Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 13 May 2019 00:00

Bir daha 9 may – Qələbə günü və “Ölməz alay” yürüşü haqqında

Written by 

Solmaz Rüstəmova-Toqidi, Professor, tarix elmləri doktoru

 

9 may tarixi artıq arxada qalıb. Əvvəldən hazırlaşdığım kimi bu münasibətlə şəhərimizdə keçirilən “Ölməz alay” yürüşündə öz yaxınlarımla iştirak etdim. Həmin gün 96 yaşlı Müharibə veteranı olan qohumumuzu və 9 may günü doğulmuş iki rəfiqəmi - uşaqlıq və tələbə dostlarımı təbrik etdiyimdən, mayın 10-da isə başım bir neçə mühüm işlərə qarışdığından 9 may yürüşü haqda müşahidə və şəkillərlə bölüşməyə macalım olmamışdı. Həmin tədbirdə rastlaşdığım Gülnara xanım İnancın birgə şəkillərimizlə paylaşdığını və dostlarımızın da bu yürüşdəki iştirakımıza aid rəy və münasibətlərini bildirdiklərini nəzərə alaraq bir də bu mövzuya qayıtmağa lüzum görmürdüm. Amma həmin yürüşlə bağlı FB səhifələrində söylənilən ziddiyyətli fikirlər, ittihamlar və hətta təhqiramiz sözlər, xüsusilə şəxsiyyətinə çox hörmət bəslədiyim bir müxalifətçi xanımın qələmindən çıxan “Rusiyanın tör-töküntüləri” kimi ifadələrlə tanış olduqdan sonra, hər halda 9 may tarixi ilə bağlı əvvəlki 2 yazımda başladığım söhbəti başa çatdırmağa qərar verdim.
Əvvəlcədən bildirim ki, yürüşün iştirakçılarına ünvanlanan təhqir, söyüş və yersiz - əsassız ittihamları qətiyyətlə pisləyirəm və bu yazımda da məqsəd heç də onlara cavab vermək deyil. Çox vaxt tarixi həqiqətləri bilmədən deyilən bir sıra fikirlərlə razılaşmasam da, bununla belə, bu fikir daşıyıcılarının 9 may Qələbə günü və “Ölməz alay” yürüşü məsələsində tənqidi, hətta barışmaz mövqe - əlbəttə, təhqirsiz və söyüşsüz – bildirmək haqqını qəbul edirəm. Bu insanlar arasında mənim çox sevdiyim gənc tarixçi və jurnalist dostlarım da var. Onları öz mövqelərindən döndərmək fikrindən uzaq olsam da, ən azı ixtisaslarına görə qaldırdıqları bəzi məsələlərin əsas mahiyyətindən hər halda xəbərdar olmalarını arzu edərdim. Lakin bu adamların tənqid etmək haqqının tanınması müqabilində, onların da həmin məsələlərə fərqli münasibəti olanların haqqını tanıması gərəkdir. Əks təqdirdə, ağız dolusu demokratiyadan bəhs etməyin yeri yoxdur. 
İndi isə, dostlarımla Bakıdakı 9 may – “Ölməz alay” yürüşü, əslində başımıza gələn macəra və müşahidələrimizlə bölüşmək istərdim. Bu yürüşlə bağlı məlumatları mən bizim Veteranlar Şurasının birbaşa rəhbərliyindən (ad çəkmirəm) almışdım. Belə məlum olmuşdu ki, tədbirin təşkilatçıları qismində Bakı İcra hakimiyyəti razılığı ilə, Nərimanov rayon İcra hakimiyyəti, Respublika Veteranlar Şurası və Rusiya Mədəniyyət Mərkəzi çıxış edirlər. Yürüşün iştirakçılarının 10.30-da yığışmağa başlayacağı, 11.00-11.30 radələrində tədbirin başlanacağı, yürüşdən sonra Mitinq olacağı, veteranların, ictimaiyyətin, və yürüş iştirakçılarının tədbirin keçirildiyi meydandakı abidəyə gül qoyacağı və s. gözlənilirdi. Tədbirin keçiriləcəyi yer kimi inadlı olaraq (bir neçə nəfərlə küçə adlarını dəqiqləşdirmək cəhdlərimə baxmayaraq ) - “keçmiş erməni qəbiristanlığı” (!) nişan verilirdi. Nəhayət, mayın 9-da göstərilən saat və “ünvan”a əsasən hərəkətə başladıq. Mindiyimiz taksi bir xeyli “keçmiş erməni qəbristanlığını” dövr vurdu, soruşduğumuz adamlardan bəziləri axtardığımız yerin “Xalqlar dostluğu” (!?) bağı adlandığını bildirir və bizi harasa istiqamətləndirirdi. Hələ də yol gedirdik. Düz saat 10.30-da Nərimanov rayonunda məktəb direktoru işləyən və bizim yürüşə gəlmək niyyətimizdən xəbərdar olan yaxın dostumuz mənim mobil telefonuma zəng vurdu: “ Bəs hardasınız, yürüş qurtardı”. İnanmadım – “Necə qurtardı?”. Dostumuz gülərək, -“Bunlar artıq dəstə ilə keçdilər, amma siz gəlin, hələ adam çoxdur” – dedi. Nə isə, biz 10.45-də nəhayət ki, tədbir yerinə yetişəndə yürüşün həqiqətən başa çatdığını, tək-tək insanların əllərində portretlər artıq geri qayıtdığını, amma əksəriyyət iştirakçıların kiçik meydandakı mitinqə yığışdığını gördük. Beləcə, tədbirin nizamsız təşkilatı ucbatından yürüşün özündə iştirak etmək niyyətimiz baş tutmadı. Yanımdakı cavanlar əvvəlcə bundan bir qədər pərt oldular, amma tədbir davam edirdi, mitinq keçirilirdi, Nərimanov rayonu səviyyəsində rəsmi şəxslər, Veteranlar Şurası və Hərbi hissələrin nümayəndələri, gənclər çıxışlar edirdi. Tədbirin gedişində mən, “tədqiqatçı xislətimə sadiq qalaraq” yürüşün başlanması saatı ilə bağlı məsələləri aydınlaşdırmağa başladım. Məlum oldu ki, rus dilində “Бессмертный полк» yazılmış plakatla başlanan yürüşü "Землячество казаков Азербайджана" adlanan ictimai birlik və onun nəzdindəki “Бессмертный полк» qərargah keçirib. Onlar öz adamlarını ən azı saat 9-dan yürüşün başladığı yerə - yaxınlıqdakı Avroasiya Universiteti qarşısına yığıb, saat 10-da yürüş başlayıb və kiçik, ensiz küçədən cəmi – 25-30 dəqiqə ərzində keçərək 10.30-da da başa çatıb. Daha sonra bu kütlə tədbirin ikinci hissəsi keçirilən Meydana axışıb. Bu hissə - Mitinq üzrə təşkilatçı Nərimanov r-n İcra aparatı öz “fəallarını” saat 10-da artıq birbaşa Meydana toplayıb, yürüşdə iştirak etməyən hərbçilər, hərbi orkestr, veteranlar və yaşlı insanlar da meydanda yığışıb, sonuncular üçün meydana bir neçə sıra stullar da yığılıb ki, mərasimdə rahat iştirak etsinlər. Rayon İcra hakimiyyəti nümayəndələrinin, o cümlədən qadınların, öz tədbirlərini başa vurana qədər – yəni nitqlərin bitməsi, rəsmi nümayəndələrin, deputatların, hərbiçilərin abidənin qarşısına gül çələnglərini qoyması və s. – yürüş iştirakçılarının ön sıralara çıxmaması üçün onların qarşısına çəkdikləri səddi öz cüssələri ilə necə “qəhrəmancasına” qoruduqları isə ən yüksək tərifə layıq idi. Lakin bura qədər bütün araşdırdığım və gördüklərim məqamlar arasında ən maraqlısı, nəhayət ki, bu ərazinin və Meydanın adının dəqiqləşməsi oldu.
Öyrəndik ki, gəldiyimiz məkan (yəni, keçmiş erməni qəbiristanlığının ərazisi) indi “Qardaşlıq Məzarlığı” (!!!) adlanır. “II dünya müharibə illərində Bakıdakı hospitallarda vəfat etmiş döyüşçülərin xatirəsinə” (?!) həsr edilmiş abidə 2008-ci ildə bu məkanda açılıb. 2017-ci ildən başlayaraq Bakıda təşkil olunan “Ölməz alay” yürüşünün keçirilməsi üçün də məhz bu yer ayrılıb. (2016-cı ildə bu tədbir ilk dəfə 100 nəfərin iştirakı ilə Bakıdakı Rus pravoslav kilsəsi tərəfindən təşkil olunub və “Кафедральный собор Святых Жён-Мироносиц (azərb.- Müqəddəs Mürdaşıyan Zənənlər Başkilsəsi) məbədində keçirilib). 
Təbii ki, bütün bu yürüşlər, mitinq və s. – dövlət tərəfindən razılaşdırılmış və icazə verilmiş tədbirlərdir, amma mahiyyət etibarilə daha çox ictimai xarakter daşıyır. Belə ki, ölkə başçısı və rəsmi dairələr, eləcə də bir qrup müharibə veteranları Qələbə günü bir qayda olaraq Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun məzarı önündə yığışırlar və bu il də həmin ənənəyə riayət olunub.
Rusiyada yaranmış və ilkin olaraq Bakının rus əhalisinin və onların ictimai-dini təşkilatlarının təşəbbüsü ilə sayı əvvəlcədən bilinməyən və getdikcə artan insanların iştirak edəcəyi bir aksiyanın - “Бессмертный полк” yürüşünün Bakıda da keçirilməsinə icazə məsələsinə gəldikdə, zənnimcə, bu, ilk növbədə həmin yürüşün humanist mahiyyəti - yəni müharibədə həlak olmuş və ya iştirak etmiş azərbaycanlı döyüşçülərin də xatirəsini anmaq məqsədi, qismən də Rusiya ilə siyasi münasibətlər fonunda verilən bir qərardır. Bu yürüşün keçirilməsi üçün ayrılan məkanın şəhərin mərkəzindən, hətta “Məhsul” stadionundan da xeyli uzaq olması, isə düşünürəm ki, ən azı bu baxımdan “sakitləşdirici” amil sayıla bilər. Yürüşün əsasən şəhərin rus əhalisinin ictimai birliklərinin təşkilatçılığı ilə başlamasına baxmayaraq, onun ikinci hissəsinin Nərimanov rayon İcra hakimiyyəti, Respublika Veteranlar Şurası, eləcə də Azərbaycan hərbi qüvvələrinin və Qarabağ müharibəsi iştirakçılarının da fəallığı ilə keçməsi isə artıq onun məzmununa Rusiyadakı eyni adlı aksiyadan fərqli xarakter verir.
Hər halda mən və birlikdə gəldiyimiz cavan qohumlarım və rəfiqələrim bu tədbirə qoşulmaqdan tam məmnun qaldıq. 9 may Qələbə gününə münasibətimi əvvəlki iki yazımda bildirmişdim. Odur ki, burada yalnız onu vurğulayıram ki, “yürüşə” gecikməyimizə baxmayaraq, bu tədbirlə bağlı gözləntilərim özünü doğrultdu. Əvvələn, müharibə iştirakçısı olmuş qohum və yaxınlarımızın əziz xatirəsini “elliklə” yad etdik. Dayılarımdan birinin şəklini onun öz nəvəsi, daha bir qohumun şəklini əziz Ayşən qızım aparırdı. Mən isə öz müəllimim, Böyük Alim və Şəxsiyyət, Sovet İttifaqı Qəhrəmanı Ziya Musayevin portretini götürmüşdüm. Ziya müəllim mənim elmi taleyimdə 2 dəfə mühüm rol oynamışdı, vaxtilə rəhbərlik etdiyi və indi isə adını daşıdığı AMEA Şərqşünaslıq institutuna işə də məni o, qəbul etmişdi. Maraqlıdır ki, tədbir iştirakçıları, hətta jurnalistlər də Ziya müəllimin cavanlıq şəklini dərhal tanımadılar, sonra birdən ayıldılar, məndən heç yerə uzaqlaşmayaraq gözləməyi xahiş etdilər. Tezliklə bir neçə televiziya kanallarının operatorları bir yerə toplandı və mən böyük məmnuniyyətlə Ziya müəllimin hərbi qəhrəmanlıq yolu haqda müsahibə verdim. Rus kanallarından birinin müxbiri nə üçün onun şəklini öz ailə üzvlərinin deyil, mənim - “yad bir insanın” götürdüyünü soruşdu. Cavabında Ziya Bünyadovun “ailəsinin” daha geniş olduğu, tələbələrinin, yetişdirdiyi alimlərin, elmi ardıcıllarının da onun “böyük ailəsini” təşkil etdiyini eşitdi. Cavabım ətrafımıza yığılmış insanlara böyük təsir qoydu, “əhsən”, “halal olsun” sözlərini Ziya müəllimin ölməz ruhuna böyük bir ehtiram, hörmət kimi qəbul etdim. Hələ jurnalistlərdən əvvəl bir məktəbli oğlanın anası ilə bizə yaxınlaşaraq Ziya Bünyadovun şəklini tanıdığını və onun portreti fonunda şəkil çəkdirmək istəyini bildirmişdi. Bu balaca vətəndaşımızla böyük qürurla şəkil çəkdirdik. Yaxın rəfiqəm, Sovet İttifaqı Qəhrəmanı, general Akim Abbasovun nəvəsi Yeganə xanım da babasının portreti ilə bizə qoşuldu, müsahibələr verdi, daha sonra bir dəstə məktəbli öz müəllimləri ilə birlikdə bu tanınmış Sovet İttifaqı Qəhrəmanlarının portretlərinin ətrafına yığışdılar. Qızlardan biri Mehdi Hüseynzadənin şəklini götürmüşdü, uzaq qohumu idi.
Doğrusu, mən bu yürüşdə daha bir neçə nəfərin portretinin qaldırılması və xatirəsinin yad edilməsini arzu edirdim. Onlardan birinin - Nəriman Nərimanovun yeganə övladı, Azərbaycan xalqının qəhrəman oğlu, qvardiya baş leytenantı, taqım komandiri Nəcəf Nərimanovun haqqında bir qədər ətraflı danışmaq istərdim. Nəcəf Leninqrad (daha sonra Kiyev) Hərbi Texniki-tank məktəbini bitirmişdi, müharibə başladığından Hərbi Akademiyaya qəbul olunmaq niyyəti yarımçıq qalmışdı. Stalinqrad və Cənub cəbhələrində vuruşmuş, 1943-cü ildə Donbas uğrunda döyüşlərdə həlak olmuşdu. "Stalinqradın müdafiəsinə görə" medal, ölümündən sonra isə 1-ci dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmişdi. Nəcəfin taleyi ilə bağlı vaxtilə eşitdiyim bir hadisə mənim xatirəmdə dərin iz buraxmışdı. Tarixçilər arasında Nəriman Nərimanovun məşhur “Oğluma məktub” adlı sənəddən xəbəri olmayan az adam tapılar. Bu məktubu Nərimanov 1925-ci ilin yanvarında, ölümündən 2 ay əvvəl yazıb. Atasının öz həyat yoluna uzun bir nəzər saldığı və “Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq” cümləsi ilə əslində ömrü boyu rəhbər tutduğu siyasi yolun iflası sayılacaq bu “Vəsiyyət” məktubu yazılarkən Nəcəfin cəmi 5 yaşı vardı. Anası Gülsüm xanım bu məktubun Sovet rəhbərliyinin kəskin tənqidi məzmunundan qorxaraq gizlədib və həmin səbəbdən heç oğluna da göstərməyib. 1953-cü ildə Moskvada vəfat edən Gülsüm xanımın mənzilində qalmış sənəd və qovluqları onun qardaşı həmin dövr N.Nərimanovun irsinin ilk araşdırıcısı Vəli Məmmədova verir. “Milli kommunist” kimi hələ də adına gizli qadağa qoyulmasına baxmayaraq Nərimanovun fəaliyyətini araşdırmağa başlayan Vəli Məmmədov sonralar tanınmış alim və partiya xadimi olacaq və bu, sözün əsl mənasında ziyalı şəxsin həyatı faciəli surətdə 20 noyabr 1991-ci il tarixdə ermənilərin Qarabağ səmasında vurduqları vertolyotda bitəcək. Lakin 1950-ci illərin ortalarında Nərimanovun evindən çıxan sənədlər arasında onun “Oğluna məktub”unu Vəli müəllim aşkar edir və onun məzmunundan, xüsusilə “ünvanına” çatmadığından çox mütəəssir olur. 1957-ci ildə Vəli Məmmədov həmin məktubu götürərək Ukraynanın Volnovaxa şəhərinə gəlir, vağzaldan birbaş Nəcəfin dəfn olunduğu məzarlığa yollanır, onun qəbrini tapır və axşama yaxın yağmağa başlanan sulu qar altında, məzarlıqdakı fənərin zəif işığında atasının oğluna məktubunu ucadan səsləndirir...
5 il əvvəl, Qələbənin 70-ci ildönümü münasibətilə Rusiyada Vətən müharibəsi iştirakçılarının həyatına dair geniş “İnformasiya bazası” hazırlandığı haqda məlumatla tanış olduqdan sonra mən bir neçə nəfərin seçimi qarşısında qalarkən (qoyulan şərtlərə görə hər kəs yalnız bir “əhvalat” yaza bilərdi) və sonda məhz Nəcəfin oxumadığı bu ata məktubu ilə bağlı hadisəni onun qəhrəmanlıq dolu gənc, müharibədə yarımçıq qırılmış həyatının ən təsirli səhifəsi kimi həmin sayta göndərmişdim. Bu “Ölməz alay” yürüşündə də Nəcəfin xatirəsini yad etmək üçün onun portretini hazırlamaq və yürüşdə qaldırmaq təklifimi hələ bir ay əvvəldən onun qohumları – N.Nərimanov ev-muzeyinin rəhbərliyi ilə razılaşdırmışdım. Çox təəssüf ki, tədbir qabağı son gündə bu işin görülmədiyi məlum oldu, mən də çatdırmadım...
Daha bir gənc qohumum da mənim yürüşə öz babasının portreti ilə gəlmək təklifimə “prinsipial olaraq” İkinci dünya müharibəsi illərində Azərbaycan legionunun başçısı, sonralar ABŞ-ın “Azadlıq” radiosunun Аzərbаycаn rеdаksiyаsının bаş rеdаktоru, 1954-cü ildə Sovet casusu tərəfindən Münxendə qətlə yetirilən Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin portreti ilə gələcəyi şərtini qoymuşdu. Mən, - “Gəl” demişdim, “bu müharibədə bir çox səbəblərdən əks cəbhələrdə vuruşmalı olmuş bütün azərbaycanlıların xatirəsinin anmağı” mümkün və lazım sanmışdım. Amma sonradan bu gənc qohumum həmin gün ailəsi ilə rayonlara, istirahətə getməyə üstünlük verdi. Beləliklə, keçmiş legioner, sonradan məşhur partizan Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə nəzərə alınmazsa, legionerlərimizin xatirəsi bu dəfə anılmamış qaldı...
Mən, bu tədbir-yürüşlə bağlı ikinci arzum və gözləntimdən – onun daha çox Azərbaycan abu-havası daşımasından - da razı qaldım. Taksi şoferlərinin də şəhadətinə görə bu tədbirə keçən ildəkindən nisbətən az, lakin daha çox azərbaycanlılar gəlmişdi. Gözəl, günəşli hava, ətrafdakı təntənə, qələbəlik, hərbi orkestrin çaldığı marşlar (1-2 məşhur Sovet marşından sonra, rəsmi şəxslərdən kimsə orkestrin dirijoruna yaxınlaşıb nə isə dedi, və orkestr dərhal Cavanşir Quliyevin “Azərbaycan əsgəri”, daha sonra isə son illər yazılmış hərbi marşlarımızı və bard mahnıları – “Gənc leytenant” və s. çalmağa başladı), insanların dağılmaq istəməmək arzusu, gənc döyüşçülərimizin başımız üstündə dalğalandırdıqları Milli Azərbaycan batalyonlarının bayraqları, və əlbəttə ki, 3 rəngli bayrağımız meydanda sözlə ifadə edilməz bir xoş ovqat, əhval yaratmışdı. Tanış olduğumuz insanlarla, gələn il, Faşizm üzərində Qələbənin 75 illiyini daha geniş, daha düşünülmüş şəkildə, Azərbaycanın bu Qələbəyə verdiyi töhfələri qabartmaq, döyüşçülərimizin qəhrəmanlığı vurğulanmaqla daha təntənəli qeyd etmək, yeni formatlar fikirləşib tapmaq barədə qərarlaşırdıq. Doğrudur, tədbirin gedişində üzləşdiyimiz bəzi faktlar bu işin nə dərəcədə bizim özümüzdən asılı olacağı barədə indidən düşünməyə vadar edirdi. Belə ki, yarı hərbi geyimdəki gənc qızların əlinə üstündə “Vətən urunda, Ştalin uğrunda” şüarlar yazılmış və Stalinin şəkli olan qırmızı bayraqların kimlər tərəfindən və hansı məqsədlə verildiyini hələ “ tarixi dövrün reallığı ilə hesablaşmaq zərurəti ” ilə izah etmək olardısa, sinələrinə Georgi lenti taxmış 35-40 yaşlı iki azərbaycanlı qadınların bu lentlərlə bağlı mənim qeydimə münasibətlərinə izah tapmırdım. Belə ki, “Xanımlar, bu lentlər sırf Rusiyanın XIX əsr hərb tarixi ilə bağlıdır, bu müharibəyə, xüsusilə bizə, azərbaycanlı döyüşçülərimizə heç bir aidiyyəti yoxdur. İndi də “Ölməz alay” yürüşlərində faşizm üzərində qələbənin yalnız Rusiyanın hesabına qazanıldığını vurğulamaq rəmzi kimi yürüş iştirakçılarına paylanır” sözlərimdən açıq-aydın xoşlanmayan bu xanımlar, “bizim babalarımızın orden və medalları bu lentlərdən asılıb və biz də onları məmnuniyyətlə sinəmizə vururuq və gələn il də vuracağıq” dedilər. Bax belə !
Yazımı bu “düşünmək üçün informasiya” ilə yarımçıq qoyuram... Həcmi çox oldu. Bu haqda daha ciddi düşüncələr üçün xeyli əsasımız var.

Ardı olacaq...

Read 239 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR