Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 12 Mart 2015 10:03

Bir başqa İraq

Written by 

I hissə

İraqa səfərim, məncə, Bakıdan yox, məhz İstanbuldan başladı. Çünki təyyarə Bakıda havaya qalxanda qardaş dövlətə və elə özümün ikinci doğma vətənim olan Türkiyəyə getdiyimi düşünürdüm. Amma İstanbulda – Atatürk hava limanında Ərbilə uçacaq təyyarəyə qalxanda artıq tarixin canlı muzeyi olan İraqı hiss eləməyə başladım. Səbəb isə aydındır: nə İŞİD, nə də hansısa məzhəbçi qüvvələrin qara çarşaba bürüyə bilmədiyi İraqın istiqanlı vətəndaşlarını görürdüm – hamısı bir-birindən müasir, dünyagörüşlü. Son illər bu ölkə əhalisinin məzhəblərarası çəkişmələrdə çox əziyyət çəkdiyini eşitmişdim, amma gördüklərim insanların daxilən azadlıqlarını qoruduğunu isbatlayırdı.

Əhəmiyyətsiz VİSA

Təyyarə İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərinə gecəyarısı endi. Ən inkişaf eləmiş ölkələrdə olduğu kimi, mükəmməl işıqlandırılan hava limanında qarşılaşdığım ilk prosedur qayda yarım saat kefimə soğan doğrayanda anladım ki, heç də hər şey göründüyü kimi deyil. Bir Azərbaycan vətəndaşı olaraq bütün millətlərə və onların qurub-yaratdığı dövlətlərə içimdən gələn sevgiylə yanaşdığım halda, özümə qarşı bunun əksini gördüm. Ümumiyyətlə, pasportumu əldən-ələ gəzdirən Ərbil hava limanının sərhəd-buraxılış məntəqəsinin məmurları belə bir dövlətin olub-olmadığını aydınlaşdırırdılar. Qəribədir, beynəlxalq qaydalara əsasən pasportumda hər şey ingiliscə tərtib olunmuşdu, amma deyəsən məmurlar ingiliscə yaxşı bilmirdilər, ya da Azərbaycanın varlığını görməzliyə vururdular. Məmur kürd dilində israr edirdi ki, Azərbaycan Respublikası barədə eşitməyib, amma hardansa Bakının adı ona tanışdır. Yanındakı başqa bir məmur isə öz dilində sübut eləməyə çalışırdı ki, Bakı Rusiyanın şəhəridir – dünyada Azərbaycan adında dövlət yoxdur…


Amma bu an məmurlardan biri deyəsən insafa gəldi, birtəhər başa saldı ki, dəvətnamə göndərən şəxsin telefon nömrəsi varsa, ona zəng vurum. Mən də nömrəni verdim, bir neçə dəqiqə sonra qonağı olduğumuz, gecənin bu vaxtınadək yatmayıb hava limanında yolumuzu gözləyən Türkməneli Partiyasının sədri Riyaz bəy Sarıkahya ilə köməkçisi Yılmaz harayıma yetişdilər.

Dostların əhatəsində

Artıq tam rahat idim, çünki canı-canımızdan, qanı-qanımızdan olan iki türkmən qardaşımızın əhatəsindəydim. Ərbilin geniş və işıqlı küçələrini şütüyərək birbaşa Türkməneli Partiyasının Ərbil bürosunun ofisinə gəldik. 
Partiya ofisinin qonaq otaqları gecəni qalmaq üçün hazırlanmışdı. Bildirdilər ki, ən yaxşı oteldə yer ala bilərdilər, amma təhlükəsizlik baxımından rəva görməyiblər. Çünki Ərbildə azərbaycanlı jurnalist olaraq xəbər tuta və məni xəbər-ətərsiz həbs edə bilərdilər. Məntiqli idi, çünki İraq Respublikasının rəsmi VİSA-sı heçə sayılan Kürdüstan muxtariyyətində rəsmi Ərbil tərəfindən onsuz da soyuq münasibət bəslənilən Türkməneli Partiyasının qonağına hər cür xətər yetirə bilərdilər. 
Səhəri günümüz zəngin təəssüratlarla yadda qaldı. İlk olaraq Türkməneli Partiyası Ərbil bürosunun sədri cənab Salar Ərbillə bir araya gələrək xeyli söhbət etdim. Partiyanın Ərbildəki fəaliyyətindən, ümumiyyətlə, Kürdüstan muxtariyyətində mövcud ictimai-siyasi şəraitdən söz açdı. Daha sonra isə «Min eşitməkdənsə, bir görmək yaxşıdır» deyiminə uyğun olaraq Salar bəyin müşayiətilə Ərbil şəhərinin tarixi yerlərini gəzməyə başladıq.

Sənətkarlar məhəlləsində

Maşın geniş prospektləri şütüyüb əksəriyyəti iki-üç qatlı, bir-birinə söykənmiş yastı damlı binaların arasında dolaşan dar küçəyə girəndə Salar bəy dedi ki, bu yol bizi dünyalarca məşhur Ərbil qalasına aparır. Sonra da məlumat verdi ki, müdafiə məqsədilə hündür təpədə tikilmiş, ilkin ehtimallara əsasən 4,5 min il yaşı olan bu qala sonradan ətraf ərazilərdən insanları özünə cəlb edib. Tədricən adamlar bura köçməyə başlayıb və qalanın ətrafında xalqavarı şəkildə yeni küçələr salınıb, evlər tikilib. Beləliklə, müəyyən dövr ərzində gördüyünüz Ərbil şəhəri təşəkkül tapıb.

Qalanın ətəyində – insanların qaynadığı qədim bazarın yanındayıq. Salar bəyin sözlərinə görə, konkret mənbələr Ərbilin ilk sakinlərinin türkmənlər olduğunu isbat edir. Kürdlər, ərəblər və başqa xalqların nümayəndələri isə sonradan bura köçənlərdir.

Qarşıda qədim Şərq memarlığının nümunəsi, yüzillərin canlı şahidi Qeysəriyyə bazarı yerləşir. Amma yalnız bazarda deyil, hətta ətrafını saran binaların dükan və iaşə obyektləri kimi fəaliyyət göstərən birinci mərtəbələrində də şıdırığı alver gedir. Xırda daş plitələr döşənmiş darısqal küçə və dalanlardakı çoxlu çayxanalarda müştəri əlindən tərpənmək olmur. Çoxu da elə türkmənlərdir. Çünki Salar bəyi və maşından düşər-düşməz bizə yoldaşlıq edən başqa bir türkmən qardaşımızı - Ərbil şəhər şurası sədrinin müavini Azad Kürəcini görən hər kəs onları türkcə salamlayıb, hal-əhval tuturdu. Əlbəttə, onlar da fürsət itirmədən məni təqdim edir, Azərbaycandan gəldiyimi deyirdilər.

Əsasən türkmənlərin çalışdığı dükan və dərzixanaları gəzə-gəzə Azad bəy bildirdi ki, təxminən 200 il əvvəl bazara gələn ərəb tacirləri elə buradaca yerləşiblər. Ona görə də bura el arasında ərəb məhəlləsi kimi məşhurdur.

Ərbildə ərzaq məhsulları Bakıdakı ilə müqayisədə nisbətən ucuzdur. Məsələn, bir stəkan çay 250 dinara satılır ki, bu da Azərbaycan pulu ilə 20 qəpik edir. Yaxud da əsasən ərəblərin ənənəsi sayılan təndir lavaşının 8 ədədi min dinara (80 qəpik) təklif edilir.

Ərbilin qədim hissəsindəki saysız-hesabsız dərzixanaların əksəriyyəti türkmənlərə məxsusdur. Azad Dabbağ adlı təcrübəli dərzi bildirdi ki, bu kiçik tikiş sexi 1970-ci illərdən fəaliyyətdədir. «O vaxt mən yeniyetimə oğlan idim, iş axtara-axtara gəlib çıxdım bura. Adlı-sanlı dərzi işləyirdi burada, doqquz il yanında çalışdım. Sonradan o, Bağdada köçdü, mən isə buranı müstəqil olaraq işlətməyə başladım», - deyən usta əlavə etdi ki, ustalıq ona böyük pullar qazandırmır, amma narazı da deyil – Allahın verdiyinə min dəfə şükür edir. Ayda orta hesabla 300 dollar gəliri olur, bu da ailəsinin dolanışığına bəsdir.

Xalis Antik

Ərbilə yolu düşən kimsə Xalis Yunusa məxsus antik əşyalar satılan dükana baş çəkmədən geri qayıtmır. Dükan birinci mərtəbədəki kiçik salonda yerləşsə də, zirzəmiyə enənlər X.Yunusun topladığı mədəniyyət nümunələri görüb, heyrətlənir.

Burada nələr yoxdur: xalça-palazdan qab-qacağadək, rəsm əsərlərindən zinət əşyalarınadək, qədim silah-sursatdan hər dövrü əhatə edən qiymətli sikkələrədək, hətta timsah, anakonda, pələng dəriləri, dəvəquşunun dipdiri, qurudulmuş canlı maketi sərgilənir. Qədim əşyaları alıb-toplayan və əlbəttə, satışını təşkil edən X.Yunusa Ərbildə çoxları «Xalis Antik» deyir.

X.Antik bildirdi ki, uzun illərdir ölkənin hər yerindən gördüyümüz bu qədim əşyaları toplayıb. Eləcə də ayrı-ayrı insanlar əllərindəki eksponatları təklif edir və onlar da qiymətləndirib, alırlar. Məsələn, burada elə sənət nümunəsi var ki, Xalis bəy onu almaq üçün 20 min dollarından keçib. Qiyməti daha ağır olan qızıl, gümüş və sair materialdan hazırlanmış çox qədim dövrlərə aid sikkələr isə təhlükəsizlik məqsədilə qapalı, insanların gözündən uzaq yerdə saxlanılır.

Vüsal Tağıbəyli
Bakı-İstanbul-Grbil-Kgrkük-Bakı

 
 
hafta.az
Read 3528 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR