Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

15.09.2017 04:39

                                                             t. e.d. Ağasiyev İkram Kərim oğlu                                                                  

 

                                            A. A. Bakıxanov adına Tarix İnstitutu

 

Qloballaşma dövründə miqrasiya proseslərinin, dövlətlərarası, xalqlararası əlaqələrin intensivləşməsi maddi və mənəvi mədəniyyət sahələrində standartlaşma təhlükəsi yaradır. Bu nöqteyi-nəzərdən alman əhalisinin Qafqazda 150 ilə yaxın yaşadığı müddət ərzində öz milli mədəniyyətini, dini və mənəvi dəyərlərini, öz milli mentalitetini qoruyub saxlaması həm elmi, həm də praktiki cəhətdən böyük maraq doğurur. Apardığımız tədqiqatlar nəticəsində ayırd edilmişdir ki, Qafqaz almanlarının milli mentalitetinin, mənəvi dəyərlərinin qorunub saxlanılmasında, ilk növbədə alman təhsil sisteminin və dini təşkilatların rolu həlledici olmuşdur.

Qafqazın alman koloniyalarında təhsilin inkişafı bir neçə mərhələ keçmişdir və kolonistlər üçün ən ağır dövr olan ilkin mərhələ XIX əsrin birinci yarısını əhatə edir.XIX əsrin birinci yarısında məktəb, təhsil işini kilsə xadimləri öz çiyinlərinə götürdülər və ümumiyyətlə, kilsə koloniyanın mənəvi həyatında aparıcı rol oynayırdı. Bu da onunla izah olunurdu ki, çar hökuməti hələ 22 iyul 1763-cü il Manifestində öz üzərinə götürdüyü “onları vicdan işində sıxışdırmamaq, onlara mənəvi tələbatlarının ödənilməsində rəhbərlik etmək” öhdəliyinə sadiq qalırdı(1,s.314).XIX əsrin birinci yarısında Şimali Qafqazın Karras, Nikolayevka, Konstan­tinovsk, Kanı, Svyatoy Krest koloniyalarında ibtidai məktəblər mövcud idi. Bu koloniyalarda məskunlaşmanın ilk illərindən məktəb tikintisinə başlanmışdı və məktəb binası tikilib qurtarana qədər uşaqlar ayrı – ayrı kolonistlərin evlərində dərs keçirdilər. Şimali Qafqazın ən böyük koloniyası - Karrasda əhalinin əksəriyyətini almanlar təşkil etsə də burada başqa xalqların nümayəndələri də yaşayırdı və 1805-ci ildə koloniya icmasının vəsaiti hesabına tikilən məktəb binasından kirxa kimi də istifadə olunurdu. Rusiyada mövcud olan minlərlə alman koloniyalarından əhalisinin yüksək savad səviyyəsi ilə seçilən Karras koloniyasını fərqləndirən başqa bir cəhət koloniya sakinlərinin beynəlmiləlçilik şəraitində yaşaması idi. Koloniyada yaşayan almanlar, şotlandlar, tatarlar, çərkəzlər, kabardinlər bir-biri ilə qohumluq əlaqələri yaradırdılar ki, bu da başqa koloniyalarda müşahidə olunmurdu. Alman əhalisi həm məktəbdə, həm də kirxada alman dilindən istifadə edirdi ki, bununla bağlı onların hüquq və vəzifələri çar I Nikolay tərəfindən təsdiqlənmişdi .

1818- 1819-cu illərdən Cənubi Qafqazda məskunlaşan alman kolonistləri də maddi çətinliklər ucbatından xüsusi məktəb binası inşa etmək imkanından məhrum olsalar da, uşaqların təhsili məsələsini diqqətdə saxlayırdılar. Hələ 1820-ci ildə Gürcüstandakı Yekaterinenfeld koloniyasında 2 sinifli ibtidai məktəb təşkil edilmişdi ki, bu da Borçalıda yaranan ilk dünyəvi məktəb idi. Şimali Qafqazdan fərqli olaraq 1820-1830-cu illərdə Cənubi Qafqaz koloniyalarında dini cərəyanlar arası mübarizənin qızışdığı bir şəraitdə çar hökuməti məktəb məsələlərinə o qədər də ciddi diqqət yetirmirdi. Bunun nəticəsidir ki, Qafqazın ən böyük koloniyalarından birində - Yelenendorfda ilk məktəb binası 1842-ci ildə inşa edilmişdi və o vaxta qədər dərslər 1821-ci ildə kolonistlər tərəfindən inşa edilmiş dua evində və qismən Yelenendorfun dini rəhbəri Yohan Krausun şəxsi evində keçirilirdi (2, s.101). Qızların və oğlanların birgə təhsil aldığı bu məktəbdə tədris alman dilində aparılırdı. XIX əsrin birinci yarısında Qafqazın alman məktəblərində mövcud problemlərdən biri ixtisaslı müəllim kadrların çatışmazlığı problemi idi. Məskunlaşmanın ilk illərində koloniya məktəblərində müəllim vəzifəsini din xadimləri və yaxud Almaniyada təhsil almış savadlı kolonistlər yerinə yetirirdilər. Onların sayı çox deyildi, məktəblər primitiv xarakter daşıyırdı və bir çox müəllimlər özləri “ev şəraitində” müəllimlik öyrənmişdilər. Alman gəncləri rus dilini bilmədiyindən və onların Rusiyanın ali təhsil ocaqlarında təhsil alması mümkün olmadığından müəllim kadrların hazırlanması işini pastorlar öz üzərilərinə götürmüşdülər. Məsələn, Cənubi Qafqazda tanınmış Xristian Kox və Henrix Vuxrer kimi müəllimlərin hazırlanmasında pastor Rott böyük əmək sərf etmişdir (2, s.101).Məktəb və kilsə fərqli institutlar olsalar da, pastorun şəxsində onlar bir-birinə bağlanırdı və hər ikisində pastor tərbiyəvi funksiya yerinə yetirirdi. Cənubi Qafqazda təhsilin, elmin inkişafında pastor İ.Y.Ştuber xüsusi rol oynamışdır. Onun təşəbbüsü ilə koloniya gəncləri üçün din və dünya tarixinə aid mühazirələr oxunur, gənclərə rus dilinin öyrənilməsinin əhəmiyyəti izah olunurdu (3, v.26).

XIX əsrin ortalarına qədər alman koloniyalarında təhsil sistemi ənənəvi alman məktəblərinə xas olan xüsusiyyətlərə malik idi, yəni daha çox dini xarakter daşıyırdı və icma ilə sıx əlaqədə fəaliyyət göstərirdi. Kolonist icması məktəbin fəaliyyəti üçün vəsait ayırırdı və onun tədris planına təsir edirdi. Kilsə - prixod məktəblərində şagirdlər İncildən parçalar oxuyur, yazmaq, hesablamaq öyrənir, İncildə və Yeni Zavetdə (“Əhdi Cədid”) əks olunan tarixi hadisələrin mahiyyəti ilə tanış olurdular. Onların əsas məşğuliyyəti katexizisin, duaların, kilsə himnlərinin, İincildən ayrı-ayrı mətnlərin, dəyərli kəlamların əzbər öyrənilməsi idi. XVIII əsrin sonu –XIX əsrin birinci yarısında alman məktəbləri xaçaçəkmə ilə konfirmasiya arasında keçici mərhələ rolunu oynayırdı, yəni uşağı dinin əsasları ilə tanış edir, onun dini icmaya, kolonist cəmiyyətinə daxil olması üçün şərait yaradırdı.Rusiyada, o cümlədən Qafqazda mövcud olan alman məktəblərində müşahidə olunan ən qabarıq xüsusiyyət ondan ibarət idi ki, əgər XIX əsrin ortalarında alman dövlətlərində məktəbin kilsədən ayrılması, məktəbin daha çox dünyəvi və milli xarakter alması prosesi gedirdisə, Rusiyada, əksinə, kolonist məktəbləri kilsə təşkilat­larının tam nəzarətində fəaliyyət göstərirdi.  Məktəb və kilsəni bir-birinə bağlayan amillərdən biri də məktəb binasının ibadət evi kimi və yaxud əksinə, ibadət evinin məktəb kimi istifadə olunması idi. Məktəb binası əsasən 3 otaqdan ibarət olurdu. Otaqlardan birindən sinif otağı ,o birindən isə ibadət otağı kimi istifadə olunurdu. Üçüncü otaq müəllimin yaşayışı üçün nəzərdə tutulurdu. Dərs ilinin müddəti kolonistlərin ümumi yığıncağında müəyyən olunurdu(4, s.52).Beləliklə, Qafqazın alman kolonistləri üçün məktəb və kilsə sinonim, eyni mənalı anlayış rolunu oynayırdılar. Buna baxmayaraq, kilsə-prixod məktəblərində uşaqlara həm də alman və rus dillərindən, hesabdan, coğrafiyadan dərslər keçirilirdi. Tədris planında kolonist uşaqlarını yaşadıqları regionun iqlim, təsərrüfat və mədəni şəraiti ilə tanış etmək məqsədi ilə ekskursiyaların keçirilməsi də nəzərdə tutulurdu. Dilin, adət və ənənələrin, dini dəyərlərin qorunub saxlanılmasında oynadığı müsbət rolu qeyd etməklə yanaşı, Qafqazın alman məktəblərinin mənfi xüsusiyyəti kimi onların çoxunda dərslərin hessen, şvab, bavar və sair dialektlərdə aparılmasını göstərmək olar. Yalnız Şimali Qafqazın mennonit koloniyalarında tədris alman ədəbi dilində aparılırdı, çünki mennonit dialektində yazı mövcud deyildi.

     Bir çox məktəblərin kitabxanası olmadığından şagirdlərin bilik səviyyəsi müəllimin hazırlıq səviyyəsindən və maraq dairəsindən asılı idi. Kolonistlərin məskunlaşdığı ilk illər əsas məsələ təsərrüfat həyatının qurulması, ailənin maddi durumunun yaxşılaşdırılması olduğundan uşaqlar əmək fəaliyyətinə cəlb edilirdilər və onların bir çoxları məktəbə gedə bilmirdilər. Əksər koloniyalarda dərslər əsasən qış vaxtı – tarla işləri başa çatdıqdan sonra keçirilirdi. Məktəblərdə davamiyyət çox zəif idi. Siniflər, bəzən boş qalırdı, çünki məktəbyaşlı uşaqların 30%-i, ümumiyyətlə, məktəbə gəlmirdilər(4,s.52).Hələ 03 sentyabr 1828-ci il tarixdə Dövlət Əmlak Nazirliyi alman məktəb­lərində rus dilinin tədris edilməsi təklifi ilə çıxış etsə də, “bu dili (rus dilini-İ.A.) bilən qabiliyyətli şulmeysterlərin olmamağı” səbəbi ilə təklif Yevangelist-Lüteran konsistoriyası tərəfindən qəbuledilməz sayılmışdı. Koloniyanın iqtisadi həyatı qapalı xarakter daşıdığından rus dilinin öyrənilməsinə ehtiyac yox idi və koloniya daxilində bütün kargüzarlıq işləri alman dilində aparılır, yalnız vilayət səviyyəli sənədlər rus dilində tərtib olunurdu .Qeyd etdiyimiz kimi, alman gəncləri dövlət dili – rus dilini bilmədiklərindən ali təhsil müəssisələrində oxuya bilmirdilər. Almanlara məxsus orta ixtisas məktəblərinə gəldikdə yalnız Peterburqda və Moskvada bir neçə alman orta məktəbi vardı. Qafqazda alman peşə məktəblərinin olmamağı səbəbindən koloniya məktəblərində yeniyetmələri praktiki məşğələlərə daha çox cəlb edir, onların diqqəti yeni təsərrüfat sahələrinin öyrənilməsinə yönəldilirdi, zərurət yarandıqda alman gəncləri regionun təcrübə məktəblərinə göndərilirdilər. Bu işdə koloniyalar Dövlət Əmlak Palatası tərəfindən dəstək alırdılar. Koloniyalarda ali və yaxud orta təhsilli kolonistlərə nadir hallarda rast gəlinirdi. Beləliklə, milli ibtidai məktəblər alman kolonistləri üçün yalnız minimum savad almaq imkanı yaradırdı. Bu məktəblərdə tədrisin yüksək səviyyəsi haqqında mühacirlərin az savadlılığı və yerli kəndlilərin ucdantutma savadsızlığı ilə müqayisə fonunda danışmaq mümkün olardı. Məktəblərin konfessional məzmunlu proqramı kolonist cəmiyyətinin inkişaf etməkdə olan iqtisadi həyatının tələblərinə cavab vermir, onlara gündəlik təsərrüfat həyatında qarşılaşdıqları problemlərin həllində köməklik göstərmirdi. Bu səbəbdən, valideynlərin əksəriyyəti yazmaq və oxumaq öyrəndikdən sonra uşaqlarını məktəbdən çıxarırdılar. Kilsə - prixod məktəblərində verilən təhsilin səviyyəsindən narazı valideynlər alternativ təhsilə – ev təhsili formasına üstünlük verirdilər. Ev təhsilinə müraciət edənlərin əksəriyyətini təhsilini gələcəkdə ali məktəblərdə davam etdirmək istəyən və rus dilinin öyrənilməsinə ehtiyacı olan şagirdlər təşkil edirdilər. Zaqafqaziya alman koloniyalarının nəzarətçisinin 14 fevral 1855-ci il tarixdə Dövlət Əmlak Ekspedisiyasına göndərdiyi raportda qeyd olunurdu ki, “kolonistin gündəlik həyatında rus dilini bilməsi zərurəti ortaya çıxır və rus dili, savad tədricən koloniyalarda yayılacaqdır” (5, v.48). Məktəb binasının tikilməsi, şagirdlərin məktəbə müntəzəm davamiyyətini təmin etmək, müəllim hazırlığı, müəllimlərin maddi təminatı, məktəblərin maddi – texniki bazasının möhkəmləndirilməsi – XIX əsrin birinci yarısında təhsil sahəsində Qafqaz alman kolonistləri qarşısında bu məzmunlu problemlər dururdu.

XIX əsrin 60-cı illərində Rusiyada sosial – iqtisadi inkişafın təsiri ilə təhsil sistemində də bir sıra vacib dəyişikliklər baş verdi, təhsilin silkli xarakteri ləğv edildi, cəmiyyətin bütün təbəqələri orta-ixtisas və ali təhsil almaq imkanı qazandılar. Bu dövrdə iqtisadi cəhətdən nisbətən möhkəmlənən koloniyalarda məktəb binalarının inşa edilməsi prosesi intensivləşdi. Aleksandrovskaya koloniyasında lüteran məktəbi hələ 1859-cu ildə yaradılmışdı(6,v.121ob.-122). Arxiv materialları sırasında alman koloniyalarında mövcud olmuş ibtidai məktəblərin fəaliyyəti, onların yevanqelist-lüteran kilsəsi ilə əlaqələri haqqında müxtəlif sənədlər vardır. Bu sənədlər Qafqazda fəaliyyət göstərmiş alman kolonist məktəblərinin daxili həyatı, onların fəaliyyət mexanizmi haqqında dəqiq təsəvvür yaratmağa, bu məktəblərdə mövcud olan problemlərin oxşarlığı və bununla yanaşı hər məktəbdə tədrisin xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir. Məsələn, Vladiqafqazda fəaliyyət göstərmiş alman məktəbinin hesabat sənədlərindən görünür ki, məktəb 1882-ci ildə açılmışdı və Vladiqafqaz alman cəmiyyətinin hesabına inşa edilmişdi (7, v.15-17). Sənədlərdən görürük ki, Terek vilayətinin rəhbərliyi alman kolonistlərinə məktəb binası inşa etmək üçün maddi yardım təklif etsə də, kolonistlər məktəbi öz şəxsi vəsaitləri hesabına tikməyi qərara almışlar. Kolonistlər xalq məktəbi direktorunun nəzarətindən kənarda qalmağa, öz təhsil sistemlərini müstəqil qurmağa çalışırdılar. 1891-ci ildən tədrisin rus və alman dillərində aparıldığı və 24 şagirddən ibarət bu məktəbdə 1 sinif üzrə üç şöbə fəaliyyət göstərirdi(7, v.15-17).Vladiqafqaz koloniyasında olduğu kimi XIX əsrin ikinci yarısında Qafqazın başqa alman koloniyalarında da fəaliyyət göstərən əksər məktəblər bir sinifli və 3 mərhələli olurdu. Bu məktəblərdə şagirdlərə oxumaq, yazmaq, hesab və dinin əsasları öyrədilirdi. Əvvəllər müəllim çatışmazlığı ucbatından din xadimləri və kargüzarlar müəllimlik edirdilər. Sonralar müəllim kadrlar hazırlamaq üçün əlaçı şagirdlər müəllimlər seminariyasına göndərilirdilər. Müəllimlik seminariyasını qurtardıqdan sonra onlar koloniyaya qayıdır və təlim-tərbiyə ilə məşğul olurdular. Stavropol quberniyasının, Terek və Kuban vilayətlərinin bütün məktəblərində Qara dəniz sahili məktəblərdə tətbiq olunan tədris planlarından və metodlarından istifadə edilirdi.   Tədris 20 avqustdan 30 maya qədər davam edirdi. Sinif jurnalı rus dilində tərtib olunurdu(7, v.15-17). Voldemfryüst, Aleksandersfeld koloniyalarında da məktəblər kolonist icması hesabına fəaliyyət göstərirdilər. 14 yaşına çatmamış uşaqların məktəbə getməsi məcburi xarakter daşıyırdı, uşaqlarının məktəbə getməsini təşkil edə bilməyən kolonist ailələri icma yığıncaqlarında müzakirə edilir, onlara qarşı müəyyən cəza tədbirləri qəbul edilirdi. Təhsilə bu cür ciddi yanaşmanın nəticəsi idi ki, 1882-ci ilin məlumatlarına görə hər iki koloniyada savadlılar sakinlərin təqribən 3\2-ni təşkil edirdilər. Semyonovka koloniyasında məktəb 1883-cü ildə təşkil edildi. Şimali Qafqazın bəzi koloniyalarından fərqli olaraq burada məktəb pullu deyildi. Dinin əsasları, Rus dili, Alman dili, riyaziyyat, xəttatlıq, rəsm və gimnastika tədris olunan bu məktəbdə 1893-cü ildə 79 şagird təhsil alırdı. Məktəbdə rus dilini rus milliyyətindən olan müəllim tədris edirdi, qalan 3 müəllim mənşəcə alman idi və kadr çatışmazlığı ucbatından onlar əksər hallarda din xadimlərindən təyin olunurdular. Qonşu Qnadenburq koloniyasının Nizamnaməsində məktəbdə tədrisin rus və alman dillərində aparılması göstərilirdi. Ümumi məcburi tədris müddəti kolonist icmasının sədri tərəfindən təyin olunurdu (8).

Alman məktəblərinin müstəqilliyi uzun sürmədi: Rusiya hökumətinin 22 noyabr 1890-cı il tarixli fərmanına görə imperiyada mövcud olan bütün Protestant-Lüteran məktəbləri Xalq Maarifi Nazirliyinə tabe etdirilirdilər. Fərmana görə, adı çəkilən məktəblərdə ana dili və Dinin əsaslarından savayı bütün fənlər mütləq rus dilində tədris olunmalı idi (3, v.27). 1891-ci ildən Şimali Qafqazın bütün protestant və lüteran məktəblərində 22 noyabr 1890-cı il fərmanının həyata keçirilməsinə başlandı(9).Terek vilayətinin Vladiqafqaz, Pyatiqorsk şəhərlərindəki və Nikolayevka, Konstantinovka, Aleksandrovka, Kanı koloniyalarıdakı yevangelist-lüteran kilsə məktəbləri də bu qanunun aid olduğu ibtidai məktəblər siyahısına düşmüşdülər (7, v.48).1890-cı il 22 noyabr qanununa ən çox narazılıq bildirən lüteran pastorları idi və buna görə çar hökuməti bütün kilsələrin nəzdində məktəblərin təşkil olunmasına mənfi yanaşır, bu prosesi müxtəlif bəhanələrlə ləngidirdi. Məsələn, Mozdok lüteran cəmiyyəti 1890-cı ildə kilsə-prixod məktəbinin açılmasına icazə almaq məqsədi ilə rəsmi orqanlara müraciət etsə də Mozdokda birsinifli lüteran məktəbinin təşkili, yalnız 1906-cı ildə baş tutdu(6, v.12). Görürük ki, rəsmi müraciətdən 16 il sonra, Birinci rus inqilabının demokratik nailiyyətləri fonunda bu məktəbin yaradılmasına icazə verilmişdi.

Rusiya imperiyasının hər yerində olduğu kimi kənd ibtidai məktəblərini bitirən əksər alman gəncləri təhsillərini kilsə - prixod məktəblərində davam etdirirdilər.   1897-ci il Rusiyada əhalinin siyahıya alınmasının nəticələrinə nəzər salsaq Şimali Qafqazın bir çox koloniyalarında-Stavropol quberniyasının Yohannesdorf, Martinfeld, Germansburq, Fridrixsfeld, Yohannesheim koloniyalarında, Kuban vilayətinin – Semyonovka koloniyasında, baron Şteingelin “Xutorok” adlı mülkündə, Terek vilayətinin Tempelhof, Karras və sair koloniyalarda kilsə-prixod məktəblərinin fəaliyyət göstərdiyini görərik.XX əsrin əvvəllərində nəinki hər koloniyanın, hətta kiçik xutorların da öz məktəb binası var idi(6,v.121ob-122).Kuban vilayətinin alman koloniyalarında məktəb və maarif işinin inkişafında tanınmış iş adamı, baron Şteyngelin böyük rolu olmuşdur. “Xutorok” adlı mülkündə baron Şteyngel öz işçilərinin uşaqları üçün məktəb tikdirmişdi və bu məktəbin bütün xərclərini öz üzərinə götürmüşdü. Baron Şteyngel istedadlı alman gənclərinin Rusiyanın tanınmış ali məktəblərində təhsil alması məsələsini daim diqqətində saxlayırdı. 1885-ci ildə Armavirdə yevangelis-lüteran kilsəsi tikildi ki, bu kilsə nəzdində kilsə-prixod məktəbi fəaliyyət göstərirdi. Armavir kişi gimnaziyasını qəyyumluğa götürən baron Şteyngel burada alman yeniyetmələrin təhsil almasına qayğı göstərirdi.

1890-cı ilə qədər Cənubi Qafqazın alman məktəbləri Zaqafqaziya kolonist sinodu tərəfindən idarə olunurdu və əsas nəzarətçi rolunu yerli pastorlar oynayırdılar. 20 dekabr 1891 ci il tarixdə 22 noyabr 1890-cı il fərmanının müddəalarına uyğun olaraq burada da alman məktəbləri yerli quberniya xalq məktəbləri Direktorluğuna tabe etdirildilər (10, v.1).22 noyabr 1890-cı il fərmanından sonra Şimali və Cənubi Qafqaz regionlarının alman məktəblərində yaranan ən böyük problem rus dilini bilməyən alman uşaqlarına bütün fənlərin rus dilində tədrisi məsələsi idi. XIX əsrin sonlarında tədqiqatçı P.Basixin Cənubi Qafqazın ən böyük koloniyası - Yelenendorfda tədris prosesini xarakterizə edərək yazırdı: “Məktəbdə dərslər əsasən alman dilində aparılır, rus dili ilə tanışlıq üçün çox az vaxt sərf olunur. Bu tanışlıq o qədər bəsitdir ki, koloniyada yalnız yaşlılar və əsasən də kişilər rusca başa düşür, sındıra-sındıra rusca danışmağı bacarırlar. Əksinə almanların əksəriyyəti yadelli – gürcü, erməni və tatar(Azərbaycan-İ.A.) dillərini heç də pis bilmirlər”(11, s.21). Imperiyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da tədris əsasən alman dilində aparılırdı.   Rus dilinin mütləq şəkildə öyrənilməsi çarizmin 1880-1890-cı illərdə apardığı mürtəce “ruslaşdırma” siyasətindən irəli gəlirdi və rəsmi orqanlar bu məsələni çox ciddi nəzarətdə saxlayırdılar. 1892-ci ildən Yelenendorf alman məktəbində aparılan yoxlamalar zamanı məktəbdə rus dilindən savayı bütün fənlərin yüksək səviyyədə tədris olunduğu vurğulanmışdı(10, v.12). Rəsmi orqanlar rus dilinin tədrisinə diqqətin artırılmasını tələb edirdilər. Bu problemin həlli məqsədilə Qafqaz alman məktəblərində Yelenendorf məktəbinin təcrübəsi tətbiq olunmağa başladı. Onun məzmunu aşağıdakılardan ibarət idi: birinci mərhələdə kiçik sinif şagirdləri ana dilində məşğul olur və tədricən rus dilini öyrənirdilər; ikinci mərhələdə, artıq uşaqlar rus dilində sərbəst danışmağı və yazmağı bacarırdılar ki, bir çox fənlərin tədrisinin rus dilində aparılmasına imkan yaranırdı (10, v.13-16). Qeyd etməliyik ki, zaman keçdikcə kolonistlər, rusların və əhatəsində yaşadıqları digər xalqların dillərinin öyrənilməsinin zəruriliyini başa düşdülər. Çünki ölkədə iqtisadiyyatın inkişaf etməsi, koloniyaların ölkə iqtisadiyyatına inteqrasiya olması bunu tələb edirdi. İqtisadi inkişafın tələblərindən irəli gələrək yuxarı siniflərdə artıq məktəblilərin ixtisaslaşması aparılırdı. Alman gənclərində sənətkarlığa çox böyük həvəs vardı ki, bu da alman ailələrində uzun illər mövcud olmuş minorat sistemi ilə izah olunurdu. Bu sistemə görə ailə sahibinin təsərrüfatı bölünmürdü və bütövlükdə oğullardan birinə vərəsəlik hüququ kimi verilirdi – qalanlar müxtəlif sənətkarlıq peşələrinə yiyələnməyə məcbur olurdular.

XIX əsrin sonu - XX əsrin əvvəllərində məktəb işinin idarə olunmasında o qədər də əhəmiyyətli dəyişikliklər baş verməmişdi. 1890-cı ildən alman məktəbləri Rusiya Xalq Maarifi Nazirliyinə tabe olunsa da, məktəblər əvvəlki illərdə olduğu kimi yenə həm məktəb müfəttişlərinin, həm də lüteran pastorların nəzarətində idi. Pastorların tədris prosesinə təsirinin dərəcəsini o fakt göstərir ki, tədris proqramlarının planlaşdırılmasında, müəllimlərin attestasiyasında pastorların rəyi əsas götürülürdü. Belə nəticə çıxarmaq olar ki, alman məktəblərinin Xalq Maarifi Nazirliyinə tabe etdirilməsi daha çox formal xarakter daşıyırdı.

XIX əsrin sonu - XX əsrin əvvəllərində alman məktəblərində həllini gözləyən problemlərdən biri də müəllim çatışmazlığı problemi idi. 1892 ci ildə qəbul edilmiş qaydalara görə bir müəllimə düşən şagirdlərin sayı 50-dən çox olmamalı idi, ancaq arxiv sənədlərindən göründüyü kimi, praktikada alman məktəblərində hər müəllimə 60-70 şagird düşürdü (10,v.8,13). Bu problem iki faktorla bağlı idi. Birincisi, alman məktəblərində tədrisin rus dilində aparılması ucbatından rus dilini bilməyən müəllimlər işi tərk etməli oldular; ikincisi, müəllim hazırlayan ali məktəblərin sayı yetərincə deyildi. Əvvəlki illərdə olduğu kimi müəllim çatışmazlığı ilə bağlı yaranan bu boşluq pastorlar tərəfindən doldurulurdu. Alman koloniyalarında müəllim vəzifəsini yerinə yetirən pastorların əksəriyyəti xaricdə və yaxud Derpt alman universitetində təhsil almışdılar. Məsələn, XIX əsrin sonlarına olan statistik məlumata görə Rusiyanın cənub quberniyalarında xidmət edən 152 pastordan 98 nəfəri Derpt universitetini bitirmişdi (12, s.109).Müəllim əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilmirdi: müəllimlər ilə 150 rubl maaş alırdılar ki, bu da o dövr üçün çox da yüksək maaş sayılmırdı. Bəzən kənd müəllimlərinə kömək məqsədi ilə kolonist icması tərəfindən 3-8 desyatin torpaq sahəsi ayrılırdı. Ancaq bu onları kasıbçılıqdan xilas etmirdi. Məktəbin maddi – texniki bazası aşağı olduğundan müəllimlərin öz üzərində işləmək imkanları məhdud idi ki, bu da müəllimlərin tədricən diskvalifikasiyasına səbəb olurdu. İqtisadi cəhətdən inkişaf etmiş koloniyalarda isə müəllimlərin və pastorların sosial vəziyyəti qənaətbəxş idi. P.Basixin Yekaterinenfeld koloniyasında dərs deyən müəllimlərin “yaxşı maaş adığını”, onların “işıqla, istilik sistemi ilə təchiz olunan hazır mənzillərlə təmin olunduqlarını”vurğulayır (11, s.21).

Beləliklə, qeyd edə bilərik ki, Qafqazda mövcud olan alman məktəbləri istər maddi-texniki bazasına, istərsə də tədris proqramına görə Rusiyanın başqa regionlarında mövcud olmuş məktəblərdən çox az fərqlənirdi. Ancaq Qafqazın yerli xalqları ilə müqayisədə məktəb işi alman koloniyalarında daha yaxşı təşkil edilmişdi: əvvəlki dövrlərdən fərqli olaraq XIX əsrin ikinci yarısında hər koloniyanın öz məktəbi vardı. Kiçik koloniyalarda və xutorlarda yaşayan kolonist uşaqları təhsil üçün qonşu koloniya məktəblərinə gedirdilər. İbtidai təhsil sistemi alman koloniyalarında kütləvi xarakter daşıyırdı. Əhalinin hər 100 nəfərinə düşən şagirdlərin sayına görə almanlar ən yüksək göstəricilərə malik idilər. Məsələn, 1866-cı ilə aid yazılı mənbələrə əsasən, Tiflis klassik gimnaziyasında təhsil alan 650 şagirddən 13 nəfəri alman milliyyətindən olmuşdu (13, s, 617). 1890-cı il 22 noyabr fərmanından sonra Qafqazdakı bütün alman məktəblərinin dövlət dotasiyasına keçirilməsi ilə onların maddi texniki-bazasının, müəllimlərin maddi vəziyyətinin yaxşılaşmasına ümidlər yarandı. Rus dilinin mütləq dil kimi tədris proqramına daxil edilməsi, fənlərin əksəriyyətinin rus dilində tədris olunması bəzi alman ziyalılarının və din xadimlərinin narazılığına səbəb olsa da, ümumi götürdükdə alman məktəblərinin rus dilli tədrisə keçidi alman əhalisinin Rusiya cəmiyyətinə iqtisadi, siyasi, mədəni inteqrasiyasını gücləndirdi.

Rus dilinin təbliğində çar hökuməti mürtəce niyyətlər güdürdü: əsas məqsəd almanların və imperiyada yaşayan digər qeyri-rus xalqlarının ruslaşdırılmasına nail olmaqdan ibarət idi. Ancaq ruslaşdırma siyasəti almanların assimilyasiyasına əhəmiyyətli dərəcədə təsir göstərmədi – alman əhalisi öz dilinə, dininə, əcdadlarının adət-ənənələrinə sadiq qaldı. Tədrisin planlaşdırılmasında və təşkilində müəyyən çatışmazlıqlara baxmayaraq, XX əsrin əvvəllərindən alman məktəblərində şagirdlərin sayı getdikcə artırdı.

                                                        

                                                             Ədəbiyyat

  1. Полное Собрание законов Российской империи. Издание первое.(далее-ПСЗ-1), т.16, (1762 -1765 гг.), №11880, СПб.,1830, 1018 с.+103 с. Приложения.
  2. Ахундова Т. Немцы-колонисты Азербайджана (ХIХ – нач. ХХ вв.) Б.: Шуша, 1999, 122 с.
  3. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi, ф.508, оп.1, д. 436.
  4. Behre O. Einführung in die Entstehung evan. - lutherischen Kirche in Wolhynien. / Wolhynische Hefte. 7 Folge,schwabach, wiesentheid:1992, s.33-62.
  5. Государственный Исторический Архив Грузинской Республики, ф.226, оп4, д.95
  6. Центральный Государственный архив Республики Северной Осетии (ЦГАРСО), ф.123, оп.1, д.1153.
  7. ЦГАРСО, ф.124, оп.1, д.11.
  8. ЦГАРСО, ф.12, оп.52, д.220.
  9. ЦГАРСО, ф.12, оп.7, д.98.
  10. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi, ф.830, оп.1, д.7.
  11. Басихин П. Немецкие колонии на Кавказе. Этнографический очерк // Кавказский Вестник , 1900, №1,
  12. Heimatbuch der Deutschen aus Russland. Stuttgart: 1960, 273 s.
  13. Документы и материалы по истории Грузии (1862-1917 гг.). т.1, часть I. Под ред. Ш.К.Чхетии. Тбилиси: 1960, 949 с.

                                                                    

                                                                                                                          Агасиев И.К.

         Организация школьного дела в немецких колониях Кавказа

                                   (xıx – начало xx веков).

                                                

                                                     Р е з ю м е

      В статье рассматриваются вопросы оорганизации школьного дела в немецких колониях Кавказа в XIX – начале XX веков. Немецкие школы были тесно взаимо­связаны с кирхой, и в немецких школах обучение велось на немецком языке. Школьные здания строились на финансы немецкого населения. С конца xıx века немецкие школы принудительно перешли на русский язык обучения. Царское правительство проводило политику, направленную на ассимиляцию немцев и других народов..

                                                                Aghasiyev I. K.

                                            

             Forming of the school activities in the CaucasusGerman colonials    

                            (xıxcentury – xx beginning of the century)                                                                                      

                                              

                                                     SUMMARY

           In the articleis considered the problem of forming of the school work in Caucasian in Germans colonials in the XIX century andat the beginning of the XX century. German school was compact connected with church.Lessons were held in German schools in the German language. Schools ask to build with finance of German population. Lessons were carried in German schools in Russian at the end of the XIX century. National politics of the tsar government had directed to theassimilation of the Germans and another people.

Açar sözlər: konfirmasiya, koloniya, kirxa, Ştuber, dərs, konsistoriya

Ключевыеслова:конфирмация,,колония,церковь, Штубер урок,консис­тория.

Key words: confirmation, colonial,church, Shtuber, Lesson, consistorial,



XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR