Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 03 Avqust 2018 07:21

Quba qəzası kəndlərinin soyqırımı və əhaliyə dəymiş zərər

Written by 

Arzu XƏLİLZADƏ

Bakı Dövlət Universitetinin müəllimi 

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

1918-ci ilin yazında daşnak-bolşevik birləşmələri tərəfindən Quba qəzasında həyata keçirilən qətliamlar və talanlar erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri antiazərbaycan mahiyyətli soyqırımı siyasətinin bir həlqəsidir.
Xalqımıza qarşı həyata keçirilən vəhşiliklər, soyqırımlar haqqında dünya ictimaiyyətinə daima yalan məlumatlar ötürərək özünü zavallı, “cəfakeş xalq” kimi təqdim edib, çox zaman buna nail olmağı bacaran erməni millətçiləri 1918-ci ilin yazında Qubada törətdikləri qanlı cinayətləri əks etdirən tarixi həqiqətləri sovet dövründə bolşevik ideologiyasının dəstəyi ilə ustalıqla təhrif etməyə, hətta unutdurmağa belə nail ola bilmişdilər.
Bu gün də 1918-ci ilin yazında olduğu kimi erməni qəsbkarları xalqımıza qarşı əsassız şəkildə irəli sürdükləri torpaq iddialarından, qisasçılıq müharibələrindən, xəyali «Böyük Ermənistan» yaratmaqdan əl çəkmir, iqtisadi və siyasi qüdrəti gündən-günə artan müstəqil Azərbaycanın nailiyyətlərini, təbii ki, heç cür qəbul etmək istəmirlər. 1918-ci ilin yazında Quba qəzasında dinc əhaliyə qarşı bolşevik-daşnak birləşmələri tərəfindən həyata keçirilən soyqırımı və talanlar, insanlığa xələl gətirən zorakılıqlar bir daha sübut edir ki, uydurma «Böyük Ermənistan» ideyasını həyata keçirməkdən ötrü ermənilər xalqımıza qarşı hər zaman ən ağlasığmaz cinayətlərə əl ata bilər. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanında da göstərildiyi kimi: «Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına «bəraət qazandırmaq məqsədilə» erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edir» [18.]
Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmışdır. 2013-cü ilin sentyabrında Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bu gün biz Quba Soyqırımı Memorial Kompleksinin açılışına toplaşmışıq. 1918-ci ilin mart-iyun aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir” [22].

Quba qəzası kəndlərinin soyqırımı və əhaliyə dəymiş zərər Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində

Daşnak-bolşevik birləşmələri 1918-ci ilin aprel-may aylarında Quba qəzasında dörd dəfə olmuş və hər dəfə də  böyük qətliamlar və dağıntılar törətmişlər. Xüsusilə 1918-ci ilin mayın  əvvəllərində Qubada və Quba qəzasında olan Amazaspın başçılıq etdiyi cəza dəstəsi on gün ərzində əhalinin daşınan və daşınmaz əmlakına böyük zərər vurmuşdur.
Fövqəladə Təhqiqat Komissiyasının (FTK) üzvü A.Novatski həmin Komissiyanın sədri Ə.Xasməmmədova etdiyi məruzədə qeyd etmişdir ki, Amazaspın dəstəsi hələ Quba şəhərinə gəlib yetişənədək dəmiryolunun hər iki tərəfində yerləşən müsəlman kəndlərinə  hücum edərək, onları od vurub yandırmış, dağıdıb tökmüş, əmlaklarını talan etmiş, qaçıb gedə bilməyən əhalini isə qətlə yetirmişdir [3]
Təbii ki, Bakı Xalq Komissarları Soveti (XKS) tərəfindən, xüsusən onun sədri S.Şaumyanın  şəxsi istəyi nəticəsində istər Bakıda, istərsə də Azərbaycanın digər bölgələrində həyata keçirilən bu qətl və talanlar milli istiqlalımıza qarşı yönəlmişdi və xüsusi qəddarlıqla, görünməmiş amansızlıqla icra edilirdi. N.Nərimanovun təbirincə desək: «Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: «Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir. Onlar keyfi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular» [23, 123; 20, 134].
Quba qəzasında əhalinin daşınan və daşınmaz əmlakının görünməmiş vəhşiliklə qarət edilməsinin əsas səbəblərindən biri də «əksər bolşeviklərin müsəlmanlara nifrət bəsləmələri ilə bağlı idi» [27, 177].
Məlum hadisələrə öz münasibətini bildirən H.Baykara yazır: «Bakıda özünün  rəhbərliyi altında sovet hökuməti quran Şaumyan azəri türklərinə: «Sizə Azərbaycan istiqlaliyyəti yerinə bir məzarlıq bəxşiş edəcəyəm», - deyə açıqcasına söyləyirdi» [19, 266].
Quba qəzasında dinc əhalinin əmlakının qarət və talan edilməsində erməni daşnaklarının göstərdiyi canfəşanlıq hadisələrin sırf milli zəmində cərəyan etdiyini aydın şəkildə göstərir. FTK-nın sənədlərində bununla bağlı oxuyuruq: «İlk Quba istintaq komissiyası Quba şəhərinin və Quba qəzasının kəndlərinin dağıdılması, viran qoyulması, həmçinin adı çəkilən şəhərin və onun kəndlərinin əhalisinə dəyən ziyanla əlaqədar üç cildlik işləri nəzərdən keçirərkən diqqətə çatdırır ki, 1918-ci ilin əvvəlində baş verən hadisələri törədənlər bunu milli nifrət, milli düşmənçilik zəminində həyata keçirmişlər» [4].
Quba qəzasının Dəvəçi kəndinin ağsaqqalı Şaban Sərkar oğlunun Novatski tərəfindən dindirilərkən FTK-ya verdiyi ifadə bu xəyanəti bir daha nümayiş etdirir: «Bizim kəndimiz dəmiryolunun üstündə yerləşir. Burada dağıntılara qədər 200 ev vardı. Bu il aprelin sonunda Bakıdan Qubaya gedən cəza dəstəsi kəndimizi oda qaladı, kənddə 50 ev, 2 məscid, bütün bazar və bazarda da bir məscid yandırılmışdı. Daşına bilən əmlak talan edilmişdi. Həyətlərdə bir çox digər tikililər də yandırılaraq kül edilmişdi. Bazarda, həmçinin ictimai bina da yandırılmışdı» [6].
Şahid Şaban Sərkar oğlunun şahid qismində verdiyi bu ifadədən də aydın görünür ki, erməni daşnakları kəndin daşına bilən bütün əmlakını ələ keçirmiş, daşına bilməyən əmlakı isə  əsasən yaşayış evləri, yardımçı təsərrüfat tikililəri və ictimai binaları məhv edərək sıradan çıxarmışlar. Şübhəsiz, dinc sakinlərin əmlakına qarşı belə aşkar düşmən münasibət «cəza dəstəsi»nin milli tərkibi ilə də bağlı idi. Adı çəkilən şahidin dediklərindən: «Biz bolşevikləri görmədik, onları  görənlər isə deyirlər ki, dəstədəkilər yalnız ermənilərdən təşkil olunmuşdu, az sayda ruslar isə yanğın və qətllərdə iştirak etməmiş, onlar hətta erməniləri müsəlmanlar üzərindəki zorakılıqlardan çəkindirmişlər» [6].
Quba qəzasının Dəvəçi  nahiyəsinə daxil olan Səadan kəndinin ağsaqqalı Dadaş Musa oğlu FTK-ya  zərərçəkən qismində verdiyi ifadədə göstərir ki, yalnız ermənilərdən ibarət olan Amazaspın dəstəsi adı çəkilən Səadan icmasına daxil olan dörd kənddən üçünü həm talan etmiş, həm də yandırmışdır. Onlar yalnız Sağlıca kəndini yandırmadılar, lakin onu da talayıb viran qoydular [8].
FTK-nın Səadan icmasında yaşayan sakinlərə dəyən maddi və mənəvi ziyanı əks etdirən hökmündə, 139 saylı sənəddə  altmış  nəfər zərərçəkənin adı, soyadı, qarşısında isə bu  maddi ziyanın rublla ekvivalenti göstərilmişdir. Sənəddə adı çəkilən icma sakinlərinin adları qarşısında əsasən daşınan əmlakın ifadəsi və qarşısında bu ziyanın pulla (rublla) məbləği göstərilmişdir. Məsələn, “Əmir Mirzə oğlu – daşınan əmlakı (ev əşyaları) 1000 rubl” [8]. 
Altmış nəfərlik siyahıda yalnız  bəzi adların qarşısında «daşına bilən  və daşınmayan əmlakı» ifadəsi və dəyən ziyanın məbləği – 35.000 rubl, həmçinin beş min manatlıq qoyunun talan edilməsi, yəni 40.000 rubl dəyərində maddi ziyan göstərilib.
Siyahıda diqqəti cəlb edən acı məqamlardan biri də məscidin talan edilərək yandırılmasıdır: «Məscid – Səadan icmasının 100.000 rubl dəyərində əmlakı ilə bərabər yandırılmış məscidi» [8].
Təbii ki, bu siyahı təkcə ermənilər tərəfindən soydaşlarımıza dəyən maddi ziyanı deyil, eləcə də onların insanlıqdan nə qədər uzaq olduğunu aydın şəkildə sərgiləməkdədir. Erməni daşnak birləşmələrinin bu cinayətlərini ustalıqla ört-basdır edən erməni ideoloqları haqqında bəhs etdiyimiz olayları «Mərd erməni oğullarının Zaqafqaziyada əksinqilaba qarşı apardıqları mübarizə» kimi  qələmə verirlər [24, 30-48] və yaxud xalqlar dostluğundan, beynəlmiləlçilikdən geninə-boluna danışmaqla izi itirməyə cəhd edirlər» [9, 94-112; 24, 122-135].
Səadan icması sakinlərinə dəyən maddi ziyanı rəqəmlərlə nümayiş etdirən bu sənəd bütövlükdə baş verən olaylara da sanki güzgü tutur. Sənəddə bütövlükdə Səadan kəndinə dəyən ziyan aşağıdakı qaydada göstərilir: «Səadan kəndi: 1. Yandırılmışdır: 1 məscid, 18 ev və samanlıq, bütün ev əşyaları ilə 2.150 qoyun oğurlanmışdır; 3. Dəyən ziyanın ümumi məbləği 644.240 rubldur» [19].
FTK-nın sənədləri içərisində həmçinin Səadan icmasına daxil olan Çarxana (140 saylı sənəd) və Dərəzarat (141 saylı sənəd) kəndlərinə dəyən maddi ziyanı əks etdirən hökmlər də tərtib baxımından 139 saylı sənədlə eyniyyət təşkil edən 140 saylı sənəddən bəlli olur ki: 1. Kənddə 5 ev yandırılmışdır. 2. Bütün ev əşyaları oğurlanmış və yandırılmışdır. 3. Dəyən maddi ziyanın ümumi məbləği 118.600 rubl təşkil edir» [9].
Dərəzarat kəndinin əhalisinə dəyən maddi ziyan da Çarxana kənd sakinlərinə dəyən ziyan kimi kəndlilərin adları adbaad çəkilməklə göstərilir, sonda isə: 1) kənddə 2 dəyirmanın sıradan çıxarılması; 2) kəndə dəyən ümumi ziyanın 100.000 rubl olduğu göstərilir [10].
Məhz belə bir məzmunlu mətndən sonra 139, 140, 141, 142, 144 və s. saylı sənədlərdə zərərçəkənlərin adlarından ibarət siyahının yerləşdirildiyini  görürük.
Əlixanlı icmasına daxil olan Əlixanlı, Eyni-Bulaq, Quyu-bulaq və Qarakənd kəndlərində də erməni quldur dəstələri böyük talanlar, qətl və qarətlər törətmişlər.  İcma ağsaqqalının zərərçəkən qismində verdiyi ifadəyə görə, Qarakənddən başqa digər üç kənd dağıntılara və yanğınlara məruz qalmışdır [11].
Əlixanlı kəndinin sakinlərinə dəyən maddi ziyanı əks etdirən 143 saylı sənəddə oxuyuruq: «1. 53 ev və 42 digər ictimai bina yandırılmış; 2. İki nəfər dinc sakin öldürülmüşdür; 3. Bütün ev əşyaları oğurlanmış və yandırılmışdır; 4. 14 iribuynuzlu və 14 xırdabuynuzlu heyvan oğurlanmışdır; 5.Beş çetvert buğda oğurlanmışdır; 6. Dəyən zərərin ümumi məbləği 439.800 rubldur» [11].
Əlixanlı icmasına daxil olan Quyu-Bulaq kəndinin üzləşdiyi fəlakətləri isə 144 saylı sənəd əks etdirir. Həmin icmaya daxil olan Eyni-Bulaq kəndinə dair məlumatlar tərtib olunmuş 145 saylı sənəddə öz əksini tapmışdır.
Lakin Quba qəzasının Dəvəçi sahəsinə aid olan Tağay icmasının Ərəb əl-Məmməd kəndinə aid siyahıda 25 nəfər kənd sakininin adının əks olunduğunu və hər bir adın  qarşısında konkret olaraq daşınan və yaxud daşınmaz əmlakın adının və məbləğinin qeyd edildiyini görürük. Məsələn, Həsən Vəzir oğlu – daşınan və daşınmaz əmlakın sənədlərində ümumi və ya xüsusi şəkildə öz əksini tapması kənd icması ağsaqqallarının FTK-ya təqdim etdikləri məlumatın xarakterindən, məlumat bazasının kəmiyyət və keyfiyyət göstəricilərindən asılı olmuşdur. Bu sənədləri, yəni sırf  kənd sakinlərinin adlarını və onlara dəyən zərəri əks etdirən siyahıları zərərçəkənlərin verdikləri ifadələrlə bərabər və müqayisəli şəkildə nəzərdən keçirdikdə haqqında söhbət gedən hadisələrin inkişaf dinamikasının obyektiv mənzərəsini canlandırmaq və ona elmi obyektiv və qərəzsiz münasibət  bildirmək olur. 
Quba qəzası Dəvəçi sahəsinin pristavı Şəmsəddin Əfəndiyev FTK-nın üzvü Novatski tərəfindən dindirilərkən demişdir: «Mənim sahəmdə erməni kəndi Kilvə yerləşir. Bu kənddə müsəlmanlar nə bəhs edilən hadisələrdən əvvəl, nə də sonra ermənilərin bir kibritinə belə toxunmamışlar» [7].
Dəvəçi sahəsinin pristavının FTK-ya verdiyi məlumatda tolerant Azərbaycan xalqının malik olduğu yüksək bəşəri dəyərlər, digər xalqlara, onların məişətinə, adət-ənənələrinə, malına və mülkünə necə də böyük hörmət və ehtiramla yanaşdığı aydın görünür. Canlarına və mallarına qənim kəsilən, bolşevik pərdəsi altında milli qırğın siyasəti yeridən erməni daşnaklarının bizə qarşı yeritdiyi cinayətkar siyasətə rəğmən xalqımız Azərbaycanın qəzalarında rahat yaşayan ermənilərin bir kibritinə belə dəymir. Halbuki, həmin vaxt Quba qəzasının kəndləri od içində yanıb külə çevrilirdi.
Quba qəzası Müşkürlü sahəsinin Qaraqurdlu icmasının kəndxudası Şeyda Şıxəli oğlunun FTK-nın üzvü Novatskiyə verdiyi ifadəsində oxuyuruq: «Bu il baharın sonunda yalnız ermənilərdən təşkil olunmuş  cəza dəstəsi Bakıdan Quba şəhəri üzərinə gedərkən müsəlman kəndlərinə  hücum etmiş, onları dağıtmış, yandırmış, əmlaklarını isə qarət etmiş, sakinləri qətlə yetirmişdir. Bu dəstə bizim də icmamıza hücum etmiş, bütün kəndi, demək olar ki, bünövrəsinədək yandırmışdır, yalnız 5-6 ev qalmışdır” [14].
Quba qəzasının Müşkür sahəsinə aid olan Qiblə-Qrız kənd mollasının bəhs edilən dövrdə erməni daşnaklarının törətdikləri vəhşiliklər barədə dedikləri insanda acı təəssüf hissi və dəhşət doğurur: «Mən Müşkürlü sahəsinin Qiblə-Qrız kənd mollasıyam. Bu icmaya 200 həyətdən – evdən  ibarət 11 kiçik kənd daxildir. Amazaspın başçılığı altında cəza dəstəsi Bakıdan Qubaya gedərkən bu hərbi dəstədən Nikolay adlı bir erməninin rəhbərliyi altında  yalnız ermənilərdən ibarət bir hissə bizim icmaya hücum etdi və onu dağıtdı: beşə yaxın kənd yandırıldı, digərləri isə dağıdıldı, kənd sakinlərinin əmlakı talan edildi. Bundan başqa üç məscid və iki məktəb də yandırıldı. Bu məscidlərdən biri məktəblə eyni binada yerləşirdi, bu bina o vaxt bizə 15 min rubla başa gəlmişdi» [12].
Qiblə-Qrız icmasının FTK-ya təqdim etmək üçün tərtib etdiyi bu sənəddə icmanın 80 nəfər sakininin ermənilər tərəfindən talan edilən daşınan və daşınmaz əmlakının adı, həmçinin hər bir sakinə dəyən ziyanın maddi məbləği, dağıdılan və yandırılan ictimai binaların, evlərin inşaat-memarlıq xüsusiyyətləri, talan edilən inventarı, məbləği, iri və xırdabuynuzlu mal-qaranın, hətta arı pətəklərinin belə sayı  və pulla ekvivalenti göstərilmişdir. Haqqında söhbət gedən məscid barəsində həmin sənəddə oxuyuruq: «Neybətullanın məscidi və məktəbi – məsciddə məktəbin 3 otağı, 30 skamyası və 3 lövhəsi, həmçinin məscidin özü yandırılmışdır» [12].
Azərbaycan Respublikasının Dövlər Arxivində (ARDA) saxlanılan 166 saylı bu sənəd Qiblə-Qrız kəndində erməni vandallarının törətdikləri vəhşilikləri son dərəcə aydın əks etdirir. Bu sənədlə  tanışlıq bir daha ermənilər üçün heç bir müqəddəs varlığın olmadığını sübut edir.
Məhz bu səbəbdəndir ki, Quba qəzasında törədilən qətl və qarətlərin  başçılarını ADR hökuməti tərəfindən 1919-cu ildə Paris Sülh Konfransı iştirakçılarına, Millətlər Cəmiyyətinin üzvü olan ölkələrin nümayəndələrinə təqdim edilən Azərbaycan qəzalarında baş verən soyqırımı və talanlarla bağlı həqiqətləri çatdırmaq üçün fransızca çap etdirilmiş «Qafqazın Azərbaycan Respublikası» adlı kitabda «murdar insanlar» adlandırırdılar: «Bakı erməniləri azərbaycanlıları qırdığı vaxt erməni milli şurasının başçılıq etdiyi dəstələr də onlara qoşulmuşdu. Bu dəstələrin başında Amazasp, Stepan Lalayan və başqa bu kimi murdar adamlar dururdu. Vəziyyət tələb etdikdə onlar özlərini Qızıl Ordu bolşevikləri kimi qələmə verirdilər» [21, 129].
Bu qarətlər zamanı əhalidən təkcə qiymətli ev və zinət əşyaları deyil, həmçinin istehsal alətlərini də alan, ictimai binaları, təsərrüfat tikililərini bərbad vəziyyətə salan ermənilər, təbii ki, qəzanın sosial-iqtisadi inkişafını uzun illər iflic vəziyyətində saxlamaq məqsədlərini də güdmüşlər.
Bütün bunlar insana böyük hərbi əməliyyatlar və müharibələr zamanı əməliyyat meydanına çevrilən bir məkanın döyüşdən sonrakı vəziyyətini xatırladır. Bu qətl və qarətlərin məntiqi nəticəsi, təbii ki, uzun sürən aclıq, iqtisadi tənəzzül  və insanları ağuşuna  alan ölümsaçan yoluxucu xəstəliklər demək idi: «Tif xəstəliyindən ölüblər: 2159 nəfər, onların arasında 45 azyaşlı uşaq vardır (tif xəstəliyindən ölən sakinlərin hamısının adı siyahıda çəkilir»[12].
Eyni zamanda Quba qəzasının Müşkür sahəsinə aid olan Qarayurdlu icmasının Qaraçı kəndində təkcə Məcid Kərbəlayi Əli Əsgər oğlundan erməni daşnakları 205 pud buğdanı, 205 pud düyünü qarət edib  almışdılar. Kəndin digər sakinlərinin də, məsələn, Əliusta Məmməd Əhməd oğlunun da, 167 saylı sənədin dili ilə desək: «İkimərtəbəli 3 evi dağıdılmış, müxtəlif ərzaq məhsulları və ev əşyaları qarət edilmişdi. Dəyən maddi ziyanın məbləği 6.000 rubldur» [13].
Erməni daşnak dəstələri kənddə sovet hakimiyyəti qurmaq və qayda-qanun yaratmaq adı altında talan və qarətlərin miqyasını o dərəcədə genişləndirmişdilər ki, aclıqdan, fiziki və mənəvi işgəncələrdən ölənlərin sayı bilavasitə «cəza dəstəsi» tərəfindən öldürülənlərin sayından daha çox olmuşdur.
Adı çəkilən sənəddə Qaraçı kənd sakinlərinin üzləşdiyi faciənin nəticələri ilə bağlı oxuyuruq: «Qaraqurdlu icmasının Qaraçı kəndi üzrə ümumi hesabat:
1. 7 nəfər öldürülmüşdür.
2. 31 nəfər müxtəlif xəstəliklərdən ölmüşdür.
3. 1 məscid, 11 ev yandırılmışdır.
4. 13 baş iribuynuzlu mal-qara aparılmışdır.
5. 330 pud çəltik, 344 pud buğda, həmçinin bir sıra ev əşyaları qarət edilərək aparılmışdır» [15].
FTK-nın təkcə Qaraqurdlu icmasının bir kəndinə dair tərtib etdiyi bu sənəd Quba qəzasında bolşevik adı altında gizlənən erməni-daşnak quldur dəstələrinin cinayətkar fəaliyyətini aydın şəkildə işıqlandırır.
Qasım-Paşa Qurban oğlu ilə bağlı oxuyuruq: «Tikililərlə birgə ikimərtəbəli ev, içərisi malla dolu  dükan, 18 sajen odun, 30 pud buğda, 25 pud düyü, 20 pud arpa, 4 iribuynuzlu mal, 2 at. Dəyən ziyanın ümumi məbləği 100.000 rubl» [24].
Əli Osman  Oruc oğlu, Məmməd Məmməd oğlu, Muxtar Məmməd oğlu və Rüstəm Hüseyn oğlunun isə hər birinin 4 ədəd ikimərtəbəli evinin, təsərrüfat tikililəri və mal-qaralarının, digər ev, məişət və təsərrüfat əşyalarının talan edilməsi də bəhs edilən sənəddə açıq şəkildə verilmişdir [14].
Haqqında söhbət gedən Qaraqurdlu kənd icmasının kəndxudası Şeyda Şıx Əli oğlu FTK-nın üzvü A.Novatskiyə zərərçəkən qismində verdiyi ifadədə qeyd edir: «Bu ilin baharın sonunda Bakıdan Qubaya yollanan yalnız ermənilərdən ibarət olan cəza dəstəsi müsəlman kəndləri üzərinə hücum edərək dağıntılar törətdilər, kəndləri oda qalayıb, əmlakımızı taladılar» [16].
Quba qəzasının Müşkür sahəsinə daxil olan Seyidlər kəndinin sakini Hacı Seyid Əbdül Xəlil Hacı Seyid Əli oğlu isə FTK-ya zərərçəkən qismində verdiyi ifadədə bildirir: «Biz ermənilərin danışıqlar üçün heç bir nümayəndə heyətini qəbul etmədiyini eşidib, onları qarşılamadıq. Xudat stansiyasında ermənilər mənə məxsus ümumi dəyəri yüz min manat olan iyirmi üç dükan və karvansarayımı yandırdılar» [5].
Quba şəhərinin rəisi Ə.Əlibəylinin FTK-nın nümayəndəsinin sorğusuna cavab olaraq ünvanlandığı 12 dekabr 1918-ci il tarixli 204 saylı izahatını nəzərdən keçirərkən  Amazaspın cəza dəstəsinin şəhərdə törətdiyi hədsiz vəhşilikləri, vandalizm aktlarını aydın sezmək olur [5].
Novatski bu məruzəsində qeyd edir: «Müəyyən edilmişdir ki, Amazaspın dəstəsi Quba qəzasında 122 müsəlman kəndini yandırmış və viran qoymuşdur» [14]. Bunun ardınca da FTK üzvü dağıdılan kəndlərin adlarını bir-bir sadalayır.
Quba qəzasının Müşkür sahəsinə aid olan Susay kəndinin sakini Ulubəy Xeyirbəy oğlunun FTK-ya zərərçəkən qismində verdiyi ifadədən də erməni-daşnak dəstələrinin kənddə apardıqları qarət və talanlar bəlli olur: «Ermənilər Qubanı viran qoyub, Bakıya geri qayıdarkən biz öz kəndimizdən baş götürüb qaçdıq. Ermənilər kəndi ələ keçirib, yollar düzələnədək orada qaldılar. Onlar bütün kəndi viran qoydular, daşına bilən bütün əmlakı oğurladılar, çıxıb gedərkən isə kəndi yandırdılar. Otuza yaxın evi və məscidi yandırdılar. Sakinlərdən ölən olmadı» [17].
1918-ci ilin martında Bakıda, onun ardınca isə Şamaxıda, Qubada, Lənkəranda və vətənimizin  digər guşələrində bolşevik daşnak tandemi tərəfindən törədilən qətl və talanlar bir məqsədə - xalqımızın milli istiqlal hərəkatını beşikdəcə boğmaq, xalqımızın fiziki varlığına son qoymaq, geostrateji baxımdan son dərəcə əlverişli, təbii sərvətlərlə zəngin vətənimizin bir qismini və bəlkə də, böyük bir hissəsini «Böyük Ermənistan» arzusu ilə qovrulan erməni daşnaklarına «pay» verməklə, bütövlükdə Azərbaycanımızı Rusiya imperiyasının təsir dairəsindən heç bir vəchlə buraxmamaq məqsədinə xidmət edirdi.
Qubada və Quba qəzasında törədilən soyqırımı və talanlar Rusiya  imperiyasının məhz bu istək və məramından irəli gələn siyasi maraq və istəklərinin məntiqi nəticəsi, azadlığını, müstəqil dövlət qurmaq istəyini canından əziz tutan mübariz bir xalqın əsrlər boyu apardığı istiqlal mücadiləsinə qarşı yeridilən siyasi tədbirlər zəncirinin bir həlqəsi, vəsiləsidir. Azərbaycan xalqının milli azadlıq arzusunun həyata keçən ən şirin töhfəsi olan ADR-in baş verən olayları araşdırmaq üçün təşkil etdiyi FTK-nın tarixi əhəmiyyət daşıyan, real gerçəklikləri obyektiv şəkildə əks etdirən sənədlərinin illər boyu ya düşünülmüş şəkildə üstündən sükutla keçilmiş, oradakı acı həqiqətlərin işıq üzü görməsinə sovet ideoloji mexanizminin “vintciyi” olan tarixçilərimiz, sovet donlu erməni millətçi yazarları hər vəchlə mane olmuş,  ya da tamamilə əks istiqamətdə o sənədlərin mahiyyəti təhrif edilmişdir. Bu sənədlərdə əks olunan erməni daşnak vandalizmi - bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilə bilən qətliamlar, onların icraolunma dəst-xətti XX əsrin sonlarından Azərbaycan Respublikasında başlayan erməni separatizmi, qətliamları, Xocalı soyqırımı, Sumqayıt hadisələri, ümumi millətçi proqram və taktika ilə nə qədər də səsləşir. Tarix unudulanda müasir kataklizmlərlə, gözlənilməz hadisələrlə, siyasi, hüquqi, ideoloji, haqsızlıq və basqılarla üzləşən xalqlar hazırlıqsız və zəif duruma düşürlər. Bu baxımdan bu sənədlərin öyrənilməsi elmi və tarixi əhəmiyyətə malikdir. Lakin bu sənədlər özündə çox böyük həqiqətləri əks etdirməklə yanaşı, həm də bu həqiqətlərə işıq salmaqla xalqımızı daim sayıq olmağa, tarixin ibrət dərslərinə biganə qalmamağa çağırır.

Nəticə 

FTK sənədlərindən məlum olur ki, 1918-ci il mayın 1-də Quba şəhərinə daxil olan  erməni silahlı dəstələri həmin gün şəhərin aşağı hissəsində 713 türk-müsəlmanı qətlə yetirmişdir. Qətlə yetirilənlərin çoxu qadın və uşaqlar idi. Ermənilərin dinc əhaliyə qarşı qırğınları ikinci gün də davam etmişdir. Bu dəfə onlar 1012 adamı qətlə yetirmişdilər. Hamazaspın “cəza dəstəsi” tərəfindən Quba qəzasının ərazisində 167 müsəlman kəndi dağıdılmış və yandırılmış, mindən artıq kənd sakini qətlə yetirilmişdir. Həmin kəndlərin əhalisinə ümumi dəyəri 58.121.051 rubl ziyan vurulmuşdur [2].
Hamazaspın erməni cəza dəstələri tərəfindən dağıdılana qədər Quba şəhərində təxminən 20 minə yaxın əhali və 10 minə yaxın ev olmuşdur. 1918-ci il mayın 1-də Quba şəhəri üzərinə hücum edilərək müsəlmanlara məxsus iki yüzə yaxın ev və başqa tiklilər dağıdılmış və yandırılmışdı. Həmin evlər və tikililər Bazar, Komendant, Bakıxanov və Bulvar küçələrində yerləşirdi. Quba şəhərinin əhalisinə dəymiş zərər 63.703.760 rubl məbləğində olmuşdur. Hamazaspın dəstəsi tərəfindən oğurlanmış əmlak 4 milyon nağd pul, 4,5 milyon rubl dəyərində qiymətli daş-qaş, 25 milyon  rubl dəyərində müxtəlif mallar - xalça, ev əşyaları və s. olmuşdur. Ümumən Quba soyqırımı zamanı qəza əhalisinə 121.824.819 rubl ziyan dəymişdir [1]. 

İstifadə edilmiş ədəbiyyat:

1.    Azərbaycan Respublikasının Dövlər Arxivi (ARDA): F.1061, siy.1, iş 95, vər.1.
2.    ARDA: F.1061, siy.1, iş 95, vər.6.
3.    ARDA: F. 1061, siy. 1, iş 95, vər. 5-8.
4.    ARDA: F. 1061, siy. 1, iş 95, vər. 13 və 14.
5.    ARDA: F. 1061, siy. 1, iş 96, vər.1-2.
6.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 3 və 3-ün arx.
7.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 4 və 4-ün arx.
8.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 17 və 17-nin arx.
9.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 24.
10.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 25 və 25-in arx.
11.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 31 və 31-in arx
12.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 77 və 77-in arx.
13.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 78 və 86.
14.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 88 və 88-in arx.
15.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 92-100.
16.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 100-101-in arx.
17.    ARDA: F. 1061, siy. 1, iş 97, vər. 130-130-un arx.
18.    Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı. «Azərbaycan» qəzeti, Bakı, 27 mart 1998.
19.    Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1992.
20.    İsmayılov R. Azərbaycan tarixi. Bakı: Azərnəşr, 1993, 260 s.
21.    Qoca H. Fransızlar yurdum haqqında. Bakı: Yazıçı, 1990, 246 s.
22.  Quba Soyqırımı Memorial Kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı. / “Azərbaycan” qəzeti, Bakı, 18 sentyabr 2013-cü il.
23.    Svyatoxovski T. Rusiya Azərbaycanı. 1905-1920-ci illər // “Azərbaycan” jurnalı. 
24.  Агаян Ц. В.И.Ленин и революционная  борьба  армянского народа за свое социальное и национальное  освобождение. /Великий Октябрь и решение  национального  вопроса. – Сборник научных статей.  Ереван: Издательство Академии Наук Армянской ССР, 1982, 265 c.
25.    Наджафов Б. Лицо врага. II часть. Баку: Şərq-Qərb, 1994, 235 с.
26.    Меликян М. Советский народ как социальная и интернациональная общность.
27.  Ратгаузер. Революция и гражданская война в Баку, в 1917-1918 гг. Ереван: Издательство Академии Наук Армянской ССР, 1982, 124 c.
28.  Чубарян О. Значение советского опыта решения национального вопроса.  Ереван: Издательство Академии Наук Армянской ССР, 1981, 236 c.

Qaynaq: http://stj.sam.az/post/1918-ci-il-quba-soyq%C4%B1r%C4%B1m%C4%B1-zaman%C4%B1-erm%C9%99ni-talanlar%C4%B1

 

Read 94 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR