Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 26 Fevral 2015 07:48

Azərbaycan kəlağayısı haqqında bir neçə söz

Written by 

...Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır.

Heydər ƏLİYEV
Ümummilli lider

Ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri də kəlağayıçılıqdır. Azərbaycanda kəlağayıçılığın dəqiq tarixi məlum deyil. Bu barədə alimlər tərəfindən müxtəlif fikirlər irəli sürülür. Məsələn, akademik Əbdülkərim Əlizadə “Hüdud əl-aləm”ə istinadən X əsrdə toxuculuğun əsas mərkəzlərindən olan Bərzənd şəhərində baş örtüyü istehsal olunduğunu qeyd edir. Burada hansı növ baş örtüyündən söhbət getdiyi məlum olmasa da, “Əcayib-əd dünya” adlı XIII əsrə aid anonim mənbədə Təbrizin sənət məhsulları içərisində güləbətinlə tikilmiş xüsusi baş örpəyinin adı çəkilir. XVII əsr Hollandiya səyyahı Yan Streys də Şamaxı zadəganları arasında şöhrət qazanmış güləbətin toxumalı yüksək keyfiyyətli baş örtüyündən bəhs edir. Lakin bu baş örtüyünün kəlağayı olmadığı dəqiqdir, ona görə ki, güləbətin toxuma texnikası ilə hazırlanmış məmulat ona basmaqəlib üsulu ilə əlavə bəzək vurulmasını tamamilə istisna edir.

Bununla belə, məşhur türk səyyahı Evliya Çələbinin Naxçıvan kişilərinin qələmkar parçadan köynək geyindikləri haqda məlumatı, hələ XVII əsrə qədər Azərbaycanın toxuculuq mərkəzlərində basmanaxış üsulu ilə bəzək texnikasının özünün yüksək inkişaf mərhələsində olduğunu sübut edir. Başqa sözlə desək, kəlağayı hələ çox uzaq keçmişdə Azərbaycanın ənənəvi şərbaflıq mərkəzlərinin, demək olar ki, hamısında “çarqat”, “örpək” və s. bu kimi adlarla istehsal edilib.

Onu da qeyd edək ki, dekorativ-tətbiqi sənət məhsulları içərisində özünün orijinal bəzək texnikasına görə kəlağayının xüsusi yeri var. Belə ki, bütün orta əsrlər boyu həm texnoloji, həm də məzmun etibarilə təkmilləşən və inkişaf edən kəlağayıçılıq sənəti XVIII-XIX əsrlərdə Azərbaycanda öz inkişafının ən yüksək mərhələsinə çatıb. Belə ki, G.Forsterin 1784-cü ilə aid məlumatında qeyd edilir ki, Şirvandan 400 tona qədər ipək Həştərxana göndərilirdi. Ədəbiyyat və çöl-etnoqrafik materialları isə sübut edir ki, həmin ipəyin mühüm bir hissəsi Basqalın payına düşüb və bu sırada kəlağayı mühüm yer tutub. Həmin dövrdə Gəncə, Şuşa, Şəki şəhərləri ilə bərabər, Basqal Azərbaycanın ən böyük ipəkçilik mərkəzlərindən biri olub. Əsrlər boyu bu diyarda kələğayıçılıq sənətinin  mahir biliciləri və ustalarının əməyi sayəsində basmaqəlib üsulu ilə al-əlvan naxışlı kəlağayının zəngin nümunələri hazırlanıb. Onlar həmçinin milli naxış örnəklərinin qorunub saxlanılmasında və nəsildən-nəsilə ötürülməsində də böyük xidmətlər göstəriblər.

Lakin XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb. Məhz bu dövrdə Basqal kəlağayı istehsalında nəinki Azərbaycanda, eləcə də bütün Cənubi Qafqazda aparıcı mövqe tutub. Statistik məlumatlara görə, Birinci dünya müharibəsi ərəfəsində Basqalda 1500 dəzgaha malik 900 kustar şərbafxana vardı ki, burada il ərzində 1 milyon 800 min ədəd kəlağayı istehsal olunurdu. Hətta, deyilənə görə, bu qədər kəlağayını boyamağa Basqal boyaqxanalarının gücü çatmadığından, onların xeyli hissəsi Şamaxı, Gəncə və Bakıya göndərilirdi.

Basqalda kəlağayıçılıq əsl xalq sənəti idi. Ağsaqqalların söylədiyi kimi, yaxın keçmişə qədər qəsəbədə sex və ya toxucu karxanası olmayan insanlar belə evinin bir küncündə dəzgah quraşdırıb, bu incə sənətlə məşğul olublar. Kələğayı ustaları axşama qədər həmin dəzgahın arxasından durmayıblar. Tədqiqatçı Tahir Cəfərlinin də qeyd etdiyi kimi, hər evdən dəzgahın məkisinin nəğməni xatırladan ahəngdar səsi – “çak-çuk, çak-çuk”u eşidilərdi. Evin övrəti, kiçik yaşlı uşaqları dəzgahın işləməsinə xidmət edərdilər: qadınlar dəzgahın altında ipək sarıyar, uşaqlar cəhrəyə bənzər alətdə lülələri ipək sapla doldurar, kişilər isə kəlağayı toxuduqca, bütün əzalarını – əllərini, ayaqlarını, bellərini, boyunlarını, hətta fikirlərini də işlədərdilər... Bir sözlə, ailə özlüyündə dəzgahla birlikdə vahid və mükəmməl bir mexanizmi xatırladırdı. Bunlardan biri bu prosesdən qıraqda çalışardısa, iş ahəngi pozular, məhsuldarlıq azalardı. Hamının çörəyi, ailənin ruzisi dəzgah arxasında oturub səhərdən axşama qədər  işləyən ailə başçısından, yaxud onu əvəz edə bilən oğullarından asılı idi. Basqalda əsrlər boyu vərdiş halına keçmiş bu həyat tərzini heç nə və heç kim poza bilməyib.

Basqalda bir çox nəsillər əsrlər boyu bu sənəti davam etdirib və zaman keçdikcə bir-birinə ötürüblər. Nadir hallarda həmin nəsillərin nümayəndələri dədə-babadan qalma sənətlə deyil, başqa işlə məşğul olublar. Həmin nəsillərin nümayəndələrindən indi də Basqalda yaşayanları var. Onlardan biri də usta Abbasəli Talıbovdur. Usta Abbasəli deyir: “...Bu sənət bizdə nəsillikcədir. Mən atam Əlişahdan, o, öz atası Talıbdan, Talıb da ulu babam Nağıdan öyrənib”.

Əlli üç yaşlı Abbasəli irsən gələn bu sənətin incəliklərindən həvəslə söhbət açmaqla bərabər, hazırladığı kəlağayı nümunələrinin naxışlarını da az qala həzin bir bayatı kimi zümzümə edirdi: “...Bu da səkkiz qanadlı ulduz - qızıl gül-çiçək, onların arasında - tən ortada xonçadır, gəlin köçən qızlara şirni aparılan xonça...”.

Basqal ustalarının bədii təfəkkür məhsulu olan kələğayıların özünəməxsus və orijinal kompozisiyası, yüksək keyfiyyəti, bəzək elementləri, harmoniyası ona başqa ölkələrdə də böyük maraq oyadıb. Təsadüfi deyil ki, Basqal ustaları XIX yüzilliyin ortalarından başlayaraq, Rusiya və Qərbi Avropa ölkələrində keçirilən müxtəlif beynəlxalq sərgilərdə özlərinin çoxçeşidli sənətkarlıq məmulatı ilə çıxış etməyə başlayıblar. Bu sərgilərdə Əliabbas Cəbrayıl oğlu, Məşədi Həbibulla Hacı Abbas oğlu, Hacıbağır Mirzə oğlu, Hacı Ələkbər Hacı Seyid oğlu və başqaları təqdim etdikləri məhsullara görə yüksək mükafatlara layiq görülüblər. Məsələn, 1862-cı ildə Londonda keçirilən ümumdünya sərgisində basqallı toxucu Nəsir Əbdüləziz oğlu kəlağayı və qanovuz parçaya görə sərginin medalı və xüsusi diplomu ilə təltif olunub. Basqalda yaşlı nəslin nümayəndələri söyləyirlər ki, kəlağayı ustası Londondan qayıdarkən sərgi ilə bağlı təəssüratlarını belə ifadə etmişdi: “...İngilis xanımları macal vermədilər ki, camaat bir kəlağayıya tamaşa etsin. Bir anın içində yarmarkada keçirilən satış sərgisində hamısını aldılar. Qaldım mat-məəttəl. Gərək çox aparaydım. Allah qoysa, bu səfər çox apararam”.

1902-ci ildə Tiflisdə çağırılmış Qafqaz kustar sənayesi işçilərinin 1-ci qurultayına aid bir sənəddə isə aşağıdakı maraqlı fikirlər əksini tapıb: “...Ustaların hamısı (kəlağayı ustaları nəzərdə tutulur – red.) savadsız olsalar belə, sənətkarlıqda öz avropalı həmkarlarını arxada qoyurlar. Onların hazırladıqları məmulat öz bədiiliyi və yaraşığı ilə adamı heyran edir. Avropada işlədilən maşınlar və başqa dəzgahlar burada yoxdur. Onların hazırladıqları məhsul gərgin işin və bacarıqlı əllərin bəhrəsidir”.

Basqallılar əsrlər boyu Avropanın və Şərqin bir sıra ölkələri ilə sıx ticarət əlaqələri saxlayıblar. Onların səsi-sorağı Rusiyadan, Orta Asiyadan və hətta, uzaq Hindistandan gəlib. Kəlağayıya başqa yerlərdə böyük tələbat olduğundan basqallı sənətkarlar bütün ili işləyib hazırladıqları kəlağayıları Aşqabada, Daşkəndə, Buxaraya, İran və başqa ölkələrin bazarlarına çıxarıblar. Hətta, bəzi ölkələrdə və şəhərlərdə basqallılara məxsus kəlağayı sexləri də fəaliyyət göstərib. Məsələn, tədqiqatçıların söylədiklərinə görə, ötən əsrin 30-cu illərində Özbəkistanın Səmərqənd şəhərində basqallıların sexi olub və orada çox nəfis kəlağayılar istehsal edilib.

Basqal kəlağayılarının özünəməxsus kompozisiyası, rəmzi mənası, bəzək elementləri, eyni zamanda, rəng koloriti olub. Bu kəlağayılarda yurdumuzun təbii gözəllikləri ilə bərabər, xalq məişətinin bir çox xüsusiyyətləri, milli-mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirən naxış və ornamentlər də öz əksini tapıb: “Yeddi rəng” (ispirəy), “Heyratı”, “Bəstə-nigar”, “Gəlinlik” (qıraqları yaşıl, ortası qırmızı), “Noxudu”, “Mixəyi”, “Yaşıl-qara”, “Yemişani”, “Zeytuni”, “Ağzəmin-zanbağı”, “Ağzəmin-qızılı”, “Qızılı” və s. adda kəlağayıların hər biri əslində bir dastan, bir nağıl, bir nəğmədir. Müxtəlif zoomorf, həndəsi və nəbati naxışlarla zəngin olan bu kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri var. Yeri gəlmişkən onu da qeyd edək ki, XIX əsrdə və XX əsrin əvvəllərində Basqalda Usta Hacı Həmid Talıb oğlu, Kərbəlayi Abdulxaliq Əşrəf oğlu, toxucu Əliabbas Cəbrayıl kimi çox məşhur basmanaxış ustaları fəaliyyət göstərmişlər.

Kəlağayının istehsalının texnoloji xüsusiyyətlərindən danışan Basqaldan olan mütəxəssisin sözlərinə görə, gündə 25-30 kəlağayı istehsal etmək mümkündür. İstehsal prosesi bir-birini ardıcıl izləyən bir çox sənət və peşələrin sintezindən ibarətdir. Buraya əyirici, toxuyucu, boyaqçı və naxışbasma iş sahələri aiddir. Bunlar bir müəssisədə ayrı-ayrı peşəkar ustalar və ya bir peşəkar usta tərəfindən icra olunub ki, onlar da xalq arasında “ustakar” adlanıb.

Kəlağayını zinətləndirən, şöhrətləndirən, ilk növbədə, onun rəng simvolikası idi ki, bu da boyaq maddəsinin keyfiyyəti ilə bərabər, boyaqçının özünün yaradıcılıq fantaziyasından, rəngin koloritindən, rəngləri seçmək və bir-biri ilə uzlaşdıra bilmək bacarığından asılı idi. Bu mənada kəlağayı boyaqçılığı ənənəvi boyaqçılığın digər sahələrindən, o cümlədən ipək boyaqçılığından xeyli fərqlənir. Bu barədə də bizə Abbasəli usta məlumat verir. Tələsmədən kağız üzərində müxtəlif cizgilər cızan usta qeyd edir ki, bu naxışların neçə-neçə yüzillik tarixi var və nəsildən-nəsilə keçərək günümüzə gəlib çatıb. Lakin çox hallarda onlar olduğu kimi köçürülmür, hansısa rəng yenilənir, əlavə bəzəklər edilir və beləliklə, yeni kəlağayı öz görkəmini az da olsa dəyişir. Abbasəli usta deyir ki, “çox yerə gedib bu kəlağayılar. Kim bilir, bəlkə də ən məşhur muzeylərə gedib çatıb, sərgiləri bəzəyib...”.

Abbasəli ustanın sözlərinə görə, əksər hallarda naxışları ustalar özləri fikirləşir və çox vaxt bunu sirr olaraq saxlayırdılar. Bu da Azərbaycan sənətkarlığının əsas xüsusiyyətlərindən biri idi.

Kəlağayının naxışlanması prosesi bir neçə mərhələdən keçirdi. Əvvəlcə kəlağayının boyanı yaxşı götürməsini təmin etmək məqsədilə onu qəlyadaşından hazırlanmış “sirab” adlanan məhlulda bişirirdilər. Çünki kəlağayı boyaqxanaya daxil olana qədər uzun istehsal prosesindən keçsə də, onun üzərində selikli yapışqan təbəqəsi hələ də qalırdı və bu da boyama prosesində məmulatın rəngi tam götürməsinə mane olurdu. Buna görə də məmulat tiyanda hazırlanmış məhlulda (sirabda) bişirilib yapışqan təbəqəsindən azad olduqdan sonra sərilib qurudulur, bundan sonra boyama prosesi üçün hazır hesab olunurdu.

Kəlağayı üzərindəki naxışlar aşağıdakı əsas qruplara ayrılırdı: kəlağayının qıraqları boyunca vurulan və haşiyə əmələ gətirən şəkillər; künclərə və ortaya vurulan təsvirlər. Bu təsvirlər və ya naxışlar arasında “buta”nın həmişə özünəməxsus yeri olub.

Azərbaycan dekorativ tətbiqi incəsənətində, o cümlədən kəlağayıçılıqda geniş tətbiq olunan bu ornamentin forma və quruluşuna görə, “saya buta”, “əyri buta”, “dilikli (və ya dişli) buta”, “qıvrım buta”, “qarmaqlı buta”, “şabalıd buta”, “badamı buta”, “dik (və ya iti uclu) buta”, “qoşa buta”, “qotazlı buta” və s. kimi növləri məlumdur. Azərbaycanın ayrı-ayrı regionlarında hazırlanan butalar bir çox hallarda elə həmin regionların adları ilə də adlandırılır: “Muğan-buta”, “Bakı-buta”, “Xilə-buta”, “Şirvan-buta” və s. Qəliblər, adətən, meşə armudunun oduncağından hazırlanırdı ki, bu da keyfiyyətinə və möhkəmliyinə görə digər ağac materiallarından üstün idi.

Lakin kəlağayını, eyni zamanda, rəngləmək texniki baxımdan mümkün deyildi. Naxışlanma, bir qayda olaraq, kəlağayının yelən hissəsindən başlanırdı. Əsas naxışlar da elə yelənə salınır və orta hissə, adətən, saya saxlanırdı. Basmaqəlib ustaları hər vəchlə materiala qənaət etməyə çalışırdılar. Bunun üçün ilk “qondarma” kəlağayının öz təbii rəngindən götürülürdü. Usta əməliyyatı qəlibi yağa batıraraq kəlağayının kənarı boyunca ardıcıl, simmetriyanı pozmadan, diqqətlə basaraq yerinə yetirirdi. Bunun üçün ustadan alıcı göz, yüksək səriştə, əldən itilik tələb olunurdu. Birinci qondarmanı yerinə yetirdikdən sonra kəlağayının həmin hissəsi əllə dəstələnib yığılır, qalan hissə, yəni yağ örtüyü çəkilməmiş hissə qarğıya sarınırdı. Növbəti əməliyyatla kəlağayının yeləni nəzərdə tutulmuş rəngaba salınıb boyanırdı. Rəng tutduqdan sonra məmulatı sıxaraq asıb qurudur, yenidən boyaq masasının üzərinə sərərək rəngdən gül götürülürdü. Basma əməliyyatı başa çatdıqdan sonra kəlağayıları sabun qatışıqlı qaynadılmış su ilə dolu qazanlara dolduraraq piy-rəng kütləsi təmizlənənə qədər yuyur və iplərdən asaraq qurudurdular. Qurudulmuş yaylıqları dörd-dörd dəstəçin edib hamarladıqdan (ütülədikdən) sonra “məngənə” adlanan dəzgahda iki taxta arasında yerləşdirir və taxtaları yanlardan vintlərlə bərkidirdilər.

Kəlağayılar taxta məngənə arasında 2-3 saat ərzində sıxılmış vəziyyətdə saxlandıqdan sonra onların bir üzünü açıb ipə asırdılar. Nəmliyi bir qədər çəkildikdən sonra onları sərgidən yığıb qatlayır və yenə də dəstə halında üst-üstə yığaraq ikinci dəfə məngənəyə verirdilər. Dəstəçin edilmiş kəlağayı bu vəziyyətdə bir gün ərzində qalıb “qatını götürürdü”.

Onu da xatırladaq ki, sənətkarlarımızın sarı, qırmızı, yaşıl parçalardan hazırladıqları güllü-butalı kəlağayılar baş geyim növü kimi orta əsrlərdən bəri milli qadın geyim dəstini tamamlayıb və qız-gəlinlərimizin, nənələrimizin nurlu simalarını daha da yaraşığa gətirib. Təsadüfi deyil ki, XVI-XIX əsrlərin şifahi xalq ədəbiyyatı nümunələrində – dastan, qoşma, gəraylı və bayatılarımızda, xüsusilə də aşıq poeziyasında kəlağayı, çalma və çarqat haqqında çox maraqlı poetik fikirlər əksini tapıb. Onların bəzilərini təqdim edirik:

Vəsməni çəkibdi qələm qaşına,

Ağ ipək çalmanı salıb başına...

(Əsli və Kərəm)

*   *   *

Kəlağayın ucu sarı,

Açılır könlüm qubarı,

Söylə görüm kimin yarı,

Yaxan düymələ, düymələ!

(Əsli və Kərəm)

Bir sıra aşıq qoşmalarında telləri qızıl düymələrlə, sinələri əlvan muncuqlarla, qulaqları aypara, minarə sırğalar, belləri zərbaf kəmərlə, bədənləri çəpkənli, əlvan naxışlı köynəklə, güllü-butalı kəlağayılarla (çarqatla) bəzənmiş, sürməli qaş-gözlü el qızları, el gəlinləri tərənnüm olunmuşdur:

Başına örtübdür kəlağayı gəzər,

Əyri tel üstündən qızıl düymələr.

Belinə yaraşıb zərbafdan kəmər,

Çəpkənli, çarqatlı ağ bədən gəzər.

(Aşıq Abbas Tufarqanlı)

*   *   *

Gah zaman başına tirməşal bağlar,

Gah olur ki, zülf gizləyib, xal bağlar.

Kəlağayı qabağına al bağlar,

Yaşılın altından, ağın üstündən.

(Molla Pənah Vaqif)

*   *   *

 Kəlağayı əlvan, qəsəbə qıyqac,

Altından cunası, hayıf ki, yoxdur.

(Molla Pənah Vaqif)

*   *   *

Kəlağayı altında olmayıb cuna,

Üzməyib göllərdə yaşılbaş sona,

Bax, nələr yaranıb, Milə-Muğana,

Vaqif elə görüb, mən belə gördüm.

(Aşıq Şəmşir)

Xalq şairi Səməd Vurğun da öz əsərlərində al qumaş, atlas, al şal, tirmə şal, xara və s. kimi ipək parçaların adlarını çəkmiş, qız-gəlinlərimizin öz geyim dəstində ipək parçalara daha çox üstünlük verdiklərini xüsusi vurğulamışdır. Şairin yaşadığı dövrdə də kəlağayının Azərbaycan qadınının əsas baş geyim növü olması faktını onun dillər əzbəri olan aşağıdakı misraları da təsdiq edir:

...Gecənin sarvanı o ulduz, o ay,

Anamın örtdüyü sarı kəlağay.

Sözümdə qalmışdır ömrüm uzunu,

Bəlkə də şairin taleyidir bu...

...Basqalda dünyada yeganə olan bir muzey də fəaliyyət göstərir: çoxəsrlik Basqal sənətkarlığının incilərindən olan kəlağayıçılığın tarixini səhifə-səhifə göz önündə canlandıran, köçüb getmiş nəsillərin yadigarı, uzaq illərin-əsrlərin şahidi olan Kəlağayı Muzeyi! Basqal ipəkçilik müəssisəsinin nəzdində yaradılan və fəaliyyət göstərən muzeyin şərəf lövhəsini zaman-zaman bu incə sənətin şöhrətini bütün dünyaya yayan, bununla da Azərbaycana şərəf və başucalığı gətirən insanların şəkilləri bəzəyir: Əliabbas Cəbrayıl oğlu, Kərbəlayi Nəsir  Əbdül Əziz oğlu, Məşədi Həbibulla Hacı Abbas oğlu, Hacıbağır Mirzə oğlu, Hacı Ələkbər, Hacı Seyid Məhəmməd oğlu və başqaları.

Basqala təşrif buyuran turistlər və xarici qonaqlar muzeyə böyük maraq göstərirlər. Burada nümayiş olunan eksponatlar içərisində neçə-neçə incə kəlağayı naxışlarından xəbər verən qəlib nümunələri, boyaqxana ləvazimatları, zərif saplar, müxtəlif bitkilərdən alınmış rəng nümunələri, zövqlə işlənmiş bədii tikmələr, bəzək nümunələri, bərli-bəzəkli yorğan üzləri qədim dəzgahların hissələri, bolluq və cəsarət rəmzi sayılan qoç buynuzlu, “S”-vari bəzəklər, butalar, sünbül, gül yarpaq şəkilləri, həndəsi ornamentlər və nəhayət, bərli-bəzəkli kəlağayı nümunələri nümayiş olunur.  “Heyratı” (və ya Heratı), “Bəstə-nigar”, “Gəlinlik”, “Qızılı”, “Mixəyi”, “Noxudu”, “Ağzəmin zanbağı”, “Ağzəmin-qızılı”, “Bənövşəyi, “Yaşıl-qara”  və s. kəlağayılar isə bu muzeyin ən qiymətli eksponatlarıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycana – qədim Şirvan torpağına təşrif buyuran və Basqal kəlağayı ustalarının sorağını eşidən hər kəs muzeyə gəlir və bu sirli-sehrli dünyanın möcüzələrini gözləri ilə görür. Həmin möcüzələr isə bu günün insanlarına, xüsusilə də gənclərdə bu sənətə həvəs yaratmaqla bərabər, onlarda ulu tariximizə, keçmişimizə və soykökümüzə məhəbbət hissləri aşılayır.

Beləliklə, səsi-sorağı əsrlərin dərinliklərindən gələn ulu kəlağayıçılıq sənətini yaşatmaq, inkişaf etdirmək, Azərbaycan kəlağayısının keçmiş şöhrətini qaytarmaq hər birimizin qarşısında müqəddəs borc kimi ortaya çıxır. Bu gün Basqalda xalqımızın dəyərli ziyalıları – Rəna xanım İbrahimbəyova və Cəlil İbrahimbəyovun təsisçiliyi ilə fəaliyyət göstərən Basqal İpəkçilik Mərkəzi də bu ulu sənətin yaşadılması və dirçəldilməsi yolunda mühüm addımlardan biri kimi sayıla bilər. Çünki mərkəzdə təkcə kəlağayı istehsalı ilə məşğul olunmur, eyni zamanda, təcrübəli ustaların rəhbərliyi altında gənc və yeniyetmə basqallılara sənətin sirləri öyrədilir ki, bu da gələcəyə ümidlə baxmağa imkan verir. Rəna xanımın da qeyd etdiyi kimi, biz kəlağayılarımızın səsini-sorağını yalnız keçmişdən almamalı, onun haqqında keçmiş zamanda danışmamalı və onları yalnız muzey eksponatı statusunda görməməliyik! Azərbaycan kəlağıyısı öz keçmiş şöhrətini qaytarmalı və onun milli-mənəvi dəyər kimi təbliği və tətbiqi təmin edilməlidir. Bu mənada inanmaq istərdik ki, ən yaxın zamanlarda təkcə Basqalda deyil, ənənəvi kəlağayıçılıq mərkəzlərinin hər birində ulu babalarımızın müqəddəs irsi olan kəlağayıçılıq sənətinin inkişafı üçün lazım olan hər bir şərait yaradılacaqdır. Elə müstəqil Azərbaycan dövlətinin və onun rəhbərliyinin gördüyü böyük işlər də buna stimul verir. Belə ki, bu yaxınlarda KİV səhifələrində yayılan xoş xəbər hər kəsi sevindirdi: UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib! Bununla da Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu. Azərbaycanın mədəni həyatında baş verən bu tarixi hadisə həm də Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə və inkişafına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.  Sonda onu da vurğulayaq ki, “Kəlağayı” faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.

Tofiq BABAYEV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru,

Tahir ŞAHBAZOV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru

http://www.xalqqazeti.com/

Read 1867 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR