Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 15 Avqust 2018 06:20

XVIII ƏSRDƏ RUS ÇARİZMİNİN AZƏRBAYCANDA VƏ DAĞISTANDA DEMOQRAFİK VƏZİYYƏTİN DƏYİŞDİRMƏ CƏHDLƏRİ

Written by 
XVIII ƏSRDƏ RUS ÇARİZMİNİN AZƏRBAYCANDA VƏ DAĞISTANDA DEMOQRAFİK VƏZİYYƏTİN DƏYİŞDİRMƏ CƏHDLƏRİ https://www.google.ru

XV əsrin sonlarında, monqol-tatar ağalığına son qoyulduqdan sonra, Moskva dövləti ayrı-ayrı xalqları özünə tabe etməyə başladı və ərazisini sürətlə genişləndirdi. Tarixçilərin hesablaşmalarına görə XVI əsrdə əsarət altına salınmış xalqların yaşadıqları ərazilərin işğalı hesabına Rus dövlətinin ərazisi 40.000 kv. coğrafi mildən 160.000 kv.coğrafi milə çataraq 4 dəfə genişlənmişdi. (Bu da orta hesabla sutka ərzində təqribən 3,3 kv. coğrafi mil. edir) [12, s.54-58]. Ümumiyyətlə, R. Paynsın hesablaşmalarına görə, XVI-XIX əsrlər ərzində Rusiyanın ərazisi gündə 130 kv.km. artmışdır [11, s.26].

Rusiyanın işğalları, başlıca olaraq, Şərqdə Sakit okean, Cənub-Şərqdə Qara dəniz, Xəzər dənizi ətrafı və Qafqaz, Şimal-Qərbdə isə Baltik dənizi və Skandinaviya istiqamətində həyata keçirilirdi. XVII yüzilliyin sonlarında hakimiyyətə gəlmiş rus çarı I Pyotr cənub-şərq istiqamətində «bütün şərqin həqiqi qovşağı» saydığı Xəzər dənizi və onun ətrafındakı ölkələrə böyük maraq göstərirdi. Rus dövləti Xəzər dənizinin cənub-şərq və cənub sahillərini,yəni Azərbaycan və Gilanı öz əlinə alaraq, Xəzər dənizini özünün daxili gölünə çevirmək, çox gəlir verən dəniz tranzit ticarətini inkişaf etdirmək, eyni zamanda özünün inkişaf edən manufaktura müəssisələrini xammal, ilk növbədə isə xam ipəklə təmin etmək niyyətində idi. O zaman Azərbaycan və Gilan Yaxın Şərqin əsas xam ipək mərkəzləri idi. I Pyotr Xəzərsahili vilayətlərə həm də böyük strateji əhəmiyyət verir və buradan Hindistana gedən yola çıxmaq istəyirdi. Rus çarı öz geniş işğalçılıq planlarını həyata keçirmək üçün dini amillərdən məharətlə istifadə edirdi. Belə ki, Cənubi Qafqazda yaşayan xristianları-gürcüləri və azsaylı, əsasən alban olan soyköklü qriqoryanları Osmanlı imperiyasına qarşı mübarizədə öz təbii müttəfiqi sayır, onlarla birləşib Türkiyənin şərq sərhədlərini təhlükə altına salmağa çalışırdı.

XVIII yüzilliyin əvvəllərində I Pyotrun yanına gəlmiş İsrail Ori adlı bir fitnəkar çarın işğalçı ehtiraslarını daha da alovlandırdı. İ.Ori XVII əsrin sonlarında Qərbi Avropaya gedərək Roma papasını, Fransa kralını, bir sıra alman knyazlarını «bədbəxt erməniləri» «zalım müsəlmanların» zülmündən azad etmək üçün Şərqə yeni xaç yürüşü təşkil etməyə çağırmışdı. Bu yolla, İ.Ori «Böyük Ermənistan» xülyasını gerçəkləşdirməyə can atırdı. Lakin o zaman qərb hökmdarları İ.Orinin fitvasına uymadılar. Belə olduqda, İ.Ori məqsədini rus çarının köməyi ilə həyata keçirməyi qət etdi və Rusiyaya gəldi. Ori 1703-cü ildə Yaxın və Orta Şərqin saxta bir xəritəsini quraşdıraraq I Pyotra təqdim etdi. Bu «xəritə»də Azərbaycanın qərb, Gürcüstanın cənub, Türkiyənin isə şərq torpaqları erməni əraziləri kimi qələmə verilirdi. İ.Ori riyakarlıqla bildirdi ki, Cənubi Qafqaz əhalisinin əskəriyyəti ermənilərdir və onlar müsəlmanlara qarşı qalxmaq üçün məqam gözləyirlər. Əgər rus çarı cüzi bir qüvvə ilə cənuba yürüş etsə, ermənilər, eləcə də gürcülər külli miqdarda hərbi qüvvə toplayıb onun yardımına gələcəklər [5, s.XVIXVII]. Az qüvvə ilə böyük ərazilər fəth etməyə şirnikləndirilən I Pyotr İsveçlə Şimal müharibəsini qurtaran kimi cənuba yürüş etmək, Azərbaycan ərazisini Rusiyaya ilhaq etmək, Cənubi Qafqazın qərb hissəsində isə Rusiyadan asılı gürcü-erməni çarlığı yaratmaq qərarına gəldi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotr 1722-ci ilin iyununda 100 minlik ordu ilə Həştərxandan Azərbaycana sarı hərbi yürüşə başladı. Cənubi Qafqaz xristianları da qoşun toplayıb I Pyotrun köməyinə yollandılar. Müttəfiqlər Şamaxıda birləşməli idilər. Avqustun sonlarında Dərbəndi döyüşsüz ələ keçirsə də, I Pyotr əsas məqsədinə çata bilmədi (Bu yürüş haqqında ətraflı məlumat üçün bax: 8).

Rusiya imperatoru Osmanlı sultanının kəskin etirazı, həmçinin o zaman Şirvanda hakimiyyəti ələ keçirmiş Hacı Davudun Rusiya işğalçılarına müqavimət göstərməyə hazırlaşması və bir sıra başaqa səbəblərə görə, işğalçı yürüşünü davam etdirə bilmədi. O, Dərbənddə qarnizon qoyub ordunun əsas hissəsi ilə Rusiyaya qayıtdı. Sonrakı illər Rusiyanın hərbi ekspedisiyaları Rəşti, Bakını və digər Xəzərsahili yerləri işğal etdi. I Pyotr Xəzəryanı bölgələrdə möhkəmlənmək üçün burada xristian əhalisindən ibarət sosial dayaq yaratmaq niyyətində idi. Hələ cənuba yürüş ərəfəsində çar erməniləri və gürcüləri Xəzəryanı vilayətlərə köçməyə çağırmışdı. Onları Dərbənd və Bakı bölgələrində yerləşdirmək nəzərdə tutulurdu. Bu məqsədlə Rusiya hökmdarı, ilk növbədə, çox mühüm strateji əhəmiyyətə malik və Xəzərdə ən böyük liman olan Bakıdan yerli əhaliniazərbaycanlıları sürgün etmək niyyətində idi. Lakin bu tədbirin həyata keçiriləcəyi təqdirdə, rus qoşunlarının ərzaqsız qalacağı barədə rus hərbi komandanlığının rəyi I Pyotru bu dəhşətli plandan çəkindirdi. O, general Matyuşkinə yerli şəraitə uyğun olaraq hərəkət etmək icazəsi verdi. Bununla belə, I Pyotr öz qəddar planından tamamilə əl çəkmədi. O, Rusiya hərbiçilərinə Türkiyə ilə həmetiqad olan sünnüləri Bakıdan sürgün etməyi məsləhət gördü [6, vər.133].

1724-cü ilin yayında Bakıdan 262 nəfər azərbaycanlı Həştərxana sürgün olundu. Pyotr Xəzəryanı torpaqlara rus əhalisini köçürmək istəyirdi. Lakin o zaman ruslar uzaq, həm də Rusiyanın hələ möhkəmlənmədiyi vilayətlərə köçməyə cəsarət etmədilər. Ancaq Pyotrun erməni xalqına 10 noyabr 1724-cü il tarixli müraciətinə cavab olaraq bir çox erməni Bakı və Dərbəndə köçmüşdür. Dağıstana köçənlər də az deyildi. 1724-cü ildə Svyatoy Krest qalasının özülü qoyulmuşdu. Terki qalasındakı qarnizon və sakinlər bura köçürüldü [6, s.48]. bundan əlavə Sulak çayı boyunca bir sıra kazak şəhərcikləri salınmışdı.

1735-ci ildə Terekdən cənubda olan bütün torpaqlar ruslar tərəfindən tərk edildiyindən bu qalanın döyüşçüləri və sakinləri yeni salınmış Qızlar qalasına köçürüldülər. Eyni zamanda bura yüzlərlə erməni və gürcü ailəsi ailəsi köçürülür. Həm də ermənilərin sayı durmadan artırdı. Belə ki, əgər 1762-ci ildə Qızlarda cəmi 486 erməni vardısa, 1775-ci ildə 1222 nəfərə çatmışdı və şəhər əhalisinin əksəriyyətini 63,5 %-ni təşkil edirdi [6, s.139]. I Pyotr ömrünün sonunadək Yaxın və Orta Şərqdə işğalları genişləndirmək haqqında düşünürdü. Bunu onun 1725-ci ilin yanvarında yazdığı güman edilən «Vəsiyyətnamə» aydın şəkildə sübut edir.

«Vəsiyyətnamə»nin mətni Rusiyadan sonra, əvvəlcə Qərbi Avropada, 1916-cı ildə isə «Dirilik» jurnalında Azərbaycan dilində nəşr edilmişdir. Rus tarixçiləri bunun saxta olduğunu iddia edirlər. Lakin sənədin məzmunu ilə tanışlıq onun I Pyotr üslubunda yazıldığını göstərir. Bundan başqa, «Vəsiyyətnamə»- də müəyyənləşdirilən işğalçılıq məqsədləri də Pyotrun yeritdiyi xarici siyasət istiqamətinə tamamilə uyğun gəlir. «Vəsiyyətnamə»də Rusiyanın Türkiyə, İran və Cənubi Qafqaz ölkələrinə qarşı geniş işğalçılıq planları əks olunmuşdur. Bu məqsədlərin reallaşdırılması üçün həmişə Türkiyə ilə İran arasında qarşıdurma yaratmaq, toqquşmalar, fitnə-fəsadlar törətmək məsləhət görülürdü. Türkiyə ilə İranı bir-birinə qarşı müharibəyə qaldırmaq üçün dini amildən məharətlə istifadə etmək təklif olunur və bildirilirdi ki, «sünnü-şiə məzhəbləri arasındakı ixtilaflar böyük və kəskin silah, basılmaz ordudur».

«Vəsiyyətnamə»də yazılır: «Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünnü-şiə ixtilafları yaxşı vasitədir. Türkiyə və İran dövlətləri arasında müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar dil tapa bilməsinlər. Həm İran, həm də Türkiyəyə Avropa xalqları ilə təmas tapmağa imkan verilməməlidir. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını qansalar, bu bizlərə zərbə olar. Həm Türkiyə, həm də İranın din xadimlərini ələ almaq və onların vasitəsilə sünnü-şiə ixtilaflarını qızışdırmaq lazımdır. İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian dini əqidəsini və mədəniyyətini orada ciddi təbliğ etmək, yaymaq zəruridir» [2, s.2].

Rusiya işğal etdiyi Xəzəryanı əraziləri 1732-1735-ci illərdə İrana güzəştə getsə də, bu, əslində faktiki güzəşt idi. I Pyotrun ölümündən sonra tez-tez baş verən saray çevrilişləri, daha sonra isə Avropa işlərinin ön plana keçməsi Rusiyanın Xəzər istiqamətində işğalçılıq ehtiraslarının bir müddət səngiməsinə səbəb oldu. Lakin II Yekaterinanın çarlığı dövründə (1762-1796) Rusiya Qara dəniz və Xəzəryanı regionda işğalçı siyasətini yenidən fəallaşdırır. 1769-1774-cü illər rus-türk müharibəsi zamanı rusların müdafiə etdiyi ermənilər Rusiya himayəsi altında «Ararat çarlığı» qurmaq xülyasına düşmüşdülər. İosif Arquntinski adlı bir erməni yepiskopu «Ararat çarlığı» yaratmaq barədə bir layihə hazırlayaraq çar hökumətinə təqdim etmişdi. Layihə II Yekaterina tərəfindən bəyənilmiş, 200 nüsxədə çap edilmiş və yayılmışdı [4, s.49; 1, s.24-25]. XVIII əsrin 80-cı illərində Rusiya hökuməti Cənubi Qafqazda gürcü torpaqlarını Rusiyanın qəyyumluğu altında birləşdirmək və asılı gürcü çarlığının əli ilə qonşu müsəlman hakimlərinin mülklərini tutmaq istəyirdi. Kartli-Kaxetiya çarlığının Rusiya himayəsinə alınmasına dair 1783-cü il Georgiyevsk traktında gürcü çarı qonşu Azərbaycan torpaqlarını işğal etməyə açıqca şirnikləndirilirdi. Təsadüfi deyil ki, qubalı Fətəli xan Kartli-Kaxetiya çarı II İraklinin Azərbaycanın daxili işlərinə qarışmasına qarşı mübarizə apardığı zaman rus hökuməti açıqca Quba xanının əleyhinə çıxmış və İrakliyə qarşı hərəkətlərini dayandırmağı tələb etmişdi [9, s.165].

Rus siyasətçiləri, bundan başqa, Cənubi Qafqazda – Azərbaycan ərazisində daha bir xristian dövləti – Ermənistan çarlığı yaratmaq niyyətində idilər. Bu yolda ilk addım kimi Qarabağ ərazisində xristian «Albaniya» dövlətini bərpa etmək nəzərdə tutulurdu. Çarizm İbrahimxəlil xanı taxtdan salıb Qarabağın xristian məliklərinə müstəqillik vermək istəyirdi. O zaman Rusiyanın xarici siyasətinə rəhbərlik edən Q.A.Potyomkin imperarça II Yekaterinaya yazırdı: «… əlverişli məqamda onun (İbrahimxəlil xanın – T.M.) erməni xalqlarından ibarət vilayətini milli idarəçiliyə vermək və bununla Siz əlahəzrətlərinin mənim vasitəmlə erməni məliklərinə verdiyi vədlərə uyğun olaraq Asiyada xristian dövlətini bərpa etmək» lazımdır [9, s.183]. Rusiya imkan düşdükcə Cənubi Qafqazın müsəlman hakimlərini bir-birilə vuruşdurmağa çalışırdı. Qriqori Potyomkin Qafqazdakı rus generallarına bildiridi ki, İbarahimxəlil xanın qubalı Fətəli xana qarşı hücumuna mane olmaq lazım deyil, yalnız avar Ömər (Ümmə) xanı İbrahimxəlil xana kömək etməkdən çəkindirmək lazımdır [9, s.183-184].

Potyomkin tərəflərin qüvvələrini tarazlaşdırmağa çalışırdı ki, mübarizə uzansın və rəqiblərin hər ikisi zəifləsin. Rus hökuməti Azərbaycan xanlarını qeyri-müəyyən vəziyyətdə saxlamağa, onların mənafelərini Rusiyanın himayə etdiyi Kartli-Kaxetiyanın mənafeyinə tabe etməyə çalışırdı. Qafqaz xəttindəki rus qoşunlarının komandanı P.S.Potyomkin Qarabağ məliklərini İbrahimxəlil xana qarşı mübarizəyə şirnikləndirir, eyni zamanda xandan məliklərə daha «zülm etməməsini» tələb edirdi. Məliklər isə rus qoşunlarının gəlişinə hazırlaşaraq 5 min nəfərlik hərbi dəstə yaratmışdılar. Onlar rus qoşunlarının Gəncəni tutmasını xahiş edir və bu zaman ruslara kömək məqsədilə hərəkətə başlayacaqlarını bildirirdilər [4, s.187].

XVIII yüzilliyin 90-cı illərinin ortalarında II Yekaterinanın göstərişi ilə V.Zubov yeni «Şərq layihəsi» adlanan işğalçılıq planı hazırlamışdı. Bu layihəyə görə, ruslar ilk həmlədə Qafqaz və İranı zəbt edib Bəsrə körfəzinə enəcək, ikinci həmlədə isə Türküstan və Tibeti işğal edəcəkdi. Daha sonra Osmanlı dövlətinə son qoyulmalı və Hindistan ələ keçirməli idi. XVIII yüzilliyin sonlarından başlayaraq Rusiyanın cənub siyasəti həm Qara dənizdən və Rumelidən irəliləyib boğazları zəbt etməyi, həm də Qafqaz yolu ilə İsgəndərun körfəzindən keçərək Aralıq dənizinə, digər tərəfdən Mesopotamiya və Qərbi İrandan hərəkət edərək Bəsrədə Hind okeanına çıxmağı nəzərdə tuturdu. Bu məqsədlə də ruslar Qafqaz və Anadoludakı ermənilərdən istifadə etməyə başladılar.

Kiçik Qaynarca sülhü nəticəsində «Rusiyanın Türkiyədəki xristianların himayədarı» vəzifəsini öhdəsinə götürməsi erməniləri daha da fəallaşdırdı. XVIII yüzilliyin 90-cı illərinin ortalarında İranda hakimiyyəti ələ almış Ağa Məhəmməd Qacar Şimali Azərbaycanı və Şərqi Gürcüstanı tabe etməyə cəhd göstərdi. Bu isə Rusiyanın həmin əraziləri özünə ilhaq etmək niyyətinə zidd idi. Ona görə də 1796-cı ildə II Yekaterinanın göstərişi ilə V.Zubovun başçılıq etdiyi rus qoşunlarının Azərbaycana yürüşü başladı. Lakin noyabrın 6-da II Yekaterinanın ölümü Rusiyanın Cənubi Qafnazı istila etməsini bir qədər təxirə saldı. Məlumdur ki, 1796-cı ildə rus qoşunları Dərbənd şəhərini mühasirəyə alarkən orada yaşayan bir ovuc ruslara yardım göstərmişdilər. Buna görə də rus qoşunları Azərbaycandan geri çəkildikdən sonra xeyli erməni Rus dövləti ərazisinə, ilk növbədə Dağıstan ərazisinə çağırılıb yerləşdirildi [7, s.144]. cəmi 610 erməni ailəsi köçürülmüşdü [7, s.147].

N.Qarunova haqlı olaraq yazır ki, Aşağı Terekin etnik xəritəsində mühüm dəyişikliklər I Pyotrun hakimiyyət dövrü ilə bağlıdır, erməniləri köçürməkdə rus hakimiyyət orqanları bu bölgənin iqtisadi yüksəlişinə ümid edir, onlar xristian olduqlarına görə onlara çox mühüm Rusiya meylli ünsür kimi baxılırdı [7, s.262].

Rusiya İstanbulda və boğazlarda möhkəmlənmək üçün özündən asılı yeni «Bizans imperiyası» yaratmaq istəyirdi. II Yekaterina, hətta bu münasibətlə nəvələrindən birinə Konstantin adına qoydu (Konstantinopol adına işarə olunurdu) və ona bir yunan qadınını dayə təyin etdi. Fransız maarifçisi Volterə məktubunda ris imperiatriçası özünü Avropanı türk təhlükəsindən qoruyan, habelə yunan imperiyasını bərpa etmək məqsədi güdən bir hökmdar adlandırırdı [3, s.23]. Əlbəttə, çarizmin heç də həqiqətən ermənilərə (eləcə də, gürcülərə) canı yanmır, onlara, sözün əsl mənasında, istiqlaliyyət vermək istəmirdi. Rusiya, sadəcə olaraq, özünün cənubi Qafqazla bağlı işğalçılıq planlarında ermənlərdən bir alət kimi istifadə etməyə çalışırdı. Çar hökuməti «müstəqillik», «qurtuluş» və s. saxta vədlərlə Qafqaz xristianlarını aldadaraq, onlardan Türkiyəyə və İrana qarşı mübarizədə istifadə etməyə və xristianların məskunlaşdağı torpaqları Rusiyaya ilhaq etməyə çalışırdı. Çarizmi yerli azərbaycanlıları buradan sürgün edərək Azərbaycanı xristianlaşdırmaq məqsədi daşıyırdı. Təsadüfi deyil ki, Rusiya himayəsinə keçirilən gürcü çarlığı cəmi 18 il mövcud oldu və 1801-ci ildə ləğv edildi. Təəssüflər ki, o zaman Cənubi Qafqaz xristianları rus çarizminin əsl niyyətini anlamadılar və anlasalar da ondan öz xeyirlərinə istifadə etmək üçün bir maşa rolunu oynadılar.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

1. Azmi Süslü. Ermeniler ve 1915 tehciz olayı. Ankara, 1964. «Dirilik» jurnalı, 1916-cı il, №2.

2. Sadıqov H. Rusiya-Türkiyə münasibətlərində Cənubi Qafqaz problemi (1787-1829-cu illər). Bakı, 1991. 3. Yusif Akçura. Osmanlı imparatorlüğünün dağılma devri. TTK yayınları, 1940.

3. Армяно-русские отношения в первой трети XVIII века (сб.документов), т. II, ч. I, Ереван, 1964.

4. Архив Внешней Политики Российской империи, ф. 77 (Сношения России с Персией), 1723 г., д. 8.

5. Гарунова Н.Н. Российские города – крепости в контексте политики России на Северо-Восточном Кавказе в XVIII – первой половине XIХ в.: проблемы политической, экономической и культурной интеграции. Махачкала-2007.

6. Лысцов В.П. Персидский поход Петра I 1722-1723 гг., М., 1951.

7. Маркова О.П. Россия, Закавказье и международные отношения в XVIII веке. М., 1966.

8. Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII века. Баку, 1993.

9. Революция и народы России: полемика с западными историками. М., 1988.

10. Рубакин Н.А. Россия в. цифрах: Страна. Народ. Сословия. Классы. СПб., 1912

Tofiq Mustafazadə 

Azərbaycan MEA Tarix İnstitutunun Elmi əsərləri. 2010, 33-cü cild

http://1905.az/xviii-%c9%99srd%c9%99-rus-carizminin-az%c9%99rbaycanda-v%c9%99-dagistanda-demoqrafik-v%c9%99ziyy%c9%99tin-d%c9%99yisdirm%c9%99-c%c9%99hdl%c9%99ri/

 

 

Read 63 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR