Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Gulnara

Gulnara

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Mauris hendrerit justo a massa dapibus a vehicula tellus suscipit. Maecenas non elementum diam.
Website URL: http://smartaddons.com
19.03.2019 08:56

Qasım Qasımzadə

TƏBİƏTİN QIZ VAXTIDIR

 

Günəş baxır təbəssümlə –
Duman dönür qızıl tülə,
Buzlu şırran gəlir dilə:
Novruz çatıb yaz vaxtıdır.

Yolda dardan dara düşüb,
Çox tufana, qara düşüb
Bədxahları tora düşüb,
Kef-damağın saz vaxtıdır.

Şimşək çaxır, biz də çaxaq,
Yığıb dərdi qalaq-qalaq
Komasına qoy od vuraq,
Ocaq vaxtı, köz vaxtıdır.

Ara, axtar hər guşəni,
Gəz çəməni, gəz meşəni,
Opüb ayılt bənövşəni,
Təbiətin qız vaxtıdır.

Başqalaşıb üzü dönsə,
Çiçək üstdə qar görünsə,
Hərarəti artsa, sönsə,
İncimə ki, naz vaxtıdır.

Küsmüsənsə barış bu gün,
El-obaya qarış bu gün.
Gözaltınla danış bu gün,
Əhdin-eşqin düz vaxtıdır.

Çərşənbənin son axşamı,
Qoşa yanır tale şamı.
İstəyinə çatsın hamı,
Hər qismətin öz vaxtıdır.

 

18.03.2019 13:31

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik?

-Moskva Dövlət Universitetində təhsil almısınız. Elmi işinizin adı “Əxlaq və siyasətin nisbətinin müasir burjua konsepsiyalarında tənqidi”dir. Sizə elə gəlmir ki, müdafiə etdiyiniz iş artıq müasirliklə heç cür səsləşmir?

-Mənim birinci namizədlik işim fəlsəfə üzrədir. 1980-ci ildə Moskva Fəlsəfə İnstitutunda olub. O zaman mənim 26 yaşım var idi. Doktorluq işini də SSRİ dövründə müdafiə etmişəm.

O işlər sovet vaxtı yazılıb. Onların adlarını dəyişdirmək olmaz. Sonradan isə mən fərqli məsələlərlə məşğul olmuşam. Ən azından multikulturalizmin fəlsəfəsi ilə bağlı, “Maarifçilik fəlsəfəsi və Zərdabi”, “Müasir fəlsəfənin yeni baxışları”  adlı əsərlərim var.

Sovet vaxtı ilə müqayisədə yanaşmalarımda dəyişikliklər var. Bununla belə bütövlükdə demək olmaz ki, SSRİ vaxtı etdiklərimizin hamısı yanlış idi. Təbii ki, sovet zamanı fəlsəfədə ideologiya böyük yer tuturdu. Ancaq o zaman da zəif fəlsəfi işlərlə yanaşı, keyfiyyətliləri də var idi. İdeoloji örtüyü çıxmaq şərti ilə o yaxşıların içərisindən fəlsəfi ideyaları seçmək, tapmaq lazımdır.

-Sizdə bu gün də sovet ideoloji cizgiləri qalıbmı? Bu sualı ona görə verdim ki, özünüz də kommunizm ideologiyasının üstündən tam xətt çəkməyin yanlış olduğuna işarə etdiniz. 

-Siz konkret olaraq məni deyirsiniz?

-Bəli, sizin şəxsinizi nəzərdə tutdum. 

-Açığını deyim ki, yox. Çünki 1980-ci illərin axırından etibarən etika elmi ilə məşğul idim. Etikada marksçılığa çox böyük yer verilmirdi. Leninin də belə bir fikri var ki, etikada bir qram da marksizm yoxdur. Bu da onu göstərir ki, etika digərlərindən fərqli olaraq marksizmdən uzaq idi. Etika elmi vicdan, mənəviyyat, tolerantlığı araşdırır. Marksizm-leninizm isə heç də tolerant deyildi.

Bir şeyi də qeyd etmək istəyirəm. Biz bir əsərin burjua fəlsəfəsinin tənqidi ilə də məşğul olmuşuq. Ondan da imtina etmək fikrim yoxdur. Ona görə ki, burjua, Qərb fəlsəfəsi böyük bir möcüzədir, mədəniyyətin bir qoludur. Ancaq orada olan yanaşmaları seçmək, onları tənqid etmək lazımdır. Fəlsəfə özündən əvvəlkiləri tənqidlə özünün dərk etməsini yaradır. Hesab edirəm ki, burjua fəlsəfəsinin də tənqidi olmalıdır. Burjua fəlsəfəsinin özü-özünü tənqid edən qolları da var. Məsələn, postmodern fəlsəfə bütövlükdə Qərb mədəni əsaslarını, klassik əsaslarını darmadağın edir.

Elə Qərb filosofları var ki, onlara heyran qalıram. Ancaq tənqid də etməliyəm. Öz yanaşmamı tənqidlə təkmilləşdirirəm.

-Dediniz ki, özündən əvvəlki düşüncə sistemlərini tənqid etməklə özünüdərk formalaşır. Azərbaycan necə, fəlsəfi baxımdan özünüdərk mərhələsinə çatıb?

-Sovet vaxtı Elmlər Akademiyasında çox yaxşı fəlsəfi məktəblər olub. Onun təmsilçilərindən rəhmətlik Ziyəddin Göyüşov, bu gün də işləyən Zümrüd Quluzadənin adlarını çəkmək olar. Çox böyük hörmətim olan akademik Ramiz Mehdiyevin fəlsəfi əsərləri də var. Bu böyük əsaslar SSRİ zamanında qoyulub. Bundan qaçmaq yox, oxumaq, izləmək, inkişaf etdirmək lazımdır. Bütün bunlar göstərir ki, Azərbaycan fəlsəfəsi sovet zamanında öz inkişaf yolunu keçib.

Digər tərəfdən biz tənqidlə fəlsəfi tənqid arasındakı fərqi anlamalıyıq. Fəlsəfi tənqid bir tərəfdən analiz edir, sonra isə sintez edir. Sintez o mərhələdir ki, filosofun yanaşmasını təkmilləşdirir. Bizdə isə hazırda sintez problemi var. Əslində bütün dünyanın fəlsəfəsində bu problem var. Məsələn, filosoflardan biri Kantın fikirlərini işləyir. Lakin sonradan onu sintez edən müasir kantçılıq yaranır. Kantçılıqda Kantı tənqid edən az deyil. Amma kantçılıq bütövlükdə Kantın adı ilə bağlıdır.

Hesab edirəm ki, biz fəlsəfi tənqidi adi tənqiddən ayırmalıyıq, onların arasında fərqi görməliyik. Aydındır ki, Kantı tənqid etmək olar. Amma o elə böyük filosofdur ki, heç kim müasir şəraitdə ondan yan keçə bilməz.

-Fəlsəfədəki rəngarənglik, cümlələrdəki bədii-estetik şirinlik insanı cəlb edir. İnsan fəlsəfədən nəsə mütaliə edəndə, sanki başqa bir aləmə qədəm qoyur. Sualım isə belə olacaq. Fəlsəfə ilə dünyanı tam dərk etmək mümkündürmü? Onu da nəzərə alın ki, müasir dövrdə fəlsəfə ilə elm arasında fikir ayrılıqları da yaranır: kimisi fəlsəfəni elmə qarşı qoyur, kimisi isə tərkib hissəsi sayır. 

-Fəlsəfə yaranandan bəri filosoflar arasında ciddi fikir ayrılıqları olub. Elmi fəlsəfə, gözəllik, əxlaqi fəlsəfə var. Elmi fəlsəfə elmidir. Gözəllik, təbiətin fəlsəfəsi isə elmdən yan keçir. Belə ikitirəlik bu günə qədər də saxlanılıb. Bir qisim  hesab edir ki, fəlsəfənin vaxtı qurtarıb, o, elm deyil, gözəl mənzərə və yazılardır. Digərləri isə düşünür ki, fəlsəfə hələ də elm kimi qalır və inkişaf edir. Lakin müasir şəraitdə elm kimi olmaq fəlsəfə üçün çətindir.

-Niyə?

-Dekart həm riyaziyyatçı, həm fizik, həm də filosof idi. Bu o deməkdir ki, Dekart elmi bilirdi. Müasir şərtlərdə isə elmi bilən filosofa nadir hallarda rast gəlinir. Ona görə ki, elm elə böyük sahədir ki, onu tam anlamaq çətindir. Bununla belə, filosoflardan elmlə məşğul olanlar da var. Fəlsəfənin kimya, fizika, kimya, siyasət, mədəniyyətlə harmoniyası elmə töhfə verir.




-Normal fizika qanunları ilə kvant fizikası arasında fərqlər çoxdur. Kvant fizikası fəlsəfi çalarlarla zəngindir. Kvant mexanikasını sırf elm kimi qəbul etmək olarmı?

-Çox dərin sualdır. Həm fizika, həm də fəlsəfədə elə sahələr var ki, onlar qeyri-müəyyənliklə üzləşirlər. Bunu metafizika adlandırırlar. Bu, bir növ başlanğıcdır. Bu başlanğıc məsələlərdə elm də, fəlsəfə də dəqiq ola bilmir. Kvant fizikası da müəyyən mənada fizikanın başlanğıc problemləri ilə üzləşir. Bu baxımdan o, həm fizika, həm də metafizikadır. Fizikanın metafizik dünya ilə toqquşması var. Bu, fəlsəfədə də belədir.

Məsələn, “İnsan beyni, ağlı necə yaranıb?” kimi suallara hələ də dəqiq cavab verilmir. Genetika, biologiya, biofizika nə qədər inkişaf etsə də, ilki tapa bilmir. “Necə əmələ gəlib?” suala tam cavab tapılmayıb.

-Yəni əsas problem ilkin təkanın nə olmasını müəyyən etməklə bağlıdır. Elm də, fəlsəfə də bəzi məsələlərdə aciz kimi görünür. Bununla belə, elm əsasında müəyyən nəzəri yanaşmalar mövcuddur. Sizin də fikriniz maraqlıdır. Bizə həyat verən ilkin təkan nədir? Böyük bir yaradıcı qüvvəmi?

-Bu suala necə cavab versəm, dəqiq olmayacaq. Təcrübəm onu göstərir ki, dəqiq cavabı olmayan suallara cavab vermək lazım deyil. Elə fizik ya da filosof var ki, bu suala cavab verir. Amma təcrübəmiz onu göstərir ki, bu suallara cavab tapmaq çox çətindir.

-Fəlsəfə geniş, ecazkardır. Bəlkə də buna görədir ki, bəzən elmə müdaxilə edir. Məsələn, bu gün elmi təcrübələr aparılır, nəticələr isə dinin əsasları ilə səsləşmir. Buna kontur arqument kimi fəlsəfəni qoyurlar. Yaradıcı bir qüvvə varsa, fəlsəfə ilə onun tam dərk edilməsinə gedib çıxmaq mümkündürmü?

-Dini suallar inamla, vicdanla bağlıdır. Fəlsəfə isə elmi olmaq istəyirsə, təcrübə ilə məşğul olmalıdır. Təcrübə ilə yanaşsaq, dini həyatı təhlil etmək olar. Amma dinin necə əmələ gəlməsi, Allahın var olub-olmaması barədə suallara cavab vermək çox çətindir. Olsa da, elmi cavab olmayacaq. İnamdan danışanda isə, ora fəlsəfəni qatmaq lazım deyil. Adam inanır ya da inanmır – öz işidir. Fəlsəfədə aqnostisizm anlayışı var. Yəni, nəyi bilmiriksə, ona cavab verə bilmərik. Amma nəyi bilmiriksə, ona inana bilərik.

-İlham Məmmədzadə hansı kateqoriyaya aiddir? Aqnostik, ateist, panteist, ya deist? 

-Səmimi cavab verəcəyəm. Şəxsən mən çalışıram ki, elmdə nəyi dəqiq yoxlaya bilirəmsə, o suallara cavab verim. Bir insan kimi inanıram, vicdanım da var. Çalışıram ki, vicdanla yaşayım.

-İnanırsınız, amma vicdanınıza. Bəs dinlərin bizə təqdim etdiyi ali şüurun mövcudluğuna, bir az sadə desək, Allahın varlığına inanırsınızmı?

-Bu suala cavab vermək mənim üçün çox çətindir. Elə çətin vəziyyətə düşən insan olur ki, yaradıcı bir qüvvənin varlığına inanır. Tanrıdan kömək diləyir. Mən də bu işlərdə fərqli biri deyiləm. İnanıram və gözləyirəm ki, hansısa bir güc dünyanı fəlakətdən xilas edəcək. Bununla belə, inanım üçün elmi əsaslar yoxdur. Bəlkə də, onlar elə gizli qalıb ki, onu dərk etməyə biliyim çatmır.



-Metafizikadan söz açdınız. Ruhlar, cin kimi metafizik varlıqlara fəlsəfənin yanaşması necədir?

-Metafizika Aristoteldən gələn bir məfhumdur. Bu məfhum Aristotelin “Etika” əsəri ilə çox sıx bağlıdır. Etikada metafizikanın yeri böyükdür. Ona görə ki, əxlaqın, mənəviyyatın necə yarandığı bəlli deyil.

Bu baxımdan metafizik suallar etikanın əsasında durur. Mənim özümə gəlincə... Axır vaxtlar bir əsər üzərində işləyirəm. Açığı, çox çətindir. Təxmini desəm, beyin, həyat, kimya prosesləri ilə bağlıdır. Bu suallarla maraqlanıram. Məsələn, insan beyninə müasir əxlaqi proseslər necə təsir göstərir? Ya da onların kimya proseslərindən nə qədər asılılığı var? İndi axtarışdayam. Çalışıram ki, beyindəki proseslərlə bağlı keyfiyyətli əsər yazım.

-Bayaq səsləndirdiyim sualı bir başqa formada qoymaq istəyirəm. Deyək ki, təkamül təlimini sübut etmək üçün ortaya qoyulan elmi eksperimentlərə qarşı fəlsəfəni ortaya qoyurlar. Fəlsəfə niyə görə elmi təcrübələrə qarşı sipər kimi istifadə olunur. Bu, fəlsəfənin inandırma qabiliyyətinin daha güclü olmasından irəli gəlir?

-Yaxşı sualdır. Hesab edirəm ki, güclü filosof və ya alim görüşəndə onlar ümumi dil tapırlar. O da aydındır ki, alimlər, filosoflar arasında fərqli fikirdə olanlar da çoxdur.

Düşünürəm ki, Karl Marks həm böyük iqtisadçı, həm siyasətşünas, həm də filosof olub. Halbuki, onun siyasətşünaslığı, iqtisadi və fəlsəfi modelləri bir-biri ilə toqquşublar, ziddiyyət təşkil ediblər. Bu, o deməkdir ki, bir alim ya da filosof böyük suallara cavab axtararkən dərin ziddiyyətin içərisinə düşür.

Marksın kommunizm ideyasının onun iqtisadçı olması ilə bir əlaqəsi yoxdur. Amma kommunistlərin siyasətini Marks müəyyən edib. Bu, paradoksdur. Lenin deyirdi ki, etikada marksizm yoxdur. Amma Marksın əsərlərində etik, əxlaqi suallara cavablar verilir.

-Etika sahəsi ilə məşğulsunuz. Azərbaycanda ən çox hansı peşə sahibləri etika qaydalarını pozurlar? 

-Etika standartları dəyişkəndir. Bu gün yeni stereotiplər yaranır. Faktiki olaraq bu gün qloballaşma şəraitində etika qaydaları sürətlə dəyişir. Bu gün etik standartların konkret nə olmasına cavab vermək o qədər də asan deyil.

Aydındır ki, dünyanın bir çox regionunda böyük tektonik proseslər gedir. Geosiyasi, tarix dəyişmələr baş verir. Bu fonda etik qanunlara riayət elə də asan məsələ deyil. Ya da bazar iqtisadiyyatı. Bazar iqtisadiyyatına keçiddə iqtisadi qanunlar yaranır. Amma insan beynində, əxlaqında dəyişikliklərin olması çox böyük dövr tələb edir. Çünki sovet vaxtında bərabərlik üstün tutulurdu.

Hamıya təzyiq etməklə bu ideyanı qəbul etdirmək istəyirdilər. Bu gün isə biz aydın görürük ki, bərabərlik və qeyri-bərabərlik bir-biri ilə çox çətin konfiqurasiya yaradır. Bərabərlik və ya qeyri-bərabərlik elə də asan bir şey deyil ki, onlar güclə reallaşsınlar.

Biz addım-addım çalışmalıyıq ki, insan xeyir və şər arasında birincini seçsin.



-Məncə xeyir və şər haqqında fikirlər hamısı nisbidir. Sizcə, həqiqətən də xeyir və şər qüvvə varmı? Varsa, onlar hardadırlar? Xeyir və şər qüvvə təbiətin özüdürmü? Çoxlu suallar ortaya çıxır. 

-Sovet vaxtında hesab olunurdu ki, bərabərlik xeyir, qeyri-bərabərlik isə şərdir. Biz isə indi görürük ki, bərabərlik özü də şər ola bilər. Qeyri-bərabərlik də həmçinin. Bu o deməkdir ki, müasir şəraitdə baxışlar dəyişib, mürəkkəbləşib. Bir tərəfdən xeyir və şər metafizikdir. Çünki onları tutmaq çətindir. Digər tərəfdən isə onların yeri var. Məsələn, sevgi, nifrət. Biz yaxşı bilirik ki, şər də var, xeyir də var. Onlar bizim addımlarımızda, ideyalarımızdadır.

-Dünyadakı kataklizmlər kontekstində demək olarmı ki, şər xeyir üzərində qələbə çalıb?

-Aqşin, yaxşı suallar verirsən. Sovet zamanında Hegeldən gələn belə bir tendensiya var idi ki, dünya həmişə tərəqqiyə doğru gedir. Amma zaman göstərdi ki, bu proqress elə də aydın bir yol deyil. Geriləmə də, qayıtmaq da, yenidən əvvəlki dalğalara minmək də var. Bu o deməkdir ki, tərəqqi tutulması çox çətin olan bir şeydir. Bir tərəfdən 20-ci əsr tərəqqi əsri idi. Başqa yandan isə yox. Çünki 2 dünya müharibəsi olub, nə qədər adam qırılıb. 21-ci əsrə qiymət vermək isə lap çətinləşib. İnsan öz həyatına qiymət verə bilər, amma dünyəvi proseslərə qiymət vermək çətindir. Sizin sualların dərin qatlarına metafizik məqamlar çoxdur. Ona görə də, bu sualınıza birmənalı cavab verə bilmərəm. Bütövlükdə hamımız çalışmalıyıq ki, şərə xidmət etməyək.

-Yaxşı izah etdiniz. Görürəm ki, tolerant adamsınız. Yəqin ki, bu sualımdan inciməzsiniz. Nə zamansa bilərəkdən ya da bilməyərəkdən şərə xidmət etmişiniz?

-Heç zaman şəri seçməmişəm. Həmişə çalışmışam ki, xeyiri seçim. Ancaq hamıda səhvlər olur. Səhvsiz insan olmur. Ən yaxşısı odur ki, səhvlərini dərk edəndən sonra bir daha onu təkrar etməyəsən. İndi desəm ki, həmişə xeyirə xidmət etmişəm, yalan olar. Düzdür, həmişə xeyiri seçmişəm, amma nəticədə şərə xidmət etmişəm. Buna görə min dəfə özümü qınamışam. Söz vermişəm ki, bir daha səhvlərimi təkrarlamayım. Həyat riyaziyyatdan da, fizikadan da çətindir.

-Yəqin ki, din fəlsəfəsini də bilirsiniz. Mən belə düşünürəm ki, din fəlsəfəsi çox məhduddur. 

-Bəli, məhduddur. Orta əsrlərdə din fəlsəfəsi və fəlsəfə bütövlükdə birlikdə inkişaf edirdi. Bu sahələr bir-birindən ayrılmırdı. Misal üçün Qərbdə Akvinalı Fomanın filosof ya da dinşünas olmasını dəqiq demək mümkün deyil.

Şərqdə İbn Rüşd və Qəzali həm dini məsələ, həm də fəlsəfə ilə məşğul idilər. Bu gün din fəlsəfəsi ilə məşğul olanlar var. Ancaq mən elmi fəlsəfə ilə məşğul oluram. Buna görə də, əsərlərimdə elmi fəlsəfə üstünlük təşkil edir.

-Din fəlsəfəsini oxuyarkən insanı Allaha itaət etməyə çağıran mesajlar sizə təsir edirmi? Özümdən bir misal çəkəcəyəm. Doktor Əli Şəriətinin “Həcc” əsərini oxuyarkən daxili aləmimdə suallar yaranmışdı ki...

-Açığını desəm, məndə belə suallar yaranmır. Hesab edirəm ki, belə suallar elmi fəlsəfədən uzaqdır. Ancaq insanın da fəlsəfəsi olur. Əsas odur ki, adam bir başqasına bilə-bilə pislik etməsin. Mənim üçün bu, prinsipdir.

-Yəni, Allaha ibadət, dua arxa plandadır?

-Bəli, arxa plandadır.

-Nitsşe sizin nəzərinizdə filosofdur?

-O, böyük bir filosofdur. Amma yazı forması bəlkə də sırf fəlsəfi deyil. Hələ sovet fəlsəfəsi də Nitsşedən bəhrələnib.



-Nitsşe xristianlığı kəskin tənqid edib. Onun “Allah öldü, kilsələlər də onun baş daşıdır” ifadəsi nə qədər kəskin olsa da, özünə qədərki düşüncə sisteminə böyük zərbə idi. 

-Nitsşeni dəqiq başa düşmək, dərk etmək çox çətin məsələdir. Onun əsərlərini çox vaxt pis tərcümə ediblər. Alman dilində yazanlar da Nitsşeni asanlıqla dərk etmirlər. Çünki dili çox mürəkkəb olub. Onun “Zərdüşt belə deyirdi” əsəri çox çətindir. Buna görə Nitsşeni dərk etmək asan məsələ deyil.

Fikrimcə, Nitsşe “Allah ölüb” deyərkən, dünyada və həyatda Tanrının yerinin olmamasına işarə edirdi. O demək istəyirdi ki, insanlar Allahı unudub.

Bizim həyatda da belə hadisələr olur. Elə məqamlar olur ki, insanlar dini, imanı, vicdanı unudurlar. Bir-birlərinə nə qədər pislik var edirlər. Bu zaman insanların bir qisminin “Allah ölüb” deməyə haqqı çatır. Çünki xeyir yoxdur, hər şey şərdir. Bir tərəfdən isə görürük ki, belə düşünmək də lazımdır. Çünki çox adam Allaha inanır.

-Quranı oxumusunuz?

-Əlbəttə. İndi də oxuyuram.

-Sizə görə, Quran ayələrində həqiqətən də sirli, gizli mesajlar var? 

-Belə şeylər deyirlər. Mən belə başa düşürəm ki, böyük kitablarda həmişə gizli məlumatlar olur. Onu mərhələ-mərhələ başa düşürük. Bir neçə dəfə oxuyandan sonra başa düşürük ki, ayələr kodludur, yoxsa kitabın özünün dərinliyidir. Hesab edirəm ki, dərin kitabları yaxşı dərk etmək üçün bir neçə dəfə oxumaq lazımdır.

-Tolerantlıqdan danışdıq. Məncə dini kitablardakı bütün hökmləri heç də tolerantlıqla uzlaşdırmaq olmaz. 

-Aydındır. Səmavi kitablarda həm tolerantlığın, həm də qeyri-tolerantlığın idealı var. Burada təəccüblü bir şey yoxdur. Çünki biz həyatda da həm tolerantlıq, həm də dözümsüzlüklə üzləşirik. Ona görə də, səmavi kitablarda bu əks olunub. Görün nə qədər müharibələrə haqqında söz açılır. Eyni zamanda sülhə, əmin-amanlığa da çağırışlar var.

-Söhbət zamanı dediniz ki, əldə nəticə olandan sonra bəzi şeylər haqqında fikir söyləmək olar. Bu gün isə dinlə bağlı əlimizdə konkret dəlil – səmavi kitablar var. İndi nə deyəcəksiniz? Quran həqiqətən də səmadan gələn ilahi kitabdır?

-Bu haqda mütəxəssislər danışa bilər. Quranın böyük tarixi var, ondan nə qədər əsərlər, kitablar yazılıb.  Quran dərin kitabdır. İncil də, Tövrat da həmçinin. Bu kitablar böyük bir tarixin nəticəsidir. Quranı kim yazıb, bilmirəm, amma o dərin bir okeandır.



-Keçək institutunuzla bağlı suallara. Niyə passivsiniz?

-Mən belə hesab etmirəm. O da aydındır ki, fəallığa çərçivə yoxdur. Bizim əməkdaşlar xarici jurnallarda, konfranslarda tez-tez çıxışlar edirlər. Ən azından bizim bu il Fransanın Nitsa şəhərindəki konfransda bir qrup alimimiz iştirak edib. Təkcə mən yox, başqa alimlərimizin də xarici jurnallarda məqalələri çap edilir.

Bu məsələləri desək, passivlik olmadığını deyə bilərik. Bəs passivlik nədədir? Düşünürəm ki, bunların işıqlandırılmasında aktivlik yoxdur. Bəlkə də görülən işləri daha çox işıqlandırmalıyıq.

-Bəs niyə Azərbaycan dünya arenasına daha sanballı alimlər çıxara bilmir?

-Rusiya Fəlsəfə İnstitutuna getsəniz, görərsiniz ki, onlar bizim alimlərimizi yaxşı tanıyırlar. Rusiyanın ən qabaqcıl nəşrlərindən biri olan “Voprosı filosofiya” jurnalında alimlərimizin məqalələri çıxır. Bu il də 2-3 məqaləmiz çap olunacaq.

Fransanın Nitsa universitetində bizim filosofların işləri ilə tanışdırlar. Onlar bizim, biz də onların konfranslarında oluruq. Kitablarımız çap olunur. İtaliya alimləri ilə də əməkdaşlıq edirik. İran və Türkiyə filosofları ilə də münasibətlərimiz var.

-Mətbuatda bir ara yazılar çıxmışdı ki, Fəlsəfə İnstitutunda ikitirəlik yaranıb. Guya hansısa şöbə müdiri sizin işlərinizə mane olur. 

-Mən bu məsələni yenidən gündəmə gətirmək istəməzdim. Belə bir şey olmayıb.

-Alimlər maddi durumundan şikayətlənir. Mən istəyirəm ki, gördüyünüz işlərlə nəticəni müqayisə edib maddi durumunuzdan danışasınız. 

-Bazar iqtisadiyyatında hər bir insan bu problemlə üzləşir. Hamı çalışır ki, daha da çox qazansın. Elmdə qazanmaq asan deyil. Fəlsəfədə isə lap çətindir. Dərs deyirik, çalışırıq ki, qrantlar alaq. Çalışırıq ki, durumumuzu daha da  yaxşılaşdıraq.

-Səhv etmirəmsə, institut direktorları 700 manat alır. Özümü sizin yerinizə qoyuram və düşünürəm ki, o qədər də yüksək maaş deyil. 

-Aydındır ki, fəlsəfədə qazanmaq əsas deyil. Amma maaş azlığından narazılıq da var.

-Akif Əlizadə AMEA-nın prezidenti olandan sonra bir çox islahata start verdi. Onun işlərinin təsnifatını necə aparardınız?

-Akif Əlizadə akademiyanın prezidenti kimi islahatlar keçirir. İslahatlar həm metodoloji cəhətdən, həm idarəetmədə həm də tələbkarlıqda keçirilir. Akif Əlizadə elmlə təhsil arasında çərçivələri götürməyə çalışır. Bu, çox böyük bir addımdır və böyük güc tələb edir. Akif Əlizadə metodoloji cəhətdən çalışır ki, elmlərarası metodologiyanı ərsəyə gətirsin. İdarəetmədə də dəyişikliklər olub. Yeni institutlar yaradılıb. Akif müəllim bu istiqamətlərdə çox böyük uğurlara nail olub.




Söhbətləşdi: Aqşin KƏRİMOV

http://modern.az/az/news/110585?fbclid=IwAR1CSdlFpQZc8Q7WulqaxJKRy4A2imDemU7_K03CDYT8XB0dbuYgB_2hRWQ#gsc.tab=0

 
 
 
16.03.2019 07:23

İslam Həmrəyliyi İdman Federasiyasının Qadın və İdman Gender Bərabərliyi komitəsinin rəhbəri Könül Nurullayevanın müsahibəsini təqdim edirik

Yazıya məşhur ingilis mütəfəkkiri Mill Con Stüartdan gözəl bir sitatla başlamaq istərdim: “Bir sivilizasiyanın səviyyəsini ölçmək istəsəniz dərhal qadının həyat şərtlərinə baxın”. Gözəl deyimdir. Bu baxımdan cəmiyyətimizdə qadın fəallığına diqqət etmək yetərlidir. Xüsusilə son illər Azərbaycanda dövlətin və birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi layihələr Azərbaycan qadınının həyatında mühüm rol oynayır. Bu gün Azərbaycan qadını həyatımızın ən müxtəlif sahələrində uğurlara imza atır, öz potensialını realizə edir, cəmiyyətdə ciddi bir çəkiyə malikdir.

Bu gün siz oxucuların diqqətinə təqdim edəcəyi maraqlı bir müsahibə var. Könüllülük hərəkatından başalayaraq zərrə-zərrə uğurdan uğura imza atan gənc bir xanım, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının Qadın və İdman Gender Bərabərliyi komitəsinin rəhbəri, 2021-ci ildə İstanbulda keçiriləcək İslam Həmrəyliyi oyunları ilə əlaqədar yaradılmış beynəlxalq Koordinasiya komissiyasının üzvü Könül Nurullayeva sözügedən sahələrdə ciddi fəaliyyəti ilə seçilən, uğur qazanan xanımlardandır.

- Könül xanım, öncə sizin müasir Azərbaycan qadını haqqında düşüncələrinizi bilmək istərdik.

- Azərbaycan qadını dedikdə ilk növbədə gözümüzün qarşısına öz əzmkarlığı, analıq şəfaqəti ilə seçilən gözəl bir xanım obrazı gəlir. Ümumiyyətlə dünya mədəniyyət xəzinəsinə nadir incilər bəxş edən Azərbaycan xanımı Azərbaycanın milli mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında çox böyük rol oynamışdır. Azərbaycan xanımının bu günündən danışsaq, xüsusilə qeyd etmək istərdim ki , Azərbaycanda Dövlətin Qadın siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulmuşdur. Və bu gün bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Düşünürəm ki, Azərbaycanda qadınlara olan dəstək, bu baxımdan hüquqi, qanunvericilik bazasının formalaşması, qadının cəmiyyətdə rolunun möhkəmlənməsi və bu kimi görülən digər işlərdə Birinci xanım, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevanın əməyi yüksək səviyyədə qiymətləndirilməlidir. Mehriban xanım nəinki Azərbaycan xanımları üçün, mən deyərdim hətta dünya xanımları üçün çox gözəl bir xanım obrazıdr. Bəlli olduğu kimi, dünya arenasında Mehriban Əliyeva çox böyük titullara, mükafatlara layiq görülmüşdür. Amma bu nailiyyətlər asanlıqla deyil, çox böyük zəhmətin bəhrəsidir. Onun əziyyəti, zəhməti, həm Azərbaycan daxilində, həm də Azərbaycandan kənarda gördüyü genişmiqyaslı layihələrlə şərh oluna bilər. Bu fəaliyyət planı, geniş əhatədə görülən işlər biz gənclər üçün bir mesaj, stimul mənbəyidir. Bu uğurlu nümunə biz gənclərə Azərbaycan dövlətinə yararlı olan vətəndaş kimi formalaşmağımızda böyük əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, qadınların dövlət orqanlarında təmsilçiliyi, həmçinin qeyri dövlət sektorunda, vətəndaş cəmiyyətində fəaliyyəti, aktivliyi dəstəklənir. İstər dövlət strukturunda, istər qeyri dövlət sektorunda qadınlara verilən dəstək onların öz potensiallarını uğurla həyata keçirməyə yardım edir. Nəticə etibarilə bu gün Azərbaycan qadını həm dövlət, həm də özəl sektorda söz sahibidir. Əlbəttə, bu sevindiricidir.

- Ölkəmizdə gender bərabərliyinin təmin olunmasını necə şərh edərdiniz?

- Yəqin siz də razılaşarsınız ki, dövlətin həyata keçirdiyi qadın siyasətinin nəticələri xüsusilə son illər qabarıq formada müşahidə olunur. Elə bu siyasətin nəticəsidir ki, bir az öncə qeyd etdiyim kimi, qadınlar ən müxtəlif sahələrdə öz layihələrini, potensiallarını gerçəkləşdirir, yeni iş qurur və ya mövcud olan işini daha da genişləndirir. Deyə bilərik ki, 2008-ci ildə Gender bərabərliyi haqqında qanun layihəsi Milli Məclisdə qəbul olunduqdan sonra ölkəmizdə gender bərabərliyi təmin olunub. Hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunmasını, onların cəmiyyətin həyatında fəal rol oynamasını yetərincə müşahidə edirik. Sevindiricidir ki, ölkəmizdə qadınların hüquq bərabərliyini təmin edən qanunvericilik bazası mövcuddur. Bu qanunlar qadınlarımızın bütün sahələrdə uğurlu fəaliyyətini təmin edən faktor rolunda çıxış edir. Əgər daha öncələr qadınlar daha çox təhsildə, səhiyyədə təmsil olunurdularsa, bu gün sözügedən göstərici dəyişib. Xüsusilə son illər qadın sahibkarlığının inkişafı, istehsalın, xidmətin ən müxtəlif sahələrində qadın izi, qadın zəhmətinin çoxalması sevindiricidir.

- İdman sferasında çalışdığınız illərdə qazandığınız təcrübələr də maraqlıdır...

- Mənim idman sferasına gəlişim çox gənc yaşlarıma təsadüf etdi. Bir könüllü kimi idman oyunlarına olan böyük marağım məni MOK-un sıralarına qədər gətirdi. Əlbəttə, əlavə bir neçə dil bilməyim, işləməkdən, çalışmaqdan zövq almağım bu yolda mənə dəstək oldu. Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi kimi bir təcrübə qazandım. Bundan başqa, tərcümeyi halıma Avropa Olimpiya komitəsinin “İdmanda gender bərabərliyi” Komissiyasının üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, “Bakı 2020” Təşkilat Komitəsinin icraçı direktoru, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi kimi fəaliyyətlər də əlavə olundu. Daha sonra bir sıra idman tərbirlərinin baş koordinatoru olaraq, ölkəmizdə keçirilən bir çox konfrans, seminar, idman layihələrinə rəhbərlik etdim. Həmin layihələrə "MDB və Baltikyanı ölkələrin MOK liderlərinin Regional Forumu", "Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi", "Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə Avropa Təsnifat yarışı", "Bakı 2014" Avropa Atletika Konvensiyası, "Avropa Oimpiya Komitəsinin 43-cü Baş Assambleyası" və s. kimi tədbirlər daxildir. Bu gün isə mən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin 1963-cü ildən bəri seçilən ilk xanım üzvüyəm. Özündə 57 islam dövlətini birləşdirən bu təşkilat 1963-cü ildən fəaliyyət göstərir. Təşkilatda bir Azərbaycan xanımı ilə təmsil olunmağımız əlbəttə ki, dövlətimizin, xalqımızın uğurudur. İlk növbədə bizim dövlətimizin qazancıdır. Həm də bir azərbaycanlı olaraq, yeganə xanım kimi bu təşkilatda təmsil olunmağımdan qürur duyuram. Eyni zamanda, mən həmin təşkilatda İdman və Qadın Gender Bərabərliyi Komitəsinin rəhbəriyəm. Müxtəlif beynəlxalq tədbirlərdə məni məhz azərbaycanlı xanım olaraq təqdim edirlər. Dövlətimizin, xalqımızın adı çəkilir. Nə xoş mənə ki, bu təmsilçilik mənim taleyimə yazılıb, dövlətimizi, ölkəmizi təmsil etmək kimi şərəfli bir missiya mənə nəsib olub. Bildiyiniz kimi 2021-ci ildə beşinci İslam Həmrəyliyi oyunları İstanbul şəhərində keçiriləcək. O da məlumdur ki, Azərbaycan çox uğurlu bir şəkildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmişdir və həmin oyunların təşkilat komitəsinin rəhbəri də çox hörmətli Mehriban xanım Əliyeva idi. Bu dönəm tarixdə, İslam dünyasında qadının fəaliyyəti, qadın aktivliyi və İslam dünyasında ən uğurlu İslam Həmrəyliyi Oyunları kimi yadda qalan bir dövr oldu. Düşünürəm ki, Azərbaycan xanımlarının, xüsusilə gənclərin öz potensiallarını realizə etmək üçün çox münbit şərait var. Hansı ki, dövlət tərəfindən bu gün gənclər üçün hərtərəfli şərait, yetərli imkanlar yaradılıb. Əlbəttə, bu biz gənclərə verilən bir şansdır ki, onu öz bacarığımız, fəaliyyətimizlə dəyərləndirməyi bacarmalıyıq. Bu bizim üzərimizə düşən çox böyük məsuliyyətdir. Hesab edirəm ki, Azərbaycan gəncliyi bu islahatlra, bu qayğıya, diqqətə adekvat cavab verir. Və bu yöndə var qüvvəsi ilə çalışmaqda davam edir.

- Ölkəmizdə qadınların, xüsusilə gənc qızların idmana olan marağını necə dəyərləndirirsiniz?

- Öncə xatırlatmaq istərdim ki, ölkəmizdə idman sahəsində ilklərə imza atan qadınların sayı az deyil. Onlardan ilk qadın idman ustası olaraq Sona Qasımovanın, ilk qadın veteran idmançılarımızdan olan Nəsibə Şabanovanın, olimpia çempionlarımızdan Zemfira xanımın və s. adlarını qeyd etmək olar. Müstəqilliyimizi qazandıqdan sonrakı dövrə nəzər salanda görürük ki, idmanda əldə olunan uğurlar bir Azərbaycan xanımını güc strukturunda mötəbər bir vəzifəyə gələn yolda müşayiət edib. Və ya idmanda tanınaraq, uğurlara imza ataraq dövlət strukturunda təmsilçiliyə qədər gəlib çıxmış Aynur Sofiyevanı xatırlamamaq olmur. Yadınızdadırsa, Aynur xanım İslam dünyasında ilk qadın beynəlxalq qrossmeyster adına layiq görülmüşdür...

Azərbaycan müstəqilliyini qazandıqdan sonra Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq ölkəmiz qısa bir zamanda dünya idman sferasına inteqrasiya etdi. Bu inteqrasiya biz qadınlar üçün də yeni üfüqlər, yeni imkanlar açdı. Bu imkanlar da xanımlar üçün stimulverici faktor rolunda çıxış etdi. Bu gün də belədir. Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmanda qazanılan qələbələr, idmana, gənclərə dövlət qayğısı, həmçinin ölkəmizdə qadınlarla bağlı həyata keçirilən siyasət, qadın azadlığı, gender bərabərliyinin təmin olunması gənc qızların bu sahəyə marağının daha da artmasına səbəb oldu və ya gənc xanımların bu sahəyə üz tutmasına təkan verdi. Bu gün gözəl nəticələr də, nümunələr də var.

Yeri gəlmişkən, gələn il təmsil olunduğum təşkilat tərəfindən Əlcəzairdə və İstanbulda iki böyük seminarın keçirilməsi planlaşdırılır. Bu seminarların keçirilməsində məqsəd islam dünyasında qadınların maarifləndirilməsi , onların idmana daha da yaxınlaşması, idman sahəsində qadın aktivliyinin daha da artırılmasını təmin etməkdir. Və İslam Həmrəyliyi İdman Federasiyasının qarşıya qoyduğu prioritet məsələlərdən biri də , təkcə idmanda deyil, ümumiyyətlə müxtəlif sahələrdə islam dünyası qadınlarının fəallaşmasına nail olmaqdır. Hazırda həyata keçirilən genişmiqyaslı layihələr ən qısa zamanda qarşıya qoyulan məqsədə nail olunacağına güvən verir.

http://sia.az/az/news/social/729971.html

14.03.2019 08:34

Xanlar Həmid

Bu gün Azerbaycan xalqının BÖYUK OGLU , XALQ QEHREMANI BABƏKİN anım gunudur. Afşinin rehberlik etdiyi xelife ordusu 837-çi ilin avqustun 19- da Bezz qalaşını aldılar.Babek ermeni esilli Sehl ibn Sumbatın xeyaneti ile Afşine esir duşdu Afşinin ordu qerargahı Berzend qalası idi ki, Erdebil-Belasuvar yolunun 98 kilometrliyindedir.Bu gun de bu Qalayi Berzend kendi Yardımlı rayonun arxasında İran erazisinde Talış daglarının eteyindedir Böyuk Babeki esir tutandan sonra ora getirdiler Men Böyuk Babeke ehtiram namine orada bir neçe defe olmuşam Bu gun Böyuk Babekin anım gununde bu şeirimi paylaşıram

BABƏK

Çıxar qılıncını kes bizi, Babək
Bu donmuş qanımız yerlere axsın.
İsrafil surunu çal bize,Babək
Bu xalq mezarından ayaga qalxsın.

Bizi bile-bile zay eylediler,
Dağlar da utandı öz vuqarından.
Hebeş qullarına tay eylediler,
Surunduk yadların qapılarında.

Her xan xanesinde hökmdar oldu,
Yaddan çıxartdılar Azerbaycanı.
Her kesin tamahı canavar oldu,
Etdiler bir şikar Azerbaycanı.

Bizim qılıncımız öz başımızda 
Bu yağı duşmene keyfdir, neşedir.
Tarixin yalanı yaddaşımızda,
Tarixin kitabı çilik şuşedir.

Azadlıq meydanı, verdin şöhreti,
Uca kursulerde baş olanlara.
Verdin göz yaşını, verdin möhneti,
Şehid mezarında daş olanlara.

Azadlıq meydanı, esdi kulekler,
Seller,sular seni yudu doyunca.
Soyuq ureyini işitmek uçun,
Güneş ziyasını yaydı doyunca.

Besdir aramıza giribdir felek,
Her kes bir-birine arxa, ten olsun.
Qaldır bayragını, ey Böyuk Babək,
Azadlıq meydanı bu veten olsun!!!

XANLAR HƏMİD

14.03.2019 08:20

Oyunun eramızdan əvvəl III minillikdə Misirdə yarandığı güman olunur

İradə Cəlil, Sputnik Azərbaycan

Qobustan Milli Tarix-Bədii Qoruğu

© SPUTNİK / IRADE CELIL
Qobustan Milli Tarix-Bədii Qoruğu

Sputnik Azərbaycan-ın əməkdaşı aşkar edilmiş oyun haqqında ətraflı məlumat almaq məqsədilə Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. Qoruğun direktorundan aşkar edilmiş masaüstü oyun haqqında ətraflı məlumat əldə edib.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev
© SPUTNİK / IRADE CELIL
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev

Qoruğun direktoru Vüqar İsayevin sözlərinə görə, 2016-cı ildən icrasına başlanılmış "Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması" layihəsi çərçivəsində 500-dən artıq yeni təsvir aşkar edilib. Aşkar olunmuş təsvirlər arasında Qobustan üçün xarakterik olan təsvirlərlə yanaşı, yeni istiqamətli təsvirlər də var.

"Eramızdan əvvəl II minilliyin əvvəllərindən başlayaraq ticarət və miqrasiya vasitəsilə bu oyunlar Mesopatoamiyaya, Anadoluya, Kiprə və Azərbaycan ərazisinə yayılıb. Bu oyunun qaydaları tam bəlli olmasa da, bəzi tədqiqatçılar onun nərd oyununun qədim variantı olduğunu hesab edirlər. Bu oyun növündən Misirdə də aşkar edilib" - deyə direktor bildirib.

V.İsayev deyib ki, Tunc dövründə bu cür masaüstü oyunların müxtəlif versiyaları olub. Qobustanda aşkar olunmuş oyunun "Tazılar və çaqqallar 58 xana" oyunu adlandığı və eramızdan əvvəl III minillikdə Misirdə yarandığı güman olunur.

 

O, qeyd edib ki, qədim Misir fironunun məzarında arxeoloji araşdırmalar aparılan zaman bu oyunun taxtadan hazırlanmış forması tapılıb. Oyunda istifadə edilən daşlardan birinin başı çaqqal, digərinin başı isə tazı (it) olub. Oyunda 58 xana olduğu üçün oyun "58 xanalı Tazı və Çaqqal" oyunu adlanır.

Qobustan Milli Tarix-Bədii Qoruğunda 58 xanalı Tazı və Çaqqal oyunu
© SPUTNİK / IRADE CELIL
Qobustan Milli Tarix-Bədii Qoruğunda "58 xanalı Tazı və Çaqqal" oyunu

Müsahibimiz onu da vurğulayıb ki, dövrü masaüstü oyunlarının tədqiqatçısı, amerikalı arxeoloq, ABŞ-ın Arizona Dövlət Universitetinin Antropologiya bölməsinin əməkdaşı Valter Krist 2018-ci ilin yazında Azərbaycanda səfərdə olarkən sözügedən təsvirlə tanış olub: "O, ABŞ-ın Yaxın Şərq və Aralıq dənizi hövzəsinin qədim tarixini tədqiq edən "Amerika Şərq Tədqiqatları Məktəbləri" qeyri-hökumət təşkilatının Denver şəhərində keçirilən konfransında təsvir barədə məlumat verib. Bu məlumat böyük marağa səbəb olub".

Həmsöhbətimiz onu da vurğulayıb ki, bu oyun təsvirinin yerləşdiyi "Çapmalı" düşərgəsi 1970-1971-ci illərdə arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən arexeoloji qazıntılar vasitəsilə öyrənilib: "Tədqiqatlar nəticəsində məlum olub ki, bu düşərgə eradan əvvəl II minilliyin əvvəlindən orta əsrlərədək fəaliyyət göstərib. Düşərgədən aşkar olunmuş maddi mədəniyyət nümunələri və yaxınlıqdakı qayaüstü təsvirlərə əsasən demək olar ki, bu düşərgə dini ibadət yeri rolunu oynayıb".

İsayevin dediyinə görə, Qobustanın Böyükdaş və Cingirdağ adlanan ərazisində də Tunc dövründən başlayaraq, orta əsrlərə qədər olan dövrü əhatə edən müxtəlif quruluşlu oyun izləri aşkar edilib. Oyunlardan bəziləri müxtəlif formalarda bu günə qədər gəlib çıxıb. Məsələn, bizə məlum olan "Aşıq-aşıq", "Mərə-mərə", "Beş daş" oyunları bu tip oyunlardır.

  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğunda 58 xanalı Tazı və Çaqqal oyunu
  • Qobustan Milli Tarix-Bədii Qoruğunda 58 xanalı Tazı və Çaqqal oyunu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
 
1 / 17
© SPUTNİK / IRADE CELIL
Qobustan Milli Tarix-Bədii Qoruğu

Direktorla söhbətimizi bitirdikdən sonra "Çapmalı" yaşayış ərazisində üz tutduq. Qoruğun əməkdaşı Rəhman Abdullayev bizi oyunla tanış etdi.



Read more: https://sputnik.az/life/20190314/419727939/azerbaycanda-maraqli-sehne-ortaya-cixib.html

14.03.2019 06:58

Ethnoglobus.az- a İranın Bakıdakı səfirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, İran Azərbaycanla əməkdaşlığı infrastruktur layihələrdən daha artıq genişləndirmək niyyətindədir.


Bunu İranın iqtisad və maliyyə məsələləri üzrə Fərhad Dejpəsənd ötən gecə Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda İRİB müxbirinə verdiyi açıqlamada deyib.


F.Dejpəsəndin sözlərinə görə, İranın Azərbaycanla çox uğurlu və tarixi əlaqələri vardır.


Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının keçiriləcəyinə diqqət çəkən iranlı nazir iki ölkənin bəzi müştərək layihələrin icrasında çox yaxşı təcrübəsinin olduğunu deyib:
“Azərbaycanın Baş naziri, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Mərkəzi Bankın sədri, Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşlər keçiriləcək. Maliyyə, turizm, əkinçilik, dəmiryolu sahələrində ikitərəfli əməkdaşlıqlar haqda müzakirələr aparılacaq".
İranın iqtisad və maliyyə naziri Pirallahı Sənaye Parkı ilə də yaxından tanış olacaq.

13.03.2019 07:04

Təqdim etdi :Səməd Bayramzadə

Azərbaycan xalqı böyük və zəngin mədəniyyətin varisidir. Xalqımız tarix boyu ölməz dahi sənətkarımızı mehriban qoynunda bəsləyib tərbiyə etmişdir. Böyük dahimiz milli ədəbiyyatımızı yüksək zirvələrə qaldırmış və özlərinə solmaz şöhrət qazanmışdır.

Həmişə olduğu kimi XX əsrdə də Sovet Azərbaycanı bir çox böyük sənətkarlar yetişdirmişdir ki, bunların içərisində ən görkəmli yer tutanlardan biri də böyük dramaturq mərhum Cəfər Cabbarlıdır. Cəfər Cabbarlı Sovet hakimiyyəti illərində meydana çıxmış istedadlı dramaturq, şair, ədib, ssenarist olmaqla bərabər yaratdığı şah əsərlərlə nəinki təkcə Azərbaycan xalqının, hətta bütün Sovet İttifaqı xalqlarının dərin məhəbbətini qazanmış bir sənətkar idi. O, bir-birinin ardınca “Aydın”, “Oktay Eloğlu”, “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, “Yaşar”, “Almaz” və s. əsərlərini yazmışdır. Cəfər Cabbarlı Azərbaycan Sovet dramaturgiyasının banisi olmaqla bərabər milli teatr sənətimizin inkişafında da böyük rol oynamışdır. O, eyni zamanda bir neçə tamaşaların quruluşcu rejissoru olmuşdur.

O, klassik dünya ədəbiyyatının şah əsərləri olan Şekspirin “Hamlet”, “Otello” Şillerin “Qaçaqlar” əsərini də Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycan xalqının böyük vətənpərvər sənətkarı olan Cəfər Cabbarlı 31 dekabr 1934-cü ildə Bakıda vəfat etmişdir. Onun əsərləri yalnız Sovet ittifaqında yaşayan xalqların malı olmamışdır. İran Azərbaycanı teatrının inkişafında da Cəfər Cabbalının əsərlərinin təsiri olduqca böyük olmuşdur. Təbriz səhnəsində bugünə kimi tamaşaya qoyulan əsərlərin heç biri Cəfər Cabbarlının “1905-ci ildə”, “Od gəlini”, “Sevil”, “Aydın” əsərləri qədər tamaşaçılar tərəfindən alqışlanmamışdır. Bu əsərlər İran Azərbaycanının bir çox şəhərlərində, o cümlədən Təbriz, Rzaiyə (Urmiya), Ərdəbil, Marağa, Xoy, Salmas, Mərənd, Miyandoab, Maku və sair şəhərlərdə də böyük müvəffəqiyyətlər qazanmış və tamaşaçılar tərəfindən coşqun alqışlarla qarşılanmışdır.
İndi Cəfər Cabbarlını İran Azərbaycanında tanımayan və sevməyən bir nəfər tamaşaçı belə tapılmaz. Bu gün biz də Sovet Azərbaycanlıları kimi böyük dramaturqumuz Cəfər Cabbarlının xatirəsini möhtərəm tutaraq, onu milli iftixar hissi ilə yad edirik.

Cəfər Cabbarlı ölmüşdürsə də, onun yaratdığı ölməz əsərlər bizimlədir. Xalqımız bütün tarixi boyu ölməz sənətkarlarımızın adı ilə fəxr etdiyi kimi böyük dramaturqumuz Cəfər Cabbarlının da adı ilə fəxr edəcəkdir.

 

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, No 91, 2 yanvar 1946-cı il

12.03.2019 08:27

Gülnara İnanc , kvant psixoloqu

Müasir dövrümüzdə intiharların sayı artıb deyilir. Buna cavab olaraq demək olar ki, doğumlaırn da sayı artıb. Yəni yanaşma nisbidir.

Digər tərəfdənsə, intiharlar bütün zamanlarda olub. İnsanların sosial statusunun demək olar ki bərabər olduğu, tələbatların az olduğu Sovet dövründə də yaddaşımda bir neçə intihar hadisəsi qalıb. Uşaqkən qonşumuzun pəncərədən düşməsi, vəzifəli bir şəxsin qızının, tələbə yoldaşımın intiharı.

Bir şeyi də qeyd edim ki, sosial problemlər intiharın əsas səbəbi kimi göstərilir. Amma sosial müdafiənin güclü olduğu və hər kəsin can atdığı qərbdə intihar kasıb ölkələrdən daha çoxdur. Bu halda evsiz, küçələrdə yaşayan, ağır ölümcül xəstə olanlar intihar etməlidir. Eftanaziyaya razılıq verənlər nədənsə intihar edərək "canlarını" qurtarmır. Əsirlikdə, işgəncə altında olanlar da kütləvi intihar etmir.

Həyatımızda həqiqi mənada ölüm diləyərək yaşayan insanlar görürük, amma onlar intihara cəhd belə etmir. Eləcə yaşadığına üsyan edir. Bir qadın tanıyırdım yaxınlarını çox incitmişdi, nə qədər dilə tutsam da oğlu onunla barışa bilmirdi və ölkədən getmişdi. Təkəbbürü sonsuz idi. İki dəfə insult oldu, amma sağ qaldı. "Niyə ölmədim axı?" deyirdi, amma intihara cəhd belə etmirdi. Məni öldürün deyirdi.

Deməli insanın özünü öldürməyə qərar verməsi asan deyil, insanın öz canına qıymasının da qırmızı xətti var.

Statistikaya görə, intihardan dönənlərin çoxu sonradan həyata dəyər verir və suisidə cəhd etmir. Həyat limiti ,yaşamaq enerjisi bitən insanlar intuhar edir.

Düşünülmüş şəkildə, xüsusi stress halında olmadan intihara cəhd insanın gələcək ölümünü tezləşdirməsidir. İnsanın ən instinktiv , ən dəhşətli qorxusu ölümdür. İnsan bu qorxu ilə doğulur. Həyatda yaşamaq üçün limiti bitəndə isə ölüm qorxusu hissi güclənir. Artıq qorxu vəhşətə çevrilir. Bu zaman ya güclü yaşamaq hissi gəlməli və insan həyatını dəyişməli, ya da ölümün üstünə getməlidir.

Çinlilər hesab edir ki, insan həyatını "yandırdıqda" -düzgün yaşamadıqda ömrünün 30 ilini birdən "xərcləyir" və gələcəkdən ömür "borc götürür".

Belə 30 ili 4 dəfə "borc " götürmək olar.

Digər bir məsələ, daim bədbinlik, içərisində yaşamaqdır. 3 gün sistematik bədbin fikirlərə dalmaq, hüznlü musiqilər dinləmək, fimlərə baxmaq və sair depressiyaya gətirir. Bu, ona görə baş verir ki, bununla biz ətrafımızda kədərdən ibarət bir enerji sahəsi yaradırıq. Bu, boz rəngli həlimli bir enerjidən sərt teksturaya kimi dəyişə bilər. Müasir təcrübələrdə bədənimizə çoxsayda gözəgörünməz barmaqların bizə yapışdığı görünür. Həmin barmaqlar bizim fikir və emosiyadan yaranan enerjilə qidalanır və güclənir böyüyür. Nəticədə isə onları o qədər "yediririk" ki, artıq onlar bizi idarə edir, onların yaşaması üçün lazım olan kimi düşünməyə və hisslər keçirməyə vadar edir.

Əgər fikir və hisslərin sərhəd tanımadığını düşündüyümüz və hiss etdiyimiz anda kainata yayıldığını nəzərə alsaq, dünyada baş verənlərə görə, o cümlədən intiharlara görə hər birimizin məsuliyyət daşıdığını bilərik.

Hər bir kəsdə müxtəlif psixoloji problemlər gizli, şüuraltında mövcuddur. Psixiatrlar belə bir qənaətdədir ki, psixi xəstəliklıklər qrip kimidir. İçimizdə gizlənib, şərait yaranan kimi üzə çıxır.

Mütəxəssislərin fikrincə, ən yayğın şizofreniya xəstəliyi o qədər sadədir ki, hər birimizdə onun əlamətlərini müşahidə edə bilərik. Məsələn, əgər siz yolda gedəndə ağacları, divarda naxışları sayırsızsa deməli gizli şizofreniya xəstəsisiz.

Bunu intiharın səbəbinə gətirirəm - intihar edən şəxs də gizli şizofreniya xəstəsi ola bilər, amma bunu nə özü, nə də ətrafdakılar sezər. İntihar etdiyi vaxt isə xəstəliyin ağırlaşdığı vaxta düşər.

Bizim cəmiyyətdə səhiyyə mədəniyyəti zəifdir. Həkimə yalnız xəstələnəndə gedirik. İnsanlar psixi xəstəliklərə qorxulu, yoluxucu bir dərd kimi baxır, əgər qohumunda beləsi varsa ondan utanır. Bir xatırlayın, ruhi xəstələri görəndə qulaqlarını çəkib "Allah irağ eləsin" deyirlər bizim cəmiyyətdə.

Cəmiyyətimizdə ağıldankəm birinin ailə qurandan sonra sağalması kimi iddialar mövcuddur.

Bundan əlavə, KİV-də intihar hadisələri emosionnallıqdan kənar yalnız fakt olaraq göstərilməlidir. İntihar haqda yazılar suisidə təhrik xarakteri daşımamalıdır.

İntihar hallarıbı bəzən etiraz, hətta "qəhrəmanlıq" kimi təqdim etmə çəhdləri olur.

Hətta intihara oda yazanlar belə var. Biz unuduruq ki, kimisə qorxutmaq və bu yolla istədiklərinə nail olmaq üçün intihara cəhdlər də olur. Azərbaycanda da bununla bağlı nümunələr vardı. Biri intihar edəcəm deyə körpüyə çıxmış və yüksək vəzifəli dövlət rəsmisi buna təsadüfən şahid olub onun problemini həll etmişdi. Bundan sonra bir neçə nəfər bu yolla istədiklərini almaq istədi. Amma dövlət məmuru həmişə intiharçının yanında olmayacaq.

İntihar nə igidlikdir, nə də zəiflik. Bu, sosial, psixoloji bir faktdır.



XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR