Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 08 May 2019 06:12

Şuşanı görməyənlərin Şuşa həsrəti

Written by 

Nəriman Qasımoğlu

Təxminən 20 il əvvəlin xatirəsidir. Ailə xatirələrimdən biri…

Televiziyada Qarabağ münaqişəsinin həlli yollarından söhbət gedirdi. Övladım Türkərin də o zaman 12-13 yaşı olardı. Verilişi diqqətlə dinləyirdi. Birdən qayıtdı ki, “paket variantı” nə deməkdir. Əlbəttə, aydın və anlaşıqlı dildə deməli idim, dedim də: “ermənilər istəyir Dağlıq Qarabağ onlarda qalsın, işğal elədikləri başqa torpaqları bu şərtlə bizə qaytara bilərlər”. Sual verdi “hansı torpaqları?” Dedim, “məsələn, Ağdamı, Füzulini, Qubadlını…” Qəsb edilmiş rayonları sadalamağa macal vermədən sözümü kəsib soruşdu: “bəs Şuşa?” Dedim “Şuşanı qaytarmaq fikirləri yoxdur, ümumiyyətlə”.

Deyəsən, çox amansızca demişdim bu sözləri. Ağlamsınaraq dedi “Şuşasız Ağdam, Füzuli, Qubadlı” bizə heç lazım da deyil. Kiçik bacısı Humay da söhbətə qoşuldu və bəlkə ona görə qoşuldu ki, bizə ürək-dirək versin. Xasiyyətcə xeyli həlim qızcığaz gözləmədiyim bir ötkəmliklə dedi “ermənilər kimdirlər ki, bizim torpaqları tutub saxlasınlar, hücum çəkib əllərindən alarıq”. Ovqatım gerçəkdən azacıq duruldu. Elə fikirləşməyə başlayırdım görəsən Türkərin üzünü görmədiyi Şuşa həsrəti haradan gəlir, dərhal yadıma düşdü. Babası Qasım Qasımzadənin ötən əsrin altmışıncı illərində yazdığı “Zümrüd tac” adlı məşhur şeiri var, bu şeiri o, əzbər bilir. Bilməyənlər üçün xatırladım, həmin misralarda Qarabağ yurdu gözəl bir türk qızı obrazındadır. Poetik bənzətmə belə tamamlanır:

Bədxahı boğmaqçün qəsdinə duran

Xaçın, Qarqar onun qoşa saçıdır,

Başının üstündə yanıb bərq vuran

Şuşa Qarabağın zümrüd tacıdır.

Yeri gəlmişkən, bu şeirin o zamanlar dərcindən sonra Şuşa ilə bağlı söhbətlərdə “zümrüd tac” ifadəsi ilkin müəllifi unudulmuş xalq deyimlərindən birinə çevrilmişdi…

Başqa bir xatirəm düz 35 il əvvələ aiddir. O zamana ki, Şuşa bizdə ola-ola yenə də “dərd” verirdi.

http://ilkxeber.org/wp-content/uploads/2019/05/Shushi_collection.jpg 260w" sizes="(max-width: 220px) 100vw, 220px" data-pin-no-hover="true" style="box-sizing:border-box;margin:5px 0px 20px 20px;padding:0px;font:inherit;vertical-align:middle;max-width:100%;height:auto;float:right">1983-cü il idi. Moskvada çıxan “Oqonyok” jurnalında bir erməni memarı haqqında yazı getmişdi. Məqalə bu sözlərlə başlayırdı ki, bəs həmin adam “qədim erməni şəhəri Şuşada doğulub”. O bircəcik ifadəyə etirazımı bildirməkdən ötrü redaksiyaya sicilləmə bir məktub yazdım. İnsafən, çox keçmədi, jurnalın bədii redaktorunun imzasıyla cavab aldım: “Уважаемый товарищ Нариман Касумзаде! В статье «Скульптор Окоп Гюрджан» действительно вкралась ошибка. Случай этот рассмотрен на заседании редколлегии журнала, сделаны соответствующие оргвыводы и виновные понесли наказание. В 3№ «Огонька» за этот год последняя обложка и материал А.Жигайлова «Родники горного края» посвящены Нагорному Карабаху, жемчужине Азербайджана». В июле, когда будет отмечаться 60-летие этой автономной области, “Огонек” предполагает дать большую публикацию, посвященную знаменательной дате. С уважением, Литредактор отдела оформления О. Немировская».

Şuşamız Azərbaycanın tam nəzarətində olduğu vaxtlarda da ziyalılarımız onun taleyilə bağlı narahatçılıq keçiriblər. Rəsul Rza 1980-ci ildə qələmə aldığı “Şuşam mənim” şeirində yazırdı:

…Sənin doğma torpağında

Neçələrin gözü qalıb.

Vətən adlı doğma yurddan

Püşk olarmı?

Pay olarmı?

Yüz bir şəhər adı çəkim, –

Gözəllikdə

Biri sənə tay olarmı?

Əlbəttə, Şuşanın gözəlliyi təkcə təbiətində deyil, bu gözəllik onun suyunu içmiş, havasını udmuş adamların da xarici görkəmində, səslərinin məlahətində idi ki, bunun da Q.Qasımzadənin qələmindən çıxan belə bir poetik ifadəsi bizim o çox da uzaq olmayan Şuşalı illərimizin xatirələrinə işıq tutur:

Hara getsək bizi çağırır Şuşa,
Bilirsizmi nədir bundakı hikmət:
Üç gözəl söz ilə yaranmış qoşa –
Gözəl səs! Gözəl qız! Gözəl təbiət!

Qasım Qasımzadənin ötən əsrin 40-50-ci illərə aid şeir dəftərində sonralar Telman Hacıyevin bəstəsində “Qonşu olmaq istəmirəm səninlə” mahnısına çevrilmiş şeirin ilk variantı var, “Qonşu qız” başlığı altındadır. Şair bu sözlərin üzərində sonradan işləmiş, şeirin süjet xəttinə əlavələrdə qonşu qızın xitablarını da əlavə etmişdir.1950-ci ilin iyul ayının 31-də qələmə aldığı sətirlər belə səslənirdi:

Qonşu kimi biz hər axşam, hər səhər
Gəzdik Şuşa dağlarında bərabər.
Indi sənə bir sözüm var, a dilbər,
Soruşmadan səbəbini gəl dinlə:
Qonşu olmaq istəmirəm səninlə.

Nə zaman ki, baxışımız öpüşür,
Bu atəşdən varlığıma od düşür.
Ah, bu yerdə günlər nə tez ötüşür…
Bir arzum var, coşub gəlir o dilə:
Qonşu olmaq istəmirəm səninlə.

Sənsiz heçdir bu yerlərin səfası,
“Daşaltı”nın, “Şuşakənd”in havası,
Müxtəsəri budur, sözüm qısası:
Köç büzə gəl, quraq təzə ailə,
Qonşu olmaq istəmirəm səninlə.

İndi düşünürəm, Şuşanın bütün özəllikləri yalnızca azərbaycanlıların qismətinə yazılıbmış, Şuşanın aurası yalnızca azərbaycanlıları belə duyğulandıra gözəlləşdirə bilərmiş. Zəndeyi-zəhləm gedən bir nəsnəyə – milli nifrətə yozulmasın, amma qəti əminəm, ermənilər Şuşanın suyundan nə qədər içsələr də, havasından nə qədər udsalar da, şuşalıların o gözəl səsinə, görkəminə heç zaman sahiblənə bilməyəcəklər. Və əlbəttə, heç zaman Şuşalı ola bilməyəcəklər.

Xatirələrim yenə cığırlana-cığırlana məni ötən əsrin uzaq 60-cı illərinə də aparır. O zamana ki, Şuşa ilə ilk tanışlığımın əsası qoyulmuşdu.

Uşaq marağı ilə Cıdır düzü şənliklərini seyr edərdim. Qonaqlıq məclislərimizi İsa bulağına salardıq, sanatoriyalarda dincələn yazıçılarla, sənət adamları ilə valideynlərimin şirin söhbətlərini dinləyərdim.

Təxminən 6-7 yaşım olardı, bir dəfə ailəlikcə Şuşa ətrafı meşəlikdə gəzişirdik. Bir də baxdıq gün əyilib, qaranlıq düşməkdədir, qərarlaşdıq sanatoriyaya qayıdaq. Axşamın ala-toranlığına qarışmış səssizliyini bir cüt quşun fasilələrlə söhbətləşirmişlər kimi səs-səsə verməyi pozurdu. Qasım müəllim biz uşaqlara dedi “qulaq asın görün bu quşlar bir-birinə nə deyir”. Maraqla ondan cavab gözlədiyimizi görüb həmin o bir-birini səsləyən quşların ahəngilə oxudu: “İsa! Musa! Tapdın? Yox?” Və sonra başladı İsa-Musa quşlarının məlum folklor süjetini danışmağa. Əhvalat kədərli bir süjetə bağlansa da sonluğu o zaman mənim uşaq beynimdə faciəvi də deyildi, çünki quşa döndərilmiş iki qardaş itirdikləri quzuya görə heyvan sahibinin cəzasına tuş gəlməmişdilər. Kədərli olan sadəcə o idi ki, onlar indi bir-birini axtarırdılar və tapmırdılar… Ta böyüyənə qədər mənə elə gəldi o İsa-Musa qardaşları-quşları yalnız Şuşa meşəsindədırlər, gedəcəkləri başqa yer yoxdur. Və mənim uşaq beynimə Şuşa həm də belə bir ilkin obrazda həkk olunmuşdu – qoynunda o məsum ruhları saxlayan yeganə bir yer kimi. Lap yaxınlarda Şuşanın şüuraltımdakı bu obrazı xatirələrimə bir kövrəklik də gətirdi.

Şuşanı ilk olaraq bizə sevdirmiş Qasım müəllimin əlyazmalarını, arxivinin materiallarını səliqəyə salırdım ki, dövlət arxivinə təhvil verim. Demə o, yuxarıdakı folklor süjeti əsasında 1945-ci ildə “Sirli gecə” adlı bir hekayə də qələmə alıbmış. Birinci və sonuncu hekayəsini… 1956-cı ildə “Azərbaycan məktəbi” jurnalında dərc etdirdiyi həmin yazı bu sözlərlə bitir: “O quşları görən yoxdur, yalnız səssiz bahar axşamlarında onların qeybdən gələn tanış səslərini hamı eşidir: İsa! Musa! Tapdın? Yox!”

Görəsən indinin özündə necə, o quşlar yenə dəmi Şuşaətrafı meşəlikdə bir-birini səsləyirlər. Səsləyirlərsə, eşidən varmı? Yenə də milli nifrətə yozulmasın, o mənfur düşmənin genetik olaraq eşitməsi yoxdur axı İsa-Musa quşlarının nə dediyini anlaya bilsin…

İndi də qayıdıram 214 il əvvələ, o zamana ki, biz yox idik, babalarımız vardı. O babalarımız ki, Şuşanı bir xeyli öncədən qurub yaratmışdılar, yaşatmışdılar, Şuşa da onları öz qoynunda yaşatmışdı…

Arxaya – Kürəkçay müqaviləsinin imzalandığı o məşum 1805-ci ilə baxıram, yırtıcı rus imperiyası qoşunlarının önündə Qarabağın duruş gətirmədiyi, imperiyanın tərkibinə qatıldığı bir çağa. Müqavilədə yazılır: «Во имя Всемогущего Бога. Мы, т.е. Ибрагим хан Шушинский и Карабахский и Всероссийских войск ген.-от.-инфантерии, Кавказской инспекции по инфантерии инспектор… кн. Павел Цицианов по полной мочи и власти, данной мне от Его императорского Величества, Всемилостивейшего моего великого Государя Императора Александра Павловича, приступив с помощью Божею к делу о вступлении Ибрагим-хана Шушинского и Карабахского со всем его семейством, потомством и владениями в вечное подданство Всероссийской империи… заключили, постановили и подписали на следующих артикулах…» İbrahim xanın bu sənəddə imzası ayrılmaz bir söz tərkibi kimi “Şuşalı və Qarabağlı” olaraq keçir. Məncə, dava sonunda bağlanacaq hansısa sülh müqaviləsi üçün bunun rəmzi mənası var. Yəni Şuşasız nə sülh?

http://ilkxeber.org/wp-content/uploads/2019/05/susa.jpg 549w" sizes="(max-width: 300px) 100vw, 300px" data-pin-no-hover="true" style="box-sizing:border-box;margin:5px 20px 20px 0px;padding:0px;font:inherit;vertical-align:middle;max-width:100%;height:auto;float:left">Balaca Humay deyəndə ki, “ermənilər kimdirlər ki, bizim torpaqları tutub saxlasınlar, hücum çəkib əllərindən alarıq”, susmuşdum, düşmənin kimliyini ona açıqlamamışdım. Babası bir şeirində buna işarə ilə yazmışdı:

Basmaq istər qurdu köpək,
Arxası – ağ ayısı var.

Bəli, Kürəkçay müqaviləsi çoxdan qüvvədən düşsə də, Şuşaya, Dağlıq Qarabağa aid hissəsi hazırda faktiki olaraq işləkdir və indiki işğal rejiminin mahiyyətini əks etdirir. Azərbaycan güvvətləndikcə müqavilənin bu hissəsi də zamanla qüvvədən düşməlidir. İndilikdə isə xoş, kef-damaqlı xatirələrə son! İndilikdə ürəyimizi döyündürən dərdimizlə baş-başa və iç-içə:

Şuşasız qalmışam mən günüqara,
nə yaxşı susmayır, sızlayır yaram.
Qoymaram ürəyim dönə məzara,
qoymaram bu dərdi ölə basdıram.

Bu yanğı sönməz də köz olub qalar
içimdə, bu dərddir məni isidən…
Şuşa bir xitabət kürsüsü olar,
söylərəm son sözü həmin kürsüdən.

 http://ilkxeber.org/zumrud-tacla-xitab%C9%99t-kursusu-arasinda-vurnuxan-xatir%C9%99-qeydl%C9%99ri/

Read 251 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR