Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 18 İyun 2018 05:40

TALIŞ POEZİYASININ GÜNƏŞİ-ZÜLFÜQAR ƏHMƏDZADƏ-120

Written by 

Talış xalqının qan yaddaşında, Azərbaycanın ürək döyüntüsündə əbədi nur saçacaq Zülfüqar Əhmədzadə!

I.Giriş.

 

Bu il talış ədəbi ictimaiyyəti, talış ziyalıları, Azərbaycanın böyük ictimai-siyasi xadimi, tərcüməçi, pedaqoq Zülfüqar Əhmədzadənin (1898-1942) anadan olmasının 120 illiyini təntənə ilə, həmçinin vəfatının 76 ildönümünü göz yaşları ilə qeyd edir, bir üzümüz gülürsə, o biri üzümüz göz yaşları tökür...

O, Azərbaycanın 1937-ci ildə repressiyaya məruz qalan yüzlərlə böyük şəxsiyyətlərindən biridir. 4 il Sibirdə ağılagəlməyən işgəncələrdən sonra 76 il bundan qabaq, 1942-ci ildə iyun ayının 9-da şəhid olmuş, Rusiyanın Kemerovo vilayətində, Marinski şəhər qəbiristanlığında dəfn edilmişdir. (Təbii ki, o, bu qarlı-şaxtalı Sibirə öz xoşu ilə gəlməmişdi. Sovet hökumətinin apardığı nasist siyasətin nəticəsində o, həbs edilmiş, 1939-cu ildə buraya- Sibirə sürgün edilmişdi.)

2. Bəs nə idi Zülfüqar Əhmədzadənin günahı?

 

Talış milli-mədəni hərəkatının lideri, jurnalist, publisist, tərcüməçi, istedadlı pedaqoq-müəllim, ictimai-siyasi xadim, öz dövrünün adlı-sanlı şairi Zülfüqar Əhmədzadə!

Keçən əsrin 20-30-cu illərində neçə-neçə böyük rəhbər vəzifələrdə işləmiş bu dahi şəxsiyyət nə üçün gərək bir-iki yalan-böhtan ittihamla həbs edilsin, hətta bu şəxsiyyət haqqında danışmaq belə qadağan edilsin?!

“Çünki o, milliyyətcə talış idi. O, talant idi! O, azad fikirli, sərbəst düşüncəli bir insan idi! Qorxusuz, sifarişsiz yazıb-yaradırdı!..(10)

XX əsrin 30-cu illərində bizim milli hərəkatımıza, bizim talış dilimizə, maddi və mənəvi mədəniyyətimizə, incəsənətimizə, talış ziyalılarına elə bir dağ çəkdilər ki, hələ indi də “talış” adını dilə gətirəndə az qalır cinayət hesab edilsin!..” (8,4)

Allah rəhmət eləsin Zülfüqar dədəyə, görün ki, neçə-neçə vəzifələrdə ışləsə də, pulu, evi, bağı olsa da..., fəqət xalqının dərdini hər şeydən üstün bildi, gecə-gündüz talışların, Talış mahalının bugününü, gələcəyini fikirləşdi, talışlara aid 50-dən çox kitab yazdı...” (8, 4)

Dövlət qulluğunda bir çox vəzifələrdə işləyən şəxslər, saysız-hesabsız məmurlar, incəsənət-mədəniyyət işçiləri, alimlər, müəllimlər... var ki, milliyyətcə talışdırlar, kaş ki onlar Dədə Zülfüqardan ibrət götürəydilər, talışlara, öz ata-baba yurdları Talış mahalını onun kimi sevəydilər, bu hədsiz sevginin sirrini ondan öyrənəydilər...

3.Z.Əhmədzadə öz dövrünün böyük sənətkarı idi...

 

Analar hələ onun kimi oğul doğmamışlar! Onun ədəbi-bədii fəaliyyətinin başı-ayağı yox idi! O həm yazıb-yaradırdı, həm dövlət qulluğunda çalışırdı, vəzifə başında idi, həm də ictimai işlərdə fəal iştirak edirdi...

Neçə-neçə şeir kitablarının, poemaların, “Talış qızı” adlı pyesin, talışdilli məktəblilər üçün dərsliklərin, elmi məqalələrin, publisistik əsərlərin müəllifi idi!..

Böyük bir məharətlə, ustalıqla həm azərbaycanca, həm də talışca bədii əsərlər yazırdı. Rus, türk, digər dünya dillərindən ən nadir kitabları talışcaya çevirirdi.

“Artika dastanı” poemasını həm müəllifin özünün yaradıcılığında, həm də cümlə Azərbaycan ədəbiyyatı tarixində şedevr əsər hesab etmək olar. (13, s.12-13) 500 sətirdən ibarət olan “Artika dastanı” poeması 1934-cü ildə fevral-mart aylarında qələmə alınmşdır. Həmin əsər Çelyuskinçilərə həsr edilmiş şeir müsabiqəsində qalib gəlmiş, 5 min rubl (manat) pul mükafatına layiq görülmüşdür.

Müsabiqədə müəlliflər gizli imza ilə iştirak edirdilər. Yekunda elan edilir ki, “Göyərçin” ləqəbli şair qalibdir, xahiş edirik ki, qalib rəyasət heyətinə-tribunaya gəlsin. Zülfüqar Əhmədzadə qabağa çıxır. Salon ayağa qalxıb onu alqışlayır...

O dövrün məşhur şairləri S.Rüstəm, S.Vurğun, H.Cavid, M.Rahim, M.Müşfiq... kimi yazarları bir-bir gəlib Dədə Zülfüqarı təbrik edirlər.

Səməd Vurğun onu bağrına basıb deyir:

-Sən də oldun adlı-sanlı şair!..” (6)

Neçə il qabaq “Mənim dostum” poemasında talış kökənli mənfi qəhrəmanı haqqında:

-Talışdan şair olmaz,

Olsa da mahir olmaz-

-yazan Mikayıl Müşfiq səhvini etiraf edir, qalibdən üzr istəyir...

4.Z.Əhmədzadə güclü qələm sahibi idi...

Məhz onun mübarək qələminin məhsulu idi həm azərbaycanca, həm də talışça yazdığı əsərlər! Həmişəyaşar əsərləri ilə dərin-dibsiz ilhamının gücü ilə təsvir və tərənnüm edirdi şair öz xalqının azad ruhunu, şan-şöhrətli günlərini, əziz vətəni-Azərbaycanın misilsiz təbii mənzərələrini... Sadiq bir ürəklə vəsf edirdi Talış mahalının zəngin tarixi mədəniyyətini, bu gününün şan-şərafətli quruculuğunu, yeni-yeni nailiyyətlərini, bizi dünyada məşhur edən yeraltı və yerüstü nadir nemətlərini-əvəzsiz sərvətlərini!..

Öz ədəbi fəaliyyətində sovet dövlətinə, kommunist partiyasına, onun rəhbərlərinə çox təriflər yağdırmışdı, sadiq vətəndaş kimi, vətənsevər şair kimi, inamlı-sadiq məmur kimi sovet hökumətinə xidmət etmişdi... Belə böyük ürək sahibini axırda nə günə qoydular?! Onu ən adi,   ibtidai, səviyyəsiz, saxta ittihamlarla həbs etdilər və Sibirə sürgünə göndərdilər.

5.Z.Əhmədzadə ədəbi yaradıcılığının, ictimai fəaliyyətinin dairəsi hədsiz geniş idi...

 

Azərbaycan ədəbiyyatının hər üç ədəbi növündə: nəzm, nəsr, dram növlərində, hər məzmunda: lirik, satirik, fəlsəfi-publisistik uslublarda əsərlər yazmışdı. İki dildə (azərbaycanca, talışca) nə qədər əsərləri var ki, bir qismi ədəbi ictimaiyyətə məlumdur, böyük bir qismi arxivlərdə yatıb qalır, şəxsi kitabxanalarda saxlanır, çürüyüb-gedir...

Şairin ana dilində yazdığı “Tolışi jimon” (talışın həyatı) poemasının özünün çoxcəhətli yaradıcılığında xüsusi yeri var. Əsər talış xalqının maddi-mənəvi mədəniyyətinə, milli-məişətinə, adət-ənənələrinin təsvir və tərənnümünə həsr edilmişdir.

Tolışi məhol, hay xosə vətən,

Iştı umriko vey soron şedən.

Ojnən zındənin vey kəson tıni,

Iştı devləti, ıştı hestı- ni.

Dilbo çimənon, ıştı vənəşon,

Kəməkiə roon, ə yolə vişon,

Ə xosə boğçon, məhbubə vılon,

Əyo handedən ha ruj bılbılon...

/”Тоlışi jimon ” 12, с. 11/

(Sətri tərcüməsi:

Talış mahalı, ay gözəl vətən,

Sənin ömründən gör necə illər keçir.

Yenə bilmirlər (tanımırlar) çoxları səni (sənin qədrini)

Sənin dövlətini, sənin varlığını

Ürək açan çəmənlərin, bənövşələrin,

Qıvırcıq yolların, böyük meşələrin.

O bağ-bağçaların, sevimli güllərin,

Orada oxuyur hər gün bülbüllərin...)

6. Talış poeziyasında “Dəvardə rujon” (Keçən günlər) poemasının yeri.

 

Şairin yaradıcılığında ana dilində yazdığı, dəyərli bir əsər “Dəvardə rujon” (keçmiş günlər) adlı poema diqqəti daha çox cəlb edir. Əsər Talış xanı (əsasən Mir Abbas xanın) hökmranlığı dövründə talışların faciəli həyatı, çətin məişəti tarixi faktlarla şahidlərin xatirələri fonunda bədii şəkildə qələmə alınmışdır:

İtono bande, itono dıyoy,

Vəyşt ki votedən, əv ənə iyoy!

Maştə çe dıyo pemedə həşi,

Dəvətdə bə vılon, bə doon bəşi.

Livonsə şivon viriski doedən,

Handedə kijon, qılon o bedən.

Viriski doedə çəmə bandı-ku,

Çimənon, vişon, ovə dinqə cu…

( “Davardə rujon”, 13, s.5)

(Sətri tərcüməsi:

Bu tərəfin dağ, o tərəfin dəniz!

Behişt ki deyirlər, o elə buradır!

Səhər dənizdən doğur Günəş.

Nur saçır güllərə, ağaclara...

Şivlər üstə yarpaqlar parıldayır,

Quşlar oxuyur, güllər açılır.

Parıldayır dağ-təpə, dərə-düzən,

Çəmənlər, meşələr, çaylarda sular...)

7. Z. Əhmədzadə Azərbaycan ədəbiyyatında böyük ədəbi simadır...

Dədə Zülfüqar Əhmədzadə Azərbaycan talış ədəbiyyatı, mədəniyyəti, incəsənəti sahəsində böyük xidmətləri olan dahi şəxsiyyətdir. Onun ən bariz xidmətlərindən biri gözəl əvəzsiz tərcüməçi olmasıdır. Onun rus dilindən talış dilinə( A. P. Çexov, A. S. Puşkin, Demyan Bednıy, N. Nekrasov, L. Andreyev, A. Yakovlevikudən çevirdikləri...), türk dilindən talış dilinə (M. F. Axundzodə, M. Ə. Sabir, S. S. Axundov, Mir Cəlaldan tərcümələri ) indi də maraqla oxunur. Dünya ədəbiyyatı korifeylərindən ( Cek London, A. Nikaş, Daniyel Defo, Conatan Svift...) tərcumələri, redaktoru olduğu saysız kitablar tərcümə ədəbiyyatının ən yaxşı nümunələridir. ( 2)

Təbiətdə qaydadır: Qara bulud günəşin qabağını tutmağa çox cəhd edər, amma günəşin parlaq şüaları, yandırıcı atəşi qarşısında tab gətirə bilməz, zülməti balıq kimi yarar, huzura çıxar Günəş!

Dədə Zülfüqar talış poeziyasının günəşidir!

8. Ustad Zülfüqar Əhmədzadə məktəbi əbədi parlayacaqdır!

 

Onun alışdırdığı məşəl əbədi yanacaqdır. Onun işığında mərhum talış şairləri, talışca yazıb-yaradan Şəkər Aslan, Tofiq İlham, Əhəd Muxtar, Cavanşir Pensəj, Huccətulla, Əli Nasir, Malik Şərif, Şahmirzə Tolışəxun, bu gün də əsərlər yazan Vəlişah, Məsudi Dövran, Xanəli Tolış, Rza Musayev, Söhrab Əhmədi, Dıləsut, Səftər, Qəzənə, Əbdülrza, Bəxtiyar Ruşin, Mehman Qaraxani, Camal lələzoə, Bayrami, Vuqar Həmati, Şahin Həmidi, İzzətulla Tolış, İlqar Tolış, İlyasi Habil, Aytən, Aqşin Dadaşzadə, İlqar Miyonkuj və başqaları ustad Zülfüqar dədənin davamçılarıdır.

Bu, Dədə Zülfüqarın zəhmətinin təntənəsidir!

Müəllif: A.A.Bayrami

2013-2018

İstifadə olunmuş ədəbiyyat:

1) A.A.Bayrami. “Azərboyconi tolışon ədəbiyot”, B-2013

2) C. Rəhmanov. “İlləri qovuşduran körpü”, “TS” q. 1, N0- 17, 18.03.1991// 2, N0- 20, 01.06.1991

3) Ə. A. Bayrami “Tolışi poeziyə lesı”, “TS”, 22.o6.1993

4) Ə.Ağalarov. Ə.Əlişoğlu “Lənkəranlı hümmətçi”, “Azərbaycan gəncləri”, 17.08. 1989

5) Əhəd Muxtar “Tərcumə mənəvi borcdur”, “TS”,08.06.1993

6) G. Məmmədzadə “Yaddan çıxanlar”, “Sovet Astarası”q. 27.04.1989

7) H. Ə. Məmmədzadə “Zülfüqar Əhmədzadə kimdir?”, “Tolış” q. N0-15, 2002

8) H. Tanqəruj. “Zülfüqar Əhmədzadə”, “TS”,N0- 8, 9, 1993

9) Oruczadə İlqar “Zülfüqar Əhmədzadə-105” “TS”, N0-29, 2003

10) “Tarix hər kəsə öz qiymətini verəcəkdir”// Z. Əhmədzadənin qızı Mərifət xanımla müsahibə// “TS”, 29. 06.1993

11) Tehran Əlişanoğlu “ Z. Əhmədzadənin şeir poetikasına dair”, “TS” I) N0- 24, 06.07.1993; 2) N0- 25 13.07.1993

12) Z. Əhmədzadə “Poemon iyən şeiron”, M. 1990

13) Z. Əhmədzadə “Şeiron, tərcumon, məktubon”, M. 1992

14) Z.Əhmədzadə (Pensəj) “Vıjniyə əsəron”, Sankt-Peterburq, 2002

           

Read 184 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR