Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 16 Noyabr 2018 07:54

Tolerantlıq, əslində, həm də azərbaycançılıq deməkdir

Written by 
Tolerantlıq, əslində, həm də azərbaycançılıq deməkdir Google

Dünyanın ildə bir dəfə qeyd etdiyi bayramı Azərbaycanda hər gün yaşayırlar

"Azərbaycanda dinlərarası gözəl görüşləri xatırlamaq istərdim. Burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var - hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, mili nizəyə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq...” Bu fikirləri Roma papası Fransisk bu yaxınlarda Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirib...

Bəli, bəşəriyyətin ali dini rəhbərlərindən biri məhz Azərbaycanı dünyaya bir örnək, nümunə kimi göstərir...

Bütün dövrlərdə Azərbaycanda dinlərarası heç bir problem yaşanmayıb. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmiz tarix boyu digər din və mədəniyyətlərə dözümlü münasibətilə seçilib. Bu yanaşma xalqımızın təbiətindən, insanpərvərliyindən və xoş məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxlanılır, respublikada sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərir, insanlar dini ayinlərini sərbəst yerinə yetirirlər.

Bu gün ölkədə 2250 məscid, 14 kilsə, 7 sinaqoq, 835 dini qurum, 748 ziyarətgah fəaliyyət göstərir. Tam əminliklə deyə bilərik ki, dünyada ikinci belə bir məkan yoxdur və bunu təkcə biz yox, illərdir Azərbaycanda yaşayan xalqların, etnik qrupların, dini icmaların nümayəndələri özləri də vurğulayırlar.

Sinaqoqdaydıq, birdən çayın o biri sahilindən azan səsi ucaldı...

"Bir müddət əvvəl Amerikanın "Time” qəzetinin müxbiri Azərbaycana gəlmişdi. Mən onu Qubadakı Qırmızı Qəsəbədə müşayiət etdim. Biz Sinaqoqda olan əsnada çayın digər sahilindəki məsciddən azan səsi yüksəldi. Bu xanım o qədər təəccübləndi ki... Tez çıxdı bayıra və başladı azanın səsini diktofona yazmağa, fotolar çəkməyə. O mənə sual verdi ki, axı bu necə ola bilər: orada müsəlman azanı, burada yəhudi ibadəti?! Dedim, xanım, bu sizin üçün təşkil olunan bir şey deyil, burada hər gün həyat bu cür davam edir...”

Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycanda mövcud olan tolerantlığın əcnəbilər tərəfindən necə təəccüblə qarşılandığını bizə danışır. O deyir ki, tolerantlıq və multikultural mühit elə bir məfhumdur ki, o, sehrli çubuq vasitəsilə yarana bilməz. İnsanların şüurunda, həyat tərzində, qəlbində xalqa, millətə, ölkəyə, əhatəsinə sevgi olmasa, bu mühitdən danışmaq mümkün deyil: "Ulu öndər Heydər Əliyev deyirdi ki, "Tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür”. Məhz Azərbaycan xalqının yüksək mədəniyyətinin təntənəsidir ki, bu gün ölkədə qeyri-islam icmalarının sayı 40-a çatıb. Nəhəng dövlətlərlə müqayisədə Azərbaycan kiçik ölkədir, amma əməlləri böyükdür”.

İcma sədri vurğulayır ki, Azərbaycan 30 ildir şərə düşüb, torpaqları zəbt olunub və bu, milli zəmində yaranan münaqişə səbəbindən olmayıb: "ABŞ-ın Kaliforniya ştatında 1 milyona yaxın sayı olan erməni diasporu yaşayır. Onlar 2015-ci ildə Kaliforniya Senatına qətnamə vermişdilər ki, bu ştat erməni separatçılarını rəsmən tanısın. Mən Los Ancelesə gedib bu qətnaməyə qarşı çıxış etdim. Orada mənə sual verdilər ki, siz azərbaycanlı deyilsiniz, bu necə olur ki, 17 min kilometr uzaqdan gəlib, Azərbaycanı müdafiə edirsiniz? Dedim, bəli, mən azərbaycanlı deyiləm, amma Azərbaycan vətəndaşıyam. İsrail tarixi, Azərbaycan isə doğma vətənimizdir. Siz indi bu qətnamə ilə müharibəni qızışdırırsınız, amma o müharibədə nə siz, nə də sizin övladlarınız vuruşmayacaq. Savaşanlar yenə azərbaycanlılar və Azərbaycanda yaşayan xalqların övladları olacaq. Yəhudi əsilli olsaq da, bizim də şəhidlərimiz, milli qəhrəmanımız var”.

İki ana dilimiz var...

Milix Yevdayevin sözlərinə görə, Azərbaycanda yəhudi xalqının yaşayıb inkişaf etməsi üçün digər dövlətlərdən də yaxşı şərait var: "Sinaqoqa gəlmisiniz və gördünüz ki, qapılarımız taybatay açıqdır, amma Avropada gedib bir sinaqoqa sərbəst şəkildə girə bilməzsən. Hər 10 addımdan bir bu məkanları avtomatlı, silahlı əsgərlər qoruyur. Biz isə bütün dini ayinlərimizi sərbəst yerinə yetiririk. Bu sinaqoqu dövlət tikib bizə hədiyyə verdi, möhtərəm Prezident bizi Yeni il münasibətilə hər dəfə təbrik edir ki, belə bir nümunə heç bir ölkədə yoxdur”.

Azərbaycan xalqının istifadə etdiyi bütün imtiyazlardan onların da sərbəst yararlandığını diqqətə çatdıran həmsöhbətimiz bildirdi ki, əsrlər boyu formalaşan milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən heç nə itirməyib, əksinə zənginləşdiriblər.

Bakıda mühüm küçələrdən biri Milli Qəhrəman Albert Aqarunovun adını daşıyır. Onun şərəfinə xatirə medalı hazırlanıb, hər il adına beynəlxalq karate yarışları keçirilir. Dünyada yaşayan 16 milyona yaxın yəhudidən 30 mini Azərbaycandadır. Qubada yerləşən Qırmızı Qəsəbədə iki min ildir ki, Dağ yəhudiləri kompakt şəkildə yaşayırlar. Hazırda Azərbaycanda 7 sinaqoq var, 1-i isə yeni tikilir və artıq hazır olmaq ərəfəsindədir. 2 yəhudi orta məktəbində başqa fənlərlə yanaşı yəhudi dini adət-ənənələri də öyrədilir, həmçinin 2 uşaq bağçası, bir kollec fəaliyyət göstərir.

Milix Yevdayev söyləyir ki, bayramlarını bütün konfessiyaların nümayəndələri ilə birlikdə qeyd edirlər, uşaqlıqdan ən sevimli bayramları isə Peysax bayramıdır. Səkkiz gün həmin bayramı keçirir, çörək istifadə etmir, əvəzinə duzsuz, odda bişmiş lavaş yeyirlər. Bu bayramın yəhudilər üçün çox böyük tarixi əhəmiyyəti var. Toylarında azərbaycanlı müğənnilər iştirak edir, kabab, plov kimi Azərbaycanın milli xörəkləri süfrəyə verilir. Azərbaycan xalqının xeyrində-şərində həmişə iştirak edirlər: "Bizi Azərbaycandan ayırmaq mümkün deyil. Biz nəinki dostuq, qardaşıq, Azərbaycanın ayrılmaz bir hissəsiyik. Biz dil açandan iki dildə danışırıq, həm Azərbaycan, həm də yəhudi dilində”.

Katolik xristian olaraq Azərbaycanda özümü evimdəki kimi sərbəst hiss edirəm...

"Katolik xristian olaraq özümü Azərbaycanda sərbəst, hətta deyə bilərəm ki, öz evimdəki kimi hiss edirəm” - söyləyən Bakıdakı "Bakirə Müqəddəs Məryəm” katolik kilsəsinin keşişi Jozef ata deyir ki, həm dəstək, həm əməkdaşlıq baxımından, həm də Azərbaycanda katoliklərin yaşaması üçün yaradılan yüksək şəraitdən razıdırlar: "Düşünürəm ki, ötən illərlə, yəni sovet dövründə katolik kilsəsinin söküldüyü zamanla müqayisədə müasir Azərbaycanda xeyli müsbət işlər görülüb. Məsələn, 2002-ci ilin may ayında Papa II İohann Pavelin Azərbaycanı ziyarət etməsini və Prezident Heydər Əliyevlə görüşməsini, hazırda fəaliyyət göstərən kilsənin yerləşdiyi ərazinin ayrılmasını katolik kilsəsinə hörmət və ədalət rəmzi kimi dəyərləndirmək olar. Həmçinin 2002-ci ildə isə Papa Fransiskin yenidən ölkənizə səfəri bu qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaratdı. Müasir, azad Azərbaycanda elə şərait var ki, nəinki katoliklər, digər dinlərin nümayəndələri də öz fəaliyyətlərini rahat yürüdə bilirlər”.

Jozef ata deyir ki, Azərbaycanda olan tolerantlıq mühiti, digər ölkələrə bir nümunədir və müqayisə edəndə görünür ki, o biri ölkələrdə dini tolerantlıq nə səviyyədədir, orada nələr baş verir. Azərbaycanda isə tolerantlıq yüksək səviyyədədir.

Azərbaycanda 1 katolik kilsəsinin olduğunu deyən keşiş qeyd edir ki, Gənclikdə yerləşən Saat məbədində də dini ayinləri yerinə yetirirlər: "Yerli əhaliyə qarşı münasibətə gəlincə, onlarda bir cəhət var ki, mənim çox xoşuma gəlir. Tanrı, sonsuz həyat kimi mövzular ətrafında onlarla sərbəst müzakirə aparmaq olur. Bəzi ölkələrdə bu mövzu tabu kimi qalır, bu barədə danışmırlar. Amma bu vacib mövzu barədə danışılmalı, sirrin açarını tapmaq üçün müzakirə aparılmalıdır. Burada bunu etmək çox rahatdır. Biz hamımız bir Tanrının övladlarıyıq və bir-birimizi anlamaq çətin deyil, çünki hər bir insanın təbiəti eynidir”.

Kiçik bir qəsəbədə 3 kilsə, 2 məscid...

"Bir dəfə İsveçrədən Azərbaycana qonaqlar gəlmişdi. Onlar dedilər ki, bu ölkədə tolerantlıq mühitinin olması ilə bağlı praktiki nümunə göstərə bilərsinizmi? Onları apardım Qəbələnin Nic qəsəbəsində keçirilən həftə bazarına. Dedim ki, görürsünüzmü, burada müsəlman da, yəhudi də, xristian da, ləzgi də, talış da var. Siz onların hansı dinə, millətə xas olduğunu bilmədiniz, amma biz bilirik ki, burada kim hansı millətdəndir. Biz hər zaman onlarla salamlaşır, alış-veriş edir, deyib-gülürük, bir ailəyik...”

Alban-udi dini icmasının sədri Robert Mobili qəzetimizə danışır ki, hazırda balaca bir qəsəbə olan Nicdə 5 ibadət ocağı var: 3 kilsə, 2 məscid. Burada səhər azan, günorta kilsə zənglərinin səsi yüksəlir ki, bunun özü Azərbaycanda tolerantlığın başlıca faktorudur və dünyada belə bir nümunə yoxdur: "Bu gün Azərbaycanda yaşayan xalqlar rəngarəng tolerantlıq nümunəsi kimi dünya tarixinə örnəkdirlər. Burada fərqli xalq, etno mədəniyyət, dini konfessiya nümayəndələri birgə yaşayırlar. Bunun bariz nümunələrindən biri də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Udi xalqı Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşıb. Hazırda isə Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayonunda yaşayırlar. Udilər, həm qədim etnik xalqdır, həm də fərqli dini konfenssiyadır. Alban kilsəsinin dini varisləriyik, müsəlmanların ətrafında əsrlərdir təhlükəsiz yaşayan qədim xristian bir xalqıq. Maraqlı cəhət ondan ibarətdir ki, biz düzənlikdə yaşayırıq. Biri var hansısa ucqar dağlıq bir yerdə məskunlaşırsan, coğrafi mühit onları müdafiə edir, biri də var ki, etnos düzənlik yerdə yaşayır və ona heç bir təhlükə yoxdur”.

Robert Mobili deyir ki, əslində tarix bu faktı qəbul etmir. Çünki düzənlik yerdə yaşayan kiçik xalqlar böyük millətlər içərisində əriməyə məhkumdurlar. Çox zaman Avropa alimləri Azərbaycana gəlib bu təzadın səbəbini öyrənməyə çalışırlar ki, necə olur düzənlik ərazidə bir xalq həm öz etnik milli adət-ənənəsini, həm də müsəlmanların ətrafında xristianlığı saxlayıb. Bu etnosun Azərbaycanda tarixən var olması və bu günə qədər özünü qoruyub saxlamasının əsas səbəbi bir tərəfdən xalqın tolerantlığı, digər tərəfdən Azərbaycanda olan multikultural mühitdir: "Ermənistanla müqayisə edək, orada ancaq erməni kilsəsinə bağlı ermənilər yaşayırlar. Azərbaycanda isə bütün dinlərin təmsilçiləri azad yaşayır, ibadət edirlər. Udilər yüz faiz öz ana dillərini bilir, onlara 5-ci sinfə kimi ana dillərində dərs keçilir, ibadətlərini öz dillərində aparırlar. Bu münbit və zəngin mühiti Azərbaycan dövləti bizim üçün yaradıb”.

Robert Mobili məlumat verdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra udilərin həyatında xeyli müsbət dəyişikliklər olub. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonundakı Kiş məbədi, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədindən biri - Müqəddəs Yelisey adına Çotari kilsəsi bərpa edilib və icmanın istifadəsinə verilib. Bir azərbaycanlı rəssam-memar öz vəsaiti hesabına Nicdə 3 hektar ərazidə qədim Alban din xadiminin həyət evini bərpa etməyə kömək edib və indi bura tarixi etnomədəni muzey kimi fəaliyyət göstərir. Bütün bayramlarını, o cümlədən sovet sistemi dağılandan sonra 20 iyulda keçirdikləri Udi Mədəniyyət Gününü lazımi səviyyədə qeyd edirlər.

Robert Mobili söyləyir ki, bu gün udi mətbəxi də Azərbaycan mətbəxi ilə yanaşı istifadə olunur. Bu qədim xalqın mətbəxində xüsusilə turşunun zəngin resepturası var. İstəyirlər ki, dövlət səviyyəsində Nicdə də turşu bayramı keçirsinlər.

Pravoslavlar Azərbaycandakı tolerantlığı dünyaya nümunə göstərirlər

"Dini həyatın əsası tolerantlıqdır, amma Azərbaycan artıq tolerantlıqdan multikulturalizm səviyyəsinə qalxıb. Bu ölkədə 100-dən çox fərqli xalq yaşayır. Bu reallıq isə həm Konstitusiyada, həm də ümummilli lider Heydər Əliyevin "çoxmillətlilik bizim sərvətimizdir” fikrində öz əksini tapır”.

Bakı və Azərbaycanın Baş Yepiskopu Aleksandr İşenin söyləyir ki, əgər ölkə çoxmillətlidirsə, deməli, çox konfessionaldır. Amma Azərbaycanda digər millətlərin, dinlərin nümayəndələrinə qarşı dözümlülük var: "Məsələn, bununla bağlı belə nümunə gətirmək olar: digər ölkələrdə olduğu kimi, milli məhəllələr, küçələr Azərbaycanda yoxdur. Bizdə bir küçədə, binada müxtəlif millətlər, din nümayəndələri yaşayır. Baxın, Yeni ili, Novruzu, Qurban, Ramazan, Pasxa bayramlarını hamı birlikdə qeyd edir”.

Aleksand İşenin söyləyir ki, inanclı insanlar öz dini qanunlarına görə həyatlarını yaşasınlar deyə, Azərbaycanda hər bir şərait yaradılıb: "Artıq dini fəaliyyətin müəyyən çərçivələrə salındığı və inanclı insanların öz dini tələbatlarını ödəyə bilmədikləri dövrü geridə buraxmışıq. Azərbaycan öz suverenliyini qazanandan sonra Konstitusiyaya əsasən din siyasətdən ayrılıb və inanclı insanlar öz dini ayinlərini yerinə yetirməyə imkan qazanıblar”.

Azərbaycanda çoxlu dostları olduğunu söyləyən yepiskop deyir ki, burada müsəlman, xristian və yəhudi icmaları arasında xoş münasibətlər mövcuddur: "Bu da bir faktdır ki, ölkədə çoxlu sayda qarışıq nikahlar var. Məsələn, ər müsəlman, arvad isə xristian, ya da yəhudi, yaxud da əksinə olan ailələr var. Bu dini fərqlilik onlar arasında heç bir çətinlik yaratmır. Bunun özü Azərbaycana xas cəhətdir və tolerantlıq, multikulturalizmin də mənası elə budur”.

Aleksandr İşenin məlumat verir ki, hazırda Bakıda üç kilsə var - Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral, köhnə Müqəddəs Ana və Bakının mərkəzində yerləşən arxanqel Mixail kilsəsi. Eyni zamanda, Sumqayıtda, Xaçmazda, Gəncədə, Lənkəranda pravoslavların kompakt yaşadığı məkanlarda kilsələr var.

İslam təriqətlərinin nümayəndələri yalnız Azərbaycanda vəhdət namazı qılırlar

"Hacı Əjdərbəy məscidi təmir olunanda Prezident İlham Əliyev dedi ki, bura ittifaq, birlik məscididir və bu doğrudan da belədir” söyləyən Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının üzvü, Hacı Əjdərbəy məscidinin imamı hacı Bəhruz Əzizov məlumat verir ki, Azərbaycanda olan bütün dini təriqətlərin nümayəndələri hər cümə günü bu məscidə gəlib namaz qılırlar: "Görün bu məscid necə böyükdür, amma yenə də gələn insanlara darlıq edir. Burada heç kim düşünmür ki, məzhəbi, təriqəti, inancı nədir. Bütün məzhəb sahibləri eyni bir səfin içərisində durur. Məsələn, bir səfdə olan 200-250 adamdan ən az 20-30 nəfərinin ayrı-ayrı xalqların nümayəndəsi olduğunu görərsiniz. Onların danışıq dilləri fərqli olsa da, inanc yönləri eynidir. Bax, bu tolerantlıq həqiqətini dünyaya Azərbaycan göstərdi”.

Hacı Bəhruz Əzizov söyləyir ki, dünya insanına Azərbaycan qədər açıq olan ikinci ölkə yoxdur. Hələ əsrlər əvvəl dünya ölkələri birləşmək, tolerantlıq mühiti yaratmaq istəyib, amma bu gün də buna nail ola bilməyib. Azərbaycanda isə bu model tarix boyu var olub və bu gün də davam edir. Elə son 10 ildə Azərbaycanda keçirilən beynəlxalq konfransların özü tolerantlıq nümunəsidir. Ən kiçik bir dövlətin nümayəndəsinə, öz ölkəsində o qədər sayılmayan bir quruma belə, Bakı öz qucağını açır: "Tolerantlıq Azərbaycan xalqının əslindədir, kökündədir, genindədir. Azərbaycan Prezidentinin fərmanı ilə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı, ölkəmizdə "Islam Həmrəyliyi ili” elan olundu, İslam Oyunları keçirildi. Bunun sayəsində ölkəmiz müsəlmanları bir yerə yığdı, onların yarışını təşkil etdi və bunun mümkünlüyünü göstərdi. Azərbaycan ona qarşı düşmənçilik edənlərə də həmişə tolerant yanaşır. Məsələn, Bakının mərkəzində ermənilərin dini məbədi, məzarlıqları qorunub saxlanılır, onlara qarşı heç bir hörmətsizlik edilmir, amma bizim işğal olunan torpaqlarımızdakı dini abidələr, məzarlıqlar dağıdılır”.

Qeyd edək ki, Azərbaycanda dini qurumlara dövlət tərəfindən mütəmadi maliyyə yardımı göstərilir. Yalnız elə bu il Prezidentin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna və Dağ yəhudiləri dini icmasına 250 min, Avropa yəhudilərinin Bakı dini icmasına, Azərbaycanda Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna və Alban-udi Xristian dini icmasına 100 min manat ayrılıb.

Azərbaycan tolerantlıq nümunəsi kimi bütün dünya ölkələrinə örnək göstərir. Tolerantlıq Azərbaycan xalqının tarixindən, keçmişindən süzülərək bu günə gələn milli-mənəvi dəyərləri arasında ən başlıca yeri tutur. Bu xalq fədakar, vəfalı, qonaqpərvər və ən əsası dözümlüdür. Bütün bu bəşəri xüsusiyyətlər isə onun genetik kodudur və heç bir kənar müdaxilə, təsirlər ilə yadlaşa, özgələşə, başqalaşa bilməz...

Bu gün tolerantlıq günüdür...
Demək, həm də azərbaycançılıq günüdür...

Yasəmən MUSAYEVA,
Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”
Read 51 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR