Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 06 May 2019 12:38

Sovet keçmişimizə münasibətə dair

Written by 

Solmaz Rustəmova-Tohidi, professsor, tarix elmləri doktoru

3 gün əvvəl səhifəmdə yerləşdirdiyim “9 may – II dünya müharibəsinin azərbaycanlı iştirakçılarının xatirəsinin ANIM yürüşünə Dəvət” adlı yazıma Samil (Şamil) Əliyev adlı çox dəyərli FB dostum konkret mövqe nümayiş etdirən tənqidi münasibət bildirib. Ünvanıma söylədiyi hörmətli və səmimi sözlərlə yanaşı qoyulan məsələyə diqqət yetirməsi və razılaşmadığı məqamlarla bağlı fikrini açıq bölüşməsi qarşısında onun bu münasibətini cavabsız qoymaq mən tərəfdən hörmətsizlik olardı. Lakin qaldırılan mövzunun ciddiliyini nəzərə alaraq bu cavabı onun şərhindən sonra deyil, ayrıca yazıda bildirməyə qərar verdim. Bu mükaliməmizlə maraqlanan 2 may tarixli yazım və ona şərhlərlə tanış ola bilərlər. Beləliklə: 

 


Dəyərli Opponentim mənim “bir tərəfdən uşaqlıq və gənclik nostalgiyasının”, digər tərəfdən isə sovet-rus təbliğatının təsiri altında II dünya müharibəsinə və bu müharibənin Azərbaycanın və azərbaycanlıların həyatında oynadığı faciəli rola “qeyri-elmi, qeyri-obyektiv” yanaşdığım üçün təəssüfünü bildirir. II dünya müharibəsini “Vətən müharibəsi” adlandırmağımı da Sovet təbliğatının təsiri ilə formalaşmış uşaqlıq emosiaları ilə izah edir, məhz bu amilin “ümumməlum tarixi faktları”, hətta bilavasitə müharibə ilə bağlı öz ailəmə aid olan faciəli hadisələri mənim obyektiv dəyərləndirməyimə mane olduğunu və bu müharibəyə elmi tərəfdən yanaşmağa imkan vermədiyini yazır.

 


Cavabım: Adı çəkilən yazımda mən II dünya və onun bizim xalqımız üçün daha mühüm mərhələsi olan 1941-1945-ci illər müharibəsi tarixinə hələ gənclik illərindən böyük maraq göstərdiyimi, bu tarixi yaxşı bildiyimi vurğulamışdım. Bu müharibənin tarixinin heç də yalnız qəhrəmanlıq, şücaət, Vətənə sədaqət, döyüş və cəbhə həyatının bütün ağır məşəqqətlərinə dözümlülük səhifələrindən ibarət olmadığı, onun sərt həqiqəti, rəhbərlik tərəfindən buraxılan ciddi səhvlər, mənasız yerə verilən milyonlarla insan itkiləri, kütləvi əsir düşmə və ya götürülmə, düşmən tərəfə keçmə, arxa cəbhədə təxribatlar və s. kimi ağır reallıqları, “Sovet xalqının” heç də hamısının “Stalinə uğrunda ölümə getmədiyi” və s. və s. kimi faktlar əslində ciddi oxuculara hələ Sovet dövrü yaradılan bir sıra elmi və bədii ədəbiyyatdan, publisistikadan, hətta bəzi kino-filmlərdən məlum idi. Təkcə Sovet yazıçıları Konstantin Simonovun “Ölülər və dirilər” («Живые и мертвые»), Yuriq Bonderevin və Yuriy Nagibinin müharibəyə həsr olunmuş romanlar silsiləsi, məşhur İlya Erenburqun “Unsanlar, İllər, Həyat” (“Люди, Годы, Жизнь») publisistik memuarları... Bu siyahını nə qədər uzatmaq olar. Təbii ki, SSRİ dağıldıqdan sonra da meydana gələn saysız kitablar, Sovet dövrü tədqiqatlarından çox-çox fərqli elmi araşdırmalar, arxiv sənədləri ilə tanışlıq bu Müharibədə qələbənin hansı qiymətə başa gəldiyini daha dərindən üzə çıxardı. Üstəlik həmin dövrdə əsir düşmüş Sovet zabit və əsgərlərindən ibarət yaradılan və sayı milyonlarla ölçülən Legionlar, o cümlədən Azərbaycan legionları tarixinə dair yeni açılan sənədlər, Azərbaycan siyasi mühacirətinin müharibə dövrü fəaliyyəti və bu səpgidə öyrəndiklərimiz bu müharibəyə dair bilgilərimizi xeyli zənginləşdirmiş və dərinləşdirmişdir.

 


Hörmətli Samil bəy, sizcə mən bütün bu ədəbiyyatla çox yaxından tanış olduğum halda həmin müharibəyə və Qələbə gününə münasibətim hələ də “uşaqlıq hissləri və Sovet təbliğatı” təsiri altında qala bilərdimi və həmin tarixə “elmi” yanaşmağıma mane ola bilərdimi ? 

 


Zənnimcə siz mənim yazımda çox aydın şəkildə büruzə olunan incə bir məqamı tuta bilməmisiz. İstənilən insanın, o cümlədən tarixçi-alimin də yaşadığı dövrə, özünün və yaxınlarından həyatına, eləcə də daha geniş mənada mənsub olduğu xalqın yaxın keçmişinə sırf elmi, siyasi və tarixi münasibətdən əlavə həm də ictimai, şəxsi və insanı münasibəti var. Dünya tarix elmində bu münasibətləri “Sosial tarix” adlı ayrıca bir sahə öyrənir və çox təəssüf ki, nə Sovet, nə də Azərbaycan tarixşünaslığında bu elmi-tarixi istiqamət yer almamışdı. Rusiya tarixşünaslığı hazırda sürətlə bu boşluğu doldurur, bizdə hələ “sakitlikdir”. Bu ciddi məsələ üzərində dayanmadan bildirim ki, əgər Azərbaycanın 1941-1945-ci illər tarixini yalnız siyasi-hərbi-iqtisadi nəzərdən deyil, Sovet-Azərbaycan cəmiyyətinin, xalqın, müxtəlif əhali qruplarının və tək-tək insanların bu müharibəyə münasibəti baxımından araşdırsaydıq son dərəcə maraqlı və bir çox cəhətlərdən fərqli nəticələr alardıq. Və burada artıq həmin əhalinin və insanların yalnız müharibə dövrünə deyil, ümumiyyətlə Sovet dövlətinə, onun siyasətinə, qanunlarına və d. institutlarına münasibətinin əsas mahiyyətini nəzərə almamaq olmaz. 

 


Sovet dövrü bütün mürəkkəbliyi, ziddiyyətləri və çoxcəhətliyi ilə neçə-neçə nəsillərin, müəyyən mənada isə bütöv bir nəslin 70 illik həyatını – bir dəfə verilmiş və bir dəfə yaşanan həyatını əhatə edib. İndi Sovet dövrünə, o cümlədən müharibənin ağır tarixinə sərt qiymət verməklə bu insanların həyatlarının üstündən birmənalı xətt çəkmək, bu nəsillərə “hədər yaşadığı”, “qəddar rejimə xidmət etdiyi”, “ömürlərinin sonunda tam iflasa uğradığı” və s. bu kimi hissləri aşılamaq nə dərəcədə düzgündür, ədalətlidir, insanidir ? 

 


Mənim valideynlərim, qohumlarımın, dostlarımın valideynlərinin və ümumiyyətlə, bizdən əvvəlki 2-3 nəslin (istər ziyalı, istər fəhlə-əməkçi) böyük hissəsi bu həyatı namusla, zəhmətlə, vicdanla yaşayıblar, Onların əksəriyyəti kommunist, yəni Sov.İKP üzvü olub! Onlar yaşadıqları sistemin nöqsanlarını şübhəsiz ki, görürdülər, danışırdılar, lakin onun humanist mahiyyətinə ürəkdən inanırdılar, müsbət cəhətlərini qiymətləndirirdilər və bu ölkəyə, eləcə də üzvü olduqları partiyaya sədaqətli qalmışdılar. Keçdikləri bütün keşməkeşləri baxmayaraq öz həyatlarından razı idilər, çünki bu, onların həyatı idi, qazandıqları uğurlar onların uğuru idi. Aldıqları orden və medalları - o cümlədən Müharibə iştirakçıları və əmək veteranları kimi - onlar öz şərəfli xidmətlərinə və uzun illik zəhmətlərinə verilən yüksək qiymət kimi qəbul edir və bundan çox qürurlanırdılar. Sovet İttifaqını geniş mənada öz ölkələri - Vətən bilir, bu başından o başına qədər səyahət edir, müxtəlif respublikaların sanatoriyalarında, istirahət evlərində dincəlir, hər yerdə özlərini rahat hiss edirdilər. Bütün bunlara görə indi onları qınayaqmı ? Mən SSRİ-nin dağılmasının, Sov.İKP-nın o cür rüsvaycasına özü-özünü buraxmasını valideynlərim də daxil olmaqla, bu insanların nə cür ürək ağrısı ilə qarşıladıqlarının dəfələrlə şahidi olmuşam.

 

 

Kirovun Dağüstü parkdan çıxarılmış heykəlini aparan maşının hərəkətini evimizin balkonundan izləyən və bu mənzərədən çox mütəəssir olan anamın üstünə “Heç bilirsən Kirov kim idi, nələr edib”- deyə səsimi qaldırmağımı indiyədək özümə bağışlaya bilmirəm... Sov.İKP tarixi üzrə mütəxəssis olan, partiya qurultaylarının materiallarını ən kiçik təfərrüatlarına qədər dərindən təhlil edən tarixçi atamla apardığımız qızğın mübahisələri, müharibə ərəfəsində və gedişində Sovet rəhbərliyinin sərt addımlarını, böyük siyasi-hərbi münaqişələr dövründə qurbanların labüdlüyünü mümkün salan atamın üzünə onun həmin vaxt bu ölkədə yaşamadığı, buranı vətən bilmədiyi və bu səbəbdən o dövrün acı həqiqətlərinə belə sakit yanaşdığı kimi söylədiyim ittihamları indiyədək unuda bilmirəm. Atam həmin müharibənin birbaşa təsiri altında 1945-ci ildə Cənubi Azərbaycanda Pişəvərinin rəhbərliyi ilə baş qaldırmış milli-demokratik hərəkatın məğlubiyyətindən sonra 1946-cı ilin dekabrında Sovet Azərbaycanına siyasi mühacirət etmişdi, solçu-kommunist nəzərlərin daşıyıcısı olsa da xarici partiyanın - Azərbaycan Demokratik Firqəsinin üzvü, vətəndaş statusuna görə isə siyasi mühacir idi. Düşünürəm ki, əsl kommunist və Sovet vətəndaşı olan anama nisbətən atamın SSRİ-nin və Sov.İKP-nın dağılmasını daha “rahat həzm etməsi”, sonrakı hadisələri maraqla izləməsi onun hər halda milli hərəkatın iştirakçısı və inqilabçı olması ilə bağlı idi. Boynuma alım ki, mənim özümün Sovet keçmişinə barışmaz münasibətimin əsaslı surətdə dəyişməsi heç də valideynlərimlə olan bu diskussiyaların nəticəsində deyil, tamamilə başqa bir şəraitdə baş vermişdi ki, lakin əsas mətləbdən uzaqlaşmamaq üçün o haqda gələn yazılarda bəhs edəcəyəm.

 


Burada isə hörmətli opponentim Samil Əliyevin mənim II Dünya Müharibəsini “Vətən müharibəsi” adlandırmağım və bilərəkdənmi ya yaxud (özüm də bilmədən) “faktiki olaraq Velikorus şovinizminin və NeoSovet imperializminin” təbliğatçılarını “sevindirəcək mövqedə” durmağım kimi iradını cavablandırmaq istəyirəm.

 


Əgər diqqət yetirsəniz, mən sözü gedən yazımın başlığında 9 may günü məhz “II dünya müharibəsinin azərbaycanlı iştirakçılarının xatirəsini” anmaq üçün dostları ANIM yürüşünə dəvət etmişəm. Bu zaman belə bir faktı əsas tutmuşam ki, 1939-cu il sentyabrın 1-də başlanan II dünya müharibəsi hələ bilavasitə Sovet ərazisini əhatə etməsə də, 1939 (30 noyabr) – 1940 (13 mart) tarixlərdə Sovet-Finlyandiya müharibəsi baş vermiş, bu hərbi münaqişə II dünya müharibəsinin tərkib hissəsi sayılmış, bu müharibədə SSRİ “irticaçı” tərəf kimi tanınaraq Millətlər Liqasından xaric edilmişdir. Həmin dövr hərbi xidmətdə olan azsaylı azərbaycanlıların da bu müharibədə iştirak etdiyi nəzərə alınarsa qarşıdakı Yürüşdə həmin həmvətənlərimizi də hökmən yad etməliyik.
Lakin 9 May – Qələbə günündən danışarkən mən məhz 1941-1945-ci illəri, artıq Sovet İttifaqına qarşı Hitler Almaniyası tərəfindən başlanan, Sovet dövləti tərəfindən “Vətən müharibəsi” (“Отечественная война”) adlanan müharibəni nəzərdə tuturam. Belə ki, 8-9 May Qələbə günü məhz alman faşizmi üzərində Qələbənin başa çatması ilə əlamətdardır. (II dünya müharibəsi hələ 1945-ci il sentyabrın 2-də Uzaq Şərqdə Yaponiya üzərində Qələbə ilə başa çatacaq).
Mən 1941-45-ci illər Sovet İttifaqının apardığı müharibəni azərbaycanlılar üçün də “Vətən” uğrunda aparılan müharibə hesab edirəm, çünki Azərbaycan o dövr müttəfiq respublika qismində Sovet İttifaqının tərkib hissəsi idi, onun da faşizmin hücumuna məruz qalmaq təhlükəsi var idi, bu müharibədə respublikadan səfərbər edilmiş 640 nəfərin yarıdan çoxu azərbaycanlı idi, və 350 min respublika vətəndaşı da müharibədən qayıtmamışdı. Bütün başqa məqamlara toxunmadan bu müharibənin “azərbaycanlıların müharibəsi” olmadığını, onların özgə, yad “Vətəni” müdafiəyə yollandığı və həlak olduğu, müharibənin Azərbaycan ərazisində baş vermədiyi üçün azərbaycanlıların öz torpaqları uğrunda vuruşmadığı və bu kimi bu gün səsləndirilən fikirlər nə dərəcədə məntiqə uyğundur ? Sovet rejiminə münasibətindən asılı olmayaraq bu ölkəni məhz “Vətən” bilərək (“böyük” Vətən ) cəbhəyə gedən azərbaycanlı döyüşçü eyni zamanda Azərbaycanı - öz doğma, “kiçik” Vətənini - müdafiə etmirdimi ? Azərbaycanın faşizmlə təkbətək üzləşəcəyi təqdirdə müdafiə oluna biləcəyini, yaxud Faşist Almaniyasının qalib gələcəyi təqdirdə Azərbaycanın kommunizmdən azad olaraq, müstəqil yaşaya biləcəyini ehtimal etmək olarmı? Buna həqiqətən inanan varmı?

 


Sovet dövlətinin ən barışmaz rəqibi olan və bütün mühacirət ömrünü Vətəni Azərbaycanın bolşevik istilasından xilasına həsr edən Məhəmməd Əmin Rəsulzadə Almaniya dövlətinin müttəfiq Sovet respublikaları, o cümlədən Qafqaz və Azərbaycana dair planları ilə yaxından tanış olduqdan sonra “Azad millətləri köləyə çevirən bir rejim kölə millətlərə azadlıq verə bilməz” qənaəti ilə almanlarla hər hansı danışıqlara və əməkdaşlığa getməmiş və bu ölkə ərazisini tərk etmişdi. Bu gün artıq hamıya məlum olan bu cür faktlar qarşısında Sovet dövrünü Azərbaycan tarixinin ən qaranlıq, ən qanlı səhifəsi hesab edənlər və Vətən müharibəsi dövrünə də yalnız “faciəvi” nəzərdən baxaraq bu müharibənin qarşısındakı “Vətən” sözünə qarşı çıxanlar əslində çox-çox yanılırlar. Və təəssüf ki, bu yanlışlığın kökü yalnız ideoloji-tarixi naqisliklə məhdudlaşmır. Belə ki, “Vətən” anlayışına bu cür - “böyük” və “kiçik”, “yad” və “doğma” , “hakimiyyət-rejim” və “ictimaiyyət-xalq” rakurslarından yönələn baxışlar ölkəmizin müasir durumunda, cəmiyyətimizdə yerliçilik kimi bir fəsadın hələ də dərin kök saldığı, yaxud hər hansı əhali qrupunun mövcud hakimiyyətdən bu və ya digər səbəbdən narazı olduğu bir şəraitdə bir sıra zərərli və xoşagəlməz nəticələrə gətirə bilər. 
Təsəvvür edin ki, Qarabağ uğrunda Böyük Vətən müharibəsinin başlandığı elan edilir və bu zaman cəmiyyətdə “Qarabağı qoy qarabağlılar azad etsin”, yaxud “müharibəyə əvvəlcə nazirlərin, deputatların oğulları getsin” və s. bu kimi əhval-ruhiyyə hökm sürür. Bu şəraitdə gözlədiyimiz və əmin olduğumuz Qələbə bizə hansı qiymətə başa gələ bilər?! 
Bəli, 2016-cı il Aprel döyüşlərində xalqımız görünməmiş bir coşqunluq, müharibəyə getmək, torpaqlarımızı sonadək azad etmək, vuruşmaq, qələbə çalmaq əzmini nümayiş etdirdi. Lakin hətta cəmi bir neçə gün çəkən həmin döyüşlərin gedişində belə xəyanət, satqınlıq faktlarının ortaya çıxması insanlarımızın heç də hamısının bu əzmkarlığı bölüşmədiyini aşkar etdi. Torpaqlarımızın gec-tez məhz hərbi yolla azad ediləcəyi bu gün əksəriyyət şübhə doğurmur. Lakin cəmiyyəti daha uzunmüddətli döyüşlər, daha çoxsaylı itkilər qarşısında davamlı olmağa hazırlamaq üçün Böyük Azərbaycan Vətəni ideyası daim gündəmdə olmalı, qarabağlının, bakılının, naxçıvanlının, gəncəlinin və s. - doğulduğu şəhəri, bölgəni, rayonu, kəndi özünə “kiçik vətən” bilən hər kəsin məhz bu - Yeganə Azərbaycan Vətənimiz - ətrafında birləşməsi üçün daim təbliğat aparılmalıdır. Bəli, təbliğat! Və azərbaycanlıların 1941-1945-ci illər Vətən müharibəsində göstərdikləri igidliklərin təbliği, bu müharibədə həyatlarını qurban vermiş həmvətənlərimizin, Reyxstaqa kimi gedib çıxmış Azərbaycan hərbi birləşmələrinin qəhrəmanlıq tarixi həmin təbliğatın tərkib hissəsi olmalıdır.
Adı çəkilən yazımın sonunda 1941-45-ci illər Vətən Müharibəsi iştirakçılarının xatirələrinin anılmasının bu gün - torpaqlarımızın işğal altında olduğu və onları düşməndən azad etmək kimi qarşıda müqəddəs bir vəzifə durduğu bir zamanda gənc döyüşçülərimizə bir örnək, güc, dəstək olacağını da mən məhz bu baxımdan vurğulamışdım.
Burada mən hörmətli opponentim Samil Əliyevlə yalnız bir məsələdə qismən razılaşa bilərəm ki, bu gün Rusiyada 9 may Qələbə gününün görünməmiş təntənə ilə qeyd edilməsi həqiqətən az qala “Velikorus şovinizmi” və “NeoSovet imperializmi” həddinə qaldırılıb ki, bunun da səbəbini müstəqil düşüncəli rus ziyalıları özləri izah edirlər. Putinin rəhbərlik etdiyi son 2 onillikdə iqtisadi-sosial sahələrdə hər hansı real uğur qazanmadığı və ortaya real nailiyyətlər qoyulmadığı bir zamanda keçmiş tarixi Qələbəyə istinad etmək - xalqın ruhunu bu yolla yüksəltmək, ölkəni isə dünyaya “fövqəlbəşər dövlət” kimi qələmə vermək cəhdindən başqa bir şey deyildir. Mən təbii ki, FB dostumun yazdığı kimi “Velikorus şovinizminin və NeoSovet imperializminin propaqandistlərini sevindirəcək” qədər sadəlövh deyiləm. Və Qələbə gününə də məhz Azərbaycan müstəvisindən yanaşıram.
Mən, öz dostlarımı, bütün həmvətənlərimizi bir daha öz müharibə qəhrəmanlarının şəkilləri ilə Bakının əsasən rus əhalisinin fəal iştirak etdiyi və rus-Sovet ruhunda keçən “Ölməz polk” yürüşünə qoşulmağa dəvət etməklə Azərbaycan xalqının, biz azərbaycanlıların da bu qələbəyə verdiyi insani və maddi töhfəni daha geniş miqyasda nəzərə çatdırmağa, həyatlarını müharibədə itirmiş, nakam getmiş, eləcə də ömrünü şərəflə başa vurmuş ata və babalarımızın ruhunu bir daha yad etməyə çağırıram. 9 may yürüşündə görüşmək arzusu ilə.

Read 231 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR