Əlbəttə, özünü “biz” adlandırıraq özünə “siz” dedirtmə ənənəsində təkəbbürdən doğan mənəvi-əxlaqi kəsirin də yer aldığı şübhəsizdir. Ərəb müəllifləri Oxudakı Rəbbin “Biz”inin izahı üçün cahiliyyə dövrü ənənəsinə istinadən bu təkəbbürü qeyri-ixtiyari olaraq Rəbbə də aid edirlər. Bəli, Oxu mətninin bir ayəsində Rəbbə xas isimlərdən biri orijinalda “mutəkəbbir”, hərfən tərcümədə “təkəbbürlük edən”, “kibrli”, “böyüklənən”dir: “Odur Tanrı, Ondan başqa ilah yox! Məlik, müqəddəs, sülh, inanan, qayğıcıl-baxan, güclü, tabe etdirən, böyüklənən! Tanrı ucalar ucası, ucasında o nəsnənin ki, ortaq qoşurlar” (59:23). Məsələ burasındadır ki, təkəbbür Oxu ayələrində insana aid kontekstdə istər bu feili sifətlə, istər feilin bütün şəkillərində ifadə edilsin, məhz mənfi, xoşagəlməz, ilahi qınağa tuş gələn, kafirə xas mənəvi qüsur kimi təlqin edilir (16:23; 16:29; 40:35 və s.). Bəs bəndəsinə rəva görmədiyini Rəbb Özünə necə rəva bilir? Bunu belə izah edirlər ki, Rəbbin böyüklənməyini O-nun hər qüsurdan, eləcə də kafirlərin ona şərik bildiklərindən uca olduğunu bəlirtmək istəyi kimi anlamaq lazımdır. Biz isə bu kontekstdə başqa bir yanaşmanı üstün tuturuq. Hesab edirik ki, aləmlərin Rəbbinin Oxuda yalnız bir ayədə “böyüklənən” kimi Özünütəqdimi mömin şüuruna deyil, kafir-bütpərəst şüuruna yönəlik məzmundadır. Bütpərəstin davranışı adətən təkəbbürlüdür və belə ola-ola özündən daha yüksək sosial statuslu birinin təkəbbürü eləsində qorxu, təzimetmə ovqatı yaradır. Başqa sözlə, Rəbbin təkəbbürü kafirin təkəbbürünü sındırmaq üçündür. Oxuda düşmən fəndgirliyi, məkrinə qarşı Rəbbin daha üstün və usta fəndgirliyi də vurğulanır ki, bununla kafirlərlərin möminlər əleyhinə qurduğu quramalar baş tutmasın: “Onlar fənd işlətdilər, Tanrı da fənd tərpəndi. Tanrı fənd quranların ən xeyirlisi” (3:54). Yeri gəlmişkən İslam əleyhdarları “Allahın məkri”, “Allahın fəndi”, “Allahın hiyləsi” kimi tərcüməyə gələn “məkru-llah” ifadəsini primitivcəsinə belə manipulyasiya edirlər ki, baxın, müsəlmanların kitabında onların Allahı məkrli olaraq da təqdim edilir. Kafir xüsusiyyətinə aid təkəbbürün, eləcə də məkrin-fəndgirliyin Rəbbin nümunəsində möminlər üçün dərsi ondan ibarətdir ki, düşmən təkəbbürü səni qorxutmasın, Rəbbinə sığınaraq sən onu qorxut, düşmən sənə qarşı məkrli plan işləyirsə, sən Oxu-lu ol, bilikli ol, ondan ağıllı tərpən, onun planını heçə çıxar və s.