Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 23 Avqust 2018 09:02

Ermənilərin Türkiyədən Azərbaycan və Gürcüstan ərazisinə köçürülməsi

Written by 
Ermənilərin Türkiyədən Azərbaycan və Gürcüstan ərazisinə köçürülməsi https://www.google.ru

1826-1828-ci illər Rusiya-İran müharibəsində qələbədən ruhlanan rus ordusu 1828-ci il iyunun 14-də Paskeviçin komandanlıqı altında Gümrü yaxınlığından Arpaçayı 12 minlik qoşunla keçərək Şərqi Anadoluya hücuma başlayır və iyunun 23-də Qars qalasını ələ keçirir.

Hücumu genişləndirən ruslar iyulun 24-də Axılkələyi, avqustun 15-də Axıskanı, 22-də Ərdəhanı, 28-də Bayazidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində rus ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu, Bayburdu işğal edir…

…1829-cu ilin avqustunda ruslar Balkan cəbhəsində İstanbula yaxınlaşan zaman II Sultan Mahmud barış istəmiş və sentyabrın 2-də Ədirnə müqaviləsi imzalanmışdı. Müqaviləyə görə Axılkələk və Axıska bölgələri Rusiyanın tərkibinə keçmiş, işğal edilmiş qalan ərazilərin Turkiyəyə qaytarılması qərara alınmışdı.

Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş ərazilərində qalan ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə Rusiyanın tabeliyinə keçmək hüququ verilmişdi. Rusların Qars, Ərdahan, Bayazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi türklərə xəyanət edən erməniləri çıxılmaz vəziyyətə sadmişdı. Erməniləri bu vəziyyətdən xilas etmək üçün rus qoşunlarının komandanlığı onları yeni işqal edilmiş ərazilərə köçürməyi və bununla da Türkiyə ilə sərhəd boyu ərazilərdə xristianların say üstünlüyünü təmin etməyi qərara almışdı. Bu məqsədlə də 1829-cu il oktyabrın 10-da Paskeviç imperator I Nikolaya yazdığı raportunda göstərirdi: “Bayaziddə 2 min erməni bizim əsgərlərin cərkəsində vuruşmuşdular, Ərzurumda xristian əhalisinin böyük hissəsi bizim dini bayramı qeyd etmişlər; Qarsda ermənilərdən ibarət 800 nəfərlik könüllü batalyon təşkil edilmişdi, onların ailələridən – 10 min nəfərinin başının üstünü labüd təhlükə almışdır. Bu bədbəxt qurbanlara diqqətinizi yönəldin, Rusiyaya göstərdikləri məhəbbətə görə Osmanlıların onlardan qisas almasına yol verməyin.

Ona görə də cəsarət edib Əlahəzrət imperatordan mənə bu ailələri Gürcüstan və Erməni vilayətlərində yerləşdirmək ixtiyarını verməsini xahiş edirəm. Zənnimcə, köçürülən hər bir ailəyə orta hesabla 50 gümüş rubl kifayət edəcəkdir”.

Noyabrın 18-də hərbi nazir Çernışev Paskeviçə cavab göndərir ki, imperator onun təklifini bəyənmişdir. Bundan sonra Paskeviç dərhal əməli fəaliyyətə keçir. O, dekabrın 3-də Gürcüstan mülki qubernatoruna məktub yazaraq göstərir ki, artıq Türkiyə paşalıqlarında yaşayan xristianların Gürcüstana və Rusiyaya mənsub vilayətlərə köçmək istəyən və bunun üçün maddi yardım tələb etməyən ailələrinə yola düşmək üçün bilet /vəsiqə/ verməyi yerli qoşun rəislərinə icazə vermişəm. Bundan istifadə edən bir çox ailələr dərhal yola düşürlər. Qars və onunətrafından köçənlər onların yaşadıqları ərazilərin iqlim şəraitinə uyğun olan Ələyəz /Alagöz/ ətrafındakı boşalmış kəndlərdə məskunlaşdırılmışdılar. General Pankratyev Paskeviçə xəbər verir ki, Loru dərəsində yerləşmək üçün 95 ailəyə bilet /vəsiqə/ vermişdir. General mayor Bereman həmçinin Qarsdan çıxıb Gümrüyə yola düşən 400 ailəyə bilet verdiyini bildirmişdi.

Paskeviç köçürmə işlərinə və köçürülən ailələrin məskunlaşdırılması işinə rəhbərlik etmək üçün xüsusi komitə təsis etmişdi. Komitənin fəaliyyəti üçün 12 maddəlik ümumi qaydalar müəyyən etmişdi. 1 Bu qaydalar aşağıdakılardan ibarət idi:

1. Köçürülənlər Rusiyanın ərazisinə daxil olan kimi onların qayğısı üçün bütün sərəncamları köçkünlər komitəsi verəcəkdir.

2. Köçürülmə prosesi sona yetənədək, köçürülənlərin hamısı yaşayış yerlərində məskunlaşdırılanadək, kəndlərdə köçkünlərin təsərrüfat qayğıları həll edilənədək komitə öz fəaliyyətini davam etdirməlidir. Bundan sonra Baş komandanlıq hesaba verib fəaliyyətini dayandırmalıdır.

3. Komitə dərhal Kürcüstanda və digər əyalətlərdə boş dövlət torpaqları haqqında məlumat toplamalıdır.

4. Bütün köçkünlər üç zümrəyə ayrılmalıdırlar: 1)tacirlər və alverçilər, 2) sənətkarlar və istehsalın hər hansı növündən baş çıxaranlar, 3) əkinçilər və yaxud kəndlilər. Köçkünlərin məskunlaşdırılması zamanı tacirləri və sənətkarların şəhərlərə və bu işlə məşğul olmağa imkan olan yerlərdə, kəndliləri isə kəndlərdə yerləşdirmək, bu zaman iqlim şəraitini və əvvəlcə məskunlaşdıqları səviyyəni nəzərə almaq lazımdır. Yeltzavetopolda /Gəncə/, digər şəhər və əyalətlərdə boş dövlət evləri vardır, ona görə də sənətkarları , və tacirləri həmin yerlərdə yerləşdirməyi komitə nəzərdə tutmalıdır.

5. Köçkünlər Komitəsi Türkiyə ərazisində köçürülənlərin siyahısını hərbçilərdən tələb edən zaman onların haradan köçürüldükləri, hansı işlə məşğul olmaları haqqında məlumat verməyi tələb etməlidir.

6. Komitə çalışmalıdır ki, köçürülən kəndlər bütövlüklə, bu mümkün olmazsa, qonşuluqda yerləşdirilsinlər.

7. Komitə köçürülənləri lazımi qədər torpaqla təmin etməlidir /hər kənddə ailələrin, hər ailədə nəfərlərin sayına mütənasib olaraq/.

8. Köçürülənlər bütünlüklə dövlət torpaqlarında, əgər kifayət etməsə, kilsə və mülkədar torpaqlarında yerləşdirməlidirlər.

9. Köçürülənlər 6 il müddətinə verkilərdən, 3 il müddətinə torpaq mükəlləfiyyətindən azad edilməlidirlər.

10. Yeni köçürülən xristian kəndlərini müsəlman kəndləri ilə qarışdırmamaq onlardan ibarət ayrıca mahallar və dairələr təşkil etmək lazımdır.

11.Köçürülənləri məskunlaşdırmaq üçün yer seçərkən rahatlığı, gözəlliyi və yaxşı suyu olmasının qayğısına qalmaq lazımdır.

12. Köçürülən hər bir ailəyə orta hesabla 25 rubl gümüş pul həcmində köməklik göstərilməlidir.

Köçkünlərin məskunlaşdırılması zamanı bu təlimata ciddi əməl edilmişdi. İstər indiki Ermənistan və Gürcüstana, istərsə də Azərbaycanın Gəncəbasar və Qarabağ əyalətlərinə köçürülən ermənilər yığcam halda, təbii gözəlliyi, yaxşı iqlimi, saf suyu olan dağətəyi rayonlarda və şəhərlərdə yerləşdirilmişdilər.

Vaqif ARZUMANLI, Nazim MUSTAFA. “Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq” kitabından. Bakı: “Qartal”, 1998

http://1905.az/erm%c9%99nil%c9%99rin-turkiy%c9%99d%c9%99n-az%c9%99rbaycan-v%c9%99-gurcustan-%c9%99razisin%c9%99-kocurulm%c9%99si/

 

 

Read 127 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR