Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 03 Yanvar 2019 07:00

Möcüz Şəbüstərinin Divanı Qulam Məhəmmədlinin təşəbbüsü ilə çap olunub

Written by 
Möcüz Şəbüstərinin Divanı Qulam Məhəmmədlinin təşəbbüsü ilə çap olunub google

Təqdim etdi Səməd Bayramzadə

Hər millətin şöhrəti, qüdrəti, cəsurluğu onun cəmiyyətə təqdim etdikləri dahilərin sayı ilə ölçülür. Yunan millətinin mədəniyyəti, istiqlalı və ittifaqının bu günə qədər davam etməsi onun cəmiyyətə verdiyi dahilərin mənsubiyyəti və təfəkküründən asılıdır. Nə qədər ki, Əflatun[1], Ərəstun[2], Epikür[3] və başqa filosofların adı və ideyaları yaşayır, Yunanıstanın da adı daima yaşayacaqdır. Dediyimiz kimi, millətin mədəniyyəti onun dahiləri və ziyalılarının miqdarı ilə ölçülür. Ziyalısız, dahisiz bir millət heç vaxt yaşaya bilməz. Tarixdə məhv olub ortadan getmiş millətlərin içərisində yalnız o millətlərin adına təsadüf edilir ki, öz ağuşunda böyük dahilər, sənətkarlar yetişdirib və tərbiyə edib cəmiyyətə təqdim etmişlər. Döyüş və müharibələr nəticəsində ortaya çıxan dahilər də ortadan gedəcək və onların böyük fəthlərindən də heç bir nişanə qalmayacaqdır. İsgəndərin, Çingizin, Napaleonun fəthlərindən heç bir iz qalmayıb. İsgəndərin övladı bu gün kiçik bir ölkədə tam rəzalət içərisində yaşayırlar və onun fəth etdiyi geniş ölkələrdən bir nişanə qalmayıbdır. Çingizin nəsli isə bu gün qızğın qumlar içərisindəə xarici Monqolustanda mədəniyyətin ən aşağı mərtəbələrində yaşamağa məhkumdurlar.

Böyük sərkərdələrin əməliyyatından insanlıqda yalnız iki hiss yaranıb ki, hər ikisində insaniyyət aləminə nifaq salmaqdan başqa bir şey yoxdur.

Bu sərkərdələrin kosmopolitizm həvəsi nəticəsində bir millət fəxr edir, başqa millət isə nifrət və kin hisslərinə hədəf olub ortadan gedibdir. Lakin ilk fəthlərdən əmələ gəlmiş fəxr və kin alman və fransa millətlərinin içərisində yenə də davam edir və hər bir fürsətdə bir-birinin əleyhinə vuruşmalara girişirlər. Çingiz əbədi olaraq topraq altında qalıb, lakin indi də monqol əsgərlərinin omuzları altında əzilib məhv olan millətlərin nəsli monqol millətinə və Çingizə münasibətdə kin və küdurət bəsləyirlər. Amma elm və ədəbiyyat aləmində meydana gələn dahilər əbədi olaraq öz millətlərinin fəxridirlər. Onlar nəinki bir millətə, eyni zamanda bütün dünya millətlərinə aid olub bəşəriyyət aləminin fəxridirlər. Bəşəriyyət Çingizlə, Teymurla, Hitlerlə və başqa qaniçən sərkərdələrlə heç vaxt fəxr edə bilməz. Lakin ictimai xadimlər, şair və sənətkarlar bəşərin əbədi iftixarıdırlar.

Viktor Hüqo yalnız Fransa üçün və Əbu Əli Sina yalnız İran üçün deyildir. Bunlar bütün millətlərə aid olmaqla bərabər öz millətlərinin də iftixarıdırlar.

Fransa millətini, demək olar ki, Viktor Hüqolar, Jan Jak Russolar əbədi olaraq yaşadırlar.

Azərbaycan milləti də bu əbədi qalan millətlərdən birisidir. Onun ağuşunda tərbiyə olunmuş elm və mədəniyyət dahilərinin ideyaları, yazdıqları əsərlər dünya durduqca duracaqdır və bu milləti əbədi saxlayacaqdır. Azərbaycan milləti içərisində bu günə qədər böyük dahilər yetişib, yenə də yetişməkdədirlər. Nizami Gəncəvi, Füzuli, Saib Təbrizi, Xaqani, Şəms Təbrizi, Qətran Təbrizi və başqaları öz ölməz əsərləri ilə Azərbaycan millətinin yüksəkliyini, şöhrətini dünyaya isbat etmişlər.

Tarixin ən ağır günlərində Azərbaycanın məhəbbətli ağuşunda böyük şairlər və sənətkarlar yetişib öz əsərləri ilə dünyanı heyrətə salmışlar ki, bunlardan birisi də Möcüz Şəbüstəridir. Möcüz Azərbaycanın ən müdhiş günlərində, yəni keçən müharibənin qızğın anlarında Şəbüstər qəsəbəsində vaxtını ana dilimizi, ədəbiyyatı zənginləşdirməyə sərf etmişdir. Öz bədii və canlı şeirləri ilə Azərbaycan dilini düşmənlərin təcavüzündən qorumuşdur. Pəhləvinin despotizmi dövründə yenə də öz ədəbi xidmətinə davam edərək polis və jandarmdan qorxmayıb öz şeirləri ilə ana dilimizin qorunmasına çalışmışdır. Hələ bu günə qədər Möcüzün divanı çap olunmamışdır. Yalnız onun şeirlərini bir qrup dostları və Şəbüstər əhli qoruyub oxuyardılar. Lakin hörmətli dostum cənab Qulam Məhəmmədli bu axır vaxtlarda çox zəhmət və əziyyətlərə düçar olduqdan sonra şairimizin əsərlərinin qorunmasına müvəffəq olub onun divanını nəfis bir şəkildə Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyətinin hesabına çap və nəşr etmişdir ki, dünən onun bir nüsxəsi də mənim əlimə çatdı. Mən cənab Qulam Məhəmmədlinin bu ədəbi xidmətini Azərbaycan xalqı tərəfindən alqışlayıb ona bu ədəbi xidmətlərində müvəffəqiyyətlər arzu edirəm. Möcüz Azərbaycanın ən görkəmli simalarındandır. Əgər şəhrivər hadisəsi[4] baş verməsəydi və cənab Qulam Məhəmmdəlinin təşəbbüsü olmasydı, bu dahinin əsərləri ortadan gedib məhv olacaqdı və buna görə də Azərbaycan xalqının ən parlaq ulduzlarından birisi sönüb ortadan gedəcəkdi.

Möcüzüz divanı əla keyfiyyətli kağız üzərində nəfis bir şəkildə çap olub 250 səhifədən ibarətdir. Bu divanı oxumağı və şairin dərin məzmunlu şeirlərindən istifadə etməyi bütün ədiblərimizə və maraqlananlara tövsiyə etməklə bərabər cənab Qulam Məhəmmədlinin müvəffəqiyyətlərini arzu edirəm.

Novruz

“Azərbaycan” qəzeti (Azərbaycan Demokrat Firqəsinin orqanı), Təbriz, No 69, 3 dekabr 1945-ci il

 


[1]Platon ( təxminən e.ə.428/427 – e.ə. 348/347) - qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın öyrəncisi, Aristotelin müəllimi. Şərqdə ona "Əflatun" deyirlər.

[2]Aristotel (e.ə. 384 – 322) - Qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi.

[3]Epikür (e.ə. təxminən 342 – 270)  - qədim yunan filosofu, erikürçülüyün yaradıcısı. Epikür təliminin məqsədi insanlara xoşbəxtliyin əldə olunması və qorxu hissindən aşma yollarını göstərmək idi. Bunun üçün də o, əfsanələrə inanmamağa və təbiəti dərk etməyə çağırırdı. Beləliklə, Epikürün və onun ardıcıllarının fəlsəfəsi fizikakanonika və etikadan(əxlaqdan) ibarət olmuşdur

[4] 25 avqust 1941-ci ildə Sovet qoşunlarının İrana daxil olması tarixi nəzərdə tutulur.

Read 347 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR