Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 05 Sentyabr 2018 06:37

Savalanın ətəyində bir neçə gün (III)

Written by 

Zahir Məlikli

Səreyn – “diri şəhər”

Bu evdə hamı namaz qılır. Hətta Səhrzadın 7 və 10-cu sinifdə oxuyan oğlanları da. Sədaqətlə Allahlarına inanırlar. Bu ailənin ruzisi halalın da halalından çıxır. Şəhrzad çox imkanlı adam deyil, uzaq yollar sürücüsüdür. Mən uzaq səfərdə onunla olduğum zaman, onun necə əziyyətli olduğu qədər də məsuliyyətli və səbr tələb edən bir işin sahibi olduğunun şahidi olmuşam.
İndi İran əvvəlki İran deyil, qardaşın da qardaşdan ehtiyat etdiyi zamanlar hiss olunmur. Mən qorxmadan hər bir kəsin mövqeyini ortaya qoymasının şahidi oldum, hətta o qədər açıq şəkildə ki, özüm ehtiyatlanmağa başladımə Bəlkə bunlar məndən söz almaq üçün xüsusi adamların işidir. Sonra gördüm ki, yox, xüsusilə son inflyasiya insanları incidib, əksəriyyəti tacirlərdən ibarət olan böyük bir zümrəni narazı salıb. Şəhrzad isə bunun xarici dövlətlərin ölkəsini sıxması ilə əsaslandırmaqla, qonşu dövlətlərdə baş verənlərin İrana sızmasından ehtiyatlanır və insanların bir az dözümlü olmasının tərəfdarıdır. O, ölkənin dini liderinə inanır və İranın bu vəziyyətinə biganə olmayacağına əmin olduğunu bildirir.
Gec yatmağımıza baxmayaraq sübh namazına dururuq. Üstümüzə qalın yorğan örtərək, bu cür saf havada və sərin bir yerdə qısa müddətli bir yuxunun ləzzətini təsəvvür edin. Dünənki günün yorğunluğundan və baş ağrısından əsər əlamət yoxdur. Mən isə elə bilirdim ki, elə həminki başağrısı ilə duracağam, çünki bura dəniz səviyyəsindən 2500 metrdən də çox yüksəklikdədir, təzyiqimin yüksələcəyindən ehtiyatlanıram. Amma başım ağrımır və cəmi 3 saat yatmağıma baxmayaraq sanki bütün gecəni yatmışam. Buranın havasının təmizliyini sözlə ifadə etmək çətindir.

“Namazı qılaq, səni “Gamış gölü”nə aparacam” 

“Zahir müəllim, namazı qılaq, səni “Gamış gölü”nə aparacam” deyə Şəhrzad Allahı ilə üz-üzə dayanır. Mən namaza başladığımdan “Gamış gölü”nün nə olduğunu soruşa bilmirəm.

Məndən sonra başlasa da, o namazını tez bitirir və qonşu otağa keçib deyəsn, gecədən hazırladığı və ya həmişə hazır olan idman çantası ilə geri qayıdır. Mən namazı bitirərək, “qardaş, sən namazı neçənci “skorostla” qıldın” deyə onunla zarafat edirəm. O gülümsünür, “müəllim, mən daim yollardayam, yeməyi də, namazı da qısa edirəm” deyə çantadan mənə aid olanları ayırıb yan gözə qoyur, “bax bunlar sənindir”.
Biz Şəhrzadın həyətdə saxladığı “Pejo”suna əyləşirik. Maşının çölü kimi içərisi də çox səliqəli və təzədir. Adətən İran maşınlarının əksəriyyət əzik və səliqəsiz olur. Burada maşınları bizə nizbətən qaydasız sürülür. Dostumun maşını isə 2009-cu il buraxılışı olsa da, zavoddan yeni gələnə oxşayır.
Həyətdən çıxırıq. Şəhrzadın əsil idmançılara məxsus çox qıvraq davranışları var. Amma evdən çıxmamış bir neçə həb qəbul etdiyini görəndə və böyrəklərinə görə bu dərmanlara ömürlük möhtac olduğunu deyəndə pərt olmuşdum. İnsanlara təkcə baxmaqla içərilərində nə dərd gəzdirdiklərini müəyyən etmək çətindir və nə yaxşı ki, belədir.
Elə həyətdən çıxan kimi Savalanla üz-üzə dayanırsan. Sanki kənarda uca boylu buir adam yuxarıdan sənəı baxır, yəni bu qədər yaxın. Arada heç binalar da yoxdur, Savalan və sən, alatoranda nə qədər danışırsan danış. Yardımlının Arvana təpələrindən bircə zirvəsini görmək ümidi ilə əllərini gözlərinin üstünə tutub gözlərini qıyaraq günbatanda axtardığın Savalan qarsız vücudu ilə elə ayağının altından başlayır.
Hələ hava tam işıqlanmayıb, yaxınlıqdakı binalar gecənin ağuşunda sakit-sakit uyuyurlar. Biz irəli gedirik, qabaqdan sola dönən kimi vəziyyət dəyişir. Məhəllədən fərqli olaraq şəhər işıqlı və oyaqdır. Düzdür, gecəki izdiham olmasa da bütün dükanlar açıqdır. Maşınlar və insanlar hərəkətdədirlər. Şəhrzad deyir ki, bu şəhərə “diri şəhər” deyirlər, çünki bu şəhər daim canlıdır, dükan-bazar səhərə qədər açıq olur, isti sular çıxan mənbələr üzərində qurulmuş müalicə obyektləri yalnız gündə üç dəfə, o da xüsusi qurumun suyun tərkibini müəyyənləşdirməsi üçün nümunə götürməkdən ötəri qısa bir müddətə bağlanır. O da giriş dayandırılır, içəridəkilər bayıra çıxarılmır.

Biz şəhərin içərisində bir yerdə dayanırıq. Hələ də hava tam işıqlaşmayıb. Təqribən saat 5-30 olar. Şəhrzad kənardan baxıb deyir ki, “Gamış gölü”nə hələ buraxmırlar, açılmayıb. Onun dediyinə görə, bura iki növbədə bütün gün ərzində işləyir, günün yarısı kişilər üçün, yarısı isə qadınlar üçün. Yalnız gecə yarısı 2 saatlıq bağlanır, sanitariya işlərinə görə. Buranı “Gamış gölü” ona görə adlandırılıb ki, vaxtilə burda yerdən çıxan isti sular ətrafda bataqlıq əmələ gətirib və qışda da camışlar bura gələrək özləri üçün kef ediblər.

1949-cu ildə bura ayaq basan rus qoşunları Səreyn yaxınlığında dislokasiya ediblər. Qoşunun komandanı olan general yalnız özünün çimməsi üçün isti bulaqlardan birini daş hasarla əhatələtdirib və bununla da ilk dəfə termal sulardan insanların yuyunması üçün istifadəsi başlayıb. Sonralar bura “Jenral (“general”) suyu” adı ilə adlandırılıb. Ümumiyyətlə, Səreyndə əsas 9 isti su çıxan mənbə olub. Birinci, “Yol suyu” adlandırılıb. “Yol suyu”nda paltar, yun yuyarmışlar. Uşaqlar da üst-başların batıranda anaları aparıb onların həm də üst-başların çıxardıb yuyarmışlar. Kənd camaatı apardıqları pal-paltar, xalça-palaz çox olanda at-eşşək arabalarına yükləyib qayıdarmışlar. Çünki Səreyn kəndi aşağıda haqqında söhbət açacağımız Anahita təpəsinin ətrafında yerləşib. İndi şəhər salınan su mənbələri isə aşağıda, vadidə çıxırmış. “Yol suyu”ndan aşağıda iki su da olub. Birinə “Qəfə suyu”, digərinə “Göz suyu” deyiblər. “Qəfə suyu” ona görə deyilib ki, üstündə qəhvəxana var imiş, “Göz suyu” isə ona görə adlandırılıb ki, hələ Rza şah dövründə Fransadan şahın dəvət etdiyi mütəxəssislər gələrək bu suları tədqiq ediblər və bu suyun gözə dərman olduğunu müəyyənləşdiriblər. Doğrudan da, gözündə problem olan insanlar bura gələrək gözlərini bu su ilə yuyan kimi xəstəlikləri keçib-gedirmiş. Bu sulardan 100 metr aşağı “Jenral (“general”) suyu”dur ki, yuxarıda söhbət açdıq. Bu su ilə üzbəüz “beş bacılar” və ya dərənin içində olduğuna görə “dərələr suyu” adlandırılan sular olub. Bu sulardan da aşağı suların başı “Gamış gölü”dür. Bu bulaqdan bu dəqiqə də hər saniyədə 80 litr su çıxır. Bu mənbə su çıxımına görə dünyada nadir mənbələrdən biridir. Bu mənbədən başqa da digər bulağa “Peyinli su” deyilib ki, bu suda da həmişə qoyun yuyarmışlar, peyin iyi verdiyinə görə adı da belə qalıb. Digər iki bulaqdan çıxan sulardan birinə “Qara su” deyilib. Yerdən qara rəngdə çıxırmış, əsəbləri sakitləşdirdiyinə görə “Əshab suyu” da deyilir. Onun da yanında “Sarı su” adlandırılan mənbə olub. Rəngi sarıya çaldığına görə belə adlandırılıb. Yəni Səreynin əsl orijinal suları bu mənbələrdir. İndi ki, çoxlu Hotellər və su müalicə müəssisələri tikilib, bunların bəziləri bu su mənbələrinin üstündə tikilib, bəzilərinə isə əsasən “Gamış göl”dən su çəkilib.
Gölə buraxılışın nə vaxt olacağını öyrənmək üçün gedən Şəhrzad qayıdıb deyir ki, suyun tərkibini və şəraiti yoxlamağa gələn məmurlar narazı qalıblar və içəridə səliqə-sahman işləri getdiyi üçün yarım saat da buraxılış olmayacaq. Biz maşına əyləşirik və dostum maşınla şəhər ətrafına çıxıb kənardan şəhərlə məni tanış edir. Yol boyu yerdən çıxan qaynar su mənbələrini və onların üzərində tikilmiş tikililəri və hotelləri göstərir. Hotellər hamısı 3-4 ulduzludurlar. Hoteldə dincələnlərin isti sulara girmək üçün uzağa getmələrinə ehtiyac yoxdur. Hotelin aşağı mərtəbəsində hər cür şəraiti olan hovuzlar vardır. Burada qadınlar üçün ayrı şərait yaradılıb. Kişilərin hovuzları ilə, qadınların hovuzları ayrıdır. Hotellərdə də xidmət sanitar saatları çıxmaq şərti ilə bütün gün ərzindədir. Və bir də buraya giriş sərbəstdir, yəni hotellərdə yaşamayanlar da müalicə mərkəzindən istifadə edə bilərlər. Şəhəri ətraf təpələrə çıxmaqla kənardan müşahidə etmək mümkündür. Təqribən bizim Sumqayıt boyda olar. Hər yerdə tikinti işləri, yeni su-müalicə kimpleksləri və hotellər tikilir. Varlı adamlar üçün villa komplekslərinə ayrıca yerlər ayrılıb. Əlbəttə fərdi şəkildə pulundan asılı olaraq istənilən yerdə tikinti aparmaq olar. Bütün torpaqlar yerli səreynlilərin olub. Onlardan və ya sonradan mülkiyyət sahibi olanlardan asan qaydalarla daşınmaz əmlak almaq mümkündür. Ümumiyyətlə, İranda mülkiyyət hüququ ciddi şəkildə toxunulmazdır. Siyasi baxışlara və digər əməllərə görə mülkiyyətə əl qoymaq məsələsi ümumiyyətlə heç kimin ağlına belə gəlmir. İrs məsələsi dövlət tərəfindən qorunur. Üç qardaş arasında irsi bölmək məsələsində razılığa gəlməmələrinin hesabına, nəhəng bir hotelin illərlə bağlı qalmasının şahidi oldum. Yaxud bacılarla qardaşların ana mirasını bölmələri üçün öz aralarında razılığa gəlməmələri hesabına milyardlarla tümən gəlir gətirə bilən bir ərazi illərdir boş qalıb. Sadəcə olaraq ananın bir razılıq kağızının olmaması hesabına böyük pullar ailənin büdcəsindən gedir. Yəni zor, qolu güclülük, başqasının haqqına girmək problemi demək olar ki, yoxdur.
Biz geri qayıdırıq. Şəhrzad deyir ki, sulara girmək üçün ən sərfəli vaxt bu vaxtlar, səhər tezdəndir. Özünün dediyi kimi bu vaxtlar şuluq(yəni sakitçilik) olmur. Artıq içəri buraxırlar. İnsanlar tək-tək içəri keçirlər. Adamın biri 60 tüməndir, yəni bizim pulla 1 manat. Buranın üstünlüyü təkcə ucuz olduğunda deyil, özəllik buranın üstünün açıq olmasındadır. İçəri girən kimi ayaqqabılarını təhvil verib xüsusi etiket alırsan, etiket qola bağlanır, üstündə olan nömrə ilə içəridəki saxlanma kamerasındakı etiketində göstərilmiş kameraya yaxınlaşırsan və etiketi kameranın üstündəki xüsusi yerə yaxınlaşdırmaqla qapını açıb paltarlarını dəyişdikdən sonra çantanı ora qoyursan. Özünlə yalnız içəridə istifadə edəcəyin sabun və başyuyan mayeni və ayaqqabını təhvil verdiyin yerdə sənə təqdim olunmuş çəkələkləri götürürsən. Xüsusi dərmanlanmış sudan keçdikdən sonra, çəkələkləri orada qoyub ayaqyalın şəkildə yalnız ətrafı tikilmiş hovuz olan binaya daxil olursan. Divar boyu duşlardan daim təzyiqlə vuran suda yuyunub təmizlənməmiş hovuza girməyə heç kimin ixtiyarı yoxdur. Buna içəridəki xidmətçilər xüsusi olaraq fikir verirlər. İçəridə doğrudan da adam azdır. Şəhrzad deyir ki, uzağı bir-iki saatdan sonra buralar çox şuluq olacaq. Hovuzdan buxar qalxır. İçəri girmək üçün uyğunlaşmaqdan ötəri kənarda xüsusi su zolağı var, əvvəlcə ora girib zolaq boyu gəzişirsən. Sonra böyük hovuza girmək olar. İçəri pillələrlə düşürsən.Əsas hissə mənim çiyinlərim bərabəri dərinliyindədir. Su qaynardır, amma bir az qalandan sonra öyrəşmək olur. Hovuzun ortasında su bir neçə yerdən qaynayıb daşdanır. Şəhrzad deyir ki, bir dəfə xoşbəxtlikdən adam olmayanda suyun qaynadığı yer açılıb və ətrafda nə varsa təkinə çəkib. Bu sözdən qorxuram, mənbəyə yaxınlaşdıqca həyəcanlanıram, ayağımın altı, yəni hovuzun dibi bütövlükdə çınqıldır, elə bilirəm, sürətlə qaynayıb daşdanan su ya fontan vuracaq, ya da deşilib hamını içəri çəkəcək. Amma su öz 4-5 yerdə öz ahəngi ilə üstündə dayanan insanları yuxarı qaldırmaqda davam edir. Hovuzun kənarında bir tikili diuqqətimi cəlb edir. Şəhrzad deyir ki, əsas və ən gur mənbə ordadır, o su da bu hovuza buraxılanda, mümükün olmur, su hovuzun üstündən daşdanıb problemlər yaradır. Ona görə onun dediyi kimi ifadə etsək, həmin mənbəni “boğub” digər hotellərə aparıblar. Hovuzda su daim yenilənir, yəni girdiyimiz su yenidir, durğun deyil, buna baxmayaraq sanitar nöqteyi nəzərindən xüsusi idarə suyun təmizliyinə nəızarət edib, vaxtlı-vaxtında nümunələri labaratoriyalarda yoxlayır.
Hovuzun üstü açıqdır. Səhər açıldıqca buxarı soran bacadan qalxan tünd buxar yavaş-yavaş görünməz olur. Hovuzun içində qaynayan sulardan qalxan buxar isə hələ də insanları həmin hissədə ağuşuna alıb. Mənbənin üstündə dayananda səni yuxarı qaldran suyun hansı hikkə ilə yerdən buraxıldığının şahidi olursan. Bu həm xoş gəlir, həm də möcüzəli görsənir. Açıq səma altında belə bir su keyfi həddən artıq yaxşı təsir edir. Sudan çıxıb dincəlmək üçün hovuzun kənarında oturan insanlar bu suların möcüzələrindən, hansı sağalmaz xəstəliklərdən şəfa tapdıqlarından bir-birlərinə ağızdolusu danışırlar.
İnsanların çoxaldığını gördükdə getmək qərarına gəlirik. Sudan çıxıb divardibi cərgə ilə aravermədən duşlardan axan suda şampunlanıb yenidən qapının ağzındakı çəkələklərdən geyinir, xüsusi su zolağından keçərək saxlanma kamerasına yaxınlaşırıq. Qolumuzdakı etiketi qapıya yaxınlaşdıran kimi qapılar açılır, qurulanıb paltarımızı geyinərək birinci salona daxil oluruq. Burada Savalanda bitən cürbəcür otlardan şərbətlər təklif olunur, çox dadlıdırlar, xüsusilə çöl reyhanının toxumları ilə dolu içki çox gözəldir. Buradan çıxandan sonra insan özünü necə də rahat və yüngül hiss edir.
Bayıra çıxıb maşına əyləşirik. Şəhrzad mənə şəhərdəki əsas, yəni içəridən çıxan 9 termal su mənbələrinin yerləşdiyi hotelləri və binaları göstərir. Bunlar “Gamış gölü”ndən fərqli olaraq hamısı qapalı yerlərdir. Sonrakı gəzintilərdə gördüm ki, bu mənbələr təkcə Səreyn şəhərində deyil, Savalan ətrafı bütün ərazilərdə vardır. Geoloqların fikrincə,  vulkanik mənşəli olan Savalanın dibindəki ocaq sönməyib, fəaliyyətdədir. Elə ona görə də Savalanın özəyində baş verən proseslər nəticəsində qaynar sular hər yerdən baş qaldırıb həm də insanlara şəfa verir. Həsrətlə Yardımlıdan baxdığımız Savalan həm də bərəkət dağı, ən böyük təbibdir.

“Gəl, bir Zərdüşt peyğəmbərin qızı Anahita təpəsini də gedək”

Səhər yeməyinə evə getməyi qərara alırıq, bunun səbəbi həm də paltarlarımızı dəyişib digər bir ustadla görüşə getməyimizdir. Maşın Şəhrzadgilin məhəlləsinə çatmağa az qalmış, o “gəl bir Anahita təpəsinə də gedək” deyə sükanı sağa döndərir. Bura mənim nəzərimdə adi bir təpədir. Təpənin ətrafında da turistlər çadırlarını salıblar. Və davranışlarından bilinir ki, səhər olduğuna görə yığışıb getməyə hazırlaşırlar. 60-70 pillə qalxıb təpənin başına yetişirik. Təpənin ortasında təndir kimi bir oyuq var. Kənarda isə üstü örtülü antik formada bir alaçıq tikilib. İçərisində daşdan masa və ətrafında da daşdan yonulmuş stullar var. Hiss olunur ki, bunlar müasir vaxtlarda düzəldilib. Şəhrzad deyir ki, təpə əvvəlcə çox böyük olub, amma torpağı yanmış olduğundan insanlar ətrafını evlərində tikinti materialı kimi istifadə etmək üçün daşıyıblar. Yalnız dövlət işə qarışdıqdan sonra bura qoruq elan edilib və torpağın daşınması dayandırılıb, yerində də gördüyümüz bu təpə qalıb. Təpə Zərdüşt peyğəmbərin qızı Anahitanın atəşpərəstlik məbədi olub. Təpənin başındakı təndirdə daim alov qorunub saxlanılıb. Təqribən 3000 il bundan əvvəl Zərdüşt Anahitanın anası Doğdu ilə Səreyində yaşayıb. Zərdüşt tarixçilərin yazdığına görə 15 il Savalanın zirvəsindəki Mehrab daşının qabağında ibadət edib. Burada ona göydən vəhy gəlirmiş. Ona görə Savalanın adı bəlkə də burdan qaynaqlanıb. Vaxtilə Savalana Sav dağı da (Sav-vəhy) deyilib. Sonra Zərdüşt Savalanın ətəyindəki Qara məbəddə ibadətini davam etdirib. O məbədin təməli bu gün də Qara məscid adlanaraq qalır.
Dostumun Səreynin ən yaxşı qaymağı və ən yaxşı balını almaqdan ötrü bir xeyli maşın sürməsindən sonra əldə etdiyimiz nemətlərdən səhər yeməyi yemək üçün evə yollanırıq. Mənim fikrim isə Anahitanın, 3000 il buralarda nələrin baş verməsinin yanında qalıb.

 

http://ilkxeber.org/?p=23307

 

Read 105 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR