Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 03 Avqust 2018 08:00

NATO-nun transformasiya siyasəti və Rusiya faktoru (1992-1997-ci illər)

Written by 
NATO-nun transformasiya siyasəti və Rusiya faktoru (1992-1997-ci illər) https://www.google.ru

Elman NƏSİROV

Azərbaycan Respublikasının Prezidenti yanında 
Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər üzrə elmlər doktoru, professor
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Xəyal İSKƏNDƏROV

Azərbaycan Respublkası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dissertantı
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Açar sözlər: NATO, Rusiya, təhlükəsizlik, tərəfdaşlıq, əməkdaşlıq, təşəbbüs, genişlənmə

Key words: NATO, Russia, security, partnership, cooperation, initiative, enlargement

Ключевые слова: НАТО, Россия, безопасность, партнерство, сотрудничество, инициативность, расширение

Giriş

“Soyuq müharibə” başa çatdıqdan və Sovet İttifaqı dağıldıqdan sonra Avroatlantik məkanda yeni beynəlxalq münasibətlər sistemi qurmaq üçün yeni mərhələ başladı. 1992-ci il oktyabrın 2-də ABŞ-ın Dövlət katibi Ceyms Beyker və AFR-in Xarici işlər naziri Hans-Ditrix Qenşerin imzaladıqları sənəddə “Vankuverdən Vladivastoka qədər” ərazini əhatə edəcək Avroatlantik məkanın yaradılması irəli sürüldü [1]. Bu fikri NATO-nun Baş katibi Manfred Vörner oktyabrın 9-da ABŞ-da səfərdə olarkən bir qədər də inkişaf etdirərək bildirmişdir ki, Vankuverdən Vladivastoka qədər uzanan ərazidə yeni dünya nizamının yaradılması NATO-nun əsas məqsədlərindən biri olmalıdır [2,112]. Qısası 1991-ci ildə NATO-nun yeni strateji konsepsiyanı qəbul etməsi özünü “soyuq müharibə”dən sonrakı eraya uyğunlaşdırması və sovet caynağından canlarını yenicə qurtarmış ölkələr ilə əməkdaşlığa başlaması üçün əsas mərhələ oldu və “hüdudlarından” kənara çıxmasına bir növ təkan verdi. Avropanın gələcək təhlükəsizliyinin təşkilati əsaslarını müəyyən edən Roma sənədinə görə, heç bir qurum təklikdə Avropanın qarşısında duran problemləri həll etmək iqtidarında deyil. Buna görə də, NATO Avropanın yeni təhlükəsizlik strukturunun yaradılmasına çalışırdı. Elə bir struktur ki, onun çərçivəsində NATO, ATƏM, Avropa İttifaqı, Qərbi Avropa Birliyi və Avropa Şurası bir-birini tamamlamalı, eyni zamanda özünəməxsus funksiyaları saxlamalı idilər. 
Məşvərətçi orqan olan Şimali Atlantika Əməkdaşlıq Şurasının (ŞAƏŞ) yaradılması bu sahədə atılmış ilk addım sayılmalı idi. 1991-ci il dekabrın 20-də Şuranın ilk iclası keçirildi. Şuranın əsas vəzifəsi təhlükəsizlik sahəsində əməkdaşlığa və ölkələr arasında münasibətlərin inkişafına yardım göstərməkdən ibarət idi. Bu qurumun fəaliyyətinin nəticəsi olaraq “soyuq müharibə” dövründən miras qalmış psixoloji və mental rudimentlər aradan qalxmalı idi. Məhz bundan sonra bərabər məsuliyyət üzərində qurulacaq ümumi təhlükəsizliyə ümid etmək olardı. ŞAƏŞ-ə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM) əvəzləyici kimi yanaşmaq da yanlış olardı. Belə ki, ATƏM-in prioritetində olan ümumavropa təhlükəsizliyinin hərbi aspektlərinin ŞAƏŞ çərçivəsində müzakirə edilməsi, əksinə tamamlayıcı funksiya yerinə yetirirdi. Lakin ŞAƏŞ öz fəaliyyətində yalnız geniş müzakirələrin aparılması ilə kifayətlənmirdi. Bu qurumun nəzdində bir neçə qrup yaradıldı ki, bunların da əsas hədəfi əməkdaşlığın konkret istiqamətlərində planlı işin aparılmasının təşkil edilməsi idi [3,29]. Beynəlxalq aləmdə gedən mürəkkəb geosiyasi prosesləri nəzərə alan ABŞ başda olmaqla Qərb liderləri bununla da keçmiş Varşava Müqaviləsi Təşkilatı və postsovet ölkələrinin gələcəkdə NATO-ya mərhələ-mərhələ cəlb edilməsinin tərəfdarı olduqlarını elan etmiş oldular.Lakin Rusiyanın Şərqi Avropa və postsovet məkanını yenidən öz təsiri altına almaq məqsədini xarici siyasətinin prioriteti elan etməsi NATO-nun transformasiya siyasətində əsas maneəyə çevrildi və sonralar bu xarici siyasət kursu daha “sərt” formaya keçdi.
1. “Soyuq müharibə”dən sonra Rusiyanın xarici siyasət 
strategiyası

Rusiya dövlət müstəqilliyini əldə etdikdən bir neçə ay sonra Xarici işlər naziri Andrey Kozırev xarici siyasət strategiyasını müəyyənləşdirərkən iki əsas prioritet istiqamət təyin etmişdi: birincisi, ABŞ və Qərbi Avropa ilə qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək; ikincisi, yenicə müstəqillik qazanmış MDB ölkələri ilə dostluq münasibətləri qurmaq. Kozırev xüsusilə qeyd etmişdi ki, bütün dünya Rusiyanın müasir demokratik ölkə və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə köməklik göstərməlidir. Belə bir transformasiya nəticəsində Rusiya öz imperialist ambisiyalarına üstün gələ və Qərb birliyinin yeni üzvü kimi əsaslı iqtisadi islahatları həyata keçirməklə qlobal təhlükəsizliyə öz töhfəsini verə bilərdi. Kozırevin bu mövqeyi “Atlantizm” adlanırdı [4]. Ona görə də ABŞ-da və bütün Avropada müzakirə olunan genişlənmə prosesi Rusiyanın siyasi elitasında, demək olar ki, heç bir narahatlıq doğurmurdu.
Rusiya hər vəchlə yeni demokratik Rusiya ilə Sovet imperiyası arasındakı fərqi göstərməyə çalışırdı. Rusiyaya görə, SSRİ-nin dağılmasında bu ölkənin rolu digər sovet ölkələrinin hər birinin rolundan daha böyük idi və əgər Rusiya istəməsəydi, SSRİ heç vaxt dağılmazdı. Bir qrup məşhur şəxsin və dövlət xadiminin daxil olduğu Müdafiə və Xarici Siyasət Şurasının  1992-ci ilin avqustunda qəbul etdiyi “Rusiya üçün strategiya” adlı sənədində deyilirdi: “Rusiya Qərblə strateji tərəfdaşlıq yaratmalıdır. Bu tərəfdaşlıqda Rusiyanın üzərinə düşən vəzifə Şərqi Avropa, Orta Asiya və Uzaq Şərqdə vəziyyəti nizamlamaqdan ibarət olmalıdır” [3,35].
1992-ci ilin ortalarında Kozırev yeni era üçün Rusiyanın xarici siyasət maraqları və prioritetlərini əks etdirən konsepsiyanın hazırlanması prosesinə start verdi. Həmin sənəd 1993-cü ilin yanvar ayında “Rusiya Federasiyasının xarici siyasət konsepsiyası” adı altında nəşr olundu və aprel ayında Prezident Yeltsin tərəfindən təsdiq edildi. Konsepsiyada əks olunan doqquz prinsipin əksəriyyəti Rusiyanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi və iqtisadi islahatların həyata keçirilməsinə əsaslanırdı. Yalnız bir prinsip təhlükəsizlik siyasətinə istinad edirdi. Kozırevin mövqeyi ictimaiyyətin kollektiv rəyini əks etdirsə də, bəzi analitiklər bu addımın atılmasında daha diqqətli olmağı məqsədəuyğun hesab edirdilər. Məsələn, Rusiyanın ABŞ-dakı səfiri Vladimir Lukin ABŞ-ın “Xarici siyasət” jurnalında dərc olunan məqaləsində Kozırevdən fərqli olaraq daha praqmatik mövqedən çıxış edərək qeyd edirdi ki, Rusiya nəinki öz maraqlarının müdafiəsi, həmçinin qlobal təhlükəsizliyə töhfəsini vermək üçün yenidən supergüc olmalı və ABŞ-la əməkdaşlıq bərabər tərəfdaşlıq əsasında həyata keçirilməlidir [3,29]. Oxşar fikirlər Prezident Yeltsinin məsləhətçisi Sergey Stankeviç tərəfindən səsləndirildi. Sergey Stankeviç hesab edirdi ki, Rusiya “atlantistlərin” kursunu tutmamalıdır, çünki bu kurs ona gətirib çıxaracaq ki, Rusiya Avropa ölkəsi və yaxşı təşkil olunmuş şəkildə dünya iqtisadiyyatının bir parçası olacaq. Bununla da Atlantik birliyinin üstün üzvlərinə - Birləşmiş Ştatlara və Almaniyaya çox böyük önəm vermək məcburiyyətinə düşəcək [5]. Bu məsələdə Duma da qəti mühafizəkar mövqeyini ortaya qoydu.
Beləliklə, 1993-cü ilin avqust ayında Moskvada yaranan etirazı nəzərə alan Yeltsin mövqeyini və əvvəlki bəyanatını dəyişdi. Sentyabr ayının 15-də Yeltsin ABŞ Prezidenti Klintona və digər Qərb liderlərinə yazdığı məktubda Mərkəzi və Şərqi Avropa ölkələrinin NATO-ya daxil edilməsinə qarşı olduğunu bildirdi. Həmin məktubun sonunda Prezident Yeltsin Rusiyanın Şərqi Avropa ölkələrinin təhlükəsizliyi, ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı və regionda sülhün təminatı üçün NATO ilə iş birliyinə hazır olduğunu bildirsə də, Şərqi Avropa ölkələrinin öz fikir və mövqelərini, demək olar ki, nəzərə almamışdı [6].
Əslində NATO-nun şərqə doğru genişlənməsinə Moskvanın baxış bucağı tamamilə fərqli idi. Rusiyaya görə ABŞ və Qərbi Avropanın Şərqi Avropa ölkələri ilə əməkdaşlığı yeni koalisiyanın yaranmasına gətirib çıxara bilərdi ki, bu da Rusiya üçün arzuolunan deyildi. Buna görə də genişlənmə siyasəti Rusiya cəmiyyətində şübhə və daha çox hiddətlə qarşılanırdı və rusiyalı siyasətçilər bu siyasətə qarşı çox sərt mövqe nümayiş etdirirdilər. 
NATO-nun genişlənməsinə qarşı Rusiyanın mövqeyi Avropanın yeni geosiyasi vəziyyətindən asılı idi. Bir çox problemlərin mövcudluğuna baxmayaraq Rusiya regionun ən nəhəng ölkəsi idi və bir çox təsir imkanlarına malik idi. Rusiya üçün NATO "soyuq müharibə" təşkilatı olaraq qalmaqda davam edirdi. Belə neqativ mövqe, sözsüz ki, özünü geosiyasi imperativlərdə əks etdirməyə başladı. Bu imperativlər əslində o qədər də anlaşılan deyildi, amma rəsmi Moskva istər Alyansın genişlənməsini tamamilə dayandırmaq, istər effektivliyini azaltmaq, istərsə də tamamilə başqa bir istiqamətə yönəltməklə NATO-nun transformasiyasına hər vəchlə mane olmağa çalışırdı. 
Bu dəyişiklik əsasən iki regionda özünü göstərdi: birincisi, Rusiya xüsusən də Belarus və Ukrayna daxil olmaqla Qərbə inteqrasiya xətti götürən MDB ölkələrinə müxtəlif təzyiqlər göstərməyə, ikincisi NATO-nun Mərkəzi və Şərqi Avropa ölkələrinə doğru genişlənməsinə qarşı çıxmağa başladı. Bununla Rusiya əvvəllər nüfuz dairəsində olan regionları yenə də öz təsir sahəsində saxlamağa, Mərkəzi və Şərqi Avropa ölkələrinin neytral mövqedə qalmasına çalışırdı. Bu, həmin vaxtlara təsadüf edirdi ki, NATO ilə Rusiya arasında gərginlik açıq-aşkar hiss olunurdu. Rusiya onunla xüsusi münasibətlər qurulmadan genişlənmə baş verdiyi təqdirdə Alyansı acı nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq da edirdi. Bu xəbərdarlıq silahlar üzərində nəzarət müqaviləsinin pozulması, Rusiya tərəfindən idarə olunan bir hərbi blokun yaradılması və başqa təxribatçı addımlardan ibarət idi.
Öz sərhədlərinə hər hansı hərbi təhlükənin olduğunu müşahidə etdiyi halda Rusiyanın NATO-ya qarşı çıxmasına haqq qazandırmaq olar. Lakin Rusiya NATO ilə sərhədində ikiqat təhlükəsizlik zonası yaratmağa çalışırdı. Birinci zona rəsmi Moskva ilə yaxın əlaqələr qurmaqla Belarus və Ukrayna tərəfindən təmin edilməli idi, əks-təqdirdə bu ölkələr Rusiya tərəfindən xaosa sürüklənə bilərdi. Həm Rusiya ordusuna, həm də qonşuluqdakı ölkələrin təcavüzünə qarşı həssas hesab olunan ikinci zona bitərəf Avropa dövlətləri tərəfindən təmin edilməli idi. Rusiyaya görə, bu dövlətlərin Alyansın təmin edə biləcəyi kollektiv müdafiə vasitəsilə öz təhlükəsizliklərini və toxunulmazlıqlarını saxlamaq və təkmilləşdirmək məqsədilə NATO-ya daxil olmaq üçün heç bir hüquqi haqları yox idi. Bununla Rusiya başqa ölkələrin hesabına öz təhlükəsizliyini təmin etməyə çalışırdı. Lakin bu, o qədər də asan deyildi, çünki daha təhlükəsiz mühit formalaşdırmaq üçün NATO-ya üzv olmaq Şərqi Avropa ölkələrinin hüquqi və siyasi haqqı idi. Həmin ölkələrin Alyansa daxil olması elə bir formada təşkil edilə bilərdi ki, bu proses öz sərhədlərini müdafiə etmək iqtidarında və nəhəng nüvə ölkəsi olan Rusiya üçün heç bir hərbi təhlükə yaratmazdı. Əslində Rusiyanın NATO-nun genişlənməsinə qarşı çıxması yeni erada təhlükəsizliyi təmin etmək üçün sağlam təməllər üzərində qurulmuş strateji nəzəriyyədən deyil, onların “soyuq müharibə” dövründəki düşmənçilik münasibətlərindən irəli gəlirdi.
Rusiya rəsmi dairələrinin bu mövzu ətrafında mövqeyini isə əgər belə demək mümkünsə, “açıq şantaj” kimi xarakterizə etmək olardı. Bu, hələ ilk dəfə Şimali Atlantika Əməkdaşlıq Şurasının 1992-ci ilin dekabr ayında Stokholmda keçirilən sessiyasında irəli sürülən “Şok diplomatiyası”nda öz təzahürünü tapmışdı. “Şok diplomatiyası” siyasətinin mahiyyəti Rusiyada islahatlar uğursuzluqla nəticələnəcəyi təqdirdə hakimiyyətə milliyyətçi və sol-revanşist qüvvələrin gəlmə ehtimalı ilə dünya birliyini təhdid etməkdən ibarət idi [3,36]. Sözsüz ki, Rusiyanı Avropaya daxil edilməməsi qorxutmurdu, çünki Rusiya Avropasız da mövcudluğunu saxlayacaqdı. Lakin narahatlıq doğuran bir çox suallar var idi: NATO-nun növbəti addımı nə olacaq? Alyansa daha hansı ölkələr üzv olacaq? Genişlənmə prosesi hara qədər davam edəcək? MDB ölkələrinin aqibəti necə olacaq? Bütün bu narahatlıqlar fonunda NATO 1996-1997-ci illər genişlənməsinin əhatə dairəsi barədə konkret qərarını elan etmədiyi müddətdə Rusiyanın verəcəyi reaksiya məlum deyildi. Amma Rusiyanın tutduğu mövqe Alyansa yeni üzvlərin qəbul edilməsi prosesini daha da sürətləndirə bilərdi və yaranan hər hansı bir böhran onun özünün məğlubiyyətinə səbəb olardı. Buna görə də Rusiya daha diplomatik metodlardan istifadə etməklə ən azından digər maraqlarına hörmət ediləcəyinə əmin ola bilərdi. Yalnız bundan sonra təhlükəsizlik və iqtisadi genişlənməni müşayiət edən səmərəli dialoqdan söz açmaq mümkün olardı.
Bir çox səbəblər əsas verir qeyd edək ki, Rusiyanın bu “etatizm” siyasəti özündə uzunmüddətli və çoxşaxəli hədəfləri əks etdirirdi. Çünki güclü dövlətlər öz təhlükəsizliklərini sığortalamaq üçün, adətən, qonşuluqlarında yerləşən ölkələri bilavasitə öz təsir sahəsində saxlamağa çalışırlar. “Etatizm” siyasəti müasir ruslar tərəfindən Rusiyanın strateji tələbatlarına uyğun gələn bir model hesab olunurdu. Çünki Rusiya kapitalizmi tamamilə mənimsəmək və müasir iqtisadiyyat qurmaq üçün növbəti onillik boyu, bəlkə də, daha çox bir müddətə mübarizə aparmalı idi. Bununla yanaşı, Rusiya tamamilə zəifləmiş hərbi qüdrətini bərpa etmək üçün bir prosesə start vermişdi. Bu proseslə sülh, böhran və münaqişə zamanı bütün tapşırıqları icra etmək iqtidarında olan sayca kiçik, amma güclü bir ordu yaradılmalı idi. Belə bir orduya ancaq on il sonra nail olmaq mümkün idi. Lakin bu iqtisadi və hərbi məhdudiyyətlər Rusiyanın xarici siyasət kursundakı ambisiyalarını reallaşdırmasına maneə hesab oluna bilməzdi. Buna görə də Rusiya “etatizm” siyasətində çox iddialı idi. Rusiya MDB ölkələrində hökmranlıq etməklə yanaşı, NATO-nun genişlənməsinin qarşısını almaq üçün Mərkəzi və Şərqi Avropa ölkələrini də müəyyən dərəcədə təsir dairəsində  saxlamağa çalışırdı. Maraqlı məqam o idi ki, Rusiya bu siyasəti Qərblə normal münasibətlər çərçivəsində (özünü vəziyyətə uyğunlaşdıraraq və qarşılıqlı güzəştlərə getməklə), yoxsa yeni “soyuq müharibə”yə səbəb ola biləcək daha sərt mövqe tutmaqla (Qərb üçün real hərbi təhlükə yaratmaqla) tənzimləyəcək? Sonuncu ehtimalı nəzərə alaraq Qərb genişlənmə siyasətində daha ehtiyatla davranmağa başladı. Lakin Rusiya təhlükəsinin qarşısını almaq üçün güclü Alyansın mövcudluğu zərurətə çevrilmişdi və Qərb genişlənmə prosesini vacib, eyni zamanda arzuolunan və düzgün hesab edirdi. Buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, Alyansın genişlənməsi vəziyyəti daha da mürəkkəbləşdirə bilərdi, çünki NATO üzvləri bir-birinə çox bağlı olan güclü bir kollektiv müdafiə təşkilatıdır və üzvlük əldə edən bütün ölkələr çox vacib öhdəliklər götürürlər və genişlənmə prosesi Alyansla yeni üzvlər arasında yaxın hərbi əlaqələrin inkişaf etdirilməsini də əhatə edir. Ona görə də bu proses çox uzun zaman tələb edirdi. İlk mərhələdə, ən azı beş il sonra Polşa, Çexiya, Macarıstan və Slovakiyanın Alyansa daxil edilməsi planlaşdırılırdı. Sonra cərəyan edə biləcək hadisələr hər kəs üçün naməlum idi. Qərb ölkələrinə görə, genişlənmə prosesi Mərkəzi və Şərqi Avropada yeni dövrün geosiyasi vəziyyətini yüngülləşdirəcək və Qərb ailəsinə yeni demokratik ölkələrin daxil olmasına imkan yaradacaqdı. Lakin bu proses bir o qədər də riskli idi, çünki Qərb birliyini bilavasitə Rusiyanın sərhədlərinə yaxınlaşdırırdı [7]. 
Buna görə Qərb üçün diqqətlə düşünülmüş strateji planlama zəruri idi.Effektiv planlama konkret hədəflərin təyin edilməsilə başlayır. Qərbin üç əsas hədəfi var idi: üzv ölkələrin transatlantik təşkilata bağlılığını qorumaq; Mərkəzi və Şərqi Avropada ictimai-siyasi sabitliyi təmin etmək, bazar iqtisadiyyatını inkişaf etdirmək və qərbyönümlü meyilləri gücləndirmək; MDB ölkələrində sabitliyə nail olmaq üçün Rusiya ilə konstruktiv münasibətlər qurmaq.
Lakin 1994-cü il  yanvar  ayının  ortalarında  Prezident  Bill  Klintonun Moskvaya səfəri zamanı Prezident Yeltsin NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT) təşəbbüsünü dəstəkləsə də, Rusiyanın proqrama qoşulmaqda maraqlı olmadığını açıq-aşkar hiss etdirdi. Xarici Əlaqələr Komitəsinin sədri təyin olunmuş Vladimir Lukin SNT proqramının imzalanmasının Rusiyanın həyati vacib maraqlarına təhdid olduğunu bildirdi və Birləşmiş Ştatları Rusiyanı Mərkəzi Asiya və Qafqazdan sıxışdırıb çıxarmaqda ittiham etdi [8,35]. Fevral ayının sonunda Prezident Yeltsin Duma və Federasiya Şurasının birgə iclasında çıxış edərək bildirdi ki, Rusiyanın xarici siyasəti ölkənin milli maraqlarının müdafiəsinə əsaslanmalıdır. O, xüsusilə vurğuladı ki, Rusiya qoşulmadığı təqdirdə Şərqi Avropa ölkələri NATO-ya qoşula bilməz. Bundan əlavə, Prezident Yeltsin qeyd etdi ki, Qərblə əməkdaşlıq davam etdiriləcək, amma öz milli maraqlarının müdafiəsi Rusiyanın toxunulmaz haqqı olaraq qalmalıdır [9].
Rusiya elitasının geniş spektri aşağıdakı müxtəlif səbəblərə görə SNT proqramına qoşulmanın tərəfdarı deyildi [3,39]:
- əvvəla, hələ 1992-ci ildə Boris Yeltsin Rusiyanın NATO-ya üzvlüyünü xarici siyasətinin əsas məqsədlərindən biri kimi bəyan etmişdi. Lakin SNT proqramı Rusiyanı digər kiçik Avropa dövlətləri ilə birlikdə NATO-ya üzv olmaq üçün növbə gözləməyə məcbur edirdi. Əvvəlki mövqelərin itirilməsi ilə barışmayan siyasi elitanın bir qrup nümayəndəsi bunu Rusiyanın fövqəldövlət statusuna xələl gətirə biləcək hal hesab edirdilər.
- ikincisi, belə hesab edilirdi ki, digər MDB dövlətlərilə bir yerdə proqrama qoşulmaq, Rusiyanın birlik daxilində lider roluna zərbə vurmaqla yanaşı, MDB daxilində strateji əməkdaşlıq prosesini əngəlləyə bilər. Buna görə də Rusiya üçün şəxsi təhlükəsizlik zolağının yaradılmasının zəruriliyi qeyd edilirdi.
- üçüncüsü, SNT proqramının bəndlərindən biri hərbi təhlükəyə məruz qalan dövlətə NATO ilə məsləhətləşmələr aparmaq imkanları yaradırdı. “Fövqəldövlət” təfəkkürlü qüvvələr isə belə hesab edirdi ki, Rusiyaya hərbi təhlükə zamanı kimləsə məsləhətləşmələr aparmaq lazım deyil. Fövqəldövlət statusuna iddia edən dövlət özünü müdafiə etməyi də bacarmalıdır. Əksinə SNT proqramı Rusiya üçün onun statusuna uyğun olaraq Avropa təhlükəsizliyi problemləri ətrafında müzakirələr aparmaq üçün əlavə imkanlar yaratmalıdır [10].
- dördüncüsü, proqramın NATO və digər ölkələrin orduları ilə əməkdaşlıq məsələsinə aid bəndində ordu üzərində demokratik nəzarətin zəruriliyindən danışılırdı. Bunun isə əsas iki şərti irəli sürülürdü: müdafiə nazirinin mülki şəxs olması və orduda yeni geosiyasi şəraitə uyğun islahatların aparılması. Ordunu şəxsi “votçina”sı hesab edən Rusiya generaliteti həm bu “votçina”nı kimləsə bölməyi nəzərdə tutan birinci, həm də xeyli general postunun ixtisar edilməsini nəzərdə tutan ikinci müddəa ilə prinsipial olaraq razılaşmaq istəyindən uzaq idi [11].
Rusiya demək olar ki, bütün 1994-cü il boyu gah SNT proqramına qoşulmaq istəyi barədə NATO-ya müraciət etdi, gah da kəskin etirazlarla Alyansdan gələn təklifləri rədd etdi. İlin əvvəllərində Rusiya SNT təşəbbüsünü dəstəklədiyini bildirsə də, sonradan Qərblə Bosniya məsələsində yaranan anlaşılmazlıqlar nəticəsində proqramdan üz döndərdi. Bir müddət sonra yenidən təşəbbüsü dəstəklədiyini bildirdi, amma qısa zaman içərisində yenidən geri çəkildi və ABŞ-Rusiya hərbi təlimlərini təxirə saldı. Martın sonlarında Rusiya yenidən SNT proqramına qoşulmaqda maraqlı olduğunu bildirdi, amma bu dəfə ona “xüsusi münasibət” göstərilməsini və Avropanın təhlükəsizliyi ilə bağlı olan bütün məsələlərdə qarşılıqlı məsləhətləşmələrin aparılmasını tələb etdi. Nəhayət, 1994-cü ilin iyun ayında Rusiya SNT proqramına qoşulmağa qərar verdi. NATO Rusiyanın Alyansın qərarvermə prosesində iştirakına razılıq verməsə də, Rusiyaya supergüc kimi  münasibət göstərilməsinin zəruri olduğunu etiraf etdi [8,64]. 
Danışıqlar bütün yay fəsli boyu davam etdirildi və görünürdü ki, Rusiya payızda SNT proqramında aktiv iştirak edəcək. Dekabr ayında NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Kozırev Alyansın genişlənmə siyasətində israrlı olduğuna görə ölkəsinin mövqeyinin dəyişdiyini elan etdi və bildirdi ki, Rusiya SNT proqramında iştirak etməyəcək. Daha sonra o, "NATO-nun genişlənməsi haqqında tədqiqat"ın başlanması üçün hazırlanan məruzədə Rusiya ilə yetərincə məsləhətləşmələr aparılmadığına görə öz etirazını bildirdi. Həmin ərəfədə Rusiya mediasında “Kozırev Qərbin səmimiliyinə şübhə edir”, “Rusiya ikili standartlardan narazıdır”, “Brüsseldə böhran yaşanır”, “NATO-nun genişlənmə planları Avropada “soyuq sülh”ü qaçılmaz edir” kimi ən çox diqqət çəkən xəbər başlıqları Rusiya ictimaiyyətində ciddi narahatlıq doğururdu.
Bir neçə gün sonra, dekabr ayının 5-də Budapeştdə ATƏT-in sammiti keçirildi. Sammitdə Prezident Yeltsin NATO-nun Rusiya maraqlarının əleyhinə genişlənəcəyi təqdirdə "soyuq sülh"ün qaçılmazlığı barədə Qərbə xəbərdarlıq etdi [12].

2. NATO-nun transformasiya siyasəti və Rusiya faktoru

 1995-ci ilin əvvəllərində NATO-nun genişlənməsinə qarşı Rusiyada etirazlar get-gedə daha sərt xarakter almağa başladı və  SNT proqramı ilə bağlı danışıqların müddəti uzadıldı. 1995-ci ilin fevral ayında Sergey Karaqanovun “Başqa bir məğlubiyyətin qorxusu” başlığı altında nəşr edilən məqaləsində genişlənmə prosesi ilə bağlı narahatlıq aşkar hiss olunurdu. Müəllif həmin məqalədə qeyd edirdi: “NATO-nun genişlənmə planları yeni Yalta danışıqlarına zərurət yaradır, eyni zamanda, Avropanın yenidən bölünməsi riskini gündəmə gətirir. Rusiya ona təklif olunan şərtləri qəbul etdiyi təqdirdə məğlub olacaq. Lakin bu mübarizədən Avropa da qalib çıxmayacaq. Ona görə də biz əlimizdən gələni etməliyik ki, bu proses dayandırılsın və ya ən azından təxirə salınsın. Bunların heç biri mümkün olmadıqda isə biz öz blokumuzu yaratmalıyıq” [13,19]. Lakin Brüsseldən gələn qeyri-rəsmi ismarıclara əsasən belə nəticə çıxarmaq olardı ki, NATO-nun genişlənmə prosesi yavaş templə həyata keçiriləcək. 
1995-ci ilin may ayında faşizm üzərində qələbənin 50 illik yubileyi münasibətilə Moskvaya səfər edən Prezident Bill Klintonla Boris Yeltsin arasında görüş keçirildi. Həmin görüşdə iqtisadi məsələlərdən daha çox təhlükəsizlik məsələləri müzakirə olundu. Tərəflər arasında bəzi müqavilələr imzalansa da, narahatlıq hissi və gərginlik hiss olunmaqda idi. Prezident Klinton öz çıxışında qeyd etdi ki: “Bizim aramızda müəyyən fərqlər mövcuddur, lakin biz münasibətlərimizi normal qaydaya salmaq və ümumi təhlükəsizliyimizi təmin etmək üçün bir çox məsələləri həll etməyə davam edirik”. Prezident Yeltsin bu fikrə soyuq bir şərh verməklə kifayətləndi: “Hətta Budapeşt sammitindən sonra bir çox istiqamətlərdə fərqlər hələ də aradan qalxmayıb. Önəmli olan odur ki, biz bütün məsələlərə maraqlar və münasibətlərdəki balansı saxlamaq şərtilə müraciət edirik” [14]. Lakin Yeltsin NATO-nun genişlənməsi prosesi ilə bağlı narahatlığını bildirsə də, SNT proqramında iştirak etməyə razılaşdı.
Üç həftə sonra keçirilən NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında Kozırev  Rusiyanın SNT proqramında aktiv iştirakına imkan verəcək iki sənəd imzaladı. Birinci sənəd birgə təlim və fəaliyyətlərin həyata keçirilməsi üçün əsas təşəbbüsləri, ikinci sənəd isə spesifik əməkdaşlıq sahələrini əhatə edirdi.
Bununla da NATO genişlənmə prosesini həyata keçirməklə yanaşı sabit münasibətləri təmin etmək məqsədilə Rusiya ilə paralel danışıqların aparılmasına razılıq verdi. Bunun ardınca isə “16+1” toplantısı keçirildi və Kozırev NATO xarici işlər nazirləri ilə yeni yanaşmanı müzakirə etdi. Yenə də NATO-nun genişlənməsinə qəti qarşı çıxan Kozırev bu prosesin Rusiyanın milli maraqlarına qarşı olduğunu və Avropada yenidən geosiyasi qarşıdurmanın yarana biləcəyinin istisna olmadığını bildirdi. Kozırev Rusiya ilə NATO arasındakı təhlükəsizlik müqaviləsində Rusiyaya “xüsusi münasibət” göstərilməsinin nəzərdə tutulması məsələsinin zəruriliyini irəli sürdü və qeyd etdi ki, ancaq o halda Rusiya Şərqi Avropa ölkələrinin Alyansa qoşulmasına etiraz etməyəcək [15,65].
Kozırev 1995-ci ilin ortalarında Rusiyanın yeni strateji doktrinasını yekunlaşdırdı və ABŞ-ın “Xarici siyasət” jurnalında onun “Tərəfdaşlıq, yoxsa soyuq sülh?” başlığı altında Rusiyanın mövqeyini açıq əks etdirən məqaləsi dərc olundu [16]. Həmin məqalədə Kozırev qeyd edirdi ki, rus xalqı Rusiyanın beynəlxalq arenada dövlət maraqlarının müdafiəsi üçün özünə güvənən bir güc mərkəzi olmasını istəyir. O, Birləşmiş Ştatlarla olan münasibətləri evlilikdən sonrakı “bal ayı”na bənzədərək hər gün ortaya çıxan problemlərin yeganə həllini praktiki fəaliyyətdə görürdü. Praktiki fəaliyyət nə ola bilərdi? Kozırev belə bir fəaliyyət kimi NATO-nun genişlənməsinin dayandırılmasını hesab edirdi. O qeyd edirdi ki, tərəfdaşlıq o zaman səmərəli olur ki, qarşılıqlı maraqlar nəzərə alınsın. Ümumiyyətlə, Kazırevin bu məqaləsi son üç ildə (1992-1995) Rusiyanın strateji düşüncəsinin nə dərəcədə dəyişdiyindən xəbər verirdi.
1995-ci ilin son ayları daha çox fikir ayrılığı və qarşıdurmalarla müşahidə olundu. NATO üçün bu aylar Avropanın təhlükəsizlik məsələlərində Alyansın etibarının artması ilə yadda qaldı. Sentyabr ayında Alyansın “NATO-nun genişlənməsi haqqında tədqiqat”ı nəşr olundu. Bu da öz növbəsində mövcud vəziyyəti daha da gərginləşdirdi. Rəsmi Moskvanın mövqeyinə görə, bu tədqiqatda Rusiyanın maraqları qətiyyən nəzərə alınmamışdı və Alyansa üvlük üçün müraciət edən ölkələrin qeyd-şərtsiz qəbulu nəzərdə tutulur, bu ölkələrin ərazisində xarici orduların və nüvə silahlarının yerləşdirilməsi isə istisna olunmurdu.
Genişlənmə fonunda NATO-Rusiya razılaşmasının növbəti aktı 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində qəbul olundu. Azərbaycan Respublikasında daha çox Qarabağ probleminin müzakirəsi ilə yadda qalan Lissabon sammitinin başlıca məsələsi NATO-nun şərqə doğru genişlənməsi kontekstində Avropada təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü müəyyən etmək idi. Sammitin yekun sənədlərində NATO-nun genişləndirilməsi barədə konkret heç nə deyilməsə də, qəbul edilmiş bəyannamənin razılaşdırılmış bəndləri və görüşdən sonrakı hadisələrin gedişi sübut edirdi ki, Qərblə Rusiya arasında nüfuz dairələrinin yeni bölgüsü baş vermişdir [3,89].
1996-cı il dekabr ayının 10-da Şimali Atlantika Şurası Brüsseldə toplandı. Həmin toplantıda müttəfiqlər Prezident Klintonun 1997-ci ildə NATO-nun növbəti sammitinin keçirilməsi təklifini qəbul etdilər. Sammitin 8-9 iyul tarixlərində Madriddə keçirilməsinə və bir neçə ölkənin Alyans üzvlüyünə dəvət edilməsinə, nəhayət, həmin ölkələrin üzvlüyünün 1999-cu ildə NATO-nun 50 illik yubileyi ərəfəsində reallaşdırılmasına qərar verdilər, eyni zamanda Alyansın digər ölkələrin üzvlüyünə açıq olduğunu bir daha elan etdilər [17]. Lakin buna nail olmaq üçün ilk növbədə Rusiya məsələsi həll edilməli idi. Moskvanın NATO-nun genişlənməsinə qarşı çıxması onun ABŞ və digər Qərb ölkələri ilə münasibətlərini riskə atırdı. Alyansın genişlənməsinə qarşı olanlar hesab edirdilər ki, transformasiya prosesi Rusiyanı özündən çıxaracaq, bu yolla keçmiş SSRİ-nin hərbi potensialını, xüsusən də nəhəng nüvə infrastrukturunun imkanlarını azaltmaq üçün birgə səylərin mümkünlüyü heçə endiriləcək [18]. Amma bu gərginliyin çözülməsi istiqamətində müəyyən addımlar atılmalı idi. Klinton Administrasiyası və “genişlənmə”nin digər tərəfdarları üçün Rusiya məsələsi aydın idi. Vaşinqtonun NATO-nun genişlənməsi, daha təhlükəsiz və böyük Avroatlantik cəmiyyətin yaradılması haqqında məsələni öz xarici siyasətinin prioritet məqsədi elan etməsi Rusiya ilə siyasi, hərbi-strateji əlaqələrdə dərin böhran yaratmışdı. 90-cı illərin birinci yarısına qədər ABŞ-ın NATO-nun genişlənməsi məsələsinə münasibətdə nümayiş etdirdiyi mövqe Rusiyadakı siyasi proseslərdən müəyyən qədər asılı olduğu halda, sonrakı illərdə bu asılılıq tədricən zəifləmişdi. Dünyada yeni beynəlxalq münasibətlər sisteminin formalaşması, ABŞ Konqresində NATO-nun genişləndirilməsinin tərəfdarları kimi çıxış edən respublikaçıların üstünlük təşkil etməsi ABŞ-Avropa münasibətlərinə böyük təsir göstərdi və nəticədə Transatlantika münasibətləri ciddi təkamülə məruz qaldı. Dünyanın yeganə fövqəldövlətinə çevrilən ABŞ üçün NATO-nun əhəmiyyəti daha da artdı [8]. Bu dövrdən başlayaraq Rusiya Alyansın genişlənməsi ilə əlaqədar daha sərt mövqe nümayiş etdirməyə başladı. Alyansın nüfuz dairəsinin və hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması nəticəsində ABŞ-ın qitədə rəqib kimi Rusiyanın geosiyasi və hərbi potensialının bərpasına imkan verməyəcəyini anlayan Moskva NATO-ya ABŞ-ın liderlik etməsini qəbul etmirdi. 1996-cı il iyulun 23-də ABŞ Konqresi NATO-nun şərqə doğru genişlənməsi haqqında 3364 saylı qətnamə qəbul etdi. Qətnamə ilə Polşa, Macarıstan və Çexiyanın NATO-ya qəbul edilməsi istiqamətində aparılacaq işlərə yardım məqsədilə 60 milyon dollar vəsaitin ayrılması ilə yanaşı, Ukrayna, Moldova və Baltikyanı dövlətlərin də NATO-ya dəvət edilməsi haqqında qərar qəbul edildi. ABŞ bununla faktiki olaraq NATO-nun genişləndirilməsi məsələsini həyata keçirməkdə nə qədər qərarlı olduğunu və Rusiyanın da bu prosesə heç bir vəchlə mane ola bilməyəcəyini nümayiş etdirmiş oldu. NATO-nun genişlənməsi və Rusiyaya qarşı sərt xətt siyasətinin yürüdülməsinin tərəfdarı kimi tanınan ABŞ-ın yeni Dövlət katibi Madlen Olbraytın 1997-ci ilin əvvəllərində Avropaya səfəri ilə NATO-nun şərqə doğru genişlənməsi məsələsi ətrafında aparılan danışıqların növbəti mərhələsi başladı. Lakin Rusiyaya səfəri zamanı Madlen Olbrayt Moskvanı Alyansın genişlənməsinin Rusiyanın təhlükəsizliyini təhdid etməyəcəyinə inandırmağa çalışdı [19]. Beləliklə, Klinton Adminstrasiyası nə Rusiyanın, nə də hər hansı bir NATO ölkəsinin genişlənməyə qarşı olmasını qəbul edə bildi. Bununla da Adminstrasiya Rusiya ilə münasibətləri inkişaf etdirmək məsələsini öz xarici siyasətinin prioritet istiqamətinə çevirdi və bu mövzuda hər hansı narazılığın yaranmamasını qarşısına məqsəd qoydu. NATO-nun genişlənməsinin Rusiyanın razılığı ilə baş verməsinə tərəfdar olan Almaniya və Fransaya görə Rusiyanın bərabərhüquqlu üzv kimi NATO-nun digər üzvləri ilə bərabər masa arxasında oturmasına imkan verən xüsusi komitə yaradılmalı idi. Məhz həmin masa arxasında bütün təhlükəsizlik və müdafiə məsələləri - müştərək missiyalarda iştiraketmə, raket əleyhinə müdafiə sisteminin yaradılması sahəsində əməkdaşlıq, hərbi məlumatların mübadiləsi və s. müzakirə olunmalı idi [20]. 
1997-ci ilin mart ayında Prezident Yeltsin Rusiyanın mövqeyini aşağıdakı şəkildə ümumiləşdirdi [21,112]:
- Rusiya NATO-nun genişlənmə planlarına, xüsusən də şərqə doğru irəliləməsinə qarşı mövqeyində dəyişməz qalır və genişlənmə barəsində verilən qərar yeni qarşıdurmaya gətirib çıxara bilər;
- NATO və Rusiya arasında Rusiyanın təhlükəsizliyinə təminat verən sənəd imzalanmalıdır və Alyans öz hərbi infrastrukturunun şərqə doğru genişlənməməsi barədə öhdəlik götürməli, eləcə də hal-hazırda olan hərbi bazalardan başqa hərbi baza yerləşdirməməlidir. Bundan əlavə, nüvə silahlarının yerləşdirilməməsi barədə öhdəlik sənəddə qeyd edilməlidir;
- NATO-nun transformasiyası ilə bağlı müştərək müzakirələr aparılmalı və bu müzakirələrdə Avropanın təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə Rusiyanın maraqları nəzərə alınmalıdır.
NATO-nun genişlənməsinə qarşı sərt mövqe nümayiş etdirməsinə baxmayaraq Rusiya rəhbərliyi Alyansın genişlənmə prosesinin qaçılmaz olduğunu qəbul etdi və bəzi güzəştlərə getməyə məcbur oldu. Amma Rusiya öz maraqları ilə bağlı NATO qərarları üzərində təsirini saxlamağa çalışırdı. Bu məsələ 1997-ci il Helsinki Zirvə toplantısında Bill Klintonun Rusiya Prezidenti Boris Yeltsinlə görüşünün əsas müzakirə mövzusu oldu. Beləliklə, NATO-nun genişlənməsi prosesinin qarşısını almaqda aciz qalan Rusiya məcburiyyət qarşısında qalaraq NATO ilə danışıqlara girib, Alyansın genişlənməsinin Rusiya üçün gələcəkdə doğura biləcək mənfi nəticələrini minimum səviyyəyə endirmək istiqamətində fəaliyyətə başladı. Həmin görüşdə hər iki lider belə bir nəticəyə gəldi ki, Alyans genişlənəcəyi təqdirdə NATO-nun transformasiyasını və Rusiya reallıqlarınının detallarını əks etdirən yeni bir sənəd olmadığı müddətdə tərəflər arasında kəskin narazılıqlar davam edəcək [22]. İki ay sonra Parisdə Prezident Boris Yeltsin və Alyans liderlərinin iştirakı ilə “Rusiya Federasiyası ilə NATO arasında qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik haqqında əsas akt” imzalandı. Aktda tərəflərin demokratiya və təhlükəsizlik prinsipləri əsasında Avroatlantik məkanda uzunmüddətli və hərtərəfli sülhün təmin edilməsi məqsədi bəyan olunurdu. NATO ölkələri bloka yeni daxil olan dövlətlərin ərazisində nüvə silahı yerləşdirməmək və hərbi fəallığı məhdudlaşdırmaq, Avropada silahlanmanın əvvəlki səviyyəsini saxlamaq haqqında öhdəlik götürdülər. Razılığa əsasən, Rusiya-NATO Birgə Daimi Məşvərət Şurası yaradılmalı və ildə iki dəfə xarici işlər və müdafiə nazirləri, hər ay isə səfirlər və NATO Şurasındakı daimi nümayəndələr səviyyəsində məsləhətləşmələr aparılmalı idi. Bu Şurada iştirak edən tərəflər tam hərəkət azadlıqlarını saxlayırdılar, lakin Rusiya bu dəfə də can atdığı veto hüququnu ala bilmədi [26]. Aktda keçmiş rəqiblərin strateji tərəfdaşlığının ilkin şərtləri  əks  olundu. Lakin əməkdaşlığın reallaşmasında yanaşmalar fərqlənirdi. Ehtimal ki, tərəflər sadəcə əməkdaşlıq oyunu oynayırdı. Əslində bütün bunlar bir növ Rusiyanın sakitləşdirilməsinə yönəlmişdi. Alyans ümid edirdi ki, Rusiya tədricən yumşalacaq, NATO ölkəsi olmasa belə ən azından etibarlı tərəfdaş olacaq. Kommunist Partiyasının sədri Gennadi Züqanov bu müqaviləni “Versal” müqaviləsinə bənzədərək, Rusiyanın tamamilə təslim olması kimi qiymətləndirdi [13,28].
Aktı imzalamaqla Rusiya aşağıdakı dörd məqsədə nail olmağa çalışırdı:
▪    NATO-nun genişlənməsinin hərbi təsirlərini minimuma endirmək (Rusiya istəyirdi ki, onun sərhədlərində hərbi bazaların yerləşdirilməməsi barədə Alyansdan təminat alsın);
▪    Alyansın gələcəkdə genişlənməməsi barədə (xüsusən də Baltikyanı ölkələr ilə münasibətdə) təminat almaq;
▪    NATO-nun gələcək transformasiyası üzərində, xüsusən də “Yeni strateji konsepsiya”nın hazırlanması prosesində təsir imkanlarını artırmaq; 
▪    BMT və ATƏT-in mandatı olmadan ordudan istifadə olunmaması barədə NATO-nun öhdəlik götürməsinə nail olmaq.
Əslində aktın imzalanması Rusiyadan daha çox NATO-nun xeyrinə idi. Lakin müttəfiqlər Rusiyanın narahatlığına son qoymaq üçün bəzi güzəştlər etdilər. Ən əsası Moskva əmin edildi ki, Alyansa yeni üzvlərin qəbul edilməsilə Mərkəzi və Şərqi Avropada təhlükəsizlik mühiti Rusiyanın ziyanına dəyişməyəcək. Müttəfiqlər eyni zamanda hərbi qüvvə və vasitələrin yerləşdirilməsi baxımından da müəyyən güzəştlər etdilər. Onlar yeni üzv olan ölkələrin ərazisində nüvə silahları yerləşdirməyə və nüvə siyasətini dəyişməyə heç bir plan və niyyətlərinin olmadığını rəsmən bəyan etdilər [23].
Rusiya ilə münasibətlər “yumşaldıqdan” sonra növbəti sual ortaya çıxdı: Alyansa əvvəlcə hansı ölkələr dəvət olunmalı idi? Bütün müttəfiqlər razılığa gəldilər ki, beş namizəd ölkə - Çexiya, Macarıstan, Polşa, Rumıniya və Sloveniya üzvlüyə daha hazırdırlar. Bununla da aktın imzalanması NATO-nun “soyuq müharibə”dən sonrakı ilk genişlənməsi üçün əlverişli şərait yaratdı və razılaşma əldə edildi ki, ilk üç ölkə 1997-ci ilin iyul ayında Madrid Zirvə toplantısında üzvlüyə dəvət olunsun. Yenə eyni sual qalmaqda davam edirdi ki, əgər əlavə ölkələrə üzvlük təklif olunacaqsa, bu ölkələr hansılar olacaq? Alyansın genişlənməsi məsələsinə öncədən könülsüz olsa da, Fransa Rumıniyanın üzvlüyünü dəstəklədi. Bunun iki səbəbi var idi: Birincisi, ABŞ Rumıniyanın üzvlüyünü az dəstəklədiyi üçün Fransa NATO-nun ABŞ-ın aparıcı ölkə olması imicinə qarşı çıxmaq istəyirdi. İkincisi, Rumıniya rəsmi Parisə Buxarestlə uzunömürlü bağlar və gələcək perspektivlər vəd edirdi. Sloveniyanın namizədliyi onun yeganə NATO qonşusu olan İtaliya tərəfindən güclü şəkildə dəstəklənirdi. Paris və Roma hər iki ölkənin Alyansa daxil olmasını dəstəklədi və bu vəziyyət digər yeddi NATO ölkəsi (Belçika, Kanada, Yunanıstan, Lüksemburq, Portuqaliya, İspaniya və Türkiyə) tərəfindən dəstəkləndi. Bunun əksinə olaraq, İslandiya və Britaniya sadəcə ilk üç ölkənin namizədliyinin tərəfində idilər, çünki Britaniya Alyansın bu şəkildə genişlənməsini heç də istəmirdi. Digər dörd üzv ölkə (Danimarka, Almaniya, Niderland və Norveç) Alyansa üç, dörd və yaxud beş ölkənin dəvət olunması barəsində tamamilə qərarsız idilər [21,131].
Bütün ziddiyyətlərinə baxmayaraq, həmişə olduğu kimi yenə də Alyansla bağlı həlledici qərarlar ABŞ-a məxsus idi, çünki Qərbi Avropa dövlətləri ABŞ-ın iştirakı olmadan təhlükəsizliklərinin təmin edilməsinin qeyri-mümkün olduğunu gözəl bilirdilər.  Beləliklə, sonda ABŞ sadəcə üç ölkə - Çexiya Respublikası, Macarıstan və Polşanın dəvət edilməsi seçimini dəstəklədi, eyni zamanda “açıq qapı” siyasətini təkrar bəyan etdi. Bu qərarın verilməsində  ABŞ-ın dörd səbəbi var idi: Birincisi, ABŞ Senatında Rumıniya və Sloveniyanı dəstəkləyən senatorlar var idi. Buna görə də sadəcə üç ölkənin üzvlüyü üçün Senatdan kifayət qədər dəstək alacağına inanırdı. İkincisi, NATO ən azından ilkin mərhələdə çox ölkə dəvət etməkdənsə, az sayda ölkənin üzvlüyünün reallaşmasını vacib hesab edirdi. Üçüncüsü, Alyansın genişlənməsinə ayrılan maliyyə vəsaitinin əsas rol oynadığını nəzərə alsaq, ilk mərhələdə daha az ölkənin üzv olması məqsədəuyğun idi. Nəhayət, sonuncusu, Administrasiya “açıq qapı” siyasətini yeritməyə qərarlı olduğundan birinci mərhələdən sonra bir, yaxud da iki ölkənin dəvət edilməsi önəmli deyildi. Önəmli olan o idi ki, əgər birinci mərhələ gerçəkləşərsə, ikinci mərhələdə, sözsüz, gerçəkləşəcək. Bəzi NATO liderlərinin narazılıqlarına baxmayaraq, ABŞ qəti mövqeyini ortaya qoydu və bu ölkələrin üzvlüyə namizədliyini heç bir ölkə məhdudlaşdıra bilmədi [20].

Nəticə

1993-cü ildə Rusiyanın daha fərqli, yəni “etatizm” siyasətinə keçid alması artıq NATO-nun transformasiyası istiqamətində əsas maneəyə çevrilmişdi. Bu yeni siyasət kursu Rusiyanın imperialist maraqlarına xidmət edəcəyi anlamına gəlmirdi, lakin Rusiyanın regionda supergüc olması və cərəyan edən hadisələrin gedişatına təsir imkanlarını nəzərə alaraq onunla hesablaşmağın zəruri olması məsələsini ortaya qoyurdu. Amma belə bir reallıq var idi ki, Rusiya nə qədər müqavimət göstərsə də, bəzi Şərqi Avropa ölkələri müəyyən zaman çərçivəsində NATO-ya üzv olacaqdılar, çünki bu ölkələr Avropa ailəsindən kənarda qala bilməzdilər. Onların tarixi inkişaf prosesinin məntiqi bunu zəruri edirdi. Beləliklə, 1996-cı il dekabr ayının 10-da Şimali Atlantika Şurası Brüsseldə toplandı. Bu toplantıda növbəti il üçün yeni üzvlərin dəvət olunması və Rusiya kimi gərgin bir ölkə ilə münasibətləri korlamadan genişlənməni necə həyata keçirəcəkləri məsələsi müzakirələrin əsas mövzusuna çevrildi və müttəfiqlər rəsmi Moskvanın narahatlığına son qoymaq üçün bəzi güzəştlər etdilər. Bununla da transformasiya istiqamətindəki Rusiya maneəsini müvəqqəti də olsa aradan qaldırmış oldular. Nəhayət,1997-ci il iyul ayının 8-də Madriddə keçirilən NATO sammitində NATO-ya üzv qəbul edilməsi üçün iki illik sınaq müddətinin verildiyi Çexiya Respublikası, Macarıstan və Polşa rəsmən Alyansa dəvət edildilər.

İstifadə edilmiş ədəbiyyat:

1.    Кудрявцев В. Политика НАТО на перемене. // MEMO, 1992, №5.
2.    Hacıyeva X. Azərbaycan Respublikasının xarici siyasətində aparıcı qərb dövlətləri və NATO (1991-1995): Tarix e.n. al. dər. alm. üçün təqd. olunmuş dis. 07.00.03 - Ümumi tarix, BDU, 2001, 168 s.
3.    Əzimli A. Azərbaycan - NATO münasibətləri (1992-2000) Bakı: Adiloğlu 2001. 
4.    Andrei Kozyrev. A New Russian Foreign Policy for a New Era.// Russian Federation Permanent Mission to the United Nations, Press Release, 1992, №41.
5.    Stankevich S. Russia in Search of Itself. // National Interest, Summer 1992, pp. 47-51
6.    Letter of Russian President Boris Yeltsin to US President Bill Clinton, 15 September 1993, reproduced in SIPRI Yearbook 1994, Oxford University Press, Oxford, 1994, Appendix  7 A,  pp. 249-250.
7.    Richard H. Ullman. Securing Europe. Princeton University Press, 1991.
8.    Richard L.Kugler with Marianna V. Kozintseva. Enlarging NATO: Russia factor. National Defense Research Institute, 1996.
9.    Fred Hiatt. Yeltsin Promises Assertive Russia. // Washington Post, February 24, 1994, p. 1
10.    Лагунина И. Почему не устраивает партнерство? //Новое время, 1994, №14, c.28-29
11.    Ряабов И.С. Партнерством проблемы. // Новое время, 1995, №34, c. 27
12.    Daniel Williams. Russia Minister Balks at NATO's Expansion Plans. // Washington Post, December 1, 1994
13.    Luis José Rodrigues Leitão Tomé. Russia and NATO Enlargement. 2000, 58 p.
14.    Ann Devroy and Fred Hiatt. U.S, Russia Cite Discord at Summit. // Washington Post, May 10, 1995, p. A01
15.    Michael Dobbs. NATO Has Initial Talks with Russia. // Washington Post, May 31, 1995, p. A1
16.    Andrei Kozyrev. Partnership or Cold Peace? // Foreign Policy, Summer,1995, № 99, pp. 3-14.
17.    Final Communiqué, Ministerial Meeting of the North Atlantic Council, Brussels, December 10, 1996, in NATO Review, January 1997, pp. 31-35.
18.    Michael E. Brown. The Flawed Logic of NATO Expansion. // Survival, vol. 37, №1, pp. 34-52. 
19.    Олбрайт М. Госпожа Госсекретарь (мемуары). 2004, 566 с.
20.    John F. Harris and William Drozdiak. Clinton Limits Initial Expansion of NATO to Three. // Washington Post, June 13, 1997, p. A1; and William Drozdiak. NATO Split on Expansion Exposes Broader Division. // Washington Post, June 14, 1997, p. A14
21.    Gerald B. Solomon.  NATO Enlargement Debate, 1990-1997, The Blessings of Liberty. // Praeger publisher, March 30, 1998, 208 p.
22.    Clinto William. Fact Sheet: Joint Statement on European Security. // Helsinki: Office of the Press Spokesman, The White House, March 21, 1997.
23.    Ulrich Brandenburg. NATO and Russia: a natural partnership. // NATO Review, vol. 45, №4, July-August 1997, web edition, p. 3

 
 
 
Read 220 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR