Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Şənbə, 28 Fevral 2015 14:38

Xocalıya gedən yol Ərzurumdan keçdi

Written by 

Bu günlər sadəcə Azərbaycan tarixinin deyil, insanlık tarihinin ən qanlı hadisələrindən birinin Sizlərlə

birlikdə anmaq üçün bura toplaşmışıq.

1992-ci ildə modern və çağdaş dediyimiz dünyanın gözləri önündə insanlıq tarixinin ən utanc verici hadisələrindən biri yaşandı.

Xocalı qəsəbəsi əhalisi ilə birlikdə yer üzündən silindi.

İnsanlığa sığmayan bu ağır cinayəti  törədənlərin tək bir hədəfi vardır. Onlar üçün məsum, günahsız və sivil insanlar Türk idilər,

demək ki Türk olmaq onlar üçün düşmən olmaq deməkdir.  Əvət, Xocalı faciəsi sadəcə bir işğal, bir müharibə və ya insani itki məsələsi deyil. Bu faciə soyqırım cinayətinin bariz nümunəsidir.

İzninizlə, tarixin o qanlı, mənhus günlərinə qısaca səyahət edərək Xocalı faciəsini meydana gətirən tarixi-siyasi və sosial səbəbləri bir daha gözdən keçirək.

Amma öncəliklə bunu qeyd etmək istərdim: Xocalı faciəsi Ermənilərin Türk dünyasına qarşı işlədikləri cinayətlər silsiləsinin münfərid, ayrı bir olayı deyil.  Əksinə, iki əsrdir davam edən, Türk topraqları üzərində xəyali Böyük Ermənistan qurmaq planının bir parçası, bir epizodudur.  

Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet hakimiyyəti dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Sual edilə bilər. Nədən ermənilər məhz Xocalını hədəf seçdilər. Bu sualın cavabı  savaş şəraitində yaşayan Xocalının sürətli inkişafı, Azərbaycan xalqının gözündə bir qürur  örnəği olması idi.  Yeddi min əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır.

Xocalı eyni zamanda əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekroloqlar tapılmışdır. Həmçinin burada arxitektur abidələr - dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.

Erməni silahlı qüvvələri Xocalını hər tərəfdən mühasirəyə almışdılar, yolları, keçidləri tutmuşdular. Şəhərin quru yolla xarici aləmlə əlaqəsi kəsilmişdi. Elektrik enerjisi yox idi. Xocalının xarici aləmlə əlaqəsi 1991- ci ilin noyabrından etibarən ancaq radio-telefonla və mülki vertolyotlarla idi. 1992 - ci ilin yanvarın 28-də ermənilər tərəfindən Dağlıq Qarabağ üzərində Azərbaycan Hava Yolları Dövlət şirkətinə mənsub Mİ-8 markalı mülki vertolyot vurulduqdan və vertolyotda 40-dan artıq azərbacanlı həlak olduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsilmişdir.

1992- ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum etmişlər. Xocalıya artileriya və ağır hərbi texnikadan atəş açılmış, şəhərdə güclü yanğınlar başlamış, şəhər tamamilə alova bürünmüş, yerlə yeksan edilmişdir. Hücumda ermənilər tərəfindən mayor Seyran Ohanyanın komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1 – ci batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50 – dən artıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları, toplar, D – 30 qaubitsası və digər müasir hərbi texnika iştirak etmişdir. İstintaqla müyyən edilmişdir ki, erməni silahlı qüvvələri Xocalı şəhərinə quldurcasına geсə saat 22 radələrində basqın etmiş, əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutmuş, sonra isə çoxsaylı tanklar, PDM(Piyadaların zirehli maşınları) və bronetransportyorlar vasitəsilə şəhərə daxil olmuş, evlərində yatmış dinc əhalini vahiməyə salaraq onları vəhşicəsinə məhv etməyə başlamışlar. Bu zaman qadın, uşaq, qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq, tank, PDM və digər texnika altına salaraq əzmiş, məhv etmişlər. Şəhərin müdafiəçiləri və yerli əhali şəhəri tərk etməyə məcbur olmuşdur. Fevral ayının 26-ı səhər saat 5 - ə qədər şəhər zəbt edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə, kimi isə yaxınlıqda azerbaycanlıların yaşadığı Ağdam şəhərinə üz tutmuşdu. Naxçıvanik kəndi yaxınlığında, açıqlıq ərazidə dinc əhali ermənilər tərəfindən güllələndi və onlara amansız divan tutuldu.

Gözünü qan bürümüş erməni cinayətkarları azerbaycanlıları xüsusi amansızlıqla işgəncə verərək öldürürdülər. Onlar mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş əhalini də yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, görünməmiş vəhşiliklə öldürürdülər.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəst olanların 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlanlar və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini itirmişdir.

Hər nə qədər ağır olsa da erməni canilərinin işkəncələrini öz üzərində hiss edən, yaşayan o günlərin canlı şahidlərindən bir neçə sətir oxumaq istərdim.

Şahidlərdən Sənan Abdullayev belə deyir: `"...Vallah, nə deyim. Şaxtalı gecədə meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana apardılar. Anam, atam, 16 yaşlı bacım meşədə öldü. Ermənilər uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün boyu əlimdə saxlamışam.`

Başqa bir şahid Salman Abbasov isə belə deyir: `"Pircamal kəndində ermənilər bizi girov götürdülər. Dinc adamları – bacım Məryəm Məşədi qızı Abbasovanı, gəlinim Gülzar Gülalı qızı Abbasovanı (8 aylıq hamilə idi) və digər 25 adamı avtomatla güllələdilər. Qalanlarını isə həmin kəndin mal tövləsinə apardılar. Həmin şəxslər içərisində olan 7 nəfər cavan oğlanı qarşıya çıxararaq gözümüzün qarşısında güllələdilər. Onlardan dördü Xocalıda məskunlaşmış Axıska türkü, üç nəfəri yerli sakinlər idi. Bizi gündə iki dəfə ağacla, avtomatın qundağı ilə döyürdülər. İki nəfər yaralı növbəti dəfə döyülərkən öldülər`

İnsanın qanını donduran bu ifadələri sonuna qədər oxumaq mümkün deyil.

Bu gün Azərbaycan torpaqlarının yüzdə 20-si Ermənistan tərəfindən işğal edilib. Xocalı faciəsi bu işğalın bir hadisəsidir. Amma elə bir hadisədir ki qara hərflərlə insanlıq tarixinin utanc səhifəsinə yazılmışdır. Tarix boyu, Ermənilərin Qafqaza köçürülməsindən bu tərəfə Azərbaycan türkləri bu xəyanət çəmbərinin içindədir. Lakin bir tarixçi olaraq onu da demək istəyirəm araşdırmalarımız, arxiv sənədlərimiz və bu gün hadisənin canlı şahidi olan bizlər xalqımızın bu mənfur  cinayətə qarşı əlindən gəldiyi qədər mətanətlə dayandığını, düşmənə layiqli cavabını verdiyini deyə bilərəm. Lakin hər kəs bilir ki ermənilər bu iyrənc siyasətini təkbaşına həyata keçirmir.  Bəzi böyük dövlətlərin və dünya erməni diasporunun dəstəyi olmazsa ermənilərin nə Azərbaycan ordusu nə də Azərbaycan xalqı qarşısında davam gətirmək gücü yoxdur.

 

Ən əsası, Azərbaycanlıların ruhundakı vətən sevgisi, iman və mənəviyyatı bu qədər xain  saldırılar qarşısında nəinki azalmadı, hətta gücünə güc qatdı. Millətimizin qəhrəman oğlu Mübariz İbrahimov və onun kimi neçə neçə oğullar bunu bütün dünyaya nümayiş etdirdi.

Bu gün atəşkəsdir. Lakin atəşkəs məğlubiyyət demək deyil. Azərbaycan türkünün haqlı və adil savaşı bitmədi. Biz inanırıq ki bu savaş qalibiyyətimizlə nəticələnəcək. Çünkü ədalət və haqq bizim tərəfimizdədir. Uca Tanrı bu yolda millətimizin yar və yardımçısı olsun! 

 

Sevinc Əliyeva

 

 

 

 

 

 

 

 

 

 

Read 2402 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR