Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 29 Mart 2017 00:00

Sirli dolça (talış xalq nağılı)

Written by 

Biri vardı, biri yoxdu, bir padşah və onun aman-zaman bircə qızı vardı. Günlərin bir günü bu padşahın diyarına bir dərviş gəlir. Dərviş, nə dərviş - cadu bilir, rəml atır, tale yozub, fal açırdı. Padşah bunu eşidincə, dərhal dərvişi yanına çağırtdırıb deyir: - Baba dərviş, fal aç, bir mənim də taleyimə bax. Gör ölümüm nə vaxt yetişəcək?

Dərviş: - baş üstə! - söyləyib, fal açır və bir az diksinən kimi olub dillənir:

- Padşah sağ olsun! Bir vaxt gələcək, qızın böyüyüb ərə gedəcək. Amma kürəkənin taxta çıxıb əmr edəcək ki, səni meydanda, camaatın gözü qabağındaca dar ağacından assınlar. Padşahın qanı qaralır, dərdə bataraq, qaraqabaq bir adam olur.

Ay ötür, il dolanır, padşah qızının ərlik vaxtı yetişir: qız, nə qız! Gözəlliyinin sorağını eşitmək bəs idi ki, ona vurulasan. Elçi elçi dalınca gəlir. Onlara nə cavab verəcəyini bilməyən padşah dərvişin sözünü yadına salıb dörd bir yana car çəkdirir: - Kim qızımı almaq istəyirsə, gərək bir şərtimə əməl etsin - içərisində biri ağ, biri qara iki daş olan dolçadan daşların birini çıxarsın. Bəxtinə ağ daş çıxana həm qızımı, həm padşahlığı verəcəyəm. Kimin bəxtinə qara daş çıxsa, taleyindən küssün - onu hündür bir təpədən aşırdıb öldürəcəyəm!...

Sonra da padşah dolçanı götürüb içinə xəlvətcə bir cüt qara daş atır. Ağ daş atmır. Dörd bir yandan gələn soylu şahzadələr, adlı igidlər, yetkin oğlanlar bəxtlərini sınayır, ancaq dolçadan qara daş çıxarırlar. Padşah da onları bir-birinin ardınca ölümə məhkum edir. Elə olur ki, padşah qızı dolçanın sirrini öyrənir. Amma nə xeyri? Atasının qorxusundan dinə bilmir.

Günlərin birində padşah qızı eyvandan baxıb görür ki, elçi daşının üstündə bir qoca oturub. Bundan mat qalıb, qocanı yanına çağırdır. Sonra da arxasını ona çevirib soruşur:

- Əmi, sizə nə lazımdır?

Qoca cavab verir ki:

- Gəlmişəm atanın dolçasından ağ daşı çıxaram, səni alam, padşahlığı götürəm özümə.

Qız yenə arxasına baxmadan qəzəblə deyir:

- Zorlu pəhləvanlar, ər igidlər, tədbirli şahzadələr ağ daşı çıxara bilməyib, qurban gedir... İndi sən - zəif bir qocamı bu işi bacaracaqsan? Hələ ki salamatsan, başını götür, get evinə!..

Sözünü bitirincə, padşah qızı geri dönür. Nə görsə yaxşıdı? Görür ki, yanına çağırdığı qoca deyil, cavan, həm də gözəl bir oğlandı. Qızın ürəyi ağrıyır, dolçanın sirrini ona açıb, yalvarır:

- İnsafsız atam səni də öldürər. Bu fikirdən əl çək, başını sağ götürüb get evinə!.. Oğlan razılaşmayıb deyir:

- Elə şey yoxdu, ağ daşı çıxarmaq məndən!

...Yenə təbillər vurulur, davullar səslənir - ağsaqqalqarasaqqal - hamı yığışır meydana. Padşahın dolçasını da qoyurlar düz meydanın ortasına. Sonra oğlanı çağırırlar meydana. "Daha bir qurban!" - deyə meydan əhli oğlanın halına acıyır, padşah qızı da örtülü eyvandan baxıb, gözyaşı axıdırdı... Oğlan, axır ki, əlini dolçaya salıb daşı çıxarır, ancaq onu ovucunda sıxdığından heç kəs bilmir ki, hansı daşı çıxarıb. Padşah əlini açmağı oğlana əmr edəndə, oğlan var gücüylə daşı uzağa tullayır. Oğlanın əl-qolunu bağlayıb, daşı axtarırlar, ancaq tapa bilmirlər. Padşah qarışıq, qalırlar mat-məəttəl. Bu vaxt oğlan deyir:

- Ay camaat! Eşidin-bilin! Mən ağ daşı çıxarıb, sevindiyimdən tullamışam. İnanmayanlar gedib dolçanı yoxlasın, görsünlər orda hansı daş qalıb... Meydan qarışır bir-birinə, hamı dolçaya baxmağa axışır.

Və... görürlər ki, dolçanın içində qara daş qalıb. Daşı padşaha göstərirlər. O, yanıb-yaxılsa da, dinə bilmir. ... Oğlan padşah qızını alıb taxta çıxır. Sonra köhnə padşahın hiyləsini hamıya çatdırır və əmr edir ki, zalım padşahı camaatın gözü qabağındaca dar ağacından assınlar. Bax beləcə, başqasını öldürən öz ölümünü tələsdirər!..


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi

OSI - Açıq Cəmiyyət İnstitutu - Azərbaycan

NRC - Norveç Qaçqınlar Şurası

 ISAR-Azərbaycan / USAID

"TUTU" Uşaq Mədəniyyət Mərkəzi Bakı - 1998

Read 692 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR