Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 16 Mart 2015 08:47

Gürcüstan azərbaycanlıları seçkili orqanlarda daha çox təmsil olunmalıdır

Written by 

Gülnara İnanc

Oktyabrın 1-də Gürcüstanda parlament seçkiləri ölkə üçün əhəmiyyətli bir mərhələyə keçid olacağı gözlənilirdi. Gürcüstandakı proseslərin bölgəyə və Azərbaycana mümkün təsiri baxımından xüsusi önəm daşıyır. Gürcüstandakı parlament  seçkilgrinin nəticələrini Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət mütəxəssisi Zaur Şiriyev «Baku Post » qəzetinə müsahibəsində şərh edib.

 

-Gürcüstanda keçiriləcək parlament seçkilərinin gələn ilki prezident seçkilərinə təsiri necə ola bilər?

-Gürcüstanda cari ilin 1 oktyabr tarixində keçirilmiş parlament seçkiləri bir neçə səbəbə görə mühüm əhəmiyyət daşıyır. Birinci səbəb, 2010-cu ilin  15 oktyabr tarixində ölkə Parlamenti konstitusiya dəyişikliklərini  təsdiqləsə də, bu dəyişikliklər 2013-cü ilin Prezident seçkilərindən sonra qüvvəyə minəcək. Bu dəyişikliklərin qüvvəyə minməsi ilə prezidentin səlahiyyəti azalacaq, parlamentin seçdiyi baş nazirinsəlahiyyətləri isə əksinə artacaq, beləliklə, ölkənin idarəolunmasında əsas rol faktiki olaraq Baş nazirə məxsus olacaq. Buna görə də, 1 oktyabr seçkilərinin nəticəsindən asılı olaraq  növbəti il keçiriləcək prezident seçkiləri çox vəya az əhəmiyyətli olabilər.

İkinci səbəb isə, Gürcüstanda siyasi qüvvələr arasında güc mübarizəsində 2003-cü ildən etibarən ilk dəfə həm əhali arasında dəyişiklik tələbləri artıb, həm də birsıra müxalif qüvvələr vahid bir koalisiyada birləşərək mübarizəyə başlayıblar. Belə ki, hazırda hakimiyyətin  əsas rəqibi olan B.İvanaşvilinin “Gürcüstanın Arzusu” koalisiyası daha öncəki Saakaşvili hakimiyyətinə qarşı mübarizə aparan iddialı siyasi qüvvələrdən əsas fərqi maliyyə resursları hesabına hakimiyyətin seçkilərlə bağlı təbliğat kompaniyasında dominantlığını aradan qaldırmaq imkanlarının olmasındadır.

Üçüncü səbəb isə, Gürcüstanda bir ildən artıq bir müddətdir ki hakim və müxalif qüvvələr arasındakı  mübarizə əsnasında müxalifərin sosial-iqtisadi problemləri ön plana çıxaran seçki platforması,  hakimiyyətin sosial-iqtisadi problemlərin həllinə daha adekvat cavab verməsinə imkan yaratmışdır. Məsələn, Vano Merabaşvilinin baş nazir təyin olunmasından sonra elan etdiyi “İnsanlara daha çox faydalı olmaq” dövlət proqramı B.İvanaşvilinin “sosial-iqtisadi” proqramı arasında paralellər mövcuddur. Məhz, hakim partiya sosial-iqtisadi məsələlərdə İvanaşviliyə uduzurdu və iqtisadi təcrübəsi olan Merabaşvilinin ilk adımlarından biri 12 milyon ABŞ dolları həcmində kənd təsərrüfatının inkişafı proqamını elan etməsidir.  Bu isə 270 min yeni iş yerinin açılması deməkdir. Bundan əlavə, əhaliyə enerji xərclərini azaltmaq üçün 600 ABŞ dolları həcmində vauçerlər də paylanılır.

Bu qeyd etdiklərimizdən əlavə, seçkilərin şəffaflığı Qərb ölkələrinin əsas diqqət mərkəzindədir. Hazırda müxalif qüvvələrin seçkidə uğur qazanma ehtimalını nəzərə alan Qərb siyasi liderləri mesajlarında siyasi mübarizənin ədalətli aparılmasını tələb edirlər. Aydındır ki, 2003-cü ildən sonra ilk dəfə bu şəkildə əhalinin siyasi fəallığı bu seçkiləri fərqləndirir, əlbəttə ki,  “Gürcüstanın Arzusu”nun Gürcülərin arzusu olub olmamasından asılı olaraq növbəti ildəki prezident seçkilərinədək  ölkənin xarici siyasi kursu, Qərblə münasibətləri məsələsi  ölkə gündəliyin   dəyişməz mövzularından olacaq.

-Bu parlament seckilərində Gürcüstan azərbaycanlılarinin yanaşmasında dəyişiklik varmı?

-Seçki öncəsi siyasi qüvvələrin apardığı təbliğat-təşviqat kompaniyasında Azərbaycanlıların məskunlaşdığı Kvemo-Kartli (Borçalı) vilayətinə ölkə Prezidenti daxil olmaqla, hökumət nümayəndələri ziyarət edərək burdakı problemlərinin həllində maraqlı olduqlarını bildiriblər. Eyni zamanda, təbii olaraq bun region “Gürcüstan Arzusu” koalisiyasının da diqqət mərkəzindədir, partiya funksionerlərinin regiondakı problemlərin öyrənilməsi məqsədilə səfərləri də olub.

Bundan öncəki seçkidən fərqli olaraq, Gürcüstan azərbaycanlılarından Parlamentə yeni namizədlər var. Qeyd edək ki, hakim partiyadan yeddi, “Gürcüstan Arzusu” koalisiyasından beş, “Xristian-Demokratlar”dan isə bir namizəd var. Ehtimal etmək olar ki, Parlament seçkilərindən sonra ən yaxşı ehtimalla dörd azərbaycanlı parlamentdə mandat qazana bilər.

Eyni zamanda, Azərbaycanlılar bir öncəki seçkilərdə informasiya broşuları, seçkiqabağı təbliğat materiallarının yalnız gürcü dilində aldıqlarına dil probleminə görə bu azərbaycanlıların seçkiyə maraqlarının azalmasına, siyasi proseslərdən uzaq qalmalarına səbəb olurdu. Hazırda seçkiqabağı təbliğat materialları,   informasiya broşurlarının çapı, həmçinin yayılması, azərbaycan dilində həyata keçirilməsi buradakı əhalinin öz hüquqlarını daha yaxşı bilməsinə, partiyaların  seçki platforması, namizədlərin vədləri ilə tanış olmalarına imkan verir. Nəzər alaq ki, son iki ildə azəbaycanlı gənclər öz hüquqlarını daha yaxşı öyrənir, tətbiq edir, əhali arasında ictimai müzakirələri təşviq edir. Bu gələcəkdə regiondakı sosial-iqtisadi problemlərin həllində əhalinin daha tələbkar olacağına olan ümidi artırır.Bunları nəzərə alaraq, əhalinin siyasi proseslərə cəlb olmasında az da olsa fəal  olduğunu söyləmək olar.

- Bu seçkilərin Azərbaycan-Gürcüstan münasibətlərinə təsiri necə ola bilər?

-Gürcüstanın siyasi həyatından əhəmiyyət kəsb edən Parlament seçkilərinin nəticəslərinn iki ölkə münasibətlərinə ən azından mənfi təsirinin olmayacağını ehtimal etmək olar. Azərbaycan üçün Gürcüstanın inkişafı, Qərbə inteqrasiyası, geosiyasi səbəblərdən, eyni zamanda ikili münasibətlərin mövcud durumu baxımıdan prioritetdir. Məlumdur ki, hər iki ölkə oxşar problemlərlə, torpaqlarının işğalı problemi ilə mübarizə üzləşib və uzun illərdir ki bunun sülh yolu ilə həllinə çalışırlar. Əgər Gürcüstan  münaqişələrin həllində uğurlu formul inkişaf etdirib sülhə nail olarsa, bu Azərbaycan üçün də stimullaşdırıcı olacaq, bunun əksi isə hər iki ölkənin maraqlarına ziddir. Yalnız 2008-ci ilin Avqust ayında Rusya-Gürcüstan müharibəsindən sonra Azərbaycanın Gürcüstana iqtisadi, humanitar yardımı iki ölkə münasibətlərinin çətin dövrlərin sınağından uğurla çıxdığını göstərir. Bu qarşılıqlı dəstək bugündə davam edir. Bugünə kimi həyata keçirilmiş layihələrlə, Xəzər enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında tranzit ölkə kimi Gürcüstan mühüm mövqe əldə etmiş, məhz bu rəsmi Tbilisinin Qərblə münasibətlərinin qurulmasında, inkişafında, Qərbin regiona maraq göstərməsində əsas faktor rolunu oynamışdır.Və bu proseslər müddətində Gürcüstanda siyasi hakimiyyət dəyişikliyi də olmuşdur, yəni Azərbaycanla strateji müttəfiqliyin davam və inkişaf etdirilməsi xalqın iradəsi ilə seçilən  hər hakimiyyət üçün strateji əhəmiyyətini qorumuşdur.

Növbəti ildən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin fəaliyyətə başlanması gözlənilir. Bu ilin iyun ayında Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin “Trabzon Bəyannaməsi”ni imzalaması qarşıdakı illərdə bu üç ölkənin “strateji tandemi”ni institutlaşdıracaq. Hər üç ölkənin media qurumları, beyin mərkəzləri, qeyri-hölumət təşkilatları arasında yaxın zamanlarda daha faydalı əməkdaşlığın olacağı şübhə doğurmur.

Belə olan halda, Gürcü xalqının arzusu  seçkilərdə qərarverici olacaq və Gürcüstanın maraqlarını müdafiə etmək, ölkəni inkişaf etdirmək üçün seçiləcək siyasi qüvvə üçün Azərbaycanla münasibətlərin inkişafı dəyişməz olaraq qalacaq.


-Seçkilərin Gürcüstan azərbaycanlılarının ictimai-siyası və sosial durumuna təsiri

-Seçkilərdən sonra ölkənin siyasi sistemində, xüsusilə 2010-cu ildəki konstitusiya dəyişikliklərinin qüvvəyə minməsi ilə Parlamentin səlahiyyətlərini və funksionallığını artırması Gürcüstan azərbaycanlılarına bugünə kimi üzləşdikləri sosial-iqtisadi və mədəni sahədəki problemlərin  həllində daha çox imkanlar yaradacaq. İlk növbədə, Gürcüstan azərbaycanlıları uzun illərdir ki, yaşadıqları bölgələrdə torpaq münasibətlərinin tənzimlənməsi, öz doğma dilində təhsil məsələsi   kimi problemlərdən əziyyət çəkirlər.Növbəti Parlament formalaşdıqdan sonra  bölgə əhalisini Parlamentdə təmsil edəcək şəxslər problemlərin həll olunması üçün qanun layihələri təklif edə, problemləri gündəliyə çıxara və həllini tələb edə bilərlər.Öz növbəsində seçicilər mandat verdikləri şəxslərdən problemlərin həllli üçün daha çox səy göstərmələrini ciddi surətdə tələb etməlidirlər. Bundan əlavə, seçki dövründə qeyd etdiyimiz hakimiyyətin sosial-iqtisadi problemlərin həllinə daha adekvat cavab verməsi, həm hakim, həm də müxalif qüvvələrin seçki platformasında iqtisadi problemlərin həlli əlahiddə yer tutduğu üçün, seçkilərin nəticələri kimin seçilməsindən asılı olmayaraq böyük imkanlar yaradacaq.

Lakin, seçkilərdən sonra hərşeyin dəyişəcəyi, problemlərin həll olunacağını, bir anda möcüzənin baş tutacağını gözləmək sadəlöhvlük olar. Ən əsası, əhali öz hüquqlarını bilməli, bunu seçdiyi, onları Parlamentdə təmsil edəcək şəxslərdən tələb etməlidir. Əks halda, seçkidən-seçkiyə problemlərin gündəliyə çıxarılmasının şahidi olunacaq. Gürcüstan azərbaycanlılarının sadalanan problemlərinin kökünün 1990-cı illərin əvvəlindəki Qamsaxurdiya hökumətin uğursuz fəaliyyətinin nəticəsi olsa da, sosial-iqtisadi problemlərin bir çoxu 2008-ci ildəki Rusya-Gürcüstan müharibəsinin siyasi nəticələri ilə bağlıdır.

Buna görə, Gürcüstan azərbaycanlıları seçkili orqanlarda daha çox təmsil olunmalı, öz problemlərini ölkə gündəliyinə çıxarmalı, ən əsası siyasi elitada daha fəal rol oynamalıdırlar. Yalnız bu halda, problemlər daha sürətlə həllini tapacaq. Regionda yetişən gənc, öz hüquqlarını bilən, öyrənən, yaxşı təhsil almış, cəmiyyətin siyasi həyatına inteqrasiya etmiş gənc nəsil bu baxımdan Gürcüstan azərbaycanlılarının problemlərinin həlli üçün stimul olacağı son iki ildəki fəallıqları sübut edir.

bakupost.az

Read 2681 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR