Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 01 Avqust 2018 00:00

Azərbaycan ordusunun əşya təminatı vacib amil kimi hansı vəziyyətdədir

Written by 
Azərbaycan ordusunun əşya təminatı vacib amil kimi hansı vəziyyətdədir ordu.az
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin maddi-texniki təminat sistemində əşya xidmətinin rolu barədə danışanda ilk növbədə bu xidmətin şəxsi heyətin geyim, ayaqqabı, yataq, hamam və digər avadanlıqlara olan ehtiyacını qarşılamaq üçün fəaliyyət göstərdiyini qeyd etmək lazımdır.

 

Əşya təminatı Silahlı Qüvvələrin, digər qoşun növlərinin, hərbi birləşmələrin və hərbi hissələrin təminat növlərindən biridir. Əşya təminatı orqanları qoşunların əşya və texniki vasitələrə olan tələbatını təyin etmək üçün kompleks tədbirlər həyata keçirir, bu əmlakların alınmasına, yoxlanılmasına, saxlanılmasına, aidiyyəti üzrə çatdırılmasına və təyinatı üzrə istifadəsinə cavabdehdir.


Hər bir əsgər valideynini maraqlandıran əsas suallar spektri, adətən övladlarının xidməti şəraiti, yeməyi, yatmağı və geyimi ilə bağlı olur. Bu da təbiidir. Biz də qəhrəman əsgərlərimizin valideynlərini bu sahələrdə baş vermiş köklü dəyişikliklərlə tanış edib, onları arxayın etməkdən ötrü ötən dəfə Mərkəzi Ərzaq Anbarından, bu dəfə isə Mərkəzi Əşya Bazasından növbəti məqalə hazırladıq.

Sual oluna bilər ki, əsgərlər ön xəttədir, Anbar və ya Bazadan olan əmlakın ön xətdə olan əsgərə aidiyyəti nədir? Sual doğrudur, lakin ordu təchizatı zəncirvari üsulla mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir. İlk əvvəl Mərkəzdə hara, kimə, nə qədər təchizat vasitəsi sərf edildiyini Sizə təqdim edir, ardınca həmin təchizatın birinci eşelonda oturan əsgərin təminatında necə ifadəsini tapdığını ictimaiyyətin nəzərinə çatdıdırırıq.


Bu dəfə ki, səfərimiz Mərkəzi Əşya Bazasına idi. Hərbi hissənin girişində bizi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsinin Əşya Xidməti rəisi polkovnik-leytenant Azər Qurbanov qarşıladı.

Xatırladım ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra Ordumuzun şəxsi heyətinin əşya təminatı keçmiş sovet dövründə olduğu kimi təşkil edilib. 1994-cü ildə qüvvədə olan normalara istinadən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin əşya təminatı haqqında Əsasnamə” Nazirlər Kabinetinin 1993-cü il 30 dekabr tarixli qərarı ilə Müdafiə nazirinin 1994-cü ildə imzaladığı müvafiq əmri ilə təsdiq olunub.


2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsinə general-polkovnik Zakir Həsənov təyin olunduqdan sonra orduda əsaslı islahatların aparılmasına başlanılıb. Bütün təminat növləri ilə bağlı islahatlarla yanaşı ordunun şəxsi heyətinin əşya təminatında da köklü dəyişikliklər edilib.

Əşya təminatının dünya standartlarına uyğunlaşdırılması məqsədilə 2016-cı ildə Müdafiə nazirinin təşəbbüsü ilə məsələyə yenidən baxılıb. Əşya təminatı normalarına əlavə dəyişikliklərin edilməsi ilə bağlı Nazirlər Kabinetinin 2016-cı il 24 may tarixli qərarı əsasında Müdafiə nazirinin 2016-cı il 29 avqust tarixli qərarı ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin dinc dövrdə əşya təminatı haqqında Əsasnamə” qüvvəyə minib.


Əşya Xidməti rəisi polkovnik-leytenant Azər Qurbanov bizi hərbi hissənin ərazisində müşayiət edərək bildirdi ki, hazırda Azərbaycan Ordusunun əşya təminatı Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsinin tabeliyində olan Mərkəzi Əşya Bazası vasitəsilə həyata keçirilir. Baza inzibati və texniki hissələrdən ibarətdir. İnzibati ərazidə xidməti otaqlar, haman-camaşırxana kombinatı, park, yanğınsöndürən komanda və şöbələr yerləşir. Texniki ərazidə əşya əmlakı saxlamaq üçün bina və konstruksiyalardan ibarət saxlanclar mövcuddur. Bazada nümunələr otağı yaradılıb və bütün növ qoşun geyim əmlakları ilə komplektləşdirilib. Ötən müddət ərzində burada yeni saxlanclar inşa edilib, bəzi saxlanclarda isə əsaslı təmir işləri görülüb, eyni zamanda ərazidə olan dəmir yolu təmir olunaraq istifadəyə verilib.

Hərbi hissə ilə tanışlığımız zamanı məlum oldu ki, müəssisələr tərəfindən gətirilən əmlaklar ilk növbədə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin tabeliyində olan əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyasında yoxlanılır və yalnız müsbət cavab alındıqdan sonra müvafiq qaydada Mərkəzi Əşya Bazasının tabeliyində fəaliyyət göstərən əşya əmlakının qəbulu bölməsinin nəzarəti altında saxlanclara qəbul edilir. Türkiyənin “ETKİ” şirkətinin mütəxəssisləri tərəfindən 2002-ci ildə qurulan əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyası Silahlı Qüvvələrin istifadəsində olan bütün növ əmlakı istənilən parametr üzrə analizdən keçirməyə imkan verir. Avropada istehsal edilən “Xenotest- 150 ST” bazaya daxil olan əşya vasitələrinin bütün nümunələrini təbii iqlim şəraitində (günəş, yağış, şaxta və s) şınaqlardan keçirməyə imkan verir.


Ümumiyyətlə, müayinə və keyfiyyətə nəzarət laboratoriyası nümunələrin dartılma, sıxılma kimi fiziki təsirlərə davamlılığını, rezin materialların aşınmağa davamlığını, nümunələrin hava keçirməsinin və partlama qüvvəsinin sürtünməyə qarşı davamlılığını, əmlak ütülənərkən rənginin həssaslığını, yağışa qarşı davamlılığını, nümunənin rənginin təbii iqlim şəraitinə qarşı həssaslığını, dərinin və parça materialların su keçirməsinin sınağı, ayaqqabının statik şəraitdə və dərinin dinamik şəraitdə su keçirməsinin sınağı, nümunələrin yuyulması, külləmə, əritmə, isitmə və qurutma proseslərini təyin etmək və dəri materialların sərtliyini ölçmək üçün cihazlarla təchiz edilib.

Hazırda yay mövsümü olduğuna görə əşya xidmətinin əsas vəzifələrindən biri soyuq iqlimli yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin qış təminatının tədarükünü həyata keçirməkdən ibarətdir. Silahlı Qüvvələrimizin şəxsi heyəti təchiz olunduğu xovlu dəsmal dəstləri 3 elementdən - hamam, əl-üz və ayaq dəsmallarından ibarətdir. Yerli istehsal olan dəsmallar əvvəlki iplik dəsmallardan ciddi şəkildə fərqlənir. Əsgərlərimiz 2013-cü ildən şərflə təmin edilir. Corab təminatı qış mövsümündə ayda 4 cütə çatdırılıb. Soyuq iqlimə sahib rayonlarda qış botinkaları, xəzli yarımkürk, keçəli çəkmə, isti səhra şalvarı, istiləşdirilmiş qulaqlı şlemaltı papaq, qışlıq uzunboğaz botinka, içi xəz dərili əlcək ilə təminat həyata keçirilir. Ortalama olaraq bir əsgərin bir illik əşya təchizatı, yataq ləvazimatları da bu siyahıya daxil olmaqla, ordu büdcəsinə təxminən 1000 manata başa gəlir. Yataq dəstlərinin həm üzlük, həm də içlik materialları təzələnib.


Orduda geyim məsələsində aktual olan məsələlərdən biri də bütün mövsümlərdə yerləşdiyi coğrafiyadan asılı olmayaraq, bütün şəxsi heyətin eyni tipli botinkalarda xidmət etməsi idi. Artıq bu məsələ bir neçə il əvvəl həllini tapıb. Artıq şəxsi heyət mövsümə, əraziyə və temperatura görə, həm fərqli geyim, həm də fərqli botinkalarla təchiz edilir. Botinkaların alt hissəsi üzlüyə əvvəlki kimi yapışqanla deyil, müasir vulkanizasiya üsulu ilə “bişirilir”. Qeyd etmək yerinə düşər ki, bu ilin əvvəlindən istifadə edilən bütün botinkalar tamamilə yerli şirkət tərəfindən istehsal edilir.

Xidmət rəisi polkovnik-leytenant Azər Qurbanov bildirdi ki, əşya xidmətinin qarşısında duran ən vacib məsələlərdən biri də ön xətt və stasionar hərbi hissələrinin şəxsi heyətini isti və inventar (yarımkürk, keçə çəkmə, isti səhra şalvarı, istiləşdirilmiş qulaqlı şlemaltı, qışlıq uzunboğaz botinka, içi xəz dərili əlcək və s.) əmlaklarla təminatını təşkil etməkdən ibarətdir. Xatırladım ki, artıq Ordumuzda istər zabit, istər əsgər heyəti eyni dəridən tikilən botinka, eyni parçadan tikilən geyimlə təchiz edilir. Bu siyahıda yalnız rütbələr və kokardlar, yəni fərqləndirmə nişanları istisna təşkil edir ki, bu da təbiidir. Zabit və əsgərlərimizin sviterlərində fərq yalnız rəngindədir, bu da şəxsi heyətin kitelsiz olduğu müddətdə zabit heyətinin seçilməsi üçündür. Bütün bunlar inkişaf etmiş ordularında da belədir.


Şəxsi heyətin hamam-camaşırxana ilə təchizatı yeni qurulan və stasionar hərbi hissələrdə birdəfəlik həll edilib. Ön xətt bölmələrinin hamam-camaşırxana xidmətinin səmərəli şəkildə təşkili üçün hərbi hissələrdə mobil və ya daşınan səhra hamamından, səhra camaşırxanasından və ya mülki müəssisələrin resurslarından istifadə edilir.

Bütün istiqamətlər üzrə dəyərli keyfiyyət dəyişiklikləri davam etməkdədir. Azərbaycan Ordusunun birinci eşelonda yerləşən hərbi hissələrinin müasir tələblərə cavab verən infrastrukturla, o cümlədən hamam-camaşırxana təminatının yeni müasir avadanlıqlarla təchizatı başa çatmaq üzrədir. Artıq hər bir hərbi hissə “Gəncə Avtomobil Zavodu”nun istehsalı olan MAZ avtomobilinin bazasında qurulan mobil səhra hamamı ilə təchiz olunub. 5 tonluq su çəninə malik səhra hamamında eyni vaxtda 10 nəfərin ayrı-ayrı kabinlərdə hamam qəbul etməsi mümkündür. Bundan əlavə hərbi hissələrdə mövcud olan Türkiyənin “Gürsü” şirkətinin səyyar səhra hamamı istənilən ərazidə, mümkün olarsa artezian və ya su mənbəyinə yaxın yerdə, 1 saat ərzində qurulur. Saatda 6000 litr və ya dəqiqədə 100 litr qaynar su istehsal edən “Gürsu” 2 litr benzin və 42 litr dizel yanacaq işlədərək bir dəfəyə 16 nəfərin kabinlərdə yuyunmasına şərait yaradır. Belə bir vasitələr səhra təlimlərinə çıxan şəxsi heyətin təminatında da istifadə edilir. Səhra şəraitində və ya təlimlər zamanı şəxsi heyətin yerləşdirilməsi üçün Türkiyə və Çindən müxtəlif təyinatlı çadırlar, maskalanma vasitələri tədarük edilib.


Ən vacib məsələlərdən biri də birinci eşelon bölmələrinin camaşırxana xidməti ilə təmin olunmasıdır. Bu məqsədilə hərbi hissələr Türkiyə istehsalı olan və “Ford” yük maşını şassisində yerləşdirilən “Gökalp” səhra camaşırxanaları ilə təchiz edilir. Xüsusi avtomobil 1600 litrlik su çəninə, 2 ədəd yuyucu-sıxıcı və 1 ədəd quruducu maşına sahibdir. “Gökalp” səhra camaşırxanası 8 saat ərzində 160 kq geyim və yataq dəstlərinin üzlüklərini yuyaraq quruda bilir. Daimi yaşayış məntəqəsindən kənarda olan şəxsi heyətin hamam-camaşırxana xidmətinin səmərəli təşkil olunması üçün bütün mövcud texniki imkanlardan istifadə edilir.

Əşya təminatında sanitar-gigiyena qaydalarına ciddi surətdə əməl edilir. Bu məqsədlə dəyişək alt paltarları və yataq dəstlərinin yuyulması üçün müasir tələblərə uyğun yuyucu vasitələr müvafiq qaydada alınır və hərbi hissələr tərəfindən istifadə edilir.


Müdafiə nazirinin əmrinin tələblərinə uyğun olaraq xidmət müddətində şəxsi heyət bir dəfə mərkəzləşdirilmiş qaydada sanitar-gigiyenik ləvazimat və təsərrüfat əmlakı ilə təmin edilir.

Hərbi qulluqçular sanitar-gigiyena qaydalarına əməl edilməsi məqsədilə hər ay lazımi yuyunma vasitələri ilə aşağıda qeyd edildiyi kimi təmin olunur:

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına 1 aylıq 150 qram gigiyenik sabun və 150 qram duru sabun verilir;

- hərbi hissədə ümumi istifadə yerlərinin sayına görə 1 ədəd sabun qabı verilir, ümumi istifadə yerlərində (əl-üz yuma otaqları, qərargah, yeməkxana və s.) verilən sabunun 1 aylıq orta sərfiyyatı isə hərbi hissədə müəyyənləşdirilən komissiya tərəfindən tərtib edilən akt əsasında təyin olunur;

- aşpazlara, çörəkbişirənlərə, əsgər yeməkxanalarının işçilərinə 50 qram gigiyenik sabun, 50 qram duru sabun və 100 qram təsərrüfat sabunu, hospitalların, tibb hissə və bölmələrinin, hərbi həkim komissiyalarının, patoloji-anatomiya, sanitar-epidemioloji laboratoriyaların tibb işçilərinə 50 qram gigiyenik sabun və 50 qram duru sabun (mülki işçilərə də) verilir;

- mexaniklərə, mühərriklərin təmiri ilə məşğul olanlara, sürücülərə, traktorçulara, tank, raket və özüyeriyən artilleriya qurğularının heyətlərinə, anbar və emalatxana işçilərinə, dezinfektorlara, Hərbi Dəniz Qüvvələrinin gəmi heyəti və sahil birləşmələrinin mütəxəssislərinə, maşinistlərə, gəmi anbarlarında çalışanlara, torpedoçulara, motoristlərə, elektriklərə, minadüzənlərə, dalğıclara, qazanxanalarda çalışan hərbi qulluqçulara, fəhlə və qulluqçulara (mülki işçilərə də) 100 qram təsərrüfat sabunu verilir.


Bu gün bir əsgərin normaya uyğun təminatı heç də müasir orduların təminatından fərqlənmir və ordumuzun əşya təminatı dünyada qəbul edilmiş ordu standartlarından geri qalmır.

Cari dövr ərzində şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilib:

- müasir standartlara cavab verən əsgər kazarmaları inşa edilib;

- hamam-camaşırxana avadanlığı tədarük olunub;

- yeni növ çadırlar Türkiyə və Çin Xalq Respublikasından tədarük olunub;

- normada olan iplik dəsmal bej rəngli xovlu əl-üz dəsmalı ilə əvəz olunub, bej rəngli xovlu ayaq və hamam dəsmalı, bej rəngli yorğan üzü normaya əlavə olunub. Pambıq döşək paralon döşəklə, pambıq balış sintefon balışla, yarımyun adyal akril adyalla, ağ rəngli döşək ağı və ağ rəngli balış üzü bej rənglə əvəz olunub.

Ötən illər ərzində qoşunlarda şəxsi heyətin əşya təminatının yaxşılaşdırılması, əşya əmlakının və yuyucu maddələrin vaxtlı-vaxtında alınması, əşya təminatı normalarının ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Yeni inşa edilmiş hərbi şəhərciklər və müasir tələblərə tam cavab verən hamam-camaşırxanalar, məişət otaqları və əsgər kazarmaları şəxsi heyətin istifadəsinə verilib.


Xatırladım ki, Silahlı Qüvvələrin əşya təminatının böyük bir hissəsi yerli şirkətkər tərəfindən həyata keçirilir. Aktiv tədarükçülər arasında “BOT” ayaqqabı şirkəti, “Gilan” tikiş fabriki, “BTE” tikiş evi, Bakı əyricilik fabrikası kimi nəhəng şirkətlər yer almaqdadır.

Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi hissələrə yeni çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mütəmadi olaraq mövsümə uyğun əşya təminatı normalarının tam şəkildə çatdırılması daimi nəzarətdə saxlanılır.

Polkovnik-leytenant Azər Qurbanov görüşümüzün sonunda bildirdi ki, Ordumuzda olan bütün əşya əmlakının sayı və vəziyyəti mütəmadi şəkildə əşya xidmətinin vəzifəli şəxsləri tərəfindən yoxlanılır. Eyni zamanda hissə və birliklərdə mövcud olan əşya və təsərrüfat vasitələrinin saxlanılma və qorunma şəraitinə də ciddi nəzarət edilir.

Hərbi ekspert Ədalət Verdiyev
Foto: Elvin Abdulla
Ordu.az
 
https://ordu.az/az/news/137344
Read 251 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR