Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 13 Avqust 2018 08:55

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı

Written by 
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı https://www.google.ru

Dünən Xəzər hövzəsi ölkələri üçün tarixi bir hadisə yaşandı. 20 ildən artıqdır ki müzakirə mövzusu olan Xəzər dənizinin hüquqi statusu ilə bağlı sənəd imzalandı. Bu tarixi hadisəyə isə Qazaxıstanın Aktau şəhəri ev sahibliyi etdi.

Ev sahibi statusunda olan Qazaxıstan Prezidenti Nursulatn Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, Rusiya Prezidenti Vladimir Putini, İran Prezidenti Həsən Ruhanini və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Sonra V Zirvə toplantısında iştirak edən dövlət başçılarının geniş tərkibdə iclası oldu.

Zirvə toplantısını açan Nursultan Nazarbayev, tədbirdə imzalanacaq sənədlərin əhəmiyyətindən danışdı.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Prezident bildirib ki, bu konvensiya digər məsələlərin həlli üçündə mühüm hüquqi bazadır.

Digər dövlət başçılarının da çıxışlarından məlum oldu ki, tərəflər 20 ildən artıq davam edən müzakirələrindən sonra gəlinən ortaq məxrəcdən məmnundurlar. İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Zirvə görüşünün əhəmiyyətinə toxunaraq onun Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafına güclü təkan verəcəyini, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin dərinləşməsinə xidmət edəcəyini bildirdilər.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalandı.

Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər.

Sənədin imzalanmasını tarixi hadisə adlandıran dövlət başçısı bunun sabitlik və qarşılıqlı etimad baxımından böyük əhəmiyyət daşıdığını deyib.

Zirvə toplantısından sonra dövlət başçıları Aktau şəhərinin dəniz sahilində gəzintiyə çıxıblar. Gəzintidən sonra prezidentlər körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər. Sonra dövlət başçılarının rəsmi qəbulu olub. Bununla da dövlət başçısının Qazaxıstana səfəri başa çatıb.

 
 
Read 219 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR