Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 31 Avqust 2018 08:47

Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili

Written by 
Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili https://www.google.ru

Firdovsiyyə ƏHMƏDOVA 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Tarix kafedrasının müdiri, Əməkdar müəllim

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 
Rusiya imperiyasının tərkibində olan Qafqaz regionunun Böyük Britaniya siyasətinin planlarında yer tutması Birinci Dünya müharibəsi dövründə daha aktual məzmun daşımağa başladı. Böyük Britaniya üçün ənənəvi xarici siyasət kursu dövlət mənafeyi çərçivəsində həssas məqsədyönlü mövqe nümayiş etdirmək olmuşdur. Monarxiya rejimi devrildikdən sonra Rusiyaya olan münasibət imperiyalararası mübarizə səviyyəsindən yeni müstəviyə keçmişdir. Rusiyada siyasi-iqtisadi mahiyyətli yeni quruluşun yaradılması və bu sistemin mövcud siyasi rejimlər tərəfindən qeyri-məqbul bilinməsi müharibənin son mərhələsi üçün beynəlxalq münasibətlərə yeni məzmun verdi. Antanta blokunda müttəfiqlər arasında köklü parçalanma baş verdi. Sovet Rusiyasının müharibədən çıxması, Böyük Britaniya və Fransanın sovet hakimiyyətinə kəskin reaksiyası nəticəsiz qalmadı. 1917-ci il dekabrın 23-də Böyük Britaniya ilə Fransa arasında bağlanmış məxfi konvensiyaya görə, keçmiş Rusiya imperiyası ərazisində müttəfiqlər ərazi bölgüsü aparmış, Qafqaz da ingilis nüfuz sahəsinə aid edilmişdi.
Azərbaycan Cümhuriyyətinin Böyük Britaniya ilə münasibətlərinin yaranmasından xeyli əvvəl Qafqaz, xüsusən Bakı ingilis siyasətində önəmli yer tutmuşdur. Geostrateji, geoiqtisadi səciyyəsi ilə Cənubi Qafqazın əhəmiyyəti ingilis sənədlərində ətraflı təsbit olunmuşdur [7]. Təbii yolları, dəmir yolları, Xəzər hövzəsi Avropanı Asiyaya qovuşdurmağı həm ticari, həm də hərbi baxımdan təmin edə bilərdi. Digər bir mühüm amil isə Bakının zəngin neft ehtiyatları idi. Belə bir bölgənin Rusiya üçün əhəmiyyəti hədsiz idi. Bakı neftindən məhrum olardısa, Rusiyanın iqtisadiyyatı iflic vəziyyətinə düşə bilərdi. Bu prinsipial məsələni İ.Stalin daha açıq ifadə etmişdi: “Qafqazın inqilab üçün mühüm əhəmiyyəti onun yalnız xammal, yanacaq, ərzaq mənbəyi olması ilə deyil, həm də Avropa və Asiya, xüsusilə Rusiya və Türkiyə arasındakı mövqeyi, mühüm iqtisadi və strateji yollara (Batum-Bakı, Batum-Təbriz, Batum-Təbriz-Ərzurum) malik olması ilə müəyyən edilir... Qafqazda, nəhayət, kim möhkəmlənəcək, kim neftdən və Asiyanın dərinliyinə aparan ən mühüm yollardan istifadə edəcək, inqilab, yoxsa Antanta - bütün məsələ bundadır” [15, s.408]. Sovet Rusiyası ilə keçmiş müttəfiqlər arasında mübarizənin sırf geostrateji marağa söykənən mahiyyətdə etirafı, təbii ki, tərəflərin geniş rəsmi bəyanatları formasında deyil, əsasən ideoloji məzmunda həyata keçirilirdi. “Dünya zəhmətkeşlərinin hakimiyyətini bərqərar etmək” prinsipi artıq Rusiya inqilabının coğrafiyasını dövlət sərhədlərinin fövqündə görürdü. Bu baxımdan polkovnik Keyesin “bolşevik inqilabı Rusiyanın daxili işi deyildir. “Bütün ölkələrin proletarları birləşin” onların şüarıdır və Müəssislər Məclisini qovduqları andan (bolşeviklər - F.Ə.) əsas məqsədlərinin dünyanın bütün ölkələrində inqilab etmək olduğunu gizlətmədilər” fikri [7, А-165, v.21] səciyyəvidir. 1921-ci il avqustun 10-da “Bolşevizm və Rusiyanın cənubunda antibolşevik qüvvələrə Böyük Britaniyanın köməyi” mövzusunda oxuduğu mühazirədə Keyes Böyük Britaniyanın “Rusiyanın daxili işlərinə qarışmaq” “zəruriliyini” əsaslandırmaq vəzifəsindən çıxış edirdi [7, А-165, v.21].
Azərbaycan Cümhuriyyətinin yarandığı ərəfədə və mövcud olduğu dövrdə Böyük Britaniya amilini Rusiyanın və Böyük Britaniyanın Şərq - “Asiya siyasəti” kontekstində araşdırmaq lazımdır. Sovet Rusiyasının Şərq siyasətinə nəinki önəm verməsi, hətta “Şərq siyasətini rəsmi olaraq qəbul etməsi” Böyük Britaniyanın xarici siyasətində Şərqə olan ənənəvi həssaslıq ilə sıx bağlı idi: Rusiyanın mövqeyi ingilis mütəfəkkiri Bertran Rasselin təhlilində sırf siyasi məzmun daşıyır: “Rusiya hökuməti Asiya siyasətini eyni vaxtda, həm Britaniya imperiyasına qarşı çıxmaq, həm də Britaniya hökumətini sülhə yönəltmək /vadar etmək/ vasitəsi kimi qəbul etdi” [10, s.64].  Bolşevizmi  bütün dünya və xüsusən də Hindistan (ingilislər - F.Ə.) üçün böyük təhlükə hesab edən [13, с.2; REA ŞİA, А-165, v.21] Britaniya həm də türk-alman qoşunlarının irəliləməsindən, türk ordusunun İran, Qafqaz və Türküstan istiqamətində həmləsindən bərk ehtiyat edirdi. Rusiya ixracatının dayandığı bir vaxtda Şərqdə, o cümlədən İranda ticarəti tamamilə öz əlində saxlamaq istəyirdi. Bundan əlavə, nəzərdə tutulurdu ki, İranda Britaniyapərəst hökuməti dəstəkləyə bilmək üçün əhali arasında ingilislərə rəğbət yaradılsın, əks-təqdirdə antiingilis əhvallı əhali Britaniyapərəst hökuməti asanlıqla devirə bilərdi [7, А-35, v.4]. 
İran ərazisindən rus qoşunlarının çıxarılması prosesi də Britaniyanın xarici siyasətində diqqət mərkəzində olmuşdur. Rus qoşunları barədə müfəssəl məlumata malik ingilis kəşfiyyatı hələ 1917-ci ilin sonunda L.Biçeraxovun 1.070 nəfərlik sayda göstərilən hərbi hissəsinə xüsusi əhəmiyyət vermişdi. Qafqaza göndərilmək üçün ingilis hərbi hissəsinin təşkili məsələsi hələlik İrandakı rus hərbçilərindən istifadəni ehtiyat variantı kimi saxlayırdı.
Cənubi Qafqaz komissarlığının yaradılması prosesində ABŞ və Fransa nümayəndələri ilə yanaşı ingilis nümayəndəsi də iştirak etmişdi [16, s.35]. İngiltərə, Fransa, İtaliya hökumətlərinin mövqeyindən fərqli olaraq ABŞ hökuməti “Rusiyadakı hadisələr aydınlaşmayınca Transqafqaz hökumətini tanımaq” istəmədi [4, s.35]. Böyük Britaniya hökuməti nəzərdə tutulan Qafqaz federasiyası ilə bağlı geniş strateji plan düşünmüşdü. Britaniyanın İran körfəzində siyasi rezidenti 1917-ci il 23 dekabr məlumatında bildirirdi ki, Böyük Britaniya hökuməti ehtimal olunan Qafqaz Federasiyasını bütünlüklə dəstəkləməyi qərara almışdır [7, А-35, N115, v.61].  Məsələnin siyasi və maliyyə tərəfi müzakirə olunurdu. Birinci və ən əsas problem kimi gürcülərin, azərbaycanlıların, ermənilərin və dağlıların qəbul etdikləri mərkəzləşdirilmiş rəhbərlik yaratmaq nəzərdə tutulmuşdu. Belə bir quruma Britaniyanın yardımı bir sıra vəzifələrlə şərtlənirdi: alman təbliğatı ilə mübarizə, ərzaq paylaşdırılması, Qafqazın müəyyən mallarla təchizatı, Bakı neftinə sahib olmaq. Bu missiyanı həyata keçirmək üçün isə Qafqazda 1000 nəfərədək hərbi dəstənin kifayət edəcəyi güman edilirdi. Üstəlik Qafqaz xalqlarının siyasi-psixoloji oriyentasiyası da diqqətə alınırdı: azərbaycanlılar da daxil olmaqla Mesopotamiya və Hindistan müsəlmanlarının Türkiyə və İranda almanmeyilli qüvvələrə qarşı çıxmasına nail olmaq. Bu siyasəti reallaşdırmaqla azərbaycanlılarla ermənilər arasında barışığın mümkünlüyü də istisna edilmirdi. Qeyd edək ki, azərbaycanlı-erməni problemini ingilislər bölgədə rastlaşacaqları ən çətin problem hesab edirdilər [7, А-35, N115, v.61]. İngilislər zəncirvari plan bağlantısında Qafqaz müsəlmanlarının seçimi, Azərbaycan əyalətlərini Qafqaz federasiyasına qoşulmaq və İrandan üz döndərməsi ehtimalı ilə İran məsələsini həll etmək istəyirdilər. Bu məqsədlə hərbi və maliyyə yardımı zəruri bilinirdi. 
Qafqaz federasiyasına yardım vədi planda nəzərdə tutulan xalqlararası barışıq əvəzinə, təfriqəyə səbəb oldu. Belə ki, Britaniya hökumətindən yardım almaq üçün Tehrana göndərilən Cənubi Qafqaz nümayəndə heyətinə maliyyə yardımı vəd edilmiş və sərhədlərin Antanta düşmənlərindən müdafiəsinə səy göstəriləcəyi bildirilmişdi. Qafqaz cəbhəsində “erməni və başqa qoşunlara” yardım haqqında danışıqlarda işlədilən erməni sözü cəbhənin bütün qoşunlarını ehtiva etsə də, ermənilər ingilislərin vədini düzgün ifadə etməmiş, özlərini öyərək, ingilislərin Cənubi Qafqazın bütün xalqlarına deyil, yalnız onlar üçün yardım nəzərdə tutduğunu təbliğ etmişdilər. Nəticə sonrakı proseslərə zərərli təsirlə müşayiət olundu. Bütün səylərinə baxmayaraq Qafqazdakı Britaniya rəsmiləri gürcülərdə və azərbaycanlılarda formalaşmış “yanlış rəyi” tamam aradan qaldırmağa nail ola bilmədilər [7, Q-E 8378/8378/56].
Azərbaycan, Qafqaz ingilis nüfuzuna aid edilsə və Qafqazdakı “milli-azadlıq hərəkatına” yardım edilməsi nəzərdə tutulsa da, ingilislər bəhs edilən əraziyə qoşun çıxarmağa ehtiyat edir, “islam dövlətinə qarşı açıq təcavüz” kimi qiymətləndiriləcəyindən narahatlıq keçirirdilər [7, А-35, N127, v.67]. Üstəlik “Mesopotamiyadan Bakıya qədər ərazilərin coğrafi şəraitinə hələ yaxşı bələd deyildilər” [5]. Elə bu baxımdan diplomatik və iqtisadi xidmət göstərənlərdən əlavə, Britaniya xüsusi xidmət işçiləri bölgədə müvafiq missiya yerinə yetirirdi [16, s.41]. Şərq üzrə ixtisaslaşmış Mak-Donell, Stoks, Qoldemit, Noel, Payk, Klaterbek, Ueyn və başqalarının fəaliyyəti Britaniya hökumətinin Şərq, Qafqaz siyasətini formalaşdırmağa xidmət edirdi.
Britaniya kəşfiyyatçılarının önəm verdiyi və hökumətə tövsiyə etdikləri məsələ müsəlman əhalisinin əhval-ruhiyyəsini nəzərə almaq olmuşdur. Bu məsələlərin əhəmiyyətsiz sayılmasını Hindistan və Mesopotamiyada Britaniyanın yeritdiyi siyasətlə uyğun gəlmədiyini qeyd edirdilər. “Hindistanı daima Britaniya imperiyasının Axilles dabanı hesab edən” bolşeviklərin psi-xoloji silahdan qeyri-adi məharətlə istifadə edəcəklərindən ingilislər Şərqdə özləri üçün təhlükə görürdülər. Onlar Britaniya nüfuzuna daxil edilən Qafqazla Rusiyanın cənubunda Könüllü ordunun nəzarətində olan kazak torpaqları, yəni Cənub-Şərqi konfederasiya arasında əlaqə yaratmaq istəyirdilər. Məqsəd həm də Almaniyanın Asiyaya ikitərəfli müdaxiləsinin qarşısını almaq idi: türk ordusunun artıq irəlilədiyi Qafqazda və kazak torpaqlarında. Kazak ərazilərinin nümayəndələri ilə Azərbaycan, Gürcüstan, Krım, dağlı tayfaları nümayəndələrinin görüşləri, Noelin Petroqrad-Bakı-Yekaterinodor-Tehran səfərləri, bu məsələ ətrafında Bağdad-Dehli-London yazışmaları bolşeviklər əleyhinə Britaniya hərbi müdaxiləsini şərtləndirirdi. Petroqraddakı Britaniya səfirliyinin, almanların barışıq şərtləri barədə müntəzəm məlumatları və məxfi agentlərə konkret göstərişləri, Tehranda və Tiflisdəki ingilis hərbi missiyaları arasında razılaşdırılmış hərəkət xidməti Könüllü ordu ilə münasibətlərlə yanaşı, Qafqaz-Xəzər hövzəsi siyasətinə istiqamət verirdi. 
1917-ci ilin payızından etibarən Birinci Dünya müharibəsinin gedişatında köklü dəyişikliklər, Rusiyada cərəyan edən hadisələr müharibənin dördüncü ilində qüvvələri tükənən tərəfləri yeni mübarizə qarşısında qoydu. Bu dövrü polkovnik Keyes “Böyük müharibənin ikinci və ən təhlükəli fazası” kimi səciyyələndirmişdi [13]. İngilislərin bolşeviklərlə və alman bloku ilə Şərqdə toqquşan maraqlarından konkret təxirəsalınmaz vəzifələr yaranmışdı: Bakı neft mədənlərinin almanların əlinə keçməsinə yol verməmək, türklərə qarşı dura biləcək ordu təşkil etmək.
 
1. “Danstervil missiyası” və nəticəsi
 
Almanlar tərəfindən Azərbaycana birbaşa təhlükə görməyən ingilislər rus ordusunun buraxıl-masından sonra türklərə qarşı erməni, gürcü və ruslardan ibarət ordu təşkil etmək istəyirdilər. Tiflisdə Britaniya hərbi missiyası polkovnik Paykın komandanlığı altında bu təşəbbüsə nəzarət və yardım edir, maliyyələşdirirdi. Mesopotamiyada 350 Britaniya zabitini Bakı vasitəsilə Qafqaz cəbhəsinə göndərmək nəzərdə tutulmuşdu ki, oradakı ordunu təşkil etsin. Nəhayət, general Danstervilə “Bağdad-Bakı-Buxara istiqamətində hərəkətə keçmək əmri verildi” [5]. 1918-ci ilin yanvarında kiçik heyətlə Bağdaddan çıxan Danstervil yalnız avqustda Bakıya daxil ola və Ənzəliyə qədər sürətlə irəliləyə bildi. Artıq fevralın ortalarında Qəzvinə çatan Danstervil xəbər verirdi ki, Həmədan-Ənzəli yolu bolşevik əhval-ruhiyyəli əsgərlərlə doludur. Danstervil Ənzəli inqilab komitəsinin 3 iclasında iştirak edərək, onların qafqazlılara düşmən münasibətini, ingilis missiyasının məqsədini başa düşdüklərini görüb, həbs və axtarış qorxusu altında bütün kağızlarını yandıraraq məhv etmişdi. Hətta “Qafqaz hökumətinin dəvəti ilə Tiflisə getmələri haqqında” izahat belə Danstervilə qarşı çıxan cəngəlilərin qəzəbini sakitləşdirə bilmədi.
Sovet tarixşünaslığında antiimperialist, milli-azadlıq hərəkatı kimi səciyyələndirilən cəngəlilər hərakatı ingilis sənədlərində və tarixşünaslığında ekstremist, terrorist kimi hallandırılmışdır. Rastlaşdığı mürəkkəb şərait Danstervili Londona Rusiyada vəziyyətin son dərəcə gərgin olduğu barədə məlumat verməyə məcbur etdi.
Danstervil missiyasının Britaniya hökuməti üçün nə dərəcədə əhəmiyyətli olduğu Londonun çevik və narahat mövqeyində nəzərə çarpır. Bakı, Qafqaz, yaxud Ənzəli sırasında Bakıdakı vəziyyətin xüsusi təhlilinə ehtiyac duyulur. Həmədan-Ənzəli yolunun açıq qalması ilə yanaşı, dəmir yolundan başqa Qafqaza Zəncan və Təbriz vasitəsilə çatmağın mümkünlüyü də müzakirə olunurdu. Qafqazda isə hadisələr tempinə, siyasi  məzmun rəngarəngliyinə görə mürəkkəb şərait yaratmışdı. Qafqaz-Rusiya, Qafqaz-Britaniya, Qafqaz-Alman-türk bloku və Qafqazdaxili qurumlar müstəvisində mübarizə gedirdi. Artıq Rusiyada Müəssislər Məclisi qovulmuş, Cənubi Qafqaz Seymi yaradılmış, Şamxor stansiyasında rus qoşunları ilə qanlı qarşıdurma ilə nəticələnən tərk-silah həyata keçirilmişdi. Bakı Qafqazın siyasi müqəddəratına təsir edəcək həlledici seçim ərəfəsində idi.
Ənzəlinin tamamilə bolşevik nəzarətində olması Bakıda sovet hakimiyyətinin elanına aparan yolun mühüm amillərindən sayıla bilər. Britaniya qoşununun Bakıya yolunu əngəlləyən amil eyni zamanda türk qoşunlarına qarşı çıxan siyasi qüvvələrin müttəfiqlik məzmununu mü-əyyənləşdirmək imkanı verdi. Müsavat, bolşevik, daşnak, eser, menşevik palitrasında Britaniya hərbi gücünün reallığı vəziyyətin bir neçə dəyişmə variantını mümkün edə bilərdi. Britaniyanın Qafqazda ikinci missiyası gerçək təcrübə kimi nəzərə alınsa belə, ən az proqnozlaşdırıla biləcək bolşevik iqtidarı variantı sayılmalıdır. Proqnozlaşdırılmayacağı birmənalı qəbul edilə bilən bolşevik-ingilis əməkdaşlığını isə 1918-ci ilin yayında ingilis təşəbbüsü və bolşevik “prinsipiallığı” sual altında qoyur. Həzərə alaq ki, Brest-Litovsk sülhündən sonra Almaniya ilə müharibə aparmaq üçün Britaniya Rusiyaya pul, silah, təlimatçılar vəd etməklə yardım təklif edirdi [12, s.348].
Böyük Britaniyanın ilk baxışda təzadlı görünən bu mövqeyinə baş nazir Lloyd Corc belə açıqlama vermişdi: “Biz antibolşevik kampaniyasını deyil, antialman cəbhəsini təşkil etdik və maliyyələşdirdik. Əgər almanlar Bakıya soxulsaydılar və bu rayonun tükənməz neft ehtiyatlarını... ələ keçirsəydilər, müharibə sonsuzadək davam edərdi”. Bu baxımdan ingilislərin Şaum-yanla, bolşevik hökuməti ilə əməkdaşlıq üçün təkidli səyləri anlaşılır. Türk qoşunlarını Bakının neft mədənlərindən uzaqda saxlamaq üçün ingilislər türklərə qarşı müharibəyə hazırlaşan bolşeviklərlə iş birliyinə can atırdılar. Bakının müdafiəsi üçün ingilis yardımını qəbul etmək məsələsi Bakı bolşevik hökumətində kəskin fərqli fikir ayrılığı yaratmışdı. Danstervilin Bakıya buraxılmaması mövqeyində qalan Şaumyan belə ingilis köməyini qəbul edəcəyi təqdirdə bolşevik komandanlığı ilə bağlı bir sıra şərtlərin təminatına zəmanət tələb etmişdi.
Həmədana dönən Danstervil Qafqazla əlaqə yaratmaq yolları axtarmaqda idi: “Mən həmişə Xəzər (dənizi) üzərində nəzarətin necə böyük əhəmiyyətə malik olduğunu (demişəm) və bunun həyata keçməsinə dair bir neçə plan hazırlanmışdı” [7, А-37, N152, v.76]. Bütün planların reallaşmasında limanlara sahiblik nəzərdə tutulduğundan və bütün limanların “bolşeviklərin, cəngəlilərin və tatarların” əlində olduğundan başqa vasitəni Danstervil məqbul saymırdı. Belə ki, o, Bakıya sahib olmadan hər hansı cəhdin faydasız olduğunu vurğulayırdı. Artıq 1918-ci ilin martından ingilislər L.Biçeraxova Xəzər dənizinə nəzarəti təmin edəcək qüvvə kimi baxır, imkanlarını saf-çürük edir, “Bakı aviatorlarının” köməyini də mümkün sayırdılar. Qeyd edək ki, 87 hidroplanı olan Bakı aviasiya məktəbi ermənilərin sərəncamında idi və bolşeviklərin nəzarəti altında fəaliyyət göstərirdi. Müsəlman qırğını ərəfəsində Bakıdakı hərbi qüvvə təsnifatı ingilis kəşfiyyatı sənədlərində öz əksini tapmışdı.
Ümumiyyətlə, 1918-ci ilin yazından etibarən Bakıdakı vəziyyət haqqında ingilis kəşfiyyatının əhatəli məlumatları Britaniya missiyasının Qafqazda əməkdaşlıq edə biləcək siyasi qüvvələri müəyyənləşdirməyə imkan verirdi. Yaranmış şəraitdə ermənilərin təklifindən yararlanmağı məqbul bilməyən ingilis hərbi kəşfiyyatı ehtiyat etsə də, eyni vaxtda Ənzəliyədək gəlib ermənilər və bolşeviklərlə birgə Xəzər donanması üzərində nəzarəti ələ almağı mümkün sayırdı. Bakıdakı bolşevik hakimiyyəti ilə Ənzəli bolşevikləri arasında əlaqədə erməni vasitəçiliyi şirnikləndirici görünsə də, Bakıda vitse-konsul Ronald Mak-Donellin aparıcı rol oynadığı ingilis kəşfiyyat xidməti Danstervil missiyasının gəlişi üçün zəmin hazırlamaqla məşğul idi. Erməni Milli Şurası ingilis yardımını qəbul etməyə hazır olsa da, bolşevik hakimiyyətinin mövqeyi fərqli idi. İngilislərin Cənubi Qafqazda daşnaklarla müttəfiqliyi qarşılıqlı maraqlara əsaslanırdı. Osmanlı ordusuna qarşı çıxan qüvvələrdən eser və menşeviklər Rusiyadan ayrılmağı rədd etdikləri halda, daşnaklar Cənubi Qafqazın Rusiyadan ayrılıb Britaniya nüfuz dairəsinə keçməsini qəbul edə bilərdilər [16, s.43]. Britaniya missiyasının Qafqaza gəlməsinə razılıq verən eserlər (sosial-inqilabçılar) Ənzəliyə, L.Biçeraxovun yanına hazırlıq üçün 200 nəfər göndərmişdilər. L.Biçeraxovun gəlişi isə Qafqazda məhsul yetişən vaxta, iyunun əvvəli üçün nəzərdə tutulmuşdu. Lakin Brest-Litovsk sülh müqaviləsinin imzalanması “Qafqaz tarazlığını yenidən pozdu” [14, N1630, v.200]. Osmanlı hücumundan qorxan Gürcüstan Almaniyanın himayəsini qəbul etdi. Alman qoşunlarının əlinə keçməmək üçün Britaniya missiyası Tiflisdən Vladiqafqaza köçdü. Vəziyyətin dəyişilməsi ilə Britaniya hökuməti Danstervil missiyasının, o cümlədən Biçeraxovun Qafqaza getməsini təxirə saldı. Osmanlı ordusunun Azərbaycandan keçməsinin qarşısını almaq üçün Britaniyanın hərbi naziri türkləri Həmədanda saxlayıb, Xəzər istiqamətində irəliləməsinə yol verməmək göstərişi verdi. 1918-ci ilin yayı üçün heç olmasa kiçik dəstə ilə belə ingilislərin Xəzər hövzəsinə daxil olmasına hökumət hədsiz əhəmiyyət verirdi. Hətta bir-iki ingilis zabitinin Bakıya göndərilməsi, neft mədənlərinin məhv edilməsi, Xəzər donanmasının ələ keçirilməsi, türklərə qarşı yerli hökumətə yardım göstərilməsi və s. nəzərdə tutulurdu. Danstervil isə bu fikirdə idi ki, 2 ingilis zabitinin Bakıya göndərilməsi heç bir nəticə verməyəcəkdir, Bakı şəhəri “effektli kömək almaq ümidindədir və neft mədənlərini dağıtmağa ehtiyac yoxdur”. Bu mövqe reallığa əsaslanırdı. Londondan göstərişlər verildiyi iyun günlərində Osmanlı imperiyası ilə Cənubi Qafqaz respublikaları arasında “Sülh və dostluq” müqavilələri imzalanmışdı. Azərbaycan hökuməti müqavilənin dördüncü bəndinə istinadən Osmanlı hökumətindən yardım istəmişdi. Bakı XKS isə Gəncə üzərinə yürüş haqqında əmr vermişdi. Məğlubiyyət anında düşmənə qalmasın deyə, neft mədənlərinə od vurmaq əmri  bolşeviklərin planına da daxil idi. Vəziyyətin gərginləşdiyini görən ingilislər Bakıdakı konsul Mak-Donellə tam fəaliyyət sərbəstliyi, səlahiyyət hüququ verirlər ki, neft mədənlərinin düşmən əlinə keçməsinə yol verilməsin. Bakıda olan keçmiş çar zabitləri, eserlər, Erməni Milli Şurası Mak-Donellin iştirakı ilə bolşevik hökumətinə qarşı uğursuz çevriliş planı həyata keçirdilər. Erməni Milli Şurasının nümayəndəsi Ter-Qazarov Danstervillə görüşərək ingilis qoşunlarının yubanmadan Qafqaza daxil olmasını xahiş etdi.
Azərbaycan Cümhuriyyəti bəyan edildikdən sonra Bakının azad edilməsi qarşıda duran əsas məsələ idi. Bakı uğrunda türk-azərbaycanlı hissələrinin bolşeviklərlə mübarizəsi, ingilis - “Sentrokaspi” qüvvələri ilə müharibə müstəvisinə keçdi. İngilislər tərəfindən maliyyələşdirilən L.Biçeraxov nəzərdə tutulmuş plana əsasən Bakı bolşevik hökumətinə hərbi yardımını təklif etdi. Qafqaz İslam Ordusunun uğurları qarşısında davam gətirə bilməyən bolşeviklər ingilislərin Bakıya gəlməsi əleyhinə rəsmi qərar qəbul etdilər. Bu qərardan sonra L.Biçeraxov öz dəstəsi ilə şimala çəkildi. Cəbhədə vəziyyətin ağırlaşması nəticəsində eser-menşevik və daşnaklar ingilislərin Bakıya dəvət edilməsini zəruri hesab etdilər və müvafiq qətnamə qəbul etdilər. İyulun 31-də Bakı XKS səlahiyyətlərindən əl çəkdi. Avqustun 1-də qurulan “Sentrokasın diktaturası” hökumətinə eser, menşevik, daşnak və Xəzər hərbi donanması MİK-in nümayəndələri daxil oldular. Hökumət Danstervilə kömək üçün müraciət etdi. İngilislərin ilk dəstəsi polkovnik Stoksun komandanlığı altında avqustun 4-də Bakıya daxil oldu. Avqustun 17-də isə general Danstervil yeni ingilis hərbi hissəsi ilə Bakıya gəldi. İngilis mənbələrində qeyd olunur ki, Danstervilin Bakıdakı hərbçilərinin sayı 1000-dən artıq olmamışdır. İlkin plana görə, 350 britaniyalı zabitin göndərilməsi və onların yerlilər hesabına ordu təşkil etməsi nəzərdə tutulmuşdu. Bu plan baş tutmadı və “Sentrokaspi Diktaturası”nın köməyinə göndərilən hərbi ekspedisiya 1000 nəfəri keçmirdi. Belə az qüvvənin köməyə gəlməsi Diktatura hökumətini, xüsusən erməniləri hədsiz təəssüfləndirmişdi. Qafqaz İslam Ordusuna qarşı əsas ingilis qoşununa ümid edənlər tezliklə yanıldılar. General Danstervil türk qoşununa qarşı yerli hökumətin müqavimət göstərəcəyini güman edirdi. O da öz növbəsində yerli hərbi qüvvənin hazırlıq səviyyəsindən, intizamsız, dağınıq, qeyri-peşəkar döyüş qabiliyyətindən narazı qaldı.
Böyük Britaniyanın Bakıda təxminən 40 günlük missiyası 7 aylıq “hazırlıq” mərhələsindən sonra baş tutsa da, qısa vaxtda iflasa uğradı. Hərbi qüvvələr nisbətindən başqa bir sıra şərtlər, o cümlədən Bakı şəhərində ərzaq qıtlığı, maliyyə böhranı, yerli müsəlman əhalinin “erməniləri dəstəkləyən ingilislərə” inamsız münasibəti (müsəlman qırğınlarından az vaxt keçmişdi), ingilislərin Osmanlı dövlətinə rəğbət hissi, hərbi əsirlərin sərgərdan dolaşdığı şəhərdə hərc-mərclik və s. təsirsiz qala bilməzdi. Bununla belə, qısa müddətdə ingilislər döyüşdükləri cəbhəyə xeyli neft və neft məhsulları göndərə bildilər. Birinci Britaniya missiyası ilə Azərbaycan Cümhuriyyətinin əlaqələri Bakı məsələsində kəsişirdi. Bu zaman müttəfiq yox, əks cəbhələrdə dayanan dövlətlər olduğundan Danstervil missiyası Azərbaycan Cümhuriyyətinin siyasi tarixində, Azərbaycan-Böyük Britaniya əlaqələrində qeyri-məqbul səciyyələndirilir. Tarixə hər iki qayıdış mümkün olmadığından ilk ingilis missiyasının Azərbaycan xalqı üçün mahiyyətini şərtləndirən proseslər kombinasiyasını yalnız təhlil etmək imkanı var. Məxfi ingilis sənədlərinin ətraflı təhlili Azərbaycana [14, N1630, v.200], azərbaycanlılara qarşı əvvəlcədən formalaşmış qərəzli, mənfi münasibətin olmadığını ortaya qoyur. Əksinə, daima yerli xüsusiyyətləri, psixoloji amilləri ön plana çəkən ənənəvi ingilis diplomatiyası, fərqli dövrlərdə müxtəlif şəxsiyyətləri və rəsmi qaydada belə “ermənilərin təqsiri üzündən” “tatarların” - azərbaycanlıların ingilispərəst mövqeyinə nail olmadıqlarından açıq təəssüflərini bildirmiş, səhvlərini etiraf etmişlər.
 
2. Azərbaycanda ikinci Britaniya missiyası
 
Azərbaycan-Britaniya münasibətlərində, xüsusən də Azərbaycan Cümhuriyyətinin siyasi tarixində ikinci ingilis missiyasının önəmli yeri var. Birinci Dünya müharibəsi alman bloku dövlətlərinin bir-birinin ardınca məğlubiyyəti və barışıq imzalanması ilə başa çatdı. 1918-ci il 30 oktyabr Mudros barışığına görə, Osmanlı qüvvələri Azərbaycanı tərk etdi, Britaniya qoşunları yenidən Bakıya gəldi. İkinci ingilis missiyasına general Tomson başçılıq edirdi. Üç silahlı ticarət gəmisinin müşayiəti ilə 17 nəqliyyat gəmisi noyabrın 16-da Ənzəlidən çıxıb noyabrın 17-də Bakı limanına daxil oldu. Mudros barışığından dərhal sonra general Tomsona göstəriş verilmişdi ki, Bakıdakı türk komandanlığının barışıq şərtlərindən xəbərdar olması və Bakını müqavimətsiz təhvil vermək barəsində mövqeyini aydınlaşdırsın. Türk komandanlığı cavabında bildirmişdi ki, Qafqazdan bütün türk qoşunlarının 6 həftə ərzində çıxarılması haqqında əmr almışıq, amma Bakının ingilislər tərəfindən tutulmasına dair heç bir xüsusi göstəriş almamışıq, “Siz gərək Azərbaycan hökuməti ilə əlaqə saxlayasınız”. İngilis “D” ordusunun ko-mandanı bunu mümkün saymamış, belə ki, Azərbaycan hökumətini tanınmadığını bildirmişdi [7, А-41, N 80].  Gənc Azərbaycan dövləti çətin sınaq qarşısında idi. Bakını yenicə qaytarmışdı, həmçinin dövlət quruculuğu işlərini həyata keçirir, Bakı XKS-nin milliləşdirmə siyasətinin nəticələrini ləğv edir, ərzaq məsələsini qaydaya salmağa çalışırdı. Dövlətçiliyin, istiqlalın itirilmə təhlükəsi gənc dövlət xadimlərini məsuliyyətli, çevik mövqe tutmağa, siyasi iradə, həm də son dərəcə incə diplomatiya nümayiş etdirməyə sövq edirdi.
Cənubi Qafqazı nəzarətində saxlayacaq hərbi qüvvənin münasibətini bilə-bilə danışıq aparmaq üçün Ənzəliyə nümayəndə heyəti göndərdi. Tomson tərəfindən qoyulan şərtlər dövlətçilik atributlarından idarəçilik səlahiyyətlərinin məhdudlaşdırılmasınadək bir sıra məsələləri əhatə edirdi: Bakı neft mədənləri ilə birgə ingilis nəzarətinə keçir, şəhər polisinə ingilis başçılıq edir, türk qoşunları kimi Azərbaycan qoşunları da 17 noyabradək Bakıdan çıxarılmalı idi. Üstəlik Biçeraxovun hərbi hissələri ingilis qoşunları ilə birlikdə Bakıya daxil olurdu. Təskinlik və ümidverici şərtlər isə silahlı ermənilərin Bakıya buraxılmaması, müttəfiq dövlət nümayəndələrinin Azərbaycan hökuməti ilə de-fakto əlaqələr qurması, ən əsası isə Azərbaycanın Paris Sülh Konfransında milli müqəddəratını təyinetmə məsələsində iştirakına imkan verilməsi idi. Hələ ingilislərin gəlişi ərəfəsində Azərbaycan hökuməti dövlət quruculuğu ilə bağlı hüquqi yöndə tədbirlər həyata keçirirdi. Azərbaycan parlamentinin çağırılması məqsədilə Azərbaycan Müsəlman Milli Şurasının fəaliyyətə başlaması qərara alındı. Azərbaycan bayrağını Osmanlı bayrağından fərqləndirən layihə təsdiq edildi. Məcburiyyət qarşısında güzəştə gedən Azərbaycan hökumətinin sədri F.Xoyskinin Tomsona teleqramı məzmununa görə taktiki gediş idi. Azərbaycan hökumətinin ərazisində səlahiyyət sahibliyi diqqətə çatdırılır, eyni vaxtda müttəfiqlərə güzəştə gedilir, həm də müttəfiq qoşunlarının üzərinə Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq öhdəliyi qoyulur, gələcək əməkdaşlıq perspektivi vurğulanırdı [8, s.64]. General Tomsonun qısa, lakin qarşılıqlı əməkdaşlığa dair əminlik ifadə edən cavabı və Ənzəlidən Bakıya “Azərbaycan Respublikasının prezidenti” ünvanlanması məhz gənc hökumətin ikinci ingilis missiyası ilə münasibətdə diplomatik nailiyyəti idi.
Azərbaycan əhalisi içərisində ingilis qüvvələrinin gəlişi ilə bağlı daha artıq qayda-qanun yaradılmasına ümid edənlər də vardı. Belə ki, Azərbaycan Cümhuryyəti Bakıya yenicə gəlmiş, hakimiyyətini respublikanın bütün ərazisinə yaya bilməmişdi. Elə ingilis konsuluna üz tutub kömək istəyən müsəlman heyəti də Lənkəran qəzasında idi. Bəllidir ki, yalnız 1919-cu ilin sentyabrı üçün Azərbaycan Cümhuryyəti hökuməti cənub bölgəsinə nəzarəti təmin edə bildi. 1918-ci il noyabrın 14-də lənkəranlılar Avetisovun quldur dəstəsinin qarətçi əməllərindən can qurtarmaq üçün ingilis konsuluna müraciət etmişdilər. Müsəlman nümayəndə heyəti ilə Ənzəliyə yola düşən konsul ingilis ordu komandanlığına məsələni çatdıracağına söz vermişdi [1; 1918, 17 noyabr]. Ənzəlidə şərtləşdikləri kimi noyabrın 17-si şəhərə daxil olan general-mayor Tomson 5 bənddən ibarət qərarla Bakı şəhərində hərbi vəziyyət elan etdi. Bu müddətdə özü Bakı şəhərinin hərbi qubernatoru, polkovnik F.P.Kokkerel isə polis komissarı təyin edildi. Bakı şəhər idarəsi, digər mülki müəssisələr öz fəaliyyətlərini davam etdirirdilər. Tomsonun başçılıq etdiyi müttəfiq qoşunlarını Azərbaycan hökuməti adından daxili işlər naziri Behbud xan Cavanşir və xarici işlər naziri vəzifəsini icra edən Adil xan Ziyadxanov, həmçinin şəhər özünüidarəsinin, Neft Sənayeçiləri Qurultayı Şurasının, Rus Milli Şurasının nümayəndələri və b. qarşıladılar. Hökumət adından A.Ziyadxanov Tomsonu salamladı. Təbrik müraciətində Azərbaycan xalqının müstəqil hüquqi dövlət qurmaq, Avropa cəmiyyətinə qovuşmaq istəyi və bu yolda müttəfiqlərin köməyinə ehtiyac öz əksini tapmışdı. Tomsonun cavab nitqi artıq Azərbaycan hökumətinə qarşı isti münasibət səciyyəsi daşıyırdı. Bu, türklərin bölgəni tərk etməsindən yaranmış mürəkkəb şəraitdə Azərbaycan diplomatiyasının uğuru idi. Şəhərə varid olan kimi mövcud qayda-qanundan məmnunluğunu bildirən Tomson belə davam edərsə, onun köməyinə ehtiyac olmayacağını bildirdi.
Tomsonun gəlişinə şəhər əhalisinin hamısı birmənalı münasibət bəsləmirdi. Xüsusən Danstervil missiyasının antimüsəlman qüvvələrlə müttəfiqliyi təcrübəsindən az vaxt ötmüşdü. Ən çox sevinən Bakıdakı Rus və Erməni milli şuralarının tərəfdarları idi. Bu işdə L.Biçeraxovun bəyannamələri, Azərbaycan hökumətini devirmək yönündə apardığı işlər təsirsiz qalmırdı.
Gəlişindən 2 gün sonra Tomson irihəcmli bəyannamə ilə missiyasına açıqlıq gətirdi. “Şimali İranda Böyük Britaniya qoşunlarının komandanı” kimi imzaladığı bəyannamə Qafqazın, o cümlədən Bakı rayonunun Rusiyanın bir parçası olduğunu diqqətə çəkirdi. O, Birinci Dünya müharibəsi zamanı rus xalqının müttəfiqlərinə göstərdiyi “böyük köməyi” nəzərə alaraq, Rusiyanın bir parça torpağına belə göz dikmədiklərini, əksinə qayda-qanun yaratmaq məqsədilə müvəqqəti yerləşdiklərini qeyd edirdi. 
Təbii ki, Rusiya, rus xalqı ifadələri altında görünən fikirlər missiyanın əsl mahiyyətini əks etdirmirdi. Bəyannaməyə əlavə olaraq 11 bənddən ibarət məcburi qaydaların tətbiqi hərbi vəziyyətin tələblərindən irəli gəlirdi [3, f.2767, s.1, iş 470, v.16]. Konkret qaydaların təsnifatı hərbi və mülki qadağalarla yanaşı siyasi məzmunlu şərtlərin üstünlüyünü də üzə çıxarırdı: türk və alman təbəələrini hökumətə təhvil verənlərə mükafat vədi, hərbi və siyasi xarakterli yanlış məlumat yayanlar üçün cəza, bütün düşmən dövlətlərin - türk, alman, avstriyalı, bolqar təbəələrin ilk gündən etibarən həbsi və s. müttəfiq məmurları ilə yanaşı, rus hökuməti xidmətində olanlara, rus zabitlərinə demək olar ki, eyni səviyyədə səlahiyyət verilməsi, xüsusi - 8-ci bəndlə bütün küçə və ictimai yer adlarının, bütün məlumat və elanların rus dilində olmasının vacibliyi, bir sıra mülki-məişət xarakterli məsələlərin belə hərbi komandanlığa tabe edilməsi Azərbaycan hökumətinin Bakı rayonunda səlahiyyətlərini xeyli məhdudlaşdırdı. Amma istiqlal prinsipindən uzaqlaşmayan, dövlətçilik mənafeyini partiyalar fövqündə qoymağı bacarmış Azərbaycan hökuməti parlamentin təsisi yönündə fəaliyyətini daha da gücləndirdi. Xüsusən köhnə Rusiyanın müttəfiqi kimi çıxış edən Tomsonun “Azərbaycan xalqının ümumi səsverməsinə əsaslanan respublikanın yoxluğunu” əsas gətirməsi parlament təsisatını zəruri edirdi. Lakin hələ Azərbaycan parlamentinin təşkili haqqında qanun “vahid və bölünməz Rusiya” tərəfdarlarının düşmən münasibəti ilə qarşılandı. 120 üzvdən ibarət olmalı parlamentdə ermənilərə 21, ruslara 10, yəhudi, alman, gürcü, polyak nümayəndələrinə də yerlər ayrılması Rus və Erməni milli şuralarını qane etmir, parlamentin işini pozmağa cəhd edirdilər. Rusiyaya münasibətdə onların mövqeyinə yaxın olan Tomson eyni vaxtda hərc-mərcliyin qarşısını almağa çalışırdı. O, hər iki şərti nəzərdə tutan yeni bəyannamə ilə çıxış etməyə məcbur oldu. Bir daha Qafqaz əhalisinin diqqətinə çatdırılırdı ki, müttəfiq qoşunlarının Qafqaza göndərilməsinin məqsədi “Qara və Xəzər dənizləri arasında yerləşən bu Rusiya ərazisində” ictimai təhlükəsizliyi təmin etməkdir. Tomson bu əraziyə aid bütün məsələlərin son həllini Sülh Konfransının həyata keçirəcəyini bildirib yenə də qayda-qanun yaradılmasının missiyasının başlıca məqsədi olduğunu vurğuladı. Həqiqətən general Tomson bu qayəsinə sadiq qalmağa çalışırdı: əhalinin ərzaqla təchizatı, kağız pul sisteminin tətbiqi, kredit sisteminin bərpası, ən əsası isə düşmənçilik edən millətlər arasında sülhün bərpasına yönəlmiş tədbirlər görülməsi. Azərbaycan milli hökumətinin varlığı ilə barışmayan Xəzər donanması daha aqressiv mövqe tutmuşdu. Onun tərk-silah edilməsinə qərar verilməsi adekvat reaksiya doğurdu. Donanma etiraz edərək reydə çıxıb ingilis qərargahını nişangaha almış, lakin ingilis hərbi-dəniz donanmasının üzvü Norris çevik əməliyyatla Xəzər donanmasını təslim etməyə nail olmuşdu.
Azərbaycan ərazisində talançılıqla, qarətlə məşğul olan, dinc müsəlman əhaliyə divan tutan erməni basqınçılarına qarşı Tomsonun sərt tədbirləri ümumi təhlükəsizlik təminatına xidmət edirdi. Hələ 1918-ci il dekabrın əvvəllərində ermənilərin Gəncə və Qazax qəzalarında törətdiyi özbaşınalıqlardan xəbər tutan Tomson onlara müraciət edərək əməllərinə son qoymağı əmr etmiş, əks təqdirdə baş verəcək qırğınlara görə erməni dəstə başçılarını məsuliyyətə cəlb edəcəyini bildirmişdi [1; 1918, 3 dekabr]. Bu zəmində Azərbaycan hökumətinin müttəfiq missiyası ilə əməkdaşlığı sənədlərdə öz təsdiqini tapır. Hökumət başçısı Fətəli xan Xoyski Tomso-na müraciətlə Karyagindən və Cəbrayıldan göndərilmiş iki teleqramla onu tanış etmiş, Andronikin başçılığı ilə erməni quldur dəstələrinin insanlığasığmaz əməllərini diqqətinə çatdırmışdı. Mak Donell ikinci missiya zamanı qarşılaşdıqları problemlər sırasında “Türkiyə ermənisi general Androniki” göstərir. O, Andronikin 10 mindən çox hərbçidən ibarət, yaxşı silahlanmış ordu, bir neçə artilleriya batareyası ilə Zəngəzur və Naxçıvana hücum etdiyini, açıq-aşkar heç bir barışığı tanımadığını və “müsəlmanlığı qəbul edənlərin hamısına müharibə elan etdiyini” təsvir etmişdir [14, s.278-279]. Ronald Mak Donell Tomsonun Bakıda etdiyi kimi, qayda-qanunun saxlanılması ilə kifayətlənmək siyasətini nümunə göstərərək Londondakı, həmçinin Parisdəki xarici siyasət rəhbərlərini tənqid etmişdir. Onları bir sıra xoşagəlməz mürəkkəb siyasi düyünlər bağlamaqdan həzz aldıqlarına, bu düyünlərin çözülməsini isə başqa xalqlara həvalə etdiklərinə görə ittiham edirdi [14, s.277]. Bu dəfə isə İngiltərə Xarici İşlər Nazirliyinin Qafqazda “yaxşı bir düyünü” zəruri hesab etdiyinə açıqlıq gətirmişdir. Belə ki, Bakıya göndərilən ingilis hərbçiləri, zabitləri Hindistanda, yaxud hind komandanlığı altında hazırlanmışdılar, Hindistana rus təhlükəsi ruhunda tərbiyə edildiklərindən bütün ruslara nifrət hissi bəsləyir, Rusiyaya qarşı güclü müsəlman blokuna malik Qafqazın müstəqilliyini dəstəkləyirdilər. Bakı missiyasından az sonra, dekabrın 27-də Salonikidən Britaniya qoşunları Batuma göndərilmişdi. Bu qoşunlara başçılıq edən zabitlərin Xarici İşlər Nazirliyi ilə sıx əlaqədə olması, xristianlara, rus mürtəce hərəkatına rəğbət bəsləməsi Qafqazda ingilislərə qarşı ikili münasibətin formalaşması ilə nəticələndi. Müttəfiqlər arasındakı ixtilaflar tərəflərin hadisələrə münasibətində qarşılıqlı ittihamlarda büruzə verilirdi. İngilis Mak Donellin 1922-ci ildə tərtib etdiyi, 1917-ci ilin yayından 1921-ci ilin aprelinə qədər Cənubi Qafqazda hadisələrin təsvirinə həsr olunmuş icmalda Britaniyanın Ermənistana göstərdiyi məhdud yardımın əsasən Ermənistanla qonşuları arasında mübahisəli məsələlərin nizama salınmasından ibarət olduğu bildirilirdi. Elə həmin müəllifin “Əbədi heç nə yoxdur” memuarında fransız missiyasının İrəvandakı erməniləri dilə tutaraq 9-cu Denikin ordusu kimi Borçalı mübahisəsini həll etmək üçün gürcülər üzərinə hücuma təhrik etdiyi və bu “düyünün” ingilislər tərəfindən çözülməsi qeyd edilir. Bu cür “diplomatik kombinasiyaların” mahiyyətinə bələdlik səviyyəsi Azərbaycan hökumətinin xarici siyasət kursuna ciddi təsir göstərə bilməzdi. Gənc dövlət potensial yox, real imkanından çıxış edirdi. İngiltərə və Fransanın Azərbaycandakı nümayəndələri simasında istiqlalın zərər görməyəcəyi əminliyini parlament iclasında bəyan edərkən F.Xoyski hökumətin vəzifəsini Sülh Konfransında iştirakda və Azərbaycanın vəziyyətini, istəyini olduğu kimi çatdırmaqda görürdü [9, s.111]. Məhz Azərbaycan hökumətinin məsuliyyətli, tarazlı siyasəti qısa vaxtda parlament təsisatı, yeni koalisyon hökumətin təşkili ilə müttəfiqlər missiyasının mövqeyində ilkin münasibəti dəyişdirdi. 1918-ci il dekabrın 28-də general-mayor V.M.Tomson bəyannamə verdi.
F.Xoyskinin sədrliyi altında koalisyon Azərbaycan hökumətinin təşkili ilə əlaqədar müttəfiq komandanlıq Azərbaycanın hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi bu hökumətə tam dəstək verəcəyini bəyan etdi [2, inv. 2143]. Azərbaycan parlamentində geniş müzakirə olunan bəyannaməni parlamentarilər Azərbaycan Cümhuriyyətinin bütövlüyünün müdafiəsində ilkin addım, istiqlalının tanınması yolunda əhəmiyyətli sənəd kimi qiymətləndirdilər. Tomsonun fəaliyyətinə Azərbaycan hökumətinin münasibəti 1919-cu ilin yanvarında Britaniya hökumətinin Balkanlarda və Qafqazdakı nümayəndəsi C.Milnə Adil xan Ziyadxanovun təbrik sözlə-rində də təsdiqlənmişdir. Təbii ki, yerli hökumətlə xarici missiya arasında münasibətlər nə qədər yüksək səviyyədə olsa da, dövlət müstəqilliyinin tam həyata keçirilməsi qeyri-məqbuldur. Bakıdakı ingilis hərbi polis rəisi Kokkerellə daxili işlər naziri X.Xasməmmədov arasında səlahiyyət həddinin aydınlaşdırılması məsələsi də bu qəbildəndir [3, f.894, s.1, iş 54, v.8-10]. Şəhər əhalisi arasında ingilis əsgərlərinin davranışından narazı qalanlar hökumətə şikayət ərizəsi ilə müraciət etmişdilər. Sərxoş əsgərlərin ictimai yerlərdə özbaşınalığından bezən sakinlər ölçü götürmək üçün ingilis rəhbərliyinə müraciət etməyi xahiş edirdilər. İngilis missiyasının şərtlərinə əməl etməyənlər üçün sərt cəza tədbirləri nəzərdə tutulmuşdu. Cənubi Qafqazda ingilis qüvvələrinin baş komandanı general Miln müttəfiq qüvvələrinə düşmənçilik edənlərə, həmçinin dəmir yollarını, körpüləri, telefon xətlərini, su tikililərini, hərbi anbarları dağıdanlara qarşı hətta ölüm cəzasının nəzərdə tutulduğunu bəyan etdi [1, 1919, 9 may]. Azərbaycan hökumətinin Britaniya qoşunlarına yardım məzmunlu əməkdaşlığı da sənədlərdə təsbit olunmuşdur. Azərbaycan ərazisində hərbi hava bazalarının qurulmasında ingilis aviasiya zabitlərinə kömək üçün Gəncə qubernatoru Rəfibəyov qəza və polis rəislərinə göstəriş vermişdi. Britaniya ko-mandanlığının ehtiyacı üçün dövlət xəzinəsindən 5 milyon rubl verilməsi haqqında Azərbaycan hökumətinin qərarı vardır. Britaniya ordusu üçün rüsum tutulmadan sərbəst mal buraxılmasına icazə verrildiyi günün səhəri Britaniyanın baş ştabı ticarət və sənaye naziri A.Əminova müraciət etmişdi. İyun ayı ərzində Azərbaycandan Batuma, Britaniya komandanlığı üçün 450 min pud mazut, 150 min pud kerosin, 75 min pud benzin göndərilməsinə icazə istənilirdi. Bütün ticarət gəmiləri sahiblərinə qaytarılsa da, onların üzərində ingilis nəzarəti qoyulurdu. 1919-cu il iyunun sonu üçün həm ingilis qoşunlarının, həm də onlar üçün yanacaq məhsullarının daşınması ilə bağlı Azərbaycan dəmir yolu rəisliyi xeyli kömək göstərmişdi. Azərbaycan hökuməti ilə Tomson arasında müzakirə edilən vacib məsələlərdən biri də ərazi münaqişəsi ilə bağlı olmuşdur. Mak Donellin memuarında “Türkiyə ermənisi” Dronun tez-tez Naxçıvana və Zəngəzura basqınlar edib, “öz enerjisini müsəlmanları qırmağa yönəltdiyi”ndən bəhs edilir. Bu məzmunda konkret göstəricilərlə çoxsaylı teleqramlar kömək ümidilə Britaniya qoşunları komandanlığına ünvanlanırdı. Britaniya komandanlığının hərbi əməliyyatları dayandırmaq, müsəlmanlara qarşı zorakılığa son qoymaq haqqında səyləri teleqramlarda əksini tapsa da, Mak Donellin bəzi etirafları əks təəssürat yaradır: “İngilislər Droya öz köməyini təklif etdilər, amma polkovnik Çardiqni və onun fransız missiyası Dronu fikrindən daşındırdı, ona mənəvi xeyir-dua və məsləhət verdi. Holland fransız polkovniki bütün bu məsələləri həll etməyin ən yaxşı üsulunu qafqazlıların bir-birini məhv etməsində görürdü.” Kifayət qədər təcrübəli ingilis kəşfiyyatçısının mülahizələri müəyyən məsələlərə diqqət çəksə də, Qafqazı tərk etdikdən sonra ingilisləri təəssüfləndirən əsas cəhət Qafqaz respublikaları arasında qarşıdurmanı, millətlər arasında düşmənçiliyi aradan qaldırmağa nail ola bilməmələri idi. Müstəqilliyini itirən milli hökumət nümayəndələrinin mühacirətdə yaxınlaşması, hətta birgə hökumət yaratmaq cəhdləri gecikmiş, əməli əhəmiyyətsiz addım kimi səciyyələndirilirdi.
Böyük Britaniyaya bolşevik hökumətinə qarşı dura biləcək güclü Qafqaz lazım idi. Həmin gücü Qafqaz respublikalarında tapa bilməyən ingilislər Denikinə ümid bağladılar. Onlar Şimali Qafqazdakı antibolşevik hərəkatı dəstəkləməklə “bolşevizmi rusların əli ilə” yıxmaq istəyirdilər. Denikinin əsas məqsədi isə Bakının tutulması idi. O, Bakının, neft mədənlərinin tutulmasını Rusiyanın həyati məsələsi hesab edirdi. Onun hərbi planları ilə Britaniya siyasəti arasında ziddiyyət Denikinin nəzarət etdiyi ərazi ilə qalan hissəni ayıran demarkasiya xəttinin çəkilməsi ilə nəticələndi. Cənubi Qafqaz və bütün Dağıstan Denikinin nəzarətindən kənar ərazi idi. Cənubi Qafqazda Britaniya qüvvələrinin komandanı general-mayor Q.N.Korn hökumət başçısı N.Yusifbəyliyə demarkasiya xətti haqqında xəbər vermiş, Denikin qoşunlarının xətdən cənuba keçməsinə yol verməməsinin tapşırıldığını bildirmişdi. Əvəzində Qafqaz qərargahları bolşevik qüvvələrini təchizatdan çəkindirməli idilər. Əks təqdirdə Denikinin xətdən şimalda qalması sual altında olurdu.
Denikin ordusunun Qafqaz Dağlı Xalqlar İttifaqının ərazisinə soxulması, yerli hökuməti hakimiyyətdən əl çəkməyə məcbur etməsi, ərzaq məhsullarını, mal-qaranı müsadirə etməsi və s. Azərbaycan hökumətini qəzəbləndirmiş, sədr F.Xoyski V.M.Tomsona nota ilə müraciət etmiş, Denikinin təcavüzkarlığına qarşı qəti tədbirlər görməyi xahiş etmişdi. Demarkasiya xəttinə məhəl qoymayan Denikin qələbə çaldıqca irəliləyirdi. Londondan verilmiş təlimata görə, general Tomson 1919-cu ilin iyununda demarkasiya xəttini bir az da cənuba keçirdi. Denikinin uğurları ingilisləri bolşeviklər üzərində qələbəyə inandırırdı. 1919-cu ilin avqustunda bölgəni tərk edən ingilislər Xəzər donanması gəmilərini Denikinə verməyi qərara aldılar. Tomson xarici işlər naziri M.Y.Cəfərova 6 avqust 1919-cu il tarixli məktubunda bildirir ki, “Britaniya Xəzər donanması bolşeviklərlə mübarizə üçün yaradılmışdır. Bu siyasəti davam etdirərək, getməyimiz qərarlaşdırıldığı halda, Britaniya hökuməti bu gəmilərin general Denikinə verilməsini əmr etmişdir”  [8, s.277]. İngilislərin Qafqazı tərk etmələri haqqında əmr missiya nümayəndələri tərəfindən mənfi qiymətləndirildi. Onlar fəaliyyətlərinin böyük zərbə aldığını deyirdilər. Lakin qərar qəti idi. Hələ avqustun əvvəlində Böyük Britaniya hökuməti Qafqazın hərbi istilasına çəkilən xərcin bir hissəsini ABŞ-ın öz üzərinə götürməsini təklif etdi. ABŞ hökuməti bundan imtina etmişdi. 1919-cu il avqustun 28-də Britaniya qoşunları Cənubi Qafqazdan çıxarıldı. Kiçik bir qarnizon Batumda saxlanıldı ki, qayda-qanunu qorusun və Denikinlə respublikalar arasında limana sahiblik üstündə yarana biləcək ixtilafların qarşısını dərhal ala bilsin.
Sentyabrın 28-də Cənubi Qafqaz respublikalarında Britaniya diplomatik missiyasının başçısı O.Uordrop Bakıya gəldi. O, Qafqaz respublikalarına mənəvi dayaq olmalı, onlara məsləhətlər verməli, Denikinlə respublikalar arasında və respublikalararası hərbi qarşıdurmanı aradan qaldırmalı idi. O.Uordropun dövründə də Bakı neftinin daşınması davam edirdi. Azərbaycan hökuməti ingilis komandanlığının Bakı neftinə dair sərəncam vermək səviyyəsində istismarından narazılığını bildirərək 1919-cu il noyabrın 15-də “təcili” göndərilən məktubunda deyirdi: “Müttəfiq qoşunlarının Azərbaycanda və Gürcüstanda olduğu müddətdə ingilis komandanlığının tələbi ilə neft borusu demək olar ki, yalnız komandanlığın ehtiyacı üçün işləmişdir.../Neftin/ çox az bir hissəsi hökumət və xüsusi ehtiyaclar, o cümlədən neft sənayesinin ehtiyacı üçün sərf edilmişdir” [3, f. 970, s.1. iş 198, v.1].
İngilis qoşunlarının getməsindən sonra hökumət ölkənin maliyyə vəziyyətini yaxşılaşdırmaq, sənayeni ağır vəziyyətdən çıxarmaq üçün neft məhsullarının xaricə ixracı planını işləyib hazırlamışdı. Artıq Qafqazda az sayda ingilis qoşunu qaldığından onların tərəfindən neft tələbi ilə bağlı müraciət olmayacağına ümid edilirdi. Lakin 1919-cu ilin oktyabrında general Brefin tələbi hökumət üçün gözlənilməz oldu. General ingilis komandanlığı üçün gündəlik 30 sistern neft məhsulu, bundan əlavə, neft borusu ilə 750 min pud neftin vurulmasını tələb edirdi. İqtisadiyyatı böhran vəziyyətində olan dövlət üçün bu tələb çıxılmaz vəziyyət yaratmışdı. Hələ 1919-cu ilin iyununda H.Z.Tağıyev sənayenin, maliyyənin ağır vəziyyəti haqqında hökumət başçısı N.Yusifbəyliyə iri həcmli məlumat göndərmiş, çıxış yolları göstərmiş və mal buraxılmasının “hərbi məqsədlər üçün” nəzərdə tutulmadığını qeyd etmişdir. Azərbaycan hökumətinin etirafına görə, ixracatın olmaması, neft sənayesini maliyyələşdirmək üçün hökumətin hər ay xeyli məbləğdə kağız pul buraxması, pul nişanlarının dəyərdən düşməsi və s. səbəblərdən iqtisadiyyat ağır durumda idi. Maksimum səylə hər gün 40-45 sistern neft göndərilməsi mümkün olduğu halda onun 30 sisternini ingilis komandanlığına verməklə ən vacib ehtiyacları ödəmək imkan xaricində idi. Bununla belə, hökumətin gündəlik 15 sisternə razılıq verməsi ingilis komandanlığını qane etməmiş, boru ilə neft vurulmasına maneçilik törədilmişdi. Xarici işlər naziri M.Y.Cəfərov Cənubi Qafqazdakı Britaniya ali komissarına göndərdiyi məktubda ingilis komandanlığının müxtəlif rütbəli nümayəndələri tərəfindən Azərbaycan və Gürcüstan respublikalarının məruz qaldığı ziyanın gündəlik göstəricisinin bir neçə milyon rubl təşkil etdiyini nəzərə çatdırmış, nəticədə ölkə sənayesi və maliyyəsinin məhvə məhkumluğunu bildirmişdi [3,  f. 970, s.1. iş 198, v.1]. Tərəflər arasında aparılan danışıqlar nəticəsində 1920-ci il yanvarın 26-da Azərbaycan Cümhuriyyətinin ticarət, sənaye və ərzaq naziri X.Məlikaslanovla Britaniya Neft İdarəsinin Batumdakı nümayəndəsi mayor İ.A.Rul arasında neftin satışı üzrə saziş imzalanmışdır [3,  f.894, s.10, iş 35, v.34, 43].
1920-ci ilin yazında Azərbaycan ərazisinə qarşı erməni təcavüzkarlığının güclənməsi Azərbaycan hökumətinin Britaniya Ali Komissarlığına müraciət etməsinə səbəb olur. Müstəqillikləri de-fakto tanınmış respublikalar arasındakı gərginlik ingilis komandanlığını narahat edirdi. Zəngəzurda ermənilərin artilleriya tətbiq etməsi nəticəsində müsəlmanların dəhşətli qırğına məruz qalması, 24 kəndin məhv edilməsi Azərbaycanda hiddətlə qarşılanmış, O.Uordrop Ermənistan hökumətinin başçısına teleqrafla hücumu dayandırmağı və qoşunları çıxartmağı əmr etmiş, əməl edilməzsə, Britaniya hökumətinə Ermənistana kömək göstərməyi tövsiyə etməyəcəyini bildirmişdi. Lakin Azərbaycan Cümhuriyyətinin süqutunadək və ondan sonra da erməni hücumları mütəmadi olaraq davam etmişdi. Xüsusən 1920-ci ilin martında ermənilərin Qarabağda Azərbaycan hərbi hissələrinə hücumu, zorakılıq törətmələri xarici təhlükə qarşısında olan gənc Azərbaycan dövlətini ağır vəziyyətə salmışdı. Xarici işlər naziri F.Xoyskinin Britaniyanın, Fransanın ali komissarlarına və polkovnik Qabbaya müraciəti Qarabağdakı vəziyyəti qaydaya salmaq məqsədi daşıyırdı. Bu hadisədən az əvvəl, martın 5-də O.Uordrop F.Xoyskidən Azərbaycan hökumətinin ərazi tələbləri haqqında ətraflı məlumat hazırlamağı xahiş etmişdi. Britaniya hökuməti üç Cənubi Qafqaz respublikası arasında istər iqtisadi, istərsə də siyasi cəhətdən sıx münasibətlərin olmasının birbaşa onların mənafeyinə xidmət etdiyini vurğulayırdı. Üç dövlət arasında sərhəd müəyyənləşdirilməsi məqsədilə xüsusi konfrans çağırılması nəzərdə tutulmuşdu. Qeyd etmək lazımdır ki, Brtaniyanın Qafqazda güclü federasiya yaratmaq istəyi ilə Azərbaycan hökumətinin mövqeyi üst-üstə düşürdü. F.Xoyski 5 aprel 1920-ci il tarixli teleqramında “Zaqafqaziya respublikaları konfederasiyası təşəbbüsünün Azərbaycan hökumətinə məxsus olduğunu və bu məqsədlə yaxın günlərdə Tiflisdə yeni konfrans çağırıldığını” yazırdı. Həsən bəy Ağayevin sədrliyi ilə nümayəndə heyətinin iştirak etdiyi bu konfransın Tiflisdə keçirildiyi vaxt Azərbaycan XI sovet ordusu tərəfindən hücuma məruz qaldı və Azərbaycan Cümhuriyyəti süqut etdi.
 
Nəticə
 
Azərbaycan Cümhuriyyətinin tarixi Böyük Britaniya ilə sıx bağlıdır. Xüsusən ikinci missiya zamanı qarşılıqlı münasibətlər, bilavasitə Azərbaycan dövlətçiliyinə kömək edən, stabil fəaliyyətə imkan yaradan, qonşularla əlaqələrin tənzimlənməsinə yönəldilən tədbirlər və ən başlıcası respublikanın ərazi bütövlüyünün qorunmasında xidmətləri (Denikin təhlükəsinin dayandırılması, Qarabağ məsələsində general Tomsonun Azərbaycanı dəstəkləməsi) Azərbaycanı Böyük Britaniya ilə birləşdirən tarixdir. Azərbaycan Cümhuriyyətinin Paris Sülh Konfransında tanınmasında da Böyük Britaniyanın xüsusi rolu var. Bu baxımdan Cənubi Qafqaz res-publikalarının, o cümlədən Azərbaycan Cümhuryyətinin təşəkkülündə Britaniyanın rolunu məqbul sayan, obyektiv dəyərləndirən azərbaycanlı xadimlərimizlə yanaşı, britaniyalıların tarixi deyimləri də yaddan çıxmamışdır: “Britaniya ordusunda bütün qulluq edənlər Azərbaycanda olduqları günlər haqqında ən xoş xatirələri özləri ilə
 
 
Read 144 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR