Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 06 May 2019 00:00

Əmir Teymur obrazının əzəməti

Written by 

Səmərqənd Dövlət Universiteti, Dauqavpils Universiteti, Abay Kunanbayev, Roehampton Universiteti, Yenilikçi Addımlar Dərnəyi və Ural Federal Universiteti, Qazaxıstan Milli Pedaqoji Universiteti 2019-cu il 30 apel – 1 may tarixlərində Özbəkistanın Səmərqənd şəhərində 6-cı Dil və Humanitar Elmlər üzrə Avrasiya Beynəlxalq Konfransını (ECLSS 2019b) təşkil edib. KonfransdaTürkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin müəllimi, həmyerlimiz Afina Məmmədli-Barmanbay Azərbaycan ədəbiyyatını müvəffəqiyyətlə təbliğ edib.

Bu konfransda Afina Məmmədli-Barmanbay ilə birlikdə Qafqaz Universitetinin əməkdaşları dosent Mitat Durmuş Türkiyə ədəbiyyatının, dosent Çulpan Zaripova-Çətin isə Tatarıstan ədəbiyatının təmsilciləri kimi iştirak edib. Həmyerlimiz Afina Məmmədli-Barmanbay konfransdaHüseyn Cavidin “Topal Teymur” əsərində Əmir Teymur obrazı” və “Əflatun Saraçlının şeirlərində dini-fəlsəfi ünsürlər” mövzusunda iki məruzə ilə çıxış edib. İnternet vasitəsilə aldığımız reportajda Afina Məmmədli-Barmanbay dahi şairimiz Hüseyn Cavidin yaratdığı qüsursuz Teymur obrazını və alimin atası olan görkəmli alim, şair, tərcüməçi, Gürcüstanın Şərəf ordeni laureatı prof. Əflatun Saraçlının şeir sənətini Böyük Əmir Teymurun vətənində təbliğ etdiyi üçün məmnunluq hissi keçirdiyini qeyd edib.

Konfrans haqda təəssüratlarını bölüşən Afina Məmmədli-Barmanbay ilkxeber.org-a bunları deyib:

“Hüseyn Cavidin “Topal Teymur” əsərində Əmir Teymur obrazı” adlı məruzəmdə Teymur obrazı bütün yönləriylə təhlil edilərək tarixi qaynaglarla qarşılaşdırılıb. Rəqibləri tərəfindən “axsaq”, “topal” “Teymurləng”, “Tamerlan” adlandırılan Əmir Teymur haqqındakı bu əsərin adı “Topal Teymur” olaraq seçilsə də, əsərdəki Əmir Teymur obrazı bütün əzəməti ilə dünyaya olduğu kimi öz topallığına da meydan oxuyacaq səviyyədədir. “Topal Teymur” əsərində Əmir Teymurun siyasətə, müharibəyə, türkə, dosta, düşmənə, əhaliyə, qadına, dinə, fəlsəfəyə, sənətə, məhəbbətə, dünyaya, bəşəriyyətə baxışları, eləcə də bioqrafiyası və xarici görünüşü haqqında məlumatlar yer alıb ki, bütün bu hissələr birləşəndə nəhəng bir obraz meydana çıxır. Əsərin sonunda yazıçının axtarıb tapa bilmədiyi həqiqət və dünyanın məchulluğu Əmir Teymur obrazı vasitəsilə ifadə edilib.

“Əflatun Saraçlının şeirlərində dini-fəlsəfi ünsürlər” adlı məruzəmdə Azərbaycan ədəbiyyatı sahəsindəki elmi işləri və Azərbaycan-Gürcüstan ədəbi münasibətlərinə xidmətləriylə elm dünyasında xüsusi yeri olan prof. Əflatun Saraçlının şeir sənətinə müraciət edilib. Vətənpərvər şair kimi poeziya aləmində özünəməxsus yer tutan Əflatun Saraçlı aşıqların repertuarından düşməyən “Elim Saraçlıdır, Yurdum Borçalı” misralı məşhur şeiri ilə bütün Borçalı əhalisinin qəlbini fəth edən Əflatun Saraçlı öz şeirlərində milliyyətinin türk, imanının Quran, ölkəsinin isə əvvəlcə Bütöv Azərbaycan, sonra da bütün Türk dünyası – Turan olduğunu ifadə edir. Əflatun Saraçlının şeirləri haqqında yazılan tədqiqat işləri əsasən Vətən və millet mövzularına həsr edilib. Ümid edirik ki, ilk dəfə olaraq bütün şeirlərində dini-fəlsəfi ünsürlərin tədqiq edildiyi məruzəmiz Əflatun Saraçlının şeirlərinin daha ətraflı öyrənilməsinə yol açacaq”.

Daha sonra A.Məmmədli Səmərqənd, Daşkənd və Buxaranın tarixi yerlərini gəzib görmək üçün onlara yaxından köməklik edən Səmərqənd Dövlət Universiteti filologiya fakültəsinin dekanı prof. Juliboy Eltazarov və Daşkənddəki Özbəkistan Milli Universiteti xarici dillər fakültəsinin Özbək filologiyası kafedrasının müdiri, dosent Müqəddəs Abdürəhmanovaya minnətdarlığını bildirib.

http://ilkxeber.org/afina-m%C9%99mm%C9%99dli-cavid-axtarib-tapa-bilm%C9%99diyi-h%C9%99qiq%C9%99t-v%C9%99-dunyanin-m%C9%99chullugu-haqda-fikirl%C9%99rini-%C9%99mir-teymur-obrazi-vasit%C9%99sil%C9%99-ifad%C9%99-e/

Read 251 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR