Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 21 Avqust 2018 08:35

Qafqazda daşnakların almanlara qarşı terroru

Written by 
Qafqazda daşnakların almanlara qarşı terroru https://www.google.ru

Tarixçi-araşdırmaçı Xaqani İsmayıl: “XX əsrin əvvəlindən erməni millətçiləri Helenendorf (Göygöl) alman koloniyasını terror basqısı altında saxlayırdı”

Erməni millətçilərinin son əsrdə Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım faktları hər birimizə məlumdur, hətta dünyanın bir sıra ölkələri bu tarixi faktları tədricən etiraf etməkdədir. Təəssüflər olsun ki, xristian təəssübkeşliyi və beynəlxalq aləmdəki ikili yanaşma bir çox güclərin, paytaxtların ədalətli mövqedən çıxış etməsinə imkan vermir, əksinə, saxta “erməni soyqırımı”nı tanıyanların sıraları ilbəil artır. Ancaq son əsrdə ermənilər elə dəhşətli cinayətlərə əl atıblar ki... Özü də bu cinayətlər təkcə Azərbaycan və Anadolu türklərinə qarşı yönəlməyib.

Yazıçı, tarixçi-araşdırmaçı Xaqani İsmayıl vaxtilə çox qiymətli araşdırmalarını toplayaraq nəşr etdirib və həmin materiallar dünyanın üç dilində nəşr edilib. Söhbət böyük bir coğrafiyada törədilmiş soyqırımlar silsiləsindən gedir. Belə ki, ötən əsrin ilk yarısında erməni millətçiləri indiki Göygöl (keçmiş Helenendorf-red.) rayonu ərazisində yaşamış almanlara qarşı siyasi terrorla yanaşı, soyqırım siyasəti həyata keçiriblər. Dəyərli tarixçimizlə bu sensasion faktlarla bağlı danışdıq.

- Xaqani müəllim, Sizi ermənilərin bölgəmizdə həyata keçirdikləri dəhşətli soyqırım siyasəti barədə kifayət qədər bilgili tarixçi kimi tanıyırıq. “Yeni Müsavat”ın oxucularına bu mövzuda nə deyə bilərsiniz?

- Nəzərdə tutduğunuz tarixi araşdırmalarım coğrafi baxımdan Kiprdən başlayaraq, Anadolu, Güney Azərbaycan (İran), Qafqazlar və Orta Asiyanı əhatə edir. Həmin araşdırmalarımın yayınlandığı kitablardan biri “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı”, digəri “Erməni məsələsi” və türk-müsəlman soyqırımı" (ensiklopedik tarixi araşdırma - red.) adlanır. Həmin kitablarda bu gün və gələcəkdə də aktuallığı qoruyacağı öngörülən Kiçik Asiyadan Türküstana qədər nəhəng bir ərazidə təkcə ermənilərin özlərinə düşmən seçdikləri türklərə (müsəlmanlara) qarşı deyil, həm də arxa seçdikləri və təəssübkeşləri olduqlarını bildirdikləri xristianlara və yəhudilərə qarşı törədilmiş hərbi cinayətlərdən, indiki beynəlxalq hüququn dili ilə dedikdə soyqırımlardan gedir. Tədqiqatlarımın bu cür yön alacağını AMEA-nın Tarix İnstitutu da təxmin etməmişdi və ilk dəfə bu kitabları Yaqub Mahmudovla görüşümdə ona təqdim edəndə olduqca heyrətləndi. Sözün gerçəyi, hələ 2015-ci ildə Türkiyənin Xocalı hadisələri ilə bağlı Şərqi Anadoluda keçirdiyi konfransdakı çıxışım zamanı bu yenilikləri açıqlamağımla sanki tozanaq qopdu - bu, Türkiyədə möhtəşəm bir olaya çevrildi, Türkiyənin Şərq vilayətlərindən dəvət almış tarixçi alimlər, ictimai xadimlər, dövlət rəsmiləri və TRT, “Anadolu Agentliyi” kimi dövlət kanallarının yayım təmsilçiləri heyrət içindəydilər. Konfransda yardımçısı iştirak edən Azərbaycanın Qars Baş konsulu Ayxan Süleymanlının imzası ilə xarici işlər naziri Elmar Məmmədyarova  həmin gün, 25 fevral 2015-ci il tarixində raport göndərilərək, mənim şəxsimdə bu çıxışla Azərbaycanın Türkiyədə böyük bir uğura imza atdığı bildirildi... Bu məsələlərə münasibəti yoxlamadan keçirmək üçün Gürcüstanda da hələlik iki rəsmi görüş keçirdim.

Xaqani İsmayıl ile ilgili görsel sonucu

Yəhudi əsilli gürcü olan tarixçi professor, Gürcüstan Elmlər Akademiyasının Tarix İnstitutunun Qafqaz ölkələrini araşdıran şöbənin müdiri, Gürcüstandakı “Yəhudi Muzeyinin” direktoru, bir neçə ölkə tərəfindən Nobel mükafatına namizəd irəli sürülmüş Qivi Qambaşizdenin “Qafqaz Fondunda” özünün rəhbərliyi, bəzi gürcü alimlərinin və yerli Azərbaycan ziyalılarının iştirakı ilə qapalı görüşümüz oldu. Növbəti görüşümüz Gürcüstan Elmlər Akademiyasının Kriminalistika İnstitutunda təşkil olunmuşdu. Hər iki görüşdə mənim məruzəmə və təqdim etdiyim tarix faktlara diqqət edilərək belə bir qənaətə gəlindi ki, bizim kitabların əsasında belə müzakirələr Tiflisdə ermənilərin iştirakı ilə açılsa, onlar cavab verə bilməyəcəkləri üçün dava salıb konfransı dağıtmağa çalışacaqlar. Hətta ağsaqqal Qivi Qambaşizde qayğılanaraq dedi ki, bilmirsinizmi, cavab verə bilmədikləri üçün son nəticədə onlar sizə qarşı terrora əl atacaqlar. Dedim ki, əlbəttə, mən bu ehtimalı gözə alıram - ancaq millət olaraq, başqa çıxış yolumuz yoxdur.

Bu həqiqətləri dünyaya, özəlliklə də ermənilərin dayaq seçdikləri ölkələrə çatdırmalıyıq. Sonra AMEA Tarix İnstitutunun dövlət orqanlarımızın dəstəyi ilə keçirdiyi soyqırımla bağlı beynəlxalq konfransda “Ermənilərin xristianlara qarşı soyqırımı” mövzusu ilə bağlı məruzəm oldu. Orada iştirak edən gürcü, rus, özbək və s. alimlər də bu araşdırma istiqamətinin sensasiyalı olduğunu bildirdilər. Moskvadan təmsil olunan tarixçi professor İqor Turitsın isə həmçinin bildirdi ki, bu tarixi yeniliklər Rusiya dövləti ilə ermənilər arasında bir ciddi uçurum yaradır ki, bu səbəbdən də sizin kitabın Rusiyada nəşrini qadağan edəcəklər. Sonra “Ermənilərin xristianlara qarşı soyqırımı” kitabının ingiliscəsi İsveç parlamentinə göndərildi.

Almanlar-foto-3.png (593 KB)

Yanlışlıqla uydurma “erməni soyqırımı”nı tanıyan İsveç parlamenti kitabımla tanış olan bir neçə İsveç millət vəkilinin təqdimatı ilə keçən il mayın 9-da bu mövzu ilə bağlı mənim parlament binasında İsveç ictimaiyyəti üçün yerli dilə sinxron tərcümə ilə seminar verməyimə icazə verdi. Təbii ki, bu tədbirin təşkilatçısı İsveçdəki güneyli-quzeyli azərbaycanlı diasporu idi, oradakı səfirliyimiz də maraq göstərərək 3 nəfər heyətlə seminara qatılmışdı. Azərbaycanda təmsil olunan səfirliklərdən isə bu kitablara hələlik Pakistan, Latviya, Ukrayna, Qazaxıstan, İran səfirlikləri maraq göstərib. Bütün bu sadalananlara səbəb nədir? Təbii ki, heç kəsin gözləmədiyi halda ermənilərin 1919-cu ildə ingilislərin silahlı köməyi ilə Qars vilayətində hökumət  yaratdıqdan sonra oradakı rus və yunan kəndlərini qılıncdan keçirməsi, 1918 və 1993-cü illərdə Gürcüstanda gürcülərə qarşı soyqırım törətməsi, 1916-cı ildə Türkiyədə,1918-1919-cu illərdə Qubada və Urmiyada, 1941-ci ildən etibarən isə faşist əməliyyatları kölgəsində yəhudilərə qarşı soyqırımı törətməsi kimi tarixi sənədlərin bizim kitabda sistemli şəkildə təqdim və şərh olunmasıdır. Dediyiniz kimi, bu heyrətamiz olaylar sırasında Qafqaz almanlarına qarşı erməni millətçiləri tərəfindən həyata keçirilən siyasi terror, faktiki, soyqırım siyasəti də araşdırdığımız önəmli səhifələrdəndir.

“Terrorçu erməni millətçiliyi ilə alman faşizmi arasında çox fərq var”

- Tarixi mənbələrdən aydın olur ki, hələ 1907-ci ildə Yelizavetpol (Gəncə-red.) şəhərində Daşnaksütyun Partiyasının üzvlərinə qarşı cinayət işi açılıb. Şəhər pristavının köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək Daşnaksütyun Partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf (Göygöl-red.) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilir. Deməli, erməni millətçiləri onların mənfur siyasətinə dəstək verməyən şəxsin milli kimliyinə və dininə belə fərq qoymayıblar. Elə isə nədən bu kimi faktlar dünyada adekvat cavabını almayıb?

- Alman sahibkarı Qurra - əslində bu soyad “Hurr” kimi yazılmalıdır - qarşı Daşnaksütyun Partiyasının xərac tələbi və onun öldürülməsi hadisəsi ermənilərin Qafqaz almanlarına qarşı nə ilk, nə də yeganə terror əməli deyil. Bu qanlı olaydan öncə, 4 iyul 1904-cü ildə Yelizavetpol Quberniyasının Qubernator müavini Andrey Filimonoviç Andreev (milliyyətcə alman), 26 sentyabr 1905-ci ildə (Tiflisdə) Cənubi Qafqaz alman koloniyaları baş pastoru -  Markus Miller erməni daşnaklarının vəhşicəsinə terroru sayəsində həyatlarını itirmişdilər. Başqa alman kolonistlərdən 1904-cü ildə Qotlib Digel, 1905-ci ildə Henrih Mayer və o dönəmdə müxtəlif zamanlarda başqaları da erməni terrorunun qurbanı olmuşdular. Başqa sözlə, XX əsrin əvvəlindən erməni millətçiləri Helenendorf alman koloniyasını terror basqısı altında saxlayırdı. Bu kimi azğın fəaliyyətlərin nədən hüquqi və siyasi qiymətini almaması məsələsinə gəldikdə isə öncə onu xatırladaq ki, o dönəmdə ermənilərin dövləti olmamağına baxmayaraq gizli şəkildə “Böyük Ermənistan” uğrunda mübarizə aparırdılar. Bu yolda onlara dəstək verməyən rus, gürcü əsilli çar məmurlarına qarşı da terrora əl atmaqdan çəkinmirdilər. Bakı qubernatoru gürcü Nakaşidzedinin və başqalarının daşnaklar tərəfindən öldürülməsi buna əyani sübutdur. Daşnakların bu tip terror cinayətləri o həddə çatmışdı ki, 1912-ci il yanvarın 17-də Sankt-Peterburqda Senat Məhkəməsi bu cinayətləri mühakimə edərək hökm verirdi. Sonucda ərköyün ermənilərin hökumətdəki himayədarları mərhələlərlə onların əksəriyyətini çar Rusiyasının bu ağır cəzalarından birtəhər ötüşdürdü... İndi arxivlər açılır və azərbaycanlılar, almanlar, ruslar, gürcülər və başqa maraqlı tərəflər bu məsələləri yenidən araşdırıb-dəyərləndirmək imkanı qazanıb.

- Məlumatlara görə, bu kimi dəhşətli faktlarla tanış olan Almaniyanın Bonn Universitetinin professoru, Qafqaz almanları tarixinin tədqiqatçısı xanım Eva Mariya Aux öz təəssüratını “Biz daşnak terroru haqqında çox eşitmişdik. Amma bu gün ilk dəfə bu barədə faktları təsdiq edən konkret sənədlərlə tanış oluruq” sözləri ilə ifadə edib. Sizin almanlara qarşı erməni vəhşilikləri barədə araşdırmalarınıza Almaniyadan hansı reaksiyalar verilib?

- Sözün açığı, mən “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” mövzusu ilə bağlı elmi konfransları öncə daha çox xaricdə - başlanğıc olaraq Avropada və rusdilli ölkələrdə keçirməyi uyğun görürdüm. O baxımdan da İsveç səfərindən sonra Almaniyada xanım Eva Mariya Auxun da qatıla biləcəyi bir tədbir düzənləməyi təklif etmişdim. Təbii ki, alman ictimaiyyətinə araşdırmalarımızdakı yeni faktları da təqdim edəcəkdik. Ancaq nə XİN, nə Diasporla iş üzrə Dövlət Komitəsi, nə də xaricdəki diaspor təşkilatlarımız belə bir səfəri təşkil etmədilər. Məsələ yenə də gündəmdədir, xaricdəki diaspor təşkilatlarımızla məsləhətləşmələrimiz davam edir, baxaq bu məsələ nə zaman gerçəkləşəcək... Bu yaxınlarda Azərbaycandakı xarici səfirliklərə də müraciətimiz olacaq, təbii ki, öncəliklə həm də Almaniya səfirliyinə. Güman edirəm ki, yuxarıda haqqında bəhs etdiyim mövzu ilə bağlı zaman-zaman həm xristian ölkələrinin, həm də yəhudi ictimaiyyətinin reaksiyaları olacaq. Sadəcə, bu sistemli layihəyə hökumətimiz və xaricdəki diaspor təşkilatlarımız çox ciddi yanaşmalıdırlar.

- Sizin də qeyd etdiyiniz kimi, ermənilər təkcə Azərbaycanda deyil, Gürcüstanda da almanlara qarşı terror törədiblər. Məsələn, 1918-ci ilin dekabrında da alman hərbi missiyasını qorxuya salaraq bölgədən çıxmağa vadar etmək, ingilislərin köməyi ilə Qafqazda ağalığı ələ almaq üçün ermənilər terrora əl atıblar. Onlar Tiflisdəki yalnız və yalnız alman zabitlərinin və rezidensiyalarının yerləşdiyi “Palas” hotelini gizlicə yandırıblar. Həmin dövrlə bağlı sizdə digər hansı tarixi faktlar var?

musavat.com

 

Read 61 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR