Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Şənbə, 17 Mart 2018 00:00

Yaxın Şərq böhranı və İran (VI HISSƏ)

Written by 

Vidadi Mustafyev

 

1.5.2 İran –İraq münasibətlərində böhran

 

Nəzərdən keçirilən dövr ərzində, qeyd edildiyi kimi, Yaxın Şərq regionu təzəcə formalaşma prosesini başa çatdırmışdı. Region dövlətləri iki qütblü dünyada öz yerlərini əsasən müəyyən etmişdi, lakin eyni zamanda onların iki qütb arasında manevrləri də özünü göstərirdi.Dövlətlərin fəaliyyətinin əsas məqsədinin üstünlüyə malik olmaq siyasəti olduğu region dövlətlərinin rəqabət aparmasını şərtləndirirdi.

 

Regionda əsas rəqiblər   Qərb blokunda qərar tutmuş İran və Şərq blokuna meyl edən İraq idi. İki ölkə arasında münasibətlərdə böhran yaradan əsas amil sərhəd boyu kiçik ərazilər üzərində hakimiyyət, həmçinin Şəttülərəb çayında sərhəd xəttinin müəyyən edilməsi məsələsində   mübahisə ilə bağlı idi.Quru sərhəddində 6 belə məntəqə (Xürrəmşəhərdən şimalda, Fuk , Mehran (2 məntəqə), Nefteşah və Qəsri –Şirin rayonunda) mövcud idi.Bundan əlavə sərhəd çaylarının sularından istifadə məsəlısində mübahisə mövcud idi.Həmçinin köçəri kürdlərin otlaqlardan istifadə etmək məqsədi ilə sərhəddi keçməlri münaqişə yaradırdı, Tərəflər həmin məsələlri kürdlərin köməyi ilə öz xeyirlərinə həll etməyə çalışırdılar.Lakin münaqişə mənbələri arasında əsas yeri qeyd edildiyi kimi, Şəttülərəb çayında   sərhəd xətti məsələsinin həll edilməməsi və ya tərəflərdən birin qane etməyən şəkildə həll edilməsi idi. Şəttülərəb çayı hər iki ölkə üçün mühüm iqtisadi və geosiyasi əhəmiyyətə malik idi, ona görə tərəflər həmin çaya nəzarət etmək məsələsində bir-biri ilə mübarizə aparırdılar. İlk dəfə həmin münaqişə 1937- ci ildə İranın ziyanına həll edildi. Yəni ingilislərin təzyiqi ilə İran ilə bağlanmış sazişdə sərhəddin çayın İran sahilindən keçməsi qəbul edilirdi.Bu isə çay üzərində İraqın suverinetitinin təmin edilməsi demək idi.Ona görə İran gücləndikcə həmin münaqişəni yyenidən həll etmək meyli güclənirdi.

 

1968- ci ildə hakimiyyətə gələn BƏƏS nümayəndələri İranda ərəb separatizmi təbliğatını gücləndirdilər.İraqda hərbi çevrilişdən sonra   daxili sabitliyin zəifləməsinə şərait(kürdlərlə müharibənin davam etməsi, iqtisadi tənəzzül və s.)yaradan amillərin güclənməsi İrana sərhəd məsələsini yenidən həll etməyə cəhd etməyə müəyyən imkan yaradırdı.

 

Bunun nəticəsində İranın 1969- cu ildə 1937- ci il sazişini birtərəfli qaydada ləğv etmək qərarı tərəflər arasında diplomatik əlaqələrin kəsilməsi ilə   müharibə həddinə çataraq dərin böhranın yaranmasına səbəb oldu.İraqın həmin məsələni həll etmək cəhdi onun vəziyyətini daha da ağırlaşdırdı, çünki İran İraq mərkəzi hakimiyyətinə qarşı növbəti üsyan qaldırmış kürd separatçəılarını hərtərəfli dəstəkləməklə İraqda güclü daxili siyasi-hərbi böhran yaratmağa nail oldu.Vəziyyətin təhlükəli olduğunu hiss edən İraq hakimiyyəti İranın şərtlərini qəbul edərək onunla sərhəd məsləsi ilə bağlı 1975- ci ildə   yeni saziş bağladı. Sazişdə sərhəddin Şəttülərəb çayında talveq( orta xətt) üzrə keçməsi razılaşdırılırdı. Bununla əslində bir tərəfdən ABŞ və onun müttəfiqi İran SSRİ və onun müttəfiqi İraq üzərində qələbə çalaraq regionda qüvvələr balansını öz xeyrinə dəyişdilər, digər tərəfdən SSRİ ilə onun ərəb müttəfiqi ilə münasibətlərinin zəifləməsinə nail oldular.Təsadüfi deyil ki, elə həmin vaxtlar Misir SSRİ ilə əlaqələrini məhdudlaşdırmaqda davam edirdi. Əsas məsələ isə ondan ibarət idi ki, böhranın qüvvələr balansının İranın xeyrinə dəyişməsi ilə həll edilməsi onun aradan qaldırılması deyil, ziddiyyətlərin dərinləşməsi və gələcək böhran üçün əsas yaratması idi.

 

1.5. 3 İran-ABŞmünasibətlərində böhran ünsürlərinin yaranması.

 

İranda inqilaba qədər Yaxın Şərqdə əsas böhran ərəb-İsrail münasibətlərindəki böhran olaraq qalırdı.Həmin böhranın təsiri ABŞ və onun müttəfiqləri arasında əlaqələrə bu və ya digər şəkildə təsir edirdi.Belə ki, üçüncü ərəb-İsrail müharibəsi zamanı(1973) ərəblərin İsrailə və onu himayə edən dövlətlərə, ilk növbədə ABŞ-a qarşı neftdən silah kimi istifadə etməsi, neft embarqosu tətbiq etməsi, onun nəticəsində neft qiymətlərinin bir neçə dəfə artması, ərəb-İsrail müharibəsində atəşkəs elan edilməsi, atəşkəs sazişlərinin imzalanmasına baxmayaraq neft qiymətlərinin düşməməsi ABŞ və Qərb –in maliyyə və bütövlükdə iqtisadi durumuna mənfi təsir göstərməyə başladığından ABŞ-ın Yaxın Şərq ölkələri və ilk növbədə ən yaxın müttəfiqlərindən biri olan İranla münasibətlərində gərginlik yaranmasına səbəb oldu.ABŞ-ın diplomatik, siyasi addımlarına, hətta təzyiqlərinə baxmayaraq İranın neft qiymətlərini aşağı salmamaq sahəsində” inad” göstərməsi ABŞ və Qərbdə neqativ iqtisadi proseslərin davam etməsinə səbəb olurdu. İranın müqavimətini qırmaq üçün ABŞ İranın Yaxın Şərqdə mövqeyini zəifltməyə, onu digər müttəfiqi Səudiyyə Ərəbistanı ilə əvəz etmək siyasəti yeritməyə başladı.Bununla regionda qüvvələr balansını dəyişdirmək siyasəti ilə bir tərəfdən İranın mövqeyini zəiflətməyə, digər tərəfdən isə obyektiv olaraq qlobal səviyyədə qüvvələr balansını öz ziyanına dəyişdirməyə başladı. İranın Səudiyyə Ərəbistanı ilə əvəz edilməsi, İran və Səudiyyə Ərəbistanının hərbi sahədə müqayisə edilə bilməyəcəyi baxımından ABŞ-ın güman etdiyi kimi qlobal səviyyədə qüvvələr balansının saxlanmasını təmin edə bilmirdi.ABŞ bununla kifayətlənməyərək İranın daxilində siyasi böhran yaratmaq, yəni qüvvələr balansını dəyişdirmək siyasəti həyata keçirməyə başladı.İranda insan hüquqlarının pozulduğunu bəhanə edərək rejimə qarşı təbliğat kompaniyasına başladı.ABŞ-da müxtəlif dövlət strukturlarında İranın şahlıq rejimi əleyhinə ittihamlar səslənməyə başladı.İran rejimi ABŞ-la münasibətlərini qorumaq və ona qarşı təbliğatı zəiflətmək məqsədi ilə ölkədə insan hüquqlarının təmin edilməsinə yönəlmiş bir sıra addımlar atmağa başladı.Bununla da daxili siyasi böhranın başlanması və ya ölkədə qüvvələr balansının sürətlə dəyişməsi prosesinə start verildi.

 

1.5.4 İranda yeni daxili siyasi böhran

 

İranın ABŞ-la münasibətlərində yaranmış böhran ünsürləri İran hakim dairələrinin davranışına ciddi təsir göstərirdi.Həmin dairələr ABŞ-ın dəstəyindən məhrum olmamaq üçün daxili siyasətdə, qeyd edildiyi kimi, bir sıra dəyişikliklər etməyə məcbur oldular.Həmin dəyişikliklər ziddiyyətlərin açıq şəkil alması ilə yanaşı müxalif qüvvələrin formalaşması\təşkilatlanması və ən əsası açıq ideoloji mübarizəyə başlamasına şərait yaradırdı.

 

İran cəmiyyətində əsas zidiyyət rejimin avtoritar, hərbi-polis xarkteri ilə “ağ inqiab” nəticəsində yaranmış ictimai-siyasi inkişaf səviyyəsi arasında uyğunsuzluqdan irəli gəlirdi.Cəmiyyətin həyatının bütün sahəlrində geniş islahatlar keçirən rejim siyasi hakimiyyətin şahın və onun əsas cəza orqanı olan SAVAK-ın (təhlükəsizlik orqanı) əlində cəmləşməsinə nail oldu.Bu da rejimin sosial bazasını son dərəcə məhdudlaşdırırdı.Ona görə İnsan hüquqlarının təmin edilməsi sahəsində atılan ilk addımlar cəmiyyətin dərin siyasi böhran içərisində olduğunu nümayiş etdirdi.Rejimə qarşı olan bütün sistem daxili və sistem xarici müxalifət müəyyən fəaliyyət azadlığı əldə edərək öz maraqlarını təmin etmək istqamətində açıq fəaliyyətə başladılar.Müxtəlif sosial qrupları, siyasi-ictimai, ideoloji cərəyanları təmsil edən qüvvələr rejimə qarşı müxtəlif formada mübarizəyə başladılar.Başqa sözlə, qüvvələr balansı sürətlə dəyişir, cəmiyyət xaos vəziyyətinə daxil olurdu.Böhranın ən kritik anında, necə deyərlər bifurkasiya nöqtəsində, cəmiyyətin xaos vəziyyətindən çıxması üçün müxtəlif yollar görünməyə başlasa da, hadisələrin sonrakı inkişafı rejimin qatı əleyhdarlarından biri olan və İraqda sürgündə olan ayətullah Xomeyninin 1978- ci ilin oktyabrında Fransaya sürgün edilməsi hadisəlrin hansı yolla davam edəcəyini müəyyən etdi.Nəticədə Xomeyni ruhaniərin inqilabın aparıcı qüvvəyə çevriməsini təmin etdi və onların başçıığı ilə şah rejimi devrildi və ölkədə İslam rejimi elan edildi(1979).

 

İran inqilabı nəticəsində yaradılan teokratik rejim cəmiyyətin həyatının bütün sahəlrində yeni daxili siyasi böhranın baş verməsi üçün zəmin yaratdı.Siyasi –ictimai sistem şərq və qərb modelinin sintezi əsasında və şərq modelinin üstünlüyü ilə yenidən quruldu.Şərq modeli həm sosializm modelini, həm də islam və mühafizəkar modeli özündə birləşdirirdi.Sosializm modeli iqtisadi sferada dövlət mülkiyyətnin aparıcı mövqe qazanması, dövlətin   müəyyən ideologiya əsasında təşkil edilməsi və müəyyən sosial –siyasi qrupun nəzarətinə verilməsində özünü göstərirdi.Həmin modelin son elementləri formal cəhətdən sosializm modelini, mahiyyət baxımdan mühafizəkar şərq –islam modelini təkrar edirdi.Yəni dövlət İslam normalarına uyğun təşkil edilir və islam dininin tələblərinə uyğun olmalı idi.Dövlətdə ali hakimiyyət ruhanilərin səlahiyyətinə verilir, onlar dövlətin İslam normaları çərçivəsində hərəkət etməsinə nəzarət etməli idilər.Buna uyğun olaraq ictimai-mədəni və ailə münasibətləri islam normaları əsasında yenidən təşkil edilməli və ya şahlıq rejimi nəticəsində həyata keçirilən və bütün cəmiyyətdə bərərar olmayan modernləşmənin\vesternizasiyanın nəticələri ləğv edilirdi.Bir sözlə, şərq və qərb modellərinin ixtiyari şəkildə birləşdirilməsi və şərq\islam dəyərlərinin hakim mövqeyi cəmiyyətin həyatının bütün sferalarında gəlcəkdə böhranlar baş verməsi üçün şərait yaradırdı. Fəlsəfi dillə deyilsə, əksiliklərin vəhdəti baş vermişdi və həmin əksiliklərin labüd mübarizəsi onlardan birinin və ya hər ikisinin məhv olması və yeni sistemin bərqərar olması ilə nəticələnməlidir.Cəmiyyətin ümumi inkişafının Qərb modeli əsasında getməsini nəzərə alsaq, qərb modelinin üstün gələcəyini proqnozlaşdırmaq olar.Digər tərəfdən islam dünyasında ziyalıların zəifliyi səbəbindın islamın ideoloji əhəmiyyətinin gücləndiyini nəzərə alsaq, İranda şərq-qərb modellərinin sintezi əsasında yaranmış ictimai-siyasi sistemin hələ müəyyən müddət mövcud olacağını deməyə sas vardır.Yəni yeni ictimai-siyasi sistem əvvəlki rejim zamanı mövcud olan ziddiyyətləri həll etmək tələbatından irəli gəlsə də, onları nəinki həll edə bilmədi, eləcə daha geniş ziddiyyətlərin yaranmasına şərait yaratdı.Belə ziddiyyətlərdən biri də milli və ya etnik münasibətlərdə mövcud olan ziddiyyətlər idi.

 

İslam inqilabı şahlıq illərində həll edilməmiş böhranların, ilk növbədə milli azlıqlar ilə mərkəzi hakimiyyət arasında münasibətlərdə mövcud olan böhranın aktuallaşmasına şərait yaratdı.İranda yaşayan milli azlıqlar yeni hakimiyyətin onların milli tələblərini yerinə yetirəcəyini, şah rejimindən fərqlı olaraq milli azlıqlara qarşı milli ayrı-seçkilik siyasətinə son qoyacağına inanaraq   şahlıq rejiminin devrilməsində fəal rol oynadılar.Lakin yeni hakimiyyət şahlıq rejimində mövcud olan milli siyasəti dini əsada davam etdirdiyindən milli azlıqlar ilə yeni hakimiyyət arasında ziddiyyətlər yaranaraq silahlı qarşıdurmaya çevrildi.Maraqlıdır ki, İranda İslam hakimiyyəti elan edilib bərqərar edilməsi ilə şiyə məzhəbinin dövlət dini elan edilməsi nəticəsində yeni hakimiyyətə qarşı əsasən sünni təriqətinə mənsub olan kürd, türkmən, bəluc etnik-dini azlıqlar çlxış etdi

 

İnqilabın qəlıbəsindən az sonra Kürdistanda ( mart 1979- 1980) Bəlucistanda (1979) Türkmənsəhrada (1979) Cənubi Azərbaycanda (1979)yeni hakimiyyətə qarşı silahlı   qiyam baş verdi.Birinci üç məntəqədə yeni hakimiyyətə qarşı çıxışlar əhalinin(kürdlərin sunni təriqətinə mənsub olan qismi) sünni təriqətinə mənsub olması səbəbindən etno-konfessional xarakter daşıyırdı.

 

Azərbaycanlılar şiyə təriqətinə mənsub olduqlarından onlar dini deyil milli\etnik və daha demokratik şüarlarla çıxış edirdilər(1979-cu ilin sonu 1980- ci ilin əvvəli)

 

Sünni azlıqların sayca şiyələrdən qat-qat az olması, şiyə aşağıların hakimiyyətdə bu və ya digər dərəcədə təmsil olunması, hakimiyyətin şiyə kütlələrindən məharətlə istifadə etməsi nəticəsində sünnilərin yeni rejimə qarşı silahlı çıxışları, kürdlər istisna olunmaqla, asanlıqla yatırıldı.Kürdlərin bir hissəsi şiyə təriqətinə mənsub olduğundan kürd üsyanı bütün kürd əhalisini əhatə etmədi və son nəticədə yatırıldı.Yeni hakimiyyət milli məsələni həll etmədiyindən mərkəzi hakimiyyət ilə milli azlıqlar arasında ziddiyyətlər həll edilməmiş qaldı və həmin ziddiyyətlərin müvafiq şəraitdə böhran səviyyəsinə yüksəlməsi İranın daxili siyasi vəziyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.

 

1.5.5 İran İslam Respublikası regional və qlobal böhran yaradan amil kimi

 

İran XX əsrin 20- 70- ci illərində daxili və xarici amillərin təsiri altında bir sıra   daxili və xarici böhranlardan keçdikdən sonra İslam inqilabı nəticəsində teokratik rejim bərqərar edərək qarşısına dünyada müstəqil və ya üçüncü güc mərkəzinə çevrilmək kimi strateji hədəf qoyub ona nail olmaq siyasəti yeritməyə başlamaqla regionda və ikitərəfli münasibətlərdə, hətta qlobal miqyasda, böhran yaradan amilə çevrilməyə başladı.Bu da İranın regional və qlobal münasibətlər sisteminə təsir göstərmək imkanına malik olduğunu göstərirdi.

 

İran inqilabı bir çox böhranların dərinləşməsinə səbəb oldu və digərlərinin əsasını qoydu.İnqilab “kapitalizmdən sosializmə keçid mərhələsi”ndə baş verdiyi üçün kommunizm\sosializm ideologiyasının ,Sovet hakimiyyət modelinin böhran keçirdiyini, Şərq ölkələrində, islam aləmində qəbul edilməz olduğunu nümayiş etdirdi.Ona görə də Sovet sisteminin sonunun yaxınlaşdığının başlanğıcını 1979- cu il İslam inqilabından hesablamaq daha doğru olardı.

 

İranın yeni rejimi tamamilə yeni daxili və xarici   siyasət kursu elan edərək həmin kursu həyata keçirməy başlamaqla qüvvələr balansında əsaslı dəyişikliklərin yaranmasına səbəb oldu.Şah rejiminin xarici siyasət kursunu bir kənara ataraq bütün xarici münasibətlər və əlaqələrinə yenidən baxmaq, onları yenidən qurmaq siyasəti, onun əsaslarını –dünya islam birliyi, dünya əzilənlərinin birliyi, əzənlərə qarşı birlşməsi və s. elan etməsi və həmin prinsipləri həyata keçirməyə başlaması ilə, qeyd edildiyi kimi, region və qlobal səviyyədə beynəlxalq münasibətlərdə əsaslı dəyişiklərin başlanğıcını qoydu.Belə ki, Qərbi imperialist qüvvə kimi dəyərləndirən yeni rejim onunla əlaqəlri kəsməyə və ya məhdudlaşdırmağa başladı.İran ABŞ-la olan bütün saziş və müqavilələri ləğv edərək qısa müddətdə ABŞ-ın İranda hərbi mövcudluğuna son qoydu.Bununla da Yaxın Şərqdə qüvvələr balansının obyektiv olaraq ABŞ-ın ziyanına və SSRİ-nin xeyrinə dəyişməsinə şərait yaratdı. İran ABŞ-ın SSRİ-yə qarşı təşkil etdiyi SENTO hərbi blokundan çıxaraq regionda Qərbin hərbi mövcudluğunu zəiflətdi.İranın İsraillə hər cür əlaqələri kəsərək onu Fələstin Azadlıq Təşkikatı ilə əvəz etməsi regionda qüvvəlr balansının İsrailin ziyanına dəyişməsinə şərait yaratdı.Özünü islam dünyasının, xüsusən     Fələstin xalqının hamisi elan edən İranın yeni inqilabı hakimiyyəti həmin iddiasının ciddilyini nümayiş etdirmək üçün inqiabın qələbəsindən az sonra ABŞ-da İsrail ilə Misir arasında bağlanmış(26 mart 1979) Kemp Devid kimi məşhur olan sülh müqaviləsinə etiraz olaraq həmin sazişi pislədi və Misirlə diplomatik əlaqələri kəsdi.Həmin saziş ərəb –İsrail münaqişəsində qüvvələr balansının İsrailin xeyrinə dəyişməsinə şərait yaratdığından İranın xarici siyasət strategiyasına ciddi maneə təşkil edirdi. İran həmin hadisədən ərəb və islam aləmində öz mövqeyini möhkələndirmək, antiamerika təbliğatını, ABŞ-ın regionda mövqeyini zəiflətmək üçün istifadə etməyə çalışırdı.İranın həmin addımı İran-Misir münasibətlərində uzun illər davam etməkdə olan böhranın yaranmasına səbəb oldu.

 

İranın sərt anti Amerika və anti İsrail mövqeyi tutması obyektiv olaraq ABŞ-ın Misiri İsrailə qarşı münaqişədən çıxarmaq səyinin nəticələrini heçə endirirdi.Doğrudur, İranın ərəb-İsrail hərbi münaqişəsində birbaşa iştirak imkanı, İsraillə quru sərhıdlərinin olmaması səbəbindən, yox idi, lakin islam aləmini İsrailə qarşı səfərbər etmək və ideoloji mübarizə baxımından Misirdən daha güclü təsir vasitələrinə malik idi. Başqa sözlə, Misirin oyundan çıxarılmasının effekti İranın ideoloji cəbhədə onu əvəz etməsi ilə öz əhəmiyyətini itirirdi.

 

1.5.5.1. İranın qərb ölkələri ilə münasibətlərində böhranın yaranması

 

İranda İslam inqilabının qələbəsi, İslam Respublikası elan edilməsi və teokratik rejimin yaradılmasının hüquqi əsasını təşkil edən Əsas qanunun qəbul edilməsi ilə regionda və hətta beynəlxalq münasibətlrdə qüvvələr balansının pozulmasından irəli gələn yeni şərait yarandı.

 

İran inqilabı yeni hakimiyyətin Qərblə münasibətlərində ciddi böhran olduğunu aşkar etdi, çünki İslam inqilabından sonra ictimai həyatın bütün sahələrində, xüsusən də mədəni –məişət sferasında, İslam dəyərləri və normalarının hakimiyyəti bərqərar edildi. Böhrandan çıxmaq üçün İran Qərblə bütün əlaqələri, xüsusən də iqtisadi əlaqələri kəsib üzünü inkişaf etməkdə olan ölkələr və İslam dünyasına çevirdi.İran İslam Respublikasının sonrakı tarixi göstərir ki, Qərb ölkələri ilə münasibətlr qeyrisabit olaraq qalır.

 

1.5.5.2. İslam dünyası daxilində zidiyyətlərin güclənməsi

 

İran islam inqilabı İslam aləmində böhranın mövcud olduğunu üzə çıxardı və onu daha da dərinləşdirdi.Belə ki, buna qədər İslam bir tərəfdən geniş kütlələr üçün və sekular islam ölkələrində öz funksiyasını- əqidə və inamın əsası olmaq funksiyasını, digər tərəfdən Şərq və Qərb hakim dairələrinin   əlində kommunizmə qarşı təkcə ideoloji deyil, həm də səfərbər edici funksiya yerinə yetirirdi.İranda inqilabdan sonra İslam dini müstəqil siyasi funksiya -əməldə İranın, sözdə İslam dünyasının maraqlarının təmin edilməsi funksiyasını ön plana çıxardı.Başqa sözlə,İran İslamın siyasi ideologiya, siyasi şüur cəhətini ön plana çıxardı.

 

İranlıların iddiasının əksinə olaraq siyasi islam ideyası Islam dünyasında həmişə olub, dünyəvi dövlətdən dini dövlətə qayıdış konsepsiyası İranda deyil, əvvəlcə Misirdə, sonra Türkiyədə meydana gəlməyə başlamışdı.

 

Regionda islam hərəktının başlanğıcı 1928- ci ildən hesablanır.Həmin il Misirdə “Əl-İxvan əl-Müslimin”(”Müsəlman qardaşları”) təşkilatının əsası qoyuldu.Qeyri leqal, siyasi partiya və dini sektanın qarışığı idi.Qarşısına bütün müsəlmanları “həqiqi islam dövləti”ndə birləşdirmək məqsədi qoyurdu.Quran konstitusiya, hüquqi sistem isə Şəriət olmalı idi.

 

Təşkilatın ideoloji təsiri altında Səudiyyə Ərəbistanı 1964-cü ildən   (kral Feysəl) islam siyasi doktrinasını dövlətlərarası münasibətlərə daxil etmək siyasəti yeritməyə başlayır.Maraqldır ki, 1965-ci ildə Müsəlman ölkələrinin hərbi-siyasi ittifaqı –İslam paktı yaratmaq ideyasını yalnız İran qeydi-şərtsiz dəstəkləmişdi. Həmin ideya sonralar (1969)  İslam Konfransı Təşkilatı\İslam Əməkdaşlıq Təşkilatı(2011 ) formasında reallaşdı. Təşkilatın Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılması və mənzil qərargahının həmin ölkənin Ciddə şəhərində yerləşmısi Səudiyyə Ərəbistanınn İslam almində aparacı rolunun qəbul edilməsinin tızahürü idi.

 

XX əsrin 60- cı illərində Türkiyədə ictimai-siyasi həyatın yenidən qurulmasının dini\ İslam əsasları haqqında təlim “Milli görüş” meydana gəldi.Həmin təlimdə İslamın siyasi –ideoloji rolunun artırılmasında ruhanilərin mövqeyi məsəlısi nəzərdən keçirilmirdi.

 

Həmin vaxtlar İranda ziyalı dairələrdə siyasi islam nəzəriyyəsi geniş müzakirə olunur,   İslam dininin ictimai-siyasi həyatda rolu haqqında müxtəlif ideyalar, nəzəriyyələr meydana gəlirdi. İranda İslam ilə ruhanilər bir-birinə qarşı qoyulur və İslamın ruhanilərin inhisarından çıxarılması ideyası aparıcı ideya təşil edirdi. Təqribən həmin illərdə İran ruhaniləri,   o cümlədən ayətullah R.M.Ruhulla Xomeyni, siyasi islam haqqında öz nəzəriyyələrini yaratmaqla məşğul idilər. İslam ölkələrinin dünyəvi ziyalılarının və İran ruhanilərinin Siyasi İslam nəzəriyyələrində oxşar və mühüm fərqli müddəalar var idi. Oxşarlıq İslamın bir qlobal ideoloji sistem kimi mövqeyini gücləndirmək, ictimai həyatın tənzimlənməsi və siyasi həyata nəzarətdə ondan geniş istifadə etməyə böyük önəm verilməsindən ibarət idi. Başqa sözlə, burada söhbət bir ideoloji sistem kimi İslam dinindən gedirdi. Siyasi İslama ziyalı baxışında ruhanilərə mühüm yer ayrılmır, əksinə onlar tənqid edilirdi. Lakin İran ruhanilərinin və ilk növbədə R.M.Xomeyninin siyasi islam nəzəriyyəsində həmin konsepsiyanın reallaşdırılmasının subyektinin müəyyən edilməsinə birinci dərəcəli əhəmiyyət verilmişdir.Həmin subyekt qismində təbii ki, ruhanilər çıxış edirdilər.

 

İnqilabdan sonra İranda Siyasi İslam ideyasının ruhani variantı reallaşdırılmağa başladı. Ona görə dünyada və İslam aləmində İslam dininə fərqli baxışlar daha da dərinləşdi və demək olar ki, İslam dini daxilində böhran yarandı və ya mövcud böhran daha da dərinləşdi.

 

İranda İslam inqilabından sonra İslam aləminə-İslam dövlətlərinə siyasi İslamın İran traktovkası mövqeyindən   yanaşıldığından İslam dünyasında yeni ziddiyyət məkanı yarandı.İran başda olmaqla İslam dinini siyasi hakimiyyətin dəyişdirilməsinin əsas ideoloji və siyasi vasitəsinə çevirmək istəyən qüvvələrlə İslamı din səviyyəsində saxlamaq, onu mövcud hakimiyyətin qorunmasına xidmət etdirmək istəyən qüvvələr arasında ziddiyyət meydana gəldi və dərinləşdi.

 

İranın İslamı siyasiləşdirmək yolu ilə İslam dünyasında liderlik iddiası İran və ənənəvi, laik İslam dövlətləri arasında ziddiyyətin meydana gəlməsinə zəmin yaratdı.

 

İnqilabdan sonra İranda şiyə təriqətinin \məzhəbinin dövlət dini\məzhəbi elan edilməsi, ölkədə İslamın digər məzhəblərinin hüquqları və praktikasının məhdudlaşdırması həm daxildə, həm də xaricdə İslam dini daxilində məzhəblər arasında münasibətlrdə böhran yaranmasına səbəb oldu.

 

İranın İslam birliyi, siyasi İslam şüarları ilə İslam dünyasına təsir göstərməyə çalışması və müxtəlif ölkələrdə mövcud olan şiyə icmalarından həmin məqsədi həyata keçirmək üçün vasitə kimi istifadə etməsi, yəni onları təşkil etmək, hakim rejimlərə qarşı qoymaq praktikası İslam aləmində çox zəif olan birliyin əsaslı şəkidə pozulmasına və məzhəb ayrılığının siyasi mübarizə vasitəsinə çevrilərək həmin birliyin tamamilə aradan qaldırılmasına zəmin hazırlayırdı.

 

İranın islam ölkələrində hakim rejimlərə müxalif siyasi təşkilatlarla əlaqə qurması və həmin ölkələrdə həmin rejimlərə qarşı siyasi çıxışları, sui-qəsd cəhdləri, hətta çevriliş cəhdlərini dəstəkləməsi regionda qüvvələr balansının dəyişməkdə olduğunu göstərirdi.

 

İranın regionda siyasətini regional böhranın deyil, İranın bir sıra ölkələrlə münasibətlərində böhranın mənbəyi adlandırmaq daha döğru olardı.

 

Eyni zamanda İranın inqilab ixracı siyasəti yaxın qonşuları ilə münasibətlərində böhran momentlərinin meydana gəlməsinə səbəb oldu. Başqa sözlə, inqilabdan sonra İran ikitərəfli münasibətlrdə qlobal və regional səviyyədə böhran yaradıcı qüvvə kimi çıxış etməyə başladı. Regional səviyyədə qüvvələr balansının dəyişməsi İrana öz şah dövründə malik olduğu üstünlüyü yeni ideologiya və vasitələrlə bərpa edib möhkəmləndirməyə imkan yaradırdı.

 

Beləliklə, İranda İslam inqilabından sonra yaranan teokratik rejim qlobal, regional, ölkədaxili ziddiyyətlərin üzə çıxması və daha da dərinləşməsinə zəmin yaratdı.İndiyə kimi həmin ziddiyyətlərdən heç birinin həll edilməməsi böhranın davam etdiyini deməyə əsas verir.İranın inqilabdan sonrakı tarixi də qeyd edilən bütün sahələrdə, ikitərəfli və çoxtərəfli münasibətlərdə iri və xırda, zəif və güclü böhranlarla müşayət olunmaqdadır.

 

Həmin vaxtdan meydana gələn və siyasi xarakter alan ziddiyyətlər İslam dünyasının əsas daxili siyasi böhranına zəmin hazırladı və böhran getdikcə dərinləşdi və hazırda da davam etməkdədir.

 

Read 52 times


XƏBƏR LENT