Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 10 Yanvar 2019 07:58

Marrçılıqdan anti-marrçılığa

Written by 

Nizami Cəfərov

Sovet dilçiliyinin tarixini (və həmin tarix boyu metodoloji özünəməxsusluq uğrunda aparılmış  axtarışların uğursuzluqlarını) əks etdirən ən uğurlu ifadə, fikrimizcə, "marrçılıqdan anti-marrçılığa" ola bilər.

Nikolay Yakovleviç Marrı bir dil  nəzəriyyəçisi olaraq fərqləndirən ən orijinal keyfiyyət ondan ibarət idi ki, XIX əsrin əvvəllərində yaranmış elmi dilçiliyin əsasında dayanan müqayisəli-tarixi metodu inkar edib, əvəzində belə bir ideya irəli sürürdü ki, "dillərin bir mərhələdən digər mərhələyə keçməsi onların  çarpazlaşması (bu, bütün dil dəyişmələrinin yeganə səbəbidir) nəticəsi olaraq və bununla  ictimai-iqtisadi formasiyaların əvəz edilməsini əks etdirərək qəfil bir proses kimi sıçrayış yolu ilə olur. Dillərin çarpazlaşması və vahid qlottoqonik prosesin digər mərhələsinə sıçrayış yolu ilə keçməsi zamanı həmişə  "yeni keyfiyyət", yəni tamamilə yeni bir dil  meydana çıxır".

N.Y.Marrın "dilçilikdə yeni təlim"inin onun dil haqqındakı təsəvvürlərinin səmimi ifadəsi olduğu, yaxud sovet sosialist ideologiyası konyunkturuna xidmətin təzahürü olaraq təşəkkül tapdığı, əslində, ona görə elə bir  mübahisə doğurmamalıdır ki, sonrakı (və kifayət qədər aydın!)  mülahizələri kökündən yanlışlığına görə  əvvəlki "mücərrəd" mülahizələrinin ciddiliyinə də şübhə doğurur. Və belə bir təsəvvür yaradır ki, ideoloji məngənəyə salınmış dahi N.Y.Marr çıxış yolunu sovet ideologiyasını "dolamaq"da tapır.

Məsələ burasındadır ki, N.Y.Marrın sosializm "quran" geniş xalq kütləsinin dərk etməsi baxımından marksizmin özündən də mürəkkəb olan marksist "yeni dilçilik təlimi"nin hakim olduğu illərdə (1920-ci illərin ortalarından 1940-cı illərin sonlarına qədər) Sovetlər Birliyi, faktik  olaraq, ümumən  dilçiliklə deyil, dil quruculuğu problemləri ilə  məşğul idi. Və  ona görə də marrçılıq, mahiyyət etibarilə, dil praktikasının yox, dil nəzəriyyəsinin inkişafı qarşısına elə məhdudiyyətlər qoymuşdu ki, nəinki müasir dilçiliyin banisi Ferdinand de Sössür, heç ümumi (fəlsəfi) dilçiliyin yaradıcısı Vilhelm fon Humboldt da Sovetlər Birliyinin hüdudlarına qədəm basa bilməzdi.

Elə ki, Sovetlər Birliyində dərk olunmağa başladı ki, dilçilikdə praktik  işlərdən baş qaldırıb dünyanı narahat edən nəzəri problemlərlə də məşğul olmaq lazımdır, sovetlərin yeganə konyunktur icadı olan "yeni təlim" (və N.Y.Marr) yada düşdü.

İ.V.Stalin üçün N.Y.Marrı (və onun "yeni təlim"ini) "məhv etmək"dən asan heç nə yox idi. 1930-cu illərin ortalarından  (N.Y.Marrın vəfatından) sonra  onun təliminin bütün Sovetlər Birliyində yeganə  doğru marksist təlim kimi yayılmasına necə şərait yaratmışdısa, 1950-ci illərin əvvəllərində də həmin "təlim"in  antimarksist sərsəmləmə kimi tənqidinə o cür "fitva" verdi.

Və vaxtilə dilçiləri anti-marrçılıqda ittiham edən İ.V.Stalin sonralar marrçılıq əleyhinə nə az-nə çox, üç əsər - "Dilçilikdə marksizmə dair", "Dilçiliyin bəzi məsələlərinə dair" və "Yoldaşlara cavab" "yazdı" ki, çox  keçmədən həmin "əsərlər"in mədhinə  həsr olunmuş "Dilçiliyə giriş"in müəllifi A.S.Çikobava, "sovet dilçiliyinin klassik əsərlərlə zənginləşdiyi"ni göstərməklə kifayətlənməyib elan etdi ki, "sovet dilçiliyi dil haqqında elmin  inkişafında yeni mərhələdir".

N.Y.Marr deyirdi ki, ictimai-iqtisadi formasiyalar dəyişdikcə ona uyğun olaraq dil də dəyişir. Və əlavə edirdi ki,  sinifli cəmiyyətlərdə (quldarlıq, feodalizm, kapitalizm və kommunuzmin ilk mərhələsi olan  sosializmdə) hər sinfin  ayrıca dili var... İ.V.Stalin yazırdı: "Köhnə  üstqurumu bir neçə il ərzində  məhv etmək və onu yenisilə əvəz eləmək olar və lazımdır ki, cəmiyyətin istehsal qüvvələrinin inkişafı qarşısında imkanlar açılsın, ancaq ictimai həyata anarxiya təlqin etmədən, cəmiyyətin çökməsinə təhlükə törətmədən mövcud dili bir neçə il ərzində məhv edib onun yerində yenisini necə qurmaq olar? Don Kixotlardan başqa, öz qarşısına kim belə bir vəzifə qoya bilər?".

İ.V.Stalin "köhnə üstqurumu", həqiqətən, bir neçə il ərzində məhv etdi. Və həmin "üstqurum"a anti-marrçılıqda ittiham edilən müasir türkologiya elmi, onun lideri  professor Bəkir Çobanzadə də daxil idi.

Əlbəttə, İ.V.Stalin heç zaman Don Kixot ola bilməzdi, ancaq hakimiyyətdə olduğu illərdə çoxlu "ictimai" donkixotlar (staxanovçular)  yetişdirmişdi ki, onlardan biri də (ölümündən sonra!) N.Y.Marr idi... Ancaq nə qədər çalışsa da kommunizm yarada bilmədiyi kimi,  "dil haqqında yeni təlim"i də yarada  bilməyib yalnız onunla kifayətləndi ki,  dilin nə üstqurum, nə də sinfi olmadığını etiraf etsin... Maraqlı bir paradoks idi: İ.V.Stalinin "şəxs"ində  40-cı illərin sonlarına qədər (ölümündən sonra da) N.Y.Marr danışırdı... "Etiraf" da, əslində, onunku idi... İ.V.Stalin vaxtilə "qafqazlı" yerlisi N.Y.Marrı qabağa verib bədbəxt etdiyi kimi indi də başqa bir yerlisi A.S.Çikobavanın "ürəyinə girdi"... Şeytan uzağa getmir... Və hər cəhətdən məlum olur ki, İ.V.Stalinin N.Y.Marr "əleyhinə" əsərlərinin "məsləhətçi"si A.S.Çikobava  olmuşdur. Çünki  xırda qafqazçılıq əhval-ruhiyyəsindən başlamış çox böyük məsələlərin həllinə qədər "mərkəz"də yenə marrçılıq dayanırdı. İ.V.Stalin deyəndə ki, "dünya miqyasında sosializmin  qələbəsindən sonra... hansısa dillərin sıxışdırılması və məhvi,  digərlərinin qələbəsi barədə söhbət belə gedə bilməz",  yenə gəlib çıxırdı marrçılığa...

1930-cu illərin əvvəllərində dünya dilçiliyinin klassikləri rus dilinə  tərcümə olunmağa başlamış, hətta müasir dilçiliyin banisi Ferdinand de Sössürün "Ümumi dilçilik kursu" belə rusca (1933) çıxmışdı. Ancaq bu və ya bu tipli əsərləri dərk etmək imkanlarından məhrum edilmiş  sovet dilçiləri bir də 1950-ci illərin ortalarından - N.Y.Marrdan sonra ən böyük "sovet dilçisi" İ.V.Stalinin ölümü ilə gözlərini açıb dünyaya baxmaq imkanı əldə etdilər. Və 60-cı, 70-ci illərdə bir-birinin ardınca "yeni" sovet ritorik peşmançılıq texnologiyaları ilə o qədər "Dilçiliyə giriş", yaxud "Ümumi dilçilik" dərslikləri yazıldı ki, qısa bir dövrdə  marrçılıq da unutduruldu, anti- marrçılıq da...

Sovet dilçiliyi özünə gəlib az-çox düşüncə sərbəstliyinə nail olana qədər Sovetlər Birliyi dağıldı. Və "sovet dilçiliyi"ndən ancaq Sovetlər Birliyi qədər absurd paradokslar qaldı.

http://edebiyyatqazeti.az/news/muzakire/2947-marrciliqdan-anti-marrciliga

Read 105 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR