Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 07 May 2019 06:24

O KƏSLƏR Kİ, ORUCA TAQƏTLİDİRLƏR...

Written by 
 Nəriman Qasımoğlu

Ramazan ayı ilə əlaqədar OXU-da ayələr var. Bəziləri orucluğun keçirilməsinə aiddir. 2-ci surənin 184-cü ayəsində orucun kimlər tərəfindən yerinə yetirilməsinə dair bir məqam vurğulanır. Bu barədə qeydlərimi paylaşmaq istərdim.

Ayənin hərfən tərcüməsi belədir: “Bu, sayılı günlərdə... Sizdən kim xəstə, yaxud yol üstə oldusa..., bir neçə başqa gündə... O kəslər ki, ona taqətlidirlər, üstlərində bir qarşılıq ödənci – bir yazığın yedizdirilməsi. Kim könüllü olaraq bir xeyir iş görərsə, bu ona daha yaxşı. Oruc tutar olsanız, sizdən ötrü bilsəydiniz xeyri var”.

5-6 il öncə bir qrup gənc (üzrlü bilsinlər, adlarını unutmuşam, amma profillərindən biri budur: Araşdıraq Öyrənək ) diqqətimi ayədəki “taqətlidirlər” sözünə çəkib xahiş etmişdi ki, ayədən hansı nəticə çıxa bilir deyə fikrimi bildirim. Onlara təşəkkür edirəm ki, hələ o zaman fərqli bir təfsirin meydana gəlməsinə təkan vermişdilər.

Öncə qeyd edim ki, ayədəki “o kəslər” ənənəvi tərcümələr və təfsirlərdə bir qayda olaraq “oruc tutmağa gücü çatmayanlar”, yaxud “çətinliklə tab gətirənlər (ahıllar və s.)”, bəzi hallarda isə, “oruca tab gətirə bilən, amma sadəcə oruc tutmayanlar” (bu sonuncunu mötərizədə yazırlar) kimi təqdim edilirlər. Təlqin olunan ümumi fikir ondan ibarətdir ki, onlar oruc tutmaya bilərlər, orucdan azaddırlar, buna görə də əvəzində yeyəcəkləri miqdarda kasıbları doyuzdurmalıdırlar.

“Oruc tutmağa gücü çatmayanlar” ifadəsi yanlış tərcümədir. Ona görə ki, mətndə müvafiq feilin məzmununa uyğun deyil. “Yutı:qı:nəhu” kimi verilən feil inkar ədatı ilə işlənmir ki, bunu “oruca taqəti çatmayanlar” kimi təqdim edəsən. Mətndə feilin qrammatik məzmunu açıq-aydın orucu tuta bilənləri, buna taqətli olanları bildirir.

“Çətinliklə tab gətirənlər” ifadəsi də yanlışdır, mətnin əslində buna da yer yoxdur.

Müvafiq sözü OXU-da necə var, elə qəbul etdikdə, düşünürəm, iki fərqli təfsiri məqbul saymaq olar.

1-cisi, ənənəvi təfsirlərin bəzilərindəkidir, yuxarıda qeyd etmişəm: “oruca tab gətirə bilən, amma sadəcə oruc tutmayanlar”. Yəni qəbul etmək olar ki, söhbət oruca tab gətirə bilənlərdən getsə də, belələri hansısa səbəbdən oruc tutmaya bilərlər. Çünki “oruca taqətli olmaq” keyfiyyəti özlüyündə hələ “oruc tutmaq” zərurətini ifadə etmir. Məntiqli səslənir ki, özünü fiziki baxımdan bu ibadətdən kənar tutan şəxs savab qazancı naminə heç olmazsa qarşılıq ödəmək qayğısına qalsın.

2-cisi isə, şəxsən gəldiyim qənaətlə bağlıdır. OXU məntiqi və sözünə uyğun gələrdi belə bir fikrə yer verəsən ki, orucluq ibadəti mahiyyətcə fiziki məzmunla sərhədlənmədiyinə görə, bunu yerinə yetirənlər həm fiziki, həm də maddi baxımdan taqətli olanları təmsil edirlər. Bu səbəbdən də onlara xatırladılır ki, oruclarını mənəviyyat əlavəsi ilə - kasıblara yardımetmə vəzifəsi ilə tamamlasınlar.

Belədə təsəvvür edirəm, sual sual ardınca gələr bilər: 1. Bəs nəyə görə bu xeyirxahlıq ayənin əslindəki “fidyə”, yəni “qarşılıq ödənci” sözü ilə vacib bilinir və oruca fiziki taqəti olan nəyin qarşılığında maddi imkanı olmayanı doyuzdurmalıdır; 2. Oruca fiziki imkanı olan, maliyyəsi məhdud kimsələr necə, onlar damı fəqiri yedizdirməlidirlər?

Cavablarımı belə ifadə edərdim. 1. Orucluq ibadətinə taqətli olanlar Tanrıya şükranlıqla fərqinə varmalıdırlar ki, onların bu fiziki imkanı Rəblərinin lütfündəndir. İbadət qarşılığında qazanacaqları savab o halda tamamlanmış olur ki, bunun qarşılığı insanlıq naminə elə dünya həyatındaca ödənsin. 2. Oruca fiziki imkanı çatan və bu üzdən oruc tutmağa könüldən qatlanan, amma maddi imkandan məhrum şəxs isə orucluq ibadətinə tam mənada (maddi imkanla tamamlanan mənada!) taqətli birisi deyil, beləsinin üzərində “fidyə”, yəni başqasını yedirtmə kimi qarşılıq ödənci ola bilməz.

Məqbul hesab etdiyim ənənəvi təfsirlə bu dediyim yeni təfsiri qarşılaşdırıb üstünlüyü ikinciyə verərdim. Bəsit səslənsə də belə bir sual yerinə düşər: oruca taqətlisənsə, niyə də oruc tutmayasan?

Elə bilirəm, bu yeni təfsir cəmiyyətdə sosial yardımlaşma vərdişləri və ənənəsinə daha böyük bir töhfə olardı. Həm də nəzərə alınmalıdır ki, buna elə həmin ayədəcə təşviq var: “Kim könüllü olaraq bir xeyir iş görərsə, bu ona daha yaxşı”.

 
Read 287 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR