Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 20 May 2016 06:23

“İsrailə Azərbaycandan İrana hücum üçün ərazi lazım deyil”

Written by 

Yazılma tarixi :19.04.2013

 
İsrail-Azərbaycan münasibətləri son vaxtlar bəzi qüvvələrin, əsas da İranın narahatlığına səbəb olub. Bu günlərdə dövlət strukturunun rəhbərinin İsrailə edəcəkləri səfər mövzusunu bir daha gündəmə gətirdi. İranın bu məsələ ilə bağlı rəyi iki ölkə arasında münasibətləri pozacaqmı? hafta-ichi.az-ın bu və digər suallarına «Etnoqlobus» (ethnoglobus.az) beynəlxalq onlayn informasiya və analitik mərkəzinin direktoru Gülnara İnanc cavab verir: 

- Azərbaycanın müstəqilliyini tanıyandan bəri aprelin 21-də ilk yüksək səviyyəli siyasi-diplomatik dövlət strukturunun rəhbərinin İsraillə səfərini sıradan bir hadisə kimi dəyərləndirmək olmaz. Adətən Azərbaycan Prezidenti və xarici işlər naziri israilli həmkarları ilə beynəlxalq səviyyəli tədbirlərdə görüşürdülər. Amma hazırda geosiyasətdə yeni bir mərhələyə qədəm qoyduğumuzdan oyun şərtləri dəyişir. Bu mənada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfərini bir neçə istiqamətdən şərh etməyə ehtiyac var.

- Bunlar hansılardır?

- Əvvəla, ilk baxışdan diqqət mərkəzinə o gəlir ki, bir qədər əvvəl ABŞ prezidenti Barak Obamanın Təl-Əvivə səfəri zamanı Türkiyə-İsrail münasibətlərinin istiləşməsinə nail oldu. Təl-Əviv blokadada olan Qəzza bölgəsinə humanitar yardım aparan «Mavi Mərmərə» gəmisinə hücum zamanı baş vermiş hadisələrə görə üzr istəməkdən və təzminat ödəməkdən imtina edirdi. Amma B.Obamanın İsraili fikrindən döndərə bilməsinin səbəbi yalnız Türkiyənin strateji bir ölkə olması ilə bağlı deyil. Düşünürəm ki, əsas məsələ Türkiyə ilə bölgənin başqa bir nüfuzlu dövləti İsrailin münasibətlərinin istiləşməsi və bir neçə əvvəl olduğu kimi strateji əməkdaşlıq pozisiyasına gətirilməkdir. 

- Sizcə, bu layihədə məqsəd nədir?

- Bu layihədə məqsəd hər bir ölkənin həm birlikdə, həm də ayrı-ayrılıqda onların yerləşdiyi bölgədə nüfuzunun və əhəmiyyətinin artırılması və təbliğ olunmasıdır.

Xatırladım ki, İsrail-Türkiyə münasibətləri pozulana qədər Türkiyə-Azərbaycan-İsrail strateji üçlüyü formalaşırdı. Bu üç dövlətin hər biri öz bölgəsinin spesifik qeosiyasi kodunu daşıyır. Sovet sistemi dağılması ilə bir müddət bloklaşma və ikiqütblü dünya amili zəifləmişdi. Lakin son illər dünyada baş verən proseslər yenidən dövlətlərin bloklaşması və qruplaşmasına yol açdı. B.Obama Ankara-Təl-Əviv münasibətlərini yoluna qoyarkən, Azərbaycanın da Türkiyə-İsrail strateji ikiliyinin yanında yer alması şərtlərinin də müzakirə olunduğunu söyləmək olar. 

İkinci diqqətçəkən məsələ Azərbaycan rəsmisinin ilk dəfə Fələstinə səfər etməsidir. Rəsmi Bakı İsraillə sıx və inkişafa meyilli əlaqələr qurmasına baxmayaraq, Fələstinin müstəqilliyini tanımaqla və Qüdsün şərq və qərb olaraq iki hissəyə bölünməsi tərəfdarı olması ilə ərəb dünyasında pozitiv imic qazanıb.
Bunu ötən ilin sonlarında Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Xaled Ben Saud Ben Xaled hazırkı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyətin Yerevana təzyiqi artırmağının vacib olduğunu deməsi təsdiqləyib.

- Bəs İsrail üçün Azərbaycan və onun ətrafında formalaşan fikir nə qədər önəmlidir? 

- İsrail rəsmiləri Azərbaycanın nüfuzunun Yaxın Şərqdə artmasına maraqlı olduqlarını və buna çalışdıqlarını dəfələrlə dilə gətiriblər. Bunun səbəblərindən biri bölgəyə Türkiyəyə alternativ bir ölkənin gündəmdə olmasına yaranan ehtiyacdır. Bu qənaətə görə, Türkiyənin imperiya iddiaları qayıdır, Azərbaycan isə kiçik ölkədir və imperiya ambisiyaları yoxdur. Yeri gəlmişkən, Rusiya Şimali Qafqaz siyasətində də Azərbaycana istinad edərkən bu amilə əsaslanır. Odur ki, bəzi bölgəsəl məsələlərdə rəsmi Bakı vasitəçi roluna gözəl yarayar. 

Rəsmi Bakı Qarabağ münaqişəsinin Qüds problemi ilə paralel olaraq İslam aləminin diqqət mərkəzinə çıxarmağa çalışır. Bu halda, Ramalladakı görüşlər Dağlıq Qarabağ münaqişəsinin ərəb dünyasının diqqət mərkəzinə çəkilməsi üçün vacib bir addım olacaq.

Başqa bir maraqlı bəyanata diqqət çəkmək istərdim. Bu günlərdə ABŞ dövlət katibi Con Kerri Türkiyə rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğunu bildirib. 
Bunun isə ABŞ yəhudi təşkilatlarının lobbiçiliyin nəticəsi olduğunu deyə bilərəm. 

- Sizdə bu qənaət haradandır? 

- ABŞ Dövlət Departamentinin Azərbaycanın xeyrinə qəbul etdiyi qərarlarda, o cümlədən, iki məsələ yer alır – Azərbaycanda yəhudilərə qarşı xoş münasibətin olması və Azərbaycan-İsrail münasibətləri. Azərbaycan məhz İsrailin maraqlarından çıxış edən yəhudi lobbisinin dəstəyilə «erməni soyqırımı”nın tanınmasının qarşısını almağa nail olub. Erməni lobbisi Knessetində dəfələrlə «erməni soyqırımı» məsələsini qaldırmağa çalışsa da, İsrailin yüksək səviyyəli rəsmiləri Azərbaycanla münasibətlərə dəyər verdikləri üçün buna heç zaman imkan verməyəcəklərini elan etmişdilər.
Analizlərə əsaslanaraq demək olar ki, Azərbaycan münaqişəsinin mərhələli həll təklifinə uyğun olaraq Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad olunmasına çalışır. Bir neçə il əvvəl bunun baş tutması üçün hərbi-siyasi platforma belə yaranmışdı. 
Görünür, yenidən bu məsələ gündəmə gəlir. Azərbaycan İsraillə strateji münasibətləri qarşılığında borclu qalmır. Azərbaycan İsraildən böyük partiyalarla silah almaqla İsrailin silah sənayesini müflis olmaqdan qurtardı. Çünki Avropadakı iqtisadi böhran nəticəsində İsrail hərbi sənayesi Qərbdəki potensial alıcılarından məhrum olub.

- Qeyd edilir ki, Azərbaycan,Türkiyə və İsraili yaxınlaşdıran başqa bir amil enerji resurslarının istehsalı və daşınmasıdır...

- Bəli. Artıq İsrailin Aralıq dənizi sahillərində qaz yataqları aşkarlanıb və İsrail Azərbaycanın bu yataqların istismarında iştiraka cəlb edib, Türkiyədən isə qaz kəməri çəkməyi təklif edir. Ümumiyyətlə, xüsusi qeyd etmək lazımdır ki, yəhudi lobbisi “Bakı-Tiflis-Ceyhan”, “Bakı-Tiflis-Qars”, indi isə TANAP layihəsinin reallaşmasında aparıcı rol oynayıb.
Təl-Əvivdə danışılacaq daha bir vacib məsələ şəksiz ki, İran olacaq. Şübhəsiz, Azərbaycan bir daha artıq Təl-Əvivdən ərazisindən İrana qarşı hücumlar zamanı istifadə olunmasına imkan verməyəcəyini rəsmi olaraq bildirəcək. Bununla da İslam dünyasının diqqətini çəkəcək. Bu arada qeyd edim ki, E.Məmmədyarovun Təl-Əviv səfəri Azərbaycan üçün hazırkı mərhələdə çox önəmlidir. Çünki dünyanın diqqət mərkəzi olan İsrail və Fələstində səsləndirilən hər bir fikir dünya mediasının vasitəsilə beynəlxalq ictimaiyyətə, o cümlədən, İslam dünyası və yəhudi lobbisinə çatdırılacaq. Xüsusi qeyd etməyə ehtiyac var ki, bu səfər Azərbaycan-İran münasibətlərində ideoloji savaşın yenidən qızışdığı bir dövrə təsadüf edir.

- Sizcə, İranın narahatlığının nə qədər əsası var?

- Nəzərə çatdırmaq lazımdır ki, İsrailə Azərbaycandan İrana hücum üçün ərazi lazım deyil. Əvvəla, Azərbaycana faciəvi sonluqlar gətirəcəyi üçün rəsmi Bakının buna razılıq verməyəcəyi məlumdur. İkincisi isə İsrail Azərbaycan ərazisini İrana qarşı kəşfiyyat xarakterli fəaliyyət üçün daha uyğun sayır. İsrailin ölkə ərazisində həyata keçirdiyi layihələr çərçivəsində quraşdırılan texniki avandanlıqların İrana daha yaxın ərazilərdən qonşu ölkəyə sirayət etməsinə imkan verir. Bundan əlavə, İsrail və yəhudi təşkilatları Azərbaycan ərazisində Güney Azərbaycan mövzusu, İranda yaşayan yəhudilərlə əlaqələr qurulması, İranda və Azərbaycanda yaşayan xalqların təmsil olunduğu təşkilatların və Azərbaycandakı siyasiləşmiş dini icmaların nümayəndələri ilə təmasların qurulması ətrafında çalışırlar. 

Qeyd edim ki, İsrail prezidenti Şimon Peresin Bakı səfəri ərəfəsində İrandan səslənən etirazlara, Azərbaycan birmənalı şəkildə bildirmişdi ki, xarici siyasətin istiqamətinin diqtə olunmasına imkan verməyəcək. Bundan əlavə qeyd etdiyim kimi, Azərbaycan İran-İsrail münasibətlərində də vasitəçi ola bilər. Bu fikir də dəfələrlə İsrailin müxtəlif yüksək səviyyəli məmurları tərəfindən səsləndirilib. Təl-Əvivdə Azərbaycanın yeni rolunun müəyyənləşəcəyini, yaxud Azərbaycan-Türkiyə-İsrail münasibətlərinə yeni axar veriləcəyini düşünürəm. Xatırlayıram ki, bir neçə il əvvəl Bəşər Əsədin Bakıya səfəri zamanı Azərbaycanın Suriya-İsrail münasibətlərində vasitəçi ola biləcəyi mümkün sayılırdı. 

Fatimə Kərimli, hafta-ichi.az
http://hafta.az/index2.php?m=yazi&id=89343
Read 862 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR