Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 27 Avqust 2018 08:18

“Jewish Journal” nəşri dinlərarası harmoniyanın və multikulturalizmin Azərbaycan modeli barədə yazır

Written by 

Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Kaliforniyaya tarixi səfər zamanı dinlərarası harmoniyanın və multikulturalizmin Azərbaycan modeli nümayiş etdirildi” sərlövhəli məqaləsi dərc olunub.

Müəllif yazır ki, 2018-ci ilin may ayında Azərbaycan dini liderlərinin Los-Ancelesə və San-Fransiskoya səfər etmiş nümayəndə heyətinin üzvləri arasında o da olub. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyətinə Azərbaycanın müsəlman, Avropa yəhudiləri, xristian pravoslavlar və alban-udin xristian icmalarının rəhbərləri daxil idi. Səfərin məqsədi Azərbaycanda multikulturalizmin, dinlərarası harmoniyanın və tolerantlığın unikal modelinin təcrübəsini bölüşmək, dinlər arasında möhkəm sülhün və qarşılıqlı anlaşmanın mümkünlüyü məsələsini müzakirə etmək idi.

M.Yevdayev yazır ki, bu səfər Amerika Yəhudi Komitəsinin Los-Anceles və San-Fransisko regional bölmələri tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevlə sıx əməkdaşlıq şəraitində təşkil edilib. Artıq iyirmi ildir ki, Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında yaxşı münasibət yaranıb. Baş direktor Devid Harris başda olmaqla Komitənin nümayəndə heyəti son 11 ildə hər il Azərbaycana səfər edir və Azərbaycan bu Komitənin rəsmi səfərlərinin illik təqvimində yer alan az sayda ölkələrdən biridir.

Azərbaycan nümayəndə heyətinin üzvləri Kaliforniyada olarkən bir sıra dini liderləri və Kaliforniyanın qanunvericiləri, habelə yerli yəhudi icmasının rəhbərləri ilə görüşüblər. Bu görüşlərdə Azərbaycanda ta qədimdən mövcud olan tolerantlıq və multikulturalizm ənənələri müzakirə edilib. Azərbaycanda müxtəlif etnik və dini qrupları təmsil edən insanların, o cümlədən müsəlmanlar, pravoslav xristianlar, katoliklər, protestantlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlərboyu qardaşcasına dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Məqalədə deyilir ki, bu gün Azərbaycanda 31 qeyri-müsəlman dini icması rəsmi qeydiyyata alınıb. Bundan əlavə, Azərbaycanda yeddi sinaqoq fəaliyyət göstərir, bir muzey-sinaqoq tikilməkdədir, iki yəhudi ibtidai məktəbi, üç yəhudi uşaq bağçası və 14 kilsə var. Azərbaycan bəlkə də kiçik ölkə sayıla bilər, lakin bu ölkənin rəhbərliyi dinlər arasında harmoniya, qarşılıqlı anlaşma və sülhün qorunub saxlanması və möhkəmlənməsi üçün böyük səy göstərir, bu da öz növbəsində bütün dünyada sülhə töhfə deməkdir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

https://azertag.az/xeber/Jewish_Journal_nesri_dinlerarasi_harmoniyanin_ve_multikulturalizmin_Azerbaycan_modeli_barede_yazir-1188984

 

 

Read 100 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR