Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 21 Mart 2018 00:00

Yaxın Şərq böhranı və İran (IX HISSƏ)

Written by 

Vidadi Mustafayev

2.1.2 ABŞ-ın YARATDIĞI İRAQ BÖHRANI

Dünyanın yeganə qlobal gücü olan   ABŞ-ın 2002 –ci ildə qəbul etdiyi Xarici siyasət konsepsiyasında qeyd olunurdu ki, ABŞ onun milli maraqlarına təhlükə yaradan istənilən dövləti devirmək haqqına malikdir.Həmin “hüquq”a cəlbedici don geyindirmək üçün ABŞ prezidenti C.Buş 2003- cü ildə elan etdi ki,   ABŞ-ın missiyası bütün dünyada azadlıq və demokratiyanı yaymaqdır. Başqa sözlə, ABŞ özünə başqa ölkələrin daxili işlərinə qarışmaq haqqı verirdi. Bu “hüquq” ABŞ-ın qloballaşmaya rəhbərlik etmək gücündə olduğuna inamın ifadəsi hesab oluna bilərdi. Təbiidir ki, başqa dövlətlərin daxili işlərinə qarışmaq həmin ölkələrdə daxili və müəyyən şəraitdə həmçinin regional böhran yaratmaq demək idi.Həqiqətən də XXI əsrin əvvəllərindən dünyada və nəzərdən keçirilən regionda əsas böhran yaradan xarici qüvvə rolunda ABŞ çıxış edirdi.

Küveyt hadisəsində hərtərəfli və Əfqanıstanda nisbi uğura nail olan, lakin orada işləri axıra çatdırmayan ABŞ əldə etdiyi uğurdan “gicəllənərək” artıq özünü dünya hakimi hesab etdiyindən absolyutizm- mütləqiyyət xarakteri nümayiş etdirməyə başlamış və dünya birliyi ilə hesablaşmadan öz iradəsini həyata keçirərərək İraqda qanuni hakimiyyəti devirərək siyasi sistemi yenidən formalaşdırmağa başlamış oldu(2003).

ABŞ-ın həmin addımı İraq ordusunun ciddi müqavimətinə rast gəlməsə də, az sonra işğalçılara qarşı geniş xalq\partizan müharibəsinin başlanması qarşıya qoyulan məqsədə qısa müddət ərzində nail olmağa imkan vermədi. Bundan əlavə ABŞ-ın hərbi müdaxiləsi nəticəsində siyasi,hüquqi, sosial,mədəni strukturlarda yaradılan və yaranan dəyişikliklər daxili zidiyyətlərin üzə çıxması və dərinləşməsinə şərait yaradaraq İraq böhranına yeni çalarlar əlavə etdi. Bundan ibrət götürən ABŞ siyasi dairələri əvvəldən elan etdikləri” demokratiya ixracı” siyasətini   İraqa qonşu ölkələrdə həyata keçirməkdən vaz keçdi. Amma nəticədə böhran vəziyyətinə düşmüş və qonşular üçün təhlükəyə çevrilmiş, ona görə də onların maraq və fəaliyyət dairələrinə daha yaxından daxil edilən bir İraq meydana gəlmişdir. İraqda siyasi strukturda meydana gələn dəyişikliklər, ilk növbədə əksəriyyət təşkil edən şiyə icmasının demokratik yolla hakim icmaya çevrilməsi və həmin hakimiyyətin həyata keçirdiyi antisünni siyasəti nəticəsində İraqda xarici işğalçılara qarşı mübarizə tədricən şiyə hakimiyyətinə qarşı mübarizəyə və nəticədə vətəndaş müharibəsinə çevrildi.

İraqın işğalı ABŞ ilə region ölkələrinin bir çoxu ilə münasibətlərində böhran elementlərinin yaranmasına səbəb oldu. İndi regionda böhranın mənbəyi region ölkələri yox ABŞ idi. Dünyada qüvvələr balansının ABŞ-ın xeyrinə dəyişməsi və ABŞ-ı tarazlaşdırıcı qüvvənin fomalaşması dünyada böhranlar mərhələsinin başlandığını göstərirdi.Həmin mərhələ yalnız dünyada yeni qüvvəlr balansı yaranandan sonra başa çata bilərdi.

İraqı işğal etdikdən sonra ABŞ yenidən öz fəaliyyətinə beynəlxalq forma vermək və onu legitimləşdirmək üçün İraqda yenidənqurmaya başçılıq və ölkədə təhlükəsizliyi təmin etmək məqsədi ilə beynəlxalq koalisiya təşkil etdi

ABŞ-ın Orta və Yaxın Şərqdə İranın şərqində və qərbində böhran yaratması İranın region və ABŞ siyasətinin əsaslı şəkidə dəyişməsinə səbəb oldu.Həmin siyasətin əsas məqsədi ABŞ-ın İranda böhran yaratmaq siyasətinə şərait yaratmamaq idi. Həmin məqsədlə İran “Sivilizasiyaların dialoqu” kursu elan etmiş və bununla “islam inqiabı ixracı” siyasətindən tamamilə imtina etdiyini, nəinki inkişaf etməkdə olan və islam ölkələri ilə, həmçinin Qərb ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq siyasəti yeritdiyini nümayiş etdirməyə çalışırdı. Bundan əlavə İranda anti ABŞ ritorikası; ABŞ-ın bayrağını yandırmaq və s. hərəkətlərə son qoymağa çalışılırdı.

Lakin İranın Əfqanıstanda ABŞ-la əməkdaşlıq etməsi həmin ölkəyə münasibətlərin mahiyyətini, daha doğrusu, ABŞ-ın “demokratikləşmə” missiyasına münasibətini dəyişmədi . 2002- ci ilin əvvəlində ABŞ prezidenti İraq, İran və KXDR- nüvə silahı hazırlamaq, beynəlxalq terrorizmi maliyyələşdirməkdə ittiham edərək “şər oxu” ölkəlıri adlandırdı. İranın nüvə proqramını gizli şəkildə davam etdirməsi məsələsinin üstü açıldıqdan(avqust 2002) sonra ABŞ-ın İrana qarşı möqeyi tamamilə sərtləşdi.

İran 2003- cü ildə ABŞ İraqa qarşı hərbi təcavüz edərkən bitərəf qaldı. İslam dünyasına hamilik və daha doğrusu liderlik iddiasını unutdu, çünki ABŞ-ın sonrakı hədəfinin İran olması təhlükəsi böyük idi.

Əfqanıstandan sonra İraqın işğalı ilə özünün mühasirəyə alındığını fikirləşən İran sonrakı hədəf taleyini yaşamamaq üçün 2003- cü ilin yayında ABŞ-a yazılı şəkildə müraciət edərək ikitərəfli əlaqələrdə böhran mənbəyi olan bütün məsələlərin həll edilməsinə razı olduğunu bidirdi. Lakin həmin təklif ABŞ-ın Yaxın Şərq siyasi kursuna uyğun gəlmədiyindən cavabsız qaldı. Ona görə İraqda təsirini gücləndirmək siyasəti yeritməyə başladı.

Tehran İraqın hərbi işğalından sonra yaradılan keçici hökumət funksiyası yerinə yetirən İraq Müvəqqəti İdarə etmə Şurasını birinci olaraq tanıdı və 2004-cü ildə iki ölkə arasıda diplomatik əlaqələr bərpa oldu.

ABŞ və müttəfiqlərinin İraqı yenidən qurmaq işində tez bir zamanda uğur qazanmaması və əksinə işğalçılara qarşı partizan müharibəsinin başlanması İranın ABŞ hərbi müdaxilə təhlükəsindən xilas olduğu fikri yaratdığından İraqda ABŞ-ın mövqeyini zəiflətmək siyasətini gücləndirməyə başladı.

Ona görə İran İraqla yaxından əməkdaşlıq etməyə başladı. İraqın əhalisinin yarıdan çoxunun şiyə məzhəbinə aid olması və İranın inqilabdan sonra şiyə dini liderləri və siyasi qrupları ilə yaxın əlaqələr qurması həmin ölkəyə İraqda öz təsirini sürətlə gücləndirməsinə şərait yaradırdı.

Qeyd etmək lazımdır ki, İraqda S.Hüseyn rejimi devrildikdən sonra şiyə icması ölkənin siyasi həyatının əsas iştirakçısına çevrildi və öz fəaliyyətində İrana istinad etməyə başladı.

İraqda şiyə hakimiyyətinin yaranmağa başlaması və getdikcə güclənməsi, ona İranın hərtərəfli yardımı, məntiqi olaraq İranın İraqda mövqeyinin güclənməsi regionda qüvvələr balansının İranın xeyrinə dyişməsi İranın regional rəqiblərinin güclü narazılığına səbəb oldu.

İranın İraqın şiyə icmasına təsiri, həmin icmanın siyasi proseslərə qoşulması, siyasi hakimiyyəti ələ keçirməsi və şiyə hökumətinin anti sünni siyasəti həyata keçirməsi nəticəsində İraqda dərin siyasi böhran yarandı.Daha doğrusu, ABŞ tərəfindən yaradılmış daxili siyasi böhran konfessional xarakter kəsb etməyə başladı.

Belə ki, uzun illər davam edən kürd-mərkəzi hakimiyyət ziddiyyətinə sünni-şiyə ziddiyyəti də əlavə olundu. ABŞ və ya Beynəlxalq koalisiya tərəfindən hazırlanan yeni İraq Konstitusiyasında cəmiyyətdə etnik və məzhəb zəminində mövcud olan sosial struktur hüquqi cəhətdən təsbit olundu.Yəni Kürdlər geniş, təqribən müstəqilliyə bərabər, muxtariyyat əldə edir,həmçinin prezident kürsüsünə malik olurdular, Məclisin sədri sünnilərdən, İcra hakimiyyətinin başçısı şiyələrdən təyin olunmalı idi.

İraqda şiyələrin mərkəzi hakimiyyətə geniş və güclü müxalifətə çevrilməsi əsasən İran inqilabından sonra başlamışdı.ABŞ hərbi təcavüzündən sonra hakimiyyətə gələn şiyələrin və onların nümayəndələrinin təşkil etdiyi hökumətin başçısının intiqamçı və uzaqgörməyən daxili və xarici(İrandan asılılığın gücləndirilmsi) siyasəti nəticəsində ölkədə sünni-şiyə qarşıdurması yarandı.

Nəticədə İraqın sünni əhalisinin hakimiyyətə qarşı mübarizəsini İrana rəqib olan bölgə dövlətləri açıq və gizli şəkildə dəstəkləməyə nail oldular. Sünni qüvvələri öz mütəşəkkillik səviyyəsini yüksəltmək üçün “İraq İslam dövləti” təsis etdilər(2006). Bunula da İraq “ Sünni İslam dövləti” ilə legitim, lakin faktiki şiyə hakimiyyəti olan hakimiyyət arasında münaqişə meydanına çevrildi. Nəticədə İraq çərçivəsində məzhəb əsasında qarşıdurma qarşıduran dövlətlər kimi təzahür etməyı başladı. “İraq İslam döləti” İran İslam Respublikasının ilk vaxtlar həyata keçirdiyi siyasətə uyğun siyasət yeritməyə çalışırdı. Onun mübarizəsi İranda oduğu kimi ilk növbədə ABŞ-ın İraqda ağalığına və onun əlində oyuncaq olan İraq şiyə dövlətinə qarşı çevrilmişdi. Belə müqayisə tam düzgün olmasa da, prinsipcə doğru idi. Lakin həmin vaxtlar mövqelər tamamilə dəyişmiş, ABŞ-ı özünün düşməni elan edən İran həmin dövlətlə birləşərək digər” islam dövləti”nə qarşı mübarizə aparırdı.

İraqın məkəzi hökumətinə ABŞ-ın rəhbərliyi ilə Beynəlxlq koalisiya qüvvələri və İran, İraq “İslam dövləti”ni qeyri rəsmi şəkildə regionun sünni dövlətləri dəstəkləyirdi. Bunun nəticəsində Yaxın Şərqdə sünni dövlətləri ilə   iki şiyə dövləti arasında münasibətlərdə  gizli böhran yarandı. İraq mərkəzi hakimiyyəti Beynəlxalq koalisiya qüvvələrinin himayəsi altında olduğundan böhran faktiki olaraq qlobal xarakter kəsb edirdi. Lakin “İraq İslam dövləti”nə yardım göstərən dövlətlər bunu gizli şəkildə və qeyri rəsmi üsullarla həyata keçirdiklərindən həmin dövlətlərlə Qərb dövlətləri və İran ilə münasibətlərində böhran aydın müşahidə olunmurdu.

Həmin ziddiyyətlər genişlənmək və dərinləşməkdə idi.  ABŞ hərbi qüvvələrinin İraqı tərk etməsindən (2011) sonra ölkə vətəndaş müharibəsinə daxil oldu. Regionun sünni ərəb dövlətləri İraq sünnilərini, İran isə İraq şiyələrinini təmsil edən mərkəzi hakimiyyəti müdafiə edirdi.

ABŞ-ın İraqı tərk etməsi Şimali Afrika və Yaxın Şərqdə “ərəb baharı” adlanan siyasi prosesin davam etdiyi vaxta təsadüf edirdi.

Beləliklə, ilk dəfə region ölkələrindən birində şiyə-sünni qarşı durması vətəndaş müharibəsinə çevrilmiş oldu və regionun sünni dövlətləri ilə İran və İraq şiyə dövlətləri arasında vasitəli mübarizə mərhələsi başlandı.

   ABŞ tərəfindən yaradılmış böhran daxili amillə daha da dərinləşmiş oldu. Həmin böhran ərəb dövlətləri ilə İraq mərkəzi hökuməti arasında münasibətlərində böhran   yaranmasına, eləcə də İranla münasibətlərə təsir göstərməyə başladı.

Göründüyü kimi, XXI əsrin əvvəllərindən İranın şərqində və qərbində böhranlar davam edirdi. İran hər iki halda böhran yaradıb sonradan onu aradan qaldırmaqla məşğul olan qüvvələrlə əməkdaşlıq edirdi. Həmin əməkdaşlığın miqyası və İran üçün nəticələri fərqli idi.İran Əfqanıstanda ABŞ və digər qüvvələrin ikinci dərəcəli yardımçısı kimi çıxış edirdi. Bu da Əfqanıstanda etnik və dini situasiya ilə bağlı idi. Taciklər farslara dil baxımından çox yaxın olsa da, məzhəb mənsubiyyəti və dindarlığın səviyyəsinə görə fərqli mövqeyə malik idilər.Digər fars\tacik dilli və şiyə təriqətinə mənsub olan hazaralar İranın Əfqanıstanda əsas siyasi-dini dayağı olsa da, hadisələrə təsir göstərmək potensialı zəif idi. Ona görə İran Əfqanıstanda güclü təsirə malik ola bilməmişdi.

İraqda isə farslar ərəblərdən linqvistik baxımdan fərqli olsalar da eyni təriqətə mənsubluq   onların yaxınlaşması və İranın təsirinin artmasına şərait yaradırdı.

Ərəb dövlətlərindən birində ABŞ hərbi təcavüzü nəticəsində yaranmış xüsusi şəraitdə olsa da, sünni –şiyə qarşı durmasının və region dövlətlərinin məzhəb əsasında qütbləşməsinin baş verməsi İran islam inqiabının nəticələrindən biri hesab edilməlidir. İranda islam inqilabı, orada yaradılmış teokratik rejim və onun islam inqiabı ixracı siyasətinin ilk çox mənfi təsirinin nəticəsi hesab edilə bilər.Başqa sözlə, yuxarıda qeyd edilmiş İslam dünyası daxilində əsası qoyulmuş   böhran İraqda özünün ən yüksək həddinə çatsa da, hələlik zirvəyə yüksəlməmişdi.

Böhranın davam etməsi İranın İraqda mövqeyinin möhkəmlənməsinə, eyni zamanda İraqda və bölgədə şiyə-sünni qarşıdurmasının yaranmasına və ya regionda böhranın nəinki kəskinləşməsi, eləcə də məzhəblərarası\ din daxili xarakter almasına yol açdı.

Beləliklə, İran formal olaraq İraqın ABŞ-dan asılılığının, daha doğrusu işğalın tezliklə başa çatmasına yardım etməklə İraq böhranının yaranmasında iştirak etmişdir. İranın iştirakı olmadan da İraqda şiyə icmasının revanşist siyasəti nəticəsində daxili siyasi böhran yarana bilərdi, lakin İranın orada öz mövqeyini möhkəmləndirməyə səy göstərməsi, daxili böhranın regional böhrana və dindaxili böhrana çevriməsinə səbəb oldu.

İraqda böhranın gedişi şiyə hakimiyyəti üçün təhlükə yarandıqda İranın yardımı onun nicatına şərait yaratdı. Nəticədə İraqın formalaşmaqda olan yeni hakimiyyəti İranla ən sıx əməkdaşlıq etməyə meyl göstərməyə məcbur oldu. Bu da İranın İraqın şiyə icmasına təsirinin artmasına səbəb olurdu.Öz milli maraqlarını və təhlükəsizliyini təmin etməyə çalışan İran buna uğurla nail olurdu və eyni zamanda regionda şiyə birliyini də gücləndirirdi. Bu, yəqin ki, İranın böhranın gedişində əldə etdiyi ən böyük uğur hesab edilə bilər. Buna qədər Livanın “Hizbulla” təşkilatı və Suriya ilə bir ittifaq yaratmağa nail olmuş İran bura İraqı da əlavə edərək ittifaqı xeyli möhkəmlətməyə nail olmuşdu. Həmin İttifaqın güya İsrailə qarşı yaradıldığını vurğulamaq üçün İranda ona “Müqavimət oxu” ərəb ölkələrində isə həmin ittifaqın ərəb birliyinə , sünni ərəblərə qarşı çevrildiyini vurğulamaq üçün onu “ şiyə qövsü” və ya “Şiyə ayparası” adlandırırlar.

Ona görə İraq böhranı İranın regionda mövqeyinin güclənməsinə şərait yaradırdı. Əfqanıstan və İraqda siyasi böhran yaradan qüvvələrin son məqsədi İslamın siyasiləşməsi, antiimperialist ideologiya ilə silahlanmasında mühüm rol oynayan İran olsa da, son nəticədə İran nəinki öz ərazisində siyasi böhran yaranmasından xilas oldu, eyni zamanda regionda öz mövqeyini xeyli gücləndirərək yenidən regional böhran yaradıcı qüvvəyə çevrilməyə başladı. Bu özünü “ərəb baharı” nın cərəyan etdiyi Suriya hadisəlırində aydın şəkildə göstərdi.

Bütövlükdə, İraq böhranı haqqında danışarkən bir sıra yeni cəhətlirin mövcudluğunu vurğulamaq zəruridir. ABŞ və onun ən yaxın müttəfiqi olan Böyük Britaniya İraqa BMT TŞ sanksiyası olmadan hərbi müdaxilə etmişdir. Hərçənd az sonra İraq işlərini davam etdirmək üçün, gec də olsa, yeni koalisiya yaratmaılı oldular. Həmin koalisiya Küveyt hadisəsində olduğu kimi beynəlxalq birlik tərəfindən nəinki hər tərəfli dəstək görmədi,   həm də ABŞ-ın bir sıra müttəfiqləri, o cümlədən Almaniya və Fransanın müxalifəti ilə üzləşdi.ABŞ-ın əsas keçmiş rəqibi olan SSRİ-nin varisi olan Rusiya və onun ənənəvi tərəfdaşı olan Çin İraqa qarşı hərbi müdaxilənin qəti əleyhiinə çıxdılar. İraq hadisəsi və onun sonrakı gedişi Təkqütblü dünya nizamının bir an davam etdiyini nümayiş etdirdi və beynəlxalq arenada yenidən qüvvələr balansının bərpa edilməsi prosesi başlandığını göstərdi..Bu da dünyanın yeni böhran mərhələsinə daxil olması demək idi.

İraqda daxili və regional böhran davam etdiyi bir dövrdə, yəni 2006- cı ildən İranın nüvə böhranı başlandı.

Read 98 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR