Ev sahibi qonağı xoş üzlə qarşılayır, əl-üz yumaq üçün isti su verir və onu evin yuxarı başına aparır. Qadınlar dərhal qonaq üçün yemək hazırlamağa girişirlər. Əgər evdə heç nə yoxdursa, un, yağ və qatıqla hazırlanan yemək bişirilir. Əgər ailə oruc tutubsa, bunun qonağa dəxli yoxdur – qonaq istisnadır, ona olan münasibət – ailənin şərəfidir. Əgər qonaq evdə süfrəyə yemək verilən vaxt gələrsə, bütün ailə üzvləri dərhal yerindən durur, ən hörmətli yeri qonağa verir. Qonağın qabağına yemək qoyulana kimi heç kəs əlini süfrəyə uzatmır. Bu zaman evin uşaqları sakitcə oturur, söhbətə qarışmır. Belə tərbiyə ilə böyüyən uşaqlar üçün qonaq ailə şərəfinin rəmzinə çeyrilir.