Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 13 Avqust 2018 08:07

BƏHAİ DİNİ OLDUĞU KİMİ: TARİXİ, TEOLOJİ ƏSASLARI VƏ PRİNSİPLƏRİ

Written by 

Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

Qısa tarixi məlumat. 1844-ci il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd Bab (ərəb.“Qapı”) Özünü İlahi Zühur elan edir. Bildirir ki, Onun əsas məqsədi insanları Müqəddəs Kitablarda Vəd Olunan qüdrətli İlahi Zühuru qəbul etməyə hazırlamaqdır. Babın çağırışları İranda babilər hərəkatına səbəb olur. Bab 1850-ci ildə Təbrizdə edam edilir. Hərəkat səkkiz il sonra yatırılır. Hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli Bəhaullah (ərəb.“Allahın Cəlalı”) İraqa sürgün olunur. 1863-cü il aprelin 21-də Bəhaullah bildirir ki, O, Babın Vədetdiyi həmin İlahi Zühurdur və Bəşəriyyətə Allahdan Yeni İlahi təlim nazil etmişdir. 1868-ci ildə O, Ədirnədə sürgündə, sonra Əkkada həbsdə olarkən hökmdarlara, prezidentlərə və sultanlara məktub yazaraq, onları nazil etdiyi Dini qəbul etməyə çağırır.

Ölümündən əvvəl Bəhaullah oğlu Əbdül-Bəhanı (1844-1921) “Əhdin Mərkəzi” təyin edir. Əbdül-Bəhanın dövründə Bəhai dininin ardıcılları artıq dünyanın 37 ölkəsində var idi. Əbdül-Bəha 1921-ci ildə dünyasını dəyişir. Vəsiyyətinə uyğun olaraq Dinin rəhbərliyi nəvəsi Şövqi Əfəndiyə (1897-1957) və 1963-cü ildən isə “Ümumdünya Ədalət Evinə” keçmişdir. Ciddi təqiblərə baxmayaraq, Bəhaullahın Təlimi qısa zamanda Yaxın Şərqin hüdudlarından kənara çıxıb, Avropa, Amerika, Afrika və Okeaniya adalarına yayılaraq dünya dininə çevrilir.

Artıq XIX əsrin 60-70-ci illərində Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Salyan, Bərdə, Şamaxı və digər yaşayış məntəqələrində bəhai icmaları fəaliyyət göstərirdi. 1937-38-ci illərdə Azərbaycanda bəhai dini ardıcıllarına qarşı aparılan təqiblər 38 fəal üzvün öldürülməsi, minlərlə insanın həbsxanalara salınması və sürgünə göndərilməsi ilə nəticələndi. Bu zaman bəhailərə qarşı böhtan kampaniyası da aparılırdı. Mətbuatda bəhai dini ardıcıllarının “beynəlxalq imperializmin cəsusları” olması haqda məqalələr çıxır, bu haqda ayrı-ayrı “tədqiqatçıların” monoqrafiyaları nəşr olunurdu. Bu təqiblər yerli icmaları zəiflətsə də Azərbaycanda Bəhai dinini məhv edə bilmədi. Bəhai icmalarının fəaliyyətinə qoyulmuş qadağalar sovet dövlətinin süqutuna kimi qüvvədə qalmışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra Etiqad Azadlığı haqda Qanunun qəbulu bəhai icmalarına açıq fəaliyyət üçün şərait yaratdı. 90-cı illərin əvvəllərində Bakı, Sumqayıt, Balaxanı, Gəncə, Naxçıvanda Yerli Şuralar, 1992-ci ildə Azərbaycan bəhailərinin I Qurultayında Milli Şura yaradıldı.

Müasir elmdə yalnız üç din – Xristianlıq, İslam və Buddizm dünya dini hesab olunur. Bəhai dini də ardıcıllarının sayının azlığına baxmayaraq, həm özünün universal cəhətlərinə, həm də əhatə dairəsinə görə dünya dini sayıla bilər. Bəhai dini bütün dinlər kimi Şərqdə yaransa da, o ayrıca götürülmüş xalq və ya etnik qrupa yönəlməyib və hansısa bir mədəniyyətlə məhdudlaşmır. Bəhai icmaları dünyanın 187 müstəqil dövlətində və 45 asılı ərazisində vardır. “Britanika” ensiklopediyasının məlumatına əsasən coğrafi yayılmasına görə, dinlər aşağıdakı sıraya malikdir: Xristianlıq (254 ölkə), Bəhai dini (234 ölkə), İslam (174) və Buddizm (68).

Təşkilatı. Bəhai dini dünya dinləri arasında ən cavanıdır. O, dünyanın 234 ölkəsində yaşayan 2100 millət, xalq və etnik qrupa mənsub 8 milyondan çox insanı birləşdirir. Bu Birlik planetimizdə sülhü, qlobal ekologiya və insan haqlarını qorumaq, xalqların sosial-iqtisadi inkişafına nail olmaq məqsədilə BMT-nin bir sıra orqanları-EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidə Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir.

Bəhai dininin inzibati quruluşunda Ali İnzibati və Ruhani orqan “Ümumdünya Ədalət Evi”dir. Onun iqamətgahı İsrailin Hayfa şəhərində yerləşmişdir. Ədalət Evinin 9 nəfərdən ibarət tərkibi 5 ildən bir keçirilən Bəhailərin Beynəlxalq Qurultayında Milli Şuraların üzvləri tərəfindən seçilir. Ədalət Evi Milli Şuralar vasitəsilə Bəhai icmalarına rəhbərlik edir. Bəhailərin Beynəlxalq və Milli təsisatları ilə yanaşı, onların yerli səviyyələrdə fəaliyyət göstərən və ildə bir dəfə aprel ayının 21-də seçkilər vasitəsilə formalaşdırılan yerli Şuraları da vardır. Bəhai dinində peşəkar ruhanilik qadağandır. Ruhani təbəqənin (molla, keşiş və s.) olmaması, yerli, milli və beynəlxalq səviyyələrdə inzibati qurumların ən mükəmməl

demokratik qaydalarla seçilməsi Bəhai dinində təriqətçilik və parçalanmanı heçə endirmişdir. Bəhai ruhani-inzibati sisteminin möhkəmliyinə təsir göstərən ən əhəmiyyətli amil isə hər bir bəhaini bu qurumların nüfuzuna ehtiramla yanaşmasıdır.

Tədqiqatçıların maraq dairəsində. Hələ XIX əsrin ortalarında Babi və Bəhai təlimləri və onların Peyğəmbərləri – Bab və Bəhaullahın şəxsiyyəti tədqiqatçıları özünə cəlb edirdi. Babiliyin ilk tədqiqatçısı Mirzə Kazım Bəy olmuşdur. Mirzə Kazım Bəyin “Bab və babilər” əsəri 1865-ci ildə nəşrdən çıxmış, bir il sonra fransız dilinə tərcümə edilmişdir. XIX əsrin ikincı yarısında M.Qamazov, B.Rozen, E.Braun, A.Tumanskiy, B.Dorn, A.Jukovskiy, S.Umanes və başqaları Babi və Bəhai təlimlərini tədqiq etmişlər. Bəhaullah ilə görüşmüş E.Braun ilk dəfə Bəhai təlimini müstəqil din kimi göstərmişdir. XX əsrin əvvəllərində Bəhai dininə maraq Əbdül-Bəha Abbas ilə bağlı olmuşdur. Azərbaycanda “Sərkərağa”, İran və Yaxın Şərq ölkələrində “Sirri-Xuda” və digər adlarla tanınan Əbdül-Bəha Bəhaullahın böyük oğlu və Onun süudundan sonra bu dinin uzun illər (1892-1921) başçısı olmuşdur. İngilis şərqşünası C.Esslemont Əbdül-Bəhanın Bəhai dinində tutduğu məqama nəzər yetirmişdir. Həyatının cox hissəsini məhbəs və sürgünlərdə keçirmiş, lakin fars, ərəb, türk dillərini mükəmməl bilən Əbdül-Bəha özünün dərin teoloji bilikləri, fəlsəfi və etik fikirləri, mütərəqqi ictimai baxışları və rasional düşüncə tərzi ilə C.Esslemontu heyrətləndirmişdi.

Yarandığı gündən Bəhai dininin Müqəddəs Yazılar, dinin əsas səxsiyətlərinin (Bab, Bəhaullah, Əbdül-Bəha, Şövqi Əfəndinin) əlyazmaları, şərhlər, fotoşəkillər və həcmi yüz cildlərlə ölçülən digər sənədlər diqqətlə toplanaraq, Beynəlxalq Bəhai Mərkəzinin Arxivində qorunub saxlanılmışdır. Bu tədqiqatçının işini asanlaşdırmaqla yanaşı, tədqiqatın obyektivliyini artıran əhəmiyyətli amil sayılmalıdır. Əvvəlki dinlərin tədqiqi üçün bu cür imkanlar demək olar ki, yox dərəcəsindədir. Hazırda dünyada mövcud on bir əsas dindən yalnız İslam (VII əsr) və Sihhizmin (XVI əsr) tarixi yüz illiklərlə, qalan dinlər – Hinduzm, Buddizm, Caynizm, Daosizm, Konfusiçilık, Sintoizm, Zərdüştilik, İudaizm və Xristianlıq min illiklərlə ölçülür. Bəhai dini bu dinlərlə müqayisədə çox cavandır (175 il). Onun formalaşmasında sonuncu tarixi mərhələ 1963-cü ildə Bəhai dininin Ali ruhani və İnzibati Mərkəzi - Ümumdünya Ədalət Evinin qurulması ilə sona çatıbdır. Bu baxımdan, Bəhai dininin öyrənilməsi dinşünas alimlərə onun timsalında dinlərin yaranma və formalaşma mərhələlərini araşdırmaqdan ötrü geniş imkanlar aça bilər.

Bəhai dini - təriqət, yoxsa müstəqil din. Hələ yüz il əvvəl E.Braun bəhailiyin müstəqil dini təlim olması fikrini söyləsə də, bəzi mənbələrdə o yalnış olaraq “İslam təriqəti”, “İslamda Reformasiya hərəkatı” kimi göstərilir. Əlbəttə, hansısa dini təlimin müstəqil olması onun “boş yerdə” yaranması demək deyildir. Bir dinin özündən əvvəlki dinin davamı kimi ortaya çıxması (Proqressiv Vəhy prosesi) bütün dinlər üçün ümumi qanunauyğunluqdur; Buddizmin (həmçinin Hinduizmin) ənənəvi Brahmanizmin əsasında yaranması buna əyani misal ola bilər. Eynilə Brahmanizm Krişnanın nazil etdiyi Veda Təliminin təkamülü nəticəsində formalaşımışdır. İlkin xristianlıq dövründə (I-II əsrlər) müasirləri Xristianlığa İudaizmdən ayrılmış qol kimi baxıblar. Xristianlıq yalnız Müqəddəs Yazıları, təşkilatı strukturu, ayin və mərasimlər sistemi formalaşdıqdan sonra müstəqil din kimi tanınmışdır.

Bəhai dini də Proqressiv Vəhy prosesində növbəti mərhələdir. Bəhailiyin İslam mədəni mühitində yaranması, bir çox cəhətlərinə –terminologiya və qismən teologiya məsələlərində bu dinə yaxınlığını müşahidə etmiş ilk tədqiqatçılar onu yalnış olaraq Martin Lüterin “Reformasiya hərəkatı” (XVI əsr) ilə eyniləşdirmiş və onu İslam daxilində reformasiya hərəkatı kimi təqdim etməyə cəhd etmişlər (A.Masse,1963). Bəhai dininin əsasını və onun qanunlarının mənbəyini Bəhai dininin banisi Bəhaullahın Yazıları, o cümlədən Vəhy kitabı “Kitabı-Əqdəs” təşkil edir. Bu təlimə görə, Bəhaullahın zühuru ilə bəşəriyyətin tarixində Yeni Era başlamışdır. Həmçinin bu təlimin ona məxsus qanunlar, anlayışlar və başqa dinlərdə olmayan nadir İnzibati Sistem ilə ortaya çıxması, onun əvvəlki dinlərdə hansısa dəyişikliklər etmək ismədiyini və Yeni Vəhyə iddialı olduğunu göstərir. Bəhai dininin teoloji əsaslarını təşkil edən bəzi prinsip və təlimlər üzərində bir qədər ətraflı dayanaq

Bəşəriyyətin Birliyi haqqında təlim. Bəhai dinində Bəşəriyyətin Birliyi prinsipi mərkəzi mövqedə durur. Bəhaullah yazır:

“Şübhəsiz ki, irqindən və dinindən asılı olmayaraq dünyanın bütün insanları Vahid səma mənbəyindən ilham alırlar və onların hamısı Tək olan Allahın təəbələridir”

Bəşəriyyət özünün inkişafı prosesində müxtəlif mərhələlərdən keçmişdir. Qədimlərdə adamlar ayrı-ayrı ailə qrupları halında yaşamışlar, bu qruplar qəbilələrə çevrilmiş, daha sonralar xalqlar və XIX-XX əsrlərdə müasir millətlər və dövlətlər yaranmışdır. Bəhaullah öyrədir ki, Bəşəriyyətin Birliyi kamillik yolunda sonuncu sosial mərhələdir və Onun gəlişində əsas məqsəd insanların birliyini mümkün etməkdir. O, yazırdı:

“Həqiqətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik”

Bəşəri Birlik hansısa qüdrətli qruplaşma tərəfindən yuxarıdan tətbiq edilməyəcək. Hər yerdə insanlar “Dünya bir vətən və bütün insanların onun vətəndaşı” olmasını dərk edənə kimi o insan şüurunda tədricən inkişaf edəcəkdir. Şüurdakı bu dəyişikliklər cəmiyyətdə görünməmiş dəyişikliklərə səbəb olacaq. Bu birliyin əsası ruhani olsa da, bu istiqamətdə atılacaq bəzi konkret addımlar da göstərilmişdir. Bunlar aşağıdakılardır: dünya xalqlarının ədalətlə təmsil olunduğu, onların mənafeyini qoruyan, planetdə ümumi sülhü təmin edən Dünya Parlamentinin və Federativ Dövlətin yaradılması, dünya vətəndaşlığının təsis edilməsi; dünyanın təbii sərvətlərindən Federativ Dövlətin nəzarəti altında Bəşəriyyətin xeyrinə birgə istifadə edilməsi; dünya xalqlarının öz aralarında əlaqə və ünsiyyətini və millətlərin inteqrasiyasını asanlaşdırmaq məqsədilə vahid yazı, ümumi pul, ölçü və çəki sisteminə keçilməsi; dünyanın bütün məktəblərində uşaqlara ana dili ilə yanaşı Beynəlxalq dilin öyrədilməsi; həm millətlər daxilində, həm də onlar arasındakı hədsiz varlanma və yoxsulluğun aradan qaldırılması.

Əbdül-Bəha yazır:

“Bəşər ailəsinin bütün üzvləri, istər millətlər olsun və ya hökumətlər, onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Deməli, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur...”.

Bəşəri Birliyin Yerdə qurulması Silizasiyanın inkişafında yeni tarixi mərhələ olacaqdır. Bu zaman bütün bəlaların, xəstəlik və təbii fəlakətlərin, yoxsulluq və səfalətin, zülm və haqsızlığın sonu çatacaqdır. Hər yerdə məhəbbət, xoşbəxtlik, sağlamlıq, firavanlıq, azadlıq, yüksək ruhanilik və əxlaqi paklıq bərqərar olacaqdır. Əbdül-Bəha buyurur:

“Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və ədavət aparan millətlər bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə və Allahın biliyilə dolacaq”.

Şövqi Əfəndi yazır:

“Bəşəriyyətin indi yaxınlaşdığı ideal – bütün xalqların birliyidir... ölkələrin və millətlərin formalaş-ması mərhələləri insan sivilizasiyası tarixində sınaqdan çıxmış və uğurla başa çatmış mərhələdir. İnsanlığın birliyini həyata keçirmək bütün bəşəriyyətin arzuladığı məqsəd və onun yekun mərhələsidir”.

Dinlərin və Peyğəmbərlər birliyi haqqında təlim. Dünyanın böyük dinləri ilahi mənşəyə malikdirlər. Onlar müxtəlif yerlərdə və vaxtlarda xalqların ehtiyac və imkanlarına uyğun olaraq Vəhy vasitəsilə çatdırılmışdır. Heç bir dövr İlahi rəhbərliksiz qalmamışdır. Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər Onun tarixi mərhələləridir. Bu Din tarix boyu kamilləşmə yolu ilə inkişaf etmişdir. Peyğəmbərlərin gətirdikləri Müqəddəs Kitablar (Bhaqavat-Qita, Avesta, Tövrət, İncil, Qurani –Kərim, Kitabi-Əqdəs və s.) isə bir İlahi Kitabın səhifələridir. Krişna və Musanın təlimində tumurcuğu, İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Bab və Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Tumurcuq düşməlidir ki, çiçək açsın, çiçək tökülməlidir ki, meyvə yetişsin.

Peyğəmbərlərə Allahın zühurları kimi də baxmaq olar. Onlar Allah deyillər, lakin güzgütək Onun işığını insanlara əks etdirirlər. Peyğəmbərlər Allahla Bəşəriyyət arasında vasitəçidirlər. Peyğəmbərlərin Yerdə görünməsi çox nadir hadisə olduğu üçün bəşəriyyətə din gətirmiş bir neçə Peyğəmbərin adı məlumdur: Krişna, İbrahim, Zərdüşt, Musa, Budda, İsa, Məhəmməd, Bab və Bəhaullah. Onların hər biri yeni Dinin əsasını qoymuş və müstəqil mədəniyyətlərin inkişafına təkan vermişlər.

Hər bir din iki hissədən ibarətdir: ruhani təlim və sosial təlim. Ən yüksək ruhani səviyyədə bütün dinlər arasında tam harmoniya mövcuddur. Fərq yalnız sosial qanunlarda, dini mərasim və ayinlərdə müşahidə olunur. Dinin sosial qanunları əbədi ola bilməz, cəmiyyət dəyişdikcə, onlar da Yeni Peyğəmbərin nazil etdiyi İlahi Təlim vasitəsilə dəyişməlidir. Kişi və qadınların hüquq və imkan baxımından bərabərliyi. Bəhai dini təliminə görə qadın və kişi hüquq bərabərliyi Yeni Sivilizasiyanın qurulması üçün zəruri ruhani prinsipdir. Kişi və qadının istedad və şəxsi keyfiyyətlərindən tam istifadə olunmayınca bəşəriyyətin maddi və ruhani tərəqqisi mümkün olmayacaqdır. Qadın kişi bərabərliyi yalnız cəmiyyətin faydası üçün arzu edilən sosial-iqtisadi qayda deyildir. İnsanın yaradılışı ilə bağlı təməl prinsipdir. İnsanın mahiyyəti onun ruhudur və ruhun isə cinsiyyəti yoxdur. Həzrət Bəhaullah "Qadınlar və kişilər Allah nəzərində bərabər olmuşlar və hər zaman da bərabər olacaqlar" çağırışı qadın və kişi arasında heç bir fərqin olmadığını açıqca ifadə edir. Bu səbəbdən ruhani təməl kimi onsuz da var olan bərabərliyin gündəlik həyatda əks etdirilməsi bir zərurətdir. Həzrət Əbdül-Bəha 1913-cü ilin yanvarında Londonda keçirilәn Qadın Azadlığı İttifaqının iclasında demişdir:

“Bәşәriyyәt iki qanadı olan quşa bәnzәyir: qanadlardan biri – kişi, digәri – qadındır. Hәr iki qanad güclü olmasa vә eyni bir qüvvә ilә hәrәkәtә gәtirilmәsә quş sәmaya uça bilmәyәcәkdir. Zamanın ruhuna uyğun olaraq qadınlar kamillәşmәli, hәyatın bütün sahәlәrindә özlәrini göstәrmәli, kişilәrlә bәrabәrlәşmәli, onların sәviyyәsinә yüksәlmәli vә onlarla eyni hüquqlardan istifadә etmәlidirlәr”.

O, həmçinin deyir ki, qadınlar sülhlə bağlı məsələlərdə hərtərəfli və bərabər hüquqda iştirak etdiyi zaman müharibələrə son qoyulacaqdır. Bu dəyişikliklər öz-özünə baş verməyəcəkdir. Potensiallarının tam inkişafı üçün qadınların özləri cəhd etməlidirlər. Əbdül-Bəha buyurur:

“Daha yüksək kamilliyə çatmaq, bütün məsələlərdə kişilərlə bərabər olmaq, ənənəvi olaraq geri qaldıqları bütün sahələrdə irəli getməsi və kişilərin onları qabiliyyət və vərdişlərinə görə bərabərliyi tanımasından ötrü qadınları mübarizə gözləyir.. Qadınlara öz qabliyyətlərini yüksək dərəcədə inkişaf etdirmək imkanı verilməyincə, kişilər də malik ola biləcəkləri yüksəkliyə çata bilməyəcəklər”.

O, bildirirdi ki, qadınların təhsili kişilərin malik olduğu təhsilin standartlarına uyğun gəlməlidir, yəni qadınlar və kişilər cəmiyyətdə bərabər təhsil hüququna malik olmalıdırlar. Əgər ailənin həm oğlan, həm də qızının təhsili üçün pulu yoxdursa, valideynlərə pulu qızın təhsilinə sərf etməyi məsləhət görülür, çünki o potensial ana və gələcək nəsillərin tərbiyəçisidir. Əbdül-Bəha başqa bir yazısında, qadınlar cəmiyyətdə həqiqi yer tutduqdan sonra nələr baş verəcəyini belə izah etmişdir:

“Keçmişdə dünya qüvvə vasitəsilə idarə olunurdu və kişi özünün güclü və təcavüzkar, həm fiziki, həm də əqli keyfiyyətləri hesabına qadın üzərində üstünlüyə malik idi. Lakin bu müvazinət artıq pozulmaqdadır: qüvvə öz üstünlüyünü itirdiyi halda, qadında üstün olan əqlin çevikliyi, intuisiya, məhəbbət və xidmət kimi ruhani keyfiyyətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Ona görə də yeni era az dərəcə kişi erası olub, qadın ideyaları ilə daha çox doydurulmuş olacaqdır; dəqiq desək, bu sivilizasiyanın kişi və qadın əsaslarının müvazinətdə olduğu dövr olacaqdır”.

Din və Elmin Vəhdəti. Həzrət Bəhaullah öyrədir ki, dinlə elm arasında vəhdət mövcuddur. Həqiqi din və həqiqi elm bir-birinə zidd deyildir. Onlar həqiqətin bir-birini tamamlayan tərəfləridir. Belə ki, Allah dini insana tədricən aşkarlayır. İnsan isə öz dərrakəsinə arxalanaraq elmin sirlərini açır. Hər ikisi insana lazımdır. Din ruhani yüksəlişdə vacib köməkçidir. Elm isə maddi tərəqqi vasitəsidir.

"Din və elm – insanın şüurunu yüksəkliyə qaldıran və insanın ruhunu inkişaf etdirən iki qanaddır. Bir qanadla uçmaq olmaz. İnsan əgər din qanadına söykənərək uçmağa cəhd edirsə, o sürətlə xurafat

bataqlığına düşəcəkdir. Əgər o yalnız elm qanadında uçarsa, irəli getməyərək, materializmin qaranlıq bataqlığına düşəcəkdir."...

Tarixdən yaxşı məlumdur ki, müasirləri tərəfindən təzyiq və hücumlara həm dinin yaradıcıları, həm də elm pionerləri məruz qalmışlar. Elm və din ardıcılları arasındakı münaqişələr isə çox vaxt vərdiş halına keçmiş cahillik və mövhumat səbəbindən baş verirdi. Bununla belə həqiqi sivilizasiya yalnız insanlar tərəfindən həm dinin, həm də elmin zəruriliyi dərk edildikdən sonra mümkün olacaqdır. Əbdül-Bəha yazır:

“Din və elm birlikdə addımlayır və elmə zidd olan istənilən din həqiqi deyildir”

Allah və fövqəltəbii varlıqlar haqqında təlim. Allah – Kainatda yeganə fövqəltəbii Qüvvədir. Allahdan başqa heç bir fövqəltəbii varlıq yoxdur. Allah Xaliqidir. Ədalət, Mərhəmət və Məhəbbətin daşıyıcısı kimi Allah “Şeytan” və “cin” adlı varlıqları yaratmayıb. Onlar mövcud deyillər. Maddi və ruhani dünyada yalnız bir qüvvə - Allahın yaradıcı qüvvəsi vardır. Bu təlimdə İblis və cinlərin varlığı inkar edilsə də, “şeytan”, “iblis”, “cin” anlayışlarından insanın alçaq fiziki mahiyyəti və nəfsi ilə bağlı məsələləri ifadə etməkdən ötrü istifadə olunur. Bəhaullah buyurur:

“Şeytan o kəsdir ki, insan övladının ruhani tərəqqisinin yüksəlişinə mane olur və onu saxlayır”.

“Mələk” anlayışı da Bəhai təlimində rəmzi mənada, yəni dünyası dəyişmiş və ruhani dünyalarda yaşayan pak və kamil ruhları ifadə edir. Bəhai təliminə görə, insanın məhdud şüuru Allahı heç zaman dərk edə bilməz. Allahın mahiyyəti insan təfəkkürü üçün əlçatmazdır. Lakin insan Allahın keyfiyyətlərini və sifətlərini Onun peyğəmbərlərinin sözləri və əməlləri vasitəsilə öyrənə bilər. Allahın adları çoxdur. Onu Vişna, Yahova. Rəbb, Xaliq, Sultan, Pərvərdigar, Rəhman, Mərhəmətli, Ata və s. da adlandırmaq olar. Lakin ona peyğəmbərlərin adı ilə, Krişna, Budda, İsa deyə müraciət etmək olmaz.

Dünyanın və insanın yaradılışı haqqında təlim. Maddi dünya (materiya) məkanca sonsuz, zaman etibarilə əbədidir. Onun nə vaxtsa “yoxluqdan yaradılması” və zamanın sonunda “yox olması” yalnış təsəvvürdür. Allah Əbədi və Əzəli olduğu kimi, maddi dünya da əbədi və əzəlidir. Həzrət Bəhaullah yazır:

“Bil ki, xilqət (maddi dünya) əzəldən olub və həmişə də olacaq. Onun əvvəlinin başlanğıcı və axırının sonu yoxdur... Allah əzəldən olub və həmişə də olacaq... “Xaliq” adı özlüyündə “məxluq”un olmasını tələb edir...”.

Bəhai təlimində Allahın insanı yaratmasına baxış başqa dinlərdən fərqlənir. Digər canlılar kimi insan da Allahın İradəsi ilə milyon illər ərzində bəsit formadan inkişaf edərək müasir insan formasına düşmüşdür. İnsan inkişafının müxtəlif mərhələlərində zahirən başqa canlılara (balıq, sürünən, primat) bənzəsə də, gizli qüvvəyə malik xüsusi növ idi. Bu məsələ ilə bağlı Əbdül-Bəha yazır:

“İnsan öz mənşəyinin başlanğıcında Yer bətnində, ana bətnindəki embrion kimi yavaş-yavaş böyümüş və inkişaf etmiş, bir formadan başqa formaya keçərək, indiki gözəlliyinə və kamilliyinə, indiki quruluşuna və qüdrətinə gəlib çatmışdır. İnsanın Yer üzündə mövcud olduğu ən ilkin vaxtlardan onun müasir vəziyyətinə, quruluşuna və formasına çatana qədər, şübhəsiz ki, uzun müddət lazım olmuşdur. Lakin öz mənşəyinin lap başlanğıcında da insan xüsusi növ olmuşdur ”.

İnsanın yaradılışı ilə bağlı əvvəlki dinlərdə xüsusi yeri olan Adəm və Həvva hekayətinə Əbdül-Bəha belə izahat vermişdir:

“Əgər biz bu hekayəni camaatın anladığı hərfi mənada qəbul etsək, onda bu son dərəcə qeyri-adi hekayədir. Ağıl onu nə anlaya, nə təsdiq edə, nə də təsəvvür edə bilər, çünki məsələnin belə qoyuluşu, bu cür təfərrüat, belə davranış və məzəmmət düşüncəli adama, xüsusilə də bu sonsuz Kainatı belə mükəmməl formada və bu ucsuz-bucaqsız dünyanı belə mütləq qanunauyğunluqda, belə ciddi nizamla və mükəmməlliklə yaradan Allah-taalaya xas deyildir. Buna görə də qadağan olmuş ağacın meyvəsini yeyib Cənnətdən qovulan Adəm və Həvva haqqında hekayəni rəmzi mənada qəbul etmək lazımdır. İlahi sirləri özündə saxlayan bu hekayənin böyük mənası var və o, heyrətamiz şərhlərə malik ola bilər”.

Ruh haqqında təlim. Ruh haqqında beş ideya durur: ruh insanın mahiyyətini təşkil edən fövqəltəbii hissəsidir, ruh bədəndən asılı deyildir (ruhla bədən arasında xüsusi əlaqə vardır), ruh tam törəmədir, hər bir

insanın ruhunu Allah xəlq etmişdir, ruh ölməzdir. Bununla belə, ruhun mahiyyəti insan üçün dərk edilməzdir. Bəhaullah yazır:

“...ruh Allahın əlamətidir və elə bir səmavi cövhərdir ki, bütün elm sahibləri onun mahiyyətini dərk etməkdə və bütün irfan əhli onun sirrini anlamaqda acizdir.Ruh –yaradıcısı olan Allahın ucalığından söz açan, Onun cəlalını etiraf edən, Onun həqiqətindən yapışan və Ona səcdə edən ilk şeydir...Ruh mahiyyəti etibarilə Allahın əlamətlərindən biri və Onun sirləri içərisində bir sirrdir. Onda elə bir şey gizlənib ki, hazırki aləm onu dərk etmək qabiliyyətinə malik deyildir”.

İbadət haqqında təlim. Bəhai təlimində Allaha ibadət daha daha geniş anlamdadır. Bəşəriyyətə xidmət, cəmiyyətdə saf əxlaq və xeyirxahlıqlar nümayiş etdirmək, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, hətta gündəlik adi işlərin (həkimlik, müəllimlik, elmi tədqiqat və s.) vicdan və fədakarlıqla yerinə yetirilməsi də Allaha ibadət hesab olunur. Bununla belə fərdin Allaha ibadətinin aşağıdakı formaları da müəyyən olunmuşdur: Həzrət Bəhaullah və Həzrət Babın nazil etdiyi duaların gündəlik oxunması; Müqəddəs Yazıların səhər və axşam oxunması; namaz; “Allahu-Əbha” ifadəsinin 95 dəfə zikri; oruc.

Gündəlik dualara sərf edilən vaxt, oxunan duaların sayı fərdin ehtiyacından və ruhani yanğısından asılıdır. Namazların sayı üçdür. Ən qısa bir ayədən ibarətdir və günorta vaxtı, orta namaz gündə üç dəfə, səhər, günorta və axşam, böyük namaz isə 24 saatda bir dəfə qılınmalıdır. Mömin bu üç namazdan istənilən birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur.

Bəhai dinində Allaha ibadət - insanlara xidmәtә hәsr olunmuş hәyatda da öz ifadәsini tapır. Biz Allaha başqa yolla xidmәt edә bilmәrik. Әgәr biz insanlara arxa çeviririksә, demәli, biz Allaha arxa çeviririk. Bәhaullah buyurur:

“Ey insan oğlu! Әgәr sәn mәrhәmәt tәrәfdarısansa, onda öz xeyrindәn imtina et vә başqalarına fayda gәtirәn işlәrlә mәşğul ol və әgәr sәn әdalәtlisәnsә, onda özünә arzuladığını başqalarına da arzula”.

Bәhaullahın әn mühüm tövsiyәlәrindәn biri hökmәn faydalı әmәklә mәşğul olmaqdır. İnsan cәmiyyәtindә tüfeylilәr vә başqasının hesabına dolananlar olmamalıdır. Bәhaullah buyurur:

"Sizlәrdәn hәr birinizә hәr hansı bir işlә mәşğul olmaq әmri verilir: sәnәtlә, ticarәtlә vә i. a. Sizin belә әmәklә mәşğul olmağınızı Biz Hәqiqi Allaha xidmәt saydıq. Düşünün, ey insanlar, Allahın mәrhәmәti vә Onun xeyirxahlığı haqqında düşünün vә gecә-gündüz Ona şükrlәr edin. Vaxtınızı tәnbәlliyә vә bekarçılığa sәrf etmәyin, hәm sizә, hәm dә başqalarına fayda gәtirәn işlәrlә mәşğul olun. Müdriklik vә Bәlağәt Günәşi şәfәqlәrinin üfüqlәrindәn nazil olan bu müraciәtnamәdә belә yazılıb! Allah qarşısında әn zәlil sayılan bәndә o kәsdir ki, oturub dilәnir. Bütün vasitәlәrin çeşmәsi olan Allaha tәvәkkül edәrәk, öz işinizdәn möhkәm yapışın".

İşləmək və inkişaf etmək yalnız özümüz üçün deyil, bütün dünyada zənginlik yaratmaq üçün lazımlıdır. Bәhaullahın Tәliminә görə, halal yolla qazanılmış vә düzgün xәrclәnәn sәrvәt hörmәtә vә tәrifә layiqdir. Əbdül-Bəha buyurmuşdur:

"Zənginlik, bütün cəmiyyət zəngin olduğu zamanda tərifə layiqdir. Lakin, əgər bəziləri hədsiz şəkildə zənginləşərkən qalanlar yoxsullaşırsa və bu zənginlikdən heç bir səmərə və fayda əldə edilmirsə, bu zənginlik yalnız sahibi üçün bir yükdür."

İşləmək bəşəriyyətə xidmət məqsədi daşıdıqda Allahın nəzərində ibadətə çevrilir. Bəşəriyyətə xidmət ruhunda görülən istənilən iş ibadətdir. Əbdül-Bəha belə buyurmuşdur:

“Bәhai Tәlimindә incәsәnәtlә, elmlә vә sәnәtlә mәşğul olmaq ibadәtә bәrabәr tutulur. İnsan yüksәk keyfiyyәtli bir parça kağız düzәltmәk üçün bütün sәyini toplayıb vicdanla çalışırsa, bununla Allahı mәdh edir. Ümumiyyәtlә, insanın sәmimi qәlbdәn etdiyi bütün çalışmalar vә sәylәr, әgәr onlar yüksәk ideallar naminә vә bәşәriyyәtә xidmәt etmәk arzusu ilә görülürsә, Allaha xidmәt etmәk deməkdir. Allaha xidmәt etmәk–bәşәriyyәtә xidmәt etmәk vә insanlara onların ehtiyaclarında kömәk etmәk demәkdir. Xidmәt - ibadәt deməkdir. Xurafatdan uzaq olan vә bәşәriyyәtin hәmrәyliyinә inanan, xәstәyә hәssaslıqla vә qayğıkeşliklә yanaşan hәkim Allahı mәdh edir”.

Allaha ibadətin bir forması kimi xidmət anlayışı, həm fərdi həm də kollektiv Bəhai həyat - tərzinin mərkəzində durur. Əbdül-Bəha yazır:

"Sizlər yetimlərə sevgi dolu ata, acizlərə sığınacaq, kasıblara xəzinə, xəstələrə çarə olun..Sizlər, hər bir zülm qurbanının köməkçisi, zərər çəkmiş uşaqların dəstəkçisi olun. Sizlər hər zaman, insan irqinin hər bir üzvünə xidmət etməyi düşünün. Diqqətinizi nifrət, inkar, kiçik hesab etmə, düşmənçilik və ədalətsizliyə verməyin, tam tərs istiqamətdə hərəkət edin. Sizlər, yalnız görünüşcə deyil, səmimiyyətlə nəzakətli olun. Allahın sevdiklərinin diqqətlərini, Allahın lütfü və inayətlərinə çəkin. Qarşılaşdığı hər kəs üçün yaxşı bir şeylər etməsinə və ona fayda verməsinə köməkçi olun. Hər birimizin və hamımızın xarakterini inkişaf etdirməsinə və insanların düşüncələrinə istiqamət verməsinə köməkçi olun. Beləcə, İlahi Yol Göstəricinin işığı gələcəyə doğru parlayacaq və Allahın inayəti bütün insanlığı qoruyacaq: sevgi işıqdır haranı məskən tutarsa tutsun, nifrət qaranlıqdır haranı yuva edirsə etsin."

Axirət həyatı haqqında təlim. Dinlərin teoloji əsaslarında “Zamanın Sonu”, “Qiyamət” və “Dirilmə” ilə bağlı təsəvvürlərin xüsusi yeri vardır. Bəhaullah izah edir ki, bunlar rəmzi məna daşıyır. “Dünyanın Sonu” dünyanın dağılması deyil, “Əsrin başa çatması” və ya “Dövrün sonu” deməkdir. Peyğəmbərlər deyəndə ki, Günəş qaralacaq, bu, o deməkdir ki, bu “Mənəvi Günəşlər”in (Peyğəmbərlərin) saf təlimləri cəhalət və xurafatlara bulanacaqdır. Dini rəhbərlər və ruhanilər kiçik işıq mənbəyi olan “Ay” və “ulduzlar” kimi adamları ruhlandırmalı və onlara düzgün yol göstərməlidirlər. Deyəndə ki, Ay işığını itirəcək və qana dönəcək və ulduzlar göydən yerə töküləcəklər, bu o deməkdir ki, ruhanilər – mollalar, kilsə başçıları hörmətdən düşəcək, dini və siyasi çəkişmə və münaqişələrə qoşulacaq, dünyəvi qayğılarla məşğul olcaqlar.

Qiyamət Günü, həm də “Dirilmə Günüdür”. “Dirilmənin” kobud fiziki bədənlə heç bir əlaqəsi yoxdur. Dirilmə - Peyğəmbərlər vasitəsilə insanın mənəvi həyata doğulmasıdır. Onun dirilib ayağa qalxdığı qəbir – nadanlıq və cəhalət qəbridir. Dirilmə Günü iyirmi dörd saatdan ibarət olan gün deyil, o Bəhaullahın gəlişi ilə başlamış və hal-hazırkı dünya dövrünün bitəcəyi vaxtadək davam edən bütöv bir eradır. O indiki sivilizasiyanın bütün izlərinin Yer üzündən silinməsinə və İlahi Sivilizasiyanın qurulmasına qədər davam edəcəkdir. Bəhaullah buyurur:

“Qəbirlərdən qalxın, nə vaxta qədər yatacaqsınız? Bu, ikinci Sur səsidir, kimi gözləyirsiniz? Bu sizin mərhəmətli Rəbbinizdir, siz isə Ondan üz döndərirsiniz...”

Cənnət və Cəhənnəm yer, məkan deyil, haldır. Cənnət Allaha yaxınlıq, Cəhənnəm isə Ondan uzaqlıqdır. Bu hal Yerdəki və ölümdən sonrakı o biri həyatda da mövcuddur. İnsanın ana bətnindəki həyatı doğumdan sonrakı həyatından fərqləndiyi kimi, ruhun həyatı da o biri dünyada bu dünyadakı həyatından kəskin şəkildə fərqlənir. Bədəndən azad olmuş ruh qəfəsdən azad olmuş quş kimi öz inkişafını və Allaha doğru hərəkətini davam etdirir.

Vətənə və Bəşəriyyətə xidmət haqqında təlim. Bu təlim bəhainin ailə və cəmiyyətdə bir sıra əxlaq və davranış qaydalarından ibarətdir: bəhai öz vətənini və bütün bəşəriyyəti sevir, Bəşəriyyətin Birliyi prinsipini uca tutur və Ümumdünya sülhünə çalışır; hər cür dini, siyası, milli, iqri təəsübkeşliklər ona yaddır, bəhai hər hansı bir formada siyasi hərəkatlara qoşulmur. O, yaşadığı ölkənin hökumətinə və dövlətin konstitusiyasına sidq ürəklə itaət edir; bəhai əxlaqi saflıq prinsipini gösləyir, nigahdan əvvəl və nigahda ismətliliyi qoruyub saxlayır; hamı ilə nəzakətli, hörmətcil və qonaqpərvərdir; bəhai cəmiyyətdə və ailədə kişi və qadın bərabərliyini tanıyır, təknigahlıqdan başqa heç bir nigah formasını qəbul etmir; bəhai təhsil alır, peşə öyrənir, dolanışıq üçün vəsait qazanır, ölkəsinə və bəşəriyyətə xidmət edir; bəhai Bir Ümumi Din konsepsiyasını təbliğ etməklə dinlər və məzhəblər arasında dostluq, əməkdaşlıq və birliyin yaradılmasına çalışır; bəhai qeybətdən, mübahisə, yalan, ixtilaf, korrupsiya və narazılıqdan uzaqdır. Bəhaullah öz ardıcıllarına yazırdı:

“Bütün dinlərin ardıcılları ilə dostluq və yoldaşlıq ruhunda ünsiyyətdə olun. Dostlara dönə-dönə tövsiyə etmişik və edirik ki, fəsad qoxusu gələn şeylərdən uzaqlaşsınlar, xeyr, qaçsınlar”

Read 346 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR