ÖMƏR FAİQ NEMANZADƏ – 150
- 31-10-2022, 12:54
- ИСТОРИЯ И ОБЩЕСТВО
- 0
- 970
Solmaz Toqidi-Rüstəmova, tarix elmləri doktoru, professor
Ömər Faiq bəy nə üçün bizim müasirimizdir ?
Azərbaycanda Maarifçilik, İctimai-Siyasi və İnqilabi fikir, Nəşriyyat və Mətbuat tarixinin ən görkəmli nümayəndələrindən biri, böyük, şərəfli, eyni zamanda keşməkeşli və faciəli ömür sürmüş Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illik yubiley tədbirlərinə hazırlaşırıq.
Bu tədbirlərdən bir neçəsinin təşkilatçısı kimi mütəxəssisləri, söz və fikir adamlarını, media nümayəndələrini, tələbələri bu yubileyin Ömər Faiqin adına layiq keçirilmsində iştiraka dəvət edirəm.
Belə ki, Ö. F.Nemanzadənin zəngin yazılı irsi, maarifçi, mühərrir-naşir, məşhur “Molla Nəsrəddin” jurnalının yaradıcılarından biri kimi fəaliyyəti, Axıska Türkləri və Gürcüstandakı türk-azərbaycanlı əhalinin hüquqlarının müdafiəçisi, Cümhuriyyət hökuməti ilə sona qədər əməkdaşlıq etmiş ziyalı-vətəndaş mövqeyi, rus, gürcü, sovet cəza orqanları tərəfindən dəfələrlə həbslərlə müşayiət olunan və Stalin repressiyaları dövründə son qoyulan faciəli həyatının çox səhifələri hələ də tam araşdırılmayıb və geniş ictimaiyyətə çatdırılmayıb. Son nəhayətdə, əminliklə demək olar ki, Ömər Faiq Nemanzadə Azərbaycan xalqı və cəmiyyəti qarşısında xidmətlərinə görə hələ də layiq olduğu tam qiyməti almayıb. Ümid edək ki, bu yubileyin keçirilməsi ilə bağlı verilmiş Prezident Fərmanı və ümumiyyətlə, azərbaycanlıları sivil millət etmiş Böyük Şəxsiyyətlərimiz qarşısında öz şəxsi borcunu anlayan hər bir ziyalımız və qələm əhli Ömər Faiq bəyin xatirəsini yaşatmaq, onu tanımaq və tanıtmaq üçün öz imkanları daxilində, ən azı yazı və məqalələrindən seçmələr yaymaqla, bir işə öz töhfəsini verəcəkdir.
Mən özüm bu münasibətlə edəcəyim məruzə və çıxışlarımı “Ömər Faiq Nemanzadə nə üçün bizim müasirimizdir?” başlığı altında hazırlayıram.
Ömər Faiq bəyə məxsus aşağıdakı sətirlər bu başlığın seçilməsi səbəbini, zənnimcə, məndən yaxşı anladır:
“Görürəm hamının başı şəxsi rifahına qarışıb. Hərə bir yolla – kimisi ibadət etməklə, kimisi ənənələrə riayət etməklə – hər kəs öz imkanları daxilinidə öz həyatının qurtuluşu ilə məşğuldur: mömin ibadəti ilə, ruhani ianə yığmaqla, ziyalı şəxsi maraqlarına qulluq etməklə, varlı isə sərvət toplamaqla, bir sözlə, hərə özünü, sırf öz canını qurtarmağa çalışır. Bundan da hər bir millətdə mütləq mövcud olan ictimai rəyin bizdə tamamilə yox dərəcəsində olduğu qənaətinə gəlinir, bizdə hələ öz taleyimizi xalqın, millətin taleyinə bağlamaq şövqü yaranmayıb, biz hələ xalqın dərdinə öz dərdimizə acıdığımız kimi acımağı öyrənməmişik...”