası ilə  yazılmış Azərbaycan sözünün ”yca” hərf birləşməsinin uzadılmış  qara rəngli “cim” hərfi üzərində ağ rənglə xırda hərflərlə    “coze layənfəke İran” ifadəsi yazılmışdı. Qəzetin  və onu nəşr edənlərin İrana bağlılığını  oxucunun qətiyyən diqqətini çəkməyən xırda hərflərlə yazılmış qeyd edilən ifadə əks etdirirdi. Qəzetin başlığının altında  “müsəlmanlara məxsus siyasi,  ədəbi,  ictimai nəşriyyə”  yazılmış və onun istiqaməti bəyan edilmişdir. Qəzet özünü bütün nömrələrində İran Demokrat Firqəsini qəzetin naşiri kimi təqdim edir, halbuki, real mövcud olan Azərbaycan Demokrat firqəsi idi. Həmin qeyd də partiya və qəzetin İrana aid olması və onun adından danışdığını vurğulayırdı. Qəzetə İranda müəyyən baxımdan olan  marağı nəzərə alaraq onun haqqında nisbətən ətraflı danışmağı zəruri hesab edirik. Qəzet haqqında nisbətən ətraflı məlumat verilən və  qəzetdə getmiş bir-iki mühüm yazının mətni dərc edilmiş  elmi yazı[4] əsasında bir neçə məsələyə aydınlıq gətirmək mümkündür. Bunlardan birincisi qəzetin çapı ilə bağlı məsələdir. Qəzetin çapı  və Cənubi Azərbaycanın ayrılması  haqqında  şaiyə ilə bağlı  qəzetdə  dərc edilən yazıda daha ətraflı məlumat verilir.

Belə ki, qəzetin direktoru  Aşqabadda yaşayan iranlı  Q. Əliquluzadə   qəzetin ikinci nömrəsində  15 fevral 1918-ci il tarixində  dərc edilmiş baş məqalədə  yazırdı: “Məlum olduğu kimi, Qafqazın  Azərbaycandan  ayrılan ərazilərində Qafqaz müsəlmanları güclü partiya  təşkil edib       “Azərbaycanın müxtariyyatı” arzusu ilə fəaliyyətə başladı….. Bu ” Azərbaycanın  muxtariyyatı” da “Açıq söz”ün yazarının müəyyən hərəkətləri ilə anlaşılmazlıqlara  yol açaraq  Azərbaycanda və Qafqazda  böyük səs-küyə səbəb oldu.    Möhtərəm oxucuların bildiyi kimi, bir qədər əvvəl “Tifliskiy listok” qəzetində  bir belə cümlə dərc edilmişdi ki, guya   Azərbaycanın mərkəzi Təbrizdə bir partiya  yaranıb ki, əsas məqsədi Azərbaycanı İrandan ayırıb  oranı ayrıca idarə etmək üçün bir direktoriya yaratmaqdır… 

Həmin cümlə Qafqazın bir sıra türk dilli qəzetlərində dərc edildi. ”İranlılar  hərarətli müraciətnamələr göndərərək  Demokrat partiyasından izahat tələb etdilər. Bakı komitəsinin əlaqələndiricisinin bəyanatlarından belə anlaşıldı ki, iranlıları sakitliyə dəvət etməklə yanaşı  bu barədə partiyanın  Azərbaycan komitəsindən izahat istənildi. [4.s.118] Təbii ki Azəraycan Demokrat partiyası yayılan şaiyələrə\   eyni zamanda fürsətdən istifadə edərək təmsil etdiyi Cənubi Azərbaycanın qarşısında duran məqsəd və İranın müstəqilliyi və ərazi bütövlüyünə  münasibətini bəyan etməyi zəruri hesab edirdi. Ona Bakı şöbəsinə rəsmi məktub göndərmiş və həmin məktubun mətni haqqında danışılan qəzetdə dərc edilmişdi.

“Azərbaycan komitəsinin cavabı: ”Məktubunuzun cavabında yazmalıyıq ki,  Qafqaz qəzetlərində də müşahidə edilən bu əhvalat[4.s.118], azərbaycanlıların hərəkətləri ölkədə  müxtəlif söz-sohbətə səbəb oldu.”Tiflisskiy listok” qəzetində qaldırılan və “Açıq söz” qəzetində təkrar edilən  qondarma məsələdən belə başa düşülür ki, azərbaycanlıların vətənpərvərlik hərəkətləri səhvən onların muxtariyyat və Azərbaycanı ayırmaq xəyalına düşməsi, Tehrana qarşı üsyan, muxtar hökumət təşkil etmək və Azərbaycanın müstəqilliyinə meyl  kimi qələmə verilir.Bu xəbərlər tamamilə həqiqətə ziddir və müəyyən siyasi məqsəd güdür. Əyalət komitəsi belə şayiələrə laqeyd qala bilməz. Möhtərəm həmməsləklərimizə qəti şəkildə xəbərdarlıq edilir ki,  gözlərini və qulaqlarını açıb belə puç və  mənasız şayiələrə qarşı diqqətli olsunlar və özgələrin hərəkətlərindən ürəklərinə qorxu yol tapmasın. Firqənin Əyalət konfransında   uca  səslə dünyaya elan etdilər ki, ”Azərbaycan İranın ayrılmaz parçası”dır və Azərbaycan İran ailəsinin mühüm üzvüdür. 

Azərbaycanlıların son amalı  azad, müstəqil, vahid və güdrətli İran  qurmaqdır. Demokrat partiyası təşkilatı  heç vaxt milli amalından geri çəkilməyib, ölkədə müxtəlif cərəyanların təsir göstərməsinə yol verməyəcəkdir. Təbrizin həyacanı Tehranda atılan  tənqidə layiq  hərəkətlərdən  və onunla qarşı-qarşıya durmaqdan irəli gəlir. Yoxsa  nə qədər ki,  dünya var  “şir və günəş” simvollu bayraq Azərbaycanda dalğalanacaqdır. … .”İran Demokrat Firqəsinin Azərbaycan Əyalət komitəsi, 77 saylı məktub,19 qövs 1336(v- 10 dekabr 1917)”[4.s.119]

 Məqalə müəllifi  daha sonra məsələ ilə bağlı yazır : “Biz özümüz ki, azərbaycanlıyıq və  bilirik ki,  Azərbaycanın İrana  siyasi bağlılığı və  ruhiyyəsi nə dərəcədədir və onun siyasi həyatının xüsusiyyətlərini layiqincə bilirik, bilirdik ki,  belə məlumatlar yalnız  bəzi ağılsız xəyalpərvərlər və  ya fitnəkarlar tərəfindən ortaya atılıbdır. Azərbaycan İranın ruhudur və bədən ruhsuz yaşamadığı kimi ruh da bədənsiz  bir iş görə bilməz, Azərbaycan İranın sağ əlidir, bədən əlsiz çətin də olsa yaşaya bildiyi halda, əl  bədənsiz məhv olar. Xülasə,  xam xəyallar, çürük fikirlərə giriftar olan xam xəyal məftunları  bilməlidirlər ki, azərbaycanlıları aldatmaq, onları alət etmək, onun tarixi heysiyyətini və milli şərəfini ayaqlar altına atmaq elə də sadə və asan deyil.[4s.119], Azərbaycanlı nəcib xoş xasiyyət millətdir,…hər bir kəsə [119]dostluq  izhar edir, lakin vətəndaşlıq məsələsi ortaya çıxanda… hər kim ki,  onları İrandan ayırmaq istəyir, onun qarşısında heybətli düşmənə çevrilib belə işlərə əl uzadanları etdiklərindən peşiman qılar”.[4.s.120]     

Göründüyü kimi, burada yazı müəllifinin, Cənubi azərbaycanlıların İrana bağlı dairələrinin Cənubi Azərbaycanın həmin ölkənin ayrılmaz hissəsi olması və Azərbaycanı İrandan ayırmaq istəyən qüvvələrə qarşı ən sərt mövqe tutduqları aydın şəkildə bəyan edilmişdir. Məqalədə və Əyalət komitəsinin cavabında Azərbaycanın  siyasi  bir vahid kimi İranın ayrılmaz hissəsi və azərbaycanlıların siyasi millətin tərkib hissəsi  olduğu diqqətə yetirilir. Lakin İranda nəşr edilən qəzetlərdən fərqli olaraq qeyd edilən məqalədə iranlılar deyil məhz azərbaycanlıların adından danışılır, onların sosial psixoloji keyfiyyətləri və ya milli xarakteri qeyd edilir, eyni zamanda    Şimali Azərbaycanda gedən milli azadlıq hərəkatına, Azərbaycan adına, azərbaycanlıların türklüyünə və müstəqillik ideyasına qarşı heç bir fikir səsləndirilməmişdir. Əslində bu, partiya və onun şöbələrindən birinin orqanı olan  qəzetin  qarşıya qoyduğu məram və məqsədə də uyğun deyildi. 

Belə ki. qəzetin birinci nömrəsində “Məsləkimiz” adlı təqdimat və proqram xaratekterli  baş məqaləsində (10 fevral 1918)  onun  islam dünyası və İranın məzlum xalqına xidmət etdiyi vurğulanır. Dünyada vəziyyəti  və xalqların sosial durumunu ümumi şəkildə təsvir etdikdən sonra çıxış yolunu  zəiflərin çalışıb iqtidara sahib olmasında görür. Daha sonra,   demokratik üsullarla fəhlə və zəhmətkeşlərin hüquqları uğrunda  ədalət əsasında yuxarı təbəqələrə qarşı mübarizə aparmaq əzmi bəyan edilir..[3]    

Qəzetin məram və məqsədi ona millətçilik istiqamətində hərəkət etməyə, deməli panfarsizmin ruporu olmağa şərait yaratmırdı. Eyni zamanda  Cənubi Azərbaycanın ayrılması şaiyəsindən   irəli gələn  və ya qəsdən yayılan təhrikçi fikirlərə  də vaxtında münasibət bildirmişdir. Həmin münasibət  Azərbaycanın və azərbaycanlıların İranın taleyində oynadığı aparıcı roldan irəli gəlirdi. Həmin günlərdə İranda ən nüfuzlu və müasir tipli təşkilat Azərbaycan Demokrat Firqəsi idi. Özünü İDP şöbəsi adlandıran 

Bakı təşkilatı   azərbaycanlılardan təşkil olunmuşdu.İranda fəaliyyətindən əsər əlamət olmayan İDP-ni təmsil edən, onun adından danışan Bakı şöbəsi təbii ki, İranın maraqlarının müdafiəçisi rolunda çıxış etməli idi. Əslində, bu şöbə A.D.P.-nin şöbəsi idi, çünki həmin günlərdə İranda  Demokrat partiyası qismində Azərbaycan Əyalət komitəsi  çıxış edirdi. Təbiidir ki, həm ADP, həm də onun şöbəsi bütün İranı təmsil etdiyi və ya ən azı belə təsəvvür etdikləri üçün, İran dövlətinin maraqlarını müdafiə edirdilər. Lakin  məzlum millətlərin, xüsusən də müsəlman millətlərin azadlığı və birliyi uğrunda çıxış edən ADP və onun Bakı şöbəsi Şimali Azərbaycanın müstəqilliyinə qarşı çıxış edə bilməz və ona qarşı ideoloji mübarizə ilə məşğul ola bilməzdi. 

Qəzet, əsasən sosial- demokrat yönümlü olduğundan sosial və islami birlik ideyasını təbliğ edirdi.       Qəzeti Qafqazda və Şimali Azərbaycanda

   panfarsizmin qaranquşu kimi qələmə  verənlərin iddiasının əksinə olaraq qəzet əsasən türk dilində nəşr olunurdu, fars dilində material  cüzi yer tuturdu. Qəzetin “Azərbaycan “adlandırılması,  həmin günlərdə İranın müstəqilliyi ilə daha ardıcıl şəkildə Cənubi Azərbaycanın çıxış etməsi, Azərbaycanın İranın başı olması fikrini əks etdirməyə yönəlmişdi. Qeyd edilən ifadənin kiçik hərflərlə bir hərf üzərinə yerləşdirilməsi, bir tərəfdən qəzet təsisçiləri üçün Azərbaycanın əhəmiyətini, digər tərəfdən Azərbaycanın İranı da özünə yük edərək arxasınca apardığını simvolizə edirdi. Qeyd edilən ifadədə İran sözünün işlənməsi Azərbaycanın və azərbaycanlıların  İranın taleyi üçün əsas məsuliyyət daşıdığını və ona görə onu qorumaq  əzmində olduğunu göstərirdi. Bundan əlavə, İranın Bakıdakı konsulluğu həmin məqsədlə Bakıda yaşayan və işləyən iranlıların etiraz aksiyalarını təşkil edirdi. 

Bir cəhətə də xüsusi diqqət etmək zəruridir. Q.Əliquluzadə öz məqaləsində  Qafqazın bir sıra yerlərinin İrandan deyil, məhz Azərbaycandan ayrıldığını göstərirdi. Məhz buna görə İranın Bakıda konsulu mitinq zamanı demişdir ki, “İran Azərbaycanındır, Azərbaycan İranın deyil. ”[1.s. 62].    

Yuxarıda qeyd edildiyi kimi, panfarsist müəlliflər fars  millətçilərinin İranda nəşr etdikləri  qəzetlərə istinad edərək həmin günlərdə Bakıda yaşayan Cənubi azərbaycanlıların    Azərbaycan xoroniminə qarşı çıxış etdiyini yazırlar. Məsələn 

iranlı müəllif Ə.Morşedizad  həmin  günlərdə nəşr olunan “İran” qəzetinə istinadən yazır ki, İran Konsulu  Saed əl –Vozəranın ( Məhəmməd Saed-Marağai) başçılığı ilə Azərbaycan adına qarşı iranlıların Bakıda etiraz aksiyası oldu. İran demokratları Bakıda “Azərbaycan, coze layənfəke İran” adlı  qəzeti nəşr etməyə başladılar.[5.s.292] 

Halbuki, yuxarıda Azərbaycan qəzetindən verilən məlumatdan da görünür ki, Cənubi azərbaycanlılar ilk növbədə Cənubi Azərbaycanın guya İrandan ayrılmaq xəbərinə qarşı çıxırdılar. 

Azərbaycan toponiminə və Azərbaycanın müstəqilliyi ideyasına qarşı əsasən fars və panfarsist mövqedə duran  ziyalılar və siyasətçilər  çıxış edir, ideoloji mübarizə aparırdılar. 

İranda  antiazərbaycan təbliğat kampaniyası keçirilməsinə baxmayaraq, həmin dövlətin   Cənubi Qafqazda baş verən hadisələrə təsir etmək imkanı yox idi.  Cənubi Qafqazda baş verən siyasi hadisələr  Rus imperiyasının dağılma prosesi,  həmin prosesə Cənubi Qafqazda mövcud olan müxtəlif yönümlü  və  potensiala malik olan siyasi qüvvələrin münasibəti və qarşılarına qoyduqları  məqsədlərlə müəyyən olunurdu.

Həmin dövrdə İran Rusiya və Böyük Britaniyanın yarım-müstəmləkəsi olaraq qalırdı və müstəqil xarici siyasət yeritmək imkanından məhrum idi. İran dövləti yeni şəraitdən öz müstəqilliyini bərpa etmək üçün istifadə etmək əvəzinə yeni imperialist rus (Müvəqqyi hökumət) hökuməti ilə hərtərəfli “əməkdaşlığı” davam etdirməyə çalışırdı.  Ona görə Cənubi Qafqazda baş verən hadisələrə nəinki müdaxilə edə bilməzdi, hətta münasibət bildirməyə belə çəkinirdi. Hər şey Rusiyada 1917-ci ilin noyabr ayında Müvəqqəti hökumətin devirilməsindən sonra başladı. Müvəqqəti hökumətin devrilməsi ilə Rusiyada tamamilə yeni bir şərait yarandı. Həmin şərait ilk növbədə ölkədə yeni ilə köhnə hakimiyyət arasında mübarizədən irəli gələn vətəndaş müharibəsinin başlanması və deməli mərkəzin regiona təsirinin zəifləməsi ilə xarakterizə olunurdu. Müvəqqəti hökumətin devirilməsi və Bolşevik hökumətinin müstəmləkə və yarım-müstəmləkə ölkələrin azadlığı və müstəqilliyinin möhkəmləndirilməsinə yönələn  yeni xarici  siyasət kursu elan etməsi İranın da beynəlxalq və daxili siyasi vəziyyətinə ciddi təsir etdi. İran Rusiya imperiyasından asılılıqdan xilas olaraq öz müstəqilliyini  bərpa etmək şansı əldə etdi. Lakin Rusiyada cərəyan edən hadisələr İranda siyasi, sosial hərəkatlara təkan verdiyindən, Böyük Britaniyanın ağalığından xilas olmaq istiqamətində hərəkət etmək əvəzinə onun himayəsinə sığınmaq yolu seçdi. Halbuki, Cənubi Qafqazda Müvəqqəti hökumətin süqutundan sonra güclənən milli-azadlıq hərəkatı İranın geosiyasi mövqeyini 

möhkəmləndirdi. Lakin İranda bəzi qüvvələr  hər cəhətdən  İranın   təbii müttəfiqi olan Azərbaycanın müstəqillik istiqamətində səylərini dəstəkləmək əvəzinə yuxarıda qeyd edildiyi kimi, onun müstəqillik uğrunda mübarizəsinə mane olmağa çalışırdı. Müvəqqəti hökumət kənar edildikdən  sonra da İranın regionda cərəyan edən hadisələrə təsir imkanı yox idi.

Beynəlxalq aləmdə  baş verən hadisələrin təsiri ilə Cənubi Qafqazda milli dövlətlərin təsis edilməsi prosesi  davam edirdi .Nəticədə məlum olduğu kimi, Osmanlı və Almaniyanın təsiri ilə Cənubi Qafqazı birləşdirən hakimiyyət orqanı  tezliklə dağıldı və onun yerində yeni müstəqil dövlətlər meydana gəldi Onlardan biri də  Azərbaycan Demokratik Respublikası idi. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra İranda Azərbaycanın müstəqilliyinə qarşı ideoloji mübarizə   genişlənmiş və hətta  siyasi mübarizə ilə “zənginləşdirilmiş”,  hətta bir sıra tədbirlər barədə fikirlər irəli atılmışdı. 

İranın Azərbaycanın müstəqilliyinə qarşı ideoloji mübarizəsinin  müstəqilliyə qədər olan birinci mərhələsinin əsas xüsusiyyəti İranda bəzi qüvvələrin həmin ölkənin maraqlarına fars millətinin maraqları prizmasından  yanaşaraq Azərbaycan toponimi, Azərbaycanın müstəqilliyi ideyasını və azərbaycanlıların etnonimini  ideoloji mübarizə obyektinə çevirməsi idi. Həmin mübarizə birtərəfli xarakter daşıyır və Azərbaycanın maraqlarına qarşı yönəlmişdi. Azərbaycanda siyasi, ideoloji fəaliyyət Azərbaycanın öz maraqlarına xidmət edir və İranın ictimai, siyasi, mədəni,  milli həyatı,   beynəlxalq əlaqələri Azərbaycanın maraqları baxımından ideoloji mübarizə obyektinə çevrilməmişdi.

[(AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu

Azərbaycan Demokratik Respublikasının 100 illiyinə  həsr olunmuş”Şərqin ilk demokratik respublikası” mövzusunda  Elmi Konfransın materilları

(Bakı “Papirus NP” nəşriyyatı,2019, 264 səh) kitabında:  səh.45-190)]

DAVAMI VAR…

 
 
 
Прочитано 102 раз

последние новости