Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 11 İyul 2018 00:00

Udilər haqda

Written by 

Qafqazın qədim xalqlarından olan udilərlə bağlı məlumatlar böyük  bir dövrü əhatə edərək bir çox tarixi mənbələrdən qaynaqlanır.

     Udilərin əcdadları sayılan uti­lər haqqında e.ə. V əsrdə yaşamış yu­nan alimi Herodot özünün “Tarix” əsərində yazmışdır. Siseronun obrazlı şəkildə “tarixin atası” adlandırdığı Herodot  e.ə. 490-cı ildə yunanlarla farslar arasında baş vermiş Marafon döyüşünü xatırladaraq qeyd etmişdir ki, fars ordusunun XIV sat­rapının sıralarında utilərin əsgərləri də vuruşmuşlar. Udilər haqqında bir sıra məlumatlara Strabonun, Qay Pli­niy Sekundanın (I əsr), Klavdiy Ptolemeyin (II əsr), Aziniy Qvadratın (III əsr) əsərlərində də təsadüf olunur.  Ptolemeyin məşhur “Coğrafiya” əsərində Xəzər dənizi  və Qafqaz Albaniyası ilə yanaşı  utilərdən də söhbət açılmışdır.
     Pliniy Sekunda özünün  “Həqiqi tarix” əsərində (I əsrin 50-ci illəri) ilk dəfə etnik termin kimi “udi” sözünü işlətmişdir.
     Eramızın V əsrindən başlayaraq udilər erməni mənbələrində tez-tez xatırlanır. Bu xalq haqqında ən geniş məlumat isə Moisey Kalankatuyskinin “Alban tarixi”ndə (VII-VIII əsrlər) top­lanmışdır. 
     Adları çəkilən müəlliflərin yazdıqları kimi, udilər Qaf­qaz Albaniyasının 26 tayfadan  ibarət  olan ittifaqına daxil idilər. Onlar tarixən başqa tayfalarla yanaşı Qafqaz Albaniyasının paytaxtları olmuş Qəbələdə və Bərdədə yaşamışlar. Tarıxı mənbələrdə göstərildiyi kimi, həmin dövrdə Albaniyanın qərbi və cənub-qərbi ərazilərində Uti adlı vilayət mövcud idi və bu vilayətdə utilər, yəni udilər çoxluq təşkil edir­dilər.
     Tarixən çoxallahlığa  sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmişlər. Vll-VIII  əsrlərdə ərəblər Qafqaz Albaniyasını işğal edərək əhalinin böyük hissəsinə, o cümlədən udilərə islam dinini qəbul etdirsələr də, onların bir hissəsi əvvəlki dini qoruyub  saxlaya bilmişdir. VII əsr­də ərəb xilafətinin icazəsi ilə  avtokefal alban kilsəsini erməni  qriqoryan kilsəsinin tərkibinə da­xil edir. O zamandan etibarən, rəsmən Alban katolikosunun qalmasına baxmayaraq, alban xristianların zorla erməniləşdirilməsi siyasəti aparılır. Bu­nun nəticəsi olaraq Dağlıq Qara­bağda digər millətlərlə yanaşı, udilər də ciddi assimilyasiyaya məruz qalır. 
     1836-cı ildə rus pravoslav kilsəsi və Rusiya idarəçiliyi alban katolikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra udi xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. Yalnız indiki Qəbələ və Oğuz rayonları ərazisində yaşayan udilərə  öz etnik mədəniyyətlərini və dillərini qoruyub saxlamaq  nəsib olur.
     Udi dili  Qafqaz dillərindən olub ləzgi dil qrupuna aiddir. Udi dilinin iki dialekti var: Nic və Oğuz (Vartaşen). Vartaşen dialekti də öz növbəsində 2 yerə bölünür: Vartaşen və Oktomberi (Zinobiani). Nic dialekti 3 yerə bölünür: aşağı, aralıq və yuxarı. 
     Bəzi mütəxəssislərin qeyd etdikləri kimi, udi dili Qafqaz Albaniyasının geniş yayılmış dillərindən olub. Bu dilə Bibliya mətnləri tərcümə olunub, udi dilində kilsə xidməti aparılıb.  Lakin tarixi proseslər nəticəsində bunlar tədricən istifadədən çıxarılıb.
     XX əsrin əvvəllərində və orta­larında alimlər tərəfindən alban di­lində bir neçə yazı lövhəsi aşkar olun­sa da, onlar uzun müddət onu oxu­ya bilmə­yiblər.1937-ci ildə gürcü ali­mi İ.V.Abuladzenin  Matenadaranda qorunub saxlanan XV əsr erməni əl­yazmasının içində 52 hərfdən ibarət alban əlifbasını aşkar etməsi qafqaz­şünaslıq elmində böyük hadisə oldu.
     1948-ci ildə Mingəçevir SES-nın tikintisi ilə bağlı qazıntılar zamanı VI-VII əsrlərə aid xristian məbədi aşkar olunur.  Burada arxeoloji qazıntılara başlanır. Həmin ərazidən tapılan, üstündə epiqrafik yazılar olan bir neçə qədim lövhə  alban əlifbasının mövcudluğu ilə bağlı şübhələrə son qoyur. 
     1956-cı ildə A.Kurdian (ABŞ)  alban əlifbasının daha bir nüsxəsini aşkar edir.
     1996-cı ildə Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Zaza Aleksidzenin Misirin Sinay yarımada­sındakı Müqəddəs Yekaterina mo­nas­tırında  palimpsest (gürcü-alban əlyazması) tapması elmdə böyük hadi­sə olur.  Alim həmin əlyazmada gürcü dilində yazılmış mətnin altında alban dilində yazılar aşkar edir. Bu tapıntı, nəhayət, təsdiq edir ki, alban əlifbası nəinki mövcud olub, həm də bu dildə bədii ədəbiyyat da  yaradılıb.
     Bəzi mütəxəssislər tapılmış  ya­zıları  udi dilinin köməyi ilə oxuma­ğa çalışırlar. Palimpsestin deşifrəsi üzərində Volfqanq Şulse, Qost Qeppert, Zaza Aleksidze və P.Maedən ibarət müəlliflər qrupu çalışıb. Onlar bu barədə  2 cilddən ibarət, 530 səhifəlik tədqiqatlarını  Belçikanın “Brepols” nəşriyyatında nəşr ediblər.
Udi dilinin tədqiqi A.A.Şifnerin adı ilə bağlıdır. O, 1863-cü ildə udi dili haqqında monoqrafiya çap etdirmişdir. Onun ardınca bu işi A.Dirr davam etdirmiş, onun 1902-ci ildə    “Udi dilinin qrammatikası” monoqrafiyası nəşr olun­muşdur.
     Hələ XIX əsrin 50-ci illərində vartaşenli Georgi Bejanov Şifnerə öz doğma dilinin tədqiqində kömək etmişdir. O, özü udi dilinin lüğətini hazırlamağa başlamış, lakin qəfil  ölüm onun işini yarımçıq qoymuşdur. 
     1934-cü ildə Suxumidə latın qrafikası ilə  udi əlifabası çap olunmuşdur. Lakin tezliklə əlifba istifadədən çıxmışdır.
     Udi dilinin tədqiqində bu dilin qrammatikasını və dialektlərinin müqayisəsini araşdırmış zinobianili udi E.F.Ceyranaşvilinin və V.N.Pançvidzenin böyük əməyi olmuşdur.
     Əslən nicli olan görkəmli alim Voroşil Qukasyanın bu sahədə gərgin fəaliyyətini də qeyd etməmək olmaz. O, 1974-cü ildə  nəşr olunmuş “Udicə-azərbaycancf-rusca lüğət”in yaradıcısıdır.
     Həmin il V.L.Qukasyan tərəfin­dən kiril qrafikası ilə udi əlifbası yaradılmışdır.
     1990-cı ildə Azərbaycanda latın qrafikası əsasında udi əlifbası hazırlanmış, əlifba kitabı və Keçaqarinin əsərləri  nəşr edilmiş, Nic kənd məktəbində onların istifadəsinə başlanmışdır. 
     2007-ci ildə Həştərxanda V.V.Dabakov tərəfindən udi folkloru toplusu nəşr olunmuşdur. Həmin kitabda latın əlifbasının başqa variantı istifadə edilmişdir. 
     2010-cu ildə Bakıda Robert Mobili tərəfindən hazırlanmış daha bir lüğət “Udicə-azərbaycanca-rusca lüğət” işıq üzü görmüşdür.
     2010-2016-cı illərdə Azərbaycanda çap olunmuş 2-4-cü siniflər üçün əlifba kitablarında latın əlifbasının da­ha bir variantı tətbiq olun­muş­dur.
     2013-cü ildə Rusiya Fe­derasiyasında çapdan çıxmış “Nanay muz” adlı əlifba kiril qrafikası ilə, Qukasyanın əlifbası əsasında tərtib edilmişdir.
     Fransız yazıçısı Alek­sandr Dü­manın  verdiyi məlumata  görə XIX əs­rin sonlarında udilər ancaq 2 kənddə yaşayırdılar və onların sayı 3 min nəfər idi. Əslində isə XIX əsrdə udilər Nuxa qəzasının 10 kəndində - Nic, Vartaşen, Vardanlı, Mirzəbəyli, Sultannuxa, Kir­zan, Courlu, Malıx və Yenikənd kənd­lərində yaşayırdılar. 
     1992-ci ildə Qəbələ rayonunda 5241 udi yaşayırdı. Onlardan 4465 nəfər Nic kəndinin sakini idi.
     Hazırda Azərbaycanın  Nic və Gürcüstanın Zinobiani kənd məktəblərində udi dili tədris olunur. Nicdə dərslər latın qrafikası ilə hazırlanmış əlifba, Zinobianidə isə yerli gürcü Mamuli Neşumaşvilinin gürcü qrafikası ilə tərtib etdiyi əlifba əsasında aparılır. 
     Udilər Azərbaycanda,  Rusiyada,  Gürcüstanda, Qazaxstanda, Ukraynada və Belorusda yaşayırlar. Yığcam halda onlar Azərbaycanın Oğuz şəhərində, Qəbələ rayonunun Nic qəsəbəsində, eləcə də Gürcüstanın Kaxetiya rayo­nunun Oktomberi kəndində məskunlaşmışlar. 
     Hazırda dünyada  udilərin sayı 10 min nəfərdən çoxdur. Azərbaycanda onların sayı  4500 nəfərə yaxındır.  Təkcə Nicdə 3700 udi yaşayır. 
     Dünyada udilərin ən böyük yaşayış məntəqəsi Nic qəsəbəsi sayılır. Burada kənd əhalisinin 50 %-ni udilər təşkil edirlər. Kənddə 3 xristian məbədi, iki məscid var. Yerli udilərin qürur mənbəyi olan Cotari alban kilsəsi tari­xi baxımdan əhəmiyyətlidir. Bu alban-udi məbədi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğçilərindən olub. 2002-ci ildə əsaslı təmir və bərpa işlərindən sonra məbəddə udilər dini ayinləri yerinə yetirirlər.
     2003-cü ildə Azərbaycanda Alban-udi xristian icması qeydiyyatdan keçmişdir.
 
Sədaqət KƏRİMOVA
 
 
 
Read 166 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR