Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 28 Avqust 2018 04:51

Stalinin ölümü və sonra baş verənlər haqda (II Hissə)

Written by 
Stalinin ölümü və sonra baş verənlər haqda  (II Hissə) https://www.google.ru

Adıgözəl Məmmədov

 

F.1, siy. 405, d. 3188

 

СОВЕТ ИТТИФАГЫ КОММУНИСТ ПАРТИЙАСЫ

КОММУНИСТИЧЕСКАЯ ПАРТИЯ СОВЕТСКОГО СОЮЗА

Азəрбаjчан КП Мəркəзи Комитəси

Центральный Комитет КП Азербайджана

 

5 мая 1953 года

Учетный сектор ЦК КП Азерб.

  1. Вопросы III сессии Верховного Совета

Азербайджанской ССР

Внести на рассмотрение III сессии Верховного Совета Азербайджанской ССР следующие вопросы:

О председателе Совета Министров

Азербайджанской ССР

 

Утвердить председателем Совета Министров Азербай­джанской ССР тов. Багирова Мир Джафара Аббасовича, освободив от этих обязанностей тов. Кулиева Т.И.

Утвердить тов. Кулиева Теймура Имам Кули оглы первым заместителем председателя Совета Министров Азербай­джанской ССР.

 

Секретарь ЦК КП

Азербайджана          М.Д.Багиров.

 

         Beriya həmçinin  öz niyyətlərini həyata keçirmək üçün mövcüd olan milli problemləri də qabardırdı. O, respublikalarda milli kadrlardan geniş istifadə etmək, Moskvadan göndərilən rusları milli kadrlarla əvəz etmək, milli mühacirlərin geri qayıtmasına şərait yaratmaq, deportasiya olunmuş xalqları geri qaytarmaq, milli ziyalılarla ümumi dil tapmaq konsepsiyasını irəli sürürdü.

 Mikoyan yenə öz xatirələrində qeyd edir ki, «Beriya ümumiyyətlə, qarşılıqlı iqtisadi yardım şurasının yaranmasının əleyhinə idi. O, Almaniya Demokratik Respub­li­kasında sosializmin süni surətdə yaradılmasının da əleyhinə idi. O, AFR-lə ADR-in birləşməsi ilə bağlı sülhsevər neytral bur­jua-demo­kra­tik dövlətin yaradılmasının tərəfdarı idi». Mən yuxarıda qeyd etmişdim  ki, Kremldən milli respublikaların rəhbərliyinə qeyri-yerli olanlar göndərilirdi və onlar da sanki  agent funksiyalarını yerinə yetirərək milli  rəhbərlərə nəzarət edirdilər. Ona görə də Xruşşov başa düşürdü ki, Beriya onu ifşa edəcək və o da  Beriyanı aradan götürmək üçün öz planını sürətləndirdi.

N. Xruşşov öz xatirələrində (“Voprosı İstorii” jurnalı) qeyd edirdi:

«Stalinin ölümündən bir müddət sonra Mikoyan mənə yaxın­laşdı. O, Beriyanın təhlükəli olduğunu və mənə hakimiyyəti necə ələ almaq yollarını göstərərək, köməklik etmək istədiyini bildirdi. Mən də öz adımdan onunla razılaşaraq, qeyd etdim ki, nə qədər  ki, bu «əclaf» Rəyasət Heyətində oturub, biz özümüzü rahat hiss edə bilmərik».

Mikoyan bu razılaşmadan sonra öz növbəsində Beriyanı aradan götürmək üçün ona qarşı məxfi plan hazırladı.

N. Xruşşov qeyd edirdi:

«Mən Siyasi büronun üzvləri ilə bir-bir görüşərək, onları özü­mə tərəf çəkirdim. Ən ehtiyat etdiyim vəzifəli şəxs Malenkov idi. O, Beriya ilə dostluq edirdi. Ancaq bu işdə Malenkov da, - başqa çarəmiz yoxdur - deyərək, məni dəstəklədi. Əslində, o özü də Beriyadan qorxurdu. Malenkovdan sonra K.Y.Voroşilov və Kaqanoviçlə də razılığa gəldik. Nəzərdə tutulmuş həbs günü mən K.Jukovu yanıma çağırtdırdım. O vaxtlar Beriyanın Jukov haqqında formalaşdırdığı mənfi fikirlərlə əlaqədar Stalin Jukovun vəzifəsini aşağa endirərək, Odessa hərbi dairəsinə komandir təyin etmişdi. Beriya bir neçə dəfə Jukovu həbs eləmək istəsə də, Stalin buna mane olmuşdu. Bunu bilərək Jukovun mənim tərəfimi tutacağını bilirdim. Jukov kabinetimə daxil olan kimi üzümü ona tutaraq söylədim:

 – Bu əclafı - Beriyanı həbs etmək lazımdır. - Jukov bu təkli-fimin cavabında isə söylədi:

 – Nikita Sergeyeviç, mən «jandarm» olmamışam, ancaq bu işi həvəslə yerinə yetirərəm və mən neyləməliyəm?

 Mən isə ondan özünə sadiq, silahlanmış zabitlərlə Kremlin gözləmə otağında mənim zəngimi gözləməyini rica etdim.

 Beriya həbsinin baş iştirakçısı – general K.S.Moskalenko 1953-cü ilin iyun hadisələrini belə xatırlayırdı:

  ...Səhər saat 9 (1953-cü il, 25 iyun)... Kremlin ATS telefonu ilə mənə N.S.Xruşşov zəng etdi. Salamlaşaraq, o soruşdu:

    - Əhatənizdə bizim partiyaya sizin kimi sədaqətli adamlar varmı?

    Fikirləşəndən sonra mən cavab verdim:

    -Elə adamlar var və onlar partiyaya fədakarcasına sədaqət-lidirlər.

    Bundan sonra Xruşşov dedi ki, mən o adamlarla Kremlə - Stalinin əvvəl işlədiyi kabinetə, SSRİ Nazirlər Sovetinin sədri yol. Q.M.Malenkovun yanına gəlim.

    Onu da əlavə etdi ki, mən özümlə HHM planlarını və xəritələrini gətirim, siqar da götürüm. Mən cavab verdim ki, deyilənlərin hamısını gətirərəm, ancaq çəkməyi hələ 1941-ci ildə müharibədə tərgitmişəm. Xruşşov güldü və dedi ki, sən deyən siqarlar ola bilsin lazım olmayacaq.

   Onda başa düşdüm ki, özümlə silah götürməliyəm. Söhbətin axırında dedi ki, indi müdafiə naziri yol. N.A.Bulqanin zəng edəcək.

    Xruşşovun özümlə silah götürmək işarəsi, məni o fikrə gətirib çıxartdı ki, qarşımızda Sov.İKP MK Rəyasət Heyətinin mühüm tapşırığını yerinə yetirmək durur.

     Elektrik düymənin siqnalını basdım, xüsusi tapşırıqlar zabiti, mayor Yuferev V.İ., qərargah rəisi Baksov A.İ., siyasi idarənin müdiri, polkovnik Zuba İ.Q. mənə o dəqiqə cavab verdilər və mən onlara dedim: silahı götürüb Kremlə getmək lazımdır. Heç kimdə silah yox idi, mən qərargah komendantı mayor M.Q.Xijnyakı çağırdım və əmr etdim ki,  pistolet və patronlar versin. Qrup kiçik idi, sonra mən əlavə olaraq general – mayor F.Batitskiyə zəng etdim və dedim ki,  silahla yanıma gəlsin.

     Bundan sonra müdafiə naziri, marşal N.A.Bulqanin zəng etdi və dedi ki, ona Xruşşov zəng edib və təklif edib ki, mən əvvəl ora - Bulqaninin yanına gedim. Silahlanmış qrup ilə mən müdafiə nazirinin yanına gəldim. Yol. Bulqanin məni tək qəbul etdi. O dedi ki, yol. Xruşşov zəng etmişdi, ona görə mən səni çağırdım. Beriyanı həbs etmək lazımdır, onun Kremldə mühafizəsi güclü və böyükdür, həmçinin ona sadiqdir. Səndə nə qədər adam var? Mən cavab verdim ki, mənimlə beş adam var, onlar hamısı cəbhədə olanlardır; döyüşlərdə sınanmış,  Kom-munist partiyasına, Sovet hökumətinə və sovet xalqına sadiq insanlardır. O dedi: “Bunlar yaxşıdır, ancaq adam azdır.” Elə o dəqiqə soruşdu: Daha kimi məsləhət görürsən? Mən cavab verdim ki, sizin müavininiz marşal Vasilevskini. Bulqanin o dəqiqə onun namizədliyini rədd etdi. Öz novbəmdə ondan soruşdum ki, nazirlikdə hörmətli hərbçilərdən kim var. O dedi - Jukov. Onda mən təklif etdim, onu götürək. O razılaşdı, bir şərtlə ki, Jukovun silahı olmasın. Biz sayca az idik, ona görə o yenə soruşdu: “Daha kimi məsləhət görürsən, dəvət edək?”.  Birinci mən baş qərargah rəisinin müavini L.İ.Brejnevin adını çəkdim, onu müharibədən - 1-ci və 4-cü Ukrayna cəbhələrinin tərkibində qorxmaz və mətin general, siyasi işçi,  partiyaya və xalqa sadiq adam kimi tanıyırdım. Onunla dəfələrlə döyüş şəraitində görüşmüşəm. General-leytenant Şatilovun adını mən ikinci dedim, o da həmin strukturda müavin idi, sonra keçmiş 1-ci Ukrayna cəbhəsinin baş siyasi idarəsinin rəisi, tank qoşunları general-leytenantı Getmanın adını çəkdim. Dördüncü adamın adı artilleriyanın general-polkovniki Nedelin idi, onu da mən müharibədən tanıyırdım. Beşincini Bulqanin təklif etdi: hərbi şuranın üzvü, MVO general-polkovniki A.M.Pronin.

 

     Vaxt az olduğu üçün onlar hamısı silahsız gəlmişdilər. Ancaq L.İ.Brejnevdə Bulqaninin verdiyi pistolet var idi.

     Ancaq  nə üçün Xruşşov məhz mənə müraciət etdi, buna cavab tapmaqda çətinlik çəkirəm. Beriyanın həbsindən sonra... Malenkov mənə və  baş prokuror yol. R.A.Rudenkoya dedi ki, bu əməliyyatı keçirmək üçün əvvəlcə biz Sovet İttifaqı marşallarından birinə müraciət etdik, ancaq o, bundan imtina etdi. Həmin marşalın kim olduğunu biz - nə mən, nə də Rudenko soruşmadıq...

    Xruşşov məni yalnız müharibədən tanıyırdı - cəbhədəki döyüş əməliyyatlarından... Müharibədən sonra biz hərdənbir görüşürdük. Görünür, onun mənə qarşı yaxşı münasibəti varmış.  Əvvəllər mən Beriyanı şəxsən tanımırdım və onunla görüşməmişdim,  haqqında ancaq mətbuatdan oxumuşdum. Ona görə Xruşşovun təklifini Bulqanin tərəfindən dəqiqləşdirilmiş, partiyamızın, bizim MK-nın, onun Rəyasət Heyətinin tapşırığı kimi qəbul etdim. Qeyd etməliyəm ki, MK Rəyasət Heyətinin bütün üzvləri -  V.M. Molotov, Q.M.Malenkov, K.Y.Voroşilov və başqaları ona yaxşı münasibət bəsləyirdilər.

   26 iyun saat 11.00-da biz Bulqaninin təklifilə onun maşınına oturub Kremlə getdik. Onun maşınında hökumət siqnalları var idi və Kremlin girəcəyində yoxlanılmırdı. Nazirlər Sovetinin binasına daxil olub Bulqaninlə mən liftlə çıxdıq, A.İ.Baskov, P.F.Batitski, İ.Q.Zub və V.İ.Yuferev isə pilləkənlə qalxdılar, Bizim arxamızca digər maşında Q.K.Jukov, L.İ. Brejnev, Şatilov, Nedelin, Getman və A.M.Pronin gəlirdilər. Bizim hamımızı Bulqanin Malenkovun kabinetinin yanındakı gözləmə otağına apardı və özü Malenkovun kabinetinə girdi.

    Bir neçə dəqiqədən sonra Xruşşov, Bulqanin, Malenkov və Molotov çıxdılar. Onlar deyirdilər ki, son vaxtlar Beriya MK Rəyasət Heyətinin üzvləri ilə nəzakətsiz davranır, onlara qarşı casusluq edir, telefon danışıqlarına qulaq asır, kimin hara getdiyinə, Rəyasət Heyətinin üzvlərinin kimlərlə görüşdüyünə göz qoyur, kobudluq edir və s.  Onlar məlumat verdilər ki, indi MK Rəyasət Heyətinin iclası başlayacaq. Sonra Malenkovun köməkçisi Suxanovun şərti işarəsi ilə biz kabinetə girib Beriyanı həbs etməliydik. Bu vaxt o hələ gəlməmişdi.

    Xruşşov xatırlayır: “MK Rəyasət Heyətinin 26 iyun 1953-cü il iclasını keçirmək üçün Rəyasət Heyətinin bütün üzvləri Malenkovun kabinetində yığışdılar. Ancaq Beriya hələ yox idi. Mənə elə gəldi ki, kimsə mənə xəyanət edib. Lakin bir azdan L.Beriya özü daxil oldu. Görəndə ki bütün idarəedici tərkib burada - kabinetdədir, Beriya təəccüblə Xruşşova müraciət etdi (onu “Xruşa” adlandırırdı - A.M.).

   Beriya stulda oturdu və soruşdu: “Nə üçün məni təcili çağırmısınız, gündəlikdə hansı məsələ durur?” Elə bu zaman özümü itirmədən dedim: “Gündəlikdə bir məsələ durur: Beynəlxalq imperializmin agenti L.Beriya və onun antipartiya hərəkətləri. Onu tutduğu vəzifədən azad etmək, Siyasi bürodan və Sov.İKP sıralarından çıxarmaq və işi tribunala vermək təklifi var. Kim lehinədir?” Sonra sol əlimi qaldırdım, sağ əlimlə düyməni basdım ki, Jukova xəbər verim. Jukov zabitlərlə gəldi; başqaları da əllərini qaldırdılar. Zabitlərlə Jukov L.Beriyanı əhatəyə aldılar, əmr etdilər ki, əllərini qaldırsın. Özünə hələ də gəlməyən L.Beriya başa düşə bilmirdi ki, nə baş verir”.

   Həqiqətdə isə, Xruşşov soruşanda ki “Kim lehinədir?”, onu dəhşətli qorxu bürüyür, ona görə ki, yeganə olaraq   təkcə öz əli qalxmışdı. Çünki Beriyanı görən kimi, Rəyasət Heyətinin digər üzvləri qorxularından özlərini itirmişdilər. Bu səhnəni görən Xruşşov tələm – tələsik düyməni basır və kabinetə silahlanmış generallar daxil olurlar. İçəri daxil olan Jukov Beriyaya əmr edərək qışqırır: “Dizi üstə çök!” Bu an  Beriyanın dizi üstə çökdüyünü görən Rəyasət heyətinin digər üzvləri yekdilliklə əllərini qaldıraraq Nikita Sergeyeviç “biz hamımız lehi-nəyik”deyirlər.

     General Moskalenkonun xatirələrində deyilir: “Bunlar hamısı Beriya üçün o qədər gözlənilməz oldu ki, o, tamamilə özünü itirdi. Həbs zamanı onun portfelindən qırmızı qələmlə yazılmış bir kağız vərəqəsi tapılmışdı - “Həyəcan, həyəcan, həyəcan”...

     Görünür, Xruşşov Beriya haqqında danışanda və onun hərəkətlərini tənqid edəndə, o, təhlükəni hiss etmiş və bu vərəqi Kremlin mühafizəçisinə ötürmək istəmişdi.

     İclasdan 15-20 dəqiqə keçmişdi, məhz bundan sonra MK Rəyasət Heyətinin üzvləri çıxıb evə getdilər. Qaldı beş nəfər: Beriya və onunla üzbəüz Batitski, Baksov, Moskalenko, Zub və Yuferev. Bayırdan - qəbul otağı tərəfdən qapını Brejnev, Getman, Nedelin, Pronin və Şatilov qoruyurdular.

     Beriya əsəbiləşirdi; o, pəncərəyə tərəf gəlmək istəyirdi, hərbiçilərdən bir neçə dəfə tualetə getməyi xahiş etdi, onu beş silahlı adam ora aparıb-gətirdi. Görünürdü ki, mühafizəsinə siqnal vermək istəyirdi, onlar hər yerdə formada və mülki paltarda silahla dururdular. Vaxt uzanırdı, Malenkovun köməkçisi Suxanov qəbul otağında çay təşkil edirdi. Ancaq Beriyanı Kremldən gizlicə çıxarmaq üçün qaranlıq hələ çökməmişdi. Axşam saat 22-23 radələrində qəbul otağında Beriyanın 1-ci müavini, ordu generalı Maslennikov göründü. O, hay-haray salaraq təkidlə soruşurdu ki, burada nə baş verib. Mən çıxdım və ona sakitcə cavab verdim: “Siz burada səs salmayın və qışqırmayın”. Və həmin dəqiqə də Bulqaninə zəng etdim. O əmr etdi ki, Maslennikov təcili surətdə Kremli tərk etsin, sonra isə dəstəyi ona verməyimi xahiş etdi. Onlar nə danışdılar, bilmirəm, ancaq ikisi də o dəqiqə getdilər (Sonralar Beriyanın işi araşdırılanda, Maslennikov özünü güllələdi - A.M.).

   İyunun 26-dan 27-nə keçən gecə saat 24 radələrində, Malenkovun köməkçisi Suxanovun köməyilə mən hökumət siqnalları ilə 5 ZİS-110 çağırdım və onları HHQ Moskva dairəsinin Kirov küçəsində yerləşən qərargahına  göndərdim. Eyni vaxtda mənim göstərişim əsasında dairə qərargahı operativ idarəsinin rəisi  polkovnik Yerastovun komandanlığı altında 30 zabit-kommunist hazırlanmışdı. Onların hamısı silahlanmış, 5 maşında yoxlanılmadan Kremlə gətirilmişdilər. Onlar gələn kimi Kremlin daxili binasında, Beriya həbsdə olan yerdə mühafizəni dəyişdilər. Bundan sonra ətrafı mühafizə ilə əhatə edilmiş Beriya çölə çıxarıldı və ZİS-110-un orta oturacağına əyləşdirildi. Həmin maşında Batitski, Baksov, Zub və Yuferev əyləşdilıər. Mən qabaqda - sürücünün yanında oturmuşdum, digər maşında HHQ-dən gələn 6 zabit əyləşmişdi. İki maşınla biz dayanmadan Spassk darvazalarını keçdik və Beriyanı Moskva şəhərinin qarnizon qaupvaxtına apardıq...”

 Bu hadisə barədə Sov.İKP MK Rəyasət Heyətinin üzvlərindən başqa heç bir vəzifəli şəxs bilmirdi.

Həmin gün Beriyanın oğlu Serqo da ailəsilə birlikdə həbs olundular. Bütün bu baş verən hadisələrdən hiddətlənən Nina Teymurazovna (L.P.Beriyanın arvadı-A.M.) ölkənin siyasi rəhbərliyinə məktubla müraciət edir.

 

 

  РГАСПИ. F.17. Siy.171. İş.463. Səh.175

  

  N.T.Beriyanın G.M.Malenkova məktubu

 

  29 iyun 1953-cü il.

 

  SSRİ Nazirlər Sovetinin sədri G.M. Malenkova

  Sov.İKP MK katibi N.S.Xruşşova

  SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.E.Voroşilova

  SSRİ Nazirlər Soveti sədrinin müavini L.M.Kaqanoviçə

  Nina Teymurazovna Beriyadan.

   Üç gün bundan qabaq oğlumu ailəsilə birlikdə tutub aparıblar və mənim onlar barədə heç bir məlumatım yoxdur. İndi tək qalmışam. Mənə dedilər ki, Beriya hökumətin göstərişilə saxlanılıb.

   Mən Sov.İKP üzvüyəm, ali (kənd təsərrüfatı elmləri namizədiyəm) və siyasi savadım var, otuz ildən artıqdır ki,  Lavrenti Pavloviç Beriyanın həyat yoldaşıyam. Bütün sovet adamları kimi mən də hesab edirəm ki, Lavrenti Pavloviç kommunizm quruculuğunda və dövlətimizin daxilində xarici düşmənlərə və onun agentlərinə qarşı  mübarizədə sizin silahdaşınızdır. Bunun əsasında mən özümə rəva bilirəm ki, Sizə bir xahişlə müraciət edim – yarım saat vaxt ayırın, məni qəbul edin və mənimlə danışın. Mən ağılsız adam deyiləm, Sizi əmin edə bilərəm ki, otuz il bir yerdə yaşadığım Lavrenti Pavloviçlə sevincimizi də, kədərimizi də bölüşmüşük. Mən onun bir insan kimi zəif cəhətlərini yaxşı bilirəm; və çox yaxşı başa düşürəm ki, bizim düşmənimiz olan hansısa böhtançı da onun zəif tərəfini tapıb. Ona görə mənə elə gəlir ki, bu hadisələrə aydınlıq gətirə bilərəm. Xahiş edirəm məni qəbul edin! Lavrenti Pavloviç həmişə sizə qarşı ehtiram və məhəbbət hissi təlqin edirdi, onun barəsində mən ancaq sizinlə danışa bilərəm. Mənim heç kimim yoxdur, qocayam və bu məlumatsızlığa çox da dözə bilmərəm!

    Əgər Lavrenti Pavloviç böyük bir səhv buraxıbsa və  bununla da Sovet dövlətinə ziyan veribsə, onda mən nə deyə bilərəm. Xahiş edirəm mənə imkan verin, onun taleyi ilə şərik olum, nə cür olursa-olsun. Məni heç kim inandıra bilməz ki, o, Lenin-Stalin ideyalarına və prinsiplərinə şüurlu xəyanət edib, beləliklə, mən də onunla bərabər cəza çəkməliyəm.

    Ancaq xahiş edirəm, mənim oğluma - Serqoya rəhminiz gəlsin, o, atasını əsl kommunist kimi sevir və ona hörmət edir, hələ ki o, buna layiqdir. Sergey gənc alimdir, istedadlı, savadlı adamdır. Onun biliyinə (o, fizika-riyaziyyat elmləri doktorudur və xarici dilləri mükəmməl bilir) və  prinsipiallığına, təmizliyinə görə Sovet dövlətinə çox xeyir verə bilər. Onu cibində bir qəpiyi olmadan evdən götürüb apardılar. O nə qazanıbsa evdə qalıb və onlara da möhür vurulub. Onun həyat yoldaşının heç bir iş vərdişi yoxdur, sağlamlıq cəhətdən zəifdir, məişət çətinliklərini bölüşə bilmir. O, 7-ci aydır ki, hamilədir, üçüncü uşağı gözləyir. Əgər  işdən azad olunarsa, - bu, onun həyatının mənası və məğzidir, - o, tələf ola bilər. Xahiş edirəm, ömrünün ən çətin vaxtlarında ona kömək edin. Bu, onunçün ilk və dəhşətli zərbədir, qorxuram ki, o buna dözə bilməyə. Bir ana kimi xahiş edirəm, ona dəstək olun. Sizin övladlarınız, xanımınız, nəvələriniz var, əhvalımı siz başa düşə bilərsiniz, məni zəifliyimə bağışlayın!

   

Orijinal. Əl yazması

 

        Lavrenti Beriyanın həbsindən bir neçə gün sonra o, Malenkovun adına ikinci məktubu yazır. Güman edir ki, ondan başqa ona heç kim kömək edə bilməz. Çünki, Beriyanın köməyi olmasaydı, Malenkov Şaxurinin işi ilə əlaqədar həbs oluna bilərdi.

 ----------------------------------------------------------------------

РГАСПИ  F.17. Siy.171. İş.463. Səh.163          

   

L.P.Beriyanın G.M.Malenkova məktubu

       28 iyun 1953-cü il

       Sov. İKP MK

       Yoldaş Malenkova

       Əzizim Georgi,

       Mən əmin idim ki, Rəyasət Heyətindəki o böyük tənqiddən  nəticə çıxararam və kollektivə faydalı ola bilərəm. Ancaq MK başqa cür həll etdi. Hesab edirəm ki, MK düzgün hərəkət edib. Hesab edirəm və lazım bilirəm deyim ki, mən həmişə Lenin-Stalin partiyasına sədaqətli olmuşam, işdə həmişə fəallıq göstərmişəm. Gürcüstanda, Zaqafqaziyada, Moskvada, DİN-də, SSRİ Nazirlər Şurasında  və sonra yenə DİN-də bütün bacarığımı işə sərf edirdim, kadrlar işinə işgüzar, sədaqətli, pinsipial, partiyamıza sədaqətli olan yoldaşları seçirdim. Bu, xüsusi komitəyə aiddir. Birinci və İkinci baş idarələrdə, atom işləri və idarə olunan sursatlarla məşğul olanlarda, Nazirlər Sovetinin katibliyində də elə vəziyyət eyni cür idi. Yoldaşlardan Klementi Voroşilov, Nikita Sergeyeviç Xruşşov, Lazar Kaqanoviç, Nikolay Bulqanin, Anastas Mikoyan və başqalarından xahiş edirəm ki, məni bağışlasınlar; bu 15 ildə birgə böyük və gərgin işdə nə olubsa, xahiş edirəm bağışlayın. Əziz yoldaşlar, sizin hamınıza Lenin-Stalin işi, partiyamızın birliyi, monoliti, qüdrətli vətənimizin çiçəklənməsi uğrunda böyük uğurlar  arzu edirəm.

   Georgi, xahiş edirəm, əgər mümkünsə, ailəmi (arvadımı və qoca anamı) və oğlum Serqonu, - hamısını sən tanıyırsan, -  diqqətsiz qoyma.

    Lavrenti Beriya

    28. VI. 1953

-----------------------------------------------------------------

 

РГАСПИ. F.17. Siy.171. İş.463. Səh.164-172

L.P.Beriyanın G.M.Malenkova məktubu

    1 iyul 1953-cü il

    Sov. İKP MK

    Yoldaş Malenkova

    Əzizim Georgi!

    Mənim üçün ağır keçən bu 4 gecə-gündüz ərzində, mən hər şeyi götür-qoy etdim. Sov.İKP MK Plenumundan sonra axırıncı aylarda şəxsən sənə və başqa yoldaşlara münasibətdə mənim tərəfimdən işdə nə olubsa, mən öz hərəkətlərimi sərt tənqid etmişəm. Özümü bərk qınayıram. Xüsusən mənim bağışlanmaz hərəkətim sənə olan münasibətdə olub, burada mənim günahım tamamilə yüz faizdir. Başqa yoldaşlarla bərabər məndə bütün enerjim ilə çalışırdım ki, yoldaş Stalinsiz uçuruma yuvarlanmayaq və öz işimizlə MK və hökumətin yeni rəhbərliyinə dəstək verək. MK və hökumətin göstərişilə DİN rəhbərliyini və onun yerli orqanlarını möhkəmlədərək, DİN, MK, hökumət və başqa suallarla əlaqədar, sənin məsləhətinlə, N.S.Xruşşovun məsləhəti ilə siyasi və praktiki vacib təkliflər verək: həkimlərin reabilitasiyası, Gürcüstanda meqrel-millətçi mərkəzin işi ilə əlaqədar həbs olunmuş və Gürcüstandan düzgün sürgün olunmayanların qaytarılması, əfv haqqında, pasport rejiminin ləğvi ilə əlaqədar, partiya xəttinin düzəlməsi ilə bağlı, Qərbi Ukraynada və Qərbi Belorusiyada, ancaq sənin, N.S.Xruşşovun və başqa yoldaşların tənqidiniz MK Rəyasət Heyətində mənim axırıncı iştirakımla mənim düzgün olmayan arzumla MK qərarı ilə birlikdə DİN məlumat vərəqəsilə bir yerdə yollamaq. Əlbəttə, MK qərarı bununla aşağılana bilərdi və elə alına bilərdi ki, DİN Ukraynanın, Litvanın, Belorusiyanın kommunist partiyalarının mərkəzi komitələrini razı salmasın.        

Düzəliş verirəm, əslində isə DİN-in rolu Sov.İKP MK və hökumətin göstərişlərinin yerinə yetirilməsi ilə məhdudlaşır. Düzünü demək istəyirəm, məlumat vərəqələrinin yollanmasının inadkarcasına tələb edilməsi mənim tərəfimdən axmaqlıq idi və siyasi düşüncəsizlik hərəkəti idi. Axı sən mənə məsləhət vermişdin ki, bunu etmə. Mənim MK Rəyasət Heyətində və Nazirlər Şurasında hərəkətim düzgün deyildi və yolverilməz idi, onlar, mən deyərdim ki, əsəbilik, artıq kobudluq idi; ində mən yaxşı ölçüb-biçdim, başa düşdüm, Almaniyanın məsələsi müzakirə olunanda  yoldaş N.S.Xruşşov, N.A.Bulqanin ilə münasibətdə mənim tərəfimdən kobud və utanmaz hərəkət olub. Əlbəttə, burada mən çalışırdım ki, Almaniyaya, Eyzenxaura və Çörçilə Türkiyə və İran və b. Koreya kimi cavab verilsin;   təklif edirdim ki, Rəyasət Heyəti tərəfindən elə məsələlər üzrə düzgün qərarlar verilsin.

    Macarıstanlı yoldaşların qəbulunda mənim hərəkətim əsassız və düşüncəsizdir. Nad İmre haqqında təklifi mən yox, başqası da yox, sən verməli idin, mən isə ayağa qalxıb axmaq hərəkətlə yanaşı, bundan başqa saymamazlıqla, çox sərbəst danışdım, buna görə də düzgün məzəmmətlə məni yaxşı danlamaq lazımdır. Ancaq onu deyə bilərəm ki, bütün səmimiyyətlə, özüm əsaslı surətdə öz köməkçilərimi məcbur edirdim, MK və hökumətin iclaslarına yaxşı hazırlaşsınlar ki, müzakirə olunan məsələlərlə bağlı düzgün qərarlar qəbul edilsin. Əgər müəyyən məsələlərlə əlaqədar mənim tərəfimdən təşəbbüs qaldırılırdısa, onda biz səhv etməmək üçün, MK və hökuməti pis vəziyyətdə qoymamaq üçün onlara  yoldaşlarla bir yerdə bir neçə dəfə baxırdıq.

    Nazirlər şurasında mənim məlumat vərəqəm və təltif  işlərinin qaydasına salınması üzrə layihə qərarı  qaldı; bunun üstündə mən iki ay işlədim. Sən bildiyin kimi bu məsələ barəsində səninlə biz hələ yoldaş Stalinin sağlığında bir fikrə gəlmək istəyirdik. Mən ehtiyat cəbhəsində birgə çalışdığım  yoldaşlara münasibətdə isə, deməliyəm ki, biz qəhrəmanları xilas etdik;  yol. Jukovu MK-dan çıxardanda isə hamımıza ağır gəldi.

    Əlbəttə, mənim vəziyyətimdə bunlar haqqında yazmaq lazım deyildı. Xahiş edirəm bunları mənə bağışla.

    Əzizim Georgi, xahiş edirəm məni başa düş, sən məni başqalarından yaxşı tanıyırsan. Mən ancaq onu istəyirdim ki, öz daxili imkanlarımla sizinlə bir yerdə ölkəmizi qüdrətli və şöhrətli edək, mənim haqqımda başqa cür fikirləşmək yolverilməzdir. Şübhəsiz, bu hadisələrdən sonra məni intizama dəvət etmək, öz yerimi göstərmək, bərk təpinmək lazım idi ki, ömrümün axırına kimi yadımda qalsın. Əziz yoldaşlar, başa düşün, mən Vətənimizin sədaqətli oğluyam, Lenin və Stalin partiyasının sədaqətli oğluyam və sizin sədaqətli dostunuz və yoldaşınızam. Hara, hansı işə istəyirsiniz, lap kiçik vəzifəyə göndərin, baxın, mən hələ 10 il həvəslə bütün enerji ilə işləyə bilərəm. Bunu ürəkdən deyirəm, bu düzgün deyil ki, əgər mən böyük vəzifə tuturdumsa kiçik işə layiq deyiləm, bunu hər hansı vilayətdə, sovxozda, kolxozda, tikintidə çox asan yoxlamaq olar. Yalvarıram, məni fəal quruculuqdan məhrum etməyin, siz əmin ola bilərsiniz ki, 2-3 ildən sonra mən sizə fayda vermək üçün can yandıracam. Mən son nəfəsimə qədər bizim sevimli partiyamıza və bizim şura hökumətimizə sadiqəm.

 Lavrenti Beriya

 

Yoldaşlar, bağışlayın, mən pis və səliqəsiz yazıram, bu mənim vəziyyətimlə bağlıdır və bir də işığın zəifliyindən, pensnenin olmamasından.

  

 1 iyul 1953-cü il

 Əslidir. Əlyazması

 

1953-cü il iyulun 2-də Moskvada Sov.İKP MK-nın plenumu çağırılır. Növbədənkənar plenum çağırılana qədər Beriya bu dəfə  məktubu Sov.İKP MK Rəyasət Heyətinin üzvlərinə göndərir.

 

  РГАСПИ.F.17. Siy.171. İş.463. Səh.173-174

  Sov.İKP MK Rəyasət Heyətinə L.P.Beriyanın məktubu

  2 iyul 1953-cü il

  Sov.İKP MK Rəyasət Heyətinə

  Malenkova, Xruşşova, Molotova, Voroşilova,

  Kaqanoviçə, Mikoyana, Pervuxinə, Bulqaninə və Saburov yoldaşlara.

    Əziz yoldaşlar, beş gün həbsdən sonra istintaqsız və məhkəməsiz,məni cəzalandırmaq istəyirlər. Yalvarıram, buna imkan verməyin, xahiş edirəm təcili müdaxilə edin, sonra gec olar. Telefon vasitəsilə xəbərdarlıq edin.

    Əziz yoldaşlar, təkidlə yalvarıram, ən məsuliyyətli və ciddi komissiya tərtib edin, mənim işimi ciddi araşdırsın, komissiyaya y. Molotov, ya da Voroşilov başçılıq etsin. Məgər Rəyasət Heyətinin üzvü buna layiq deyil ki, onun işinı araşdırsınlar, təqsirləndırsinlər, izahat istəsinlər, şahidləri dindirsinlər. Bu, bütün nöqteyi-nəzərdən iş üçün və MK üçündür. Nə üçün indiki kimi edirlər, zirzəmidə otuzdurublar, heç nəyi araşdırmırlar, soruşmurlar.

    Əziz yoldaşlar, məhkəməsiz, işi araşdırmadan MK üzvünü - öz yoldaşınızı 5 gecə-gündüz zirzəmidə saxladıqdan sonra qətlə yetirmək istəyirlər.

   Bir daha sizə yalvarıram, xüsusilə Leninlə, Stalinlə işləyən yoldaşlara - Molotova, Voroşilova, Kaqanoviçə və Mikoyana. Leninin və Stalinin xatirəsini əziz tutaraq xahiş edirəm durmadan işə müdaxilə edin, axı mən sizin təmiz yoldaşınızam, partiyamızın sədaqətli üzvüyəm.

   Mən daima ölkəmizin qüdrətli olmasına çalışmışam, partiyamızın birliyindən  başqa fikirlərim olmayıb.

   Öz MK-mızı və öz hökumətimizi dəstəkləyirdim və əlimdən gələni edirdim. Əmin ola bilərsiniz, əgər işi araşdırmaq istəsəniz, bütün ittihamlar götürüləcək. Nə üçün tələsirsiniz, bu çox şübhəlidir.

    Malenkov və Xruşşov yoldaşlardan xahiş edirəm, inadkar olmayın, əgər yoldaşınız bəraət qazansa, bəyəm pis olar.

   Bir daha yalvarıram, sizin yaşlı və günahsız dostunuzun işinə müdaxilə edin, onu məhv etməyin.

   Sizin Lavrenti Beriya

   Təcili Sov.İKP MK Rəyasət Heyətinə

   yol. Malenkova və Xruşşova catdırın

   L.Beriyadan   telefonla                 

   Əsli. Əlyazması

  Beləliklə, Sov.İKP MK Rəyasət Heyətinin üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, SSRİ daxili işlər naziri, SSRİ Ali Sovetinin deputatı və s. vəzifədən heç bir sanksiya və Ali Sovetin razılığı olmadan kiçik bir qrup rəhbər tərəfindən həbs olunmuşdu. Düzdür, bu hal istisna təşkil etmirdi; əvvəllər də  belə həbslər olurdu. Stalin istənilməyən insanları həbsxanaya və hətta qəbirə göndərirdi və baxmırdı ki, bu adamın deputat toxunulmazlığı, MK üzvlüyü və s. var. Ancaq ali partiya orqanı – Siyasi bürodan söhbət gedəndə, onda MK razılığı tələb olunurdu; bu, Buxarin və Rıkovla belə olmuşdu. Ancaq Beriyanın timsalında heç buna da məhəl qoyulmadı. Yalnız Beriyanın həbsindən sonra, formal olaraq  MK-nın plenumunu çağırmaq qərarına gəlirlər.

 

Read 123 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR