Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 18 İyul 2018 00:00

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi M.Ə.Rəsulzadənin milliyyətçilik və millətçilik probleminə münasibəti

Written by 
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi M.Ə.Rəsulzadənin milliyyətçilik və millətçilik probleminə münasibəti © Foto : PUBLİC DOMAİN

AMEA Fəlsəfə İnstitutunun Multikulturalizm və tolerantlığın fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Radif Heybət oğlu Mustafayev

         Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bir əsr keçir. Bu hadisə xalqımızın milli şüurunun inkişafında mühüm rol oynadığı kimi, Azərbaycan Respublikası Dövlət müstəqilliyinə qovuşduqdan sonra daha da böyük məna kəsb edib sanki milli kimliyimizi müəyyən etməkdə sönməz mayaktək işıqlanmaqdadır. Buna görə də AXC-nin milli dövlətçilik quruculuğunda kəsb etdiyi mahiyyətindən irəli gələrək Ümummilli lider Heydər Əliyev həmişə onun tarixi əhəmiyyətini yüksək qiymətləndirib müvafiq sərəncamlar və qərarlarla bu hadisəni müstəqillik tariximizdə milli istiqlalımıza sahib çıxmaq vəzifəsinə çevirə bilmişdir. Belə ki, Ulu Öndərin milli dövlətçilik idealının davamçısıtək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017 –ci il 16 may sərəncamı ilə AXC-nin 100 illik yübileyi qeyd edilirsə, 10 yanvar 2018-ci il sərəncamı ilə cari il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir. Bu sərəncamlarda da qeyd edildiyi kimi, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkürəsinin milli dövlətçilik zəminində inkişaf etdirilməsi üçün cəmi 23 ay fəaliyyət göstərə bilmiş AXC-nin milli-mədəni irsi misilsiz bir nemət olub onun obyektiv – elmi dərki müstəqil dövlət quruculuğumuzun vacib prioritetlərindən biridir. Bu baxımdan da biz, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşıtək təqdim etdiyimiz məqalədə AXC-nin qurucularından biri kimi, sözün əsl mənasında həyatını milli istiqlalımıza fəda etmiş M.Ə.Rəsulzadə yaradıcılığına müraciət edib onun baxışları əsasında milli şüurumuzu doğru yola istiqamətləndirmək iqtidarında olan milliyyətçilik və millətçilik probleminə münasibətini aydınlaşdırmaq niyyətindəyik. Onu da qeyd edək ki, xalqımızın əsrlər boyu, xüsusən də bolşevik istilasından sonra bir-çox oğul və qızlarının azadlıq mücadiləsinin qarşısı kəsilərək müstəqillik sövdaları zor gücünə boğulduğutək, M.Ə.Rəsulzadə dühası da daha çox pantürkizm və ya milliyyətçilik iftiraları ilə damğalanmış şəxsiyyətlər sırasındadır. Bunun heç də belə olmadığını əsaslandırmaq məqsədilə biz, M.Ə.Rəsulzadənin çoxsaylı əsərləri sırasında vəfatından 23 il sonra Ankarada nəşr olunmuş “Milli təsanüd” (Milli birlik) adlı kitabına müraciət etmişik. Elə təkcə bu əsərlə tanışlıq bizə M.Ə.Rəsulzadə ideallarının necə dərin elmi və fəlsəfi əsaslara malik olduğundan xəbər verərək, qarşımızda müəllifin möhtəşəm milli ideoloq, vətəninə, millətinə canı - dildən bağlı şəxsiyyət obrazını bütün dolğunluğu ilə əyaniləşdirməkdədir.

Bildiyimiz kimi, Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşmasını görmək nəsibi olmamış M.Ə.Rəsulzadə, Sovet-sosialist sisteminin süqutundan sonra anqlo-sakson liberalizminin qələbə çalaraq onun yeganə doğru yol olduğunu qeyd edənlərdən fərqli olaraq sözügedən əsərində yazır ki, “Liberal dövlət (oxu, anqlo-sakson liberalizmi – R.M.) şəxsən öz sisteminin məhsulu olan kapitalizmin doğurduğu böhranla mücadilədə acizdir” (Məhəmməd Əmin Rəsulzadə. Milli birlik. Tərtibçi və elmi redaktor: Y.Türkel, Bakı, “Çıraq” nəşriyyatı, 2009, 176 s., s.25). Kapitalizmlə mübarizədə millətsiz və milli dövlətsiz, yalnız sinfi yanaşma ilə proletariata istinad edən sosialist, daha doğrusu bolşevik mücadiləsini də doğru hesab etməyən M.Ə.Rəsulzadə belə bir nəticəyə gəlir ki, “Nə fərdi hürriyyətlə şəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist anarxiyası ilə sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq bir kölə və maşın halına gətirən kommunizm (oxu, bolşevizm – R.M.) əsarəti! Nə mütləq liberalizm, nə də mütləq kollektivizm! O halda: İkisini təlif (uzlaşdıran) edən solidarizm = təsanüd.” (s.26). Təsanüdçülüyün, başqa sözlə birliyin və ya solidarizmin əsasında isə M.Ə.Rəsulzadəyə görə “...hürriyyət, şəxsi təşəbbüs və mülkiyyət əsasları bakidir” (s.27). Amma yenə də liberalizmdən fərqli olaraq “Bu sistemdə (təsanüdçülükdə, milli birlikdə - R.M.) hürriyyət də, mülkiyyət də mütləq deyil məşrutdurlar (şərti). Şərti isə ümuminin mənfəəti və dövlətlə millətin salamatlığıdır” (s.27). Göründüyütək özünün kommunitarist mövqeyi ilə M.Ə.Rəsulzadə dövlətin bütövlükdə liberalizmdə başa düşüldüyü kimi cəmiyyətdə sadəcə polis və məhkəmə rolunda çıxış etməsi ilə razılaşmayıb fikrincə, “Solidarizmdə ..., dövlət millətin təmsilçisi və cəmiyyətdəki münasibətlərin nizamlayıcısıdır” (s.27). Bu cür dövlət isə, M.Ə.Rəsulzadəyə görə, yalnız solidarizmlə “...hurriyyət və mülkiyyət müəssisələrində qoyulmuş təbii təşəbbüs və irəliləmə həmlələrini zədələmədən, kapitalizmin liberal sistemində ümumi mənfəət zərərinə işləyən ifratların önünə keçmək vəzifəsini” daşımış olur (27). Beləliklə də, “Sinifləri əsas olaraq alan kommunizm kimi, fərdləri nəzəri etibara alan liberalizm dəxi kosmopolit və internasionaldır, solidarizm isə millidir” (s.27). Başqa sözlə, “Liberalizm (oxu, anqlo-sakson liberalizmi – R.M.) mədəniyyətin ruhunu fərdin yaradıcı eqoizmində görür. Kommunizm (oxu, bolşevizm – R.M.) isə bunu sinfi eqoizmilə təbdil edər (dəyişdirir)” (s.27). Bunlardan solidarizmin fərqli olduğunu bildirən M.Ə.Rəsulzadə yazır ki, “...solidarizm (oxu, milli birlik – R.M.) isə mədəniyyəti fərd eqoizmilə cəmiyyət mənfəətləri arasındakı ahəngdən ibarət bilir” (s.27). Üstəlik, M.Ə.Rəsulzadəyə görə, “Liberal cəmiyyətdə qeyri(sini – R.M.) düşünmək [alturizm] qəhrəmalıqdır. Solidarizmdə isə bu bir vəzifədir” (s.27). Həqiqətən də, nəyin bahasına olursa-olsun yalnız varlanmağı, maddi və mənəvi sərvətləri qəsb etməyi hədəf seçmiş günümüzün anqlo-sakson liberalizmində nəinki Özgə, Yad olanların, eləcə də, eyni bir cəmiyyətə aid Başqalarının maraqlarını nəzərə almaq necə deyərlər “nər kişinin işidir”. Halbuki, bunu bir vəzifə sayan M.Ə.Rəsulzadə özünün solidarizm və ya başqa sözlə deyilərsə, Milli birlik ideyası ilə onu “hər kişinin işi”nə çevirmək idealını irəli sürmüşdür. Bu idealından çıxış edən M.Ə.Rəsulzadə vurğulayır ki, “Kültür və tarix bağları ilə mənəvi birlik təşkil edən bir millətin fərdləri, topluluğun ortaq mənfəətlərini qorumaq üçün öz şəxsi hırs (sonsuz arzu) və mənfəətlərini hüdudlandırmaq məcburiyyətindədirlər” (s.28). Dövlət isə, M.Ə.Rəsulzadəyə görə, cəmiyyətin mənfəət və maraqlarını təmsil etməlidir. Çünki, “Fərdin mənəvi mənliyini təşkil edən ortaqlı bütün qiymətlərin qaynağı milli cəmiyyət, onu təmsil edən də dövlətdir” (s.28). Fərdi maraq və mənfəətlərə gəldikdə isə, M.Ə.Rəsulzadə özünün təbiri ilə desək, “Hürr və kamil insan olmaq fəziləti”nə sahib şəxsiyyət kimi qeyd edir ki, “Fərd , digər fərdlərlə ortaq olduğu bu mənəvi mənliklə özünə məxsus mənfəətlərdən ibarət maddi mənlik arasında ixtilaf çıxınca, maddiliyini mənəviliyinə fəda etmək məcburiyyətindədir” (s.28). Belə ki, M.Ə.Rəsulzadənin qənaətinə görə, “Dövlətlər, millətlər və cəmiyyətlər ancaq “canlarını canlarına fəda edə bilən” bu kimi əzaya (üzvlərə) malik olduqları zaman paydar (uzunömürlü, davamlı) ola bilirlər” (s.28). Onun üstünlük verdiyi bu “milli təsanüd sistemi”ni səciyyələndirən başlıca anlayış isə, heç şübhəsiz ki, Millət məfhumudur.

M.Ə.Rəsulzadə “Milli birlik” əsərinin “Millət olmaq əzmi” adlı başlığı altında yazır ki, dilimizdə millət anlamını ifadə edən milliyyət və millət sözləri vardır. “Bunlardan birincisi (milliyyət – R.M.) lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər”- qeyd etmiş M.Ə.Rəsulzadə bildirir ki, “İkincisi (millət-R.M.) isə bu topluluqda doğan ümumi bir iradəni anladır” (s.29). O, İtalyanın respublika və demokratiya tarixində görkəmli yer tutmuş Cuzeppe Madziniyə (1805-1872) və məşhur sosioloq Emil Dürkheymə (1858-1917) istinad edərək birinciyə görə: “torpağın, mənşəyin, əxlaq ilə adətlərin və lisanın (dilin – R.M.) birliyindən dolayı, həyatında və ictimai vicdanında anlaşma və ortaqlıq yaratmış bir insan topluluğuna”, ikincisinin isə, “Etnik amillər və yaxud sadəcə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və tək bir dövlət qurmaq istəyən insan topluluğuna millət deyil”diyini qeyd edir (s.29). E.Dürkheymin milləti kollektiv iradətək, bu iradənin dövlət qurmağa artıq bir prinsip olduğunu xatırladaraq M.Ə.Rəsulzadə, C.Madzininin verdiyi təriflə onun tərifi arasında aşağıdakı fərqləri ümumiləşdirmişdir: “...birincisində (C.Madzininin tərifində - R.M.) millət ünsüri və tarixi bir olaydır [vaqeə]. İkincisində (E.Dürkheymin tərifində - R.M.) isə millət ictimai və idari bir hadisədir. Ötəkində millətin oluş seyri anladılır, bərikində millət bir “prinsip” kimi göstərilmişdir. O, rüşeymdir, bu – cocuqdur. O ağacdır, bu –meyvədir. O, anadır, bu – yavrudur. O, milliyyətdir – bu millətdir” (s.29).

Göründüyü kimi, M.Ə.Rəsulzadə iki fikir və elm nəhənginin müddəlarına istinad edərək milliyyətin təbii şəkildə insan birliyinə aid edildiyi halda, millətin daha sonra bunun əsasında meydana çıxan bir hadisə olduğunu aşkarlayır. O, qeyd edir ki, “Lisanları, adətləri, tarixləri, dinləri, vətənləri və s. bir olan insanlar bir milliyyət təşkil edərlər, fəqət, bir milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv [məşəri] iradənin təəssüsünə (quruculuğuna, təsis edilməsinə - R.M.) bağlıdır” (s.29). Bu isə, M.Ə.Rəsulzadəyə görə “ictimai hafizə”ni, bizsə deyərdik ki, “milli şüur”u formalaşdıran orqanın təşəkkülü ilə meydana çıxır. M.Ə.Rəsulzadə qeyd edir ki, “Bu orqan müxtəlif zamanlara görə dəyişir” (s.29). Halbuki, bu orqanın olmadığı və deməli, millət anlayışının da mövcud olmadığı “Orta çağlarda bu vəzifəni feodal zümrə görür, milliyyətin sosial həyat və gələnəklərini qeyd və zəbt edən (saxlayan, yaşadan) “hafizə” (ictimai şüur – R.M.) xan sarayları ilə şövalye (dərəbəy, feodal) qalalarından ibarət olub qalırdı” (s.29-30). Ancaq elə M.Ə.Rəsulzadənin bildirdiyitək “Zamanın dəyişməsilə, təbii olaraq bu orqan (ictimai şüur – R.M.) da dəyişdi” (s.30). Yəni, burjuaziyanın meydana çıxması ilə feodalizm quruluşu dağılaraq “Mənəviyyat mərkəzi “qala”lardan şəhərlərə keçdi. Şəhərlərdə yetişən münəvvər zümrə (aydınlar – R.M.) millətin şüurunu tərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi” (s.30). Nəticədə, “Bunların (burjuaziyanın – R.M.) sayəsində mənliyini tərk edən milliyyət topluluğu bir millət olmaq əzminə gəldi” (s.30).

Bir daha Vətən niskilini xatırladan M.Ə.Rəsulzadə 1918-ci il hadisələrinə işarə edərək vurğulayır ki, “Demokratik Azərbaycan topluluğunda bu millət olmaq iradəsi, sözün əsrimizdəki mədəni mənası ilə 28 may istiqlal hadisəsi və bəyannaməsilə təəssüs (yarandı) etdi. 32 ildən (buradan təxmin etmək olar ki, M.Ə.Rəsulzadə sözügedən əsərini 1952-53-cü illərdə qələmə almışdır – R.M.) bəri dünya tarixinin ən qorxunc bir istilası (bolşevizm – R.M.) altında bulunmasına, ən amansız totalitar bir rejimin (stalinizmin – R.M.) məhkumu olmasına rəğmən, Azərbaycan topluluğu bu iradəyə sadiq qaldığını hər fürsətdə izhar etməkdə, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may fikrinə bağlılığını hər vasitə ilə isbat etməkdədir” (s.30). Buradan da göründüyütək, M.Ə.Rəsulzadənin faşist Almaniyası ilə əməkdaşlığını əldə rəhbər tutaraq onun mövcudluğunu arxa plana atmaq istəyənlərə dahi şəxsiyyət elə özü cavab verərək bütün bunların millət adına və ən başlıcası azad Azərbaycan naminə etdiyini bir daha anlamış oluruq. Əlbəttə, keçmiş Sovet vətəndaşı kimi “ilanın ağı” məsələni xatırlayıb M.Ə.Rəsulzadəni və Cümhuriyyətin “Prometey” hərəkatına qoşulmuş digər nümayəndələrini qınamaq istəsək belə, yenə də müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıtək onların bu istiqlal coşqusunu və fədakarlıqlarını dəyərləndirməyə bilmərik. Axı həqiqətən də, biz, M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, milliyyət və ya etnik birlik olmaqdan çıxıb tariximizdə ilk dəfə müstəqil bir millətin nümayəndəsi olmuşuq. Və çox güman ki, Azərbaycan xalqının 1918-1920 –ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhüriyyəti kimi bir milli dövləti olmasaydı, bəlkə də bizlər də bolşevik istilasından sonra Sovet İttifaqının tərkibində sadəcə muxtar qurumlarından biri olub, heç respublika statusunu belə qazana bilməzdik. Respublikamızın Sovetləşməsi dönəmində təzəcə formalaşmaqda olan millətin istiqlalı, müstəqilliyi olmadığından, fikrimizcə, toplumun bu cür birliyinə xalq və ya milliyyət deyilməsi təbiidir. Çünki, M.Ə.Rəsulzadənin də qeyd etdiyi kimi, “...milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş statik [mustəqər] bir varlıqdır, millət isə bu statik varlığın şüurlaşan dinamik [fəal] bir şəklidir” (s.31). Və ya “Statik bir keyfiyyət ərz edən milliyyət baxımından vətən coğrafi bir anlamdır. Halbuki şüur və iradəyə malik olan millət baxımından vətən, siyasi bir məna ifadə edər” (s.31). M.Ə.Rəsulzadə dəqiqləşdirir ki, “Etnik bir özəllik ərz edən milliyyət mənsublarının yaşadığı bir yerdən ibarət olan coğrafi vətən dinamizmdən məhrum, passiv bir sevginin mövzusudur” (s.31). Belə bir sevginin isə, məlum olduğu kimi, doğma Azərbaycandan daha çox, böyük Sovetlər ölkəsinə aid olması həqiqətən də millətçiliyin milliyyətçiliklə günahlandırılıb xalqçılıq şüuru ilə əvəzlənməsinə gətirib çıxartmışdı. Halbuki, “Etnik milliyyətçilik və coğrafi vətən sevgisi bir topluluğun yaşadığı yerlərə: dağlara, dərələrə, yayla və ovlaqlara, dəniz və çöllərə qarşı duyulan bir ilgidən ibarətdir” (s.31). Qırmızı terror zamanında bu cür milliyyətçiliyə siyasi, o cümlədən də dini don geyindirilərək xalqımızın çoxlu sayda nümayəndələrinin məhv edildiyi danılmazdır. Əslində, açıq deyilərsə, rejimin qorxduğu etnik milliyyətçilik və ya radikal dindarlıq deyil, bütün bunlardan yüksəkdə duran və ən başlıcası xalqa yenidən istiqlalını bəxş edə biləcək milli şüurun oyanması və millətin formalaş bilməsi idi.

M.Ə.Rəsulzadə israrla qeyd edir ki, “Millətin, dövlət olmaq əzmində israr edən bir milliyyət olduğu bilgin sosioloqlar tərəfindən kəşf və tərif edilmişdir” (s.31). M.Ə.Rəsulzadəyə görə, Bir millətçi, hər şeydən əvvəl istiqlal davasında olan bir vətənçi – bir patriotdur” (s.32). Çünki, M.Ə.Rəsulzadə izah edir ki, “Avropalıların patriot terminilə ifadə etdikləri anlam, bizim millətçi sözü ilə anlatmaq istədiyimiz anlamın eynidir” (s.32). Öz növbəsində M.Ə.Rəsulzadə vurğulayır ki, “Bu avropalıların nasionalizm sözü ilə dedikləri milliyyətçilikdən tamamilə başqa bir şeydir” (s.32). Belə ki, ona görə “Nasionalizm Qərbi Avropa demokratiyası anlayışınca, təcavüzçü və ümumi tərəqqi yoluna girmək istəməyən, dünyanın seyrindən (gedişindən) ayrılmış bir gerilik hərəkətidir” (s.32). Bundan fərqli olaraq vətənpərvərlik və dövlətçilik mənasında başa düşdüyü millətçilik barəsində M.Ə.Rəsulzadə yazır ki, “...patriotizm bir millətin öz müqəddəratına şəxsən özünün hakim olması və özünəməxsus milli bir dövlət qurması hərəkatıdır, bu isə bütün dünyanı bürüyən tərəqqi hərəkatının bir parçası, demokratik bir hərəkatdır” (s.32). Bütövlükdə M.Ə.Rəsulzadənin qəti əminliyinə görə, “Tarixi müəyyən şərtlərin təsirilə milliyyət halından millət halına gələn topluluqların müstəqil bir dövlət qurmaq və ya istilaya uğrayan vətənlərinin istiqlalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa teminlərilə bir ad lazımsa, bunlara milliyyətçi [nasionalist] deyil, millətçi [patriot], hərəkatlarına da milliyyətçilik [nasionalizm] deyil, millətçilik [patriotizm] demək lazımdır!” (s.32).

Millətçiliyin vəzifəsinə gəldikdə, M.Ə.Rəsulzadə bunu “... “Milli birlik”i mühafizə etmək” kimi müəyyən edir. Onun fikrincə, “İnternasionalist və kosmopolit nəzəriyyələrlə ortaya atılan marksizm, kommunizm (oxu, bolşevizm – R.M.) və anarxizm kimi doktrinlərin əsil qayəsi milli birlik və bütünlüyü sarsmaq, parçalamaq və pozmaqdır” (s.33). Çünki, “İctimai sinif və zümrələr arasında ixtilaf və ziddiyyət təhriki və hüsumət ihdası (düşmənçilik) bu məqsədlə edilir” (s.33). Yenidən solidarizm və bunun əsasında duran patriotizm ideallarına diqqət çəkərək M.Ə.Rəsulzadə yazır ki, “...həqiqi millətçilərin üzərinə tərəddüb (düşən) edən qutsal qayə uzun sürəkli tarixin məhsulu olan milli varlığı bütün fəzilətləri, gələnək və görənəkləri, kültür və ədəbiyyatı ilə qorumaq, yaşatmaq və gəlişdirməkdir” (s.33).

Millətçiliyin təbii bir hal olub mədəni və qabaqcıl fikirtək bəşəriyyətin inkişafında mühüm rol oynadığını qeyd edən M.Ə.Rəsulzadə “Dünyada internasional, kosmopolit və ya qeyri-milli kültür deyə bir şey yoxdur” müddəasını irəli sürür. Bunu biz ümumbəşəri sivilizasiya anlamında nəzərdən keçirsək, doğrudan da, M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, “Müxtəlif millətlərin əməyi sayəsində hüsula gələn ( yaranan) və hələ hər millətin damğasını üzərində daşıyan bir dünya kültür mənzuməsi və ya məcmuəsi vardır” (s.33). Bu anlamda türklərin böyük və mühüm rol oynadıqlarını vurğulamış M.Ə.Rəsulzadə, bir-birindən uzaqlaşdırılmış, parçalanmış və biz deyərdik ki, o dönəmdə Azərbaycan da daxil olmaqla istiqlalları əllərindən alınmış “...bu durum qarşısında türk gəncliyinə düşən əsl vəzifə, bu ucsuz-bucaqsız türk kültürünü bütün özəlliklərilə tanımaq, öyrənmək, sevmək, mənimsəmək və tanıtmaqdır” deyirdi (s.34).

Burada “türk gəncliyi” dedikdə onun yalnız türk etnosundan olan gəncləri deyil, həmçinin “türk millətlərindən olan gəncliyi” nəzərdə tutduğunu anlamaq üçün sözügedən kitabın “Qövm və millət” başlığı altında böyük türk ideoloqu Ziya Göyalpın baxışlarına münasibətini nəzərdən keçirmək kifayətdir. Belə ki, Z.Göyalpa görə, “Millət [nation] şəxsiyyətini uzun müddət qeyb etdikdən (itirdikdən – R.M.) sonra təkrar oluşdurmağa çalışan bir qövm deməkdir” (s.37). Amma M.Ə.Rəsulzadə vurğulayır ki, “Bu oluş gəlişimini anladırkən ustad, “milliyyət” təbirilə də ifadə olunan “qövm”ün keçirdiyi istihalə (yeniləşmə) şəklini izah edər...” (s.37). Yəni, M.Ə.Rəsulzadə aydınlaşdırır ki, Z.Göyalpa görə, “Qövmlər tabe olduqları müştərək bir din və ya səltənətin təsirilə təməssül edərək (özləşərək) şəxsiyyətlərini (təbii identiklərini – R.M.) qeyb edərlər (xalqa çevrilmiş olurlar – R.M.). Sonra daxil olduqları bu səltənət və ya ümmətin çözülməsi üzərinə, yenidən özlərini (xalqçılıqdakı etnik identiklərini – R.M.) bulurlar. Fəqət, bu dəfə bulunan şəxsiyyət (identiklik – R.M.) qeyb edilmiş qövmi şəxsiyyətinin (etnik olanların – R.M.) eyni deyildir. O, uzun zaman brilikdə yaşayan müştərək mədəniyyət və ümmət həyatının (xalqlaşmanın – R.M.) təsirilə yeniləşmiş bir şəxsiyyətdir (milli identiklikdir – R.M.). Qövm getmiş (etnik olanlar arxa plana çəkilmiş – R.M.), yerini millət (milli olanlar – R.M.) almışdır” (s.37).

Daha da aydın olsun deyə, M.Ə.Rəsulzadə Z.Göyalpdan yazır ki, “...Qövm inhisarçıdır. Qövm dini özünə həsr (aid) edər, insanlığı özündən ibarət görür, hətta kosmoqoniyası vasitəsilə kainatın təşəkkülünü öz qövmi təşəkkülü ilə izah edər” (s.37). Z.Göyalp açıq-aydın bildirir ki, “Bu etibarla (yəni, qövmün, etnosun özünü hər şeyin mərkəzi hesab etməsindən – R.M.) ümmət şəkli (dini identiklik – R.M.) qövm şəklindən daha ziyadə insanidir, çünki ümmət insaniyyəti və mədəniyyəti bir qövmə həsr etməz, bir çox qövmləri içərisinə almağa çalışan bir din dairəsinə həsr edər (xalqa çevirmiş olar – R.M.)” (s.37). Amma inkişafın ümmət və ya xalqla bitmədiyini gözəl anlamış Z.Göyalp vurğulayır ki, “Çağdaş mədəniyyət yalnız bir Dinin saliklərinə (yolunu gedənlərə, davamçılarına – R.M.) inhisarı (aid olmanı – R.M.) qəbul etməz” (s.37). Həqiqətən də, xalqın meydana gəlməsində dinlər və dini dünyagörüşlər mühüm rol oynadığı təqdirdə, Avropanın Yeni dövründən başlayaraq İntibah dövrünün təsiri altında elmi dünyagörüş önə çıxmağa başlamışdı.

Elə bu anlamda Z.Göyalp qeyd edir ki, “...elmə dayanan bu zümrə türlü dinlərə mənsub millətləri də dairəsinə ala bilir” (s.37). Yəni, “...millətlər ümmətin deyil, çağdaş mədəniyyətin bir cüzi tamından (parçasından) ibarətdir” (s.37). Başqa sözlə, Z.Göyalpa görə, “Bir çox sultani [imparial] dövlətlər bir ümmətin bir cüzi tamı (hissəsi, parçası – R.M.) ola bilir.

Fəqət, millətlər, yəni çağdaş dövlətlər [təbirə diqqət edin – idarə] bir ümmətin cüzi tamı ola bilməz” (s.37). Nəhayət, Z.Göyalpın fikrincə, “Millət nə qövm kimi, nə ümmət kimi inhisarçı deyildir. Millət çağdaş mədəniyyəti tam, özünü də onun parçası olaraq görür” (s.37-38). Onun bu mülahizələrilə həmfikir olduğunu qeyd edən M.Ə.Rəsulzadə bildirir ki, “...Ziya Göyalp da “millət sözünü dövlət” sözünün müradifi (qarşılığı) olaraq qullanmışdır” (s.38). Z.Göyalpın “Türklər Türkiyə Cümhuriyyətinin təşəkkülündən sonra millət həyatına başlamışdır” ifadəsinə M.Ə.Rəsulzadə, elə onun öz yazısından aşağıdakı parçanı oxumağa tövsiyyə edir: “Türk qövmü islam ümmətindən, Səlcuq və Osman səltənətlərindən əvvəl də mövcud idi. Müştərək İran mədəniyyətinə daxil olmadan özünə məxsus qövmi bir mədəniyyətə malikdi. İran mədəniyyəti ilə, ümmət və səltənət təşkilatları türklərin bir çox qövmi müəssisələrini izalə (xalqlaşdıraraq arxa plana atdı – R.M.) etdi.

Fəqət, eyni zamanda türklərin millət halına gəlməsini təmin etdi”(s.38). Yəni başqa sözlə desək, xalqlaşmış qövm özünə aid olanları milliyyətçilik üzərindən millətçilik səviyyəsinə yüksəltmiş olur. Beləliklə də, bütün siyasi etnoslarla baş verdiyi kimi türk qövmünə və ya etnosuna aid olanlar da milli şüura sahib olub milli mövcudluq dönəminə qədəm qoymuş olurlar. Bu zaman sayına və mədəni təsir gücünə görə başlıca olan etnoslarla (titul etnos) yanaşı digər etnosların nümayəndələri də eyni bir milli varlığı bölüşmüş olurlar. Deməli, bir daha millət yalnız bir etnosun mövcudiyyətini bildirən hadisə olmayıb fərqli dinlərlə yanaşı müxtəlif etnik mənsubiyyətliləri də özündə birləşdirmiş olur. Üstəlik, bəşəri birlik formasının ən yüksəyi kimi millətlə əlaqədar M.Ə.Rəsulzadə “Milli əxlaq” bölümündə bildirir ki, “Bəşər topluluğunda fərdlər üçün olduğu kimi, millətlər üçün də müəyyən və sabit bir takım əxlaq qaydaları vardır” (s.39). Bu əxlaq qaydalarından bəhs edərkən sanki “əxlaqlı bir şəxsiyyət”dən danışırmış kimi, M.Ə.Rəsulzadə qeyd edir ki, “Millət hiziplərin (partiyaların – R.M.), zümrələrin və siniflərin fövqündə olduğu və bunların hamısını içində barındırdığı və qoynunda bəslədiyi üçün heç bir dəstə, zümrə və sinif mənfəətlərinə və ya qayələrinə fəda edilməz. Hələ milli varlığın şəxsi təmayüllərə və qərəzlərə alət və vasitə edilməsi ağla, xəyala belə gətirilə bilməz” (s.39).

Beləliklə də milli əxlaqın beş müddəasını formalaşdırmış M.Ə.Rəsulzadə yazır ki, “Hər şey millət uğruna – bax, həqiqi vətənsevərlərin yeganə şüarı bu olmalıdır. Millətin birliyini və bütünlüyünü qorumaq, milli əxlaqın başlıca ümdəsidir. Türklük və milli istiqlal prinsiplərinə mütləq sədaqət, milli əxlaqın ikinci böyük ümdəsidir. Bu ümdənin qəti və zəruri icabı (şərti) olaraq düşmən və müstəvli (işğalçı) hər hankı bir qüvvətlə milli istiqlal bəhsində açıq və ya qapalı heç bir bazarlıq edilə bilməz. Verilən sözə və yapınan sərbəst anlaşmalara riayət milli əxlaqın üçüncü ümdəsidir. Haqqı, hürriyyəti, sülhü və demokratiyanı qoruma və savunma, zülmə və təcavüzə qarşı sarih (aydın) bir cəbhə alma milli əxlaqın dördüncü ümdəsidir. Milli səviyyəni daim yüksək tutma, gerilik və cəhalətdən savunma milli əxlaqın beşinci ümdəsidir” (s.39-40). Bir sözlə, “...milli sahədəki hər müvəffəqiyyətin başı və əsas şərti milli fəzilətdir”(s.40) - yazmış M.Ə.Rəsulzadə ideallarına canı-dildən bağlılıq, həqiqətən də, hər bir müstəqil Azərbaycan vətəndaşının milli ləyaqət və şərəf mənbəyi kimi bu vətən fədailərinin əbədiyaşar ruhu qarşısında edəcəyimiz ən böyük xidmətdir.

Read 53 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR