Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 28 Avqust 2018 04:47

Stalinin ölümü və sonra baş verənlər haqda (I Hissə)

Written by 

Adıgözəl Məmmədov

 

     XIX partiya qurultayında (oktyabr 1952-ci il) əsas məruzə ilə Malenkov çıxış etdi. Bu o demək idi ki, onu Stalinin rəsmi varisi kimi qəbul etmək lazım idi. Malenkovun mövqeləri bərkimişdı, bu vaxtlar Kremlin sənədlərinə qol çəkməyi Stalin ona həvalə etmişdi. Malenkovu irəli çəkərkən Beriya ölkə rəhbərləyində öz mövqelərini də bərkitdi.

    Jdanovun digər kadrı və Leninqrad qruplaşmasının liderlərindən biri Voznesenski və onun əhatəsilə Beriya çox asanca hesablaşdı. Dövlət Plan Komitəsinin kadrlar şöbəsinin müdiri Y.Y.Andreyev məxfi sənədlərin itməsilə əlaqədar ərizə ilə müraciət edir. Onda Beriya və Malenkov sənədlərin itməsinin günahını gələcəkdə hökumət başçılığına iddialı ola biləcək Voznesenskinin üzərinə qoydular və bu barədə Stalinə məlumat verdilər. Beləliklə də onlar SSRİ Dövlət Plan Komitəsində işləyən Voznesenskinin karyerasına beləcə son qoydular. Jdanovun irəli çəkdiyi adamlardan onlar ancaq Kuznetsovun qohumu Aleksey Nikolayeviç Kosıginə yazıqları gəldi. Əslində      ona Beriya özü kömək etdi. Məsələ burasındaydı ki, Kosıginin qızı Cermen Qvişianiyə ərə gedirdi; Mixail Maksimoviç Qvişiani Beriyanın şəxsi mühafizə xidmətinin müdiri, köhnə çekist idi  (Bu köməyə görə Kosıgin Beriyanın həbsindən sonra Qvişianinin özünə kömək etdi və onu Beriyanın bütün ətrafının üzləşdiyi aqibətdən xilas etdi-A.M.).      

    Beləliklə, güc mərkəzlərini öz əlində cəmləyən Beriya, Stalinin həyatının son illərində faktiki olaraq ölkədə ikinci şəxsə çevrilmişdi. Həyatının son illərində Stalin bərk xəstə idi. O, tez-tez ayaqlarından şikayət edirdi. Vaxtaşırı onun başı bərk fırlanırdı. V.Turkov söyləyirdi ki, yıxılmaması üçün onu izləyirdilər. Oksigen çatışmamazlığı ona bərk əziyyət verirdi. İ.Orlovun dediyinə görə, sıx ağaclıqda seyrəklik aparırdılar, bu ondan ötrü idi ki, hava sərbəst dövr etsin. Buraya insult və iflicin daimi yol yoldaşı olan hipertoniyanı da əlavə etmək lazımdır. Son illər o, özü dəfələrlə deyirdi: “Lənətlənmiş qocalıq gəlir”.

     Stalin öz sağlamlığına zalım kimi yanaşırdı. Çörəyini ayrı-ayrı vaxtlarda yeyirdi. Bu, saat 15, 17, 19, 20 və hətta 22 ola bilərdi. Müalicəni həkimlərdə keçməyi xoşlamırdı, patolojı şübhəli Stalin həkimlərə inanmırdı.

      Ölümündən bir az qabaq bir qrup ziyançı, terrorçu həkimlər barəsində SİTA-nın xəbəri dərc olunmuşdu. Onların məqsədləri bir idi: ziyanlı müalicə ilə çalışırdılar ki, Sovet İttifaqının fəal xadimlərinin həyatını qısa etsinlər. “Əclaf casus və qatillərin” qurbanları arasında partiyanın görkəmli rəhbərləri A.A.Jdanov, A.S.Şerbakov və həmçinin ölkənin hərbi rəhbər-liyində çalışan bir sıra şəxslərin adları çəkilirdi. 

      Terrorçu qrupun sıralarında görkəmli tibb işçilərinin, professorlardan Vovsi M.S., Vinoqradov V.N., Koqan B.B., Yeqorov P.İ., Feldman A.İ., Ettinger Y.Q., Qrişteyn A.M., həkim Mayorov Q.İ. və başqalarını göstərirdilər...

      Məlumat verilirdi ki, qrupun əksər iştirakçılarının “beynəlxalq yəhudi burjua-millətçi qurumu olan, Amerikanın agenturası tərəfindən təşkil olunan “Coynt” təşkilatı  ilə əlaqələri vardır”.        

    Böyük “iş” hazırlanırdı və onun təşkilatçıları tələsmirdilər. Prosesi şəxsən Stalin fikirləşmişdi və bir neçə məqsəd güdürdü. Böyük “iş” ölkədə 30-cu illərin nümunəsinə oxşar kütləvi repressiyaların başlanğıcı olmalı idi. Güman etməyə bütün əsaslar var ki, Stalin “qatil-həkimlər” işinin toz dumanında  bəzi siyasi fiqurları aradan götürmək istəyirdi. Qocalan və daha da şübhələnən Stalin yeni düşmənlərinin siyahısına Molotovu və Mikoyanı əlavə etmişdi.

    MK-nın 16 oktyabr 1952-ci il tarixli plenumunda o, Molotovun ünvanına kəskin sözlər söylədi, Mikoyanı isə “partiya qarşısında” sadaqətsizlikdə ittiham etdi. Stalinin xasiyyəti bilindiyinə görə güman etmək o qədər də çətin deyil ki, onları hansı tale gözləyirdi.

    Yəhudi Antifaşist Komitəsi (YAK) ləğv olunur, onun üzvləri (sədri görkəmli artist  Solomon Mixoels idi –A.M.) casusluqda və antisovet millətçilik fəaliyyətində ittiham olunaraq həbs edilirlər. Əslində, məqsəd “YAK işini” “həkimlərin cinayətilə” bağlamaqdan ibarət idi. Birləşdirici rolu isə S.M.Mixoelsin əmisi oğlu, professor M.S.Vovsi oynayacaqdı. Guya Mixoels ABŞ-dan “Coynt” təşkilatı üçün gələn direktivləri YAK-ın üzvü olan həkimdən alırdı.

     İri miqyaslı antisemit prosesinə - yəhudilərin Şimalın ucqar rayonlarına və Uzaq Şərqə sürgününə və kütləvi repressiyalarına hazırlıq gedirdi. 1952-ci ildə YAK üzvlərinin bir qrupu güllələndi. Ancaq hadisələrin gedişatı Stalinin ölümü ilə dəyişdi.

    1953-cü ilin 28 fevralında Stalinin Kuntsovodakı bağ evində ənənəvi ziyafətin iştirakçıları Beriya, Malenkov, Xruşşov və Bulqanin martın 1-i səhərə qədər rəhbərlə bərabər oldular. Səhərə yaxın onları mühafizə xidmətinin əməkdaşı, polkovnik Xrustalev yola salır. Həmin gün Stalinin yanında mühafizə xidmətinin əməkdaşlarından M.Starostin, V.Tukov, bağ evinın komendan-tının köməkçisi P.Lozqaçev, xidmət personalından M.Butusova olur... P.Lozqaçev xatırlayırdı: “28 fevralda axşam qonaqlara ancaq üzüm şirəsi verilirdi. Qaldı ki meyvə, onlar həmişə stolun üstündə olurdu... Martın 1-i səhər saat dörddə tək qalan Stalin  bizi çağırdı və dedi: “Mən yatıram, sizi daha çağırmayacağam. Siz də yatın”. Əvvəllər Stalin belə göstərişlər verməzdi. 1 martda biz hamımız - hər kəs öz sahəsində işi ilə məşğul olurdu. Günorta vaxtı mühafizəçilər Stalinin kabinetində və otaqlarda bir hərəkət hiss eləmədilər. Bu bizi  diqqət yetirməyə vadar etdi, ancaq təxminən saat 18.30-da kabinetdə və ümumi zalda işıq yandı. Bizdən kimisə çağıracaqlarını düşünərək hamı rahatlıqla köksünü ötürdü. Ancaq nə 19, nə 20 və nə də saat 22-də heç bir çağırış olmadı. Mühafizə dəstəsini həyəcan bürüyürdü, ona görə ki Stalinin iş rejimi pozulurdu, baxmayaraq ki, istirahət günü idi. Adətən istirahət günündə rejim dəyişmirdi.

    Saat 22.30-da mühafizə xidməti xoşagəlməz şeylər haqqında şübhələnməyə başladı. Starostin böyük əməkdaş olduğu halda Stalinə tərəf məni göndərirdi. Mən isə deyirdim ki, sən böyüksən, sən birinci getməlisən. Beləliklə, biz mübahisə aparırdıq, bir-birimizə deyirdik və hər birimiz çağırış olmadan Stalinin yanına getməyə qorxurduq.

    Nəhayət, poçt gəldi. Bu, imkan verirdi ki, Stalinin otağına daxil olaq. Mən məktubları götürdüm və inamlı addımlarla məruzə etməyə getdim.  Otağın birisini keçdim, o birisini, ancaq Stalin heç yerdə görünmürdü. Nəhayət, mən kiçik yemək otağına daxil olanda dəhşətli mənzərə gördüm. Dönüb qurudum qaldım, əllərim-ayaqlarım sözümə baxmırdı. Stalin dirsəyini xalçaya söykəyərək stolun yanında uzanmışdı. O, hələ şüurunu itirməmişdı, lakin danışa bilmirdi, nitqini tamam itirmişdi. Görünür, o,  mənim addımlarımı eşidibmiş və yavaşca qaldırılmış əlilə elə bil ki məni özünə sarı çağırdı. Mən cəld onun yanına qaçdım və soruşdum: “Sizə nə olub, yoldaş Stalin?”

      Cavab əvəzinə aydın olmayan “dz” səsinə oxşar bir şey tələffüz etdi. Döşəmənin üstündə  birinci Moskva zavodunun istehsalı olan cib saatı və “Pravda” qəzeti vardı. Stolun üstündə isə bir mineral suyun şüşəsi və stəkan.

      Domofon ilə mən təcili Starostini, Tukovu və Butusovanı çağırdım. Onlar o dəqiqə qaça-qaça gəldilər və onlardan kimsə soruşdu: “Yoldaş Stalin, sizi kuşetkaya uzadaq?”

      Cavab əvəzinə o, başı ilə razılığını bildirdi. Birgə səylə onu yemək otağındakı kuşetkaya uzatdıq. O dəqiqə DTN-ə İqnatyevə zəng etdik, ancaq o, məsləhət gördü ki, Beriyaya zəng edək. Xəstəni böyük zala aparmağa ehtiyac var idi. Biz hamımız bunu birgə etdik, Stalini enli divana uzatdıq və üstünü pledlə örtdük. Görünürdü ki, Stalin üşüyür, yəqin ki o, axşam saat yeddi-səkkizdən mətbəxdə köməksiz qalmışdı... Mən onun yanında növbəçiliyə durdum”.

     M.Starostin xatırlayır: “Mən o dəqiqə Malenkova zəng etdim və Stalinlə bağlı bədbəxt hadisəni danışdım. Təxminən yarım saat keçəndən sonra Malenkov zəng etdi və dedi: “Beriyanı mən tapa bilmədim. Onu özünüz axtarın”. Daha yarım saat keçdi. Beriya zəng etdi və dedi: “Stalinin xəstəliyi barəsində heç kimə deməyin və zəng etməyin”.

       P.Lozqaçev davam edir: “Xəstə Stalinin yorğan-döşəyinin yanında tək oturmuşam. Qəlbimdə ağıla sığmayan ağırlıq var. Əlacsızlıq, ruhi əzab və sıxıntı içindəyəm. Starostin qaçır, hay salır: Lozqaçev, müdiriyyətə zəng et... Stalinin xəstəliyi ilə bağlı daha kimə zəng etməliyəm, kimə lazımdırsa, bilirlər. Mənim üçün bu gecə ağır və yorucu idi. Səhərəcən mənim başım ağardı... Mən Stalinin yanında tək qalmaqdayam. Gecə saat 2-ni keçmişdi, ancaq xəstəyə heç yerdən kömək yoxdu. Martın 2-də gecə saat 3-də bağ evinə bir maşın yaxınlaşdı. Mən sevindim. Düşünürəm: nəhayət, həkimlər gəldi, mən xəstə Stalini onlara verə bilərəm. Səhv eləmişdim. Məlum oldu ki, gələnlər Beriya və Malen-kovdur. Beriya başını dik tutaraq zala mənim yanıma keçdi. Malenkovun botinkaları cırıldayırdı. O, ayaqqabıları çıxartdı, qoltuğunun altında saxlayaraq, corabla içəri girdi. Silahdaşlar xəstənin yanında dayandılar, bir müddət sakit durdular. Stalin bu vaxt bərk xoruldadı. Beriya mənə müraciət edərək dedi: “Sən nə üçün şayiə yaradırsan. Görürsənmi, yoldaş Stalin bərk yatır. Səs-küy qaldırma, bizi də, yoldaş Stalini də narahat etmə”.

   Mən sübut etməyə çalışırdım ki, yoldaş Stalin bərk xəstədir, ona təcili həkim yardımı lazımdır. Ancaq silahdaşlar məni eşitmək istəmədilər və fövrən zaldan çıxdılar.  Beriya Starostinin üstünə qışqırdı və danladı. Onun sözlərindən ancaq bu ifadəni deyə bilərəm: “Kim sizin kimi  axmaqları yoldaş Stalinə təhkim etdi...”  Bununla da Beriya və Malenkov getdilər.

   Səhər saat  4-ü, 5-i, 6-nı, 7-ni vurdu. Stalinə hələ də həkim köməyi yox idi. Bütün bunlar hamısı xəyanətə oxşamağa başladı.         

   7.30-da Xruşşov gəldi və dedi ki, bir azdan Kreml xəstəxanasının həkimləri gələcək”.            

    V.Tukov xatırlayır: “Mən Molotova zəng etdim və Stalinlə bağlı hadisəni danışdım. Molotov dedi: “Siyasi büro üzvlərinə zəng edin və Stalinin xəstəliyi barədə deyin. Mən indi gəlirəm”.

    Lozqaçev davam edir: “Saat doqquzun yarısı ilə doqquz arasında həkımlər gəldi, onların arasında  P.Y.Lukomcki da var idi. Həkimlər böyük həyəcan keçirirdilər, onların əlləri əsirdi. Elə həyəcan keçirirdilər ki, hətta xəstənin köynəyini belə çıxara bilmədilər. Köynəyi qayçı ilə kəsməli oldular. Həkimlər xəstəni müayinə etdilər və diaqnoz qoydular: beyninə qan sızıb. Onlar müalicə prosedurlarına başladılar - iynə, kamfora, zəlilər, oksigen üfürmək. Cərrahi əməliyyatdan söhbət getmirdi. Hansı cərrah belə bir məsuliyyəti üzərinə götürə bilərdi? Beriya həkimlərə qorxulu sualla müraciət edirdi: “Siz yoldaş Stalinin həyatına zəmanət verirsiniz?”

   Atasının xəstəliyi barədə Vasili Stalinə ikinci gün xəbər verdilər. O, topoqrafik xəritələrlə gəlmişdi, elə bilirdi ki atası onu aviasiya rəisi kimi imtahana tutacaq. Svetlana da xəstə atasının yanına çağırıldı.”

    V.Tukovun xatirələrindən: “Vasili Stalin bağ evinə sərxoş halda gəldi və astanada qışqırdı: “Əclaflar, atamı məhv etdiniz!” Kimsə ona hirsləndi, Voroşilov isə onu dilə tutdu: “Biz yoldaş Stalinin həyatını xilas etmək üçün bütün tədbirləri görürük”.

 

    Stalinin xəstəliyi barədə bütün ölkə bilirdi. Bağ evinə həkimlərin konüllü zəngləri tez-tez olurdu, xahiş edirdilər ki, onları Stalinin yanına buraxsınlar, inandırırdılar ki, onu müalicə edə biləcəklər. Başqa ölkələrdən də zəng edirdilər. Biri heç əl çəkmirdi. Axırda telefona Beriya gəldi. O, həkimdən soruşdu: “Sən kimsən? Təxribatçısan, ya quldursan?” Zəng edən başa düşdü ki, o, kiminlə danışır və dəstəyi qoydu.

  Martın 2-si, 3-ü, 4-ü keçdi, Stalinin vəziyyəti ağırlaşırdı. Bir dəfə o, gözlərini açmağa cəhd göstərdi, dodaqlarını tərpətdi. Ancaq heç nə başa düşmək olmurdu. Hansısa demokratik respublikadan bir xilaskarla danışıqlar aparılırdı, ancaq o gəlmədi. 5 martda nəbz düşməyə başladı. Beriya xəstənin yanına gəldi: “Yoldaş Stalin, Siyasi büronun bütün üzvləri buradadır. Onlara bir söz deyin”. Voroşilov onun qolundan tutub dedi: “Qoy ona xidmətçilərdən biri yaxınlaşsın, onu tez tanıyar”. İ.Xrustalev yaxınlaşdı. Stalin axırıncı dəqiqələrini yaşayırdı. Həkimlər güclü bir iynə vurdular. Stalinin bədəni səksəndi. On dəqiqə keçdi, o, dərin nəfəs aldı və öldü”.

    Stalinin ölümündən 1 saat 10 dəqiqə qabaq Sov.İKP MK Rəyasət Heyətinin Büro iclası keçirildi və orada təşkilati məsələlərə baxıldı. Qəbul edildi ki, “Sov.İKP MK-nın iki orqanından biri – ya Rəyasət Heyəti, ya da Rəyasət Heyətinin Bürosu qalsın. Partiyanın nizamnaməsinə uyğun olaraq bir orqan-Sov.İKP MK-nın Rəyasət Heyəti qaldı”. İclasdan qabaq Xruşşov Malenkova təklif etdi ki, “bundan sonra necə yaşamağımız haqqında söhbət edək”. Ancaq əvəzinə soyuq rədd cavabı aldı: “İndi nə danışmaq olar? Hamı gələr, onda danışarıq. Bunun üçün yığışırıq”.

 Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Ali Soveti Rəyasət Heyətinin birgə plenum iclasında Beriya Nazirlər Sovetinin sədri vəzifəsinə Malenkovun namizədliyini irəli sürdü, o isə öz növbəsində iki nazirliyi birləşdirməyi təklif etdi. DTN və DİN bir nazirliyə - SSRİ Daxili İşlər Nazirliyə çevrilsin və yeni struktur Beriyaya həvalə edilsin. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Voroşilov oldu, Xruşşovu isə Stalinin dəfn mərasiminin təşkili üzrə komissiyanın sədri təsdiq etdilər, Sov.İKP MK-ya öz işində fikrini cəmləşdirmək məsləhət görüldü.

Stalinin ölümündən sonra L.Beriya Dövlət Təhlükəsizlik və Daxili İşlər nazirliklərini birləşdirərək yeni qurumun naziri oldu. Artıq 1953-cü ilin mart ayının sonlarında M.C.Bağırov Sovet İttifaqı KP MK Rəyasət Heyətinə namizəd kimi daxil olur. O, Rəyasət Heyətinin üzvlüyünə namizəd kimi Azərbaycan rəhbərliyindən bu yüksək pilləyə çatmış ilk şəxs olur. Stalinin ölümündən sonra ilk aylar Beriya-Malenkov birliyi KP MK-nın  Rəyasət Heyətində istənilən məsələni öz mənafelərinə uyğun həll edirdilər. Görünür, Beriyanın planına görə, SSRİ-də hakimiyyət bölgüsü aşağıdakı şəkildə aparılmalı idi:

  1. Sovet İttifaqı KP MK-nın I katibi - E.M.Malenkov;
  2. DTN və DİN sistemlərini əlində cəmləşdirmiş Nazirlər Sovetinin I müavini kimi - L.Beriya;
  3. SSRİ Nazirlər Sovetinin sədri - M.C.Bağırov – sonradan KP MK-nın Rəyasət Heyətinin həqiqi üzvü seçilməklə - (Bunu biz aşağıda izah edəcəyik);
  4. Müdafiə naziri – N.A.Bulqanin;
  5. SSRİ Ali Sovetinin sədri – K.E.Voroşilov (onların hər ikisi öz vəzifələrində qalmaqla);

6. Xarici işlər naziri – V.N.Dekanozov-Rəyasət Heyətinə namizəd və sonra həqiqi üzv seçilməklə.

Stalinin ölümündən sonra 3 ay yarım ərzində L.Beriya demək olar ki, hər gün yeni-yeni təşəbbüslərlə çıxış edirdi.

N.K.Baybakovun «Ot Stalina do Yeltsına» kitabından.

A.Mikoyan öz xatirələrində qeyd edir:

«Beriyaya sual verirdim ki, bu qədər səlahiyyətlərlə Daxili İşlər Nazirliyi sənin nəyinə lazımdır?» O isə bu sualıma cavab olaraq söyləyirdi: «Qayda-qanunu bərpa etmək lazımdır. Ölkədə bu vəziyyətə dözmək olmur. Bizdə çox sayda həbs olunan insanlar var, onları azad etmək lazımdır». Həqiqətən də 24 mart 1953-cü ildə L.P.Beriya Sov.İKP MK Rəyasət Heyətinə əfv haqqında müraciət göndərir və bu müraciətin əsasında martın 27-sində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı çıxır. Bu fərmana əsasən həbsdə olan 2,5 milyon insanın 1,2 milyonu azad olunur».

Sonra növbə siyasi dustaqlara gəldi, 1953-cü il aprelin 4-də qəzetlərdə «SSRİ DİN-in məlumatı» dərc olundu. Burada göstərilirdi ki, L.Beriyanın sərəncamına əsasən, DİN-də yaradılmış istintaq qrupu «Həkimlər işini» araşdıraraq bu qənaətə gəlmişlər ki, aparılan istintaq zamanı zor tətbiq edilmişdir, alınan ifadələr həqiqəti əks etdirmir və irəli sürülən ittihamlar əsassızdır. Əslində, həm də Beriya bu addımı ilə Molotovu öz tərəfinə çəkmək istəyirdi. Belə ki, “həkimlərin işi” ilə əlaqədar Molotovun arvadı da həbs olunmuşdu. Bununla bərabər o, hakimiyyətə can atan Xruşşova və di­gər  qruplara xəbərdarlıq işarəsi də edirdi. Belə ki, N.S.Xruşşov 1936-cı ildən Moskva partiya komitəsinin katibi, 1939-cu ildən isə KP MK-nın Rəyasət Heyətinin üzvü olduqdan sonra o, kütləvi həbslərlə və güllələnmələrlə nəticələnən «Moskva prosesləri»nin təşkili ilə məşhurlaşmışdı.

Məhz o, Ukraynada I katib işləyən zaman aclığa qarşı etiraz edən­lərin kütləvi terrorunu təşkil etmişdi.

O dövrlər Stalin partiya rəhbərləri arasından məxfi olaraq seçilmiş partiya funksionerlərinə xüsusi səlahiy­yətlər - «Samosud» (özümühakimə) etmək hüququnu vermişdi. Bunlara «üçlüklər» de­yilirdi. Artıq Beriya həbs olunan siyasi məhbuslardan çoxlu sayda məktublar alırdı; bu məktublarda onların günahsız olduqları və N.S.Xruşşovun göstərişlərinə əsasən azadlıqdan məhrum olunduqları bildirilirdi. Beriya bu faktlardan Xruşşovu siyasi səhnədən uzaqlaşdırmaq üçün istifadə etməyə hazırlaşırdı. Təsadüfi deyil ki, Beriyanın ölümündən son­ra birbaşa Xruşşovun göstərişi ilə Ukrayna və Moskva «təmiz­ləmələri» ilə əlaqədar bütün sənədlər arxivlərdən çıxardılıb yandırılır. Bu təmizləmələrdən sonra artıq o, «Stalin dövrünü» atəşə tutan ali hakimə çevrildi.

1957-ci ildə Sov.İKP Moskva şəhər komitəsinin Partiya İnstitutunun direktoru Kastamarova Xruşşovun imzası ilə güllələnmiş insanların sənədlərini arxivdən çıxartdı.

1988-ci il 25 dekabrda Sov.İKP MK Siyasi bürosunun komissiyasının 30-40-cı illərdə aparılan rep­ressiya ilə əlaqədar çıxarışında göstərilir:

Xruşşov 1936 – 37-ci illərdə Moskva şəhər partiya komitəsinə rəhbərlik etdiyi zaman 55741 nəfər, Ukraynaya birinci katib vəzifəsinə gəldikdən sonra 1938 – 1940-cı illərdə 167585 nəfər insan repressiyaya uğramışdır (Хрeстоматия по Отечественной истории 1948 – 1995 гг. М., 1996, səh. 317).

1948-ci il 2 iyulda SSRİ Ali Sovetinin məlum fərmanının tərtibçisi birbaşa Xruşşovun özü idi. Bu fərmana əsasən, əmək fəaliyyətindən yayınanları xüsusi, yeni insan məskənlərinə sürgün edirdilər. Bu fərmana əsasən, 33266 insan + 13538 ailə sürgün olunmuşdur.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsinin (ali dövlət rəhbərlərinin mühafizəsi) rəis müavini, Sovet İttifaqı qəhrəmanı Mixail Stepanoviç Dokuçayev öz xatirələrində qeyd edirdi (N.K. Baybakov, «От Сталина до Ельцина», səh. 153):

«Müharibə zamanı N.S.Xruşşovun təyyarəçi oğlu Leonid ağır cinayət törədir. O, oğlunun əfv olunması xahişi ilə əlaqədar Sta­linin qəbuluna gəlir. Otağa daxil olan Xruşşov dizi üstə daya­naraq göz yaşını tökür, hıçqıra-hıçqıra Stalinin aya­ğından tutur və oğlunu əfv etməsini ondan xahiş edir. Ancaq Stalin onun oğlunu əfv etmir və ön cəbhədəki cərimə batalyonuna yollatdırmaq tapşırığını verir!

Xruşşov bu hadisədən sonra öz yaxın dairəsində Stalindən bu hayıfı çıxacağına and içir».

1953-cü ilin mart ayında Stalinin ölümündən sonra baş katibin səlahiyyətləri Rəyasət Heyətinin üzvlərinə keçdi. Ancaq real ida­rəetmə rıçaqları Rəyasət Heyətinin üç üzvü arasında bölünmüşdü; SSRİ Nazirlər Sovetinin sədri Malenkov, Mərkəzi Komitə aparatının rəhbəri Xruşşov və Nazirlər Soveti sədrinin müavini, daxili işlər naziri Beriyanın.

 Ancaq Beriya Kremldəki hakimiyyəti tam ələ almaq üçün müəyyən hazırlıq tədbirləri də görməyə başlayır. Öz təsəv-vüründə bu siyasi hakimiyyət dəyişikliyində ona dəstək verə biləcək şəxslərdən ən əsası M.C.Bağırovu sayırdı. Həqiqətən də Beriyanın aparacağı bu siyasi hakimiyyət də­yiş­kənliyinə M.C.Bağırov da hazırlaşırdı.

1953-cü ilin 6 aprelində AKP MK-nın büro iclasında M.C.Bağırov AKP MK-nın I katibi vəzifəsindən azad olunaraq Azərbaycan Nazirlər Sovetinin sədri seçilir. Bu təyinat Beriya-Bağırov planına görə, SSRİ Nazirlər Sovetinin sədrliyinə gedən yolda tramplin rolunu oynayacaqdı. AKP MK-nın I katibi vəzifəsinə Siyasi büro tərəfindən Mir Teymur Yaqubov təsdiq edilir. Ona qədər o, Bakı şəhər Partiya komitəsinin I katibi vəzifəsində işləyirdi. İkinci katib yenidən Vitali Səmədov təsdiq edilir.

 

 

 

Read 93 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR