Sabirə sevgi aşılayan sovet araşdırmaçıları onu din əleyhdarı kimi təqdim etmişlər. Molla, axund, zahid, minbər, oruc, namaz, müsəlman, sünni, şiə, məzhəb, şəriət, çoxarvadlılıq, hicab və s. və i. sözlərin Sabir şerində tənqidə tutulan zümrələrə aidiyyatı olduğundan onu din düşməni kimi təbliğ etmək sovet rejimi üçün asan və sərfəli idi. «Hophopnamə»nin daha ciddi araşdırılması isə ortalığa maraqlı faktlar qoyur ki, bunlar Sabir və onun zamanı timsalında təktanrılıq-bütpərəstlik ziddiyyətlərinin, başqa sözlə, gerçək din dəyərlərinin toplumda təsdiqi uğrunda və din bütpərəstliyinin, din saxtakarlığının, mövhumatçılığın, cəhalətin əleyhinə bədii söz səviyyəsində aparılan mücadilənin cizgilərini gözəl bir şəkildə üzə çıxarır.