Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 04 Dekabr 2017 00:00

İRANLI ALİMLƏR SEPARATİZMİ, İRAN MOLLALARI RADİKAL İSLAMI DƏSTƏKLƏYİRLƏR.

Written by 

 

                                                                               V.K.MUSTAFAYEV

 

 

İran İslam Respubliası teokratik dövlətdir.Teokratiya cəmiyyətin həyatının bütün sahələrinin İslam normalarına, ruhanilərin nümayəndəsi olan fəqihə-Ali Rəhbərə tabe edilməsində, məhkəmə hakimiyyətinin ruhanilərin inhisarına verilməsində , Ali Rəhbərin yerlərdə ruhanilərdən ibarət nümayəndəlik inistutunun, məscidlərin və onların imam cümələrinin fəaliyyətini tənzimləyən İmam Cümələrin fəaliyyətini planlaşdıran Şuranın fəaliyyət göstərməsində, İslam normalarına riayət edilməsinə nəzarət edən və ruhanilərin hakimiyyətini qoruyan İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətində özünü göstərir.İran dövlətinin həyatı həm də Qərb demokratik prinsipləri əsasında tənzimlənir.Bura Əsas qanun, mərkəzi və yerli hakimiyyətin, Ali Rəhbər də daxil olmaqla, seçkilər yolu ilə formalaşmasını, dünyəvi təhsil sistemini və s.aid etmək olar.Qeyd edildiyi kimi, demokratik hakimiyyət formaları islam normalarına, dini və dünyəvi səlahiyyətlərə malik olan Ali rəhbərə tabe edilir.

Məlum olduğu kimi, İranın daxili və xarici siyasətinin əsas istiqamətləri, strateji və geosiyasi hədəfləri dövlətin Ali Lideri tərəfidən müəyyən olunur.Həmin siyasət konkret şərait və məkan üçün müxtəlif qərar qəbul etmə və icra qurumları tərəfindən dəqiqləşdirlir və həyata keçirilir.İran İslam Respubliası teokratik rejim olsa da, onun siyasi sisteminin strukturunda İslam dininin hakim mövqeyi altında dünyəvi və dini qurumlar özünə məxsus şəkildə birləşdirilmiş və buna uyğun olaraq xarici siyasətin dini və dünyəvi ünsürləri müxtəlif qurumlar tərəfindən həyata keçirilir.Rəhbər tərəfindən və ya onun adından müəyyən edilən xarici siyasətin əsas prioritetləri də ən ümumi şəkidə iki yerə- dini və dünyəvi komponentlərə bölünür. Xarici siyasətin dünyəvi komponentləri bütün xarici ölkələrə şamil edilir, lakin dini komponentləri məlumdur ki, ancaq müsəlman dövlətlərinə və ilk növbədə şiyə icmaları olan müsəlman ölkələrini əhatə edir.Onu da mütləq əlavə etmk lazımdır ki, müsəlman ölkələrinə münasibətdə dini komponent şiə və sünni icmalarına münasibətdə fərqli məzmun və məqsəd daşıyır.İran sünni dövlətlərdə dinin rolunun güclənməsinə çalışaraq onların İran rejiminin rəqibinə çevrilməsinə yol verməmək istiqamətində hərəkət edir.İran şiyə icmasının çoxluq təşkil etdiyi ölkələrdə İran modelində dini hakimiyyət bərqərar olunmasına çalışır, şiə icmaları azlıq təşkil etdiyi ölkələrdə həmin azlığın hüquqlarını qorumaq adı altında onları öz nüfuz dairəsinə daxil edərək, həmin azlıqdan rəqib və digər müsəlman ölkələrə təsir və təzyiq vasitəsi kimi istifadə edir.Yəni İran sunni dövlətlərindən onun daxili işlərinə qarışmamağı, islam həmrəyliyini gücləndirməyi və hətta İranın lider rolunu qəbul etməyi istədiyi halda,şiə icmaları olan müsəlman ölkələrinin daxili işlərinə qarışmaqdan çəkinmir. Sadə dillə deyilərsə, sünni dövlətlərdən İranın sünni icmalarına təsir göstərməməyi, eyni zamanda qlobal və regional səviyyədə süni-şiə ixtilafı yaratmamağı tələb edilir.Lakin özü şiə icmaları olan bütün ölkələrdə şiə məsələsini qaldırmaq və şiə-sünni ixtilafı yaratmaq və genişləndirməklə məşğul olur.

Buna bəzi xarici ölkələrdə və İranda xarici siyasətin çevikliyi deyilir.Yəni bir halda şiə icmasına, digər halda sünni icmasına üz tutulur.İranın xarici siyasətinin dini komponenti Rəhbər və onun administratiyası, İmam cümələrin fəaliyyətini planlaşdırma şurası, həmin şuranın ostanlarda nümayələndələri, Rəhbərin yerlərdə yalnız ruhanilərdən ibarət olan nümayəndələri İslam İnqilabı Keşikçiləri Korpusu (İranda islam inqilabını müdafiə edir, ordu, polis, sərhəd qoşunlarına yardım göstərir və dünyada islam ideyalarının həyata keçirilməsinə dəstək verir)tərəfindən hazırlanır və dövlətin bütün gücü və fövqəladə hallarda İslam İnqilabı Keçikçiləri Korpusu və onun xaricdə “inqilabi qüvvələri” təşkil etmə, səfərbər etmə, təlim keçmə və nəhayət biavasitə məhəlli əməliyyatlar keçirmək üçün təşkil olunmuş əlahiddə Qüds hərbi hissəsi tərəfindən həyata keçirilir.Hər hansı bir ölkəyə qarşı və ya onun lehinə təbliğat işi ilə çox saylı intellektual və dini mərkəzlər məşğul olur.Ölkədə, dünyada, xarici siyasətdə, o cümlədən onun dini komponentində, baş verən dəyişikliklər və Ali Rəhbərin həmin məsələlərə münasibəti, məsləhət və göstərişləri, eyni zamanda dini mərkəzlərin xarici siyasət məsələlərinə münasibəti haqqında ilk növbədə cümə namazları zamanı xütbələrlə çıxış edən Rəhbərin yerlərdə və əsas qurumlarda nümayəndələrinin dilindən eşitmək olar.İranda cümə namazlarının təşkili, gedişi, nəzarəti və s məsələlər və ya imam cümənin seçilməsi, onun fəaliyyəti, xütbələrinin hazırlanması və onların icrasına nəzarətlə iearirxik struktura malik olan İmam cümələrin fəaliyyətinin proqramlarını hazırlayan şura və onun yerlərdə nümayəndəlik büroları məşğul olur. Bundan əlavə namazların təşkili məsələləri ilə Cümə namazları qərargahları məşğul olur.

Əsas şuranın və ona tabe olan nümayəndəlik büroları və namaz qərargahanın öz strukturları var və bütün ölkəni əhatə edirlər. Bir sözlə, xütbə deyən mollaların xütbəsinin mövzusu, məzmunu əvvəlcədən müəyyən edilir və ona əməl olunmasına ciddi nəzarət olunur.Cümə namazı məsələsi ölkənin müntəzəm təşkilata malik olan və əhalinin dünyagörüşünə, siyasi baxışlarının, davranışının formalaşmasına bilavasitə təsir göstərən mühüm siyasi, dini, təşkilatı qurumun formalaşmasına şərait yaratmışdır.Sözün qısası, heç bir molla cümə və camaat namazı zamanı istədiyi mövzu haqqında danışa bilməz, onun çıxışının mövzusu, süjeti, əsas tezisləri qabaqcadan müəyyən edilir, sonda isə yoxlanılır və dəyərləndirlir.Nümunə olaraq deyə bilərik ki, Şərqi Azərbaycanda 33 imam cümə vardır;biri ostan mərkəzinin və ya baş imam cümə, digərləri şəhristanların\vilayətlərin(21 ) və rayonların imam cümələridirlər.

Qeyd edildiyi kimi, imam cümələrin əsas vəzifələrindən bir cümə namazları zamanı ölkədə və dünyada baş verən hadisələrə İranın, onun hakim rejiminin maraqları baxımından münasibət bildirmək, əhalinin diqqətini mühüm hesab edilən bu günkü və gələcək məsələlərə yönəltməkdir.

Bunu son günlər dini mərkəzlərin yaydığı müxtəlif xarakterli yazılarda, həmçinin bütün imam cümələrin cümə xütbələrində geniş müşahidə etmək olardı.Söhbət İranda İranın keçmiş lideri ayıtulla Xomeyninin 5 azər 1358\ 26 noyabr 1979- cu il tarixində verdiyi fərmanla təsis olunmuş, İslam İnqilabı Keşikçiləri Korpusunun(İİKK) ehtiyat hissəsi kimi nəzərdə tutlan “Bəsic” (Səfərbər olanlar) yarım-hərbi və çoxminlik təşkilatın yaranmasının ildönümü münasibəti ilə çıxışlardan gedir. Ölkənin ictimai-siyasi həyatında müəyyən rol oynayan təşkilatın yaranması, həm də Xomeyninin adı ilə bağlı olan hadisənin ildönümünü qeyd etmək, adi, lakin mühüm işdir.Məsələ əlbəttə ildönümün qeyd edilməsi ilə yox, orada səslənən çox mühüm fikirlərlə bağlıdır.

Suriya hadisələri və "Bəsic"- səfərbər olanlar

Əsasən daxili auditoriyaya yönəlmiş çıxışlarda Suriya hadisələrində “bəsic”in roluna xüsusi diqqət yetirilir.Suriyada İŞİD qüvvələrinin əsasən məğlub edildiyindən geniş danışaraq, həmin qələbənin biavasitə İranın hərtərəfli yardımları və ilk növbədə “bəsic” ideyası sayəsində mümkünlüyü xüsusi vurğulanır.Nadir hallarda həmin qələbədə “İİKK”\”Sepah”ın rolu ötəri qeyd olunur.Belə təsəvvür yaradılır ki, Suriyada ifrat,radikal islamçı qüvvələr-İŞİD ona görə məğlub edildi ki, həmin ölkədə “bəsic”nümunəsində çox saylı xalq qoşunları təşkil edildi.Bu, İranın ərəb ölkələrində təşkil etdiyi ilk belə yarım-hərbi   dəstələr deyildi.İranlıların dediyinə görə, ilk belə dəstə hələ 1982- ci ildə Livanda Sepahın rəhbərliyi ilə yaradılmış və şiələri birləşdirən “Hizbullah” təşkilatı olmuşdur.İkinci dəfə belə təşkilat İraqda “Həşd əl Şəəbi”\Həşdi-Şəəbi adı altında yaradılmış və məhz onun sayəsində İraqda ifrat \radikal islamçı qüvvələrə qalib gəlmək mümkün omuşdur.Üçüncə dəfə belə təşkilat, artıq qeyd edildiyi kimi, Suriyada yaradılmışdır.Dördüncü dəfə belə təşklat iranlıların dediyi kimi Yəməndə “Ənsar Allah” və ya “Fatimilər” adı altında yaradılmışdır.Natiqlər və yazı müəlliflərinin bəziləri Əfqanıstanda vaxtilə Sovet qoşunlarına qarşı da məhz əfqan “bəsicləri”nin vuruşduğunu qeyd edirlər. İranın həmin ölkələrdə bəsic nümunəsində xalq qoşunları təşkil etməyə nail olduğu xarici siyasətin böyük uğuru hesab edilir.

Eyni zamanda göstərilir ki, İran Xomeyninin dünya bəsic təşkilatı yaratmaq ideyasını realaşdırmaq istiqamətində böyük uğurlara nail olmuşdur.Adı şəkilən ölkələrdə siyasi böhranlar başa çatmadığından, həmin qüvvələrin hələlik fəaliyyətdə olduğunu nəzərə alaraq, onların sonrakı daxili proseslərə təsiri haqqında birmənalı fikir yürütmək çətindir.Amma bir şey aydındır ki, İran həmin qüvvələrdən öz təsir və mövqeyini gücləndirmək üçün istifadə edir və edəcək. İranın xaricdə “bəsic”təşkil etməsi təcrübəsinin mühüm bir cəhəti də İranın müsəlman ölkələri üçün yeni təhlükəli vasitəyə malik olmasıdır.İran istənilən müsəlman ölkəsində yaranan və ya yaradılan daxili siyasi böhran şəraitindən yerli narazı aşağıları təşkil etmək və öz mövqeyini möhkəmlətmək üçün həmin qüvvədən asanlıqla istifadə etməyə qadirdir.Bu da İrana öz təsirini “bəsic”kimi təşkil olunmağa həmişə hazır olan ən aşağı təbəqələrin nümayəndəlrindən istifadə etməklə yaymaq imkanı verir.

Çox güman ki, müsəlman ölkələrinin daxili işlərinə qarışmağın yeni üsul və vasitələrini nəzərə alan Rəhbər bəyan etmişdir ki, harada zalımlara qarşı mübarizədə məzlumlara İranın köməyi lazım olarsa, yardım göstərməyə hazırdır.Rəhbər ümumi şəkildə desə də, məqsədin müsəlman ölkələri və ilk növbədə şiə icması olan ölkələri oduğu aydındır.Rəhbərin həmin sözlərini təkcə İranın özünə inamının artdığının, regionda, hətta dünyada mövqeyinin möhkəmlənməsinin deyil, həm də onun müsəlman ölkələrinin daxili işlərinə qarışmağa hazır olduğunun göstəricisi kimi dəyərləndirmək olar.Bunu iranlı generalardan bəziləri də etiraf edirlər.Onlardan biri deyir ki, hələ neçə il əvvəl ABŞ “Bəsic”in gücünün artması və genişlənməsi barədə xəbərdarlıq etmişdi.O, bunu düşmənin “bəsic”in həqiqi gücünü və qloballaşmasının təhlükəsini dərk etməsi kimi qiymətləndirir.Həmin general qeyd edir ki, amma ABŞ-ın onun qarşısını almağa gücü çatmadı .

Qeyd edildiyi kimi, “bəsic” adı altında İranın regionda mövqeyinin son dərəcə gücləndiyini qeyd etmək digər məsələlərdə də özünü artıq göstərir.Mövzunu davam etdirmədən əvvəl “bəsic” haqqında bir neçə məlumatı qeyd etmək lazımdır.

Artıq qeyd edildiyi kimi, “Bəsic” təşkilatı Xomeyninin fərmanı ilə 1979- cu ildə cəmiyyətin müəyyən təbəqələrini birləşdirmək və onların enerjisini yeni yaranmaqda olan hakimiyyət və formalaşmaqda olan hakim elitanı qorumağa yönəltmək məqsədi ilə yaradılmışdı.”Bəsic” əslində yuxarıda qeyd edilən məqsəd üçün yaradılan İİKK\Sepahın ehtiyat qüvvəsi kimi nəzərdə tutulurdu və indi də vəziyyət belədir. “Bəsic” yarım hərbi xalq qoşun sayılır və cəmiyyətin həyatının bütün sahələrini və ölkənin bütün ərazisini əhatə edi.

Onun hərbi qolu “İmam Hüseyn” və “İmam Əli” briqadalarında, digərləri məktəblilər, tələbələr, işçilər zəhmətkeşlər, tayfalar, gildiyalar və s. bəsic təşkilatlarında təmsil olunmuşlar Bəsic İran-İraq müharibəsində fəal iştirak etsə də, sonra əhəmiyyəti azaldı, lakin 1990 – cı illərin sonlarında tələbələrin etiraz nümayişləri artdıqda təşkilat yenidən aktuallaşdı. Bəsicdə üzvülük hərbi xidmətdən azad olma, universitetə daxil olma imtiyazı və kiçik təqaüd təmin edir.Bundan əlavə, bəsic üzvü olmaq sonra mühafizə və təhlükısizlik orqanlarında vəzifə tutmaq imkanını asanlaşdırır. Başqa sözlə, yarım hərbi, köməkçi və kütləvi təşkiat olan Bəsic təşkilatının rolunu şişirtməyin heç bir əsası yoxdur.Bəsicin rolundan danışanlar dolayısı ilə xalqın həmin hadisələrdə rolunu və İranın xalqı təşkil etmə qabiliyyətini qabartmaq istəyirlər.

Əslində isə Suriyada İŞİD-in məğlubiyyəti və B.Əsəd rejiminin hakimiyyətdə qalıb, hökumətin nəzarəti altında olan ərazilərin genişləndirilməsində həlledici rolu Rusiya oynamışdır.2015- ci ilin sentyabr ayının sonundan Rusiyanın Hava Kosmik Qüvvəlrinin hərbi əməliyyatlara başlamasından sonra rejimi xilas etmək mümkün olmuşdu.

Beləliklə, İranın Suriyada bəsicin ayağına yazılan “uğurları”, qeyd edildiyi kimi, digər məsələlərin daha inamla qaldırılmasına zəmin yaradır.

Biz bunun nümunəsini 6 azər 1396\27 noyabr 2017- ci il tarixində eyni zamanda Təbriz və Ərdəbildə Nardaran hadisələrinin ikiilliyinə həsr edilmiş mərasimdə görə bilərik.

Əvvəlcə qeyd etmək lazımdır ki, hələ noyabr ayının 23 –də Ərdəbilin hansısa dini qurumunun rəhbəri elan etmişdi ki, eyni zamanda Təbrizdə, Qumda və Ərdəbildə həmin hadisəyə həsr olunacaq mərasim keçiriləcək və artıq ona hazırlıq işləri başlanıb .Yəni dəvət olunanlar, mərasimin proqramı, əsas çıxış edənlər və s. müəyyənlşdirilməkdədir.Deməli, həmin mərasimin keçirilməsi barədə qərar ən yüksək səviyyədə qəbul olunmuşdur.

 İranın Nardaran "Sevgisi"

İran Səda və Sima\R-Tv həmin mərasim barədə qısa hesabat yaymışdır.Ərdəbildə bir dini təşkilatın rəhbərinin sözlərinə istinadən geyd edilir ki, noyabrın 27 –də eyni zamanda Ərdəbil, Qum və Təbrizdə ildönümü mərasimi qeyd edildi.Mərasimin sonunda “Müsəlman azərilər cəmiyyəti” adından bəyanat yayıldı.R\Tv-nin məlumatında hadisə haqqında bir cümlə məlumat yayılmışdır.Lakin çox saylı regional ve yerli internet resurslarında Təbriz və Ərdəbildə keçirilən mərasimlər barədə geniş və müfəssəl məlumat yayılmışdır.

Təbrizdə mərasim İmam Sadiq məscidində Rəhbərin Şərqi Azərbaycan ostanında nümayəndəsi, Təbrizin daimi imam cüməsinin, şəhər əhalisinin müxtəlif təbəqəırinin nümayəndəlrinin iştirakı ilə keçirilmişdir. Mərasimdə əvvəlcə məscidin imam cüməsi, hüccətülislam Qaffarzadə, ondan sonra əsas natiq, Təbrzin məşhur natiqi\xətibi kimi təqdim edilən və dini məsələlər üzrə ekspert olan hüccətülislam Bərgi çöxış etmiş və Azərbaycan hakimiyyətinə qarşı iftira, ittiham və hətta hədələr səsləndirmişlər.Birinci natiq çeynənmiş yalanları təkrar etməkdən usanmamışdır.Guya Bakda “geylərə” parad keçirməyə icazə verilir, lakin hicablı xanımlar elm mərkəzləri və universitetlərə buraxılmır, məscidlər dağıdılır, cümə namazlarına icazə verilmir.Vəziyyətlə tanış olmayanlar üçün belə ağ yalanları təkrar edən molla natiq yuxarıda qeyd edilən hadisələrdən “ilham” alaraq hədələr dilə gətirməkdən çəkinmir. Çıxış edən hansısa surədə zalımlara qarşı müharibə aparmağın vacibliyinin geyd edildiyini xatırladaraq deyir:”Biz də bu gün   həmdilli və həmdinlilərimizi müdafiə etmək üçün həmrəy olmuşuq”...Həbsdə olanlarla həmrəyik.”Bizim Suriyada hərəm müdafiəçilərimiz öz sözlərini yerinə yetirdikləri kimi, bu gün   öz qardaşlarına deyirlər biz hazırıq və öz Rəhbərinmizin(!) fərmanını gözləyirik”

Həmin sözlər bir məsciddə və yerli əhalinin nümayəndələri qarşısında deyilsə də, onu diqqətdən qaçırmaq olmaz.Çünki qeyd edildiyi kimi, həmin sözlər mollanın öz sözləri deyil, ona verilmiş mövzu və plan əsasında deyilmiş və bir ucu imam cümələr mərkəzi şurasına və ya xarici siyasətin dini komponentinə gedip çıxır.

Mərasimdə çıxış edən ikinci molla Hüccətülislam Bərgi, qeyd edildiyi kimi, həm də məşhur xətib və dini məsələlər üzrə ekspert kimi təqdim olunur.Doğurdan da o biliyini göstərmək üçün “təəccüb”edir ki, Azərbaycan Respublikasının Əsas qanununun 6-cı maddəsində Azərbaycanın dünyəvi dövlət oduğu, 19-cu maddəsində dinin dövlətdən ayrıldığı və təhsilin dünyəvi xarakter daşdığl təsbit olunur.Onun fikrincə müsəlman ölkəsində dini hakimiyyət bərqərar edilməlidir.

Qəribədir ki, bu ekspert də iftira və böhtandan qaça bimir.Qeyd edir ki, M.Səmədov hicabı müdafiə(!?) etdiyinə görə 20 il azadlıqdan məhrum edilib, digəri elə-belə heç nə etmədən 20 il həbsə məhkum olunub. O, böhtanları davam etdirərək Azərbaycanda dini təhsil olmadığını iddia edir(İslam universiteti, teologiya fakültəsi və s. unudulur). Guya Kristmas(Milad) bayramı Azərbaycanda 7 gün qeyd edilir.Ekspertə yaxşı məlumdur ki, xristian dini bayram olan Kristmas-İsanın doğum günü, təqvim yeni il bayramı zamanı deyil, ondan əvvəl və ya sonra(pravoslavlarda) qeyd edilir.Ekspert qeyd edir ki, Azərbaycanda yalnız iki dini bayram-Oruc və Qurban- rəsmən qeyd olunur.

Ekspert digər müsəlman ölkəlrində neçə bayram qeyd edilidiyi barədə bir söz demir.Xətib qeyd edir ki, onlar Şimali azərbaycanlıları canlarının bir hissəsi hesab edirlər.Şimallıların onları daha çox sevdiklərini göstərmək üçün isə islamçı Əlikramdan belə bir sitat gətirir.Ekspertin deməyinə görə deirdi:”Nardaran İran Azərbaycanının bir hissəsidir” Ekspert burada da qəsdən təhrifə yol verir, çünki həmin şəxs Iran Azərbaycanı deyə bilməzdi, İran deyə bilərdi. Çünki İranda İran Azərbaycanı müstəqil bir anlayış kimi nəzərdən keçirilmir.Deməli, o, bununla öz ölkəsinə, xalqına və dövlətinə qarşı xəyanətə yol vermişdir. Bu ekspert həvəslə gətirdiyi sitatın mənasını guya dərk etmədiyini göstərdiyini güman edir.O da müsəlman “qardaşları”na çağırış etməyi unutmur.Göstərir ki, həmin mərasim, orada insanların iştirakı o taydakıları ruhlandırır. Nəhayət, ümid etdiyin bildirir ki, Allah bu müsəlmanlara islamın qələbə çalmasında yardım edəcək.

Rəhbərin Şərqi Azərbaycanda nümayəndəsi:"Müsəlmanlara dəyməyin, yoxsa onlar da dinc dayanmazlar"

Mərasim zamanı jurnalistlərin suallarına cavab verən Rəhbərin Şərqi Azərbaycanda nümayəndəsi\Təbrizin daimi imam cüməsi həmin mollalardan geri qalmayaraq həqiqəti təhrif etməkdən çəkinmir və Nardaran hadisələrində ölənlərin günahsız olduğu və guya İslam yolunda həyatlarını itirdiklərini geyd edir.O da bir qədər üstüörtülü şəkildə hakimiyyəti hədəlyərək məsləhət görür ki, islam yolunda hərəkət edən müsəlmanlarla heç kimin işi olmasın.O, ölən şəxsləri “bizim(yəni İranın-V.M.) Allah yolunda şəhidlrimiz” adlandırır və göstərir ki, bir müsəlman kimi onların borcu İslam yolunda çalışanları müdafiə etməkdir.Nəhayət, açıq şəkildə təhdid edir ki, müsəlmanlara dəyməyin, yoxsa onlar da dinc dayanmazlar.

Beləliklə, Təbriz ruhaniləri yuxarıların göstərişi ilə Azəraycan Respublikasında dinin və dindarların vəziyyəti ilə bağlı gerçəklikləri təhrif edərək, həmin əsasda hakimyyətə qarşı tələblər irəli sürür və təhdiddən belə çəkinmirlər. Bunun adı İslam adı altında müstəqil dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey ola bilməz .İrəli sürülən tələb və təhdidlər ifrat\radikal xarakter daşıdığından İranı radikalizmi himayə etməkdə ittiham etməyə kifayət qədər əsas verir.

Ərdəbildə mərasimdə əsas çıxışçı Təbriz universitetinin və hövzə(dini) müəllimi Hüccətülislam Nəzəri idi.O da çeynənmiş yalanları(Quran oxumağın qadağan olması,əzadarlıq mərasimində iştirakın qadağan edilməsi) təkrar edir və Azərbaycanı “Avrovijn” mahnı müsabiqəsi keçirməkdə günahlandırır.O da Azərbaycan hakimiyətinə ruhanilərə(!?)qarşı mübarizə ilə bağlı xəbərdarlıq etdi.Maraqlıdır ki, Təbrizdə İslam yolunda mübarizə aparanlardan danışılırdısa, Ərdəbildə mübarizlərin tərkibi və mübarizənin məqsədi dəqiqləşdirilir.Ruhanilərə qarşı mübarizə aparmağın təhlükəsi ilə bağlı xəbərdarlıq edilir.Natiq Azərbaycanda hansı ruhaniyə qarşı repressiya həyata keçirildiyini demir, çünki belə ruhani yoxdur, yalnız İranın tanıdığı və ona xidmət edən ruhanilərdən danışmaq doğru olardı.

İstər Təbrizdə, istərsə Ərdəbildə mərasimin antiazərbaycan yönümünü guya yumşaltmaq üçün Azərbaycan Respublikasında dindarlara qarşı guya repressiyaların əsas günahkarının Qərb, ABŞ və ilk növbədə İsrail olduğunu qeyd etməyi unutmamışlar.

Mərasim bəzi yerli və dini saytlar nəzərə alınmasa, şərti olaraq hökumət adlandırıla bilən, islahat mövqeyində duran kiv-də geniş inikas tapmayıb.Bunu nəzərə alan mühafizəkar –dini qüvvələr digər Azərbaycan ostanı və azərbaycanlılara ən dindar ostan kimi təlqin edilən Zəncanda daha geniş miqyaslı mərasim keçirmək barədə elan yayıblar/ Yayılan elana görə noyabr ayının 30 da Zəncan şəhərində beynəlxalq anım mərasimi keçikrilməli və mərasimdə Azərbaycan,Livan,Yəmən,Fransa(?), İngiltərə(?)Nigeriya(?),Bəhreyn,İndoneziya(?) və İraqdan nümayəndələr\qonaqlar iştirak etməli idi. Mərasimdə əsas çıxışçı kimi Azərbaycan Respublikası “Mübariz Ruhanilər Cəmiyyətinin”(?) sədri adlandırılan Seyd Touhid İbrahim Bayılı göstərilirdi.

1dekabr 2017 –ci il tarixində bir sıra internet saytlarında həmin tədbirin keçirildiyi haqqında məlumat, digərlərində mərasimdən hesabat yayılmışdır.

Birinci növ mənbədən mərasimin keçirildiyini və elan edilən dəvətlilərin iştirak etdiyini öyrənmək olar.İkinci növ resursların birində mərasimdə ilk çıxış edən Bicar sünni əhalisinin imam cüməsi olan Mamusta Əbdülsalam Məhəmmədinin digərlərində ancaq Qum elmiyyə hövzəsinin tüllablarından olan Touhid İbrahimbəylinin çıxışlarının icmalı verilmişdir.

M.Ə.Məhəmmədi Nardaran hadisəsinin və Qarabağ müharibəsi zamanı müsəlmanların soyqırımının təkəbbürlülərin əlaltıları tərəfindən törədidildiyini və İslamın gücünün cihad və şəhidlikdə olduğunu qeyd etdi.

İranda mövcud olan dini statuslara uyğun olaraq hüccətülislam adlandırılan, yəqin ki, daha çox İran ruhanisi adlandırıla bilən əsas çıxışçı da əvvəl deyilən bəzi iftira və böhtanları təkrar edərək, Azərbaycanda ekstremistlərin hakimiyyət uğrunda qeyri-qanuni yolla mübarizəsinə İsrail və ABŞ-ın mane olduğunu, Nardaranın guya İsrailə qarşı nəinki Azərbaycanda, Qafqazda, eləcə də Mərkəzi Asiyada əsas mübarizə mərkəzi olduğunu qeyd edir.Həmin fikri düzgün izah etsək, onda deyə bilərik ki, İranın dini qüvvələri, bəlkə təkcə dini qüvvələri yox, Nardarana regionda İranın təsirini yaymaq və radikal islamın mərkəzi kimi baxırdı.

Çıxışçı İrana xoş gəlsin deyə çıxış yolunu İsrail səfirliyinin Azərbaycandan çıxarılması tələbini irəli sürür. Həmin çıxışçının sözlərində də İranın Suriyadakı “uğuru”nun təsiri özünü göstərir.O deyir ki, bütün dünya dedi: B.Əsəd getsin! İranın Ali Rəhbəri dedi: qalsın və B.Əsəd qaldı!(Yuxarıda B.Əsədin qalmasının həqiqi səbəbinə işarə edildi).

Çıxışçı İranın “uğurları”ndan ilham aldığını göstərərək, bəyan edir ki, Ali Rəhbərin məsləhət gördüyü kimi, Azərbaycan hökuməti gərək əzadarlıq mərasiminin keçirilməsi üçün şərait yaratsın.Çünki həmin mərasim guya əsil islamın qorunmasına xidmət edir, islamı gücləndirir, inqilabın əsas vasitəsidir.

Göründüyü kimi, çıxışçı, əgər hesabata inansaq, Azərbaycanın əsas məsələsi olan Qarabağın işğalı məsələsi (onu da İsrail fitnəsi hesab edir) əvəzinə İranın Azərbaycanda təsirinin gücləməsinə xidmət edən məsələlərdən danışır,onun nökəri olduğunu göstərərək, özünü ifşa etmiş olur. Yəqin çıxışçıya məlumdur ki, İran rejimin əleyhinə sərt və tutarlı danışanların bəzilərini nəinki İranda, hətta xaricdə belə terror etdirmişdir.Bununla belə həmin şəxsin hərəkətləri və sözləri diqqətlə öyrənilməlidir və İran siyasətində nəzərə alınmalıdır.

Çünki Nardaran hadisəlrini bəhanə edərək Azərbaycana qarşı beynəlxalq tədbir keçirmək sadə iş deyildir. Dəvət olunanların mənsub olduğu ölkələrin siyahısı və coğrafiyası göstərir ki, İran Azərbaycana qarşı yeni bir plan hazırlayır.

Mövzunu davam etdirməzdən əvvəl qeyd etmək lazımdır ki, internet resurslarında Ərdəbildə və Zəncanda keçirilən mərasimlər haqqında ətraflı informasiya yayılmadığından tədbirdə Rəhbərin Ərdəbil və Zəncan ostanlarında nümayəndələri, Ərdəbil və Zəncan imam cümələrinin iştirak etməsi barədə, həmçinin Qərbi Azəraycanda belə bir tədbirin keçirilməsi haqqında   məlumata rast gəlinmədi.Qumda tədbirin keçirilməsi faktı qeyd edilsə də, internetdə bu haqda məlumata rast gəlinmədi.Amma yəqin ki, bunlar məsələnin mahiyyətini, yəni İranın Azərbaycana qarşı genişmiqyaslı ideoloji kampaiya təşkil etdiyini, dəyişmir.

İranda və mərkəzin göstərişi ilə Cənubi Azərbaycanda Nardaran hadisələrinə dini qurumların böyük “maraq” göstərməsi, hər il onun ildönmümünün daha geniş miqyasda qeyd edilməsi göstərir ki, İran həmin hadisədən lazım gələndə mühüm təzyiq vasitəsi kimi istifadə edə biləcəyini nümayiş etdirir.Sistemin dünyəvi qurumunun, yəni hökumətin həmin məsələyə elə bir maraq göstərməməsi işin mahiyyətini dəyişmir.Çünki tələb olunanda icra qurumu Ali Rəhbərin göstərişini yerinə yetirməyə məcburdur.Başqa sözlə, dünyəvi komponent sayılan hökumətin müstəqil hərəkət etmək imkanı elə də geniş deyil.Digər tərəfdən hökumətin tərkibinə daxil ola İttilaat\Təhlüksizlik nazirliyi başda ruhani nazir omaqla ruhanilərin nəzarəti altındadır.

Beləliklə,zahirən müstəqil hərəkət etdiklərini nümayiş etdirən “dili bir, dini bir olan[ ruhani qardaşlarımız” Suriyadakı hadisələrdən ilham alaraq Azərbaycan Respublikasında islamçı elementlərin fəallaşmasına yardım göstərməyi qərara almışlar.Onlar bir qardaş kimi şimaldakıların “qayğılarını” çəkərək onları islam dövləti qurmağa təşviq etmək işini canlandırmaq yolunu davam etdirirlər.

Biz də onlara, yəni ancaq bu yola yönəldilmiş molla, din sahəsində molla ekspertlər, mollalıqla professorluğu birləşdirən və bu kimi şəxslırə müraciət edərək soruşmaq istəyirik ki, bunlar kimdir.Olsa-olsa milli kimliksiz bir qrup adam.Bağqasının milli kimliyinə xidmət edən zavallılar.Əgər belə olmasa idi,  onlar Nardaranın ildönümünü deyil, Cənublu-şimallı bir xalqın heysiyyatının təhqir edilməsinə qarşı çıxış edən həqiqi azərbaycanlılardan onlarla insanın öldürüldüyü 1 xordad(22 may 2006) gününün ildönümünü qeyd edərdilər.Yaxud Urmu gölünün qurumasına, milli dil və milli kimliyi aradan aparmağa çalışan hakim rejimə qarşı çıxış edənlərin öldürlməsinə, həbs edilməsinə qəti və geniş etiraz edərdilər.Onlar əgər İslamı guya xilas etmək iddiasındadırlarsa, onda həmin islam dininin qorunması və xüsusən yayılmasında, eyni zamanda şiyəliyin İranda dövlət dini səviyyəsinə yüksəlməsində həlledici rol oynamış xalqın, Quranın tələbinə uyğun olaraq, ana dilini digər müsəlman xalqın zülmündən xilas etmək barədə niyə nəinki hərəkət etmir, hətta düşünmürlər.Onlar gərək əvvəcə özlərini - 30 milyonluq xalqı dilsizlikdən xilas etmək, sonra digər qardaşlarının   dinini xilas etmək barədə düşünsünlər, çünki onda daha böyük uğur qazanarlar.

Əgər onlar şimaldakıları özlərinin bir parçası hesab edirlərsə, onda niyə millətçi fars və İrandakı ermənilərin Azərbaycan xalqına qarşı çirkin təbliğatına münasibət bildirmirlər. Qulaqlarının dibində şovinist farslar o yana qalsın, İran erməniləri dili bir dini bir qardaşlarına qarşı informasiya müharibəsi aparır. Onların bundan xəbəri varmı .Yox, onda yada salırıq.

İran alimləri Qarabağı Ermənistan toqpağı kimi tanıyır

16 mehr 1396\ 8 oktyabr 2017- ci il tarixində İranın Qafqaz araşdırmalar mərkəzində rəştli, ekologiya sahəsində aspirant olan bir erməninin “Arsax(Qarabağ)məsələsi” adlı fars dilində yazdığı kitabın təqdimat mərasimi keçirilib .Bu “aspirant” Türkiyə və Qafqaz haqqında çoxlu məqalə və bir neçə kitab yazıb, həmin kitablardan bir də adı çəkilən kitabdır. Həmin mərasım haqqında geniş məlumat Azərbaycan Respublikası və Cənubi azərbaycanlıların əsas informasiya \internet düşmənlərindən biri olan, İranın “Azəriha” saytında verilmişdir. Kitab Azərbaycan Respublikasının milli maraqlarına, onun ərazi bütövlüyünə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq normalarına uyğun mövqeyi və ədalətli tələblərinə qarşı yönəldiyindən “yüksək səviyyədə” təqdimatı keçirilmişdir.Belə ki, mərasimi Mərkəzin baş direktoru, doktor Mehdi Hüseyni Tağıabad açaraq, kitabın müəllifi və onun Türkiyə və Qafqaz ilə bağlı “elmi”fəaliyyəti barədə qısa məlumat verib bildirir ki, təqdimatda Kave Bayat kimi nüfuzlu alimin iştirakı göstərir ki, bu, çox “qiymətli və mühüm” kitabdır.

İlk çıxış edən qədim dövr tarixi üzrə mütəxəssis olan doktor Əli Əlibabai idi.Natiq kitabın əsas xüsusiyyətinin Qarabağ tarixini də özündə əks etdirməsində görürdü.Guya buna qədər Qarabağın tarixi barədə heç nə yazılmayıb.İlk kitabdır ki, Qarabağın tarixi də burada yer alıb.Kitabın birinci hissəsi Ermənistan və “Artsax” –ın tarixinə həsr olunub.Alimin əsas iradı ondan ibarət idi ki, Musa Xoreninin əsərində Ermənistan və “Artsax”ın tarixi mükəmməl əhatə olunduğundan onunla kifayətlənmək kafi idi.Başqa müəlliflərə istinad etməmək də olar.

Kitabın digər hissəsi İslam mənbələrinin Qarabağın Ermənistana “aid” olmasının araşdırılmasına həsr olunub.Bu hissəni erməni icmasının məclisdə nümayəndəsi olan deputat yazıb və çıxışçının fikrincə yaxşı da yazıb. Amma çıxışçı göstərir ki, İslam tarixçiləri və coğrafiyaçıları həmin məntəqənin bütün xristianlarını səhvən erməni və bütün regionu Ermənistan adlandırdığından həmin mənbələr həqiqəti əks etdirə bilməz.Çıxış edən hesab edir ki, mövcud erməni mənbələri Qarabağın Ermənistana “aid” olmasaı haqqında kifayət qədər dəlilə malikdirlər, ona görə həmin mənbələr ilə kifayətlənmək olardı.

Beləliklə, birinci çıxış edən Qarabağın Ermənistana məxsus olması ideyasını barədə heç bir irad irəli sürməmiş, əksinə ermənilərin saxta iddialarını “elmi” şəkildə dəstəklədiyini bəyan etmişdir.

Sonra tarixçi və Qafqaz məsələləri üzrə ekspert kimi təqdim olunan K.Bəyat çıxış edir.

O, əvvəlcə qeyd edir ki Qarabağ münaqişəsi artıq “unudulmuş” münaqişələr dəstəsinə aiddir, çunki onun haqqında son dövrlərdə kitab və məqalə yazılmır. Amma dəqiqləşdirmir ki, İranı, yoxsa regionu, farsları, yoxsa digər xalqları nəzərdə tutur.

Kitab haqqında danışmağa başlayan K.Bəyat qeyd edir ki, kitabın müasir dövrə həsr edilmiş hissəsi 1905-1906- cı illər hadisələrini, yəni erməni- “tatar”(!?) toqquşmalarını əhatə edir və Ermənistan(?) və Azərbaycan arasında düşmənçiliyin köklərini yüksək səviyyədə açıqlayır. Məlum olmur ki, hər yerdə “erməni- müsəlman davası” kimi məşhur olan hadisələri Bayat niyə erməni-tatar münaqişəsi adlandırır.Deyəsən, ermənilərin fars müsəlmanları ilə qardaşlığını vurğulamaq üçün müsəlman azərbaycanlıları tatar adlandırır və onların nə farslarla eyni dinə, nə də Cənubi azərbaycanlılarla eyni dilə və dinə malik olmadığını önə çəkmək istəyir.Qafqaz məsələlıri üzrə mütəxəssis biliyinin “dərin” olduğunu nümayiş etdirir.

Kitabın digər hissəsi 1988- ci ildən etibarən baş verən hadisəlırdən və ermənilərin Azərbaycan “şəhərlərində” qırğınlarını əhatə edir.Bu hissəni, çıxış edən Qarabağ müharibəsinin başlanması və indiyə kimi davam edən toqquşmaların səbəbini (günahın Azərbaycanda olması!) başa düşmək baxımından çox mühüm hesab edir.

Kitabın digər hissəsi 1991-1994- cü illər Qarabağ müharibəsi, Xocalı qırğınına   və s. məsələlərin araşdırılmasına həsr olunub.

Kave Bəyat həmin hissənin yazılmasında geniş şəkidə sənəd, statistik məlumatlardan istifadə edildiyini vurğulayır.Kitabın dəyərini öz məlumatının səviyyəsi ilə ölçərək göstərir ki. həmin hissə bu sahədə mütəxəsis olan Bayat üçün yenilik sayılır.

K.Bayat sonra Türkiyə və Rusiyanın Qarabağ müharibəsində rolundan danışaraq qeyd edir ki, guya Rusiya 1993- cü ilə qədər Azərbaycanı müdafiə edirdi.Çünki həmin vaxta qədər guya Qarabağ münaqişəsini Rusiyanın daxili məsələsi hesab edirmiş, 1993- cü ilin yanvarından Rusiya başa düşür ki, Qarabağ məsələsi artıq daxili( Rusiyanın daxili?) məsələ deyil və bundan sonra Ermənistanı dəstəkləməyə başladı.Çıxışçı Rusiyanın guya 1993- cü ildən başlayaraq Ermənistanı müdafiə etməsinin səbəbi haqqında bir söz demir.

Kave deyir ki, kitabın əlavələr hissəsində Azərbaycanda ermənifobiya(?!) və neft dolları məsələsi nəzərdən keçirilir.K.Bəyat kitabı tarixi təhriflərə(?) cavab verdiyinə görə yüksək dəyərləndirir. Xüsusən Xocalı qırğıını barədə məsələyə toxunaraq deyir ki, bu hadisə Azərbaycanda daxili ixtilaf üzündən baş vermişdir.”Alim”in fikrincə kitabın müəllifi bu sahəni çox güclü yazmışdır və heç bir irada yer qoymur.

Sonra kitabın müəllif çıxış edir. Əsas diqqəti kitabın yazılma səbəbini izah etməyə yönəldir.O deyir ki, İranın erməni professorları və mütəfəkkirləri bu günə qədər belə fikirləşirlər ki, ermənilərin “qədim və aydın” tarixləri olduğundan Qarabağ münaqişəsi barədə kitab yazmaq və bu sahədə saxtakarlıqlara cavab verməyə  ehtiyacı yoxdur.Bu, digər ölkələrin, xüsusən İran tarixçilərinin vəzifəsidir ki, həqiqəti çatdırsınlar.Amma İran tarixçiləri bu sahədə elə bir iş görməyiblər.O xüsusi qeyd edir ki, Azərbaycan Respublikası və onun İranda səfirliyi Ermənistan və “Artsaxın” tarixini “saxtalaşdıran” çoxlu kitab çap edib yayırlar. (Amma K.Bayat deyirdi ki Qarabağ münaqişəsi barədə heç nə yazılmır.)Ona görə o, bu kitabı yazmağı qərara alıb.İkinci məsələ Azərbaycan Respublikasının məcazi məkandə məqsədyönlü fəaliyyət göstərərək Qarabağ münaqişəsini “dini” münaqişə kimi qələmə verməyə çalışmasıdır.Halbuki, Avropa, Amerika və İran mütəxəsislərinin əksəriyyətinin fikrincə münaqişə dini yox ərazi münaqişəsidir.Üçüncü məsələ İranın gənc nəslinin öz qonşularından biri yəni” Artsax Respublikası” haqqında hər hansı məlumata malik olmamasıdır.Həmin kitab həmçinin həmin boşluğu doldurmağa yönəlmişdir.

Göründüyü kimi, müəllifin məqsədi erməni tarixçiləri və siyasətçilərinin Ermənitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyə “elmi” əsas yaratmaq olduğundan soydaşları kimi ən adi həqiqətləri saxtalaşdırmaq yolu tutmuş olur və müzakirədə iştirak edən “alimlər” həmin saxtakarlığa münasibət bildirmirlər.Həmin “müsəlman” alimlər Azərbaycanın heç bir vaxt münaqişənin dini xarakter daşıması haqqında heç bir bəyanatla çıxış etmədiini müəllifə xatırlatmağı unudurlar.

Sonda müəllif özünün”təvazükarlıqla” tarixçi olmadığını və iradlara münasibət bildirmək iqtidarında olmadığını bildirir, lakin bir sıra iradlara münasibət bildirir.

1. 20 faiz ərazi məsələsi .Müəllif “riyazi üsullarla” hesablayıb ki, Ermənistan Azərbaycanın cəmi 7 faiz ərazisini işğal edib .Əksinə Azərbaycan Ağdərə(Mardakert), Xocavənd(Martuni) və Goranboy( Şaumyan) rayonlarının ərazilərinin bir hhissəsini işğal altında saxıayır.

2.Azərbaycandan qovulmuş erməni qaçqınları azərbaycanlı qaçqınlar qədər və ya onlardan çoxdur

3.Erməniər Xocalı qırğınında heç bir rol oynamayıblar

4.Azərbaycanda Xocalı qırğını ilə bağlı təbliğatda Kosovo və Fələstində baş verən hadisələr zamanı çəkilmiş şəkillərdən istifadə edirlər.

5.Azərbaycanda antierməni siyasəti yaxın vaxtda iki ölkə arasında barışıq və sülh bağlanmasını qeyri mümkün edir.

Burada İranın tarixçi olmayan ermənisinin aspirant ola-ola öz əsas işini buraxaraq ermənilərin maraqlarını erməni üsulu ilə, yəni yalan, saxtakarlıqla məsələlıəri baş ayaq göstərmək yolu ilə müdafiə etməsi heç bir təəccüb doğurmur.Qeyd edilən məlumatlar arasında həqiqətə uyğun olan bir dənə fakt göstərmək olarmı?Həmin “faktların”erməni saxtakarlığının nəticəsi olduğu tamamilə aşkardır.Görəsən Azərbaycan öz ərazisinin bir hissəsini necə işğal altında saxlaya bilər.Erməni saxtakarlığının həddi-hüdudu yoxdur.İranlı “alimlər”, əgər hesabata inansaq, həmin saxtakarlığa heç bir münasibət göstərməyib, əksinə təsdiq etməklə, “alimlikdə” ermənidən geri qalmadıqlarını nümayiş etdirmişlər.

Doğrudan da özlərini qədim və müsar tarix və region üzrə mütəxəssis hesab edən iranlı “doktorlar”ın bu həvəskar tarixçninin cızma qarasını müzakirə edib bəyənmələri və yüksək qiymətləndirmələri təəccüb doğurur.Burada obyektiv baxış olan elmdən, iranlı alimlərin obyektivliyindən söhbət gedə bilərmi? Adları çəkilən İran alimləri nəinki alimə yaraşmayan işlərlə məşğul olur, eyni zamanda ermənilərin ərazi iddialarını dəstəkləyrək ona haqq qazandırırlar.Belə mövqe erməni pullarına məhəbbətdən, yoxsa antiazərbaycanlılıqdan doğan korluqdanmı irəli gəlir?.Yəqin ki, hər ikisindən.Bu başa bəla alimlər öz hərəkətləri ilə İran İslam Respublikasının daxili və xarici siyasətinə böyük kölgə salırlar.İran rəsmi qaydada Azərbaycan Respublikasının ərazi bütövlüyünü qəbul etdiyini, tanıdığını və dəstəklədiyini bəyan edir.Ərazi bütövlüyü, bu alimciklərə məlum olduğu kimi, hər hansı bir dövlətin ərazisində ikinci müstəqil dövlətin olmasını istisna edir. Bu başa bəla alimlər isə öz ölkələrinin xarici siyasət kursuna qarşı çıxaraq qondarma “Artsax respublikası”ndan müstəqil bir qurum kimi   danışırlar.Kitaba İranın rəsmi mövqeyindən yanaşmaq əvəzinə, onlar müəllifin heç bir tənqidə sığışmayan iddialarını dörd əllə dəstəkləyirlər.Erməni separatizmini dəstəkləməklə həmin dırnaqarası alimlər İran dövlətinin əsas problemlərindən biri olan separatçılığı dəstəklədiklərini nümayiş etdirirlər.Əgər ermənilərin separatçılığı elmi səviyyədə dəstəklənirsə, deməli iranlı alimlər milli azlıqlarının İran ərazisində öz milli dövlətlərini yaratmaq hüququnu və hərəkətlərini dəstəklmiş olurlar.

Doğrudanmı bu dırnaqarası alimlər öz hərəkətlərinin İran üçün nəticəlrini görmür və ya bu, əslində İranın daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir.Çünki həmin alimlər cəmiyyətin həyatının bütün sahələrinə hərtərəfli nəzarət edən İran hökumətinin məmurlarıdır və onlar yuxarıdan icazə olmadan belə addım atmağa cürət etməzlər.Məsələn, onlara deyək ki, İran bəluclarının separatçılıq hərakatının tarixinə müsbət yanaşılan hər hansı kitabın nəinki müzakirəsinə, hətta çapına belə razı ola bilməzlər.Bunu nəzərə alsaq, deyə bilərik ki, Qarabağ münaqişəsinə qeyd edilən “elmi” münasibət İranın Qarabağ münaqişəsinə ikili yanaşmasının əyani göstəricisidir.Belə ki, İran guya Qarabağ məsələsinə münasibətdə balanslı siyasət yeridir.Əslində isə İran həmin məsələdə xaricdə bir cür, daxildə başqa cür siyasət yeridir.Xarici siyasətində ümum qəbul olunmuş prinsipləri təkrar etməklə kifayətlənir.

Daxildə isə Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlmiş hər cür hərəkətləri təşkil və himayə edir.Yuxarıda haqqında danışılan erməni kitabının müzakirəsi buna bir misaldırsa, ondan əvvəl azərbaycanlı mollaların Azərbaycana qarşı yönəlmiş dini məzmunlu çağırışları başqa bir nümunədir.Burada faciəli cəhət ondan ibarətdir ki, ermənilər və fars alimləri bir yana, İran rejimi Azərbaycana qarşı vəzifəsinin, mövqeyinin əsiri olan, ona görə milli kimliyindən imtina edən, beş gün qabağı görməyən bədbəxt azərbaycanlılardan istifadə edir.Ermənilərin köməyi ilə İran Azərbaycanın parçalanmasını təsbit etməyə, manqurd azərbaycanlıların köməyi ilə isə Azərbaycanı orta əsrlərə geri çəkərək İranın satellitinə çevirmək istəyir.

Doğrudan da, o mollalar Azərbaycan Respublikası müsəlmanlarını özlərinin bir parçası hesab edirlərsə, onda İranda bir ovuc erməninin Azərbaycan Respublikası əleyhinə mübarizə aparmasına niyə icazə verirlər.Onu da nəzərə almaq lazımdır ki,onlar əz əməllərində müstəqil deyillər və yuxarıdan göstərişlrə əməl etməyə məcburdurlar.Bununla yanaşı onların bəzi məsələlərə İran qanunvericiliyi, daxili və xarici siyasətinin əsas prinsiplirinə istinad edərək, mövqe sərgiləmək imkanı da var.Onlar Şimali azərbaycanlılara “ağıl vermək”dən əvvəl göstərməlidirlər ki, doğrudan da azərbaycanlıların milli maraqlarının müdafiəçiləridir.Əks təqdirdə onların sözləri onların dili ilə bəyan edilən fars millətçilərinin sözləri kimi dəyərləndiriləcəkdir.

Beləliklə, İranda humanitar sahədə çalışan alimlərin bir hissəsi ermənilərin separatçılıq hərəkətini dəstəkləyib elmi cəhətdən əsaslandırmaqla, bütövlükdə separatizm ideyasını( xaricdə və ya İranda ) dəstəklədiklərini nümayiş etdirirlər.

İran ruhaniləri “inqilab ixracı”siyasəti yeritməyin vacibliyini vurğulayır və inqilabın ancaq zorakılıq nəticəsində baş verdiyini bilərək, ifrat\radikal islamı dəstəkləyirlər.

Bəzi İran alimlərinin separatizm   və ruhanilərin “islam inqilabı” ixracı ideyasını dəstəkləməsi İran İslam Respubliası hökumətinin ölkənin milli maraqlarının təmin edilməsinə,   gərginliyin aradan qaldırılması və qonşularla hərtərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş xarici siyasət kursunu uğurla realaşdırmasına maneə yaradır.

Read 212 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR